 |
HEKAYƏLƏR
QOCA MACGƏL
Qoca macgəlin fikri-zikri qızdırmanın içində qoyub gəldiyi xəstə nəvəsinin yanındaydı. Şahin yorğan-döşəyə düşəndən kişinin yediyi, içdiyi də zəhərə dönmüşdü. İşə-gücə də əli yatmırdı. Bu gün də elə-belə birtəhər... Ambıla qoşulan boz öküz də ki, siftə günlər xamlıq elədiyindən, səhərdən-axşamacan kotanın dəstəyindən yapışan Mürşüd kişini təbdən çıxardırdı. O, heyvanın sağrısına neçə kərə daş-kəsək ilişdirsə də, boz öküzə öhd olmurdu. Elə bildiyi biləsindəydi. On addım getməmiş tərsliyi tutur, fınxırıb boyunduruğun altında sağa-sola eşilir, fırlamış boynunu samıdan çıxartmaq üçün min pəstah törədirdi. Qoca boz öküzün şıltaqlığından cana doymuşdu. O, hərdən deyinirdi:
- Həə, elə bilirsən, həmişə səlimmə gəzib-dolanmalısan?! Gecə-gündüz böyük düzün göy otundan yeyib səmridiyin bəsdi! Day dana vaxtın keçib! İndi get canın çıxsın, gir boyunduruğun altına, o birilərindən artıqsan?!
Torpaq xam, öküz xam, macgəl qoca. Bu gün yaşı səksəni haqlayan Mürşüd kişi yorulub, heydən-hərəkətdən düşmüşdü. Qocanın başqa yolu yox idi. Cahıl-cuhul müharibəyə getmişdi. Kənd qocaların ümidinə qalmışdı. Odur ki, bu ahıl çağında evdə bekar-behtin oturmağı özünə sığışdırmırdı. Deyirdi ki, nə qədər canım suludu gərək bir işin qulpundan yapışam. At ölüncə otluyar. Ömrümün axırınacan əlləşib-vuruşmalıyam. Harada qırıla-qırıla.
Mürşüd ahıllaşsa da, işdən qamaşıb çəkinən deyildi. Söz-söhbət düşəndə sinəsini irəli verib deyirdi ki, bekar dayananda taqətsizləşirəm. Amma işləyəndə quş kimi oluram. Elə bil cavanlaşıram. Evdə qalsam, ölərəm. Havayı yerə deməyiblər ki, iş insanın cövhəridir. Dəmir dəmirdi, o da işlənməsə pas atar. Mürşüd kişinin dərdi başqaydı. Onun qəddini əyən, gözünü nurdan, dizini taqətdən salan oğlunun biqeyrətçiliyi idi. Yönlülərini dava meydanına yola saldı. Onda heç uf da demədi. Olacağa çarə yoxmuş. Hamısının da bircə ilin içində dalbadal qara kağızı gəldi. Allah-taala heç kafir bəndəyə göstərməsin. Onda Mürşüd kişi içərisində nə çəkdi, onu bir özü bildi, bir də ki, göydəki Allahı. Amma daxilində yanıb-qovrulsa da, üzdə özünü sındırmırdı. Deyirdi ki, elnən gələn qara gün toy-bayramdır. Xalxınkı necə, mənimki də elə. Şükür ilahinin məsləhətinə. Özü vermişdi, özü də aldı. Yəqin bizimkilərin də yazısı belə imiş.
Mürşüd kişi o üçünün dərdinə birtəhər dözürdü. Onun belini bükən evdəkiydi. Ortancıl oğlu Poladxan. Çiçək keçirəndə sağ gözünə gül düşdüyündən vayenkom əlinə "niqodnı" kağızı verib rayon mərkəzindən geri qaytarmışdı. Sədrlə partkom da onun üç qardaşının müharibədə həlak olduğunu, atasının ahıllığını mülahizə eləyib anbarların açarlarını qomuynan vermişdilər Poladxana. Üç kəndin taxılı, mer-meyvəsi, yağ-pendiri onun əlindəydi. Hər çəkidə çox yox, yarımca kilo vursa, gör hara çıxır... Di gəl ki, Poladxan əlinə gələnlə evi dolandırmaq, qardaşlarının başsız qalan yetim-yesirini ovutmaq əvəzinə ayrı yola düşmüşdü. Qoca atasını, gül kimi abırlı-ismətli arvadını, iki tifilini atıb uymuşdu yaxınlıqdakı dəmiryolu restoranında aşbaz köməkçisi işləyən, gonbul arvadın üçünə gedib çıxmış telefonçu qızına. Qazandıqlarını nə qardaşlarının ac-yalavac yetimlərinə, nə də ki, evdəkilərə göstərirdi. Ordan-burdan çal-çap elədiyini aşbaz köməkçisinin o telefonçu qızı Müşkünaza yedizdirirdi. Müşkünaz da ki, nə Müşkünaz. Elə bil İsa yeyib, Musa təpib. O qədər şişib ki, dərisinə də sığışmır. Yeriyində yer tapbıldayırdı. Gündə də əyninə bir allı-güllü çiçə geyinib özünü ona-buna göstərirdi. Poladxandan qabaq bu evə kolxozun hesabdarı ayaq açmışdı. Poladxan hesabdarın pay-pülüş daşıyanıydı. Hesabdarın Müşkünaz üçün ordan-burdan tapıb aldığı matah şeyləri xəlvətcə Poladxanla göndərirdi. Çünki Poladxanı ağzı bütöv bilib, ona etibar eləyirdi. Poladxan da şad olurdu ki, hesabdar sirrini, sözünü bircə ona açıb deyir. Müşkünazla olan söz-söhbətini Poladxandan gizlətmirdi. Ancaq yerin də qulağı var, bu iş nə qədər gizlin saxlansa da, kənddə danışılırdı. Uşaqdan-böyüyə hamı bilirdi ki, Müşkünaz hesabdarın saxlamasıdı. Kənddə bunu bilsələr də, açıb-ağardan yox idi. Bir də ki, kimin nə işinə qalmışdı. Elə hərənin öz dərdi, özünə bəs idi.
