www.aliildirimoglu.az

Şanapipik

Günorta çağına az qalıb.  Sakit-sakit meh əsir. Kəndimizin dili ilə desək,  xırman sovruğa gələn vaxtdır. Öküzlərin boyunduruğu  açılır, vəllər cütlənib bir kənara çəkilir, Şana, Kürək, Yaba, Çalğı işə düşür... Samandan, köçəldən ayrılan  sarı buğda şüşələnib naxışlı çuvallara, kisələrə  doldurulur, çəki-tərəzidən keçəndən sonra ulaqlara yüklənir və tozhatozla  anbarlara,    tədarük məntəqələrinə yollanır. Mənsə uşaqlıq, gənclik aləmindəyəm. Azad, qəmsiz, qayğısız günlər keçirirəm. Torpaq yollara naxış salan bəzəkli  velosipedimə minib, cərgə ilə tikilmiş alaçıqların arasınca o baş-bu başa şütüyürəm. Necə deyərlər, Araz aşığından, Kür topuğundan. Ortada yeyib qıraqda gəzirəm. Qaranlıq çökəndə oruc-namazından qalmayan, möminlər momini Fatma qocamın bişirdiyi aşdan, bozbaşdan doyunca yeyib, üstündən də bir parç sərin su içirəm. Qayışımın altını bərkidəndən sonra  bilək yoğunluğunda ağacdan  kəsib alaçığımızın yanında düzəltdiyim  hündür, yöndəmsiz çarpayımın üstünə sərilirəm. Səhərdən axşamacan  əlləşib-vuruşub nə zillətlə ruzi qazanan kənd adamları buğda, arpa, pərinc, darı zəmiləri ilə əhatə olunmuş keçə alaçıqlarda şirin yuxuya gedirlər. Ətrafda vurnuxan ac canavarların hənirtisini alan ayıq-sayıq itlərin ağız-ağıza verib  hürməsindən, mal-qaranın sakit-sakit kövşək  vurmasından, bəzən də qoyun-keçilərin kəllə-kəlləyə gəlib buynuzlaşmasından başqa heç nə eşidilmir. Mənsə  arxası  üstə uzanıb uşaq heyranlığı ilə  mavi səmanın ənginliklərini seyr edib, bədirlənmiş aya, saysız-hesabsız ulduzlara baxa-baxa yuxuya gedirəm.

İndi isə... Xırman sovruğa gələn vaxt Şüvəlandakı bağ evimin dəhlizində gün düşməyən bir küncə sığınmış yazı masamın  arxasında,  damarları çıxmış əlimi qara xallar daraşan avazımış sifətimə qoyub barlı-barsız ağaclara, ətirli-ətirsiz güllərin,  çiçəklərin rənginə göz gəzdirir, cürbəcür quşların səsini dinləyirəm. Və uzaqlarda qalmış həmin alaçıqları, xırmanları, yöndəmsiz çarpayımı, alabəzək velosipedimi, babalı, atalı, nənəli, qohum-əqrəbalı günlərimi, bir də geri dönməyəcək qayğısız, dərdsiz-qəmsiz  anlarımı xatırlayıram. Və öz-özümə nə qədər təsəlli verib bu günümə şükr etsəm də, məni namərdcəsinə yaxalayan təklik, tənhalıq, gərəksizləşmək sıxıntısından xilas ola bilmirəm ki, bilmirəm. Əsrə yaxın həmdərd, həmsöhbət olduğum yazı masam da üzərində bir daha qalın-qalın əsərlərin sətirlənməyəcəyini, qələmimin yorulub yorğun düşdüyünü, ağ kağızların qara mürəkkəblə naxışlanmayacağını duyubmuş kimi  məlul-miskin görünürdü.

