|
SƏNƏDLİ HEKAYƏLƏR
VƏ OÇERKLƏR
MƏŞUM ALOV VƏ GÖZ YAŞLARI
Bir vaxt gəlhagəli idi yüzillik tarixi olan Şahverdi kəndinin. Bəxtəvər günlərini yaşayırdı buranın camaatı. Qubadlının Ermənistanla sərhəd zolağında yerləşən bu kəndin zümrüd meşələri, buz bulaqları, Bərguşad çayının sahillərinə rövnəq verən meyvə bağları dildən-dilə düşmüşdü. Uzaq-yaxın ellərdən axın-axın gələn insanlar kəndin qənşərindəki yalçın qayaların dibindən qaynayıb çıxan İsti suda şəfa tapırdı…
Ancaq… Ancaq çox çəkmədi Şahverdinin bəxtəvər günləri. Bəlkə tale qarğıdı bu kəndə?! Yoxsa, gözə-nəzərə gəldi Şahverdi?! Yaşadığımız əsrin ikinci yarısından başlayaraq ermənilər iki-bir, üç-bir ayaq açdı bu kəndə. Ordan-burdan azıb-təzən ermənilər bu dilbər guşədə sığınacaq tapmağa, məskən salmağa başladılar. Şahverdi camaatı qərib bilib, qonaq hesab etdikləri bu yurdsuz-yuvasız erməniləri necə də mehribanlıqla, canıyananlıqla qarşılayırdı. İlahi… Hamı ellikcə gələnlərə əl tuturdu. Ev bünövrəsi qoyanlara daş, qum, taxta, ağac verirdilər. Tapdıqları bir loğma halal çörəklərini erməni gəlmələri ilə yarı bölürdülər. Ermənilər də üzdə:
- Ara, elə türkün başına pırlanım, bizə ki, belə yaxşılığına eləyirsiz, Allah da sizə köməyiniz olsun. Ki, ölək gedək torpağın altına, türkün yaxşılığına yadımızdan çıxmayacaq, - deyib yağlı-yalvarıcı dil tökürdülər. Sən demə, ürəklərində ayrı cür: - qoy özümüzə yer eyləyək, gör sizə nə dağlar çəkərik, - düşünürmüşlər.
Ermənilər üzdə dedikləri kimi yox, qəlblərinin hökmü ilə hərəkət edib, yavaş-yavaş hiss olunmadan saman altından su axıtdılar… Ayaqları yer tutan gündən Şahverdi camaatının qara günləri başlandı. Ermənilərə pay verilmiş Azərbaycan torpağında şahverdililər gözüm çıxdıya salındı. Belə yerdə deyirlər ki, yersiz gəldi, yerli qaç.
Kənd müsibətlərə düçar oldu. Adamlar didərgin düşdü doğma yurd-yuvalarından. Şahverdidə bircə Sevdimalının ailəsi qaldı. Başa vurduğumuz əsrin ikinci yarısından kəndin adı da dəyişdirildi, erməniləşdirildi. Şahverdi Varatan oldu. Bu da bir ağır dərd! Sağalmaz yara! Sevdimalı buna da dözdü. Tərpənmədi yerindən. - Daş düşdüyü yerdə ağır olar, - dedi. Tək-tənha qaldı kəndində. Onun bu qətiyyəti, yurda bağlılığı şəstinə toxundu ordan-burdan gələn ermənilərin. Ağır daş olub düşdü erməni xainlərinin başına. Bağban işləyən kirvəsi Arşavid Sevdimalını bir xəlvətə çəkib xısın-xısın:
- Ara, Sevdimalı kirvə! - dedi. - Sənə bir sirr deyacağam. Gərək heç kimə bilməsin. Ki, bizim bu şon dığalar bilib xəbər tutsa, başıma oyun açacaxlar. Ara, Sevdimalı kirvə, nə durmusan e!! Ara, ki getmiyəsən, sənin başını kəsəcəklər! Ara get ee! Get burdan! A kirvə, sən bizim bu murdar millətin xasiyyətinə, zatına-kökünə bilmirsən?! Gərək çoxdan köçəsən! Ara gizli plan qurublar ki, evinə də od vurub yandırsınlar.
