www.aliildirimoglu.az

Müsahibələr, söhbətlər

“MƏN HƏMİŞƏ QƏLBİMİN, VİCDANIMIN QANUNLARI ƏSASINDA YAZMIŞAM”

Tanınmış jurnalist və yazıçı, dəyərli qələm adamı Əli İldırımoğlu bu gün də sözlə çiyin-çiyinədir və qələmə aldığı əsərlərlə ömrünün yeni parlaq səhifələrini yazır. Son illər bir-birinin ardınca maraqlı və oxucu rəğbəti qazanmış romanları Əli İldırımoğlunu təkcə Azərbaycanda deyil, yaxın və uzaq xaricdə də istedadlı ədəbiyyat adamı kimi geniş tanıdıb.

– Əli müəllim, ədəbiyyata gəlişinizdən, yaradıcılığa münasibətinizdən danışmağınızı istərdik.

– Yaradıcılıqla məşğul olmağıma, bu yolu seçməyimə görə peşman deyiləm. Çox vaxt məndən soruşurlar ki, təzədən dünyaya gəlsəydiniz, yenə də yazı-pozu ilə məşğul olardınızmı? Bu suala həmişə müsbət cavab verirəm. Ümumiyyətlə, mənim jurnalistikaya gəlməyim bir alın yazısıdır. Müəllim işləyərkən məni rayon qəzetinə məsul katib göndərdilər. O vaxta kimi heç vaxt məqalə yazmamışdım və mənə tapşırılan ilk yazını yaza bilmədim. Məni buna görə danladılar. Danlağı sevməyən biri kimi, həmişə tərif eşitdiyim üçün birdən-birə bu şəkildə danlanmaq mənə ağır gəlirdi. Və mən onda uşaq kimi ağladım. Ancaq geriyə yol yox idi, gecə-gündüz mütaliə etməyə, qəzetləri oxumağa başladım. Yuxusuz gecələr keçirərək əlləşib-vuruşdum və nəhayət, mətbuatın cığırını tapa bildim. Yaradıcılıq zirvəsinə gedən yolu, cığırı tapdıq-dan sonra yaddaqalan, oxucular tərəfindən maraqla qarşılanan məqalələr yazmağa başladım. Sonra məni Qubadlı rayonunda çıxan “Avanqard” qəze-tinin məsul katibliyindən redaktorluğuna irəli çəkdilər. İlk vaxtlar mətbuata gəlməyimi faciə hesab etsəm də, bu mühitlə tam tanış olduqdan sonra fikrimi tamam dəyişdim. Çap olunan hər məqaləm mənə bir dünya sevinc gətirirdi. Rayon qəzetində işləyə-işləyə, eyni zamanda “Kommunist”, “Sovet kəndi”, “Bakinski raboçi” kimi o dövrün nüfuzlu qəzetlərinə yazılar göndərməyə başladım. Mənim özüməməxsus qanunlarım, əqidəm var. Bu qanunlardan dönən, ağı qara, qaranı ağ yazan deyiləm. Ömrüm boyu çalışmışam ki, vicdanıma xəyanət etməyim. Hər tapşırılan yazını yazmadığım üçün də başım çox ağrı çəkib. Mən həmişə qəlbimin, vicdanımın meyarları, qanunları əsa-sında yazmışam.

– Sizcə, yaşınızın bu çağında yaradıcılığa belə ürəkdən bağlanma-ğınız, ilk növbədə nədən irəli gəlir?

