www.aliildirimoglu.az

Müsahibələr, söhbətlər

YURD NİSGİLİ VƏ YA QOCAMAN ƏDİBİN KEÇİRDİYİ HİSLƏR

Yaşının zirvə ətəyində yaradıcılığı ilə çoxlarını heyran qoyan, neçə-neçə roman və povestlərin müəllifi olan qələm dostum axırıncı yazısını mənə göstərdikdə bu bəhrənin janrı və süjeti müəyyən qədər təəccübümə səbəb oldu. Yazı impressionist rəssamların və bəstəkarların üslubu ilə müqayisə edilə bilər, coşqun hislərin ifadəsinə xidmət edən kiçik hekayə, əslində novella adlandırıla bilərdi. Başlığı da nəsrimizdə rast gəlinməyən, təbiətimi-zin çox sayda nümunələri kimi varlığı az qala yaddan çıxan bir quşun adından götürülmüşdü – “Şanapipik”. Niyə belə ad seçməsi ilə maraqlananda yazıçı bildirdi ki, bu günlərdə bağına gözləmədiyi halda bir şanapipik uçub gəlmişdi və bu hadisə mənə vaxtilə kəndlərimizin üstündən uçub keçən və gözəl səsləri ilə onlardan aşağıda dayanan varlıqlara salam göndərən durna qatarını seyr etməyi andıran bir riqqət təsiri bağışladı. Şanapipiyin kəkili Roma sərkərdələ-rinin dəbilqəsinin tac hissəsini yada salırdı, qanadlarının, lələklərinin rəngi isə yoxa çıxan qövsi-qüzehə bənzəyirdi. Bu quşa baxış və təəccüb onu real həyatdan ayırmış, nisgilini daim sinəsində gəzdirdiyi bir aləmə, dəbdə olan ifadədən istifadə edilsə, virtual bir mövcudluğa çəkib aparmışdı. Təəccüb, qəribəlik hissi adamda qeyri-adi düşüncələr meydana gətirir, onu xatirələr dənizində üzən qayığa oturdub, yaddan çıxan adalara səyahət etməyə vadar edir. Uşaqlığından o, bu quşa vurulubmuş, onu bir sehr və sirr mənbəyi hesab edirmiş, onunla hər dəfə rastlaşanda sevincini gizlədə bilmirmiş, elə güman edirmiş ki, ona nəsə məchul, başqalarından gizli saxlanan xəbər gətirmişdi. Bəlkə də, quş onun həyatdan vaxtsız köçmüş, oğlunu bircə dəfə də olsun məktəbə yola salmağa macal tapmamış anasının hüznlü olsa da, bu balaca uşaq üçün müqəddəs bir vəhy xarakteri daşıyan, son nəfəsini verərkən deyə bilmədiyi, ifadə etməyə gücü çatmadığı bir sözünü, vəsiyyətini gətirmişdir. Bəlkə də, quş ona çatdırmaq istəyir ki, anadan yetim qalmış oğul böyüdən atan öz dünyasının bütün cəhətlərini sənə həsr etmişdir, inanmaq və özünü inandırmaq istəyir ki, onun əziyyəti, ən başlıca nəhayətsiz valideyn məhəb-bəti hədər getməyəcəkdir, onun uşaq könlünə səpdiyi xeyirxahlıq toxumu yaşıl zəmiyə çevriləcək, gələcəkdə elinə, obasına, mənsub olduğu xalqa bir əvəz payı kimi qayıdacaqdır. O, çox arzu edirdi ki, oğlu atasının təmiz, halal adını, şərəfini nəinki qoruyub saxlasın, həm də bu balaca kəndin hüdudların-dan kənara çıxarmaqla onlara əlavə cazibədarlıq versin. Bu quş atasının könlünə də nüfuz etmək üçün bir açar, bir vasitə rolunu oynayırdı. Lakin o, bu düşüncələrini hamıdan, o cümlədən atasından və dostlarından gizli saxlayırdı. Bu sirr idi və yalnız onun özünə məxsus idi, onu açmaq, aşkarla-maq hər şeydən əvvəl özünə xəyanət əlaməti ola bilərdi.

