HEKAYƏLƏR
BİR QULAC KƏNDİR
Hər gün səhər-səhər yüngülvarı idman edir, səliqə ilə geyinib-kecinir, qalstukumu bir neçə dəfə açıb-bağlayır, sanatoriyada həkimlərin buyurduğu kimi də yeyib-içirəm. Son vaxtlar dəbdə olan yapon saatıma tez-tez nəzər salıb, iş vaxtının başlanmasına bir neçə dəqiqə qalmış liftin düyməsini basıb doqquzuncu mərtəbədən aşağı enirəm. Yaşlı sürücünün axşamdan dönə-dönə silib par-par parıldatdığı və sübh tezdən qapıda saxladığı qara "Volqa"nın arxa qapısını açıb sağ küncdə əyləşirəm. Bəli, bəli, ancaq sağ küncdə. Çünki vəzifəli adamın hörmətini təmin edən şərtlərdən biri onun harada və necə əyləşməsidir. Bir də ki, gərək özünü elə aparasan ki, olduğundan artıq görünəsən. Bəli, artıq görünəsən.
İş vaxtı qurtaranda da kabinetin qapısını bağlayıb, açarları əlimdə cingildədə-cingildədə cibimə qoyub, katibə ilə xudahafizləşmədən və yan-yörəmə baxmadan ciddi və rəsmi görkəmdə ağ xətt çəkilmiş dayanacaqdakı "Volqa"ya tərəf irəliləyirəm. Başını sükana söykəyib mürgü vuran sürücünü ehtiyatla dümsükləyib, sonra da eyni qaydada öz yerimə keçirəm.
Ev və idarə. Yuxarı vəzifəyə qalxdığım iyirmi il ərzində hələ bircə dəfə də olsun, maşından düşüb piyada addım atmamışam. Və ya dükana, bazara, parka, bağa yön çevirməmişəm. Evdə arvad-uşağın ərz etdiyi kimi bu, heç vəzifəmə də yaraşmaz. Bir qədər açıq danışsaq, xanım deyir ki, onda yüngüllük olar. Ağır otur-dur ki, batman gələsən.
Bir gün ənənəni pozdum. Niyəsini bu günə kimi hələ özüm də bilmirəm. İşdən çıxanda sürücünü buraxıb payi-piyada düşdüm yola. Gözlərimin qarşısında sanki özgə bir aləm açılmışdı. Hər gün maşınla keçərkən gözucu nəzər saldığım küçələr, səkilər, parklar, bağlar, hündür binalar, axın-axın ora-bura tələsən adamlar mənə qəribə görünürdü. Elə bil "Volqa"dan düşüb piyada getməklə yeni bir dünyaya varid olmuşdum. Çox şey mənə möcüzə kimi gəlirdi. İrəlidəki "Uşaq aləmi" mağazasının yanından keçəndə vitrində qoyulmuş oyuncaqlar diqqətimi cəlb etdi. Ötüb keçmək istədim. Ancaq ağlıma nə gəldisə, ayaq saxladım. Öz-özümə düşünüb-daşındım: - "Içəri girim, yoxsa girməyim?!" Xeyli tərəddüd etdim. Yan-yörəmə səksəkəli nəzər saldım. Fikirləşdim ki, birdən məni görüb-tanıyan olar. Deyərlər ki, neçə-neçə işçisi, xidmətçisi, sürücüsü "bəli", "baş üstə" deyəni ola-ola özü mağazadan şey-şüy alır. O boyda vəzifəni gör kimə tapşırıblar?!
Xeyli götür-qoydan sonra cəsarətimi səfərbər edib daxil oldum mağazaya. Müştəri gözü ilə vitrinlərə baxdım. Satıcılar bilərəkdənmi, yoxsa fərqinə varmadanmı malları çox qəribə düzmüşdülər. Marallar, ceyranlar, şirlər, pələnglər, qartallar mağazanın nəzərə çarpmayan, qaranlıq küncünə yığılıb, üstünü də toz basıb. O boyda filin uzun xortumu, nəhəng ayağı güclə görünürdü. Pələngin pəncəsi qırılmışdı. Maralın gözəl buynuzları sınmışdı. Qartalların qanadı dibindən düşmüşdü. Özümdən asılı olmayaraq dodaqlarım pıçıldadı: - təəssüf, min təəssüf...
