www.aliildirimoglu.az

Təbriklər, arzular, düşüncələr ...

BÖYÜK ÜRƏK SAHİBİ

Yetmişinci illərdə imzası mətbuat səhifələrində təzəcə görünməyə başlayan biz gənclər tanınmış qələm sahiblərinin yazılarını maraqla izləyir, onlardan öyrənirdik. Xüsusilə də cəsarətli müəlliflərin hər bir tənqidi yazısı, kəskin fel-yetonu bizim üçün müzakirə obyektinə çevrilirdi. Müzakirə yerlərimiz isə əsasən həmişə boş vaxtlarımızda toplaşdığımız çayxanalar olardı.

Yazılarının obyektivliyi, kəskinliyi ilə seçilən belə iti qələm sahiblərindən biri də о dövrün bir nömrəli respublika qəzeti sayılan “Kommunist”in xüsusi müxbiri Əli İldırımoğlu idi. Biz Əli müəllimin Azərbaycanın müxtəlif bölgə-lərindən ədalətsizliyə, haqsızlığa qarşı yazdığı kəskin felyetonları həm maraqla oxuyur, həm də öz aramızda müzakirə edirdik.

Əli İldırımoğlunun məqalələrini başqa müəlliflərdən fərqləndirən ən əsas cəhətlərdən biri о idi ki, müəllif yazdığı obyektin bütün incəliklərinə müdaxilə edir, ciddi, əsaslı faktlara söykənirdi. Еlə buna görə də biz о vaxtlar Əli müəl-limin qələminə düşmüş antipodlar haqqında öz aramızda belə bir ifadə işlədirdik: “Bu bədbəxti də ildırım vurdu!” Maraqlı burası idi ki, Əli İldırımoğlunun qələ-milə mübarizə apardığı şəxslərin, demək olar ki, əksəriyyəti rəhbər vəzifələrə hansı vasitələrləsə yol tapmış maskalı şəxslər idi. Əli müəllim belələrini “Kom-munist” qəzetində elə məharətlə qamçılayırdı ki, növbəti nömrələrdə həmin şəxs ba-rədə ciddi ölçü götürüldüyü haqda məlumat oxuyacağımız əvvəlcədən bəlli idi.

Əli İldırımoğlunun uzun illər oxuduğum onlarca tənqidi yazısında və felyeto-nunda müəllifin nahaqdan incidilən – işdən çıxarılan, hüquq mühafizə orqanları tərəfindən hüquqları tapdalanan insanlara sözün həqiqi mənasında dayaq olduğunun şahidiyəm. Pedaqoji elmlər doktoru Əliheydər Həşimov Əli müəllimin “Zorən jurnalist” kitabına yazdığı müqəddimənin bir yerində haqlı olaraq qeyd edir: “Müəllif ədalət hissini təlqin etməklə oxucuya belə bir bəşəri hissi aşılayır: ədalət həyatın özündədir, namuslu insanların qəlbində, mənəviy-yatında, əməlindədir; onun qələbəsi uğrunda vuruşmaq gərəkdir”. Müəllif özü də uzun illər məhz bu bəşəri hislər uğrunda öz iti qələmi ilə vuruşmuşdur.

İllər ötdü, biz Əli İldırımoğlunun başqa bir keyfiyyətini də “kəşf etdik”. Sən demə o, həm də kamil yazıçı imiş. Bir-birinin ardınca onun qələmindən çıxan dolğun bədii əsərlər bizi sevindirdi. “Həmin adam”, “Mayaklar”, “Yazım-yazmayım”, “Dərd”, “Çinarlı”, “Telepat” və digər əsərləri Əli müəl-limin zəngin bədii təxəyyülə, qaynar ilhama malik olduğunu təsdiqlədi. İki il öncə Azərbaycan Dövlət Nəşriyyatı tərəfindən buraxılmış “Zorən jurnalist” romanı müəllifin, demək olar ki, öz həyatını əks etdirən avtobioqrafik əsərdir.

