www.aliildirimoglu.az

SƏNƏDLİ HEKAYƏLƏR VƏ OÇERKLƏR

BÜTÖV ADAM 

Qəzetləri nəzərdən keçirirdim. Bir şəkil diqqətimi çəkdi. Baxışları mənə tanış gəldi. Haqqındakı ya­zını oxudum. Nəsir müəllim idi, İmanquliyev. Xatirə­lə­ri­min dəftəri vərəqləndi. Qırx il bundan əvvəlki günlərimi yaşadım. Onda Qubadlı rayon qəzeti "Avanqard"ın redak­toru idim. Gənc idim, qələmim püxtələşməmişdi, cilalan­ma­mışdı. Bayağı siyasətlərdən uzaq idim. Onu bilirdim ki, gördüyümü, bildiyimi yazmalıyam. Necə deyərlər, yaxşını yaxşı, pisi pis. Bu da bəzən mənə baha başa gəlirdi. Yu­xarıların ab-havasına uyğun olmayan məqalələrimin üs­tün­də başım az ağrı çəkmirdi.

Bir dəfə raykomun birinci katibi mənə iradını bildirdi:

- Bu nədir, ağlına gələni yazırsan?! - dedi. - Bilmirsən ki, qəzet raykomun orqanıdır? Qlavlitə göstəriş vermişəm! Demişəm ki, bizim xəbərimiz, razılığımız olmadan tənqidi məqalələrin getməsinə imkan verməsin! Sluşi, rayon qə­ze­tinə yazdıqların bəs deyil, götürüb başımızın üstündən respublika qəzetlərinə də məqalələr verirsən! Taxıl biçini gecikir! Ticarət qaydaları pozulur!… Yuxarılarda da oxu­yub mənə zəng vururlar ki, bu nə biabırçılıqdır?! Ray­ko­mun barəsində pis fikir yaradırsan!

Bu cür xoşagəlməz söz-söhbətlərimiz çox olurdu. La­kin qorxutmurdu məni bu hədələr. Necə deyərlər, dəli­qan­lıydım, geri çəkilmirdim, inadımdan dönmürdüm. Bir gün uzaq kəndlərin birinə getmişdim. İşimi qurtara bil­mə­di­yim üçün gecə qalmalı oldum. Səhər redaksiyaya qayı­dan­da işçilər arasında çaşqınlıq hiss etdim. Ancaq buna əhə­miyyət vermədim. Qəzetin növbəti nömrəsini plan­laş­dırdıq, veriləcək məqalələrin həcmini, səhifədəki yerini müəy­yənləşdirdik. İşçilər çəkiləndən sonra mətbəənin müdiri təklikdə mənə yanaşıb, həyəcanla soruşdu:

- Xəbəriniz var?!

- Nədən?

- Eşitdiyimə görə, bu gecə raykomun bürosu olub, sizi redaktorluqdan azad ediblər.

Əlbəttə, belə bir xəbər mənim üçün gözlənilməz de­yil­di. Lakin bu şəkildə yox. Çünki müvafiq qaydaya görə, məsələsi müzakirə olunan şəxsin büro iclasında iştirakı təmin edilməlidir.

Bu barədə yəqinlik hasil etmək, həm də sözümü de­mək üçün birinci katiblə görüşməli oldum. Kabinetə daxil olanda telefonun dəstəyi onun qulağında idi. Söhbət məndən gedirdi:

- Yoldaş Qasımov, kakraz özü də gəldi. Ətraflı söh­bə­ti­miz olub. Etiraz eləmir.

Həmsöhbəti telefonda ona nə dedisə, katib dəstəyi mə­nə uzatdı və:

- Sekadandır, - dedi. - Əli Qasımovdur, mətbuat böl­mə­sinin müdiri. Nə isə soruşmaq istəyir. Artıq-əskik söz demə.

Əli Qasımovun mənə ilk sualı bu oldu:

- Yaxşı, redaktorluqdan niyə gedirsən?! Qəzetin də pis çıxmır.

- Mənim heç nədən xəbərim yoxdur.