– O vaxt mən qəzetlərdə işlədiyim üçün vaxt tapıb bədii sahədə fəaliyyət göstərə bilmirdim. Ancaq hər zaman fikrimdə, təfəkkürümdə, zehnimdə, qəlbimdə bədii mövzular yaranıb. Bu gün uzun illərdən bəri daxilimdə yığılıb qalan mövzuları kağıza köçürürəm. Bu yaxınlarda “Aqibət” adlı bir roman yazmışam ki, burada qələmə alınan əhvalatlar mənim ömrümün ilk on ilində gördüyüm, müşahidə etdiyim hadisələr əsasında qurulub. Bu hadisələrin üstündən yarım əsrdən də çox vaxt keçib. Mən beynimdə bu mövzunu, bəlkə də, otuz ildir yazıram, amma kağıza köçürmək bu gün mümkün olur. Balıq sudan çıxanda nə vəziyyətə düşürsə, mən də yazı masamdan, qələm-kağızdan kənarda özümü o cür hiss edirəm. Mənə elə gəlir ki, yazı masamdan arala-nanda ona bir nisgil, kədər çökür. O zaman özümü çox gərəksiz hiss edirəm. Amma yazı masasının arxasında oturan kimi vəziyyət dəyişir. Qələmi əlimə alıb, sinəmi stola söykəyəndə dirçəlirəm. Heç bir insan gərəksiz, lazımsız olmamalıdır. Yararsızlaşmaq elə sağ ikən ölmək deməkdir. İstedadı həyatın sonuna qədər qoruyub saxlamaq lazımdır ki, onunla qanadlanasan, ondan güc alıb yaşayasan. Mən yazanda həmişə hökmran oluram, özümdə təpər, güc hiss edirəm. Qələmim əlimdə olmayanda isə özümü zəif sayıram. Öz gözümdə özümü adiləşdirirəm. Heç bir işə yaramayan adam ən yaramaz adamdır, ona görə də çalışmaq lazımdır ki, nəyəsə yarayasan. Qələmi əlimə götürüb stol arxasında əyləşərkən məni üşütmə tutur. Həmişə yazı yazanda üşüyürəm, hətta dişim də ağrımağa başlayır. Bu hal qəlbimdəkiləri kağıza köçürənə kimi davam edir. Cürbəcür bitkilər var, onların dibçəkdə böyüyəni də olur, dağların ətəyində, çayların sahilində, dərələrdə-təpələrdə bitəni də olur. Baş alıb göylərə uzananı da olur. Bunu ona görə deyirəm ki, mən heç vaxt dibçək ağacı olmamışam.

– İstənilən bir əsərin mövzusu, ideyası Sizdə necə yaranır?

– Yazıçılar var ki, qazandığı biliyin, savadın sayəsində yazır. Elələri də var ki, onda əsl istedaddır, Allah vergisidir. İkincilər eldən-obadan, xalqdan, cəmiyyətdən, təbiətdən qaynaqlanan ədəbiyyat nümayəndələridir. Yazıçının yaratdığı əsərlərin pəncərəsindən baxanda gərək onun mənsub olduğu mil-lətin adət-ənənəsi, soyu-kökü, milli mentaliteti görünsün. Ona görə də mövzuları seçərkən də, onun üzərində işləyərkən də bunlar nəzərə alınmalıdır. Bizim hər addımımız mövzudur. Ötən yay parkda oturmuşdum. Mən dağı-dərəni, təbiəti çox sevən adamam. Parkda olarkən oradakı iydə ağacına baxaraq kəndimizi, İydəlik dərəsini, yalçın qayaları, gözəl mənzərələri xatır-layırdım. Bir cavan oğlan əl atıb iydə ağacının o gözəl çiçəklərini qoparanda özümü çox pis hiss etdim. O xoş rayihə paylayan, sərinlik verən, yaşıllığı ilə göz oxşayan iydə ağacına insanların bu münasibəti məndə təəssüf doğurdu. Bu mənzərəni görməmək üçün tez oradan uzaqlaşdım. Ancaq elə bil ki, iydə ağacı arxamca haraylayıb, köməyə çağırdı. Hətta evdə də iydə ağacının fəryadı qulağımdan getmədi. Bu mənzərə gözümün qabağından çəkilmədi-yindən “İydə çiçəyi” adlı hekayə yazıb “Xalq qəzeti”ndə dərc etdirdim. Mövzuları həyatdan, gördüyüm, rastlaşdığım, şahidi olduğum hadisələrdən alıram. Qalanları mənim təsəvvürümün, təxəyyülümün məhsuludur. Hər bir yazının mayası, kökü olmalıdır.

– Bu və ya digər həyat materialının hansı janrda olacağını necə müəyyənləşdirirsiniz?

– Janr mövzuya uyğun yaranır. Bəzən balaca bir şey yazmaq istəyirəm, sonra görürəm ki, böyük bir əsər oldu. Yazdıqca şaxələnir, genişlənir. Mən yazanda gərək heç kim mənə mane olmasın. Bir anlıq belə, yazdıqlarımdan ayrılanda əsəbiləşirəm.

– Kimləri daha çox mütaliə edirsiniz?