Haradansa uça-uça gəlib yaxınlıqdakı xar tutun kölgəsində qərar tutan Şanapipik məni qərq olduğum qarmaqarışıq fikirlərin amansız burulğanından xilas etdi.  Süleyman peyğəmbərlə həmsöhbət olan, müqəddəs kitabımız Qurani-Kərimdə  adı çəkilən Şanapipik bəlkə də ahıl qələm əhlinin yaxınlaşmaqda olan səksən beş  illiyini təbrik etməyə və ya ona pasiban olmağa gəlmişdi. Bəlkə də  evimdə telefon zənglərinin azaldığını, gəlib-gedənlərimin görünməz olduğunu, dostların, doğmaların başqalaşdığını, başımın üzərini alan ahıllıq kabusunun getdikcə məni təhdid etdiyini duymuşdu Şanapipik. Və ya ilk nəticəmlə adaş olan, məni  unutmayan, qayğıma qalan, ömrümə dayaq, ahıllığıma təsəlli olan, nəcib, nəzakətli insana məmnunluğunu bildirməyə gəlmişdi bu quşcuğaz. Günün günorta çağında Diogenin əlində çıraq axtardığı kamil, kamallı insana. Vaxt tapdıqca mənə baş çəkən, gün-güzəranımla maraqlanan, dərd-sərimə şərik olan, evimin divarlarındakı çat, tökülən suvaq belə nəzərindən yayınmayan insana. Heç bir köməyim dəyməyən, yaxşılığım, hörmət-izzətim keçməyən insana. Bəlkə qarşımdakı təbiət incisi heç də adi quş yox, Süleyman peyğəmbərin elçisi, əsir torpaqlarda uyuyan doğmalarımın ruhuydu...          

Yerindən tərpənmədən, mənimlə qabaq-qənşər dayanan Şanapipiklə Peyğəmbər kimi dil tapıb açıq-saçıq danışa bilməsəm də, onun nə demək  istədiyini balaca, mərcan gözlərinin aynasında aydınca oxuyurdum. Xırman sovruğa gələn bu anlarda bütün diqqətim ona yönəlmişdi.

Şanapipiyin şahlara məxsus tacı birdən daraqlandı. Alabəzək qanadları açıldı. Havaya qalxıb ağacların arasında dövrə vurdu. Bir anlığa görünməz oldu. Hara isə uçub getdi. Lakin məni tək-tənha qoymaq istəmirmiş kimi peşman-peşman geri döndü, əvvəlki yerində sakitcə dayanıb mənalı-mənalı üzümə baxdı, mütəəssir görkəm aldı. Bu ecazkar  quş bütün diqqətimi özünə cəlb etdi. Quş qiyafəsinə bürünmüş şüurlu məxluq  nə isə düşünür və məni düşündürürdü...

Xəyallar aləminə baş vurdum. Şanapipiyin qanadlarında  Xəzərin maviliklərindən, Şüvəlandakı bağ-bağçamdan uzaqlaşdım. Dünyaya göz açdığım Əliquluuşağının səmasından dəli bir həsrətlə əsirlik əzabına düçar olmuş torpaqlarımızı seyr etdim. Meşələrlə və kol-kosla örtülmüş dağların, bozumtul, çopur qayaların arasında çırpınan Bərgüşad çayına baxdım. Bir vaxt Bərgüşadın hələ  bəstələnməmiş həzin nəğməsini dinləməkdən zövq alırdım, incə qəlbim ehtizaza gəlirdi. İndi Bərgüşadın səsi başqalaşmışdı. Çay, ətrafdakı  viranəliklərə, doğma insanların  hənirtisinə həsrət qalan, vəhşiləşən çöllərə, çəmənlərə, gen dərələrə, yastı təpələrə yas tutub yanıqlı-yanıqlı ağı deyirdi. Bərgüşad bir vaxt dərinliklərinə baş  vurduğum, duruluğunda durulduğum, xoşhal olduğum,  dinclik, rahatlıq tapdığım çay deyildi. Suyu da xeyli-xeyli azalmışdı, dayazlaşmışdı, yazıqlaşmışdı Bərgüşad?!  Kövrək qəlbim  tablaşmadı Bərgüşadın çəkdiyi bu zülmə, bu məşəqqətə. Özümü saxlaya bilmədim. Sahildəki qara daşın üstünə çıxıb çaya göz yaşı axıtdım. Çay  ağlayanını, axtaranını tapıbmış kimi dirçəldi, çalxalandı, qıvrıldı, ilıq dalğaları əl-ayağımı yaladı, şahə qalxıb yanaqlarımda  gilələnən göz yaşımı yudu.