Vaxt gəldi, qarlı bir gündə hesabdarı əsgər apardılar. Aradan bircə həftə keçməmiş bu dəfə söz gəzdi ki, Müşkünaz indi də Poladxanla qonuşub. Vağzal camaatı arasında Müşkünazı tanımayan yox idi. Eşidib-bilən bəzi kənd arvadları orda-burda xısınlaşırdılar ki, Müşkünaz Poladxana nə əməl eləyibsə, gədə o ciyəri yanmışın torundan qurtara bilmir. Ev-eşiyindən, arvad-uşağından birdəfəlik üz döndərmişdi. Ağsaqqal, qarasaqqallardan başqa, onun özcə tay-tuşları da neçə dəfə Poladxanı qırağa çəkib demişdilər:
- Ə, Poladxan, özünü el içində rüsvay elədiyin bəsdi! Utan! Qızar əə! Dədən Mürşüdün bir ayağı burdadı, bir ayağı gorda. Anam-bacım olsun gül kimi külfətin, o cür balaların var. Lənət şeytana de, daşı ətəyindən tök! Ə, kişiliyin olsun, o yüzünün artığında nə görmüsən?! Daha sarsaqladığın bəsdir. Nə qədər gec deyil tövbə elə, qayıt. Bu işin axır, aqibəti yaxşı olmaz...
Nə olsun?! Elə bil bu sözləri daşa deyirdin. Poladxan hamısını bu qulağından alıb, o qulağına verirdi. Bir az da bərkini tutub, dərinə gedəndə Poladxan adamın üzünə cocuyub utanmaz-utanmaz deyirdi:
- Özüm bilərəm, mənə ağıl öyrətməyin! Müvəqqəti həyatdı. Yaşamaq lazımdı!
Bu dərdə dağ da dözməzdi ki, Mürşüd kişi dözüb tab gətirirdi. Dözürdü deyəndə o boyda kişi fikirdən gün-gündən əriyirdi. Oğlunun binamusçuluğu onun belini əymişdi. Xəcalətindən camaatın arasına çıxa bilmirdi. Hamıdan gen qaçırdı. Səhərin gözü açılanda evdən çıxıb kolxozun işinə gedir, toran çalanda evə qayıdırdı. Çalışırdı ki, Qarakollu camaatının gözünə görünməsin. Çünki qabaqlar kənddə onun bir sözü iki deyildi. Oğul evləndirən, qız köçürən birinci ona gənəşirdi. Mürşüd kişi gedən yerdə qan bağlanırdı. Poladxan məsələsindən sonra gözdən, nəzərdən düşmüşdü. Hamıya gülünc yeri olmuşdu. Bir dəfə başını aşağı salıb, dinməz-söyləməz yoluynan getdiyi yerdə biri rişxəndlə onun arxasınca:
- Müşkünazın qayınatasıdı də - deyib, sonra pıqqıldayıb gülmüşdü. Bu söz Mürşüd kişiyə yaman yer eləmişdi. Onda kişi hirsindən neçə gün özünə gələ bilmədi.
Qoca evin qənşərində ayaq saxlayıb, bir gözündə bardaq, bir gözündə quru çörək olan balaca heybəsini çiynindən aşırıb bulağın qırağındakı daşın üstünə qoydu. İki ovuc su götürüb üzünə vurdu. Enli kürəyini mamırlı daşa söykəyib, dincini ala-ala min cürə fikrə düşdü. Qayğılı baxışlarında acı bir kədər dolaşdı. Boz öküzün ona verdiyi əzab-əziyyəti də, bugünkü yorğunluğunu da unutmuşdu. Dağdan ağır kişi sağalmaz dərdə düçar olmuşdu. Əli ilə tikib, üstünü torpaqladığı doğma koması da ona qəm-qüssə yuvası kimi görünürdü. Əlacı olsa, bu evə heç üz çevirməzdi. Baş götürüb uzaq bir məmləkətə gedərdi ki, onnan bir inni-cinni xəbər tutmasın. Qocanın yorğun gözləri məchul bir nöqtəyə dikildi. Daxilən taleyindən şikayətləndi: "İlahi, günahım nədir?! Bu boynuna ip tutduğum oğlumun hərəkəti, elin tənəsi azıdı ki, evdəki tifilin dərdi də bir yandan üstünə gəldi?!"
