HEKAYƏLƏR
GÜVƏNDİYİM DAĞ
(Ə f s a n ə)
Yeri aran olan balaca kəndimiz lap dərənin dibində yerləşir. Yuxarıdan baş alıb gələn Qarğı bulağının gur suyu iti axınla, kəndi yarıya bölən ağ sal daşı gecə-gündüz yuyub bülövləşdirir. Çala-çuxur yerlərdə əmələ gələn, üzünü camax örtmüş dayaz və bulanıq gölməçələr yayda kəsif üfunət yayır. İstilər düşəndə bürkülü havada vızıltı ilə qaynaşan ditdililər gecələr göz yummağa aman vermir. Ditdilinin sancmasından yaxa qurtarıb rahatca uyumaq üçün, imkanı olanlar həyətdə ucaltdıqları bir və ikimərtəbəli, dörddirəkli talvarlara çıxırlar. Kasıb-kusub isə qapıda və torpaq damların üstündə ocaq qalayıb yaş kötük, gərmə və təzək tüstülədirlər. Toran düşəndən sabaha qədər saysız-hesabsız qurbağaların qurultusu bir-birinə qarışıb adamı təngə gətirir. İstilər artdıqca kövşənlərin otu quruyub qəhətə çıxır. Naxırçılar mal-qaranı solub-saralan güney və quzeylərdə nə qədər ora-bura qovsalar da, heyvanların qarnı doymur. Günorta olmamış qoyun-keçi ləhləyib tuluq kimi çalxalana-çalxalana daşların kölgəsinə qısılır. Ona görə də ata, qatıra, öküzə gümanı gələn kənd adamları gilas dənzərən kimi mərfəşləri qabqarıb, yatıb-duracağı yır-yığış edib köç yoluna çıxırlar. Neçə gün, neçə gecə yol gedib uzaq-uzaq dağlara qalxırlar.
Eh, neçə yaylaqda yurd salmışıq, neçəsinə üz tutmuşuq. Hər il köçümüzü bir dağa sürürük. Axırda Qanlıcanı seçdik. Dedik ki, arana nisbətən yaxındır. Haylı-küylü Gorus şəhərinin gur bazarı da qulağımızın dibindədir. Dağın ətəyindəki bu şəhər bir neçə saatlıq at yoludur. Qoyundan, keçidən, gəbə-kilimdən, hasil etdiyimiz motaldan, dəri yağından, dələmə pendirdən, süzmədən, qaymaqdan satarıq. Gərəyimiz olanı da dükandan alarıq. Uşaqlar dağ yerində mer-meyvədən, geyim-kecimdən, qənddən, çaydan korluq çəkməz. Ancaq görüb-götürmüş adamların bizim düşərgədən o qədər də xoşları gəlmirdi. Deyirdilər ki, adından bəlli olduğu kimi, qanlı-qadalı dağdır, etibarı yoxdur. Guya çoxlu evlər yıxıb, papaqlar boş qoyub. Ona görə də hər adam burada alaçıq qurub yurd salmır.
Amma nə etməli?! Aşıq üz görən yerdə. Biz Qanlıcadan həmişə xeyir-bərəkət görmüşük. Sərin bulaqları, ətirli çiçəkləri, göy çəmənlikləri, saf ab-havası... Günlərimiz də pis keçmirdi. İlbəil dağa isinişirdik. Alaçıq qurub yurd saldığımız yerlər elə arandakı dədə-baba kəndimiz qədər bizə doğmalaşmışdı. Hər təpəsi, hər çopur daşı, hər çuxuru mənə doğma gəlirdi. Əsla darıxmırdım. Gecələrim sakit, gündüzlərim şən keçirdi. Alaçıqlarımıza baldırğan, qantəpər ətirli xoş dağ rayihəsi yayılırdı. Otu, suyu da ki, bol. Anam hər inək sağarkən iri mis sərnic ağzınacan südlə dolub köpüklənirdi. Sonra da ala buzov quyruğunu şıltaqcasına anasının sinəsinə döyəcləyə-döyəcləyə doyunca əmib məst olurdu.