Həmin gecə Sevdimalının yuxusu ərşə çəkildi. Fikrinin cığırlarında dağı arana daşıdı, aranı dağa. Yumşaq yorğanın altına sığmadı Sevdimalının dərdi. O, hövlnak yerindən qalxıb pal-paltarını geyindi, eyvana çıxdı. Gecənin dərinliklərinə nisgilli nəzər saldı, kədərli ah çəkdi və öz-özünə: - Minillik Şahverdi, indi də Varatan… Buna da dözərdim, qıvrılıb-qısılıb yaşayardım bu tək-tənha komamda… Amma gavur qoymur, bunu da mənə çox görür. Namərd ermənilər gündə bir hədə-qorxu gəlirlər: -Sevdimalı, köç! Yoxsa… Bu yaşımda hara köçüm?! Hara gedim?!
Sevdimalının gecənin dərinliklərinə yayılan lal harayına cavab verib, qahmar çıxan olmadı. Kim qalmışdı ki, kənddə?! Doğmaları getmişdi, qonşularının səsi-sorağı uzaq-uzaq diyarlardan gəlirdi. Sevdimalının qulağına ikicə tanış səs dəyirdi. Bir İsaq-Musaq quşunun hənirtisi, bir də ki, Bərguşad çayının həzin zümzüməsi, vəssalam…
Sübhəcən ilan vuran yatdı, Sevdimalı yatmadı. Elə bil qor dolmuşdu Sevdimalının yorğan-döşəyinə. Səhəri beləcə açıldı Sevdimalının. Ömür-gün yoldaşı Sərmayə xala səhər süfrəsi açanda Sevdimalı təmkinlə, həm də ürək ağrısı ilə:
- Sərmayə, Allahdan gizli deyil, bəndədən nə gizli, - dedi. - Ermənilər əl çəkmir. Bizə tələ qurmaq istəyirlər. Yavaş-yavaş yır-yığış eylə, baş alaq çıxaq gedək. Ermənilər sifariş göndərmişdi, deyirlər gedin, inad eləməyin, axırı yoxdur. Bu millətə yaxşı bələdəm, qalsaq, sonrası yaxşı olmaz. Ev-eşiyə xəsarət yetirərlər, uşaqların başına bir iş gətirərlər…
Sərmayə ərinin dilindən bu sözləri eşidəndə yerindəcə donub qaldı. Elə bil başından ildırım çaxdı. Xeyli hərəkətsiz qaldı. Haçandan-haçana özünə gələrək:
- Neylək, ay kişi, - dilləndi. - Yəqin qismət beləymiş.
Göydən nə yağıb ki, yer onu qəbul eləməsin. Köç deyirlər, köçərik! Elnən gələn qara gün, toy-bayramdır, gedənlərimizdən artıq deyilik ha! Onlar necə, biz də heylə. Gedib kənar bir yerdə özümüzə yurd-yuva qurub başımızı birtəhər dolandırarıq…
Sevdimalı fikirli-fikirli dəhrəsini götürüb bağa endi. Qəlbində əkib-becərdiyi ağaclara - salamat qalın - demək istədi. Ancaq bacarmadı, dili dönmədi. Əlli-altmış il bundan qabaq əkdiyi tut ağaclarının iri qanadları altındakı çəmənlikdə ayaq saxladı. Yay vaxtı on bir oğul-qız, qırxdan artıq nəvə-nəticə, bax, buradaca Sevdimalının başına toplaşardı. Nəvə-nəticənin gəlişi toy-bayram olardı babaya. Sevdimalı indi onların qurduğu evcik yerlərinə, oyuncaqlarına, palçıqdan düzəltdikləri dəyirmancıqlarına, neçə-neçə silinməz izlərinə nəzər saldıqca həm fərəhlənir, həm də riqqətlənirdi. Sevdimalının yaşı doxsanı haqlamışdı. Ancaq indiyə qədər belə ağır dərdə tuş olmamışdı: kənd dərdinə, torpaq dərdinə, el-oba dərdinə, yurd-yuva dərdinə. Doğma