www.aliildirimoglu.az

Zorən jurnalist”in etirafı

HƏYAT DƏRSLİYİ

Əlinə qələm almağa, yazmağa, kimə isə öyüd-nəsihət verməyə hamının hüquqi cəhətdən ixtiyarı var. Ancaq mənəvi cəhətdən yalnız o şəxsin belə işlərə girişməyə haqqı çatar ki, özü başqalarına təlqin etmək istədiyi nəcib keyfiyyətlərin daşıyıcısı olsun. Fikri, sözü və əməli bir-birinə uyğun gəlsin, müdrikliyi, ağıllı və kamallı olması, əxlaqının və qəlbinin təmizliyi etibarilə yüksəkdə dursun. “Mayaklar”, “Yazım, yazmayım”, “Çinarlı”, “Həmin adam”, “Dərd”, “Telepat” və s. əsərlərin, həmçinin ayrı-ayrı illərin aktual məsələlə-rinə həsr edilmiş yüzlərlə hekayə, oçerk, felyeton və publisist məqalələrin müəllifi Əli İldırımoğlu məhz bu cür – qələm işlətməyə mənəvi haqq qazan-mış şəxsiyyətlərdəndir. O, həyatda rast gəldiyi, yaxud görüb-eşidib təsirlən-diyi çoxlu hadisə və əhvalatlar içərisində lazım olanı tez və düzgün seçməyi, dərk etdiyini yadda saxlayıb istənilən vaxt təxəyyülündə canlandırmağı, dilə gətirməyi, təhlildən keçirib ümumiləşdirməyi, kənar təsirlərə uymadan həqiqəti olduğu kimi söyləməyi, fikrini sadə, obrazlı, duzlu dillə ürəyəyatan şəkildə təqdim etməyi bacaran qüdrətli jurnalist və gözəl bir sənətkardır.

Əli İldırımoğlu özünün ədəbiyyata gətirdiyi müsbət obrazların – rəftar və davranışda təmkinini saxlayan, ələm, kədər və ağır günlərdə heç vaxt sarsıl-mayan, bayağı şöhrətə aludə olmayan, ədalət uğrunda mübarizə aparmaqdan yorulmayan, sevimli ədəbi qəhrəmanlarının real prototipi, canlı nümunəsidir.

On beş yaşından əmək fəaliyyətinə başlayıb, uzun müddət respublikanın ən nüfuzlu qəzetinin xüsusi müxbiri olan Əli İldırımoğlu illər keçdikcə yaradıcı şəkildə düşünə-düşünə, şahidi olduqlarını, başına gələnləri yaddaşına həkk edə-edə elə bir məqama çatdı ki, artıq onun gördükləri, bildikləri qəzet məqalələrinə sığmadı. Əli müəllimin qəlbini rahat buraxmayan hadisə və əhvalatlar hekayə, povest və roman mövzularına çevrildi; tanış insanların səciyyəvi xüsusiyyətləri əsasında xarakterlər, ölməz bədii obrazlar yarandı... Zaman ötdükcə səriştəli jurnalist, cəsarətli müxbir Əli İldırımoğlu daha da püxtələşib jurnalist-yazıçı, nasir Əli İldırımoğluya çevrildi. Onun qələmindən çıxan müxtəlif janrlı əsərlər isə oxucular üçün həyat dərsliyi rolunu oynamağa başladı. Belə əsərlərdən biri də iri həcmli “Zorən jurnalist” romanıdır. Əli müəllimin ömrünə hopmuş gerçəkliklərin təcəssümü olan bu romanını onun mübarizələrlə dolu həyatının əsas konturlarını cızan avtobioqrafik səpkili əsər də adlandırmaq olar. Bir də axı avtobioqrafik səpkidə olmayan əsər varmı? Hansı dəyərli bədii əsərdə müəllif ömrünün müəyyən anlarını, məqamlarını əks etdirmir? “Zorən jurna-list” romanının sətirləri arasından da Əli İldırımoğlunun əzəmətli, dözümlü, yenilməz, mübariz jurnalist-yazıçı obrazı açıq-aydın sezilir.

