www.aliildirimoglu.az

HEKAYƏLƏR

MİNNƏT

Baş direktor məlumat üçün bir də onu dedi ki, istehsalat rəisi məsələsini həll etmişik. Nazirliklə razılaşıb Mehman Qasımovun üzərində dayanmışıq. O, üzünü mənə çevirib:

- Bu böyük etimaddır, - dedi.

Direktor bir-iki kəlmə də bəzi geridə qalan müəs­si­sə­lərin vəziyyətindən danışıb fikrini yekunlaşdırdı. İc­las salonunu tərk etdik.

Neçə il bir idarədə işlədiyim, oturub-durduğum dost-tanışlarım əlimi hərarətlə sıxıb təbrik etdilər. İki­cə saat bundan əvvəlkinə nisbətən indi çox adamın mə­nə münasibəti birdən-birə başqalaşmışdı. Bəzilərinin səsinin ahəngi, sifətinin ifadəsi, baxışlarındakı adilik hiss olunacaq dərəcədə dəyişmişdi. Dünən mənə sa­də­cə olaraq - "Mehman" - deyə müraciət edənlər, indi xü­su­si ehtiramla: - "Mehman Hilaloviç" - "yoldaş Qası­mov" - deyirdilər. Etiraf edim ki, işçilərlə mənim aramda yaranmağa başlayan bu cür yeni və həm də nəzakət­li ünsiyyət özümü də çaşdırmışdı. Özümdən asılı olma­ya­­raq yerişim də get-gedə dəyişirdi. Dəhlizdə daha hə­mi­şəki kimi sakit-sakit yox, ədalı addımlar atırdım.

İnstitutu bitirdikdən sonra təyinatım birbaşa bu istehsalat birliyinə verilmişdi. On ildən artıq idi ki, bu­ra­­da aşağı işlərdə çalışırdım. İndi isə rəis...

Sözümün canı başqadır. Onca dəqiqə keçməmiş baş direktor məni yanına çağırtdırdı. O, telefon zənglərinə ca­vab verdikdən sonra qəddini irəli əyib əlimi sıxdı və:

- Təbrik edirəm, - dedi.

Sonra fikrə getdi. Hiss olunurdu ki, nə isə demək istəyir. Mən susmuşdum. Həmişəki kimi əlimdə dəftər, qələm müntəzir dayanıb, onun verəcəyi sərəncamı gözləyirdim. Baş direktor təmkinli görkəm, alıb nə barədəsə düşünürdü. Başını qaldırıb mənalı-mənalı düz gözümün içinə baxdı və gülümsündü:

- Bizdən narazı qalmadın?! - soruşdu... Bu qayğı və nəzakət məni lap kövrəltdi. Bir daha öz təşəkkürümü bildirdim. Direktor:

- Bilirsiniz də... - dedi, - bu vəzifədə gözü olanlar çox idi. O adam qalmamışdı ki, üstümə minnətçi göndər­mə­­sin. Ancaq sizin üstünüzdə dayandım. Baxmayaraq ki, bəzi yoldaşlar... - O, istehza ilə gülümsünüb, eyhamla müavinlərinə işarə vurdu. - Bu işə qəmiş qoyanlar da ço­xudu. Hərəsi öz adamını irəli çəkmək istəyirdi. An­caq imkan vermədim, ağızlarından vurdum. Baş direktor səsinin ahəngini dəyişib dərin bir sirr açırmış kimi pıçıl­dadı: - Öz aramızda qalsın, heç kim razı deyildi. Şəx­sən mən özüm... Minnət qoymaq istəmirəm. Buna ehti­yac da yoxdu. Onsuz da istehsalat rəisliyinə sizdən mü­nasib namizəd görmürəm. Bunu deməkdə məqsə­dim odur ki, hələ cavansan. Kimə inanıb etibar etməyi, kimlərlə oturub-durmaq lazım olduğunu bilməlisiniz. Tutduğunuz yeni vəzifənin xüsusiyyəti də belə tələb edir. Düzdür, sizi mən vəzifəyə qoymuşam, mən də axıra qədər müdafiə etməliyəm. Buna şübhə yoxdur. De­diklərimi də yaxşı-yaxşı fikirləş, yetimçiliklə bö­yü­müş oğlansan, özün üçün nəticə çıxart. Başa düşdün?! Sa­bahdan qolunu çırma, giriş işə! Özünü göstər. Sonra ağzı­göyçəklər orda-burda deməsinlər ki, direktor təsa­düfi kadrları irəli çəkir. Qəddimi əyib:

- Bəli, doğru buyurursunuz... - dedim. - Mənə hər şey aydındır... Xəcalətinizdən...