- Bu nə sözdür?! Bəs katibin sizinlə söhbəti olmayıb?! Büroda iştirak etməmisiniz?!

- Xeyr.

- Onda telefonu ver katibə.

 Katib telefonun dəstəyini alıb Əli Qasımovu dilə tutmağa başladı:

- Məsələ elə deyil. Arxayın olun… Burada elə bir anlaşılmazlıq yoxdur. Hansı vəzifəni istəsə.. razı salarıq.

Katib telefon danışığını qurtarıb mənə tərəf yönəldi və heç bir şey olmayıbmış kimi:

- Əslində bu işə qol qoymurdum, - dedi. - Yoldaşlar başdan çıxartdı. Mənə qalsa, bilirsən ki, xətrini istəyirəm. Sonradan özüm də peşman olmuşam. Artıq keçib, qərar qəbul olunub, Sekaynan da razılaşmışıq. Get kağız-kuğuzu təhvil ver təzə yoldaşa. İş barəndə də bir şey fikirləşərik. Özün hansı vəzifəni istəsən…

Müsahibim tutduğu vəzifənin ona dərrakə, müdriklik yox, müvəqqəti səlahiyyət bəxş etdiyini anlamaq fəh­min­dən xali idi və bu cür diplomatik gedişlərlə ona elə gəlirdi ki, hamını aldatmaqda mahirdir. Ona görə də ka­ti­bin yum­şa­ldıcı və bayağı sözlərini cavabsız qoyub kabinetini tərk etdim.

Bir neçə gündən sonra Bakıda oldum. Mərkəzi Komi­tə­nin binasının girəcəyində Nəsir İmanquliyevlə rast­laş­dım. Əlbəttə, bu, bir təsadüf idi. Nəsir müəllim səliqə ilə geyin­mişdi. Əynində özündən cızıqları olan açıq qəhvəyi rəngdə kostyum vardı. Mərkəzi Komitənin təbliğat-təşviqat şöbəsi müdirinin mətbuat üzrə müavini ilə, rəsmi şəxs kimi, bir qədər də çəkinə-çəkinə salamlaşdım. Onun­la ilk dəfə redaktorluğa təsdiq ediləndə tanış olmuşdum. Bu, bizim ikinci görüşümüz idi. Nəsir müəllim xoş bir təbəssümlə:

- Hə, gəlmisiniz?! Onsuz da sizi çağırmalıydıq. Vur­du­ğun teleqramı da almışıq.

- Yoldaş İmanquliyev, - dedim. - Bizlərdə məsəl var: "İlan vuran ocağa qaçar". Bizim də ocağımız buradır. Mər­kəzi Komitənin qarşısında dayandığımız əzəmətli binasına işarə etdim.

Nəsir müəllim əlini çiynimə qoyub:

- Yaxşı, çıx yuxarı, Əli Qasımovun otağında gözlə, mən də beş-on dəqiqəyə qayıdıram, - deyib, kənarda dayanmış  maşına tərəf yönəldi.

Buraxılış vərəqəsi alıb, lifti gözləmədən üçüncü mər­tə­bəyə qalxdım. Mətbuat bölməsinin yerləşdiyi otağa da­xil olanda həmişəki kimi xoş sifətlə qarşılanmadım. Bir də ki, raykomun gözündən düşən adam onların nəyinə gə­rək­dir? Axı, aldığım siyasi "ləkə" yaxın düşənlərin də ətəyini korlaya bilərdi. Pəncərəyə yaxın oturmuş nisbətən cavan təlimatçı qiymətli sözlərini xərcləməyə xəsislik edirmiş kimi ağzının ucu ilə bir qədər də ədalı soruşdu:

- Sizin əsl peşəniz nədir?

- Müəllimlik.

- Deməli, raykom haçansa yol verdiyi səhvini düzəldib.

Gedin müəllim işləyin dəə. Gərək elə qəzet ola?!