Romanın məzmunu ilə yaxından tanış olmağı, əsərdəki ibrət götürülməli şeylərdən bəhrələnməyi və ya nifrət ediləsi şeylərdən uzaq olmağı oxucuların öz öhdəsinə buraxaraq ümumi şəkildə deyək ki, “Zorən jurnalist” eyni za-manda yaxın keçmişin ictimai kolliziyaları – toqquşmaları içərisində ça-palayan insanların mübarizə tarixidir. Romanda epik vüsət və bədii təmkinlə qələmə alınmış müxtəlif amallı insanlar təcrübəli nasir qələminin ləngərində bütün əlvanlığı ilə canlanırlar. Dünyaya ümumbəşəri və mütərəqqi milli əxlaq normaları mövqeyindən baxan yazıçı qələmə aldığı hadisələrə və yaratdığı obrazlara da məhz həmin normalar çərçivəsində yanaşır. Bu insanlar nə dərəcədə tipikdirlərsə, yaşadıqları zamanın əhval-ruhiyyəsini nə qədər dolğun əks etdirirlərsə, bir o qədər fərdidirlər. Son dərəcə güclü xarakterə malik bu adamlar əslində dövrün rəmzidirlər. Yazıçı öz qəhrəmanlarına o qədər bədii həssaslıqla yanaşır ki, təbii cizgilərlə səciyyəvi cəhətlərin (yaradıcı ştrixlərin) qovuşuğunda kamil qalereya yaranır. Qəhrəmanlara yazıçı münasibəti ten-densiyadan da (yazıçının şəxsi qayəsindən də) xali deyil. Amma bu tenden-siya bədii hökmə, qəti əmrə, yəni diktata çevrilmir. Əksinə, bədii niyyətin və yazıçı mövqeyinin daha da qabardılmasına kömək edir. Xüsusən də bu qayə yazıçının həyatın alt qatlarına nüfuzunu, sərf-nəzərini və obraz seçimində həssaslığını şərtləndirir. Bütün bunların nəticəsində isə bədii atribut kimi Əli İldırımoğluya məxsus üslub və forma axtarışları özünü büruzə verir. Yazıçı öz qəhrəmanlarının hər birini özünəməxsus hərəkətlərdə, inkişafda, mübari-zədə və əxlaqi biçimdə təqdim edir. Bu artıq həyat həqiqətləri ilə yazıçının daxili aləminin qaynayıb qovuşmasından irəli gələn nəticədir. Başqa sözlə, obrazlar, təsvir olunan həyat həqiqətləri realdır, təbiidir. Həm də yazıçı dünyasının daxili işığı ilə daha da nurlanmış reallıqdır. Əli İldırımoğlunun özünəməxsus bədii monopoliyasında olan yaradıcılıq dünyası, bax, budur.

Yazıçının qəhrəmanları, demək olar ki, bütün ictimai təbəqələri və cəmiy-yətin ayrı-ayrı rütbələrini əks etdirən müxtəlif sosial məzmunlu insanlardır. Onların bir qrupu yenilik uğrunda vuruşan gənclərdir, ziyalılardır; bir qrupu əl-ayağa dolaşan, şəxsi heysiyyətinin, izzəti-nəfsinin quluna çevrilmiş anti-podlardır; əksəriyyəti isə xalq gücünü, iradəsini və müdrikliyini öz simasında yaşadan sadə, zəhmətkeş adamlardır. Bu sosial zənginlik xarakter zənginli-yinə, obrazlı desək, polifonik bədii substansiyaya gətirib çıxarır. Bədii təhlil və tərkibin işığında hər şeyin özü kimi göründüyü bu bədii dünya oxucunu həyatın mexaniki proyeksiyası kimi deyil, canlı, real mənzərəsi kimi cəlb edir.

Bəhs etdiyi dövrün yaxşı və pis cəhətlərinin, xeyir və şər adlanan mənəvi qüvvələrinin mübarizəsindən yaranan “Zorən jurnalist” əsəri ənənəvi, klassik, sakit, təmkinli və ləngərli bədii üslubda qələmə alınıb. Bu üslub məcrasından çıxmadan baş alıb gedən böyük bir çayı xatırladır. Dinamika, gərgin və həyəcanlı məntiq bu epik-psixoloji əsərdə daha dərindədir. Hadisələrin mahiyyətində, qəhrəmanların hiss və idrak imkanlarında, hətta sadə, obrazlı, başdan-ayağa xalq məcazları ilə mayalanmış bədii dilin daxilində görünmə-yən qatlarında, fəhmlə qavranılan əks-sədasındadır. Klassik üslub və təhkiyə, yazıçı niyyətinin açıqlanması, bədii niyyətin aşkarlanması naminə hadisələrin baş qəhrəmanın obrazına müncər edilməsi qarşıya qoyulan məqsədin həyata keçirilməsinə böyük kömək göstərir. Baş qəhrəman – rayon qəzetinin redak-toru Nazim İlhamın dolğun obrazı, hadisələrə məhz onun baxışı işığında yanaşılması klassik nəsrin imkanları yönümündən məqbuldur və romanın uğurunu şərtləndirən məziyyətlərdən, bədii dəyərlərdəndir.