Ancaq xaricdən alınmış çaqqal, tülkü, qarğa, uzunqulaq fiqurları silinib, təmizlənib mağazanın işıqlı, nəzarə çarpan, müştərilərin gözünə tez görünən, ən irəlidəki qəfəslərə düzülmüşdü. Təəccübümü gizlədə bilmədim. Mağaza müdirinə tərəf əyilib dolayı yolla, həm də özüməməxsus ehtiyatla bunun səbəbini soruşdum. Mağaza müdiri, görünür, qazdan ayıq adamdır. O, nə demək istədiyimi və mizrabı hansı simə vurduğumu anlayıb əsəbiləşdi. Və mənimlə əlbəyaxa olmağa hazırmış kimi əlinin nəzakətsiz hərəkəti ilə yumşaq məxmər parça ilə dönə-dönə silinib əzizlənən və qabaqda düzülən fiqurlara işarə edərək:
- Görmürsən ki, onlar importnudur!..
Mağaza müdirinin kobud cavabından pərt oldum. Elə bil ayağımın altından yer qaçdı. Yan-yörəmə baxdım. Düşündüm ki, birdən burada məni tanıyan olar. Deyərlər ki, o boyda idarənin başında durana bax, adi bir dükançı ilə söz güləşdirir. Daxili xəcalətimi büruzə vermədim və bir az kənara çəkildim.
Sən bir dünyanın gərdişinə bax... Fikirli-fikirli mağazada dolaşırdım. Nəhayət, irəli yeridim, həmin küncdəki toz basmış fiqurların qiymətini soruşmaq istədim. Cazibədar görünmək və hamını özünə hayıl-mayıl etmək üçün qaş-gözünə xeyli maya qoyub, başının rəngini dəyişmiş orta yaşlı satıcı qadın alverçidən aldığı uzun, qara kirpiklərini mənə tərəf süzdürüb əzilə-əzilə:
- Əmi, - dedi. - Elə bayaqdan görürəm, şey alana oxşamırsan. Xahiş edirəm kliyentlərə də mişat eləmə.
İstədim özümdən çıxam. Söhbətimizə kənardan nəzər yetirən milis işçisi öskürüb içini arıtladı, enli kəmərini düzəltdi və böyründən sallanan boş qoburu geri çəkdi. Sonra da gur səslə danışdı:
- Vətəndaşlar! Vətəndaş alıcılar, ticarət qaydalarına əməl edin! Özünüzü nəzakətli aparın! Satıcılara mane olmayın!
Satıcı qadın gözaltı milis işçisinə baxıb mənalı-mənalı gülümsündü və başının hərəkəti ilə hiss etdirdi ki, onun buralarda hayan olmasından və bu cür tükü-tükdən seçməsindən məmnundur. Milis işçisi də hiss edilmədən çənəsi ilə işarə vurdu ki, işində ol, belə həriflərin öhdəsindən gəlmək asandır.
Hesabı içəri verib özümü yığışdırdım. Gördüm ki, məsələni ağartsam, baxıb tanıyanlar məni qınayacaqlar. Gedib orda-burda çənələrini boş qoyub danışacaqlar ki, o boyda vəzifənin sahibi adi milis işçilərinə və satıcılara baş qoşur.
Özümü o yerə qoymayıb irəli yeridim. Evdə xırda uşaqları sevindirmək və həm də əsl alıcı olduğumu satıcıya sübut etmək üçün gərəkli-gərəksiz oyuncaqlara bir-bir işarə etdim:
- Onu ver, bunu ver, - dedim.
Piştaxtanın üstü doldu müxtəlif formalı kuklalarla. Əslinə baxsan, mən heç kukla alan deyildim. Burada üzə düşmüşdüm.
Aldığım kuklaları satıcının kinayə ilə üstümə atdığı əzik kağıza büküb birtəhər çıxdım bayıra. Bizim arvadın da qəribə mərəzi var. Lap qundaqdakı çağa üçün əmzik də alsan, gərək arvadı ondan ayırmayasan. Yoxsa, ağzını açıb, gözünü yumub səhərdən-axşamacan çərənləyib deyəcək ki, yəni mənim bu xarabada o bələkdəki bəbəcən hörmətim yoxdur?! Ona görə də yan mağazaya dönüb arvada da bir neçə şey tapdım. Qucağım əməlli-başlı doldu.