“Zorən jurnalist” romanına ön söz yazan professor Əliheydər Həşimov oxu-cuya əsəri belə təqdim edir: “Yazıçının qəhrəmanları, demək olar ki, bütün ictimai təbəqələri və cəmiyyətin ayrı-ayrı rütbələrini əks etdirən müxtəlif sosial məz-munlu insanlardır. Onların bir qrupu yenilik uğrunda vuruşan gənclərdir, ziyalı-lardır; bir qrupu əl-ayağa dolaşan, şəxsi heysiyyətinin, izzəti-nəfsinin quluna çevrilmiş antipodlardır; əksəriyyəti isə xalq gücünü, iradəsini və müdrikliyini öz simasında yaşadan sadə, zəhmətkeş adamlardır. Bu sosial zənginlik xarakter zənginliyinə, obrazlı desək, polifonik bədii substansiyaya gətirib çıxarır. Bədii təhlil və tərkibin işığında hər şeyin özü kimi göründüyü bu bədii dünya oxucunu həyatın mexaniki proyeksiyası kimi deyil, canlı, real mənzərəsi kimi cəlb edir”.

Əli İldırımoğlu uzun illər “Kommunist”in müxtəlif bölgələr üzrə müxbiri olmuş və harada çalışmağından asılı olmayaraq ədalətin təntənəsi naminə qələm çalmışdır. Hüququ tapdalanan, haqqı əlindən alınmış neçə-neçə insan məhz onun iti qələminin “möcüzəsi” sayəsində istəyinə nail olmuşdur. Elə buna görə də doğma Azərbaycanımızın hər yerində ömrünün müdrik çağlarını yaşayan bu yaradıcı insanı səmimiyyətlə xatırlayırlar.

...Bu günlər Əli İldırımoğlunun anadan olmasının 70 ili tamam olur. Yaşından çox qıvraq görünən bu müdrik qələm sahibi bu günlərdə çalışdığım “Maarif” nəşriyyatına gəlmişdi. Nəşriyyatda çapa hazırlanan “Silinməz izlər” kitabının redaktoru, otaq yoldaşım Aidə Əhmədova onu mənimlə tanış etdi. Hələ tələbəlik illərindən yazılarını, bədii əsərlərini maraqla oxuduğum bu in-sanla şəxsən tanış olduğuma çox sevindim.

Əli müəllim Naxçıvan bölgəsində işlədiyi illəri xatırladı. Bir çox maraqlı epizodlar danışdı. Muxtar respublikanın əhalisi barədə xoş sözlər dedi.

Мən söhbət əsnasında Əli İldırımoğlunun müşahidəçilik qabiliyyətinə bir daha heyran qaldım. O, Naxçıvan torpağının özünəməxsus xüsusiyyətlərini, əsrarəngiz gözəlliklərini, bənzərsiz tarixi abidələrini elə təsvir edirdi ki, az qala özümün naxçıvanlı olduğuma şübhələndim.

Bütün şüurlu ömrünü yaradıcılığa həsr edən Əli İldırımoğlu mətbuatımızın qəlbi qubarlı, beyni qabarlı, qələm tutan barmaqları mazol bağlamış fəhləsidir desək, yanılmarıq. Deyirlər ki, hər kəsin yumruğu ürəyi boyda olur. Mənsə, bu deyimi Əli müəllim kimi insanlara şamil etməzdim. Əli İldırımoğlunun ürəyi Vətən boydadı. Onun sinəsində ürək yox, Vətənə məhəbbət hissi çırpınır.

Əbülfəz Naxçıvanlı
“İki sahil” qəzeti, 25 noyabr 1997-ci il

















 

© 2011. Bütün hüquqlar Əli İldırımoğluna məxsusdur.
www.aliildirimoglu.az və ya www.aliildirimoglu.com