Romanda cərəyan edən hadisələr geniş, süjet xətti mürəkkəb olsa da, qeyd etdiyimiz kimi, hər şey son anda məntiqi tellərlə baş qəhrəmana bağlanır. Nazim İlhamın kənddə keçmiş uşaqlıq illəri də, tələbəlik dövrü, kənd məktəbində müəl-limliyi, rayon qəzetində jurnalistliyi, redaktorluğu, ən nəhayət, respublikanın mərkəzi qəzetlərindən birinin xüsusi müxbiri kimi fəaliyyəti də bu süjet müxtə-lifliyində hadisələrin gərgin və rəngarəng axarında aşkarlanır. Hələ uşaqlıqdan diribaş, mübariz, haqsızlıqla barışmayan Nazim böyüdükcə özü ilə birgə daxi-lindəki mənəvi dəyərləri də püxtələşdirir. Atası Allahverən kişi və qoca nənəsi Fatmaya olan ehtiram, hörmət və məhəbbət, “Allah sənin salamını da kəssin, kəlamını da”, – deyə atasının yamanladığı oğru qatırçı kimilərə nifrət gələcəkdə ünsiyyətdə, münasibətdə olduğu müxtəlif adamlara yanaşma tərzini formalaşdırır.

Nazim İlham dəyanəti, mərdliyi, mübarizliyi, hər bir vəziyyətdə özünə, mənliyinə, şəxsiyyətinə sədaqəti ilə bütöv bir xarakter kimi yadda qalır. O, Bakıya ali təhsil dalınca gedir. Necə deyərlər, oxu daşa dəysə də, ruhdan düşmür, xəbərsiz-ətərsiz Qarabağ İnstitutuna üz tutur. Adi bir təsadüf – rek-torun Allahverən kişini (Nazimin atasını) tanıması onun taleyində rol oynayır. Buna təsadüf də demək olmaz. Əslində bu, Allahverən kişinin bir tikə halal çörəyinin ovsanaya düşməsidir.

“Zorən jurnalist” romanında hadisələrin başlıca düyün nöqtəsi, sosial zid-diyyətlər və paradokslar, əsasən, Nazim İlhamın rayon qəzeti redaksiyasında məsul katib kimi işə başlaması ilə üzə çıxır. Bundan əvvəlki hadisələr kiçik bir dağ kəndində zəhmətkeş ailənin təsviri, elin ağzıdualı, oruclu-namazlı mömin ağsaqqalları, ağbirçəkləri, kəndin idillik mənzərəsi, bütün bunlar qoy-nunda boy atıb formalaşan, təmizlik və saflıq məktəbi keçən bir gəncin gələcəyi üçün ilkin zəmanətlər idi.

Nazimin həyatında mühüm rol oynayan və oxucunun yaddaşında qalan əsas obrazlardan biri Kamal Qafarzadədir. O, həm insan, həm də rəhbər kimi obyek-tivliyi, alicənablığı, qayğıkeşliyi ilə seçilir. Qafarzadənin Nazimə hələ kənd mək-təbindəki ilk görüşündən sonra mehri-məhəbbəti, bu gəncə göstərdiyi ata qayğısı heç də romantik yazıçı təxəyyülünün məhsulu deyil, həyatın real məntiqidir. Dünya yaxşı adamlardan xali deyil. Uzaq və yaxın keçmişimizdə belə diqqətcil, qayğıkeş rəhbərlərlə az rastlaşmamışıq. Nazimin komsomol işindən imtina etməsindən incikli olsa da, inadından dönməyən raykom katibi, axır ki, onun redaksiyada məsul katib vəzifəsinə irəli çəkilməsinə nail olur. Beləliklə də, Nazi-min bir insan, jurnalist və ictimai xadim kimi formalaşmasının bünövrəsi qoyulur.

