www.aliildirimoglu.az

Təbriklər, arzular, düşüncələr ...

ƏN UZUN HƏYAT MƏNALI YAŞANANDIR

Çoxdan, lap çoxdan şagird, tələbəlik çağlarımda və ixtisasım üzrə işləyəndə

– arzularımdan biri də bu olub ki, Əli İldırımoğlunu yaxından tanıyım, onunla tanış olum. Çünki zəmanəsinin ən populyar, yazdıqları hətta “daşdan belə keçən” “Kommunist” qəzetində Əli müəllimin oçerklərini, bədii-publisist qeydlərini, felyetonlarını tez-tez oxuyardım. Müəllifin aydın, rəvan dili, həyat hadisələrinə münasibəti, tərənnüm və tənqid etdiyi obrazların sözlə portretini yaratması bir oxucu kimi mənə böyük Mirzə Cəlilin, Əbdürrəhim bəy Haq-verdiyevin, Üzeyir bəy Hacıbəyovun yaradıcılıqlarını xatırladırdı. Lakin onu görmək arzu olaraq qalırdı. Əli müəllim isə fasiləsiz yazırdı. Doğma Qaraba-ğımızın müxtəlif bölgələrindən soraqlar verirdi. Gah mülayim, gah da sərt.

Allah-taala heç vaxt yaratdığı bəndəsinin arzusunu ürəyində, niyyətini könlündə qoymur. Əgər əlin, ünün nəyəsə, harasa, hansısa məqsədə çatmırsa, demək, qismətin deyil. Bir də bəşər boyu səslənən bu deyimə şəkk-şübhə gətirmək doğru olmaz: alın yazısından qaçmaq mümkün deyil. Əli müəllimlə görüşmək də mənim bəxt payımda varmış. Amma necə? Ötən əsrin 70-ci illərinin ortalarında xidməti işimlə əlaqədar indi üzünə tamarzı qaldığımız Ağdam bölgəsinə ezam olunmuşdum. Birdən-birə səhhətim pozuldu, xəstə-ləndim. Qayğıkeş insanlar bacı-qardaş köməyini məndən əsirgəmirdilər. Səhv eləmirəmsə, tibb bacısı idi, dedi: “Əli İldırımoğlu gəlir”.

Bilirdim: insan üçün ən dəhşətli şey – gözləri açıq ikən yatmış adama çevrilməkdir. Belə adam baxır, lakin heç nə görmür, heç bir şey haqqında dü-şünmür... Məni Əli müəllimin ismin altı halında da hallanası mümkün olan səsi özümə qaytardı. Ağlamağımı, duymağımı, ağrılarıma qalib gəlmək üçün olan-qalan gücümü özümə qaytardı: “Noolub, ay qardaş? A kişi, jurnalist də xəstələnər? Ə, bir başını yuxarı qaldır görüm... Dedilər ki, qələm yoldaşın, televiziya jurnalisti xəstələnib, dözə bilmədim, özümü çatdırdım bura”. Bu mərhəm səsdən kövrəldim. Azacıq keçmiş qürur hissi duydum. “Gör mənim qayğıma kim qalır, illərlə görüşmək istədiyim məşhur jurnalist, hər bir yazısı əks-səda salan Əli İldırımoğlu” – deyə düşündüm. Ya ağrıdan, yaxud da həyadan doyunca onun üzünə baxa bilmədim. Çox çəkmədi, Əli müəllim maşın təşkil elədi. Məni ata yurdum Cəbrayıla yola saldılar...