Ona cavab vermədim, susdum. İndi səsimi qaldıran vax­­tım da deyildi. Ancaq hiss etdim ki, bu söz məndən çox, küncdəki stolun arxasında əyləşmiş sakit təbiətli, qa­ra­yanız işçiyə toxundu. O, rayon qəzetlərinə baxan Sü­ley­man Xə­lilov idi. Süleyman Xəlilov yuxarıdan gedən həmkarına:

- Bu nə sözdür? - dedi. - Neçə ildir müəllimlikdən ara­la­nıb, məsul katib, redaktor… İndi də dərəbəylik eləyib atıb­lar bayıra. Deyirsən, haqqını tələb etməsin?!

Başda əyləşən bölmə müdiri Əli Qasımov qarşısındakı kağızlardan diqqətini ayıraraq:

 - Nu, xoroşo, burada mübahisə açmağın yeri deyil, - onlara iradını bildirdi.

Bir nəfər qapını açıb:

- Qubadlıdan gələn kimdir? - soruşdu. - Qəzet  redak­toru, yoldaş İmanquliyev gözləyir.

Tez ayağa qalxıb, Nəsir müəllimin otağına getdim. Mənə əyləşmək üçün yer göstərdi. Başıma gələnləri ətraf­lı danışdım… Axırda da dedim ki, yoldaş İman­qu­li­yev, bu­ra heç də öz yerimə qayıtmaq məqsədilə gəlmə­mi­şəm. İstə­yirəm məni inandırasınız ki, raykomun haq­qımda qəbul etdiyi qərar ədalətlidir. Onda haqsızlıq əza­bın­dan xilas olaram. Bir də ki, qayıdıb müəllim işləyəndə ixti­sa­sı­ma görə Konstitusiya dərsini mən deməliyəm. Qa­nun­­la­rı­mızın müqəddəsliyinə şübhəm olsa, kons­ti­tu­si­ya­mızı ürəkdən tədris edə bilmərəm. Şagirdlərlə boğazdan yu­xarı danışaram. İstəyirəm sözlərim ürəkdən gəlsin. De­dik­lərim düşündüklərim kimi olsun.

Nəsir müəllimin təmkinli çöhrəsi qayğılı ifadə aldı. O, yana burulub telefonun dəstəyini qaldırdı:

- Mamed Salmanoviç, - ideoloji şöbənin müdiri ilə da­nış­mağa başladı. - O yoldaş yanımdadır, Qubadlının redak­toru. Söhbət elədim…

Şöbə müdiri ona nə cavab verdisə, Nəsir  müəllimin baxış­larındakı mərhəmət işığı zəifləyən kimi oldu:

- Elə deyil e, Mamed Salmanoviç, - dedi. - Katib qə­ra­rını müdafiə eləyir, redaktor da haqqını. Hər ikisi də elə danışır ki… Ona görə də yaxşı olar ki, onları bir yerdə qə­bul edək, katibə mənim də böyük hörmətim var. Ancaq mət­buat işçisini on illərlə yetişdirmək olmur. Bu yoldaş da az-çox formalaşıb.

Hiss etdim ki, şöbə müdirinin cavabı Nəsir müəllimi qane etmədi. O, dəstəyi yerə qoyub ayağa qalxdı və mənə:

- Siz tərpənməyin, - dedi. - Burda əyləşin, beş dəqiqə gözləyin, gəlirəm.

Nəsir müəllim şöbə müdirinin onun otağı ilə üzbəüz olan kabinetinə keçdi. Qayıdanda əhval-ruhiyyəsi durul­muşdu. Məndən soruşdu:

- Harda qalırsan?

- "Novaya Yevropa" mehmanxanasında.

- Neçənci otaqda?

 O, dediklərimi əl boyda kağıza qeyd edə-edə:

- Pulun-zadın var? Birdən korluq çəkərsən?!

- Narahat olmayın, elə bir ehtiyacım yoxdur, - cavab verdim.

Nəsir müəllim diqqətini cəmləşdirib:

- Belə məsləhət oldu ki, katib də gəlsin, bir yerdə da­nışaq, - dedi. - Sabah altıncı gün, birisi gün bazar, üzü­mü­zə gələn həftənin birinci günü burada olun, səhər saat 10-da.

