Müsahibələr, söhbətlər
“HƏR KƏSİN ƏMƏLİ GEC-TEZ ÖZ QABAĞINA ÇIXMALIDIR”
– Əli müəllim, fəaliyyətinizin otuz beş ili sovet dövrü Azərbaycanında
ən nüfuzlu mətbuat vasitəsi olan “Kommunist” qəzeti ilə bağlıdır. Bir oçerkist və felyetonçu kimi Sizin kəsərli qələminizdən yüzlərlə, minlərlə talelər keçib.
Mərhum jurnalist Əhəd Muxtar “Telepat” felyetonlar kitabınıza yazdığı müqəddimədə Sizin tənqidi cəsarətinizi Əvəz Sadıq prinsipiallığı ilə müqayisə edir və onun yolunun inkişafı kimi dəyərləndirir. Felyeton-çu kimi Əvəz Sadıq məktəbinin davamçısı olmağınız fikri ilə razısızmı?
– Yox, mənim öz yolum var. Əvəz Sadığın qələminə böyük ehtiram bəs-ləyirəm. Baxmayaraq ki, o, çox az felyeton yazıb, amma yazdıqları savadlı, cəsarətli felyetonlardı. Bəzən felyeton yalnız tənqid etmək, asıb-kəsmək cəsarəti tələb edən bir janr kimi dəyərləndirilir. Halbuki yaxşı felyetonçu daha öncə yüksək savada, bilik və səriştəyə malik olmalıdır. Əvəz Sadıq da
hər mənada yaxşı felyetonçu idi.
– Bəs Cahangir Gözəlov?
– Allah rəhmət eləsin, Cahangir Gözəlov da tanınan, məhsuldar felyetonçu idi. Əllinci illərdən başlayaraq yetişən felyetonçular arasında bu janra
davamlı müraciət etməsi ilə seçilirdi.
– Bəs Sizin felyetonların mövzusu kimlər və nələr idi?
– Mən işləyən və qılıncının dalı da, qabağı da kəsən prokurorlardan, raykom katiblərindən yazırdım. Özü də bu işi gücsüzlərin, zəiflərin, fəhlə-kəndlinin tərəfində dayandığım üçün edirdim. Çünki mən həmişə gücsüzün tərəfində durduğum təqdirdə özümü güclü bilmişəm. Tərif, təltif qazanmaq naminə güclülərin sözünü deməmişəm.
Sizə bircə fakt deyəcəyəm. “Kommunist”in Naxçıvan Muxtar Respubli-kası üzrə xüsusi müxbiri işləyərkən Mənzər adlı cavan bir qadın gəlib mənə şikayət etdi ki, onu haqqı çatdığı ər evindən qovublar. Şikayətlə məşğul olmağa başladım. Elə ilk araşdırmada məlum oldu ki, qadının ərinin qohum-əqrəbası böyük vəzifələrdədir. Biri məktəb direktoru, biri prokuror, biri Nax-çıvan Ali Məhkəməsinin sədri, başqa birisi isə nazirdir. Şikayətçi qadınınsa tərəfini saxlayacaq kimsəsi yoxdur. Məsələni hərtərəfli öyrəndikdən sonra “Kommunist”də “Qəyyumun əhdi, hakimin hökmü” adlı felyetonla çıxış etdim və az sonra şikayət qadının xeyrinə həll olundu.
O vaxt Naxçıvan Muxtar Respublikası prokurorunun müavini işləyən Akif Abdullayev – yazıçı Çingiz Abdullayevin atası – mənə zəng vurub dedi ki, Əli, bir ildir bu işin öhdəsindən gələ bilmirdik. Biz qadının xeyrinə çalışır, qarşı tərəf isə qərarı dəyişdirirdi. Sən bir yazıyla problemi həll etdin, bizi də başağrısından qurtardın.
