www.aliildirimoglu.az

HEKAYƏLƏR

DAŞ

Neçə il bundan qabaq tikilmiş on bir mərtəbəli binadan bir tin yuxarıda, günbatan tərəfdə, özü də şəhərin gur yerində, daha dəqiq desək, dörd yolun qovşağında. Səhər ki açıldı, gün çırtdı və iş vaxtının başlanmasına beş-on dəqiqə qaldı, bu dörd yolun kəsişdiyi yerdə avtomaşınlar çiləkən bağlayır. İrili-xırdalı yük, minik maşınlarının, cürbəcür avtobusların, motosikletlərin gur siqnalı, cır səsi qarışır bir-birinə. Ağız deyəni qulaq eşitmir. Səs-küy, motor tüstüsü şə­həri götürür başına. İllah da ki, axşam tərəfi, iş vaxtı qur­taranda bu dörd yolun kəsişdiyi yerdən keçincə adamınki adama dəyir. Ancaq bu gün nə möcüzə baş ver­­mişdisə avtomaşın qatarının ucu-bucağı görünmür­dü. İrəliləmək lap zülm idi. Arxadakı sürücü maşının siq­nalını ara vermədən nə qədər uzatsa da, qabaqkı ma­­şın yerindən tərpənmirdi. Tərpənəndə də yarımca metr irəliləyib yenə də yerindəcə mıxlanırdı. Yaylaq yo­luna çıxan qoyun sürüsü kimi bir-birinin arxa­sına dü­zülən av­to­maşınların arasında bircə qarış məsafə qalmamışdı. Nə irəli getmək olurdu, nə də ki, dala çə­kil­mək mümkün idi. Sürücülər gözlərini yumub, ağızlarını açıb qabaqdakıların ünvanına dişlərinin dibindən çıxanı deyirdilər. İşə tələsənlərin səbir kasası dolmuşdu.

Yaşıl işıq yanan kimi qabaqkı avtobus ləngər vurub ağır-ağır yerindən tərpəndi. Lakin irəlidə nəyə toxundusa, bərk silkələndi. Sərnişinlər pərən-pərən olub bir-birinə dəydi. Sürücü dərhal əyləci basdı. Adamlar mü­va­­zinətlərini itirib ora-bura aşdılar. Arxada ayaq üs­tün­də dayanan və illərlə küsü saxlayan iki qonşu özlə­rin­dən asılı olmayaraq qucaqlaşıb sonra da tez aralan­­dılar və üzlərini əks tərəfə çevirdilər. Sürücü dilxor olub kabinədən başını çıxartdı və avtobusun toxundu­ğu maneəyə tərəf boylandı. Gözləri yolun tən orta­sın­dakı iri ağ daşa sataşanda: - Tfu! Lənətə gəlmişlər! Gö­rə­sən hansı mərdimazarın işidir - deyib donquldandı. O, sükanın arxasından qalxıb aşağı düşdü və daşı yol­dan götürüb kənara atmaq istədi. Ancaq ağlına nə gəl­disə, əlini daşdan çəkib qəddini düzəltdi və papağının dalını qaldırıb ətli peysərini laqeydcəsinə qaşıya-qaşıya düşündü: -Yəqin daşı bura qoyan var. Əgər çöl yolu olsaydı, ayrı məsələ. Onda adam deyərdi ki, bu daş yal yamacdan diyirlənib gəlib. Böyük şəhər, asfalt yol, bu yekəlikdə də ağ daş... Yoox, buna toxunmaq olmaz. Yəqin kimsə, nə məqsədləsə qoyub. Daşı tərpədib özümü əngələ sala bilmərəm. Bunu məndən də qabaq neçə adam görüb. Lazım olsaydı, elə onlar götürərdilər. Deməli, burada nə isə var...

Avtobusun sürücüsü tərəddüdlə çiyinlərini çəkib dodaqaltı pıçıldadı: - Nə işim var, - dedi. O, maşından düş­düyünə də peşman olub sərnişinlərin içərisində haray-həşir saldığı avtobusuna qalxdı və sükanı sağa-sola burub birtəhər yola düzəldi. İri avtobus fısıldaya-fısıldaya arxadan tüstü buraxıb gözdən itdi.