Mən də heç dağın haqq-sayını yerdə qoymurdum. Ətəklərindəki xınalı kəkliklərə bircə dəfə də olsun tətik çəkməmişəm, quşlarına güllə atmamışam. Buraları dolaşarkən addımbaşı qəflətən qabağımdan qalxan və bəzən də dumanlı günlərdə məni səksəndirən bülbüllərin, torağayların yumurtasına əl vurmamışam. Sarıköynək quşların dağ otlarından qurduğu ovuc içi kimi balaca, çala, yumşaq yuvasına toxunmamışam. Daşını tərpətməmişəm, qayalarını uçurtmamışam. Nazik tikanları adamın barmaqlarının ucuna sancılıb göynədən kəvən kollarına od vurmamışam, baldırğanlarını əzib-tapdamamışam. Otu saralıb-solanda bel götürüb şır-şır bulaqdan arx çəkmişəm, sinəsinə su çiləmişəm. Deyirdim, qoy dağım həmişə yaşıl olsun. Ətirli çiçəkləri solub-saralmasın.
Bir dəfə... Bir dəfə sakit addımlarla yan tərəfdəki təpədən aşıb, o biri yamaca dikəldim. Sürünün qabağında çomağına dirsəklənən qocaman bir çobanla rastlaşdım. Dedi ki, Kürdüstandanam, kəndimiz Şuşa qalası səmtindədir. Sinnim yüzü ötüb, bu yerlərin hər qarışına yaxşı bələdəm. Bax, gördüyün bu dağların mərdini də, namərdini də sınayıb sınaqdan keçirmişəm.
Qoca çoban sözünə ani fasilə verib dərin qırışlarla haşiyələnmiş hikmətli baxışları ilə məni diqqətlə süzdü və sonra da:
- Neçə ildir sizin köçü Qanlıcada görürəm, - dedi.
- Bəli, - dedim. - Səfalı yaylaqdır. Çoxlu dağda olmuşuq, ancaq buranı məhrəm bilmişik. Bizim bu Qanlıcadan olmaz!
Sonra sınayıcı bir tərzdə əlavə etdim:
- Axar-baxarına da söz yoxdur. Artıq isinişmişik. İndi Qanlıca mənə özüm qədər inandığım canlı məxluq kimi görünür. Yenilməz arxam, dönməz dostumdur, - dedim.
İxtiyar qoca damarlı əlini çallaşmış saqqalında gəzdirərək istehza ilə gülümsünüb səsinin titrək ahəngini dəyişdi:
- Dost!
O, bu axırıncı ifadəni xüsusi bir avazla, dərin bir kinayə ilə dedi:
- Bəli, - dedim. - Dost!
Qoca çoban:
- Oğlum, dostluq barədə çoxları çox söz uydurub. Doğrudur, yazı-pozu bilmirəm, savadım-zadım da yoxdur. Amma çoban baba olsam da, bu barədə mən özgə məramdayam.
Onun fikrini soruşmadım, özü əlavə etdi:
- Qoca babam deyərdi ki, yaxşı, etibarlı dost, mində bir olar. O da "onqadır".
Belə bir sözü birinci dəfə idi ki, eşidirdim. Odur ki, təəccüblə soruşdum:
- Onqa nədir, baba?
Çoban sürüdən təklənib aralaşmaqda olan ana qoyunun qabağına bir daş atıb:
- Oğul, - dedi. - O dünyamız var, bu ahıl çağımda imanımı yandıra bilmərəm. Mən görməmişəm. Ancaq babam nəql edirdi ki, "onqa" bir quşdur. O quş ilin hər fəslində bir məmləkətin torpağında olur. Hər məmləkətdə də başqa bir rəngə çalır. Hə, oğul, yeri, ab-havası dəyişdikcə rəngdən-rəngə düşür. Heç vaxt bir rəngdə qalmır.
Qoca çobanın dediyi söz mənə uydurma kimi gəldi. Ancaq yaşlılara olan ehtiramım xatirinə bu barədəki fikrimi büruzə vermədim. Onun dediyini guya təsdiq edirmiş kimi laqeydcə başımı tərpətdim.
Qoca çoban isə mənə həyatın sirlərindən baş çıxarmayan sadəlövh adam kimi baxırdı. O, sürünün ardınca sürünməyi mənimlə söhbətindən fərz bilib yönünü qoyunlara tərəf çevirdi. Sonra da anlamaz bir adamdan yaxa qurtarırmış kimi, yeyin addımlarla qayanın arxasına aşıb gözdən itdi.
