|
Təbriklər, arzular, düşüncələr ...
ƏLİ İLDIRIMOĞLU – 75
... Bir istədik yazının adını “Əsrə bərabər ömür” qoyaq. Düşündük ki, Əli müəllimin bu 75 ildə görüb-götürdükləri, yazıb-yaratdıqları, bəlkə də, heç bir əsrə də sığmır. Və bu məqamı düşünəndə onun həyat eşqinə, yaradıcılıq yanğısına və unikal müşahidə qabiliyyətinə heyrət etməmək olmur.
Əli müəllim əmək fəaliyyətinə erkən – 15 yaşından başlayıb və 60 ildir ki, yazır, yaradır. Onun həyat yolunu, keçdiyi ömür pillələrini təsəvvür etmək üçün yazdıqlarını, sərraf dəqiqliyi ilə qələmə aldığı çoxminli milli məqalələri, oçerkləri, felyetonları, eləcə də romanlarını vərəqləmək tamamilə kifayətdir.
1941-ci ildə əmək fəaliyyətinə Qubadlı rayonunun Məlikəhmədli kəndində müəllim kimi başlayan Əli İldırımoğlu 1955-ci ildə o vaxtlar ölkənin ən nü-fuzlu nəşrlərindən biri olan “Kommunist” qəzetinə işə qəbul edilib. 10 il Naxçıvan, 17 il Qarabağ, 10 il Sumqayıt–Quba zonalarında “Kommunist” qəzetinin bölgə müxbiri kimi çalışaraq dövrü mətbuatda mindən artıq publi-sistik material dərc etdirmişdir. Onun “Mayaklar”, “Yazım, yazmayım”, “Çinarlı”, “Dərd”, “Silinməz izlər”, “Həmin adam”, “Zorən jurnalist”, “Kö-zərən sətirlər”, “Mənim rəncbər atam” romanları həm tarixilik, həm də pub-lisistik nöqteyi-nəzərdən əvəzsiz salnamə sayıla bilər.
Əli İldırımoğlu bu gün də yazıb-yaradır, ölkədə gedən ictimai-siyasi pro-seslərdə jurnalist-yazıçı kimi yaxından iştirak edir.
Əli İldırımoğlunun xidmətləri həmişə layiqincə qiymətləndirilmişdir. O, Yazıçılar və Jurnalistlər Birliklərinin üzvüdür. Azərbaycanın əməkdar jurnalistidir. “Böyük Vətən müharibəsi illərində arxa cəbhədə xidmətlərinə görə” və “Vicdanlı əməyə görə” medalları ilə təltif edilmişdir. Əli müəllim həm də “Qızıl qələm”, “Araz” və Əbdürrəhim bəy Haqverdiyev adına mükafatların laureatı, ustad jurnalistdir.
Əli İldırımoğlu mənalı, zəngin bir ömrün müdrik çağlarını yaşayır. Azər-baycan jurnalistikasının ağsaqqalını 75 illik yubileyi münasibəti ilə ürəkdən təbrik edir, inanırıq ki, o, yaxın gələcəkdə özünün yeni, oxunaqlı məqalə və romanları ilə ədəbi ictimaiyyəti növbəti dəfə sevindirəcəkdir.
Hörmətli Əli müəllim, Sizi səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, cansağlığı, ailə xoşbəxtliyi və yeni-yeni bədii və publisistik uğurlar arzulayırıq!
“Günay” qəzetinin kollektivi
16 noyabr 2002-ci il
|
|