yurdu əldən vermək onun aləmində ölümdən betər idi. Nə qədər çətin olsa da, bu günəcən namərd ermənilərin əhatəsində tək-tənha qalıb yaşaması, onun dünyaya göz açdığı Şahverdi torpağına, qurub-tikdiyi isti yuvasına bağlılığı idi. Sevdimalını yaxından tanıyanlar deyir ki, dözümlü adamdır. Ömründə ağlamamışdı Sevdimalı. Əzizlərini itirəndə də Sevdimalı yaş axıtmazdı. Qohum-əqrəbasına sözü o olardı ki, Allahın payıdı, vermişdi, indi də aldı. Ağlayıb-sısqamağın nə mənası…
Bu gün ayrılıq məqamı Sevdimalını yaman çaşdırmışdı, qəddi əyilmişdi dağ cüssəli kişinin. O, nəvə-nəticəsinin, oğul-uşağının şənləndiyi yerlərə, əli ilə əkib-becərdiyi ağaclara, bağın içində pıçıldaşan bulağa nisgilli nəzər salıb qəhərləndi. Çuxura düşmüş qəmli gözlərində iki damcı yaş gilələnib onun sifətindəki çalın-çarpaz qırışlarda donub qaldı.
İxtiyar qoca bir qədər yuxarıdakı dikə qalxıb ətrafa gözüdolusu nəzər saldı. Burada kolxoz sədri, meşəbəyi işlədiyi gənclik çağlarını xatırladı. Daxilən çox götür-qoy elədi. Ancaq onu bu doğma diyara bağlayan telləri qıra bilmədi. Qarşı-qarşıya dayanan ulu dağlar, bu torpaqda uyuyan babaların müqəddəs ruhu, əsrarəngiz meşələr, gecə-gündüz Şahverdi kəndinə nəğmə qoşan Bərguşad çayı sanki canlı məxluq kimi dil açıb Sevdimalını qınadı. Neçə-neçə səmtdən qulağına səslər gəldi: - Güvəndiyimiz dağ, sənə də qar yağarmış?! Bizi nakəs, nanəcib ermənilərin əlində qoyub hara gedirsən, Sevdimalı?!
Sevdimalı diksinən kimi oldu, daxili fikirlərindən ayrıldı, bükülmüş qəddini düzəltdi, məğrur görkəm aldı, ağlamasından özünün də özündən xoşu gəlmədi. - Axı, sən Sevdimalısan, bərkə-boşa çox düşmüsən. İndi niyə cəsarətsiz olmusan?! Qaçmaq fikrinə düşmüsən?! Kişi də dar ayaqda kəndini-kəsəyini atıb gedərmi?! Beş-on dığanın qabağından qaçmaq heç kişilikdəndir?! Bəs sonra nəvə-nəticələrin sənin barəndə nə düşünər?!
Sevdimalı qəlbində özü-özünü imtahana çəkdi, ittiham elədi… Evə dönüb taxta pilləkənlərlə ikinci mərtəbəyə qalxanda onu qarşılayan həyat yoldaşına nikbin əhval-ruhiyyə ilə:
- Sərmayə, - dedi. - Heç qəlbini sıxma, öldü var, döndü yoxdur! Yüz qarğaya bir sapand daşı. Qoy ermənilər nə qələt eləyir eləsin, burdan heç yerə tərpənən deyiləm. Harda incələr, orda üzülər!
Sərmayənin baxışları duruldu, Sevdimalının bu sözündən sonra elə bil ev-eşik işıqlandı, həyət-bacaya nur çiləndi.
- Samovara od sal, yaxşı bir çay dəmlə, kəklikotusu, qantəpəri də olsun. Köhnə kötüklərin üstündə çoxlu çır-çırpılar doğranıb… nə qədər ki sağam, kefinizi pozmayın, qoy ermənilər nə deyir, desin. İt hürər, karvan keçər! Bircəciyinin hünəri var yaxın gəlsin, - Sevdimalı əlavə edib, ağ saçlı ömür-gün yoldaşına, övladlarına ürək-dirək verdi.