Onun dedikləri hələ də qulağımda cingildəyirdi. Eşit­diklərimi özlüyümdə götür-qoy edirdim.

Günorta fasiləsindən qayıdanda, birinci müavin Söh­­bət Səlimzadə ilə rastlaşdım. İşarə vurdu ki, yanıma gələrsən. Getdim. Səlimzadə nikbin əhval-ruhiyyə ilə kimisə hədələyirmiş kimi barmağını silkələyib:

- Mehman Hilaloviç - dedi. - Gördün də, atalarını necə yandırdıq! - Onun nə demək istədiyini başa düş­mə­dim. Səlimzadə şaqqanaq çəkdi. - Deyəsən hələ fil qulağında yatmısan. Bu həngamələrdən xəbərin yoxdur. Neçə gündür ki, sənin üstündə mübahisədəyik. Di­rek­tor nazirlikdəkilərlə qurub-qoşub, bu vəzifəyə başqa yerdən adam gətirtmək istəyirdi. Məsələni qəti qoydum, dedim, olmaz! Mehman Qasımovun təhsili də var, təcrübəsi də. Yetimçiliklə böyüyüb, əzab-əziyyətlə oxuyub... Kollektivə isnişib, hamının da dilini bilir. Bizə kənar yerdən kadr gətirməyə ehtiyac yoxdur. Axır ki, mən deyən oldu. - Səlimzadə ayağa qalxıb qalib sərkərdə ötkəmliyilə əlimi yenidən sıxdı. - Səni bir də təbrik edirəm! Ancaq elə tərpən ki, direktorun yanında dilimiz gödək olmasın. Bilirsən də nə yuvanın quşudu... Yaxşı işləməsən, oturub-durub başımıza qaxacaq. De­yə­cək ki, şəxsən sən Səlimzadə Mehmandan ötrü iki ayağını bir başmağa dirədin, mən də qoydum. İndi ca­vab ver! Əslində direktorla mənim aramda olan daxili söz-söhbət buradan kənara çıxmamalıdır. Bunları sənin xatirini istəyib, etibar etdiyim üçün açıb deyirəm və öz aramızda da qalmalıdır. Aydındır?..

 "Hər şey aydındır" - demək mənasında stulumda yırğalanıb, direktor müavininin dedikləri ilə razılaş­dığımı və bu barədə ona borclu olduğumu bildirdim.

Səlimzadə cavabımdan razı qalıb məmnun oldu. Bir addım irəli yeriyib yenə də əlimi sıxdı:

- Sənə müvəffəqiyyət... Elə et ki, planlar kəsirdə qalmasın, məhsulun keyfiyyətini də unutma. Düzdür, ilk günlər bəzi çətinliklərin olacaq. Eybi yoxdur, yavaş-ya­vaş öyrənərsən. Heç kəs anadan rəis doğulmuyub. Ne­cə ki, bu stuldayam heç nədən qorxub çəkinmə. Tə­pər­li ol. Eşitdiyimə görə orada son vaxtlar başlı-başına­lıq əmələ gəlib. İşi ilk gündən möhkəm götürərsən!

- Baş üstə.

İş vaxtının qurtarmasına bir neçə dəqiqə qalırdı. İda­rə sənədlərini yerbəyer edib, seyfin qapısını bağ­la­yıb, kabinetdən çıxmağa hazırlaşırdım. Daxili telefon zəng çaldı. İkinci müavin Dadaş Qənbərlinin səsi gəldi:

- Zəhmət olmasa, bura...

- Baş üstə!