Qoca heybəsini çiyninə atıb könülsüz-könülsüz evinə tərəf yönəldi. Elə bil evə yox, biyara gedirdi. Ala Qaplan onun hənirtisini alan kimi çəpərdən tullanıb sahibinin qabağına yüyürdü. Onun qıçına sarmaşdı, ayağının altına sərildi. Qırmızı və enli dilinin ucu ilə Mürşüdün camış gönündən tikdirdiyi yamaqlı çarığını yaladı. Qoca ərklə itə çəmkirdi. İt quyruğunu qısıb bir az geri çəkildi. Yenə də qocanın qabağında oynayıb, bir neçə dəfə dövrə vurdu və yolağının ağzında şöngüyüb, sahibinə tərəf qulaqlarını şəklədi. Sanki hiss eləmişdi ki, qocanın halı özündə deyil. Qaplan onun dərdinə qalırmış kimi bir neçə dəfə zingildədi. Torpağa sinib sahibinə doğru süründü. Qocanın fikri-zikri başqaydı. İtin bu hərəkətinə əsla məhəl qoymurdu. Həmişəki kimi heybəsindən bir tikə quruca çörək də çıxardıb ona atmadı. Qoca həyətə daxil olanda bir əli ilə təzə banlayan çil beçənin qanadlarından bərk-bərk yapışmış və o biri əlində iti bıçaq olan gəlini ilə qabaq-laşdı. Gəlin ismətli üzünü yana çevirdi və xəfif bir pıçıltı ilə:
- Kəsdirib, uşağa duru sup elətdirmək istəyirəm - dedi.
- Şahinin halı necədir, heç dünənkiynən bugünkü arasında fərq-zad varmı? -qoca soruşdu.
Gəlin ağır-ağır başını buladı və doluxsundu. Gözünün bulağından süzülən yaş avazımış sifətini islatdı. Nəmli gözləri ilə məzlum-məzlum qayınatasını süzdü:
- Həkim yazdığı dərmanların hamısını vermişəm, - dedi. - Xeyri olmur. Bu gün dilinin altından su da keçməyib.
Qoca ömründə bircə dəfə də olsun əlinə bıçaq alıb heyvan başı kəsməmişdi. Deyirdi ki, əli qana bulamaqdan pis şey yoxdur. Onun bu xasiyyətini kənddə hamı bilirdi. Odur ki, gəlin yaylığının ucu ilə gözünün qorasını silib əlindəki beçəni kəsdirmək üçün qonum-qonşuya üz tutdu. Qoca dəhlizə yönəldi. Heybəsini üstünə zolaq-zolaq qəzil palaz çəkilmiş qədimdənqalma köhnə taxta çarpayının baş tərəfinə keçirib içəri addadı. Otaqların kəsif havasından turşumuş ağartı qoxusu gəlirdi. Çatmadan asılan boş nehrə, baş tərəfdəki mis qazanlar, küncdəki su dolu səhəng sanki sükuta dalmışdı. Həmişə küllüyün başında dayanıb səbirsizliklə babasının yolunu gözləyən və yüyürüb onun qucağına atılan Şahinin də hənirtisi gəlmirdi. "Yəqin huşa gedib" - qoca düşündü. Və Şahinin yatdığı yan otağın qapısını ehtiyatla açıb içəri daxil oldu. Şahin qalın yorğanın altında, qan-tər içində yuxuya getmişdi. Babanın təqsirkar baxışları nəvənin yuxulu gözlərində, təpimiş dodaqlarında, payız yarpağı kimi saralıb-solmuş bənizində, sinəsində çarpazlanan totuq əllərində, alnına tökülən qıvrım saçlarında donub qalmışdı. - "Gözünü açsa, nə deyim?! Axı, ona neçənci dəfədir söz verirəm. Bivec oğulun vayına oturum. Məni uşağın yanında xar elədi " - baba fikirləşdi. Sonra əlini yan cibinə salıb köhnə, yırtıq əl dəsmalını çıxartdı. Şahinin alnında şeh damcıları kimi puçurlanan soyuq təri sildi. Nəvə diksinib gözlərini açdı. Babasını görəndə solğun çöhrəsi duruldu. İstədi dikəlib həmişəki kimi yenə də onun boynuna sarılsın, üzünü babasının mehriban üzünə söykəsin, sinəsinə sallanan ağ, topa saqqalını sığallasın. Ancaq taqəti olmadı. Baba qəddini əyib onun alnından, əlindən öpdü, isti nəfəsini qoxuladı, Nəvənin halsız baxışlarında təbəssüm işıldadı. Bu işıltı sönməkdə olan şamın zəif ziyası kimi tez də yox oldu. Şahin uzun kirpiklərini aralayıb əriyib çuxura düşmüş gözləriylə babanın nimdaş geyim-keciminə, ona doğma olan nurani sir-sifətinə, alnının çalın-çarpaz qırışlarına, qırağının tükü getmiş köhnə buxarı papağına riqqətlə nəzər saldı. Kövrəldi, gözləri alacalandı. Bir-birinə yapışan dodaqlarını güclə aralayıb həzin bir səslə:
- Baabaa! Ay, ba-ba! - dedi.
- Hay can, nədi, mənim Şahinim?! - baba cavab verdi.
- Axı... Axı sən hə-mi-şə... hə-mi-şə de-yir-sən ki, adam yalan danışmaz. De-yir-sən ya-lan pis şey-dir... Bəs atam niyə gəlmədi. Ne-çə də-fə-di.. Ne-çə də-fə-di söz ve-rir-sən ki, atamı tapıb gətirəcəksən. Am-ma gə-tir-mir-sən. Mən də... Mən də sağalmıram. A-tam gəl-sin, sa-ğa-lım...