Bax, beləcə, Sevdimalı neçə il dağ kimi duruş gətirdi bu kənddə. Bac vermədi xain ermənilərə. Yeri düşəndə, dığaların ağzından vurub yerində oturtdu Şahverdinin qoca qartalı. Vaxtilə Qubadlı və Zəngilandan alınıb səxavətlə Ermənistanın Gorus və Qafan rayonlarına peşkəş edilən Şurnuxu, Ağbulaq, Şamsız, Qurdqalağı, Kürdük, Ağvanlı kəndlərində bir azərbaycanlı qalmamışdı. Ermənilərin tənəsinə, təsirinə, təzyiqinə tablaşmadıqlarından pərən-pərən olmuşdular dədə-baba yurdlarından. Şahverdi Varatan olsa da, Sevdimalı sevdimalılığında qalırdı, dayanıb durmuşdu kəndində. Qüruruna, namusuna, vətən qeyrətinə, burada uyuyan ata-babaların ruhuna söykənmişdi qoca qartal.
İllər keçdi, bir gecə… Onda bir vilayəti idarə etmək fəhmindən xali olan maymaq Qorbaçov ipi əldən vermişdi. Ölkə bir-birinə dəymişdi. Qanunlar gücdən düşmüşdü, aləm bir-birinə qarışmışdı. Aqambekyanların, şahnazarovların, balayanların, petrosyanların, kaputikyanların məkrli erməni xislətləri üzə çıxmışdı. Daşnaklar Andronikdən miras qalmış köhnə zurna-balabanları ilə erməni millətçiliyini yavaş-yavaş dirçəldirdilər… Bax, həmin ara qarışıb, məssəb itən günlərin birində Sevdimalı kişinin darvazası döyüldü. Gecədən xeyli keçsə də, ev sahibi tez həyət-bacanın işıqlarını yandırıb, aşağı endi. Və: - Yəqin qonaq-qaradır - düşündü. Çünki Sevdimalının evi yol qırağındaydı. Dara düşən, maşını sınan, aclığı olan, yorulub yolda qalan Sevdimalının qapısını döyürdü, bu komaya üz tuturdu. Hamı bilirdi ki, Sevdimalı kara gələn, əl tutan, çörək verən adamdır. Kimliyindən, nəçiliyindən asılı olmayaraq, Sevdimalının qapısı gələnin üzünə açıqdır. Həmişə də deyir ki, əl tutmaq Əlidən qalıb. Qonaq tanımayan qapını, heç Allah da tanımaz.
Sevdimalı kişi addımını yeyinlədib qapını taybatay açdı. Bir-birindən aralı üç nəfərlə üzləşdi. Əyinlərində də polis forması. Kənardakı "Qaz-69" markalı minik maşınının da qırmızı zolaqlarından hiss olunurdu ki, rayon polis idarəsinə məxsusdur.
"Dövlət adamlarıdı, belələrindən zaval gəlməz, yəqin aclıqları və ya başqa bir ehtiyacları var. Möhüblərini düzəldib yola salaram", - öz-özünə düşündü və irəlidə dayanan baş leytenant A.Mirzoyanı tanıdı. Ona əl verib ədəb-ərkanla:
- Xoş gəlmisən, - dedi. - Atan bu evdə çox olub, sən də tut vaxtı bir-iki dəfə gəlib-getmisən. Amma son vaxtlar görünmürsən. Adamın vəzifəsi olanda etibarını itirər?!
Elə bil bu sözü daşa dedin. Baş leytenant ona əl də uzatmadı və Sevdimalının ərkyana dediklərinə əhəmiyyət vermədən dodağını yana əyib həyətə daxil oldu. Ardınca da S.Manukyanla B.Bədəlyan. Baş leytenant Mirzoyan həyət-bacaya kinayəli nəzər salıb xarakterinə uyğun təkəbbürlə:
- Ara, Sevdimalı, nə boş-boşuna qırıldadırsan e, ara, heç abrına yoxdur?! Özün də qocalıb kaftar olmusan. Ara, niyə rədd olub getmirsən?