İçəri girəndə Dadaş Qənbərli məni təntənə ilə qarşıladı:

- Qədrimi bilməzsən! - dedi.- Əvvəla səni təbrik edi­rəm. İkincisi də xəbərin olsun ki, direktor istehsalat rəis­liyi məsələsini ilk dəfə mənimlə məsləhətləşib. Ağ­zını açan kimi sənin adını çəkdim. Dedim ki, bu vəzifə Mehman Qasımovun boyuna biçilib. Gənc mühəndisdir, az-çox da təcrübəsi var. Kimsəsiz oğlandı, öz gücü ilə gəlib bu mərtəbəyə çıxıb. On ildən də çoxdu bizim birlikdə işləyir, bilmədiyini də öyrədərik. Adamları da yax­şı tanıyır, hamı da xatirini istəyir. Üzüyola oğlandır. Onun səsinin ahəngi dəyişdi: -Öz aramızda qalsın - dedi, - əvvəlcə gördüm ki, direktor nə isə tərəddüd eliyir. Başa düşdüm ki, könlü yoxdur. Arğac kimdən keçmişdisə, şefin sənin barəsində fikri o qədər də müsbət deyildi. Ancaq izah edib inandırdım ki, Mehman Qasımovun barəsində deyilənlər tamamilə uydurmadır. Dadaş Qənbərli ağır bir yükün altından çıxıbmış kimi dərindən nəfəs alıb gülümsündü və söhbətinə davam etdi:

- Güc-bəla razı salıb, birtəhər yola gətirdim - dedi. - Sağ olsun, təklifimi nəzərə aldı. Siz də gərək bunun mü­qabilində hünərinizi göstərib, nəyə qadir oldu­ğu­nuzu sübut edəsiniz. Qoy görsünlər və bilsinlər ki, pa­paq altında necə oğlanlar var! Zəiflik etsən, pis vəziy­yət­də qala bilərəm. Başa düşdün?!

Tapdığım uğurun səbəbkarı kimi Dadaş Qənbərliyə də minnətdarlıq etdim. Onun etimadını doğruldub, yax­­şılığını yerdə qoymayacağıma söz verdim.

İdarədən çıxanda qarğı kimi uzun və arıq kadr şöbəsinin inspektoru Ağamurad məni yanladı. Ağa­mu­rad iyirmi ildən çoxdu kadr işinə baxır. Pensiya vaxtı ötsə də, işdən ayrılmaq istəmir. Deyir ki, hələ canım suludur. O, qolumdan yapışıb məni irəlidəki gediş-gəli­şi az olan, sakit və darısqal küçəyə tərəf çəkdi. Sol qu­la­ğı bir az ağır eşitdiyi üçün hər dəfə danışanda sağ tə­rə­fini mənə tərəf əyirdi. Ağamurad ərklə kürəyimə vurub:

- Mehman, bilirsən nə var? - dedi. -Hər şey qismətdi, elə vəzifə də. Kimin alnına nə yazılıbsa, o da olma­lıdır. Heç bilirsən, sənin rəisliyinin üstündə başım nələr çəkdi?! - Doğrusu dillənmədim. O, sinəsini gərib ehti­yatla, - bunu ancaq sənə deyirəm haa... Aramızda da qal­­malıdır - deyib sözünə davam etdi:

- Bir ay bundan əvvəlin söhbətidir. Şöbə müdirimiz məzuniyyətdə olanda direktor məni yanına çağırdı. Özün bilirsən də, xatirimi necə istəyir... Mən olan yer­də şöbə müdiri kimdir! Yanında, hələ indiyə kimi bir sözüm iki olmayıb. Şef soruşdu ki, ay Ağamurad, sən bi­zim bu kollektivin ağsaqqalısan, ağıllı-başlı kadrın yoxduu? İstehsalat birliyi böyük müəssisədi, neçə-neçə ölkəyə məhsul göndərir. Bu vacib yerə bəs kimi rəis qoyaq? Nazirlikdən də həmin yerin boş qalmasını bizə irad tuturlar. Direktor dedi ki, get yaxşı-yaxşı fikirləş, nəticəsini mənə de.