– Mən mütaliəni çox sevirəm. Hər gün ən azı 10–15 vərəq nə isə oxuma-lıyam. Bu, nəsr də ola bilər, poeziya nümunəsi də. Şeiri çox sevirəm. Hər şeir də mənim qəlbimə yol tapmır. Əsl şairlərin şeirlərini oxumağa çalışıram. Beş-on şeir yazanı şair hesab etmək olmaz. Mən deyərdim ki, nəsrdə də poeziya var. Vəhy gəlməsə, nasir də yaza bilmir. Bəzən elə olur ki, bir əsərimi oxu-yanda deyirəm ki, necə olub bunu yazmışam. İndi də məni yaşadan yaz-maqdır. Dünya ədəbiyyatından Hüqonu, Şekspiri, Kuperi, Taqoru, Qoqolu, Qorkini, Dostoyevskini, Şoloxovu, Tolstoyu, Balzakı, Yaşar Kamalı nadir istedad sahibi hesab edirəm və onların əsərlərini daim mütaliə edirəm.

– Sizin üçün daha əhəmiyyətli nədir: yaradıcılıqdan aldığınız mənəvi rahatlıq, oxucuların fikri, yoxsa tənqidçilərin rəyi?

– Mən özüm üçün yazıram. Eyni zamanda oxucuların fikri də mənim üçün əhəmiyyətlidir. Əlbəttə ki, hər bir yazıçı öz əsəri ilə ədəbi tənqid qarşısında da cavab verməlidir. Odur ki, bu üç amilin hər birinin rolu var. Mən əsərlərimi, həm də həyatın görünməyən tərəflərini göstərmək üçün yazıram.

– Öz yaradıcılığınızı müasir ədəbiyyatdakı mövqeyi baxımından necə səciyyələndirirsiniz?

– Mən özüm haqda nə deyə bilərəm... Ədəbiyyat söz sənətidir. Mənim yaradıcılığım barədə ancaq oxucular fikir söyləyə bilər. Bilsəm ki, yazdıqla-rım onlar üçün gərəkli deyil, qələmə almaram. Mən hər bir əsərimi yazarkən, xırda hekayə də, roman da olsa, məsuliyyət hiss edirəm. Əlimə qələm alanda gözlərim qarşısına minlərlə, milyonlarla oxucu gəlir. Bugünkü insanlarla yanaşı, əsrlər sonra yaşayacaq insanları da gözümün qabağına gətirirəm ki, onlar mənim yazdıqlarımı necə qəbul edər. İnsan gərək özü haqda yüksək fikirdə olmasın. Mənim o adamlardan acığım gəlir ki, iddiaları istedadların-dan yüksəkdə dayanır.

– Bildiyimizə görə, əsərləriniz xaricdə də geniş şəkildə nəşr edilir...

– Son illərdə 4–5 roman yazmışam. Onlardan ikisi Türkiyədə çap olunub: “Zorən jurnalist” və “Mənim rəncbər atam”. Yaxşı da qarşılanıb. Orada çıxan bir kitabda mənim haqqımda yazılıb: “Türkiyədə Azərbaycanın Yaşar Kamalı kimi anılan Əli İldırımoğlu”. “Mənim rəncbər atam” ərəb əlifbası ilə Ərdəbildə işıq üzü görüb. Rus dilində də əsərlərim çap olunub.

– Yaradıcılıq planlarınız barədə nə deyə bilərsiniz? Oxucular yaxın gələcəkdə hansı əsərlərinizi oxuya biləcəklər?

– “Zorən jurnalist”in ikinci hissəsi üzərində işləməyi düşünürəm. Oxucu-lar “Qara tut”, “Əmrah” adlı əsərlərimlə tanış ola biləcəklər. Həmçinin ide-yası bir məclisdə yaranan, dırnaqarası dostlara ünvanlanan “Sadiq dost” hekayəsini yazmaq fikrim var. Yeri gəlmişkən, əsərlərimin dərcinə diqqətlə yanaşan “525-ci qəzet”ə təşəkkürümü bildirir, redaksiya heyətini qəzetin nəşrə başlamasının 13-cü ildönümü münasibətilə təbrik edirəm. “525”in nəşrə baş-ladığı gün – 17 noyabr mənim doğum günümdür. Zənnimcə, belə bir nüfuzlu qəzetlə eyni gündə doğulmaq bir şərəfdir. “525-ci qəzet”in öz nüfuzu, geniş oxucu auditoriyası baxımından Azərbaycan mətbuatında xüsusi yeri var.

Rəna
“525-ci qəzet”, 17 noyabr 2005-ci il

















 

© 2011. Bütün hüquqlar Əli İldırımoğluna məxsusdur.
www.aliildirimoglu.az və ya www.aliildirimoglu.com