İrəlidəki küçənin bir tərəfində təmir getdiyi üçün burada adamlar sıxlaşır, istər-istəməz bir-birinə toxunurlar. Piyadaların gediş-gəlişi çətinləşir, xüsusilə mənim kimi əlində bağlama olanlar üçün. Nə qədər dabanlarımı qaldırıb pəncəmin üstündə yanpörtü addımladımsa mümkün olmadı. Hara isə tövşüyə-tövşüyə yüyürən mərdimazarın biri küçənin ortasında qoluma necə toxundusa, bağlama əlimdən çıxıb göydə fırıldadı. İp qırıldı, aldığım şeylər yolun ortasına səpələndi. Mağazanın qaranlıq küncündə toz-torpağın altında qalan oyuncaqların biri də zədələnməmişdi. Qabaqda, işıqlı qəfəslərdə əzizlənə-əzizlənə düzülmüş çaqqalın, tülkünün, uzunqulağın isə birinin də başı bədəninin üstündə qalmamışdı. Başladım yerə səpələnən şeyləri bir yerə yığmağa. Yoldan ötənlər çəpəki nəzərlərlə məni süzür və bəziləri də üzünü o tərəfə çevirib pıqqıldayıb gülürdü. Lap biabır oldum. Qan-tərə batmışdım. Az qala özümü itirmişdim. Müavinimin Kislovodskdan gətirdiyi təzə velür şlyapamın enli qıraqları əyilib qulaqlarıma sallanmışdı. Ala-bəzək qalstukum boğazıma dolaşmışdı. Elə bu dəmdə domba gözləri, ətli sifəti, qalın dodaqları olan cantaraq bir oğlan özünü yetirib:
- Zeyqəm Zeynaloviç! Zeyqəm Zeynaloviç! Əşşi, zəhmət çəkib əlinizi bulamayın! Əşşi, biz dura-dura!.. Bu saat! Bu saat! Məgər mən ölmüşəm, - deyib yola dağılmış şeyləri bir göz qırpımında yığışdırdı. Sonra da qəddini düzəldib tövşüyə-tövşüyə əlini açıq və tüklü sinəsinə döyərək:
- Mənə qapı Kərəmalı deyərlər. Şəhərin aşağı başında hələ bir adam cəsarət edib əli biletsiz kinoya girməyib! Girə də bilməz! - deyib yumruğunu havada oynatdı və əlavə etdi:
- Amma sizə böyük hörmətim var. Yolunuzda başımı verərəm. Heç darıxıb eləməyin. Bu dəqiqə! Bu dəqiqə!..
Kərəmalı adamların arasından yel kimi keçib, yaxınlıqdakı dükana daxil oldu və çox keçmədi ki, əlində də bir metr kəndir sallana-sallana geri döndü. Özümdə xeyli yüngüllük hiss etdim. Dəsmal çıxarıb alnımın tərini sildim. Qalstukumu düzəltdim. Şlyapamı çırpıb səliqəyə saldım. Amma məni süzən istehzalı nəzərlərin təsiri altında özümə gələ bilmirdim. Lap çaş qalmışdım. Kərəmalı yaxınlaşanda ayağının birini irəli, birini geri qoyub aldığı kəndiri var gücü ilə dartdı və sonra da mənə müraciətlə:
- Görürsən də, - dedi. - Necə möhkəm kəndirdi! Heç kəl də dartsa qırılmaz, tanışlıqla aldım. Zavmaq bibim nəvəsinin yeznəsinin oğulluğudur. Dedi ki, importnu kəndirdi. Dükana hələm-hələm belə mal gəlmir.
Kərəmalı dediklərini bir daha təsdiq etmək və aldığı malın dəyərini bir az qaldırmaq üçün bu dəfə kəndirin bir ucunu ayağının altına qoyub, o biri ucunu sağ əli ilə dolayıb, domba gözləri kəlləsinə çıxana qədər dartdı. Kəndir yenə qırılmadı, amma yerdəki ucu ayağının altından sürüşüb çıxdı. Kərəmalı özünu saxlaya bilmədi. Onun dolu bədəni tappıltı ilə yerə dəydi. Kərəmalı tez ayağa qalxıb toza bulaşmış velvet şalvarını çırpa-çırpa:
- Gözünlə gördün də?! Özün şahidi oldun də?! Gördün ki, mən yıxıldım, amma bu şoğərib qırılmadı! Onu da bil ki, məni yıxan hələ anasından olmayıb. Olmuyacaq da! Qiyamət kəndirdir, - dedi. - Gərək çox alaydım. Ancaq elə dedim ki, sizin şey-şüyü bağlamaq üçün bu bəs eyləyər. Həm də qohum olsa da, gördüm ki, satıcı dilini sürüyür. Qalanını özü götürmək istəyir. Odur ki, üz vurmaq istəmədim.