Ağamurad ayaq saxlayıb ötkəm əda ilə qaşlarını yuxarı dartıb, gözlərini geniş açdı:

- Həə! Nə danışırsan! Mən olan yerdə şöbə müdiri kimdir! Şef xatirimi dağlarcan istəyir. Niyə? Ona görə ki, hələ bir dəfə də olsun ona saxta söz deməmişəm. Mənə iki gün vaxt verdi. Çox götür-qoydan sonra sənin üstündə dayandım. Elə səhərisi şəxsi işini aparıb qoydum direktorun stolunun üstünə. Mehman, o əziz başın üçün şef məni düz üç həftə get-gələ saldı. Dedi ki, Ağamurad, nujeli sənin başqa bir münasib kadrın yoxdur?

- Mən də cavab verdim ki, bu idarədə istehsalat rəisliyinə Mehman Qasımovdan layiqli kadr görmürəm. Əgər siz bilirsinizsə buyurun, deyin! Direktor qırımımı görüb, bir az duruxdu. Baxıb gördü ki, yooox, mən də mənəm haa! Sözümün üstündə möhkəm durmuşam. Yumşaldı. Xasiyyətimi bilir dəə... Bilir ki, mən deyən olmasa! Qəlbim ondan birdəfəlik sınar, qiyamətə qədər düzəlmərəm, həə... Nə başını ağrıdım, Mehman, axır ki, şefi birtəhər ipə-sapa gətirdim. Dedi ki, yaxşı Ağamurad, qoy bu dəfə də sən deyən olsun, get sənədlərini hazırla. Eee, sənin xəbərin yoxdur...

Ağamurad təəccüb və təəssüflə başını bulayıb, ehmalca əlilə çiynimdən basdı və məni dayandırıb: - Səlimzadə istəyirdi özününki olsun - Dedi. - Dadaş Qənbərli də - közü öz qabağına çəkirdi. Elə direktorun da başqa fikri var idi, onu sonra danışaram... Mən ortalığa düşməsəydim. Bu iş çətin baş tutardı!

Ağamurad kişinin qırışmış sifətindən tər axırdı. O, tövşüyə-tövşüyə:

- Mehman, indi sözümün mayası odur ki, əvvəla biləsən ki, bu vəzifəyə necə gəlmisən! İkinci də biləsən ki, istəyənin kimdir, istəməyənin kim! Üçüncüsü də elə işləməlisən ki, direktor saqqalımın bu çal vaxtı məzəmmət vurub deməsin ki, Ağamurad kişi sənin seçdiyin kadr...

Yolumuz haçalaşmışdı. Ağamurad kişinin canfə­şan­­lığı üçün minnətdarlıq etdim. Gələcəkdə yaxşılığından çıxacağımı bildirib ondan ayrıldım.

Səhər evdən çıxıb idarəyə gəlirdim. Yanımda bir ağ "Volqa" dayanıb, siqnal verdi. Direktorun maşını idi. Sürücü ədəb-ərkanla kabinənin sağ qapısını açıb oturmağımı təklif etdi. Sözünü sındırmadım. Sarışın, gülərüz, həm ərklə, bir az da gur səslə danışan Çərkəz mənə tərəf zarafatyana:

- Mehman Hilaloviç, pirivet! Sizi təbrik edirəm! - dedi. - Bunun şirnisi nə vaxt olacaq?! - Sonra o, maşının sürətini azaltdı. - Bilirsən dəə... Şef məni oğlu qədər istəyir. Deyir ki, Çərkəz, ailəmizin bir üzvü də sənsən. Mənə hər cür etibar edir. Bütün bazarlıqları-zadı mə­nim boynumadı... Onun medinstitutda oxuyan nişanlı qızını hər gün məktəbə mən aparıb-gətirirəm. Kişinin mənə xüsusi doveriyası var. Bir həftə bundan qabaq Bilgəhdəki bağında idik. Səndən söhbət düşdü. O ki, var təriflədim. Dedim ki, heç kəsi yoxdu, öz fərasətinə gəlib bura çıxıb. Həə! Qədrimi bilməzsən! Dedim Meh­man Qasımov bir dənədir! Bir dənə! Mənim sözümdən sonra, şef dedi ki, dayan! Dayan! Yaxşı yadıma düşdü. Bəlkə elə onu istehsalata rəis qoyaq? Dedim əla! Şef sağ olsun, sözümü yerə salmadı... Sürücü irişə-irişə əlavə etdi:

- Qədəş bunu nə vaxt yuyaq...

- Şirnisini sonra özün...