Balıqları da qeybə çəkilmişdi Bərgüşadın. Sahibli günlərində insaflı torçular  balıqların irisini tutub xırdalarını suya buraxırdılar. İndi... İndi yadlar, yağılar gündə-günaşırı partlayıcı ilə suyunu göyə sovururlar. Balıqlar irili-xırdalı məhv olur. Sahillərini üzüm, gilas, gilənar, alma, armud, əncir bağları, yemiş, qarpız, şamama tağları zinətləndirmir  Bərgüşadın. Yüz illərdən, min illərdən bəri  bu yerlərə üz tutub köç eləyən ördək, qaz sürüləri daha görünmür Bərgüşadın alaçalpov sularında. Bu da  ağır dərd,  sağalmaz yara olur Bərgüşada...

Kəndimizin səmasında cövlan edən Şanapipiyin alabəzək qanadlarından hara baxırdımsa mənhus mənzərə ilə üzləşirdim. Yolları ot basıb, cığırlar itib-batıb, haylı-küylü Əliquluuşağı daha kənd yox, min illərlə insan ayağı dəyməyən vəhşi cəngəllikləri xatırladır. Bulaqların çoxu quruyub, məhv olub. Mer-meyvəsi tükənmək bilməyən bağ-bağatı quru səhraya çevrilib.

Arxasınca bozumtul tüstü buraxa-buraxa Xəzərin ənginliklərinə doğru şığıyan  təyyarənin tükürpədici  uğultusu məni   səksəndirib bayaqdan bəri seyr etdiyim kəndimin xarabalıqlarından ayırdı. Çillə  yuxusundan təzəcə ayılıbmış kimi nurdan düşmüş gözlərimi geniş açdım. Şanapipik hələ də yerindən tərpənmədən lal-dinməz mənə baxırdı. Fikrimi dağıtmaq, məni tilsimləyən quşcuğazın sehrindən xilas  olmaq üçün yazı masamın arxasından qalxıb dəhlizin uzaq küncündəki televizoru açdım. Ekranda Minsk qrupunun həmsədrləri deyilən üç nəfər bazburutlu diplomat göründü. İyirmi ildən çoxdu Qafqazın müharibə şəraitində yaşayan iki qonşu respublikası arasında  yol  ölçən, dedikləri məntiqsiz, mənasız sözlər havadan asılı qalan və nəhayət, Xəzərin  küləklərinə qərq olan  üç diplomat yenə də ədalətli, vicdanlı, xeyirxah münsif  olmaq yox, təmsil etdikləri  dövlətlərin pərdəarxası siyasətçilərinə xidmət edən tərzdə danışırdılar.  Düyünə düşmüş bu müşkül məsələnin həllində guya narahat olduqlarını car çəkən böyük-böyük dövlətlərin başçıları da xeyli-xeyli ağıl işlədib, baş sındırdıqdan sonra yol göstərirlər ki,  bütövü kəsmə, paraya dəymə, doğra doyunca ye. Kəndimizin dili ilə desək, vallah-billah onlar ikibaşlı danışırdılar. Və ya atı torbalı döyüşdürürdülər. Atəşkəsi pozmayın, müharibə söz-söhbətini də qatlayın qoyun qəzil palazın altına. Özünüz danışın, özünüz dil tapın, axırda da, siz nə qənaətə gəlsəniz, biz can-başla ona razı olub  canı-dildən əl çalarıq. Bu bayağı sözləri eşidəndə  bişmiş toyuğun şaqqanaq çəkib gülməyi gəlir.  

