www.aliildirimoglu.az

Təbriklər, arzular, düşüncələr ...

SÖZÜN KƏSƏRİ

Yaradıcı şəxsiyyət kimi formalaşıb boya-boy görsənmək, ədəbi ictimaiy-yət arasında tanınmaq, qədirbilən xalq tərəfindən qəbul edilmək hər kəsə, hər qələm sahibinə nəsib olmur. Buna uzun illərin zəhməti, Allah vergisi olan istedad, bir də əxlaqi-mənəvi ucalığın saflığı, duruluğu imkan verir...

Azərbaycan mətbuatında uzun illər qələmini külüngə çevirmiş, dağlar qə-dər ucalıq və əzəmət qazanmış, dağlar oğlu, qocaman jurnalist Əli İldırımoğ-lunun yaradıcı şəxsiyyətində biz bu ucalığı, saflığı, duruluğu, ilahi vergi olan istedadı və uzun illərin yaradıcılıq zəhmətinin bəhrələrini görmüşük, müşa-hidə etmişik.

Söz demək, ağıl vermək, nümunə olmaq səlahiyyətini qazanmaq çətindən-çətindir. Qocaman jurnalist, yazıçı-publisistin həyat yolu sübut edir ki, fikri, sözü və əməli ilə, müdrikliyi, ağlı və kamalı ilə, əxlaqının və qəlbinin təmizliyi ilə örnək olan Əli İldırımoğlu müasir jurnalistikamızın ağsaqqalıdır, ovxarlı qələmə malik cəsarətli, obyektiv, prinsipial ziyalısıdır.

Belə bir publisist ricətdən, bəlkə də monoloqdan sonra, Əli müəllim, üzümü Sizə tutub bir sıra fikirlərimi, mülahizələrimi həm Sizinlə, həm də illər boyu rəğbətini qazandığınız oxucularınızla, ədəbi ictimaiyyətimizlə bir həmkarınız kimi bölüşmək istərdim.

Çünki indiki halda, elə bilirəm ki, müasir jurnalistikaya, jurnalistlər kor-pusuna Sizin kimi qocaman, zəhmətkeş, ən ümdəsi isə obyektiv, prinsipial, peşəsinə və qələminə daim hörmət edən yaradıcı bir jurnalistin təcrübəsi çох-çох lazımdır. Nə gizlədim, Sizin qələmə aldığınız “Mayaklar”, “Yazım, yazmayım”, “Çinarlı”, “Həmin adam”, “Dərd”, “Telepat”, “Silinməz izlər” və s. əsərlərinizin heç də hamısını oxuya bilməmişəm, amma əlimə keçənləri vərəqləmişəm, onlarla hekayə, oçerk, felyeton və publisist məqalələrinizdən zövq almışam, bir sözlə, təqdir etdiyim hallar daha çox olub...

Lakin Sizin “Zorən jurnalist” və “Közərən sətirlər” romanlarınızı diqqətlə oxuyandan sonra Sizə açıq məktubla müraciət etmək ehtiyacı qəlbimin dərinliyindən közərdi. Bilmirəm, bəlkə də bu, müasir jurnalistikamızın problemləri ilə sıx bağlı olan ehtiyaclardan da irəli gəlir, deyə bilmərəm...

Əli İldırımoğlunun bir jurnalist kimi bu kitablardan boylanan obrazı ilə həyatda tanıdığım, ziyalı, insan Əli İldırımoğlu şəxsiyyəti arasında qəribə bir uyarlığın, oxşarlığın vəhdətini gördüm. Həmçinin bu kitablar son yarım əsrdə jurnalistikamızın keçdiyi yolun həyəcanlı, daş-kəsəkli, toz-dumanlı, fəxarətli, öyünməli, yaxşılı-yamanlı obyektiv, real bədii salnaməsidir... Əsl azərbay-canlı jurnalistinin, qələm sahibinin, ziyalının real, bədii obrazı. Rəftar və davranışında təmkinini saxlayan, ələm, kədər və ağır günlərində heç vaxt sarsılmayan, bayağı şöhrətə aludə olmayan, babalardan yurddan gələn vüqarı, əyilməzliyi, adət və ənənəni, ağayana kişiliyi özündə cəmləşdirən, qələmində, yazılarında, yaradıcılığında obyektivliyi, prinsipiallığı, mübarizliyi, insafı, mürvəti qoruyan – Əli İldırımoğlu...