Bilirsiniz, mənim anlayışıma görə, iki qanun var. Birincisi yaşadığım, vətəndaşı olduğum dövlətin qanunu, ikincisi isə vicdan qanunudur. Dövlətin qanunları ictimai-siyasi şərait daxilində dəyişə bilər. Vicdan qanunları isə heç bir şəraitdə dəyişmir. Mən vicdan qanununu həmişə bütün qanunlardan üstün tutmuşam. Həmişə qorxduğum, çəkindiyim, hörmət etdiyim öz vicdanımın qanunları olub. Ona görə Allahdan sonra ən çox özümdən qorxmuşam. Hər hansı bir hərəkətim üçün özümü iki kürsüdən – dövlət və vicdan qanunları ilə mühakimə etmişəm. İndi də o qanunlarla gedirəm.
– Siz prokurorlardan, katiblərdən felyeton yazırdınız və yazılarınızın nəticəsi olaraq həmin prokurorları, katibləri vəzifələrindən azad edir, partiya töhməti verir, məsələlərini MK bürosuna çıxarırdılar. Necə bilir-siniz, bu o dövr mətbuatının, yoxsa o dövrün ideologiyasının gücüydü?
– Mən deyərdim ki, qanunun gücüydü. Mətbuat da qanunun tərəfində
dayandığı üçün güclüydü.
– Əli müəllim, ümumiyyətlə, Sizin bioqrafik əsərlərinizdən də, qəzet-jurnallara verdiyiniz müsahibələrdən də görünür ki, sovet mətbuatının streotiplərinə, qadağalarına, senzurasına baxmayaraq, müstəqil Azər-baycan mətbuatı ilə müqayisədə üstünlüyü birinciyə verirsiniz.
– Çünki o dövr mətbuatında sözə məsuliyyət, peşə etikası, mənəvi-əxlaqi normalar vardı. Adicə rayon qəzetləri indiki “mənəm-mənəm” deyən respub-lika qəzetlərindən güclü və nüfuzluydu. Mətbuatı dördüncü hakimiyyət adlandırırlar. Onda mətbuat dördüncü yox, deyərdim ki, ikinci hakimiyyət idi. Hanı indi o güc?! Adı demokratiyadır... Əlbəttə, mən istərdim ki, milli mətbuatımız “Nyu-York Tayms” səviyyəsində olsun. Amma fakt budur ki, hazırda mətbuatımız hərc-mərclik dövrü keçirir.
“Spartak” romanında üsyan başçılarından biri olan Fressaloni qılıncını qaldırıb deyir ki, əgər siz azadlığı hərc-mərclik, başıpozğunluq... başa düşür-sünüzsə, elə bir azadlıq bizə lazım deyil! Bizə nizam-intizam, qayda-qanun lazımdır... mən anarxiyaya çevrilən demokratiyaya nifrət edirəm.
– Məncə, sovet mətbuatının əsas səciyyəsi partiyalılığında və fəaliy-yətini partiya direktivləri ilə müəyyənləşdirməsində idi. Yəni partiyanın ruporu, sözçüsü olmaqdan çıxıb öz sözünü demək, müstəqil iradə nümayiş etdirmək mətbuat üçün fövqəladə cəsarət demək idi. Siz “Kom-munist”in belə bir iradəsini görmüsünüzmü?
– Partiyanın ideologiyasına əks getmək, sözsüz ki, mümkün deyildi. Amma “Kommunist”in MK katibləri səviyyəsində partiya bosslarının iradə-sinə qarşı dayandığı hallar olub.
O vaxt “Bir cənub şəhərində” filminin nümayişi gedirdi. Mərkəzi Komitənin katibi Cəfər Cəfərov bütün respublika qəzetlərinin rəhbərlərini yığıb dedi ki, bu qeyri-adi bir filmdir və onu yüksək səviyyədə təbliğ etmək lazımdır. “Bakinski raboçi”, “Azərbaycan gəncləri”, “Sovet kəndi”, bir sözlə, əksər qəzetlər tapşırığa əməl edib yazdı ki, bu film tapıntıdır, Azərbaycan ki-nosunda nadir hadisədir və s.
“Kommunist”in redaktoru Ağababa Rzayev isə “Bir cənub şəhərində” filminə baxandan sonra onu milli mənəviyyata yabancı film adlandırdı. Və film “Kommunist” qəzetində kəskin tənqid edildi. Baxmayaraq ki, MK o filmin tərəfində idi. Filmi tərif edən qəzetlərin redaktorları zəng vurub dedi ki, Ağababa, sən düz yazmısan, bizim kişiliyimiz çatmadı. Mərkəzi Komitə-nin şöbə müdiri T.Əliyev isə təpinmişdi ki, bu nədir yazmısınız, MK xəttinin əleyhinə çıxırsınız? İzahat yazın, məsələni Katiblikdə müzakirə edəcəyik.