Sərkisyanlar da kürəyini Gümrüdəki silah arsenalına, orda-burda suyu bulandıran, ara qarışdıran erməni lobbisinə, “forpostu” olduqları ölkələrə söykənib deyirlər ki, dəli Nəzərəm, belə gəzərəm. Ona görə də Şanapipik televizordakılara  baxanda iyirmi  ildir təkrar-təkrar deyilən, lakin əməli nəticəsi olmayan, çeynənmiş, çürük  söz-söhbətlərdən bezibmiş kimi üzünü əks tərəfə çevirdi və həmsədrlərin yerinə xəcalət çəkdiyindən onun baxışlarında acı istehza dolaşdı. Və üzünü mənə çevirib dimdiyini yerə döyə-döyə qəribə bir səs çıxartdı. Hiss etdim ki,  Əliquluuşağılı Bəhtər kişini xatırlamaq  istəyir. Kənddə  qoluna bəlgə dolayıb, iki nəfər  dava-dalaşa çıxanda, Bəhtər kişi sinəsini irəli verib əlində dəyənək əvvəlcə  əsas təqsirkarın  eninə-boyuna ölçürdü, sonra da dalaşdığı adama təpinib, üstəlik də bir-iki şillə vurub oturdurdu yerində. Bununla da  dava-dalaşa son qoyulurdu. Ortalığa qan tökülmürdü. Və axşam tərəfi də kənd ağsaqqalı Bəhtər kişi dalaşanları bir yerə yığıb,  qabaqlarına duz-çörək qoyub, öyüd-nəsihətini verib, aralarında mehribançılıq yaradırdı. Kimin nə həddi varıydı, kənd ağsaqqalının bir sözünü iki eləsin?!!

İndi neynəyəsən ki, üç həmsədrin və onları təmsil edən üç dövlət başçısının Əliquluuşağılı Bəhtər qədər insafı, mürvəti, hünəri, təpəri yoxdur. Sözünün kəsəri olmayan kişi də başına papaq qoymaqdansa, allıca-güllücə ləçək bağlasa yaxşıdır. Şanapipiyin  ürək ağrısı ilə dediyi bu sözlərin məğzini, mənasını aydınca başa düşürdüm. Həmsədrlər də özlərinə, sözlərinə hörmət edib, daşı ətəklərindən töküb, yürütdükləri  ikiüzlü, ikibaşlı siyasətlərinə son qoysalar və diplomatik gedişlərini doğru-dürüst, ədalətli, beynəlxalq qayda-qanunlara uyğun   məcraya yönəltsələr, yəqin ki, əsir torpaqların daşı-qayası, qaçqın şəhərçiklərin zavallı sakinləri dilə gəlib dönə-dönə onların  yeddi arxadönəninə rəhmət   oxuyar, özlərinə  də uzun ömür arzulayarlar.  İyirmicə günə həll oluna biləsi  məsələni iyirmi il uzadıb Yerevanla Bakı arasında yol döyüb yorğun olmazlar. Və həm də töhmət-tənədən qurtarıb, özlərini dilsiz-ağızsız şanapipiyə və ya bişmiş toyuğa güldürməzlər.