Əli İldırımoğlunun şanlı yubileyi haqqında bu yazını çapa hazırlayarkən qalmışam naçar: onu necə təqdim edim? Qüdrətdən vergisi olan ziyalı, qələm sahibi kimi, yoxsa son dərəcə alicənab, mərd, dağ qürurlu, ömrü boyu əyilmə-yən, sınmayan, sözübütöv insan, nümunəvi ailə başçısı kimi? Birini digərindən heç cür seçmək mümkün olmayan yüksək keyfiyyətlər nadir adamlarda, özü də kamil, müdrik, həssas insanlarda birləşə bilər. Məsələn, Əli İldırımoğluda olduğu kimi. Onun həyatı zəhmətlə yoğrulmuş bir ömür yoludur. Yaradıcılığı isə bədii, kövrək, həzin, təbii mənzərələri xatırladan aləm, dünyadır. Hünər istəyirəm bu iki – biri digərinə qaynaq, vəhdət olan ali cəhətləri ayıra bilsin. Ancaq mən sözügedən hər iki cəhət barədə danışmaq, yazmaq istəyirəm. Böyük Mirzə Cəlil yazırdı ki, ayna silinəndə işıq altında daha şəffaf və parlaq olur. Əli müəllimin də istər yaradıcılığı, istərsə də insanlığı bir aynaya bənzəyir. Beləliklə, ilk öncə onun ömür yolu haqqında.

Yüzlərlə halal əməyinə tapınan qəhrəmanlarını yerdən göyə ucaldan, harınlaşan, el malına kəm baxan, öz mənafeyini xalqın mənafeyindən üstün tutan tipləri göydən yerə endirən Əli müəllim özü haqqında “xəsisliklə” də olsa, yazmağı unutmayıb. Onun bioqrafik qeydləri xarakterik olduğundan, hətta nöqtə-vergülünə toxunmadan oxucuların diqqətinə çatdırırıq.

“Mən Əli İldırımoğlu (Məmişov) 75 il öncə çiskinli-çənli bir noyabr gü-nündə Qubadlı rayonunun Əliquluuşağı kəndində rəncbər ailəsində dünyaya göz açmışam. Anam Firəngiz qonşu Balahəsənli kəndindən idi. Altı yaşım olanda o, dünyasını dəyişib. Atam Allahverənov İldırım 1898-ci il təvəllüdlü idi. 78 il yaşadı. Ömrünün axırına qədər əkin-biçinlə məşğul oldu, deyərdim ki, torpaq onun ilk və son məhəbbəti idi. Qardaşım olmayıb. Altı övlad anası olan Afərim adlı bir bacım var. Vəssalam.

Kəndimizdəki orta məktəbi, Laçın şəhərindəki pedaqoji texnikumu, Ağdam-dakı ikiillik Müəllimlər institutunun tarix fakültəsini bitirmişəm. 15 yaşımdan əmək fəaliyyətinə başlamışam. 1941-ci ildə Məlikəhmədli, sonra Xıdırlı, Novlu, Xəndək kənd ibtidai məktəblərində müəllim, Dondarlı, Muradxanlı orta məktəblərində direktorun tədris işləri üzrə müavini vəzifəsində çalışmışam. Sonra rayon maarif şöbəsinə baş inspektor göndərildim. Burada bir müddət çalışdıqdan sonra rayon partiya komitəsinin qərarı ilə Qubadlıda nəşr edilən “Avanqard” qəzetinə məsul katib, sonra redaktor təyin olunmu-şam. 1955-ci il yanvar ayının 15-də Mərkəzi Komitə tərəfindən respublikanın ən nüfuzlu qəzeti olan “Kommunist”ə işə göndərilmişəm. Bir neçə ay redak-siyada çalışdıqdan sonra qəzetin Naxçıvan üzrə xüsusi müxbiri təyin olunmuşam. 10 il Naxçıvan, 17 il Qarabağ, 10 il Sumqayıt – Quba zonala-rında “Kommunist”in bölgə müxbiri kimi fəaliyyət göstərmişəm. Əməkdaşı olduğum qəzetdə mindən artıq hekayə, oçerk və felyetonum, publisist məqa-lələrim dərc olunub. “Mayaklar”, “Yazım, yazmayım”, “Çinarlı”, “Dərd”, “Silinməz izlər”, “Həmin adam”, “Zorən jurnalist”, “Közərən sətirlər”, “Mə-nim rəncbər atam” romanlarım işıq üzü görüb. Respublika Yazıçılar və Jurnalistlər Birliyinin üzvüyəm. “Əməkdar jurnalist” fəxri adına layiq görülmüşəm. “Qızıl qələm”, “Araz”, “Ustad jurnalist”, Əbdürrəhim bəy Haq-verdiyev adına mükafatların laureatıyam. 1941–1945-ci illərdə Böyük Vətən müharibəsi dövründə arxa cəbhədə xidmətlərimə görə “Vicdanlı əməyə” görə medalı ilə təltif edilmişəm. 5 övlad boya-başa çatdırmışam. Övladlarımın hamısı ali təhsillidir, iki nəfəri elmlər namizədidir. Həyat yoldaşım Şəfiqə xanım ixtisasca müəllimədir”.