Sizin əsərləriniz böyük həyat təcrübəsi keçmiş, ömrü boyu müxtəlif böl-gələrdə respublikanın ən nüfuzlu qəzetinin ən nüfuzlu xüsusi müxbiri işləmiş bir insanın ömrünə hopmuş həyat gerçəkliyinin real, sənədli, xatirələrlə zəngin bədii təfəkkürünün məhsulu kimi qiymətlidir, örnəkdir, həyat dərs - liyidir. Sizdə cəmləşən bu xarakter, bu xasiyyət, bu şəxsi keyfiyyətlər, deyərdim ki, müasir jurnalistikamız üçün hava və su kimi lazımdır.

“Közərən sətirlər” xatirə-romanı, məncə, “Zorən jurnalist” epik romanını haradasa tamamlayır; istedadlı bir jurnalistin dağ kəndində, Qubadlı diyarının Əliquluuşağı kəndində keçmiş uşaqlıq illəri, tələbəlik dövrü, kənd məktəb-lərindəki müəllimliyi, rayon qəzetində jurnalistliyi, redaktorluğu, ən nəhayət, respublikanın mərkəzi qəzetinin Naxçıvan Muxtar Respublikasında, Ağdamda, Qubada uzun illər xüsusi müxbiri vəzifəsində çalışması bu kitabların mərkəzindən, süjetindən bütün ətraf mühiti ilə, təbiəti ilə, ən başlıcası isə hər bir zümrədən olan canlı insanları ilə birgə şəkildə keçir, özünü göstərir. Və heç bir rəsmi dərslikdə tapmadığımız “Əsl jurnalist necə olmalıdır?” sualına real, həyati və bədii detallarla zəngin cavab tapırsan. Və bir də inanırsan ki, əsl jurnalisti məktəbdən, universitetdən, xüsusi kafedradan, fakültədən daha çox həyat özü, mühit özü, milli təfəkkür özü yetişdirir...

Əli müəllim, Siz mənə kitablarınız vasitəsilə bütün bunları bir daha ger-çəkdən-gerçəyə inandırdınız. İnandırdınız ki, jurnalistin həyatı, qələmi, iste-dadı xalqına, torpağına, millətinə, dövlətinə bağlı olmalı, onun qələminə bütün şirinlik, şəhdbal bu mübarək, müqəddəs mənbələrdən süzülüb gəlməlidir.

Mən gördüm ki, Sizin ilk həyat universitetiniz (mənim universitetlərim – Maksim Qorkinin deyimi) Nəbi, Həcər oylağı olan Qubadlıda yerləşib, Əliquluuşağı kəndinin adamlarından – atanız İldırım kişidən, ulduzlara qovuşmuş Firəngiz anadan, Fatma arvaddan, ana babanız Məşhədi Paşadan, qocanız Gövhər qarıdan, Əmrahdan, Qaçaq Qabildən, Xəncərli Tavatdan, Abdalanlı Cəbrayıldan, İbadulladan olan xatirə “mühazirələrdən”, arıçı İzzət kişidən, anbardar Savalandan, dəfçi Turabdan, Balahəsənli Mehbalı Əmiras-lanovdan, onlarca adını çəkmədiyim, ancaq xatirə-romanında əksini tapan el-oba adamlarından həyat dərsi, kişilik, mərdlik dərsi almısınız. Özünüz də bunu yaxşı demisiniz: “Yazı-pozu bilməyən ana babam Məşədi Paşanın və onun “qocam” – deyə müraciət etdiyim həyat yoldaşı Gövhərin xəmiri müqəddəslikdən yoğrulmuş insani xalisliyi yadıma düşür. Və onlardan aldığım dərsi özüm üçün ilahi xoşbəxtliyi hesab edirəm”.