Şahin əlinin arxası ilə gözünü ovuşdurub hıcqırdı:
- Anama... Anama dedim ba-bam mə-ni al-da-dır. Sən get atamı tap gə-tir. O da... O da mənə acıqlandı. Qolumu çimdiklədi. Dedi ki, atan ölüb. Mən də soruşdum ki, haçan öldü? Axı o davaya getməyib. Nemeslər də kəndimizə gəlməyib. Dedim sən də babam kimi yalançısan. Atam ölmüyüb, sağdı. O bilsə ki, xəstələnmişəm, tərləyirəm, yata bilmirəm, o saat gələr. Baba, ay baba, atamı gətir!..
Baba nəvənin qarşısında günahkar kimi dayanmışdı. Ona cavab verməyə söz tapmırdı. Xəcalətindən yer yarılsaydı, yerə girərdi. Bilmirdi qızdırmanın içində alışıb-yanan tifilə nə cavab versin. Ha fikirləşirdi, bir çıxış yolu tapmırdı. Başında cürbəcür amansız fikirlər dolaşırdı. Nəvə qızdırmanın içində elə hey - atamı ver - deyib fəryad qoparır, baba düşünürdü: " İlahi, günahım nədir, məni bu tifilin əlində qoymusan?! Uşağı necə başa salım ki, o, adı batmış atan arı yeyib, namusu da bir kənara atıb. Bir küçə fahişəsinin felinə uyub. Onun yadına nə ata düşür, nə də ki, arvad-uşaq. Poladxan üçün dünyada varsa da, Müşkünazdır, yoxsa da. Gecə-gündüz aşbaz köməkçisi ilə onun əxlaqsız qızının pişvazındadır. Şahin böyük olsaydı, nə dərd idi! Ağlı kəssəydi, Poladxan kimi atanın heç üzünə də tüpürməzdi. İndi mən başıma haranın daşını töküm?! Bu tifili necə qandırıb başa salım ki, atan hamımızı atıb, bir pozğun qadını tutub".
Şahin bir aya yaxındı yorğan-döşəyə düşmüşdü. Həkimlər onun dərdindən baş çıxara bilmirdilər. Kimi deyirdi qarın yatalağıdı, kimi deyirdi mal qızdırmasıdı, kimi deyirdi atasının xiffətini elədiyindən dərd tapıb. Əgər atası gəlsə, yüngülləşər. Hər cür dava-dərman eləmişdilər. Şübhədən çıxmaq üçün kənddəki mollaya da baxdırmışdılar. Bir xeyri olmamışdı. Bircə qalmışdı atasının onu yoluxması. Mürşüd kişi neçə dəfə Poladxanın üstünə minnətçi salmışdı ki, ə, qeyrətin olsun, uşaq yorğan-döşəyə düşəndən səni deyir. Gəl ona bir dəqiqəliyə ayaq üstə olsa da, görük, sonra yenə nə qələt eləyirsən elə, Müşkünaz olsun, sən ol. Poladxanın da cavabı bu olmuşdu ki, məndən əl çəksinlər. O adda nə atam var, nə arvadım, nə də ki, uşağım. Mən heç kəsi tanımıram. Kənddəki məktəbin direktoru getdi eşitmədi, ağır bir seyidi üstünə minnətçi saldılar, sözünü yerə vurdu. Poladxanın gedənlərə axır sözü də o oldu ki, iti görüm, qurdu görüm onları görməyim. Ölsəm üstümə gəlməsinlər, ölsələr, gedən deyiləm.
Baba qalmışdı odla-suyun arasında. Bilmirdi başına nə çarə qılsın. Nəvə də ki, - atamı ver! -deyib durmuşdu. Baba - xudaya xudavəndi aləm bir ucuz ölüm də yoxdur ki, öləm canım qurtarsın, - deyib taleyindən şikayətlənirdi.
Şahin gözləri yarıyumulu huşa getdi. Onun dodaqları güclə aralanıb-örtülür və ya-lan-çı ba-ba... Ba-ba, a-ta-mı. A-tamı - deyib sayıqlayırdı. Baba onun çarpayısının yanında quruyub qalmışdı. Sanki qıc olmuşdu. Nə irəli gedə bilirdi, nə də geri. Elə bil tilsimlənib daşa dönmüşdü. Deməyə söz tapmırdı. Şahin -yalançısan, baba, yalançısan, atamı -deyə-deyə yuxuya getdi. Onun sözləri babanın qulağından getmirdi. - Yalançısan, baba... Atamı...
