|
Təbriklər, arzular, düşüncələr ...
“AND OLSUN QƏLƏMƏ VƏ YAZIYA...”
Əli İldırımoğlu haqqında yazmaq asandır. Çünki onun dili ilə ürəyi birdir. Beləsinə “bütöv adam” da deyirlər. Bir də Əli İldırımoğlu nə fabrik sahibidir, nə də zavod ki, deyəsən fikri-zikri pul qoyub, pul götürmək olsun. Əli İldırımoğlu ziyalıdır, qələm sahibidir, sənəti yazmaqdır. Çörəyi da yazı-pozu-dan çıxır. Bu, halal çörəkdir, halal olduğu üçün də müqəddəsdir.
Əli İldırımoğlu elə bir yerdə dünyaya gəlib ki, orada hər şey dağların düzümünə baxır, çayların axarı da, yolların eniş-yoxuşu da. О da öz xatirə əsərində və dostları ilə, о cümlədən bizimlə söhbətlərində Qubadlı dağlarını doğmaları kimi, canlıdan canlı təsvir edir. Əli təkcə ana qucağında yox, dağlar qoynunda da böyüyüb boya-başa çatmışdır. Onların ucalıqları, dərə-təpələri, meşələri, düzləri, gah zirvədən, gah da dərələrdən görünən təkrarsız mənzərələri Əli İldırımoğlunun gözləri önündən çəkilmir. Xüsusən uşaqlıq illəri bir kino lenti kimi hər xatirədə təkrarlanır. İnsan və Dağ məfhumları Əli İldırımoğlunun düşüncəsində əkiz qardaşlar kimi bitmişdir. Onun əsərində dağlar da dağdır, doğma kəndi Əliquluuşağının kişiləri də. Xüsusən atası İldırım kişi ən əzəmətli dağ təsiri bağışlayır.
İnsan о vaxt kamilləşir ki, özünü dərk edir. Lap körpə yaşlarından anasını itirdiyindən Əli İldırımoğlu özünü dağlar qoynunda, dağ cüssəli, dağ əzəmətli, dağ qeyrətli kişilərin nümunəsində dərk etmişdir. Bu səbəbdən o, çox tez böyümüşdür. Bir yandan da ağır müharibə illəri. Əli İldırımoğlu on üç-on dörd yaşlarından həyatın ən ağır yolları ilə addımlamışdır. Demək olar ki, оn beş yaşında müəllimlik etmişdir. Belə hallara bəziləri “itirilmiş uşaqlıq” deyirlər, Əli isə “zamanın tələbi” deyir: “Zaman bizdən daha tez böyüməyi tələb edirdi”. Əli sehrli nağıllarda olduğu kimi, demək olar ki, bir gecədə bö-yümüşdür, quş kimi ağacda yatmış, ayıldıqda iki əlin bir başı dolandırdığını dərk etmişdir.
Qurani-Kərimdə “Qələm” surəsi var. Onun birinci ayəsi belə başlayır: “And olsun Qələmə və Yazıya...”. Bu Allah kəlamı qələm və yazının müqəd-dəsliyinə sübutdur. Yazıçı və jurnalist qələmi Allah vergisidir ki, onun adına istedad deyirlər. İstedadlı olanlar isə əsl Allah adamlarıdır. Çünki istedad – yaratmaq deməkdir, Allah-taalanın özü isə Böyük Yaradandır. Allah hər bəndəsinə istedad verməyib, Əli İldırımoğlu о istedadlı adamlardandır ki, yazıb-yaratmaq bacarığı vardır. Çox-çox sonralar Əli İldırımoğlu yazıb-yarat-maq qabiliyyətini necə dərk etdiyini “Zorən jurnalist” romanında yazır. Əslində “Zorən jurnalist” müəllifin yüksək bədiiliklə təsvir edilmiş tərcü-meyi-halıdır. Yeri gəlmişkən qeyd edək ki, bu roman Azərbaycan jurnalist-lərinin həyatından bəhs edən ən uğurlu və yeganə tutumlu əsərdir. “Zorən jurnalist”də oxucu Əli İldırımoğlunun alın yazısı ilə tanış olur və böyük tər-biyəvi dərs alır. Heç də təsadüfi deyil ki, “Zorən jurnalist” romanı jurnalistika fakültələrində diplom işi mövzusuna çevrilmişdir. Ümumiyyətlə, Əli İldırım-oğlunun bütün yazdıqlarını bir jurnalistika vəsaiti kimi qəbul etmək olar.
Ən iri qəzet də öz şöhrəti üçün ауrı-ауrı jurnalistlərə borcludur. Məsələn, “Əkinçi”ni Həsən bəy Zərdabisiz, “Моllа Nəsrəddini isə Cəlil Məmmədqulu-zadəsiz təsəvvür etmək mümkün deyil. Altmışıncı, yetmişinci, səksəninci illərin “Kommunist” qəzetini də Əli İldırımoğlunun adını çəkmədən təsəvvür etmək mümkün deyil. Heç şübhəsiz, həmin böyük dövrdə informasiya, məqalə, reportaj, müsahibə yazanlar daha çox olmuşdur, ancaq qəzetin simasını Əli İldırımoğlu kimi felyeton və oçerk janrlarında yazan jurnalistlər tamamlamışlar. Nahaq demirlər ki, qəzeti çox vaxt imzaya görə axtarırlar. “Əli İldırımoğlu” imzası nəinki “Kommunist”də, bütün о dövrkü Azərbaycan jurnalistikasında sayılıb-seçilən imzalardan olmuşdur.