İndi bizim bu “ilahi xoşbəxtliyimizi” əlimizdən, qismətimizdən alıblar. Bax, bəla ondadır ki, bizim indiki və gələcək nəsillərimiz, övladlarımız, cavanlarımız Şuşadan, Laçından, Kəlbəcərdən, Ağdamdan, Füzulidən, Qu-badlıdan, Cəbrayıldan, Zəngilandan, Ağdərədən, Xankəndindən uzaq düşdü-lər, pərpətöyün toxumu kimi dünyaya səpələndilər... Və bu, dözülməz dərdin bir tərəfi. Dərdin ən faciəli tərəfi odur ki, Sizin “ilahi xoşbəxtlik” dərsinizdən, el-oba, yurd, dədə-baba dərsliyindən onların əlləri çıxıb. Bəs onlara kişilik, cəsarət, dəyanət vəsiqəsini kim verəcək? Bu adamları, insanları birləşdirən sosial bağlar qırılıb, qaynağını yurddan götürən mənəviyyat, əxlaq, ənənə bulağının gözü tutulub...

Əli İldırımoğlunun iti qələmi, cəsarət və mübarizliyi, obyektivliyi və prinsipiallığı həmişə onu bir jurnalist kimi fərqləndiribdir və müasir gənc jurnalistlərimiz üçün əyani bir örnəkdir. O, heç vaxt şəxsi hislərinin əsiri olmayıb, həmişə obyektivliyini qorumağa çalışıbdır, sovet senzura maşınının qarşısında boynunu bükməyibdir, vüqarını saxlayıbdır. Onun “Zorən jurna-list” romanı arxitektonikasına görə mənə böyük türk diplomatı Yaqub Qədri Qaraosmanoğlunun “Zorən diplomat” romanını xatırlatdı və mən gördüm ki, türk kişisi peşəsindən asılı olmayaraq elə hər yerdə türk kişisidir.

Jurnalist dünyanın ziddiyyətləri ilə həmişə qabaq-qənşər dayanmalı olur. Bu dünyada yaxşılıq da var, pislik də, xeyir də var, şər də, rəhm də var, zülm də. Jurnalist həmişə bu ikiliyin məngənəsi arasında qalmalı olur, sıxılır, vu-rulur, boğulur, tamah, umacaq, nəfs qara ilana dönüb qələmə dolaşır... Amma bütün bunlara baxmayaraq əsl, vicdanlı, dərrakəli jurnalist haqqı nahaqqa verməməli, həqiqəti boğmamalıdır. Zülmün, pisliyin, şərin, nəfsin qarşısında qorxub çəkinməməli, qələminin heyrətamiz gücünə, saflığına, sözün bəka-rətinə sığınmalıdır.

Zənnimcə, indi – müstəqilliyimizin, dövlətçiliyimizin, demokratik təsisat-larımızın indiki məqamında, keçid mərhələsinin doğurduğu eybəcərlikdən qorunmaq üçün bizə xarakterli, prinsipial, mövqeyi olan, haqqı nahaqqa boğdurmayan, mübariz, qorxmaz, əyilməz, dövlətçiliyimizi, milliliyimizi, milli istəklərimizi uca tutan jurnalistlər nəsli daha çox lazımdır.

Dövlətimizin başçısı hörmətli Prezidentimizin (ümummilli lider Heydər Əliyev nəzərdə tutulur – Red.) Azərbaycan jurnalistləri və mətbuat işçiləri ilə bu yaxınlarda olan görüşündə ən ali məqamın, istəyin bir tərəfi də bura söykənirdi. Prezidentimiz açıq-aydın bildirdi ki, obyektiv, prinsipial, dövlət-çiliyimizi, milliliyimizi qoruya bilən tərəfkeşsiz jurnalistlər nəsli yetişdirmək olduqca zəruridir və mətbuatımızın ən başlıca ehtiyaclarındandır. Elə bu ziddiyyətlər, münaqişələr, anlaşılmazlıqların hamısı məhz belə bir xarakterə malik olan peşəkar jurnalistlər nəslinin bütövlükdə olmamasıdır. Əlbəttə, tək-tük obyektiv, prinsipial, peşəkar jurnalistdən mətbuatımız xali deyildir. Lakin atalar deyibdir ki, tək əldən səs çıxmaz.