Məlum olduğu kimi, ədəbiyyat bəşəri müqəddəsliyin apostolu, daimi mü-dafiəçisi və himayəçisidir, real həyatın bədii inikasıdır, obyektiv gerçəkliyin, insan talelərinin idrak vasitəsidir. Bütün bu ümumi modullar, formulalar hər bir yazıçı qələmində fərdi cizgilərlə, özünəməxsus boyalarla, üslub və for-malarla aşkarlanır. Elə ədəbi nümunələr var ki, hadisələr xarakteri doğurur, yəni yazıçı öz qəhrəmanına hadisələrin fonunda yanaşır və onun obrazına bu hadisələrdən ştrixlər əlavə edir; başqa sözlə, qəhrəmanlar hadisələrin açılma-sına xidmət edir. Haqqında danışdığımız romanda isə hadisələrə qəhrə-manların prizmasından yanaşılır. Qəhrəman daha öndədir, ilkindir və baş verən hər bir hadisə qəhrəmanın cizgilərinin tamamlanmasına xidmət edir. Bir yazıçı kimi Əli İldırımoğlu üçün öncə obraz var, qəhrəman var, sonra hadisə. Reallığa bu yanaşma metodu ona bir-birindən bitkin, xaraktercə zəngin və məzmunlu obrazlar yaratmaqda kömək edir. Onları sosial məzmununa görə qruplaşdır-maq da olar: bir tərəfdə partiya, sovet və təsərrüfat işində çalışan rəhbərlər – Qafarzadə, Cavadov, Nəsrullayev, Qeysərzadə, Salamov, Vəkilov, Səmədzadə, İsmayılzadə və başqaları, digər tərəfdə Allahverən kişi, Fatma arvad, Səriyyə, Əzizağa Aydınbəyov, Tamam, Bəsirə, Rəziyyə, Mənzər, Təhmiraz Tahirov, Nemət Rəcəbli və başqaları. İlk baxışdan hər biri ayrı-ayrılıqda öz ömrünü yaşayan bu adamlar müxtəlif mənəviyyatın və sosial əxlaqın daşıyıcıları kimi daxili bir mübarizə yolundadırlar. Bir-birini inkar etmək əslində cəmiyyət katarsizminin bünövrəsidir. Hər şey bu inkardan başlayır. Sosial bəlaları və cəmiyyəti qurd kimi didən əxlaqsızlıqları, mənəviyyatsızlıqları aşkarlayan məhz bu yazıçı fəhmi romanda ən əlverişli bədii vasitə kimi təzahür edir.

“Zorən jurnalist”in sosial mündəricəsini sərf-nəzər etsək, bədii axtarışların mərkəzinə ədalət axtarışı postulatını qoya bilərik. Bütün hislər, məntiqi məqamlar, bədii forma və eksperimentlər, canlı səhnələr və dialoqlar bu bəşəri məqsədə xidmət edir. Biz müəllifin özü kimi Nazim İlhamı da həmişə ədalətsizliyə qarşı mübarizədə görürük. Redaksiyada işə başlayan gündən o, öz qələmilə haqq-ədalətin himayəçisinə çevrilir, neçə-neçə haqlını haqsızdan qoruyur, son anda özünün pozulmuş hüquqlarının müdafiəsinə qalxır.

Simasını, ləyaqət və mənəviyyatını itirmiş, hiyləgər təbiəti, ikiüzlü xarak-teri və riyakar hərəkətləri ilə dözülməzlik şəraiti yaratmış rayon başçısı Nadir Nəsrullayev müxtəlif fitnə-fəsadla ictimaiyyət arasında çaxnaşma salır, adamları bir-birinə vurur, vəzifə ömrünü uzatmaqdan ötrü dəridən-qabıqdan çıxır. Ləyaqətli adamları ləkələmək və sıradan çıxarmaq üçün böhtan və ifti-ralardan çəkinmir, yeri gəldikdə şantaja əl atır. Rayonun seçilib-sayılan ziyalısı, qəzetin redaktoru Nazim İlham onun üçün daimi qorxu mənbəyidir, potensial rəqibdir. Odur ki, gənc redaktoru da zəhərli toruna salmaq üçün rayonda heç kimi saymayan harınlamış kolxoz sədri Eybalı Salamovla onu üz-üzə qoyur. Salamovun fəaliyyəti barədə felyetonun dərci qaranlıq səmada çaxan şimşək təsiri bağışlayır. Adi rayon qəzeti səhifəsindən başlanan kon-flikt respublika rəhbərliyinə qədər gedib çıxır və yazıçı incə bir bədii ustalıqla bu ədalət axtarışı yollarında öz qəhrəmanlarını da təqdim etməyə başlayır. Oxucu Vəkilovun kosmopolitizmini, Mərkəzi Komitə katibi Dadaşzadənin riyakarlığını, Qeysərzadə və Nadir Nəsrullayev kimi prinsipsiz partiya işçilərinin iyrəncliyini, eləcə də Əzizağa Aydınbəyovun, Bəsirənin və başqa sadə insanların mənəvi ucalığını məhz bu aynada açıq-aydın şəkildə görür. Konflikt gərginləşdikcə kulminasiyaya yaxınlaşır. Süleyman Cavadovun simasında yazıçı ədalətin yeni bir himayəçisini təqdim edir. Onun saflığı, təmizliyi, obyektivliyi oxucu üçün heç də gözlənilməz olmur. Çünki Cavado-vun şəxsiyyəti, xarakter əlamətləri yazıçı tərəfindən canlı həyati epizodlarla, söhbət və dialoqlarla oxucuya romanın ilk sətirlərindən təlqin edilir.