Mən qəlbi bir daşın üstünə çıxıb doğma Qanlıcama heyranlıqla baxdım. Karvanından ayrı düşən bir parça boz bulud ağ zirvədəki qranit qayalarda ilişib qalmışdı. Təmiz göy qübbəsinin altında ucsuz-bucaqsız çəmənlər bərq vururdu. Yamaclarda tala-tala sürülər görunürdü. Bir-birindən aralıda yurd salan Elat alaçıqlarından bənövşəyi tüstü qalxıb səmadan asılır və sonra da sərin dağ mehinin qabağına düşüb, sakit-sakit ətəklərə çəkilirdi. Qanlıcanı sanki yenicə görür və indi ona ülvi bir məhəbbətlə baxırdım. Xəyalən qollarımı qulaclayıb, onun qarlı boynuna sarılmaq, üzümü yaşıl və bəyaz sinəsinə söykəmək istəyirdim. Dağ da sanki hərdən kədərimə şərik olur, ağır nisgillərimi belə öz ətirli mehinə qatıb məndən uzaqlaşdırır, hey uzaqlaşdırırdı.
Mən qarşı tərəfdə qəlbi bir yerə çıxmışdım. Qanlıcanın zirvəsi indi bir qədər aşağıda qalmışdı. Qeyri-ixtiyari düşündüm ki, dostumun qəlbi daralır. Dağdan yuxarıda durmayım. Ona ağır gələ bilər. Qoy məni sinəsində əzizləyən Qanlıcam həmişə, hamıdan uca olsun. Lap bütün dağlardan da. Mən də ona baxıb fəxr edim.
Bəzən də uşaqlıq çağlarımda olduğu kimi, ağlımda curbəcür mənalı-mənasız fikirlər dolaşırdı. Kəndimizin dünyagörmüş qocaları sözarası deyərdilər ki, qardaş qardaşın sağlığını istəyər, lakin yaxşılığını yox...
Yan tərəfdəki mamırlı qayaların altına endim. Dizimi yerə qoyub qəddimi əydim. Buradakı buz bulaqdan doyunca içdim. Üzümə də bir neçə ovuc su vurdum. Sonra Qanlıcanın ətəyinə tərəf addımladım. Yaxınlıqdakı gicitkənlikdən yanıqlı bir sızıltı eşitdim. Səksəndim, duruxdum. Ətrafa boylandım, təhlükəli anlarda olduğu kimi tüklərim ürpəşdi. Hənirtiyə tərəf irəlilədim. Ot basmış köhnə qəbrin başındakı çadralı qadının solub-saralmış çöhrəsindən yaş süzülürdü. Onun həzin səsi və hüznlü görkəmi qəlbimi kövrəltdi. Qara geyib göy örtmüş qadının fəryadına tab gətirmədim. Başımı aşağı dikdim.
Gəl gedək baş bulağa,
Suyu sərxoş bulağa.
Sən birin de, mən birin.
Tökək qan-yaş bulağa.
Qarı nənə neçə belə yanıqlı ağı dedi. Ağlayıb yüngülləşdi. Sonra qəddini düzəldib, başını dik tutdu, məğrur görkəm aldı. O, damarları çıxmış əlini qırışmış alnına qoyub günəşə baxdı. Sonra dərindan köks ötürüb öz-özünə:
- Namaz vaxtıdır. Qoy gözüm Qanlıcanı görməsin, - deyib nifrətli baxışlarını əks tərəfə çevirdi.
Qarı nənə qarşısındakı qurama canamazın üstündən sürtülüb cilalanmış möhrü ehtiramla götürüb öpüb gözünün üstünə qoydu, dərdli-dərdli ah çəkdi. Aralıdakı buludlar sanki onun yaralı qəlbindən qopan səssiz nalənin təsirindən qaralıb, qıvrılıb Qanlıcanın ağ çalmalı başına çökdü:
- Cavan gəlin idim, - dedi. - Yanaqlarımdan qan damırdı, yeriyəndə yer titrəyirdi. Nehrəmin gumbultusu bu dağları titrədirdi. Axıtdığım ayran Qanlıcanın sinəsində şırımlar açmışdı. Bu dağda doğulmuşam, gözümü açıb Qanlıcanı görmüşəm. Xeyir-bərəkəti burada tapmışam. Amma oğul, çoxları bizə dəlil-dəlalət edib dedi ki, Qanlıcadan aralı olun. Dostluğunun axırı, etibarı yoxdur. Bir gün gələr...