Daldala düzülən, səkilərin üstünə dırmaşan avto­ma­şın­ların yarısı svetofordan keçməmişdi ki, qırmızı işıq yandı. Sürücülərin, sərnişinlərin nigaran, qəzəbli nəzərləri svetofora zillənmişdi. İrəlidəki ağ "Volqa"nın tər­tə­miz silinməsindən, arxa tərəfinin pərdəsindən, qaba­ğın­dakı nömrələrdən və bu nömrələrin əksəriyyətinin sıfır olmasından hiss edilirdi ki, böyüklərdən birinin maşınıdı. Ətrafdakılar özlərini yığışdırmışdı. Tanı­yan­lar­dan biri müsahibinə tərəf əyilib, - "Volqa"nın arxa oturacağının sağ küncünə qısılmış mötəbər adamı eh­ti­yat­la işarə etdi və xısın-xısın: - Rayispalkomda işləyir, Alay Aydəmirovdu, - dedi. - Şoferi də bizim qapıbir qon­şumuzdu, Lev Mehtiqulu...

Yaşıl işıq yandı. İrəlidəki ağ "Volqa" şütüyüb keç­mək istəyəndə burnu ağ daşa toxundu. Qabaq buferin nikeli bir balaca sivrildi. Lev Mehtiqulu pərt oldu. Alay Aydəmirov nə barədə düşünürdüsə, daxili aləmindən ayrılıb sürücünün üstünə çəmkirdi: - Niyə sürmürsən?! Görmürsən, işə gecikirik! - Alay Aydəmirov saatına baxıb başını buladı: - Tərs kimi də bu gün qəbuldu, iki yerdə də iclasımız var...

Lev Mehtiqulu maşından tələsik düşüb daşa tərəf irəlilədi. Alay Aydəmirovun gözü daşın ətrafındakı şü­şə qırıntılarına sataşanda amiranə bir səslə, həm də bir qədər həyəcanlı qışqırdı: - Adə, daşa toxunma! Daşa toxunma! - dedi. - Şüşə sınıqlarını görmürsən?! İz itər!

Mehtiqulu çaş qaldı. O, kor-peşman geri dönüb maşına əyləşdi. "Volqa"nı irəli-geri verib daşın yanından çətinliklə keçdi. Alay Aydəmirov sürücüyə tərəf yönəlib istehza ilə: - Heç bilirsən, o daş yolun ortasına hardan düşüb?! - soruşdu. Mehtiqulu diqqətini irəlidəki yoldan ayırmadan çırt eləyib başını buladı və: - Yoox, - dedi.

Alay Aydəmirov özündən razı halda: - Elə bilirsən ispalkomda işləmək asandı?! - dedi. Və sürücüsü ilə məzələnirmiş kimi onu sorğu-suala tutdu:

- Heç göydən daş yağdığını eşitmisən?

Sürüçü başını buladı və: - Yox - dedi. - Nə eşitmişəm, nə də ki, görmüşəm.

Alay Aydəmirov haa!.. ha!... Güldü və sonra gör­kə­minə ciddi ifadə verərək:

- Səbəbiyyətsiz zəruriyyət olmaz. Deməli, daşın yolun ortasına düşməsi də hər hansı səbəbiyyətdən do­ğan zərurətdir...

Lev Mehtiqulu susmuşdu, əsla dillənmirdi. Alay Aydəmirov ikrahla başını buladı: - Əh - dedi - sənin fəlsəfədən başın nə çıxır! Mən də nahaq yerə özümü yoruram. Qısaca olaraq, loru dildə onu demək istəyirəm ki, həmin ağ daşı yolun ortasına qoyan var. Daş yola elə-belə öz-özünə düşə bilməz. İndi qandın?! Amma sən isə başını işə salmamış, əl-qolunu işə salıb daşı yoldan götürmək istəyirdin. Əgər tez duyuq düşməsəydim, işlər korlanmışdı. Sonra istintaq orqanları sənin özünü də get-gələ salardı. - Daşı niyə tərpətmisən?! Burda məq­sə­din nədir? Görünür hadisənin törənməsində sənin də barmağın var!..

Alay Aydəmirov öskürüb cibindən təmiz əl dəsmalı çıxartdı. O, ağzını silə-silə: - Düzdü, kimin nə həddi var mənim şoferimi incidə! Allah vurmuşdu onları!

Alay Aydəmirov dodağını əyərək: - Ancaq yenə dəə...