Mürşüd kişi bəd əməl işlədibmiş kimi, suçlu addımlarla geri çəkiləndə ayağı sınıq-salxaq stula ilişdi, töyəcələndi, lakin yıxılmadı. Tez özünü düzəltdi. Nəvə səksənib ani olaraq gözlərini açdı və yenə də yumdu. Yan üstə çevrilib huşa getdi. Baba ehtiyatlı addımlarla onun yataq otağını tərk edib, dəhlizə çıxdı. Gəlin kəsdirdiyi beçəni sacayağının üstündəki sapılcada təngavlayıb, xəstəyə yüngülvari xörək hazırlayırdı. Qoca həyətdəki armud kötüyünün üstündə oturub fikirli-fikirli cibindən qəzet qırığı və tənbəki ovuntusu çıxartdı. Gəlin qayınatasının papiros bükdüyünü görüb tez maşanın ucunda ona bir köz uzatdı. Qoca maşanı onun əlindən alıb papirosunu yandırdı. Qocanın qara fikirləri, tənbəkinin acı tüstüsündə çözələnib, dibində oturduğu tut ağacının qarımış qol-budağı kimi yüz yerə şaxələnirdi. Mürşüd kişi papirosunun axır-uxurunu da çəkib qurtardıqdan sonra, lənət şeytana deyib ayağa qalxdı. Son qərarını qəbul etməkdən vaz keçdi. Öz-özünə: - bu işdə tələsmək olmaz - düşündü. Hələ səbr eləyim. Səbr Allahın adıdır. Görək sonrası nə olur. Bir də ki, Poladxan nə qədər naxələf olsa da, yenə oğuldu, ciyərparadı. Onu nə zillətlə böyütmüşəm. Üçündən sonra əlimdə-ovcumda qalan bircə odur. Nə bilmək olar?! Bəlkə ağlı başına gəldi, tövbə elədi?!.. Anası da yoxdu ki... Qoca fikirli-fikirli əl ağacını götürdü: -A gəlin, indi qayıdıram- deyib həyətdən çıxdı və kəndin kənarıynan aşpaz köməkçisinin evinə tərəf dolaylandı. İt ondan əl çəkmirdi. Qarabaqara sahibinin ardınca yorturdu. Mürşüd neçə dəfə geri qanrılıb itə acıqlandı. Ancaq xeyri olmadı. İt Mürşüddən əl çəkmədi.
Artıq əl-ayaq yığışmışdı. Küçə-bacada tək-tük adam gözə dəyirdi. Mürşüd ət tökə-tökə Müşkünazgilin həyət darvazasına yaxınlaşdı. Üst otaqların bütün işıqları yanırdı. Taybatay açılmış pəncərələrin nazik tül pərdəsindən içəri açıq görünürdü. Poladxan yumşaq divanın üstünə sərilib köynəyinin altından çıxan piyli qarnını, tüklü sinəsini ovuşdurur, xoşallanır, şən əhval-ruhiyyə ilə deyib-gülürdü. Zil qara ipəkdən qolsuz kimano geyinmiş Müşkünaz, ağappaq əndamını Poladxanın qarşısında nümayiş etdirir, onun ətrafına pərvanə kimi dolanırdı. Onlara elə gəlirdi ki, ən xoşbəxt günlərini yaşayırlar. Mürşüd kişi başını buladı və öz-özünə: - Kim nə deyir, qoy desin, vallah-billah beləsinin qanı halaldı. Bircə gülləsi əskikdi. Dəridən-qabıqdan çıx, nə zillətlə oğul böyüt, ləçərin biri böyürdən çıxıb əlindən alsın. Sən də qıraqdan baxa-baxa qal. Belə övladı heç anasının ruhu da bağışlamaz - düşündü. Sonra özünü ələ alıb - Poladxan! Poladxan! -deyib oğlunu səslədi. Qocanın səsi kallaşmışdı. Bərkdən qışqırdığından sinəsi xışıldadı. Onu öskürək tutdu. O qədər öskürdü ki, gözləri qızarıb hədəqədən çıxdı. Qocanın nəfəsi tınçıxdı. Birtəhər toxtayıb özünü ələ aldı. Çaşqın nəzərləri qapı darvazasının sol qırağındakı elektrik düyməsinə sataşdı. Tövşüyə-tövşüyə dabanını qaldırıb qabarlı barmağı ilə zəngin düyməsini basdı. Müşkünaz tez başını pəncərədən çıxarıb həyət darvazasına tərəf boylandı və:
- Kimdi orda?! -qışqırdı.
- Mənəm, a qızım, Mürşüdəm! Poladxanın atası! -qoca cavab verdi.
"Mürşüd" -adı gələndə elə bil Poladxanla Müşkünazın başına qaynar su ələndi. Müşkünaz kal alça yeyibmiş kimi boyalı qaş-gözünü turşudub bəri tərəfə açılan pəncərələrin qapısını hikkəynən çəkib örtdü. Poladxan dilxor olub - "kaftar qoymaz yaşayaq dəə! Ölüb-eləmir də canımız biryolluq qurtara. Gecənin bu vaxtı bilmirəm nə istəyir" - deyib donquldandı. Onların şən əhval-ruhiyyəsi qocanın hənirtisinə bənd imiş kimi bir andaca qeybə çəkildi. İşıqların çoxu söndürüldü. O biri otaqdan Müşkünazın anası gül ağzını açdı:
- Bilmirəm bu imansız bizə nə verib, ala bilmir?! Ölüb-eləmir də...
Poladxanın qanı it qanına dönmüşdü. O, ev paltarında darvazaya tərəf yönəldi. Müşkünaz dəhlizin məhəccərinə söykənib kənardan onun hərəkətlərinə göz qoyurdu. Poladxanın, atasının qarasına işlətdiyi köntöy sözlər, onu Müşkünazın gözündə bir az da qaldırmışdı.
Poladxan atasını həyət darvazasının çöl tərəfində qarşılayıb əlinin ucuynan ona soyuq, könülsüz salam verdi və:
- Eşidirəm, - dedi. - Gecənin bu vədəsində xeyir ola?! Ölüb-eləməmişəm ki?! Nə haray qışqırıq qoparmısan?! Sözü bir dəfə deyərlər! O məsələ barədə danışmışıq qurtarıb gedib! Məndən o tərəfə qayıtdı yoxdu. Bunu birdəfəlik bil. Mən də özümə görə bir kişiyəm! Kişi tüpürdüyünü yalamaz.