Onun-bunun quyruğunda sürünən, siyasi intriqalara qoşulan, “pul kisəsin-dən” asılı qalaraq gerçəkliyə, obyektivliyə, yaxşıya qara yaxan, ara qarışdıran, sensasiya axtaran, hay-küyçülüklə məşğul olan cılız qələm sahibləri, əlbəttə ki, mötəbər jurnalist adına xələl gətirir, mətbuatı nüfuzdan salır. Sözün kəsəri, dadı-duzu, şirinliyi azalır, qələm etibardan düşür. Belələri ictimai rəyi çaşdırır, korşaldır, milli şüuru və təmiz ruhu korlayır, mətbuatımızın saflığını zibilləyirlər.

Hörmətli dövlət başçımızın jurnalistlərlə görüşü zamanı çıxışındakı ali məqamlar bu cür milli təəssübkeşliyə söykənən və mətbuatımız üçün dövlət səviyyəsindəki narahatlığından irəli gəlirdi... Müstəqil, asılı olmayan, milli şüuru irəli aparan, dövlətçilik prinsiplərini qoruyan, ictimai-siyasi bəlaları tərəfsiz qamçılayan, qərəzsiz, xəlqi mətbuat uğrunda bizləri mübarizəyə çağı-rır hörmətli Prezidentimiz.

Bəzi bürokratların mətbuata qarşı bayağı siyasətbazlığı, kütlüyü, mübarizə üsullarının qaydasızlığı da Prezidentimizi narahat edən, onun saf qəlbini, ürəyini sıxan ciddi cəhətlərdəndir. Bu cür ovqatsız, burnunun ucunu görmə-yən bürokratlar ümumi işimizə, irəliləyişimizə, xüsusən Prezidentimizin uca və işıqlı istəklərinə xələl gətirirlər. Dördüncü hakimiyyət sayılan mətbuatı doğru yollarından uzaqlaşdırırlar, yersiz ziddiyyətlər, umu-küsülər yaradırlar, müxalif qüvvələrin əllərinə dəstəvuz verirlər, onları istər-istəməz qidalandırır-lar. Belələri qaragüruh müxalifətdən daha qorxuludurlar və oturduqları budaqları mişarlamaqla məşğuldurlar...

Hörmətli Əli İldırımoğlu, əsərlərinizdə bu istiqamətdə olan təcrübəli jur-nalist narahatlığınızı da duydum. Bu yerdə müasir mətbuatımızın ciddi qü-suru kimi bir məsələni də xatırlatmaq istərdim. Məsələn, elə mətbuat orqanları, qəzetlər var ki, yaxşının, müsbətin, irəliləyişin üstündən tamam xətt çəkir, az-maz nöqsanı isə üfürüb-üfürüb şişirdir. Belə məqalələrdən “təmənna” tökülür, prinsipiallıqdan çox “umacaq” duyulur. “Koxanı gör, kəndi çap” buna deyiblər. Demokratiya, azad, müstəqil mətbuat budurmu?! “Dədəm mənə kor deyib, gəlib-gedəni vur deyib” məsəlindən kənara çıxma-yanların, söz, mətbuat demokratiyasından sui-istifadə edənlərin taleyinə mən acıyıram. Bu tipli cızma-qaraçılar bəzən bu cür hərəkətlərini, “prinsipiallıq”, “obyektivlik” pərdəsinə büksələr də, “xoruzun quyruğu açıqca görsənir”. Onların qərəzli, umacaqlı mövqeləri aşkar bilinir. Bu tipli qəzetlərdə tənqid obyektivlik xatirinə deyil, qərəzli, böhtan xarakterli kompromatlar toplayaraq milçəyi üfürüb fil düzəltməklə, umacaqlı anonslarla, mətbu-şantaj yolu ilə nəsə qopartmaq istəyindən irəli gəlir.

Jurnalist olan kəs hər bir fakta təmənnasız, öz vicdanının ölçüsü ilə yanaşmalı, obyektivliyi, ictimai mənafeyi üstün tutmalıdır.

Siz beləsiniz. Siz bizləri, indiki jurnalistləri belə təmiz, obyektiv, prinsipial görmək istəyirsiniz, qocaman jurnalist Əli İldırımoğlu. Yalançılığa, yaltaq-lığa, yarınmaq həvəsində olanlara qəzəbnak Əli İldırımoğlu. “Yalançılıq, yaltaqlıq, yarınmaqlıq biqeyrətlik kimi həmişə adamın başını aşağı əyər”, – deyən məsləki, məramı düzlük, halallıq olan jurnalist-yazıçı Əli İldırımoğlu.