…Deyilən vaxt Mərkəzi Komitədə oldum. Süleyman  Xəlilov bu məsələnin həllində səlahiyyətcə gücsüz olsa da, mənə tərəf idi. Mümkün köməyini əsirgəmirdi. Yeri düşdükcə haqq səsini qaldırırdı. Bölmənin başqa işçiləri isə küləyin səmtini hiss edib artıq mənə yovuşurdular.

Qubadlının birinci katibi yox, ixtisasca zootexnik olan və ideoloji sahəyə baxan ikinci katibi gəlmişdi. Şöbənin bütün işçilərinin iştirakı ilə bizi yuxarı dairədə qəbul etdilər… "Köhnə rəhbərliklə yaxın olduğuna, qəzetdə ko­bud səhvlərə yol verdiyinə görə tutduğu vəzifədən azad edil­sin". Bircə cümlədən ibarət olan bu cəfəng qərar Mər­kəzi Komitənin ələk-xəlbirindən keçmədi. Nəsir İman­qu­li­yevin inadlı təkidi ilə hökmün qərəzli olduğu üzə çıxdı və ləğv edildi…

Nəsir müəllim məni ayrılıqda qəbul edərək:

 - Sənə qarşı ədalətsizlik etmək istəyirdilər, buna yol vermədik. Görürəm, ümidverən kadrsan, diribaş oğlansan, qələmin də pis deyil. Ona görə də səni itirmək istəmədik, qaytardıq yerinə. Ancaq xahiş edirəm bundan yanlış nə­ticə çıxarma, çaşıb özünü raykomun fövqündə qoyma. Hər halda, necə olsa, katib katibdir. Çalış, dil tap, mehriban işləmək lazımdır. Çəkişmə heç kimə xeyir verməyib, - dedi.

O vaxtlar birinci katiblər yerlərdə özlərini kiçik pad­şah­lar kimi aparırdılar və onların kəsdiyi başın sorğu-sualı yox idi. Ona görə də mənim təzədən öz vəzifəmə bərpa olunmağım raykom katiblərinə ağır gəlirdi, bunu özlərinə heç vəchlə sığışdıra bilmirdilər. Ona görə də dolayı yollarla qəzetin işinə mane olurdular. Redaksiya ögey uşaq vəziyyətinə düşmüşdü. Nə gizlədim, yaxın bildiklərim də işimizə pəl vururdular ki, katiblərin yanında başları uca olsun. Əlbəttə, belə bir ziddiyyətli şəraitin yaxşı sonluğu ola bilməzdi… Tez-gec ləkələnib sıradan çıxa bilərdim. Odur ki, bir neçə aydan sonra yenə Nəsir müəllimə üz tutmalı oldum. Vəziyyəti danışdım, xahiş etdim ki, başqa rayona dəyişilməyimə kömək etsin. Özü də ən uzaq ra­yona, ən aşağı mətbuat işinə. Nəsir müəllim əlini çənə­sinə verib üzümə baxa-baxa fikrə getdi. Hiss edirdim ki, ba­rəmdə nə isə çıxış yolu düşünür. O, birdən:

- Yaxşı yadıma düşdü, gəlsənə səni Qazax rayonuna gön­dərək. Orada redaktor yeri boşdur. Bu dedi-qodudan da qurtararsan. Qazax da ki, Qubadlıdan iki-üç dəfə böyükdür.

Etiraz etmədim. Nəsir İmanquliyev yanımdaca Qazax­la telefonla danışdı:

- Yoldaş Süleymanov, redaktor məsələsini həll et­mi­şik, - dedi. - Sizə cavan bir oğlan göndəririk. Təcrübəsi var, hazırda redaktor işləyir. Göndərirəm yanınıza. Gö­rüşüb söhbət eləyərsiz, sonra ümumi bir fikrə gələrək, - dedi.

Nəsir müəllim üzünü mənə tutaraq:

- Eşitdin də, - dedi. - Qazaxın birinci katibi Süley­ma­nov­dur, yaxşı da yoldaşdır. Get qatara bilet al, sabah ol onun yanında.