Dostum hislərə qapılan adam təsiri bağışlayırdı. Bu fikri təsdiq edirmiş kimi bildirir ki, uşaqlıq dövründə bu quşun az qala sirr daşıyıcısı, ən məhrəm adamlar arasında müjdəçi olduğuna inam gətirilmiş, hansısa əcaib təsirdən onu müqəddəslik haləsinə bürüyürmüş və əvvəllər kiminsə ona elə bu priz-madan baxmasından da hali deyilmiş. Sonralar dini kitablara marağı artdıqda şanapipiyin peyğəmbərlərin diqqətini cəlb etdiyini öyrənə bilmişdi. İslam dininin ali kitabında şanapipiyin Süleyman peyğəmbərin Səba hökmdarı Bəlqisə məktubunu çatdırmaq kimi vacib bir işə xidmət etdiyi göstərilir. Axı bu ünsiyyət sonralar onların arasında məhəbbət cığırına yol açmışdı. Ona görə də həmin quş insan adı olan “Hüd-hüd” adı altında məşhurlaşmağa başlamışdır. Quranın “Ən-Nəmi” surəsinin 22-ci ayəsində deyilir: “Bir azdan Hüd-hüd gəlib (Süleymana) dedi: “Sənin bilmədiyin bir şeyi öyrəndim. Sənə Səbadan doğru bir xəbər gətirmişəm”. Hüd-hüd Səba əhlinə padşahlıq edən qadın haqqında məlumat verir və bu xalqın Allaha deyil, Günəşə sitayiş et-diyini bildirir. Sonra isə Süleyman peyğəmbərin düz yola qayıtmaq barədəki məktubunu Bəlqisə çatdırır. Bax, beləliklə, şanapipik peyğəmbərin tapşırığını yerinə yetirir. Görünür, rusların şanapipik quşuna verdikləri “Udod” sözü də, yəqin ki, elə “Hüd-hüd” ifadəsindən yaranmışdır. Yazıçı dostum onu da səmi-mi qaydada bildirdi ki, heç müqəddəs kitaba bələd olmamışdan, bu qəribə zahiri əlamətlərə malik olan quşun adi varlıq olmaması qənaətinə gəlmişdim, onda daim hansısa bir qəribəlik, möcüzə əlaməti tapmağa cəhd göstərmişdim.

Lakin sonralar onun bu quşa olan aludəçiliyi uşaqlığa xas olan digər xüsusiyyətlər kimi sıradan çıxmış, təxəyyülün poetik çalarlarının yerini reallığın, gerçəkliyin amansız diqtələri, izləri tutmuşdur. İndi isə gözləmədiyi halda bu quş onun uşaqlığından uzun yol qət edib, uçub bu dövrə və məkana gəlmiş, sehrli bir möcüzə kimi, həm də onu geriyə, həmin illərə, doğma yur-da, vaxtilə özünün zərurətin hökmü ilə tərk etdiyi, sonralar isə bədbəxtliklər ucbatından qapısı hamının üzünə bağlı qalan, yolu itirilmiş kəndinə qayta-rırdı. Bu quş unudulmuş xatirələri oyatmaqla özünə məhrəm saydığı və dünyanın hər yerindən gözəl bildiyi təbiətin qucağına onu yenidən çatdırmış, ən azı onda bu arzunu şiddətli qaydada canlandırmış, həmin çağırışa biganə qalmağa səsləndirmişdir. Xırda bir quş adamın dünyasında belə gözlənilməz dəyişiklik etməyə, onu sarsıntıya salmağa qadirdir.