Ata çallaşmış qalın qaşlarını yuxarı dartıb nurdan düşmüş gözləriylə oğluna yalvarıcı nəzər saldı və sinəsi xışıldaya-xışıldaya:
- Poladxan! Oğul - dedi, - səni aparmağa gəlməmişəm. O barədə mən də, elə gəlin də səndən əlimizi üzmüşük. Məni bu qapıya gəlməyə vadar eləyən ayrı şeydi. Ə, Poladxan, insafın-mürvətin olsun. Şahin neçə gündü ağır xəstədi. Nə qədər dava-dərman eləmişik, uşaq düzəlmir. Elə hey -atam gəlsin - deyib dad döyür. Ona görə də neçə dəfə dalınca minnətçi salmışam. İndi day onlardan keçib, uşağın vəziyyəti gün-gündən ağırlaşır. Gəl ona ayaq üstə görük, sonra yenə də öz bildiyin kimi elə. Mən boyda kişini o uşağın yanında yerə vurub, bihörmət eləmə. Mən dədənə yazığın gəlsin. Hesab elə ki, heç atan deyiləm, bu sinnimdə qan iş tutub qapına təvəqqəyə gəlmişəm. Heç olmasa bu çal saqqalımı mülahizə elə...
İt yerə sərilib, lal-dinməz xallı başını yumşaq torpağın üstünə uzatdığı qoşa biləyinin arasına qoymuşdu. Ata ilə oğulun söhbətini dinləyirmiş kimi hərdən könülsüz-könülsüz quyruğunu tərpədib altdan-altdan onlara baxırdı. Açıq sinəsini məhəccərə söykəyən Müşkünazın amiranə cır səsi eşidildi:
- Ponçiiik, nə oldu yenəəə?! Kimə ilişdiiin?! Çıx gəl bəri, çayın soyuduu..
Poladxan onun hənirtisini eşidəndə çaşıb özünü itirdi. Danışığının rabitəsi pozuldu. Atasının sözünü ağzında yarımçıq qoyub ikrahla:
- Yaxşı! Yaxşı! - dedi -sözü çox çürütmə. Sən də yaşlandıqcan... Qocalıq belədi də... A kişi, dedim ki, aydındı də, başa düşdüm. Görürəm, əl çəkən deyilsən, qoy gecədən bir az keçsin, hamı yatandan sonra gəlib xəstəyə dəyərəm. Amma bəri başdan şərt kəsirəm. Gələndə o kankanın qızı, əziz-xələf gəlinin oralara üzükməsin. Budur deyirəm, gözümə görünsə...
Mürşüd kişi geri dönəndə nəvəsinin yatdığı otağın qapısını bu dəfə şəstlə açdı. Poladxanı yola gətirib, Şahinlə görüşməyə razılıq aldığından, qoca xeyli yüngülləşmişdi. Şahin hələ də özündə deyildi. Gəlin onun yastığının yanında büzüşüb altdan-altdan yumub-tökürdü. Qayınatasını görəndə özünü yığışdırdı. Ayağa qalxıb:
- Nə yemişdisə heyləcə də qaytardı. Gün-gündən də geri gedir. Day bundan əlimi üzmüşəm, - dedi. Qayınata gəlinə bozardı:
- Sən də ağzını xeyirliyə aç! Nəhs-nəhs danışma, geri çəkil, görüm - dedi. -Atasını da birtəhər yola gətirmişəm. İndicə danışıb ayrılmışıq.. O ki var qabırğasına döşəmişəm...
Baba xoş əhval-ruhiyyə ilə nəvəsini dümsüklədi:
- Şahin! Şahin! Evimizin dirəyi, gözünü aç, atan da indicə gələcək - dedi. - Sən demə burada yoxmuş. Saa dava-dərman, oyuncaq almaq üçün şəhərə getmişdi. Anan da qələt eliyir, heylə səni aldadır. Atan ölüb-eləməyib. Yoldadı gəlir, maşınları xarab olduğundan bir az yubanıb. İndilərdə gələr...
Şahin huşdan ayılıb gözlərini geniş açdı. Babasını birinci dəfə görürmüş kimi ona nisgilli nəzər saldı və:
- Baba, dedin ki, atam gələcək həə?!
Onun dodaqları güclə pıçıldadı. Solğun çöhrəsində sevinc qığılcımı işıldadı. Uşaq dirçələn kimi oldu. Dikəlib başını yastıqdan qaldırdı. Su istədi və babasının üzünə məzlum-məzlum baxıb soruşdu:
- Bu dəfə düz deyirsən?! Atam gələcək?! Baba, gördün ki, atam gəlir, tez qabağına çıx ha, itimiz onu tutar. Axı o çoxdan gəlmir, birdən Qaplan onu tanımaz...
Gecə yarıdan keçdi. Nə gələn oldu, nə gedən. Şahinin - "ata"-deyə-deyə həsrətli baxışları qapının astanasında qalmışdı. Gəlin əyirib boyadığı ipi yumağa sarıya-sarıya öz-özünə mingirlənirdi. İt hürdükcə Mürşüd kişi öz-özünə - "yəqin Poladxan gəldi" - deyib tez həyətə çıxırdı. Sübhə kimi nə gəlinin sızıltısı kəsdi, nə babanın gözünə yuxu getdi, nə də ki, nəvə yatıb dincəldi.
