www.aliildirimoglu.az

Zorən jurnalist”in etirafı

MƏNƏVİ KAMİLLİYƏ ÇAĞIRIŞ

Ədəbi nəşrlərin uzun fasilələrlə çıxdığı, bədii sözün cəmiyyətdə gedən obyektiv proseslərin təsiri altında müəyyən qədər sönükləşdiyi son illərdə iri həcmli nəsr əsərlərinin az-az yazılması, bir növ “ədəbi defisit”ə çevrilməsi həqiqətdir. Və belə bir zamanda roman yazıb, nəşr etdirməyin özü bir fakt kimi təqdir olunmalı hadisədir. İllah da ki, bu roman zəngin həyat material-larından bəhrələnə, yaxın keçmişimizin ziddiyyətli, keşməkeşli ictimai mənzərəsini yarada.

Əli İldırımoğlunun “Zorən jurnalist” romanı yetmiş illik sovet tariximizin müharibədən sonrakı dövrünü eşidilənlər və bədii təxəyyül hesabına deyil, şəxsi həyat təcrübəsi hesabına canlandırır, konkret faktlarla əyaniləşdirir. Əsərin qəhrəmanı Nazim İlham müəyyən mənada müəllifin prototipi də sayıla bilər. O, ağır, mənəvi sarsıntılarla, mübahisə və münaqişələrlə dolu bir jurnalist ömrü yaşamağa məhkum edilmişdir. Məsələ burasındadır ki, adi bir kənd müəllimi olan Nazim partiya mətbuatında əməkdaşlığa özünün iradə-sinin əleyhinə başlayır, lakin çox keçmədən xislətindəki işıqlı cəhətlə, mübarizə əzmi, haqq-ədalətlə dönməz sədaqəti onu bu işə bütün varlığı ilə bağlayır. Bütöv, dəyişməz xarakterli Nazim partiya mətbuatında işləməyə başladığı andan rəhbər vəzifəli müxtəlif şəxslərlə üzləşir. Bunların arasında müsbət keyfiyyətlərə malik partiya xadimləri də az deyil. Lakin “zorən jur-nalist”in qarşılaşdığı raykom katiblərini xarakterizə eləyən əsas cəhətlər onların rüşvətxorluğu, mənəm-mənəmliyi, öz şəxsi məqsədlərinə çatmaqdan ötrü hər şeyi qurban vermək iqtidarında olmaları, insanlara münasibətdə zorakılıqları, faciələrə etinasız yanaşmaları və bu kimi başqa mənfi xüsusiy-yətlərdir. Nadir Xələfoviç Nəsrullayev, Əfrayıl Fərahimoviç Dadaşzadə və digərlərinin simasında yetmiş il az qala dünyanın yarısına hökm etmiş bir siyasi qurumun cinayətkar səciyyəsi romanda məharətlə açılır. Onlar cəmiy-yəti qurd kimi gəmirən qollu-budaqlı korrupsiyaya, sosial-siyasi əxlaqsızlığa, yerlibazlığa, yalançı beynəlmiləlçilik örtüyü altında milli ruhun öldürülmə-sinə hər cəhdlə rəvac verir və əslində bu gün üzləşdiyimiz qanlı bəlaların təməlini qoyurlar. Yalançı ideoloji məqsədlər uğrunda aparılan saxta müba-rizə romanda erməni Surenlə azərbaycanlı Qüdrət arasındakı münaqişədə, eləcə də məscidlərə münasibətlə əlaqədar səhifələrdə, ədüləziz vəkilovların, sergey andreyeviçlərin, rahib xəliloviçlərin dini-milli dəyərlərimizə qənim kəsildiklərini göstərən məqamlarda aydın şəkildə inikas etdirilir. Müəllif incə ştrixlərlə erməni və rus millətçiliyinin sonradan başımıza gətirdiyi dəhşətlərin kökündə məhz o illərin ideoloji təlimatlarının durduğunu açıb göstərir. Erməni hiyləgərliyi, rus zorakılığı, “sapı özümüzdən olan baltalar”ın manqurt əxlaqı neçə-neçə Qüdrətimizin haqsız yerə zindanlarda çürüməsinə rəvac verir. Çox maraqlıdır ki, bu məsələlərdə də Nazim İlham əsl milli mövqeyi ilə fərqlənir.