Adam bir işi görəndə gərək əvvəlcə fikirləşsin. Daşı bura kim qoyub?! Nə üçün qoyub?! - Alay Aydəmirov Mehtiquluya hirsləndi: - Yüz dəfə demişəm ki, hər şeyə burnunu dürtmə! Amma səni başa sala bilmədim. Sabah mənim özümü də yuxarılara dartıb deyərlər ki, sürücün özbaşınalıq edib, hadisə yerinə qoyulan daşı tərpədib. İndi, Alay Aydəmirov, gəl görüm bu hən­ga­mə­lərin qarşısında necə duruş gətirirsən?!

Maşının kabinəsinə ağır sükut çökdü. Alay Aydə­mi­rov qollarını sərbəstcə gərib yumşaq oturacağın üstünə yayılmışdı. Nə barədəsə düşünürdü. Yəqin ki, daşın yeri dəyişiləcək təqdirdə onu nələr gözlədiyini ölçüb-biçirdi. Mehtiqulu da nahaq xatadan qurtarıbmış kimi sükanın arxasında donmuşdu və idarə başçısının tənəli-tikanlı sözlərinin təsirindən qulağının dibinəcən qızar­mışdı. Alay Aydəmirov hələ də özünə gələ bilmirdi. O, fikrini Mehtiqulu ilə bölüşdürmək üçün içini arıtlayıb irəli əyildi və əlini yana daradığı qara saçına çəkərək mülayim tərzdə:

- Yəqin bədbəxt hadisədir? - soruşdu.

Mehtiqulu cantaraq bədənini geri verib qaşlarını yuxarı dartdı və təəccüblə boynunu çiyninə tərəf əyərək: - Nə deyim vallah, bilmək olmaz. Ancaq siz düz buyurursunuz. Yəqin ki, qəza olub, özü də gecə yarı. Bədbəxt hadisə səhərə yaxın baş verdiyi üçün müayinə apara bilməyiblər. Yerinə daş qoyublar ki, tədqiqat gündüz aparılsın.

Alay Aydəmirov: - Maşınların əzilməsinin eybi yoxdur - dedi, - mənim köhnə "Volqa"m bir kökə düş­müş­dü ki, gəl görəsən. Xurd-xəşil olmuşdu. Ustalar elə dü­zəlt­di ki... Lap zavoddan çıxan kimi. İndi əzilən maşını təmir etməyə nə var ki! Təki ölən, yaralanan olmasın.

Mehtiqulu Alay Aydəmirovun sözünü kəsdi: - Yoox! Yoox! - dedi, - Alay Nəbiyeviç. Ölən, yaralanan olsaydı, qan izi qalardı. Daşın yanında bir-iki şüşə qırıntısından başqa heç nə görmədim. O da maşın yox, güman ki, pəncərə şüşəsidir. Mehtiqulu təkrar etdi: - hə, daha çox pəncərə şüşəsinə oxşuyurdu. Çünki maşın şüşəsi sınanda qırma kimi səpələnir. Kənardan ba­xanda xrustal qırıntısına oxşayır. İşım-işım işıldayır.

Sürücünün izahı Alay Aydəmirovu xeyli yüngülləşdirdi. O, öz-özü ilə danışırmış kimi: - Daa! - dedi. - Bu yol qəzalarının qarşısını ala bilmirik dəə...

Səhər həmin dörd yolun ayrıcına çatanda vəziyyət dünənkindən də betər idi. Çünki hava bir balaca çiskinləyib yeri islatmışdı. Yol sürüşkən idi. Alay Aydə­mi­ro­vun sürücüyə xəbərdarlığı bircə bu oldu: - Maşını elə sür ki, daşa toxunmasın... Sürücü daşın yanından ehtiyatla ötdü. Aydəmirov gözucu yola nəzər salıb iri ağ daşı eyni yerdə görəndə yırğalandı və məmnun qalaraq: -İndi adamlar qazdan ayıqdı, tükü-tükdən seçirlər, - dedi. - Hamı başa düşür ki, daşı bura qoyan var və ona toxunmaq olmaz. Alay Nəbiyeviç Lev Mehtiquluya rişxəndlə: - Sənin kimi?! - dedi, - bir işi görəndə ağına-bozuna baxmırsan...