Mürşüd kişi həyətdəki armud kötüyünün üstündə oturub aranı dağa daşıdı, dağı arana - "pis övladın üzü qara olsun" - düşündü. Bu sinnimdə məni körpənin yanında beüzm elədi. Onun gözünə necə görünüm?! İndi ona nə cavab verim?! Yoox, artıq bıçaq sümüyə dirənib. Bu dərdi gora apara bilmərəm. Mağdurmuz bir xoruza yüklənsə, götürər, namus-qeyrətimizi bir qəflə qatır çəkib apara bilməz. Qoca olsam da, hələ təpərdən düşməmişəm. Gərək bu işə ayrı cür əncam çəkəm. Elə bir əncam çəkəm ki, Qarakollu camaatına görk ola. Onda nəslimizin, nəcabətimizin də üstündən bu töhmət yükü götürülər.
Mürşüd kişi yaşına uyğun olmayan bir cəldliklə ayağa qalxdı. Kötük yançaqlarını keyitmişdi. Ona görə bir az ayaq saxladı. Yenə xəyallandı. Tərəddüdlü baxışları kəndin baxarındakı yal-yamacı dolaşdı: - "Bir az da səbr edim - düşündü, - tələsməyim. Bu gün də gözlüyüm. Poladxan bəlkə gəlib uşağa görükdü. Həm də bir zolaq yer qalıb, onu da şumlayım qurtarsın getsin. İşi yarımçıq qoymaq kişilikdən deyil. Qoy şum sarıdan nigarançılığım qalmasın. Kəndin uruzusu ordan çıxır".
Onun yançağının keyi tam açılmamışdı. Heybəsini çiyninə salıb yemsiyə-yemsiyə yolağadan çıxanda ayaq saxladı, dönüb gəlini səslədi:
- A qızım, gedirəm - dedi. -Şahini bu gün də birtəhər ovut, görək başımıza nə gəlir. Bəlkə o vayına oturduğum bu gün gəlib uşağı gördü. Axşamkı danışığımızdan sonra gərək gəleydi...
Mürşüd kişi yola düzəldi. Qaplan kəndin ayağınacan onun arxasına düşdü. Sonra sahibinin qırımını hiss edib, geri qayıtdı. Qoca gün çıxmamış öküzləri kotana qoşdu. Boz öküz Mürşüdün əlinin duzunu görmüşdü. Ona görə də əvvəlki kimi o qədər də xamlıq eləmədi. Günbəgün yumşalıb, quzuya dönürdü. Gün günorta yerindən əyiləndə o bir qırıq yer də tamam-kamal şumlanıb qurtardı. Hodaxçılar boyunduruqları açıb, öküzləri örüşə buraxdılar. Qoca macgəl onlarla sağollaşıb kəndə qayıtdı. İstidən nəfəs almaq olmurdu. Elə bil göydən od tökülürdü. Qaplanın dili bir qarış çölə çıxmışdı. Gəlin qayınatasının ayaq səsini eşidib cəld onun qabağına çıxdı. Heybəni onun əlindən aldı. Mürşüd kişinin gəlinə ilk sualı bu oldu:
- Uşaq necədir? Bir dəyişiklik, zad varmı?! Gəlin -yox -demək mənasında başını buladı.
- O qırışmal gəlməmişdi ki?! -baba soruşdu.
Gəlinin avazımış çöhrəsinə qızartı çökdü və qayınatasının sualını cavabsız qoyub əlində heybə geri döndü. Elə bil Mürşüd kişinin üstünə dağ uçdu. Onun nurdan düşmüş gözlərinə qatı qaranlıq çökdü. Dizləri qıc kimi oldu. Məhəccərdən tuta-tuta birtəhər özünü dəhlizə saldı. Köhnə taxta çarpayının ayaq tərəfindəki, günə verilib, sonra da çırpılıb üst-üstə yığılmış yorğan-döşəyə dirsəkləndi. Qocanın halı pis oldu. Gəlin - "yəqin üstündən saat addadı" - düşündü və cəld bir parç sərin su gətirib, qoçanın üz-gözünə vurdu. Mürşüd handan-hana özünə gəldi. Ayağa qalxıb Şahinin otağına girdi. Şahin arxası üstə ləms düşmüşdü. Babasını görən kimi ona yazıq və incik nəzər salıb, sol yanı üstə aşırıldı və üzünü divara tərəf çevirdi. Baba hesabını götürüb, peşman geri döndü və -"Şahin küsüb, daha məndən üz döndərib, haqqı da var, uşaq olanda nə olar, adamı nə qədər aldadarlar?!" - düşündü.