Şanapipik bu sözləri əbəs yerə demirdi. Zavallı quşcuğazın da sinəsi çalın-çarpaz  dağlı idi. Kəndlilərimiz  demişkən, yas düşəndə hərə öz dərdinə ağlayır. Şanapipik  də iyirmi  ildən  çoxdur ağlamalı  günlərə  qalıb. Əsirlik  əzabı  çəkən Əliquluuşağının həndəvərində saysız-hesabsız quş var. Kəndin ara-bərəsində gəzib-dolaşan, insanlara ən çox yaxınlaşıb-yovuşan,  yalnız  başında tac gəzdirən şanapipiklər, boz sərçələr və qayçıquyruq qaranquşlardır. Şanapipiklə uşaqlıqdan həmrəy, həmsöhbətəm. Gündə, günaşırı qapımıza gəlirdi. Fatma qocanın toyuq-cücəyə səpdiyi dənə ortaq olurdu.  Əksər evlərin divarına qalın suvaq çəkildiyindən qonşuluqda kimsəsiz həyat sürən Sona qarının Nuh əyyamında tikilmiş dörddirəkli  damının yırtıq-deşik divarlarında yuva qurub bala çıxardırdı. Dəcəl-xata vaxtlarımda tez-tez Sona qarının damının divarına dırmanıb Şanapipiyin çil-çil yumurtalarına, hələ tüklənməmiş  zılğa balalarına heyranlıqla baxırdım. İnsafüçünə, Şanapipiklə “görüşə” əliboş getmirdim. Çünki - əliboş qonaqdan  qurumsu iyi gələr-deyiblər. Ona görə də evdən xəlvətcə çırpışdırdığım düyüdən, yarmadan, darıdan sovqat aparıb yuvasının qənşərinə səpirdim. Sonra da xəlvətə çəkilib Şanapipiyin dəni necə dimdiklədiyinə, balalarını necə yemlədiyinə baxmaqdan  ləzzət alırdım. Ancaq Şanapipiyin yuvasına, balaca-balaca çil yumurtalarına, hənirtimi alanda ağzını açıb yem istəyən  tüklənməmiş balalarına əsla toxunmurdum. Sona qarı həmişə deyirdi ki,  quşlara dəyib-dolaşmayın, yuva dağıtmaq günahdır, Allahın acığı tutar. Onu da göydəki gözəgörünməz yaradıb. Sona qarının övladı yox idi. Əri də çoxdan dünyasını dəyişmişdi. Hansı təsadüfdənsə vaxtilə ər-arvad Aşqabaddan gəlib burada məskunlaşmışdılar. Ona görə də Sona qarının yaxın-uzaq qohum-əqrəbası yox idi. Onu - əl tumaq Əlidən qalıb - mülahizəsi ilə dolandırırdılar. Qoymurdular yemək-içməkdən, odun-ocaqdan, pal-paltardan korluq çəksin. Sona qarı deyirdi ki, bu quşları bir  gün görməyəndə darıxıram. Şanapipiyin yerişinə, duruşuna, alabəzək  qanadlarına, başının tacına baxanda fərəhlənirəm. Kimsəsiz həyat sürən Sona qarı Şanapipiyə sığınmışdı,  Şanapipik də  Sona qarıya.

Dilsiz-ağızsız quşcuğaz Sona qarı ilə baş-başa verib kasıb komada sakitcə ömür sürürdülər. Ancaq ötən əsrin axırlarında  namərd ermənilərin kəndə tuşladığı top mərmiləri Sona qarının kasıb komasını Şanapipiyin yuvası ilə birlikdə göyə sovurdu. Kənddə  kəndlik qalmadığı üçün Şanapipik də  qanadı təzəcə bərkiyən körpə balalarını yanına salıb hara isə baş alıb getdi.