Üzüm öyrəşdiyi "Novaya Yevropa" mehmanxanasında otaq tutmuşdum. Bakı-Tbilisi qatarının yola düşməsinə bir saat qalmış həvəslə yır-yığış eləməyə başladım. Bu heyn­də tanış xidmətçi otağın qapısını açıb dedi ki, bayaqdan bəri mehmanxananın müdiri Patiaşvili sizi axtarır…

Birinci mərtəbəyə endim. Patiaşvilinin kabinetinə daxil oldum. O, mənə bidirdi ki, Sekadan zəng vurmuş­du­lar. Dedilər ki, Qubadlının redaktoru orada qalır. Ona çat­dı­rın ki, heç yerə getməsin, sabah Nəsir İmanquliyevin ya­nında olsun.

Ovqatım korlandı. Yəqin işim baş tutmadı, - öz-özümə düşündüm. Nigarançılıq, cürbəcür şübhələr… Fikrim yüz yerə şaxələndi. Həmin gecə yuxum ərşə çəkildi. Səhər yenə də Mərkəzi Komitədə oldum. Buraxılış məntə­qə­sin­də nə qədər şikayətçi vardı, ilahi! Əlindən vəzifəsi çıxan, iş istəyən, haqsızlığın girdabında boğulan, partiyadan xa­ric edilən… Müxtəlif yaşlı, müxtəlif dərd-sərli insanlar. Di­vardan asılmış telefonlara yaxın düşmək olmurdu. Baş­la­rını aşağı salan daş qəlbli polis işçiləri, insafları yoxmuş kimi onları necə də soyuqqanlılıqla qarşılayırdılar… Bu mən­zərənin şahidi olduqca, qayğılarımın üstünə biri də gəlir, fikir yükümü daha da ağırlaşdırırdı.

Buraxılış vərəqəmi alıb yuxarı mərtəbəyə qalxdım. Nəsir İmanquliyev məni qəbul edərək:

- Dünən sizdən sonra Xasay Vəzirov gəlmişdi bura, "Kommunist"in redaktoru, - dedi. - Sizi imzanızdan tanıyır. Götür-qoy elədik ki, Qazax sizin üçün çətin olar. Elə "Kommunist"ə göndərək. Orda xüsusi müxbir yeri boşdur. Vəzirov da razılaşdı. Ancaq bu şərtlə ki, Naxçıvan zonasına gedəsən. Ora bir az uzaqdır. Bəzi çətinlikləri də var. Ona görə də münasib kadr tapa bilmirik. Zona neçə aydır boş qalıb…

Razılaşdım. Nəsir müəllim jurnalist peşəsinin xüsu­siy­yət­ləri, daşıyacağım yeni vəzifənin tələbləri, Naxçıvanın siyasi ab-havası barədə mənimlə xeyli söhbət etdi. Ağıllı məsləhətlər verdi, öz təcrübəsindən danışdı. Sonra ayağa qalxıb əlimi sıxaraq:

- Sizə müvəffəqiyyətlər! - dedi. - Nəzərə alın ki, Seka­nın kadrısınız. Bu etimadı doğrultmaq üçün gərək çox cid­di çalışasınız.

Respublika mətbuatında başa vurduğum 40 illik yara­dı­cılıq yolum, bax, buradanca başladı. Xeyirxah əməlləri xoş xatirələrdə yaşayan və bu gün 85 illik yubileyi qeyd olu­nan Nəsir müəllimin xeyir-dua verdiyi kiçik kabi­ne­t­dən…

Hərdən qibləgahım olan rəncbər atama başıma gələn­lər­dən, keşməkeşli həyat yolumda rastlaşdığım xeyirdən, şərdən, nəciblərdən, nanəciblərdən danışırdım. Nəsir müəl­limin haqq-sayını dilimə gətirəndə atam məmnun olub minnətdarlıqla deyərdi:

- Oğul, o yəqin bütöv adamdır.

 

 1997-ci il

 



















 

© 2011. Bütün hüquqlar Əli İldırımoğluna məxsusdur.
www.aliildirimoglu.az və ya www.aliildirimoglu.com