Bir neçə dəqiqənin ərzində, məndə Kərəmalının üzüyolalığına qarşı yaranan rəğbət hissi onun şit hərəkətlərinin doğurduğu qəzəbimdən güclü olduğu üçün dillənmədim. Bu kəndiri tapmaqda qoçaqlıq göstərdiyini etiraf etmək mənasında vəzifəli adamlara xas olan əda ilə gülümsünüb təmkinlə başımı yırğaladım.
Kərəmalının həvəslə bağladığı şeyləri götürmək istədim. Ancaq aman vermədi:
- Əşşi, kənardan baxırlar, yaxşı deyil, mən dura-dura...
Kərəmalı gücü gəldikcə bağlamanı əlində silkələdi və əlavə etdi: - Əyər bunu mən almışamsa, dünyasında qırılmaz! Kəndir barədə yüz faiz arxayın ola bilərsən!
Kərəmalı bağlamanı yellədə-yellədə aparır və hərdən də mənə tərəf çevrilərək:
- Zeyqəm Zeynaloviç, birdən narahat olarsınız ha?! Qırılsa, başımı verərəm!
Onun yüksək vəzifəli adamın şələsini götürməklə və küçədə mənim kimi mötəbər adamla birgə addımlamaqla necə fəxr etdiyini təsəvvür etmək çətindir. Kefi lap doxsan doqquza qalxmışdı. Kərəmalı yerə-göyə sığmırdı. Tanış-bilişlə rastlaşanda onlarla görüşməyi özünə rəva bilmirmiş kimi dilucu salam verib ötürdü. Mənə ağlına nə gəlirdi danışırdı. Ağına-bozuna baxmadan şücaətindən dəm vururdu:
- Zeyqəm Zeynaloviç, sizə başağrısı olmasın, bir dəfə kəndə getmişdim. Dədəmin dostu Qaz Qulu qonaq çağırmışdı. Kənd yeridi dəəə... Səhərin gözü açılmamış naxırçıların hay-harayı başlandı:
- Aazz, malı buraxın, naxır getdi!
Səs-küyə yerimdən dik qalxdım. Qaz Qulunun arvadı Xanımzər xala ala inəyin altında avazla:
- Dütüm nənə, Dütüm nənə, - deyib süd sağırdı. Çağal buzov da anasına sarı elə dartınırdı, elə dartınırdı ki, az qalırdı mıxı dibindən çıxartsın.
Kərəmalı dediyi sözün bağışladığı təsiri yoxlamaq üçün tez-tez üzümə baxaraq:
- Zeyqəm Zeynaloviç, sizə başağrısı vermirəm ki?
Mən də pərtliyimi hiss etdirmədən:
- Xeyr, xeyr! Buyurun, buyurun! Xoşdur, - deyirdim.
O, söhbətinə vəcdlə davam etdi: - Hə, - deyib iri əlini çiynimə şappıldatdı:
- Zeyqəm Zeynaloviç, sən öləsən, bir də gördüm ki, buzov o boyda yoğun çatını qırıb, təpildi inəyin altına. Xanımzər xala kəlləmayallaq oldu. Sərnic aşdı, süd yerə calandı. Xanımzər xala:
- Belə görüm yiyəniz ölsün. Damazlığınız kəsilsin. Sizi saxlayanın atasına...
Qaz Qulu da bunu eşidib qapıdakı üç qulaq yaba ilə arvadın eninə-uzununa çəkdi. Xanımzərin də qardaşı Yumurta Həsən o tərəfdən bacısının harayına gəlib, əlində dəyənək Qaz Qulunun üstünə cumdu.
Kərəmalı çiynimə şappıldadaraq:
- Zeyqəm Zeynaloviç, o başın üçün ara qarışdı, məssəb itdi. Kənddə qan su yerinə axdı.
Kərəmalı sifətini ciddiləşdirib yolun ortasında qabağımı kəsdi. Məni dayandırıb yeridi düz çənəmin altına:
- Mən ölüm, vicdanla de, əyər o yoğunluqda çatının yerinə bu kəndir olsaydı, qırılardı?
- Yox, qırılmazdı.
- Ay, atan oldu rəhmətlik. Həmin çatının yerinə bu kəndir olsaydı, heç o çağal buzov yox ey, on dana da dartsa, qırılmazdı. Kənddə də o cürə həngamə qopmazdı. Yəni demək istəyirəm ki, bu kəndirin mahiyyəti bir şey olmasa da, yeri gələndə bir yəhərli -yüyənli at qədər qiyməti var. Bax, elə uzağa getməyək. Sənin özün dağdan ağır adamsan, dünyalarca hörmətin var. O böyüklükdə də vəzifən. Amma bu bir metr kəndirin ucbatından qalmışdın yolun ortasında, hamı baxıb rişxənd edirdi...