İstədim cavab vermiyim. Ancaq qərarımı dəyişdim. Fikirləşdim ki, gecə-gündüz şefin böyründədi. Gedib qulağını ayrı cür doldurar. Odur ki, sözünün başına ip salmadım...

- Mən hazır, - dedim.

Direktorun köməkçisi ilə sözümüz heç vaxt düz gəlmir. Bir dəfə o mənə, mən də ona dişimizin dibin­dən qopanı deyib, biri-birimizi təhqir etmişdik. Xeyli kü­sülü qaldıq. Sonra direktorun böyük oğlunun toyunda birtəhər barışdıq. Ancaq qəlbimiz hələ də barışma­yıb. Aramız yenə də sərindi. Direktor köməkçisi üzdə ol­masa da, dalda-bucaqda yeri düşdükcə ayağımın al­tı­nı qazır. İndi o da məni görəndə üzümə güldü:

- Mehman onu bil ki, bu işdə mənim də barmağım var haa... - dedi və belə bir misal da çəkdi: - urvası mən­dən olmasa, yapdıqların küt gedər... Düzdü o vaxt mə­nim barəmdə yaxşı iş görmədin, amma kin-küdurət sax­layan deyiləm... Yamanlığa yaxşılıq, ər kişinin işidi. Get mənim hesabıma yaşa...

- Təşəkkür!.. - dedim.

Əmrim verilən günün axşamı həyat yoldaşım məni nəvazişlə süzüb nazlana-nazlana:

- Mənim hesabıma böyümüsən haa, Mehmançik, - dedi. - Gəlin gəldiyim heç bir il olmaz, gör hara qalx­mı­san! Bəs məndən qabaq səni niyə arayıb-axtarıb yada salmırdılar?! Ayağım sayalıdır... - Sonra özünü əzdirə-əz­dirə: - Dublyonka moddan düşüb, rəis arvadı gərək xəz şuba geyə...

- O da, gözüm üstə - dedim, - düzələr...

Cəmi iki gün olardı ki, rəislik fəaliyyətinə başla­mış­dım. Axşam evdə çay içib, çörək yediyim yerdə telefon zəng çaldı. Onu da deyim ki, təzə stola keçəndən bəri zənglərin sayı yaman çoxalmışdı. Dəstəyi qaldırdım. Baş direktorun ev qonşusu Ağazadə idi. - Təbrik edi­rəm - dedi. - Bu günü çoxdan gözləyirdim. Sənin barən­də direktorunla çox söz-söhbətimiz olub. Hər axşam ya o bizə gəlir, ya da ki, mən onlara gedirəm. O da nərd azarkeşidi, mən də. Uduzanda da yaman pərt olur. Ba­zar günləri də bağda bir yerdə oluruq. Sizə dərindən bələd­çiliyim olmasa da, qaynatanı yaxşı tanıyıram. Di­rek­torunuza dedim ki, Mehman Qasımov rəis olma­lıdır, vəssalam! Yoxsa qonşuluğu pozaram. Bu evə bir də ayaq basmaram. Sağ olsun. Dünən mənə dedi ki, xa­hi­şini yerinə yetirdim. Birdən elə başa düşərsən ki, minnət qoymaq istəyirəm haa... qətiyyən yox! Prosto de­dim, biləsən ki...

- Çox sağ olun!

- Dəyməz, yaxşı oğlanların yolunda... Bu gündən sonra da nə işin olsa...

Sonra üç nəfər mötəbər tanışımla rastlaşdım. Sözlərindən belə çıxdı ki, mənim bu vəzifəyə gəl­mə­yimi onlar eliyib. O qədər inandırıcı danışdılar ki, daha şübhə yeri qalmadı...

Xadiməmiz Xəzangül xala idarəyə hamıdan tez gəlib, hamıdan gec gedir. Direktorun da iç adamlarındandı... Xəzangül xala da hərdən məni görəndə üzümə mat-mat baxır. Lakin bir söz demir. Ancaq... Belə güman etmək olar ki, rəis keçməyimdə onun da az-çox...

 

1988-ci il

 



















 

© 2011. Bütün hüquqlar Əli İldırımoğluna məxsusdur.
www.aliildirimoglu.az və ya www.aliildirimoglu.com