Maşın siqnalları küçəni başına götürmüşdü. Bu dörd yolun kəsişdiyi yerdən keçmək müsibət idi. İri ağ daş gediş-gəlişi ikiqat çətinləşdirmişdi. Sürücülər lap zinhara gəlmişdilər. Ancaq hərə bir mülahizə ilə daşa toxun­maqdan vaz keçirdi. Milis idarəsinə məxsus xü­susi işarələri olan "Volqa" arxa tərəfdən gur siqnal ve­rə-verə və ötmə qaydalarına əhəmiyyət vermədən yaşıl işığın yanmasını gözləyən avtomaşınları keçib birbaş karvanın qabağında dayandı. "Volqa"dan düşən milis mayorunun ötkəm tərpənişindən hiss edilirdi ki, o, ma­şın­ların normal hərəkətinə nə isə bir maneçilik tö­rən­di­yini duyub və indi həmin maneəni ləğv edib, qayda-qa­nun yaratmaq istəyir. Bu basabasdan salamat keçmək üçün fürsət gözləyən sürücülər milis işçisinin işə qarışdığını görəndə onların nigaran baxışlarına ümid təbəssümü çiləndi. Milis mayoru yolun ortasına düşmüş ağ sal daşı gözucu süzüb, üst köynəyinin ətəyini aşağı dartdı və belindəki enli kəməri düzəldərək: - Bu daşı at bayıra! - deyib hökmlə sürücüsünə göstəriş verdi. Yaşlı sürücü könülsüz-könülsüz maşından düşüb daşa tərəf bir-iki addım atdı və dilucu: - Bəlkə bu daşı qoyublar... - Milis mayoru sözü aldı və qəflət yuxusundan ayılan kimi oldu. O, gözlərini geniş açaraq: - Bəli, bəli düz deyirsən. Elədi ki var! - dedi. - Daşa dəymək olmaz...

Milis mayoru "Volqa"sına əyləşib siren siqnalının müşayiəti ilə aradan çıxdı. O, yolda sürücüsünə: - Mala­des! - dedi. - Daşı tərpətsəydik, söz-söhbət yaranardı, - de­yib, həyəcanla əlavə etdi: - Hə! hə! Bildim! Bildim! İndi bildim daşı nə üçün qoyublar. Biz özümüz dəfələrlə rəsmi surətdə məktub yazıb təkidlə məsələ qaldırmışıq. Piyadaların gediş-gəlişini asanlaşdırmaq, maşınların normal hərəkətini təmin etmək üçün burada mütləq yeraltı keçid olmalıdır. Milis mayoru hirslənib kiminsə qarasına söyləndi:

- Bessovestnilər! - dedi. - Günü-günə satırlar. Nədi-nə­di beş-altı milyon manat xərci var. Neçə il bundan qa­baq təklif vermişik, hələ indi ayılıblar. Yeraltı ke­çi­din istiqamətini müəyyən edib yola daş düzürlər. Geo­lo­ji kəşfiyyat, layihə-smeta... Başınıza dəysin! Milis ma­­yoru sürücüyə: - Daa, - dedi, - indi bildim daşı nə üçün qoyublar. Metrostroyun işidir. Burada yeraltı ke­çid olmalıdır. O dərindən ah çəkib əsnədi: - Kim bilir ne­çə il çəkəcək?! Lənətə gəlmişlər! Nə qədər ki, hər kəs öz işinin çəmini bilmir... Elə belə də olacaq! Milis ma­­­­yo­ru çiyinlərini çəkdi: - Mənə nə var, - dedi. - Altda qalanın canı çıxsın. Biz vaxtında yazmışıq ki, burada mütləq və mütləq yeraltı keçid olmalıdı. Əks təqdirdə... Milis mayoru yol boyu deyinirdi. Sürücü isə susmuşdu...

Valideyninin əlindən tutan şıltaq uşaqlar daşı yol­dan götürmək uçün daha çox canfəşanlıq edirdilər. Tərs­likdən onların da gücü çatmırdı. Bir tərəfdən də valideynləri çəmkirib: - Uşaqsan, uşaq işinə qarış, daşa dəymə! Əmilər görüb qulağını kəsər - deyib tifillərə hə­də-qorxu gəlirdilər. Balacalar böyüklərinin öyüd-nə­si­hə­tinə əməl edib, onların sözündən çıxmasalar da, öz uşaq­lıq aləmlərində yenə də o fikirdə qalırdılar ki, ma­şın­ların yolunu kəsən, bu şoğərib daşı kənara atmaq lazımdır.

Həmin rayonun baş avtomobil müfəttişi Rüstəm Zalov xidmət etdiyi ərazidəki dörd yolun kəsişdiyi yer­də iri daşı görəndə narazı halda başını buladı. Rüs­təm Zalov ehtiyatlı adamdı. O, yüz ölçməsə, bir biçməzdi. Odur ki, Rüstəm əlini təzəcə qırxılıb ətirlənmiş balaca yumru və ağ çənəsində gəzdirərək təəccüblə: - Daa, - deməli, yeni metro bu istiqamətdən keçəcək - deyib öz-özünə mızıldandı. Daşı yəqin ki, metro tikintisinin layihəçiləri... Kim bilir, bəlkə də burada nəyinsə özülü qoyulacaq... Yoox, yoox! Daşı tərpətmək olmaz.