Həyətə daxil olmuşduq. Qonum-qonşu gah Kərəmalıyla onun əlindəki bağlamaya baxırdı, gah da mənə. Həyətdə ikibir-üçbir dayanıb son xəbərləri müzakirə edən qarılar bizə oğrun nəzər salıb xısın-xısın pıçıldaşırdılar. İçəridən qırıla-qırıla qalmışdım.
Qara gün eynəyimi çıxarıb gözümə pərdə çəkdim. Ha istəyirdim ki, bağlamanı alıb Kərəmalıdan yaxa qurtarım, ancaq aman vermirdi. Nəhayət, giriş qapısına çatdıq. Liftin düyməsi közərirdi. Bir neçə adam aşağıda dayanıb gözləyirdi. Köhnə öküz arabalarının çala-çuxur yerlərdəki hərəkətini xatırladan çax-çux səsi gəldi. Avtomat qapılar açıldı. Hamımız içəri daxil olduq. Amma lift "dızz" edib tərpənmədi. Kimsə narazılıqla dillənib dedi ki, yükü ağırdır, birimiz düşməliyik. Axırda gəldiyimiz üçün düşmək istədim. Kərəmalı:
- Əşşi, siz...- deyib bağlamanı mənə uzatdı və lifti tərk etdi. Mən də nəzakət xatirinə: - Kərəmalı, əlaqə saxla, nə işin olsa...
Bir neçə gündən sonra rəis dostumun ad gününə toplaşmışdıq. Onların evi şəhərin aşağı tərəfində yerləşir. Məclisimiz şən keçirdi. Dostumun tabeliyindəki işçilərdən burada heç kəs yox idi. Bircə təsərrüfat üzrə müavin öz xanımı ilə başda əyləşmişdi. Neçə sağlıqlar deyildi, büllur qədəhlər sındı. Hamının gözləri xumarlanmışdı. Məclisdəkilərdən biri dedi ki, yaxşı kino gəlib və bir aydı ekrandan düşmür. Belə bir ziyafətdən sonra təmiz hava, maraqlı kino...
Kinoteatrın foyesində gəzişirdik. Qapı Kərəmalı qapıda nər kimi dayanıb tamaşaçılara meydan oxuyurmuş kimi bəzilərinin yaxasından yapışıb qoz qabığı kimi kənara fırladırdı. Kiminə xoş sifət göstərib içəri buraxırdı, kimini də dirsəyi ilə sıxışdırıb geri itələyirdi. Birdən gözü mənə sataşdı. Adamları itələyə-itələyə bizə yanaşdı. Müsahibimin söhbətini saya salmadan qolumdan yapışıb kənara çəkdi. Əl verib salamlaşanda uşaqlıq dostlarımdan biri kimi barmaqlarımı necə sıxıb silkələdisə, az qaldı şlyapam başımdan düşsün. Sonra da üzümə ərklə baxıb irişə-irişə:
- Mən ölüm, evdə kəndir barədə nə dedilər?! Bacı bəyəndimi?
Başımı yerə dikmişdim. Danışmağa söz tapmırdım. Mənə elə gəlirdi ki, foyedə qaynaşan adamların hamısı tənə ilə bizə baxır. Elə bu dəm kimsə foyenin o başından:- Kərəmalı, başın batsın! Biletsiz adamlar doldu içəri, - deyib qışqırdı.
Kərəmalı: - Yaxşı, görüşərik, - deyib götürüldü.
Söhbətini yarımçıq qoyub aralaşdığım rəis dostum incikliyini bildirdi. O mənə qarşı olan iradını büruzə verərək özünə xas olan rəsmiyyətlə:
- Biz vəzifəcə elə eyni səviyyədəyik və sizə rəhbər işçinin davranış normaları barədə leksiya oxumaq fikrində deyiləm. Ancaq hər halda bu cür ictimai yerdə, özü də hamının gözü qabağında, tabeliyində olan aşağı işçilərlə bu cür açıq-saçıq zarafatlaşmaq qətiyyən yaraşmaz. Bu, azı hörmətimizə əskiklik gətirər.