Həmin qanlı-qadalı günlərdən nə az-nə çox  - iyirmi ildən artıq vaxt keçir. Xırman sovruğa gələn, meh qalxan anlarda  yuvasından didərgin  düşmüş Şanapipiyin sorağımı alıb uzun-uzun yol qət edib dağları, dərələri aşıb Şüvəlandakı bağ evimdə məni tapanda, onun necə sevindiyini təsəvvür etmək çətindir. Kəndimizin qanadlı sakinini görəndə məni təhdid edən ahıllıq, tənhalıq, gərəksizləşmək əzabından xilas oldum. Xeyli-xeyli yüngülləşdim, uzaqlarda qalmış uşaqlığımı, gəncliyimi tapdım. Dünyaya göz açdığım kəndimizə, həsrətini çəkdiyim dostlara, qohumlara qovuşdum.   Axı, ilk dəfə kəndimdə gördüyüm,  ən çox yaxınlıq etdiyim, təmasda olduğum, əyləndiyim quş Şanapipikdi. O vaxt hərdən bir  bizim həyətimizdə də görünürdü, ancaq Sona qarının həyət-bacasından isə əl çəkmirdi. Mehri-məhəbbətini ərsiz-övladsız, qohum-əqrəbası, ayağının biri o dünyada olan  Sona qarıya salmışdı və onun böyür-başında gəzib-dolanırdı. İndi   xırman sovruğa gələn, xəfif meh əsən bir anda   Şüvəlandakı bağıma güzar salmışdı. Mənimlə həmdərd, həmsöhbət olmağa gəlmişdi. Adını ilk  nəticəm daşıyan sadiq, sədaqətli, xalis insan kimi...

Düşüncələrimin kələfi yüz yerə çözələndi. İnsan dünyaya göz açdığı andan son mənzilə qədər ilbəil dəyişir, başqalaşır, rəngdən-rəngə, təbdən-təbə düşür. Gah iddiasının, iştahının, ehtirasının əsirinə çevrilir,  gah mütiləşir, miskinləşir. Biət etdiyimiz  Qurani-Kərimdə adı hüt-hüt kimi təsbit olunan Şanapipik isə yaranışdan necə idisə, indi də o cür görünür. Əcdadı, nəsli-nəcabəti, əsli-kökü kimi. Nə irilir, nə də xırdalır. Boy-buxunu, yerişi, duruşu, rəngi hər quşa müyəssər olmayan yaraşıqlı tacı, ala qanadları... Bir sözlə Tanrının yaratdığı kimi.

Fikirli-fikirli Şanapipikdən   diqqətimi ayırıb   televizorum kanalını dəyişdim.  Okeanın o tayından, Avropanın göbəyindən bizə söykək olan super dövlətlərdən respublikamıza təşrif gətirən görüb-götürmüş, düşüb-çıxmış və ad-sanları kürreyi-ərzəyə sığmayan diplomatlar yenə də ərazi bütövlüyümüzü tanıyıb hörmət etdikləri, Dağlıq Qarabağ düyününün açılmasında maraqlı olduqları, bu müşkül məsələnin məsləhət-məşvərət yolu ilə həllinin vacibliyi barədə yerli-yersiz  iddialar uydururdular.  Şanapipik  boğazdan yuxarı deyilən bu gəlişi gözəl sözləri eşitməkdən təngə gəlibmiş kimi qəzəbləndi. Və: - İnanan daşa dönsün -deyib havaya qalxdı.  Bir göz qırpımında yox oldu. Yəqin Şanapipik də  işıq ucu  gəlməyən kəlamlardan rəncidə olmuşdu.

Qəlbimdə  müəmmalı sual baş qaldırdı. Doğrudan da bu  quşcuğaz heç də təsəvvür etdiyim Şanapipik yox, əsir torpaqlarda uyuyanların ruhudu?!. Əliquluuşağına tərəf  üz tutub qanad açdı ki, oradakı narahat ruhlara qovuşsun, ahıl qələm əhlinin əzvayışını el-obamın yoxluğuna keşik çəkən əsir dağlarımıza əyan etsin?!!  

Əsrə yaxın  qəddimi  əyib,  sinəmi söykədiyim  iş stolum da son vaxtlar    az təmasda olduğumdan mənə qarşı sərin, soyuq görünürdü.  Ona görə də yazı masamın niskilini dağıtmaq  üçün  qarşıma  ağ kağız qoydum və xırman sovruğa gələn vaxt bu hekayəti yarıkönül, bir qədər də həvəssiz qələmə aldım.

17.07.2012-ci il

Şüvəlan.

525.az

















 

© 2011. Bütün hüquqlar Əli İldırımoğluna məxsusdur.
www.aliildirimoglu.az və ya www.aliildirimoglu.com