Dostum bu söhbəti lazımınca anlamadığımı hiss edib, elə bil ki, pünhan saxladığım fikirlərlə razılaşmadığını bildirdi. Gizlətmək istəmirəm, mən düşünürdüm ki, qocaman qələm sahibi xəyallar aləminin sərgərdanına çevrilmək təhlükəsi ilə üz-üzə gəlmişdir. Ona görə də öz hislərini adi sözlərlə izah etmək qərarına gəldi:

– Bilirsən, bu quş əhvalatı, bu cılız varlığın mənim ruhuma güclü təsir göstərməsi əslində bir qədər qəribə görünə bilər. Bəlkə də, bu düşüncələr təkcə mənə xasdır, ona görə də bunu başqaları mənimtək qəbul etmək istəmir, hətta belə fikirlərin yaranmasının özünə bir qeyri-adilik, qəribəlik, daha dəqiq desək, divanəlik kimi baxırlar. Mən heç kəsi qınamıram ki, niyə məni dərk etmir, axı bu idrakdakı qüsurdan hamımız əziyyət çəkirik və ya heç birimiz başqasının könlünə toxunmaqdan, ona zərbə vurmaqdan çəkinmirik. Yəqin ki, ahıl yaşımda uşaqlıq hislərinə qapıldığıma, çox sayda onilliklərin üstündən keçib, baş vermiş hadisələrin hətta xatirələrdən silindiyi aləmə yenidən səyahət etmək istəyində olmadığıma gülənlər də tapıla bilər, ruhumun haçalanıb məni əlavə əziyyətlərə düçar etdiyini güman edənlər də ola bilər. Onu da etiraf etməliyəm ki, belə düşüncələr heç də əzabsız ötüşmür, xatirələr süfrəsində şirin nemətlərlə yanaşı, acı təamları da dadmalı olursan. Şekspir Hamletin diliylə dediyi kimi, bu “yaddaş cədvəlini silib” ata bilmirsən. Bilmirəm nədəndirsə, bu quş da ilk dəfə seyr etdiyim yeri yada saldı, mənə keçən günləri, doğma yurdu, el-obanı xatırlatdı. Sənə də yaxşı məlumdur ki, mən həyatımdan narazı deyiləm, naşükürlüyümə görə Allah məni cəzalan-dırardı. Ruhumun fırtınaları ram edib, lövbər saldığı kitablarım öz oxucu kütləsinə malikdir. Dahilik iddiasında deyiləm, lakin qələmimin məhsullarını rəflərdə gördükdə məmnunluq hissi keçirdiyimi də dana bilmirəm. Ömür-gün yoldaşımla yarım əsrdən artıq bir müddətdə övladlarımı, sonra nəvələri-mizi böyütmüşük, indi isə nəticələrimizin nəslimizi davam etdirməsindən qürurlanırıq. Övladlarımın qayğısından şikayət etməyə də haqqım yoxdur, üstəlik də dövlət öz qayğısını, diqqətini əsirgəmir. Lakin birdən hansısa bir hiss məni bütünlükdə cuğlayır, özünə əsir etməyə çalışır, elə bil ki, ilahi bir səs məni doğma kəndə, onun çətinliklərlə və ehtiyaclarla dolu olan yaşayışına qayıtmağa səsləyir. İllər keçdikdən sonra həmin kasıblığın, imkansızlığın acıları öz dadını dəyişib şirinləşməyə başlayır və ötən dövr öz maqnitizmi ilə yenidən səni öz ağuşuna qaytarmaq istəyir. Bu hislərə qalib gəlmək bir yana, onlara duruş gətirmək də olduqca çətindir.