Müsahibimin dediklərini qulaqardına vurub cavabsız qoydum. Dilxorçuluğumdan dərindən nəfəs aldım. Sonra da dostumun diqqətini mətləbdən yayındırmaq, həm də onun könlünü almaq üçün araya şən söhbət saldım. Arvad hövsələsini yeməyib fısıltı ilə qulağıma pıçıldadı:
- O kəndir tapan oğlandır?!
- Yox, - deyib məsələni ağartmaq istəmədim.
Kino tamaşası nə qədər maraqlı keçsə də, müsahibimin rəftarında bayaqkı incikliyin təsiri yenə də hiss olunurdu. Məni məzəmmət etmək üçün bəhanə axtaran arvadımın da əlinə yamanca fürsət düşmüşdü...
Aradan neçə ay keçmişdi. Havalar istiləşirdi. Evdə belə qərara gəldik ki, istirahət gününü Nabrandakı bağımızda keçirək. Axşamdan əməlli-başlı hazırlıq gördük. Səhərisi yerdən həmişəkindən tez durduq ki, bağa gecikməyək. Süfrəyə çay gəlməmiş qapının zəngi çalındı. Arvad mətbəxdən çıxıb irəli yeridi. Kərəmalı əlini ovuşdura-ovuşdura qımışıb ərklə içəri girdi. O, salam verib yanındakı yaşlı, uzun burnu sağ tərəfə əyilmiş, gözünün biri də mayıf arvadı bizə təqdim etdi:
- Nənəmdir, - dedi. - Tanış olun.
Kərəmalının nənəsi Sukeynə xala hal-xoş edib, sonra da təzə aldığımız yumşaq divanın üstündə adətincə bardaş qurdu. Sukeynə xala həya edirmiş kimi alnına sallanan ağ birçəyini başındakı qara kəlağayının altına tərəf sığalladı:
- Başına dönüm, Zənən qardaş.
Kərəmalı tez onun sözünə düzəliş verdi:
- Azz, nənə, zənən yox, Zeyqəm Zeynaloviç.
- Neynək, a bala, Zəqəm olsun. - Hə, Zəqəm qardaş, bizim bu, Kərəmalı sizdən dünyalarca razıdı. Xatirinizi dağlar qədər istəyir. Özü də çox diribaş uşaqdı. O vaxt evə gəlib sevinə-sevinə dedi ki, nənə, Zənən dayıya böyük yaxşılıq eləmişəm. Ona elə kəndir alıb verdim ki, gəl görəsən. Kotan qayışından da möhkəm. Elə həmin gündən də Zənən dayıyla dost olmuşam. Dedim, ay bərəkallah, oğul. Yaxşı eləmisən, dostluğunuz da elə o aldığın kəndir kimi möhkəm olsun, heç vaxt qırılmasın. Sözümün canı var e, Zənən qardaş. O günü ki, bir dəstə adamınan kinoya getmisən, onda bu başıbatmış gədə bilit yoxladığı yerdə qapını buraxıb gəlib sənnən görüşüb, bir az da zarafatlaşıb. Onda o canı yanmışlar qapını Kərəmalısız görüb, əli bilitsiz dolublar içəri. Kərəmalının da düşmənləri yatmayıb ha. Elə o saat qantrola xəbər veriblər. Sən demə, qantrol da güdükdə imiş. Qəfil yoxluyuf, gədəni işdən çıxarıblar. Nə gizlədim, sən də özümünküsən, əli yaxşı gətirirdi, dolanışıqlı da yerdi. İndi qalıb avara. Mən də gündə beş-on stəkan semiçqa satmağınan... Müdiri gərdəni sınmış da Kərəmalıya deyir ki, kobudsan, cələkəsənsən, səndən qapıçı olmaz. Gədənin sözündən belə çıxır ki, bu iş elə sənin üstündə olub. Həmin axşam sən başıyın dəstəsiynən o kinoya getməsəydin, Kərəmalı da sənnən görüşməzdi. Qapı da Kərəmalısız qalmazdı. Bilitsiz adamlar da içəri girməzdi. Hə, onu deyirəm də, Zəqəm qardaş, əlinin üstə əl yoxdur. O Kərəmalını çıxardan qələmi sınmışların qulağını bur! Qoy ağılları gəlsin başlarına.
Kərəmalı büzüşüb, balacalaşıb başını aşağı dikmişdi. Nənəsi danışdıqca gonbul bədənini yırğalayıb onun dediyini təsdiq edirdi. Arvadım da qabağımızdakı stola çay gətirib apardıqca təzə cücə çıxardan ana qaz kimi fıs-fıs fısıldayırdı.