Kommunist Partiyasının yerli komitə rəhbərləri Moskva, “Seka” xofu altında hər şeyi qurban verməyə hazır olduqları qədər zəiflərin mənafelərini tapdamaqda da ustalıq nümayiş etdirir, intriqalar, süni münaqişələr yarat-maqla ləyaqətli vətəndaşları ləkələmək istiqamətində də məharət göstərirlər. Nazim, Əzizağa Aydınbəyov kimi həqiqi xalq ziyalıları isə onların qurmala-rına məhəl qoymur, hiylələrinə aldanmırlar. Avtoritar rejimin bütün ruhu həmin ikiüzlü, riyakar “birincilər”in simasında cəmləşib. Onlar öz murdar niyyətləri naminə Bəsirə kimi tərtəmiz qız-gəlinləri sağalmaz dərdlərə salır, məhkəmə hakimiyyətini belə, öz hökmlərinə tabe etdirir, meydan sulayırlar. Partiyanın hökmü hər yerə işlədiyinə görə, Əli İldırımoğlu əsərdə təsvir etdiyi bütün cinayətlərə, bütün faciələrə görə məhz bu təşkilatı ittiham edir. Bu partiyanın həqiqi siması roman boyu cərəyan edən hadisələrlə mərhələ-mərhələ açılır. Bir yandan Nazimin uşaqlıq xatirələrinin təsvirində, o biri yandan real gerçəkliklərin inikasında – təhmirazların, nəcibələrin, aybəniz-lərin, bəsirələrin, qüdrətlərin acı aqibətlərində hakim rejimin mahiyyəti əsaslandırılır.

Bütün bunlardan sonra meydana maraqlı bir sual çıxır: bəs necə olur ki, Nazim kimi mübariz və döyüşkən şəxsiyyətlər belə bir rejim şəraitində sala-mat qalır, eyni zamanda ədaləti müdafiə edirlər? Bu yerdə yazıçının istifadə etdiyi “təsadüf effekti”ndən söz açmamaq mümkün deyil. Belə ki, roman boyu Nazim hər mübarizəsində bir təsadüf nəticəsində qələbə çalmış olur. Burada da bir qanunauyğunluq var. Əvvəla, yazıçı bununla əsərin qayəsini bir daha təsdiqləyir. İkincisi, məlumdur ki, bütün rejimlər kimi, sovet quru-luşunda, Kommunist Partiyasının öz daxilində də işıqlı şəxsiyyətlər, mənəvi cəhətdən saf adamlar, xalqın tərəfində dayanan siyasi xadimlər də vardı və onların Nazimə havadarlıq etmələri təbiidir. Nəhayət, əsərdəki “təsadüf ef-fekti” həmçinin Nazimin öz bacarığına, səriştəsinə, işini möhkəm tutmasına və yazdıqlarında təkzibolunmaz faktlara əsaslanmasına dayanır. Avtoritar rejim isə qapalılığı sevir. Əgər onun bağrından qopan hər hansı haqsızlıq ümumun malına çevrilirsə, rejim özü öz balasını qurban verməkdən çəkinmir. Eyni zamanda bütün quruluşlarda harınlıq, ədalətsizlik və korrupsiya öz həd-dini aşanda qapalılıq çərçivəsindən çıxır və ötəri bir təkanla özü öz sərhəd-lərini dağıdır. Romandan göründüyü kimi, Nazim İlhamın qarşı-qarşıya dayandığı adamlar məhz özləri özlərini rüsvay etmək səviyyəsində dözülməz-dirlər, buna görə də “zorən jurnalist”in qələmi onların çürük mənəviyyatının ifşasına yalnız təkan verir. Elə qələmin müqəddəs vəzifəsi də budur!

Məzmun mündəricəsi etibarilə bu roman sovet quruluşundan bəhs etsə belə, özündə yeni dövrün ab-havasını daşıyır. Kamil insan xarakterləri, gərgin ziddiyyətlər, maraqlı struktur kitabın dəyərini artıran cəhətlərdəndir. Əli İldırımoğlunun “Zorən jurnalist” romanından çıxan başlıca ideya isə yığcam şəkildə belə ifadə oluna bilər: ötən əyyama xiffət etməyə dəyməz, çalışmaq lazımdır ki, cəmiyyətdə yüksək mənəviyyatlı, kamil şəxsiyyətlər çox olsun. Yalnız belə cəmiyyətdə haqq-ədalət bərqərar edilə bilər...

Nizaməddin Mustafa
“Panorama” qəzeti, 15 noyabr 1996-cı il

















 

© 2011. Bütün hüquqlar Əli İldırımoğluna məxsusdur.
www.aliildirimoglu.az və ya www.aliildirimoglu.com