Sonra o, əvvəllərdə olduğu kimi, yenə də söhbəti öz doğma kəndinin, indiyə qədər əzizliyini itirməyən atasının, yaxınlarının üzərinə gətirib çıxardı. Atasını qəbirə tapşırdığı gündən üç onillikdən artıq bir vaxt keçir. Həyat çayının suları kimi insanlar ölüm adlanan dənizə axmaqda davam edirlər. Lakin insan öz əzizinin, doğmasının həyata vida deməsi ilə razılaşmaq istəmir, təskinliyi yalnız onların qəbrini ziyarət etməkdə tapır. Bu mümkün olmayanda insan öz müqəddəslərinə asi düşmüş kimi görünür. Əgər ata-ana qəbri üzərinə gedən cığırı ot basmışdırsa, bu övladların, nəvələrin qəbahətidir, günahıdır, nankorluğudur. Lakin səbəb özündən asılı deyilsə, məgər bu ruhlar qarşısındakı borcu kiçildə bilirmi, günahı azaltmaqda bəraət rolunu oynayır-mı? Son on beş ildə bu adam valideynlərinin qəbrini – özünün müqəddəs saydığı bu ehramı, dağlar qədər uca saydığı sadə sərdabələri ziyarət edə bilmir. Səbəb isə hamınınkı kimidir. Qarabağın digər gözəl guşələri kimi onun eli, yaşadığı torpaqlar, doğma kəndi ermənilər tərəfindən işğal olun-muşdur. Buz bulaqların nəğmə dediyi, ot örtüyünün zəriflik nişanəsi olan süsənlərin bəzədiyi meşələr, səhər-səhər əkinçiləri salamlayan torağayların şərqisi yaddan çıxa bilərmi? Yoxsa qan hərisliyi nankor qonşularımızın gözünü elə tutub ki, onlar düşmənçiliyi təkcə bütöv bir xalqa deyil, təbiət-meşələr, heyvanlar, quşlar üzərinə yaymaqdan da həzz alırlar? Təbiət, bir qayda olaraq, qoynunda gətirdiyi, böyüdüb boya-başa çatdırdığı, nəhayət, sonda öz qucağında əbədi məskən verdiyi varlıqlara ana olmağı bacarır. Yad-lara, xüsusən ölüm kabusunu müşayiət edənlərə isə təbiət heç vaxt ana münasibəti, doğmalıq göstərə bilməz. Çünki onun daimi sakinlərinin həyatı kimi onun özünün də məhvinə çalışanlar ona nəinki övlad məhəbbəti bəsləyə bilmir, əksinə ona da qənim kəsilmək kimi vəhşi istəyindən bir an da olsun geri çəkilmirlər.

Qocaman yazıçı onu da qeyd etdi ki, ahıl yaşa çatmaq çoxlarının arzu-sudur, baxmayaraq deyirlər ki, guya Allah sevdiklərini daha tez öz dərgahına aparır. İnsan yaşa dolduqca kamilləşir, dünyanın hər üzünü görmək imkanı qazanır. Bircə qüsuru odur ki, fəal həyatdan nisbətən uzaqlaşmalı olursan və bu, bir çox hallarda insanda lazımsızlıq kompleksinin yaranmasına səbəb olur. Lakin həyata bağlılıq olduqca böyük gücə malikdir, insan yaşadığı hər gündən cismən olmasa da, ruhən həzz almaq istəyir və son sap üzülənə qədər heç kəs həyatdan ayrılmaq istəmir.

Qocalığın insana bəxş etdiyi xüsusiyyətlərdən biri onu rahat yatmaqdan məhrum etməsi, şirin yuxuya, təbiblərin dili ilə deyilsə, dərin, sağlam yuxuya həsrət qoymasıdır.

Sonra o, dərindən bir ah çəkib, söhbətinə davam etdi:

– Mən olduqca az yatıram. Mürgüləyən kimi də yuxular rahatlıq vermir. Özü də hər gecə, özü də bir neçə dəfə doğma kəndimi, onun yaddaşlardan çoxdan silinmiş adamlarını görürəm. Yuxular mənim üçün kəndimi, onun əhalisini yenidən öyrənmək dərsliyinə, kinofilmə çevrilir. Yuxuda atamı, yaxınlarımı, qonşularımızı görürəm. Onların yanında mən yenə əvvəlki uşaqlığıma qayıdıram. Qəribədir ki, heç xatirimdə olmayan hadisələr, cizgilər yuxuda reallıq qazanır, anadan yetim qaldığıma, həlim xasiyyətimə, bəlkə də atamın kənddəki böyük nüfuzuna görəmi adamlar məni əzizləyir, hətta öz uşaqlarına da məndən muğayat olmağı, meşəyə oduna gedəndə, çaydan keçəndə mənə kömək göstərmələrini tapşırırdılar. Atamın isə nəvazişinə söz ola bilməz. Lakin bu nəvaziş leysanında mən azacıq narazılıq notları da hiss etməyə başlayıram. Bu narazılığı da heç kəsin üstünə yıxmaq istəmir, bircə onu dəfələrlə təkrar edir ki, hamımız günahkarıq, düşməni tanımamışıq, şirin dilinə uyub sayıqlığımızı itirmişik. Yuxudan ayılanda atamın sözləri qulaqla-rımda zəng səsi kimi cingildəməyə başlayır: “Bu dərdə necə dözürsünüz? Yoxsa nələrəsə aldanıb, dərdi yaddan çıxarmısınız? Axı insan üzərində dün-yaya gəldiyi torpağın qədrini bilməlidir, ona görə də ona anadan da əziz səslənən Vətən adını vermişlər”.