Mərkəzi Komitədə raykomun büro qərarının ləğv edilməsi ilə Nazim İlhama bəraət verildikdən sonra roman yeni inkişaf mərhələsinə keçir. Nazim İlham artıq mərkəzi qəzetin xüsusi müxbiri kimi böyük bir vilayətdə fəaliyyətə başlamışdır. İndi o, özü ədalətin keşiyindədir. Haqqı pozulmuş vətəndaşların müdafiəsindədir. Ədib bir satirik hekayədə Vilayət Partiya Komitəsinin birinci katibi Şirxan İsmayılzadənin portretini ən incə ştrixlərlə işləyərək onun maskasını yırtır. Bun-dan qorxu qarışıq bir nifrət hissi keçirən Şirxan İsmayılzadə Nazim İlhama zərbə vurmaq üçün fürsət axtarır. Münasibətlərin ciddi toqquşma həddinə çatması artıq Karamel fabrikinin direktoru, xalq deputatı, əmək qəhrəmanı Ziyad Kərimlinin Təhmiraz Tahirov üçün qurduğu səhnə ilə başlayır. Bütün təzyiqlərə, təqiblərə, qorxu və hədələrə baxmayaraq, Nazim İlham bu məsələyə dərindən nüfuz edib nahaq yerə qazamatda əzab çəkən bir dəstə adamın taleyinə işıq salır. Burada da ədalətin qələbəsi oxucu üçün gözlənilməz olmur. Bədii detallar, hadisələrə ya-naşma tərzi, obyektiv reallığın fundamental təqdimi, jurnalistin üzləşdiyi maneə-lərin və ondan çıxış yollarının inandırıcı təsviri oxucuda şübhə yeri qoymur. Ziyad Kərimlinin və general Nifaq Zamanoviç kimi iyrənc adamların son anda öz əxlaqsızlıqlarının qurbanı olması da sosial ədalətin təntənəsi kimi səslənir.

Müəllif ədalət hissini təlqin etməklə oxucuya belə bir bəşəri idealı aşılayır: ədalət həyatın özündədir, namuslu insanların qəlbində, mənəviyyatında, əməlindədir; onun qələbəsi uğrunda vuruşmaq gərəkdir.

Yuxarıda dediyimiz kimi əsərin bədii arxitektonikası elədir ki, hadisələr daha çox baş qəhrəman Nazim İlhamın obrazının dolğunlaşmasına xidmət edir. Məsələn, Nazimin kənd adamları ilə (Xıdıralı, Qaraş və Mənzərlə) rayon mərkəzinə gedib qayıtması, yolda qaçağa rast gəlməsi, qaçağın mərdliyi, Nazimin Rəziyyə ilə platonik məhəbbət səhnələri, Süleyman Cavadovun Na-zimi evinə dəvət etməsi, həyat yoldaşı – Rəziyyənin bacısı Mərqufə ilə tanış-lığı, Rəziyyə ilə burada görüşə bilmək ehtimalı və s. bütün bunlar oxucuda mətləbdənkənar hissələr (adi bir süjet) təsiri bağışlaya bilər. Lakin əslində çox möhkəm süjet xətti olan romanı bu hissələrsiz təsəvvür etmək mümkün deyil. Çünki bunlarsız Nazim obrazı yarımçıq qalardı, tam olmazdı. İlk baxışda əsərin süjet xətti ilə o qədər də sıx bağlı görünməyən həmin detallar Nazim İlhamda cəmləşən mərdliyin, mübarizliyin, dönməzliyin, alicənablığın mərhələlərini güzgü kimi əks etdirir və buna görə də təbiidir və yerindədir.