Çənəmi ovcumun arasına alıb gözlərimi stolun üstündəki külqabına zilləmişdim. Başımı qaldırmağa cəsarət etmirdim. Onlara, - Rədd olun burdan, - deməyə də üzüm gəlmirdi.
Telefonu saldım işə... Kərəmalı fürsətdən istifadə edib nənəsinin qulağına xısın-xısın nə isə deyib, pəncərənin pərdəsini çəkmək üçün sallanan ipi göstərdi. - Nənə, - dedi. - O kəndir bu ipdən çox möhkəm olar.
Sukeynə xala da o kəndirin bu pəncərə ipindən möhkəm olduğuna inandığını və buna heç bir şəkk-şübhə olmadığını etiraf etmək mənasında yumşaq divanda fəxrlə qurcalanırdı.
Sukeynə xala oğlunun işinin düzəlməsindən razılıq edib dedi ki, Zənən qardaş, səhər evdən çıxanda cüt səbir gəldi. Əlimi gədənin kürəyinə çəkib dedim, Kərəmalı, işin Zənən qardaşın üstündə əyilib, o da düzəldəcək. Elə dediyim kimi də oldu. Zənən qardaş, o gözəgörünməz tanrı, Kərəmalı ilə sənin dostluğunu başacan eləsin.
Tər məni basmışdı. Balkonun qapısını açıb təmiz havaya çıxdım. Ləng addımlarla o tərəf-bu tərəfə var-gəl etdim. Qayıdıb televizora baxdım. Sonra da dostların, tanışların telefon zəngləri. Bir tərəfdən də idarə işləri... Nə qapı Kərəmalı yada düşürdü, nə də ki, onun birmetrlik kəndiri.
Qayınanamın ürəyi qəfildən dayandı. Rəhmətlik yaxşı qayınana idi. Kötücəsini də görmüşdü. Amma canı çıxanda deyib ki, dünyadan nakam getdim. Hamımız yasa batmışdıq.
Arvadın yeddisi təzə çıxmışdı. Gəlib-gedənin əlindən tökülüb dağılmış ev-eşiyi yır-yığış edirdik. Qapı açıldı. Kərəmalı özü təhər-töhürdə bir oğlanla varid oldular içəri. O, qabaqca görüşəndə əlimi bərk-bərk sıxmaqla kifayətlənirdi. Bu dəfə boynumu qucaqlayıb yağlaçov dodaqları ilə o üz-bu üzümdən marçıldatdı:- Qardaş, sənsiz yaman qəribsəmişəm, - dedi.
Əyləşdik. Kərəmalı özü ilə gətirdiyi ötkəm oğlanı isnad verərək:
- Bu, bizim Həsənbaladır, - dedi. - Beş il bir yerdə yatmışıq. Türmə yoldaşımdır. - Kərəmalı baş barmağını mənə tərəf şeşirdərək:
- Bax, belə oğlandır! - dedi. - On adama dov gələr. Yeri düşəndə quş kimi şığıyıb kəllə atır. Mən onun yanında bir qoz. Dördüncü dəfədir ki, tutulur. Türmədən təzə gəlib. Kəndir məsələsini danışdım, ona ləzzət elədi. Dedi ki, o cür vəzifəli adama bir metr kəndir nədir ki...
Hirsimi güclə boğurdum. Əlimi alnıma söykəyib hərəkətsiz qalmışdım. Arvad stolun üstünü səliqəyə salanda Kərəmalı:
- Xanım bacı gözümə kefsiz görünür, - dedi. - Olmuya kəndir qırılıb?