Rüstəm Zalov əyləşdiyi böyrü zolaqlı "Volqa"ya yanaşdı. Tələsmədən əyilib qabaqdakı göyümtül dəstəyi qaldırıb nümayişkaranə qulağına tutdu və hava telefonunu işə saldı:

- Qartal iki! Qartal iki! Qartal iki! Cavab ver! Püf... Püf... Qartal iki, mən doqquz yüz beşəm. Mən doqquz yüz beşəm! Qartal iki, cavab ver...

Rüstəm Zalovun bənizi allandı və eyni sözü təkrar etdi: - Qartal iki, mən dörd yolun kəsişdiyi yerdə gözləyirəm. Yol nəzarətçisi, təcili bura...

Yol nəzarətçisi bir göz qırpımında Rüstəm Zalovun hüzurunda müntəzir dayandı. Rüstəm şəstlə əlini daşa tərəf uzadaraq: - İşarə qoymaq lazımdır! Maşınlar müt­ləq maniənin solundan keçməlidir! Yoxsa daş yerindən tərpənə bilər...

Yol nəzarətçisi ayaqlarını cütləyib tabe olduğu şəxsin qarşısında rəsmi qaydada təzim etdi: - Oldu! Yoldaş leytenant!..

Daş yolçuların əhədini kəsmişdi. Yanı cızılan, böy­rü batan, fənəri qırılan avtomaşınların sayı-hesabı yox idi. Neçə-neçə sürücünün talonu deşilmişdi. Cərimə, məsuliyyət məsələsi də ki, öz yerində... Bircə təmir­çi­lə­rin bəxti gətirmişdi. Avtomaşın sənətkarları onlara tə­mir üçün ağız açanlara: - Əlimizdə iş çoxdur, get üç ay­dan sonra gələrsən - deyib özlərini ikili satırdılar. Sürü­cü­lərin çoxusu son günlər buradan keçmir və yollarını başqa səmtdən salırdılar.

Buradan keçən başqa bir məsul işçi daşı və yaranmış xoşagəlməz mənzərəni görəndə boynunu gərib ya­nın­da əyləşən sürücüyə hirsləndi: - Sən də bizi işə sal­dın dəə, - dedi. - Başqa yol yoxdu - deyib sonra geri qan­rıl­dı və arxasında oturanlara: - Mənim rayonumun əra­zi­sində belə biabırçılıq olsaydı... Çoxdan atalarını yan­dırmışdım!

Yükünü özüboşaldan köhnə avtomaşın xəbərdarlıq işarəsini keçib ağ daşın yanından ötəndə xırp dayandı. Kabinədən üz-gözünü tük basmış, orta boylu cavan bir oğlan çıxıb daşı qırğı kimi yerdən götürdü və danqıltı ilə sürdüyü maşının kuzovuna tulladı. Onun qara bığlarının altından saf dişləri ağardı:

- Əə, sən öləsən, dünyanın işinə bax eee!.. Pah atonnan! Məzuniyyətə çıxmamışdan qabaq karyerdən bir maşın daş çırpışdırmışdım. Gecə burdan keçəndə gör­düm ki, arxamca qarabaqara bir "Jiquli" gəlir. Dedim yəqin həriflər duyuq düşüb, məni ilişdirmək istəyirlər. Sən öləsən! Qoydum üstünə! Saatda yüz iyirmiynən! Bax, bu kruqa çatanda, necə pavorot götürdümsə, az qaldı maşın aşsın, daşın biri tappıltı ilə düşdü bura. Pah atonnan! Dünyanın işinə bir bax ee... Bir aydan çoxdu daş qalıb burda... Sürücü hırıldaya-hırıldaya qazı basıb götürüldü.

Başqa maşınlar bu dörd yolun ayrıcından hələ də ehtiyatla keçirdilər. Çünki daşı götürsələr də, qarşıda maneə olduğunu göstərən yol işarəsi qalırdı...

 

1986-cı il

 



















 

© 2011. Bütün hüquqlar Əli İldırımoğluna məxsusdur.
www.aliildirimoglu.az və ya www.aliildirimoglu.com