Sevdimalı atası ilə yaxın olduğu, özü ilə neçə dəfə çörək kəsdiyi baş leytenantdan bu sözləri gözləmirdi. Ona görə də Mirzoyanın başından yekə qələt qırması Sevdimalıya bərk toxundu. Lakin qonaq olduğunu, qapısına gəldiyini mülahizə eləyib onun ədəbsiz sözünün başına ip salmaq istəmədi. Rütbəcə Mirzoyandan kiçik olan Manukyanla Bədəlyan da baş leytenantın dediklərini təsdiq etdilər:
- Ara, Sevdimalı, düz deyir eli, abrını yoxdur, niyə rədd olub getmirsən?!!
Ev sahibi başa düşdü ki, çağrılmamış qonaqlar dalaşmağa bir bəhanə axtarırlar. Sevdimalı dünyagörmüş kişidi. Polis işçilərinin ədalı hərəkətlərindən dalağı sancdı. Hiss etdi ki, burda nə isə xoşagəlməz bir hadisə baş verə bilər. Ancaq özünü o yerə qoymadı. Bildiyini bildirmək istəmədi. Hələlik hövsələsini cilovlayıb səbr elədi. Bu söz-söhbətlərin axır aqibətini gözlədi. Əslən Gorus şəhərindən olub, Yerevanda polis sistemində işləyən baş leytenant A.Mirzoyanın danışıqlarından dava-dalaş qoxusu gəlirdi. Bunu Sevdimalı kişi başa düşmüşdü.
Onlar söz güləşdirə-güləşdirə yuxarı mərtəbəyə qalxdılar. Sevdimalının həyat yoldaşı Sərmayə ilə gəlini Aidə qonaqların qabağına çıxıb ehtiramla onların hər üçünə:
- Xoş gəlmisiniz, - dedilər. Və tez-tələsik yemək stoluna təmiz süfrə açdılar, samovara su töküb od saldılar…
Başda əyləşib qıçını-qıçının üstünə aşıran baş ley-te-nant bir siqaret yandırıb erməni lovğalığı ilə tüstüsünü başından yuxarı pülədi və təkəbbürlə:
- Ara, Sevdimalı, niyə bu kənddən köçüb getmirsən, uzuna uz bağlamısan. Ara, türk olanda adamın abrına olmaz?!..
Sevdimalının qətiyyətli baxışlarında kinayəli təbəssüm dolaşdı:
- Görürəm, üçünüz də paqon sahibisiniz, - dedi. - Polis işçisi elə hökumət adamı deməkdir. Ayağımın biri burdadır, biri gorda. Ömrümün bu çağında damımı-daşımı atıb hara gedim?
Mirzoyan səsini qaldırdı:
- Ara, bu qoca türk dalıdı, nadı, - dedi. - Gərək elə qulağından tutaq, donuz kimi sürüyüb aparaq.
Sevdimalı kişi yenə də təmkinini pozmadan:
- Oğul, - dedi. - Çiynində paqon gəzdirsən də, görürəm çox nadansan, yuxarıdan gedirsən, havalı danışırsan. Atanla çörək kəsmişəm, özün də vaxtilə bu evə gəlib-getmisən. Gecənin bu vədəsi buyurub gəlmisiniz, qonaqlarımsınız. Ürəyiniz nə istəyir, uşaqlar hazırlasın, yeyin-için, sizi hörmətlə yola salım. Yoox, ayrı bir qara niyyətiniz var, bu başqa məsələ. Fikrinizi deyin, mən də bilim. Evimin içində, arvad-uşaq eşidə-eşidə artıq-əskik danışmaq nə lazım? Bir az da özünüzü ədəbli aparın, sözünüzə sərhəd qoyun. Heç olmasa, çiyninizdəki qırmızı paqondan utanın.