Atam bu sözləri mənə ünvanlandırır, başqa heç kəsi nəzərdə tutmur. Pis əməldə bulunan uşaq saflığı ilə mən də başımı aşağı salıb, onun tənə dadı verən sözlərinə, məzəmmətinə quluq asıram. Atamı da qınamıram, axı yuxu-da o, yalnız mənimlə görüşür, öz qayğılarını mənə söyləməyə imkan tapır. Oğlunun onu necə sevdiyinə, bir sözünə də etiraz etməyəcəyinə o, daim əmin olmaqda qalırdı və bu inamında yanılmadığını bilirdi. Digər tərəfdən onun sözlərində nəsə qeyri-düzgün olan bir şeyi tapmaq da mümkün deyildi. Ancaq etiraf etməliyəm ki, bu yuxular mənim əsəblərimi ərş hündürlüyündəki tarıma çəkir, bir an da olsun mənə rahatlıq vermir. Belə yuxulardan sonra alabəzək, kəkilli quş onların reallıq ehtimalını bir az da artırdı. Düşüncələrim reallıqla röya arasında hərəkət edən və fasilə verməyən bir məkikə çevrildi və o, quşa müraciət edirmiş kimi bədahətən gizli sözlərini təkrarladı:

– Əgər kəndimizə uçub getsən, qəbiristana yollan, üzünü orada yatanlara tutub mənim adımdan de ki, biz dirilər siz ölülər qarşısında günahkarıq. Xahiş edə bilmərik ki, günahlarımızı əfv edin. Bircə təvəqqəm odur ki, yuxuda bizi belə sərt qaydada mühakimə etməyin. Çəkdiyimiz ağrılar özümüzə bəsdir. Nə qədər şən olsan da, bu acını unuda bilmirik. Lakin biz ruhdan düşməmişik, torpaqlarımızın tezliklə azad olacağına ümidimiz günü-gündən artır. Bu ümid xülyaya deyil, ölkəmizin real qüdrətinə, dövlətimizin düzgün siyasətinə əsaslanır. Dirilərin ümidi ruhlara da sakitlik verməlidir.

Bu sözlərdən sonra o, bir qədər ürək nahiyəsindən ağrısı çəkilən adam kimi nəfəs almağa başlayıb əlavə etdi:

– Bax, “Şanapipik” hekayəsini buna görə qələmə aldım. Ölülərə bunu hətta sehrli quşla çatdıra bilməsəm də, ətrafdakılar qoy mənim mövqeyimlə bir daha tanış olmaq imkanı qazansınlar. Mən özlüyümdə hətta haqsız olan hər cür cəzanı çəkməyə də razılaşardım ki, təki torpaqlarımız azad olsun. Ölkəmizin ərazi bütövlüyünün bərpası onu belə arzuolunan sonluqla nəticə-ləndirənlərə həqiqi şərəf gətirməklə, bütün günahkarlara ibrət dərsi olacaq, onlara layiq olmadıqları, lakin çoxdan gözlənilən zəfərin gətirdiyi şadlıq əhval-ruhiyyəsindən doğan mərhəmətdən bəraət payı verəcək, bu isə ümumi razılıq mühitinin yaranmasına, əfvin, alicənablığın böyüklüyünə şərait yaradacaqdır.

Telman Xəliloğlu
“525-ci qəzet”, 27 avqust 2008-ci il

















 

© 2011. Bütün hüquqlar Əli İldırımoğluna məxsusdur.
www.aliildirimoglu.az və ya www.aliildirimoglu.com