- Yox, - deyib söhbəti uzatmaq istəmədim. Elə bil tikan üstə oturmuşdum. Daxili qəzəbimi bildirməmək üçün süni hərəkətlər edirdim. Həsənbala əlindəki qara təsbehi o tərəf-bu tərəfə şıqqıldadaraq:
- Bilirsən, Zeyqəm əmoğlu, adam gərək kişi olsun. Yerin məlum, yeyib-içib çıxmışdım küçəmizin tininə. Gördüm bir nəfər ceyil oğlan gedir. Dedim ki, qədəş, siqaretin olar?! Dedi ki, xeyr, çəkən deyiləm. Cin vurdu təpəmə, dedim, ədə çuşka, çəkən deyilsən, onda nöşün başına şəpkə qoymusan? Mənə qayıtdı ki, siqaretin kişiliyə nə dəxli var. Həsənbalaya cavab qaytarmaq olar?! Ağzından söz qurtarmamış ənginə birini qoydum! Sən öləsən! Sözümün qabağına söz demək olar?! Tirtap uzandı yerə. Qırmızıpapaqlar da elə bil ovuclarını iyləyiblərmiş, böyürdən çıxıb məni ilişdirdilər... İndi də ki, əlim yenə gicişir. Kərəmalı dedi ki, bir qaranoyum var, gedək onun yanına. Məgəzindən, şaşlıçnıdan, nə bilim pavliyondan-zaddan düzəltsin, bala-bala dolan. Bilirsən, Zeyqəm qədəş, mən də özümə görə kişiyəm də! Demə ki, Həsənbala naqqallıq edir e. Sən öləsən, onda inciyərəm! Qaranoy, adam adama gərək olur. O amerikalı Məmmədəli var e, boksyor, - deyib Həsənbala ayağa qalxdı və yumruğunu düyünləyib ayağının birini irəli, birini geri qoydu. Boğazını mənə tərəf uzadıb döyüşə hazır vəziyyətdə:
- Gördün də, Con Freyzeri rinqdə necə əzişdirdi. Mən ölüm, özün de, onun adamı olmasa, o boyda qələti eliyə bilərdi?! Sən öləsən, dalında dayananı olmasaydı, Cona yaxın da düşə bilməzdi. Amma ənginə necə ilişdirdisə... Heç uzağa getmiyək. Bizim bu Kərəmalı kəndiri sənə yetirməsəydi, qalmışdın yolun ortasında. Özü də o cür möhkəm kəndir. Biz də bizik dəəə, qədəş, yeri gələndə...
Ölçüb-biçib, çox götür-qoydan sonra bu məsələni də birtəhər yoluna qoydum. Qapıdan çıxanda Həsənbala təsbeh tutduğu əlini sinəmə tuşlayaraq:
- Qədəş, həmişə arxanda nər kimi dayanmışıq. Kimin başı lazım olsa, sən Həsənbala canı, çəkinmə. Biz də bizik də, qədəş, - deyib papağının dalını qaldırdı və xoruzu döyüşdə qalib çıxmış adamlara məxsus əda ilə pilləkənlərdən təkəş-təkəş enməyə başladı.
Mühüm bir tədbirlə əlaqədar olaraq rayona getmişdim. İdarə başçılarının yığıncağını keçirirdim. Çıxışlar qurtarırdı. Müzakirələri yekunlaşdırmağa hazırlaşırdıq. İclas keçirdiyimiz mədəniyyət evinin müdiri pəncərənin ucunda ehtiyatla mənə yaxınlaşıb çəkinə-çəkinə qulağıma pıçıldadı:
- Zeyqəm Zeynaloviç, Sizi təcili telefona çağırırlar. Deyirlər, çox vacibdir.
- Kimdir çağıran?!
- Axı, soruşmadım.
- Soruş və mənə de!
Mədəniyyət evinin müdiri gedib, bir neçə dəqiqədən sonra yenə qayıtdı:
-Telefon çox pis eşidilir. Nə qədər çığırdı, bir şey başa düşmədim. Bircə onu eşitdim ki, Zeyqəm Zeynaloviçə deyin ki, Qapı Kərəmalı, Həsənbala, kəndir, kəndir. Çox vacibdir.
Alnıma soyuq tər gəldi. Zalda pıçhapıç başlandı. Hərənin ağzından bir avaz gəlirdi: - Bakıdan Kərəmalı və Həsənbala adlı kəndirbazlar gəlir. Bəziləri də sevinib deyirdi: - Bu, lap yerinə düşdü, iclasdan sonra kəndirbazın oyununa baxsaydıq, yorğunluğumuz çıxardı. Bir başqası da: - Zeyqəm Zeynaloviç Bakıdan özü ilə konsert briqadası gətirirmiş, onun əvəzinə kəndirbaz çağırıb. Xülasə, bu barədə zalda pıçhapıç başlandı...
Mədəniyyət evinin müdiri məni dilcavabı məlumatlandırdıqdan sonra qabağıma əl boyda kağız qoyub getmişdi. Kağıza tələsik xətlə bu sözlər yazılmışdı: - Qapı Kərəmalı, Həsənbala, kəndir.
İclas uzun-uzadı qərar qəbul etdi. Hamı əl çaldı. Mən isə özümdə deyildim. Boğazıma keçən o bir qulac kəndir məni getdikcə boğub haldan salırdı...
1975-ci il
|