Heç bir istedad zəhmətsiz çiçək açmır. İstedad ürəkdirsə, zəhmət onun qan damarıdır. Əli İldırımoğlu zəhmət universitetini uşaqlıq illərində bitirmiş, işə ehtiyac onun varlığında işə məhəbbətə çevrilmişdir. Yazdığı saysız məqalələrdən əlavə “Əli İldırımoğlu” imzası ilə mindən çox oçerk və felyeton dərc edilmişdir.
Məlumdur ki, təbiətin pozulmaz qanunları var. Hər kəs qanunların bu-yurduğu kimi oturub-durmalıdır. Bunsuz həyatın nizamı pozula bilər. Ancaq bir həqiqət də vardır ki, ən böyük və ən etibarlı qanun insanın öz vicdanıdır.
Vicdan isə həqiqəti, haqq-ədaləti əks etdirməsilə ölçülür. Əli İldırımoğlu da həmişə öz vicdanı qarşısında hesabatda olmuşdur. Elə bu səbəbdən də onun felyetonları geniş müzakirələr mövzusuna çevrilmişdir. Əli İldırımoğlu “Kommunist” qəzetində, bəlkə də, yeganə müəllifdir ki, onun tənqidinə heç bir təkzib gəlməmişdir. Tənqiddən heç kim xoşlanmır, buna baxmayaraq, Əli İl-dırımoğlunun tənqid hədəflərinin heç birindən etiraz səsi eşidilməmişdir. Çünki Əli İldırımoğlu satirik qəhrəmanının haqq sözdən düzələcəyinə inanmışdır.
Jurnalistlik çətin peşədir, bölgə müxbiri olmaq isə daha çətindir. Bölgə müxbiri qəzetçilikdə ləyaqətin və nəcibliyin sınağıdır. Qəzet haqqında rəy yaradandır. Əli İldırımoğlu Naxçıvanda, Qarabağda, Quba–Xaçmaz, Sumqayıt bölgələrində “Kommunist”in müxbiri olmuş, öz nəcabəti ilə hamının rəğbətini qazanmışdır.
Yaxşı xatırlayırıq ki, yetmişinci illərdə Əli İldırımoğlunun hər tənqidi, ya təklifi geniş əks-səda doğururdu. Komissiyalar yaradılır, operativ yoxlamalar aparılır, tədbir görülürdü. Nəticədə ümumxalq və dövlət işinə ziyan vuran bəzi vəzifəli məmurlar ciddi cəzalanırdı. Əli İldırımoğlunun təşəbbüsü ilə körpülər tikilir, yollar salınırdı. Məsələn, Xınalığa gedən yol haqqında məqa-ləsi əsasında bu məşhur dağ kəndinin yolu təzədən qurulmağa başladı. Əli İldırımoğlu başqa müxbirlərə də bir örnək idi. Təxminən qırx illik müxbirlik fəaliyyətində onun adına, necə deyərlər, bir çöp də sınmamışdı.
Əli İldırımoğluda insanlığın ən yüksək keyfiyyətlərindən biri olan ağsaq-qallıq nüfuzu vardır. Xalq “Ağsaqqal olmayan (ağsaqqala hörmət olmayan) yerdə oturma” – deyib. İndi, bu keçid dövründə pul tərbiyəsinin ağsaqqal tərbiyəsinə kəc baxdığı bir vaxtda Əli İldırımoğlu kimi müdrik ləyaqət və nəcabət sahiblərinin təbliğinə böyük ehtiyac var.
Əli İldırımoğlu gözəl ailə sahibidir, bunun özü də onun ağsaqqal müd-rikliyinə nümunədir.
Əli İldırımoğlu qələmi və yazısı onu iri həcmli bədii əsərlər yazmaq səadətinə qovuşdurmuşdur. “Zorən jurnalist” kimi oxunaqlı romandan sonra o, “Mənim rəncbər atam” adlı yeni xatirə-romanını bitirmişdir. “Zorən jurna-list” oxuculara məlumdur. Təzəcə çapdan çıxmış “Mənim rəncbər atam” ro-manı haqqında ilk olaraq onu demək olar ki, əsər başdan-başa ataya oğul borcunun, oğul məhəbbətinin bəzək-düzəksiz əks-sədasıdır, oxuculara isə əsl kişi haqqında əsl kişi sözüdür. Bu əsəri ədəbi tənqid görməli, layiqli qiymətini verməlidir.
Əli İldırımoğlunun 75 yaşı tamam olub. Bu, əsl kamillik yaşıdır. Ad günündə bizim bir dost hədiyyəmiz isə budur ki, Əli İldırımoğluna cansağlığı, könül xoşluğu arzulayaq, bir də uzun ömür, elə ömür ki, Əli İldırımoğlu ürəyindəki sözlərin hamısını kağıza köçürə bilsin.
Ziyad Səmədzadə, akademik,
Əfqan, yazıçı, əməkdar incəsənət xadimi
“İqtisadiyyat” qəzeti, 22–28 noyabr 2002-ci il
|
|