Vəssalam. İlk anda adidən-adi, sadədən-sadə görünən qısa və konkret bir açıqlama. Əslində isə yaşanan ömrün anları daha maraqlı, cəzbedici, yadda-qalımlıdır. Milli mətbuatımızın öndəri Həsən bəy Zərdabi yaradıcı adamı, xüsusən ömrünü, taleyini qəzetçiliyə bağlayan kəsləri arqaşları tarım çəkilən hanaya, onların qələm məhsullarını isə xalçaya vurulan ilmələrə bənzədib. Yelənə, gölə, ornamentlərə bir ilmə az, yaxud yerində vurulmazsa – çeşni oxşarlığı düz gəlmədiyi kimi, cümlədə bir söz artıq, yaxud əskik olarsa, məna, məzmun, məntiq dəyişər. Ömrünün 40 ilindən çoxunu mətbuata, konkret qəzetçiliyə sərf edən Əli İldırımoğlu sözün həqiqi mənasında çeşni-ilmə, söz ustası, mahir fikir sərrafı kimi tanınıb və tanınır da. O, xüsusi müxbir kimi çalışdığı bölgələrin təbiətinə, əhalinin güzəranına yaxından bələd olmuş, psixoloq-jurnalist kimi sakinlərlə görüşmüş, onları dinləmiş, qayğı və istəklərini qələmə almışdır. Onun oçerk qəhrəmanları özgə bir planetdən yox, məhz doğulduğu, boya-başa çatdığı ellərin, obaların əmək adamları, yalnız əlinin qabarına, alnının tərinə güvənən, halal çörək qazanan insanlardır. Yüz il keçsə də, Sürəyyə Kərimova, Şamama Həsənova, Köçəri Babayev, Sərdar İmrəliyev və onlarca başqaları iki cəhətə görə unudulmayacaqlar. Əvvəla, təmiz, halal, təmənnasız fədakarlıqlarına görə, ikinci Əli İldırımoğlu kimi məharətli, səriştəli jurnalistin bədii boyalarla, parlaq təfəkkürü ilə onların timsalında ümumiləşdirilmiş əməkçi obrazı yaratdığına görə.

Əli müəllimin qeyd etdiyi kimi, o, mindən artıq məqalənin müəllifidir. Bu faktın üstündən sükutla, ötəri keçmək biganəlik olardı. Adam var ki, atasına məktub yaza bilmir, yaxud da yazmaq istəmir. Ancaq bizim Əli müəllim şirin yuxusuna haram qatıb, istili-şaxtalı axşamlar yazı qəhrəmanları yatanda, o, onların dünənini, bu gününü, sabahını təsvir və tərənnüm edib. Mindən artıq məqalə! Bu, ən azı min gecə yuxusuz qalmaq deməkdir. Eyni zamanda, ən azı min adamı sevindirməkdir, müəllifin özünün qürur hissi duymağıdır.