Atalar yaxşı deyiblər: “Çox oxuyan çox bilməz, çox gəzən çox bilər”. Amma Siz həm çox oxumuş, erudik bir ziyalı, həm də səyyaha bənzər, yurdu-muzun, Azərbaycanımızın hər dağına-daşına, bölgəsinə, ən ümdəsi insanla-rına yaxından bələdsiniz. Təcrübə, görüb-götürmək, dərk edib qiymətləndir-mək, real fakta, sənədə söykənmək, jurnalist üçün böyük peşə keyfiyyət-lərindəndir. Gərək jurnalist əldə etdiyi faktları bir-bir dəqiqliyi ilə yoxlasın, süzgəcdən keçirsin, daxilən inansın, təmiz əqidəyə sarılaraq qələmə əl atsın. İstər tərifdə, istər tənqiddə faktı təsdiqləyən inam, insaf, sənəd gərəkdir. Belə olan halda onun vicdanının da, qələminin də səsini hamı eşidəcək, hamı onu duyacaq, hamı ona inanıb hörmət bəsləyəcəkdir. Əli müəllim, Sizin jurnalist etikanızda və prinsipiallığınızda bir cəhəti də qeyd etməyə bilmirəm. Bu da Sizin həmişə “haqsız güclünün yox, haqlı gücsüzün, zəifin tərəfində durmaq” prinsipinizdir. Müasir jurnalistlər üçün necə də gözəl bir əxlaqi-mənəvi peşə örnəyidir...

Adamlar bürokratizmlə rastlaşanda ümidgah yeri kimi həmişə jurnalistə üz tuturlar. Gərək jurnalist şəxsiyyəti də, bu səlahiyyəti də qazansın, heç nə-dən çəkinmədən düzlüyü sevsin. Haqqı tapdananda, hər yerdən əli üzüləndə insanlar jurnalistə sığınır, ondan kömək umurlar. Düzə, haqqa isə zaval yox-dur. Jurnalist sözü haqqı müdafiə edəndə, kəsərli olanda hamı, bütün ictimaiyyət onun tərəfində olur, jurnalist sözünə dayaq dururlar...

Gərək məqalə çap olunandan sonra onun əks-sədası çıxsın. Qəzet səhifəsini doldurub növbəti nömrəyə qədər ömrü olan, bir küncə atılan, prob-lemsiz, mətləbsiz yazı kimə lazımdır? Ədalətli, prinsipial, cəsarətli çıxışlar, məqalələr, yazılar həmişə yaddaşlarda qalır, nəyinsə düzəlməsinə yol açır, ictimai xeyir gətirir, mühitə təsir edir, ümumi rəyə çevrilir...

Siz, Əli müəllim, mürəkkəb, kağız korlayan qələm sahiblərindən deyilsi-niz. Sözün həqiqi mənasında qələminizin, sözünüzün, peşənizin sahibisiniz. Qocaman jurnalistə məxsus söz mülkünün, jurnalist taxtının sahibisiniz. Sizin əsərlərinizdən, təcrübənizdən bu cəhətdən də öyrənməli şeylər çoxdur.

Siz sözü dağ eləyib qələmə alan sənətkarsınız. Dünya gör-götür dünyası-dır. Görüb görməməzliyə vurmaq və ondan bir məna, mahiyyət əxz etməmək korafəhmlərin işidir. Sözü bişirə-bişirə yazıya gətirdiyinizdən sözünüzün dadı-tamı, duzu duyulur. Bu dad, tam, duz eldən gəlir, xalqdan gəlir, folklo-rumuzun daşından süzülür. Sizin üslubunuzun təbiiliyi, təhkiyənin milliliyi də öz mayasını el xəzinəsindən götürür.