Mirzoyan Sevdimalının sözünü özünə sığışdırmadı, hikkəli-hikkəli ayağa qalxdı, qabaq stolunu itələyib aşırdı. Mankunyanla Bədəlyan da ona baxıb əyləşdikləri stulu kənara tulladılar. Baş leytenant aynabəndə çıxanda əlini kəmərinə aparıb belindəki makarov tapançasını geri çəkdi. Şübhəsiz ki, o silahlı olduğunu hiss etdirmək istəyirdi. Və barmağını Sevdimalıya silkələyə-silkələyə:
- Qoca kaftar, sənə bir gün vaxt verirəm, - dedi. - Rədd olun, gedin burdan! Gəlini də aparmalıyıq, bizə lazımdı, özün bilirsən də niyə - o ədəbsiz-ədəbsiz irişdi - ki, o yan-bu yan eləsən, məhv olacaqsan.
Sevdimalı kişinin rəngi qaçdı:
- Yaxşı! Köç deyirsən, sabahdan köçərik, - dedi. - Ancaq səfeh-səfeh danışmayın! Ağlınızı başınıza yığın!
Polis işçiləri başı çay dəmləməyə qarışan Aidəni araya aldılar. Gəlin onları geri itələyib qaçmaq istədi, lakin mümkün olmadı. Qadın xeylağı üç nəfər pəzəvəng polis işçisi ilə necə bacarsın?! Səs-küyə yuxudan qalxan körpələr analarını yad kişinin əlində görüb çığırışdılar. Polis işçiləri Aidəni pilləkən aşağı sürüməyə başladılar. Gəlin onların əlində özünü ora-bura çırparaq qışqırıb qaynatasını köməyə çağırdı:
- Əmi! Məni öldür! Qoyma bu vəhşilər aparsın!!!
Sevdimalı kişi gördü ki, artıq bıçaq sümüyə dayanıb. Namus əldən gedir. Cəld yan otağa keçib ov tüfəngini götürdü və onların ardınca yüyürdü. Polis işçiləri Sevdimalının əlində silah görüb tapançalarına əl atmaq istədilər. Sevdimalı da bir Sevdimalıdır! Onlara aman vermədi. Qoca qartal əvvəlcə gəlini, sonra bir-bir polis işçilərini nişan aldı…
Baş leytenant Mirzoyan yerindəcə gəbərdi. Manukyanla Bədəlyan ağır yaralanmışdı. Onlar Sevdimalının əlindən qurtara bilməyəcəklərini görüb sürücünü köməyə çağırdılar və meyidlə birlikdə birtəhər aradan çıxdılar…
Sevdimalı eyni cəldliklə yaralı gəlini, arvad-uşağı öz "Niva" maşınına yığıb, kəndini beləcə tərk etdi… Onun yüzillik xanimanı isə mənhus gecənin qatı qaranlığında məşum alovlara qərq olub, bir ovuc isti külə döndü.
Həmin səhər Gorus şəhərinin küçələrində qapı-qapı bir cənazə nümayiş etdirilirdi. Bu, baş leytenant A.Mirzoyanın cənazəsi idi. Ağır-ağır irəliləyən matəm dəstəsi arabir dayanır, qabaqda gedən çal saqqallı keşiş hüznlü adamlara üz tutub ucadan deyirdi:
- Ey, Gorus camaatı! Eşidin, baxın, agah olun! Şahidi olun ki, tarixi düşmənlərimiz türklər bizim bu yazıq, məzlum, dinc ermənilərin başına nə müsibətlər açır…
Gorusdakı qohumlarına, dostlarına baş çəkməyə gələn bir neçə fransalı, amerikalı daşnak züytutanlarının ssenarisi ilə hazırlanmış tragedik səhnəni seyr etdikcə kədərlənir və bir-birinin qulağına əyilərək:
- Ah, yazıq ermənilər! İnsafsız, qəddar türklər görəsən bu zavallı, dinc millətdən niyə əl çəkmirlər? - deyir və onların bəziləri göz yaşı tökürdülər.
1997-ci il
|
|