Qarı nənə yay kimi əyilib qalxdı, sözünə davam etdi:
- Deyilən kimi də oldu. Həmin gün gəldi... Gözümün ağı-qarası bir balamı tufanına qərq etdi. Ciyərparamı əlimdən aldı. Sinəmə çalın-çarpaz dağ çəkdi. Neyinin səsindən bu dağlar lərzəyə gəlirdi. Gəraylısı obalara yayılırdı. Axır payı da bu oldu. Qarı nənə ot basmış məzarı göstərdi:
- Bu bir qarış üzü soyuq torpaq, gicitkənliyin arası. Bu kimsəsizlik.
Qarı nənə:
- Oğul, elin sözü əvvəl-axır düz olur. Amma mən eşitməz oldum, nadan oldum. Baxmadım, inanmadım. Axırı da ki, bu... Nənəmin bir söhbəti heç yadımdan çıxmır. Deyim qulaq as:
- Bax, Qanlıca ilə yanaşı duran o təpəni görürsən?!
- Bəli, görürəm.
- Nənəm deyərdi ki, Qanlıca qoşa olub. Bir cüt qardaş olub. Onlara qoşa dağlar da deyirlərmiş. Ancaq Qanlıca qardaşından bir az hündür olub. Hər iki dağa köç düşərmiş. Guya kiçik dağın otu yağlı imiş. Ona görə də, tərəkəmə camaatı kiçik dağa daha çox meyl edirmiş. Bu, Qanlıcaya ağır gəlib, acıq gəlib. Bir gün öz qara selini, qanlı-qadasını kiçik qardaşına tərəf yönəldib. Onu uçurub, dağıdıb. Yerlə-yeksan edib. O gündən bu günə kiçik dağ balacalaşıb təpə olub, alçaq olub. Hələ də özünə gəlmir. İndi ona dağ yox, təpə deyirlər.
Qarı nənə nəmli gözünü dolandırıb Qanlıcaya ikrah hissi ilə nəzər saldı. Yenə də sözünə davam etdi:
- Daha ona üz çevirmərəm! Namərd dağdır! Ağlı olan yaxın düşməz... Bir də danışırlar ki, guya onlar qəddar insanlardı. Təbiətin qəzəbinə düçar olublar, cəzalanıb tilsimləniblər, daşa, torpağa dönüblər. Ona görə də hərdən tilsimləri kəsərdən düşəndə rəzil xasiyyətləri üzə çıxır.
Qanlıca barədə bunu da yerli-yersiz uydurma hesab etdim. Qəlbimdə inamsızlıq əmələ gəldi. Axı, onların dediklərini ağlıma necə sığışdırım? Göz gördüyünə inanar. Otuzillik bir həyatım bu dağla bağlıdır. Övladlarım burada dünyaya gəliblər. Onların kiçik toyunu da bu dağın qucağında etmişəm. Neçə dəfə hava qaralıb, göyün üzü damarlanıb. Şimşək şığıyıb, yer silkələnib. Qanlıca bizim yolumuzda başını odsaçan ildırımın qabağına verib. Zirvəsi parçalanıb. Ancaq bizim birimiz də zavala gəlməmişik. Obamızı neçə-neçə xatalardan qoruyub. Mən də həmişə onun təəssübünü çəkmişəm. Bir dəfə Qanlıcanın başında bir dəstə geoloqla rastlaşdım. Dedilər ki, burada partlayış əməliyyatı aparmalıyıq. O biri tərəfdə dərin xəndək qazılmışdı. Burada qiymətli metal olduğu güman edilirdi. Kəşfiyyat aparılırdı ki, yeraltı sərvət üzə çıxarılsın. Özümü dinamit partlatmaq uçün açılan çalanın üstünə sərdim. Dedim əvvəl məni məhv edin, sonra Qanlıcanın çiçəkli-çiskinli zirvəsini dağıdın. Onlara hərbə-zorba gəldim. Sonra yalvarıb-yaxarıb dilə tutdum. Nəhayət... Axşam alaçağımıza dəvət etdim. Əmlik quzu kəsdim. Samovar dəmlətdim. Süfrə açdım... Sağ olsunlar, geoloqlar sözümü yerə salmadılar. Qanlıcadan sovuşdular, başqa səmtə üz tutdular. Qanlıca salamat qaldı. Qoca çobanla qarı nənə də danışmağa söz tapmırlar? Özlərindən cəfəngiyatlar uydururlar. Ancaq nahaq yerə. Axı, onların dediyinə kim inanar?! Otuz ildir, bu dağa könül verib, ülfət bağlamışam. Ona söykənmişəm, ona arxalanmışam.