İndiki jurnalistikamızın dili, üslubu bu cəhətdən ciddidən-ciddi narahatlıq doğurur. İlahi, belə də mətbuat dili, efir dili olarmı?! Müxbir, jurnalist, tele-aparıcı, diktor, orijinal, dərin fikirləri ana dilimizin saflığı ilə ifadə etmək əvəzinə, orijinallığı “əndrəbadi” cümlələr qurmaqda görür, yad anlayışlardan, sözlərdən bol-bol istifadə edərək cümlənin sintaktik quruluşunu, orfoepiyasını, hətta fonemlərini belə təhrif edirlər, heç bir orfoepik, qrammatik, orfoqrafik qaydalara əməl olunmur. Beləliklə, elə düşünürlər ki, guya yenilik, orijinallıq edirlər. Əslində bunlar dilimizi korlayır, milli üslubu öz kökündən qəsdlə uzaqlaşdırmağa, yadlaşdırmağa, mətbuat dilini ölgünləşdirməyə xidmət edir.

Hörmətli Prezidentimizin “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” məlum fərmanından sonra mətbuat dilinin xəlqiliyinə, milli ruhuna, saflığına, təmizliyinə, üslubi imkanlarının genişlənməsinə daha çox diqqət yetirməli, mütəmadi qayğı göstərməliyik.

Möhtərəm Prezidentimizin jurnalistlərlə, mətbuat işçiləri ilə görüşündə gözləyirdim ki, jurnalistlərdən kimsə bu mühüm sahədən söhbət açacaq, mətbuat dilini bürümüş hərc-mərclikdən, mətbuat dilinin korlanmasından, gözdən iraq, könüldən qıraq qalmasından bəhs edəcəklər. Axı mətbuatımızın atası Həsən bəy Zərdabidən, fədakeşi Mirzə Cəlildən, mübarizi Əhməd bəy Ağayevdən bizlərə miras qalan mətbuat dilinin qayğısına qalmamaq və onun indiki məqamda qeyri-peşəkarların səbatsız ixtiyarına buraxmaq olmaz.

Ana dilimizi, mətbuatımızın dilini korlamağa heç kimin ixtiyarı yoxdur. Dilimizi korlayanlara, ona yad ünsürlər qatanlara qarşı yeri gələrsə, lap elə “Səlib yürüşü” etmək lazımdır.

Azərbaycan dilinin əsrlər boyu cilalanmış, özünəməxsus leksik-qrammatik quruluşu, zəngin söz-lüğət fondu, geniş ifadə imkanları, yüksək səviyyəli yazı normaları var. Mətbuatımızın dili ədəbi dilin fəal, dinamik, həmişə inkişafda olan bir qoludur. Mətbuat dilinin inkişafı ana dilimizin öz daxili imkanları çərçivəsində, əhatəsində və canlı xalq dilinə söykənərək olmalıdır. Xalq ruhundan süzülüb gələn bu dil müasir intellektual məntiqi-linqvistik cəhətlərlə daha da zənginləşərək yeni bədii-leksik fakt, üslub kimi meydana çıxmalıdır.

Əli İldırımoğlunun jurnalist-yazıçı üslubu öz kökünü, mayasını doğma yurdun günəşindən, Həkərinin suyundan, Xanlığın torpağından, adamlarının dilindən götürdüyündəndir ki, bu qədər şirin, lətif və təbiidir...

Hörmətli Əli İldırımoğlu, Ustad həmkarım, Sizin yazıçı-jurnalist təcrübə-niz, jurnalistlik, mətbuat mətbəxindən hasil olan qənaətləriniz, əsərlərinizdəki bu istiqamətdə olan ideyalar, fikirlər, mülahizələr müasir narahat mətbuat həyatımızın ovqatı üzərində kökləndiyindən onun əhəmiyyəti daha da çoxdur. Güman edirəm ki, milli, müstəqil jurnalistikamızın, mətbuatımızın formalaş-masında, mətbuatda milli ruhun oyanışında Sizin kitablarınızın dəyərli əhəmiyyəti olacaqdır.

Həkərinin sahilində, Yazı düzündə, Yazı bulağının başında tezliklə görüş-mək arzusu ilə Sizinlə sağollaşıram...

İmamverdi İsmayılov,
Milli Məclisin deputatı, yazıçı-publisist
“Azərbaycan” qəzeti, 28 dekabr 2001-ci il

















 

© 2011. Bütün hüquqlar Əli İldırımoğluna məxsusdur.
www.aliildirimoglu.az və ya www.aliildirimoglu.com