Böyük Mirzə Cəlildən sonra milli mətbuatımızda satirik janrda, xüsusən felyeton yazanlarımız demək olar yox idi. Doğrudur, bu boşluq müəyyən zaman kəsiyində Əvəz Sadıq, Seyfəddin Dağlı, Salam Qədirzadə, Cahangir Gözəlov və başqaları tərəfindən doldurulmuşdur. Lakin Əli İldırımoğlunun felyetonlarındakı orijinal formalar, priyomlar klassik ənənələrə söykənirdi. Müəllifin “Yazım, yazmayım”, “Telepat” kitablarında toplanan yüzə qədər felyetonunun biri digərinə bənzəmir. Hərəsinin öz qayəsi, tənqid ünvanı, tipajları var. Bu baxımdan etiraf etmək yerinə düşər: necə ki, Mirzə Cəlilin felyetonları çağdaş dövrümüz üçün örnəkdir, nümunədir, əzizdir, inanırıq ki, Əli İldırımoğlunun felyetonları da gələcək nəsillər üçün eyni dərəcə maraqlı və dəyərli olacaqdır.

Çoxlarımızın müəllimi, professor, zəmanəsinin tanınmış ədəbi tənqidçisi, mərhum Qulu Xəlilov Əli müəllimin felyetonlarından heyrətlənib yazırdı: “Bunların hərəsi həyatın bir parçasıdır. Müəllif elə bil ki, yaxında gördüyü, müşahidə etdiyi, hətta şahidi olduğu hadisə və əhvalı səninlə qarşı-qarşıya əyləşib duzlu, şirin, sadə və rəvan bir təhkiyə ilə danışır, bürokratın, rüşvət-xorun, süründürməçinin, fırıldaqçının üzündən örtüyünü qaldırır, onların necə rəzil, ikrah doğuran sifətlərə düşməsini göstərir. Əli İldırımoğlu belələrini çox yaxşı tanıyır. Sənət baxımından bu felyetonların çoxu bitkin və tamdır. Bunlarda süjet də var, kompozisiya da; konflikt də var, xarakter də; satira da var, şirin yumor da; qəzəb də, eyham da!” Əli İldırımoğlu yazmağı, özü də dadlı-duzlu yazmağı özünə şərəf və ləyaqət, alınaçıqlığı, üzağlığı qəbul edən nasirlərimizdən biridir. Onun ədəbi qəhrəmanları mənəm, sənsən, odur. Necə ki, nağıl-dastanlarımızdakı obrazlar millətimizi təmsil edir, Əli müəllimin də əsərlərindəki qəhrəmanların hər birinin müasir dövrümüzdə prototipləri var. Müəllif onları olduqca inandırıcı və canlı təsvir edir. “Həmin adam” romanını oxuyanlar yəqin fikrimizə şərik çıxarlar. Tanınmış şair, fılologiya elmləri doktoru, mərhum Qasım Qasımzadə isə bu barədə belə yazıb: “Jurnalistlərin ictimai-mədəni həyatda mövqeyi, xalq mənafeyinə ləyaqətlə xidmət yolunda qarşılaşdıqları çətinliklər əsərdə hadisələrin iştirakçısı olan müxbirin yaşadığı aləmin bədii təcəssümüdür.

Romandakı konflikt və insanların taleyi ilə bağlı epizodlar Əli İldırımoğlunun illər boyu qarşılaşdığı, şahidi olduğu redaksiya həyatının özünəməxsus daxili dünyasıdır”.

75 il yaşamaq, həyat proseslərinin, olaylarının bilavasitə müşahidəçisi və yazarı olmaq hər adamın qismətinə çıxmır. Ağsaqqalımız, həmkarımız Əli İldırımoğlu isə bu ucalığa yüksəlib, layiq olduğu şərəfə çatıb, mənalı həyat yaşayıb. Ona bundan sonra da uzun ömür, cansağlığı, daha yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.

Telman Mehdixanlı, jurnalist

“Azərbaycan” qəzeti, 14 noyabr 2002-ci il

















 

© 2011. Bütün hüquqlar Əli İldırımoğluna məxsusdur.
www.aliildirimoglu.az və ya www.aliildirimoglu.com