Sübhə kimi ilan vuran yatdı, Mürşüd kişi yatmadı. Dan ağaranda yerindən qalxıb qıs-qıvraq geyindi. Həyətə çıxıb yuyundu, yönünü qibləyə çevirib salavat çevirdi. Ağacların arasından kəndin ortasındakı qədim məscidin uçuq minarəsi görünürdü. Qocanı od götürdü. O, öz-özünə: - Allahın evini uçurub viran qoyandan sonra ondan nə mərhəmət ummaq?! O məscid gözdən düşəndən bəri Məhəmmədin kəlamları yaddan çıxıb. Namaz qılan yox, oruc tutan yox. Kəndin xeyir-bərəkəti göyə çəkilib. Ar-namus qalmayıb. Böyük-kiçik tanınmır. Arvadlar həya eləmir. Qonşu qonşunun ayağından çəkir. İnsanlar qurd kimi bir-birini didir. Xudaya, bu necə zəmanədi?! - dedi. Qoca üzü məscidə tərəf xeyli hərəkətsiz dayandı. Gözəgörünməzlə məsləhətləşirmiş kimi, nə isə dodağının altında öz-özünə danışıb üç dəfə əlini üzünə çəkdi. Qayıdıb orta otağa keçdi. Fərməclərin dalında küncə söykədiyi qoşalüləsini ehmalca götürdü. O, bu tüfəngi çoxdan almışdı. Gecə vaxtı çölə, bayıra gedəndə, çiyninə salırdı. Bir-iki dəfə ağıla canavar təpəndə, qaraltıya atmışdı, vəssalam. Hərdən tozunu silib, yağlayıb qoyurdu əldəyməz yerə. Deyirdi ki, yüz gün yaraq, bir gün gərək. Bu gün qoşalülə qocaya lazım olmuşdu. İçərisinə iri qırma doldurulmuş iki patron qoydu. Qurub-tikdiyi həyət-bacasına axırıncı dəfə nisgilli nəzər saldı. Sonra kəndin kənarı ilə Müşkünazgilin həyətinə tərəf dolaylandı. Qocanın üzü faciələrə düçar olmuş adamın simasını xatırlayırdı. Qaplan ondan əl çəkmirdi. Elə bil nə isə duymuşdu. Hərdən çöməlib, ağzını göyə tutur və zingildəyirdi. Adamı zəhm basırdı, Mürşüd: - "Quduz dəymiş, səhər-səhər ulayıb baş-beynimizi aparma" -deyib ona acıqlandı və yoluna davam elədi. Tüfəngin qundağını pencəyinin altından qoltuğuna keçirmişdi. Kənardan baxan onda silah olduğunu ağlına gətirməzdi. Mürşüd kişi, Müşkünazgilin darvazasının bir neçə metrliyindəki, yarpaqları qırılıb barama qurduna verilmiş çəkil ağacının altında dayanıb tüfəngin tətiyini hazır vəziyyətdə qoydu. Buradan evin içi, çölü görünürdü. Müşkünaz bir ağıza yüz dəfə - "mənim Poladım" - deyib onun böyür-başında fırfıra kimi hərlənirdi. Mürşüd kişi kədərli ah çəkdi - üçünü Hitler əlimdən aldı, vayına oturduğumu da, bir lotu. Beləsinin olmasındansa, olmaması yaxşıdır. Məni el içində rüsvay elədi.
Müşkünaz əyilib Poladxanın ayaqqabılarını cütlədi. Axşamdan yuyub-ütülədiyi üst köynəyini asılqanda ona uzatdı. Qatı açılmamış cib yaylığını ətirləyib aynanın qabağına qoydu və naz-qəmzə ilə: - Ponçik, əlimdən alsan, ayrılıq olar, dəsmalı özün götür -deyib onun qarşısında əzilib-büzüldu.
Mürşüd kişinin içəridən dişi bağırsağını kəsirdi. Müşkünaz əlində şotka Poladxanın açıq rəngli yarı yun şalvarına düşən tozu yolüstü təmizləyə-təmizləyə, kölgə kimi onun arxasınca sürünürdü.
- "Qancıq, gör özünü boynu sınmışa necə yaxır" - qoca öz-özünə deyinib, içəridən daha da odlandı. İri darvazanın ortasındakı qapı açıldı. Onların hər ikisi çölə çıxdı. Müşkünaz nazik və çatma qaşlarını yuxarı dartıb Poladxana oğrun nəzər saldı və - Ponçik! Birdən o üzünü mürdəşir yumuşun sözünə aldanıb o tərəflərə üzükərsən haa! - deyib altdan-altdan ona incikli göz ağartması verdi. Poladxan qolunu Müşkünazın pudralanmış, çılpaq boynuna salıb könlünü aldı:
- Axmaqlama, - dedi, -yüz heylə ata, arvad, uşaq sənin o atılan dırnağına qurban. Dalımca ha sürünsünlər, xeyri yoxdur. Onlara sözümü demişəm.
Müşkünaz aldığı cavabdan xoşhal olub, hiyləgər baxışları ilə ona işvəli nəzər saldı və Poladxanın ətli çənəsini qaldırıb, boyalı dodağını ona tərəf yaxınlaşdıranda çəkil ağacının dibindən onlara tuşlanmış qoşalülə açıldı...
Qoca özünü itirmədən tüfəngi qatlayıb, hələ də tüstülənib barıt qoxusu verən boş patronları çıxartdı. Üzünü əks tərəfə çevirib rayon mərkəzinə gedən maşın yoluna tərəf yönəldi... Əlində silah şəstlə prokurorun kabinetinə varid olub qürurunu pozmadan:
- Oğul, - dedi, - ömrümdə bir toyuğun da başına bıçaq çəkməmişəm. Amma taleyin yazısı elə gətirib ki, bu sübh çağında iki qan eləmişəm... Öz ayağımla da gəlmişəm. İndi cəzam nədir...
1991-ci il
|
 |