Jurnalistika sahəsinə gözlənilməz təsadüf üzündən düşmüş inadkar bir gəncin mənəvi axtarışlarına həsr olunmuş “Zorən jurnalist” əsərində iki sosial məqam – kənd həyatı (öz idilliyası ilə), bir də jurnalistika aləmi, jurnalist həyatı (bütün dolğunluğu ilə) qələmə alınmışdır. Burada Allahverən, Fatma qarı, Tamam, Bəsirə, Mənzər, Əzizağa Aydınbəyov kimi adamlarla yanaşı, nadir nəsrullayev-lər, qeysərzadələr, eybalı salamovlar da vardır. Jurnalist dünyası Xaspolad Həsən-oğlu, Şadər Hacızadə kimi redaktorlarla bahəm, Mollazadə kimi simasız, riyakar redaktorlardan, Saleh Qənizadə sayağı işbaz müxbirlərdən də xali deyildir.

Romanın dili xüsusi qeydə layiqdir. Məlum həqiqətdir ki, dil fikrin qabığından daha çox mayasıdır, mahiyyətidir, çox böyük ideya və xalq hikməti xəzinəsidir. Əli İldırımoğlunun bədii dili, leksik xəzinəsi öz yükünü məhz canlı xalq dilinin qaynaqlarından, ən incə ifadə vasitələrindən tutmuşdur. Xalq ruhundan süzülüb gələn bu dil ədibin dəst-xəttində müasir intellektual məntiqi-linqvistik ştrixlərlə daha da zənginləşərək yeni bədii-lek-sik fakt kimi meydana çıxmışdır.

Romandakı obrazların, xarakter proyeksiyası məhz belə bir dilin işığında çəkilmişdir. Hər obrazın dili onun birbaşa daxili aləmindən, sosial mənşəyin-dən, işindən, peşəsindən soraq verir. Bir sözlə, Əli İldırımoğlu ecazkar bədii dilin köməyi ilə kamil bir rəssam kimi unudulmaz obrazlar silsiləsi yaratmağa nail olmuşdur. Onun əsərlərində partiya işçisinin öz üslubu, linqvistik tərzi, jurnalistin öz leksik imkanları, kənd adamlarının isə idiom və məcazlarla dolu danışıq tərzi vardır. Müəllifin dili bu polifoniyada öz biçimində boy göstərir. “Dağdan aşmış gün kimiyəm”, “Elə bil uşaq üzü əlləyir”, “Yas düşəndə hərə öz dərdinə ağlayır”, “Yuxa qulağı sulama”, “Ərim ər olsun, kol dibi evim” və s. Roman başdan-başa belə obrazlı, məntiqli ifadələrlə doludur.

Əlbəttə, “Zorən jurnalist” romanının məziyyətləri haqqında daha geniş şə-kildə danışmaq olar. Çünki həqiqətən belə məziyyətlər çoxdur. Ancaq bizim qənaətimizə görə elə bu deyilənlərdən də aydın olur ki, “Zorən jurnalist” həm epik vüsəti, həm ideya saflığı, həm də bədii dəyəri ilə müəllifin növbəti ədəbi uğurudur və müasir nəsrimizdə özünəməxsus dəyərli yer tutmağa layiqli əsərdir. Böyük bir dövrün sosial mənzərəsini, xarakterlərin ehtiraslı mübari-zəsini özündə əks etdirən roman çağdaş narahat dünyamızın ovqatı üstündə kökləndiyindən ayıq-sayıq oxucu həyati amal və ideal uğrunda mücadilə yollarını onun sətirləri arasında asanlıqla tapa biləcək və milli mənəviyyatının formalaşmasında, ruhunun oyanışında bu kitabı mötəbər mənbə kimi sevəcək. Əsər gərgin və ibrətamiz hadisələrin, bitkin xarakterlərin, maraqlı əhvalatların fonunda oxucusuna belə bir həqiqəti aşıladır ki, həqiqətlər “gec gəlir, ancaq güc gəlir”. Elə əsərin mühüm ictimai, tarixi, ədəbi-bədii və tərbiyəvi pedaqoji dəyəri, həyat dərsliyi rolunu oynaması da öncə bu “güc gəlməsində” və yuxarıda sadaladığımız digər məziyyətlərindədir.

Əliheydər Həşimov, pedaqoji elmlər doktoru, professor

1995-ci il

















 

© 2011. Bütün hüquqlar Əli İldırımoğluna məxsusdur.
www.aliildirimoglu.az və ya www.aliildirimoglu.com