Axşamlar Qanlıcanın sinəsində qələbəlik olurdu. Alaçıqların arasında sac asılır, dördayaq, oxlov işə düşürdü. Qız-gəlin şən əhval-ruhiyyə ilə yuxa yayır, çörək bişirirdilər. Uşaqlar yaxınlıqdakı yaşıl meydançada min bir oyundan çıxırdılar. Çobanların ala-bəzək tütəkləri dilə gəlirdi. Cavanlar qol götürüb ortada dövrə vururdular. Qanlıca da onlara çiçək ətirli sərinlik paylayırdı.
Otuz ildir bax, beləcə dost, mehriban keçinirdik. Sürülər getdikcə çoxalır, mal-dövlət artır, alaçıqların keçəsi təzələnirdi. Oğlanlarım da böyüyüb boya-başa çatmışdılar. İgid olmuşdular. Hərdən at minib cıdıra çıxırdılar. Nəvələrim də artıq yeriyib yüyürürdülər. Hərdən dağın zirvəsinə qədər dikəlirdilər. Bunun üstündə neçə dəfə onlara təpinib qulaqburması vermişəm. Zirvədən yuxarı qalxdıqlarına görə. Deyirdim ki, qoy Qanlıca uca dayansın, ondan yuxarı qalxan olmasın. Övladlarım isə kəşməkəşli dünyanın gərdişindən bixəbər olduqları üçün bu cür məsələlərin incəliklərinə varıb, onu anlayıb duya bilmirdilər. Elə başa düşürdülər ki, böyük dağ cılızlaşıb xırdaçılıq etməz. Oğlanlarıma elə hey dəlil-dəlalət edib deyirdim ki, a bala, atınızı çox da bərkdən səyirtməyin, yabılarınızın cilovunu çəkin. Bunun düşər-düşməzi olar, özünüzü bəd nəzərə pərçim etməyin.
Günlərimiz bax, beləcə keçirdi. Aranın istisini hiss etmirdik. Ditdililərin vızıltısını eşitmirdik. Dağın səfalı qoynunda, buz yaxasında ömür-gün sürürdük. Amma... Amma bir gün.. Elə bil o ixtiyar qoca ilə nurani nənənin dedikləri gün gəldi... Qəflətən kürəyim gizildədi, gözlərim qaraldı, başım gicəlləndi. Əlimi geriyə atdım, barmaqlarım isti, qırmızı qana bulaşdı. Ürəyim sancdı. Ətrafıma nəzər saldım. Bir bəni insan görmədim. Arxamda həmişə söykəndiyim Qanlıcadan başqa qaraltı yox idi. Ancaq yenə də Qanlıcadan şübhələnmədim. Dedim o, mənim pənahımdır. Qılınc qınını kəsməz. Yaylaqlar başıma hərləndi. Kimdən imdad istəyim?! Məni dövrəyə alan dost-qohum:
- Qanlıcanı çağır!
Övladlarım:
- Ata, Qanlıcanı harayla, - dedilər. O, köhnə dostun və bizim ümid dağımızdır.
Qurumuş dodaqlarımda, işığı sönməkdə olan gözlərimdə acı bir təbəssüm gəzdi. Onların qoca çobanla qarı nənənin dediklərindən əsla xəbəri yox idi. Amma bütün alaçıqlardan qulağıma eyni səslər gəlirdi:
- Qanlıcanı köməyə çağır!
Qanlıca bütün bu çağırışlara qarşı qəddarlığını nümayiş etdirirmiş kimi sərt bir görkəm alıb cəllad sifətini bozartdı. Onun zirvəsində qara buludlar qaynaşdı, məşum alov göründü, üstümüzə doğru gur və bulanıq sel uğuldadı. Bütün elimiz, obamız amansız sulara qərq oldu. Axşamçağları üstündə oturub uzaqdan gələn arançı yollarına həsrətlə nəzər saldığım yəhər daşa dirsəklənib sönməkdə olan gözlərimin qapağını güclə açdım. Qanlıca indi mənə əlində qanlı qılınc tutmuş qatil kimi görünürdü. Son nəfəsimi toplayıb, öz-özümə bircə bunu pıçıldaya bildim:
- Ay sənə güvəndiyim dağ!..
1980-ci il
|