Ağababa müəllim bu sərt mesajdan təmkinini pozmamış və cavab ver-mişdi ki, mən MK xəttinə qarşı yox, ideya əleyhdarlarımıza qarşı çıxmışam. İzahatım da qəzetdə yazdıqlarımdır. O ki qaldı qəzetin mövqeyinin Katiblikdə müzakirəsinə, mən istərdim, bu daha yuxarı instansiyada – MK bürosunda müzakirə edilsin.
Şöbə müdiri Ağababa müəllimin cəsarətini, qorxmazlığını görüb daha bir
söz deməmiş və söhbət bununla da bitmişdi.
– Yeri gəlmişkən, Siz “Közərən sətirlər” romanında Ağababa Rza-yevin çox işıqlı portretini yaratmısınız. İnanmaq çətindir ki, Mərkəzi Komitənin orqanında o cür dəyanətli, şir ürəyi yeyən redaktor olub və o, bir müxbirin tərəfini saxlamaqla Naxçıvan Muxtar Respublikasının və Azərbaycan KP MK-nın yüksək mənsəbli funksionerlərinə qarşı çıxıb.
– Bəli, müəyyən qrup yüksək vəzifə sahibləri istəmirdilər ki, mən Nax-çıvanda qalıb onların əl-ayağına dolaşım. Redaksiyaya və Mərkəzi Komitəyə mənim əleyhimə anonim məktublar təşkil edib göndərmiş, hətta MK-nın təşkilat şöbə müdirini və katibini bu kampaniyaya qoşmuşdular. İş o yerə çatmışdı ki, MK katibi Yelstratovun göstərişi ilə məsələni vilayət komitəsinin bürosuna çıxarmış, Ağababa müəllimi də dəvət etmişdilər ki, gəlib məni ya birdəfəlik qəzetdən, ya da Naxçıvan üzrə bölgə müxbirliyindən azad edib başqa bölgəyə dəyişdirsin.
O vaxt Ağababa müəllim “Kommunist”ə təzə gəldiyindən, mən onu tanımırdım. İlk dəfə Naxçıvanda gördüm. Dəmiryolu vağzalında pişvazına çıxan yüksək vəzifəlilərə və onların vilayət komitəsinin qonaq evində qalmaq təklifinə etina etmədən mənimlə şəhər mehmanxanasına getdi. Səhəri gün isə vilayət rəhbərlərinin işdən getmə tələbini qaldırdığı və o günədək şəxsən tanımadığı bir müxbirin – mənim evimə gəldi, birgə nahar etdik.
Sözarası iş-gücümlə, əleyhimə toplanmış materiallarla bağlı müəyyən suallar verib münasibətimi öyrəndi. Günün ikinci yarısı isə vilayət komitəsin-dəki toplantıda sinəsini qabağa verib güclü bir kampaniya ilə döşləşdi və Naxçıvanda “persona-non-qrata” hesab olunan müxbirini birmənalı şəkildə müdafiə etdi.
Ağababa Rzayev on altı il “Kommunist”in redaktoru işlədi. O dövr üçün bu vəzifə MK katibi səviyyəsində iş idi. Amma Ağababa müəllim öləndə onu dəfn etməyə ailəsinin maddi imkanı yox idi. Onun dəfninə oğlumla mən kömək etdim.
Sonralar da ayın-oyun düzəldib ailəsinə baş çəkirdim. Qonşu payı ilə qarın doymaz. Ağababa müəllimin ailəsi də, ümumiyyətlə, tavansız olduğuna görə dolana bilmədi. Axırda evi satdılar və o koma dağıldı. Niyə? Çünki Ağababa müəllim çox böyük vəzifə sahibi olsa da, kristal kimi təmiz adam idi. Mən əminəm ki, onun əlinə halal maaşından başqa pul dəyməmişdi.
Redaksiyanın nüfuzlu işçilərindən biri vardı. Günlərin birində gördüm ki, bərk pörtmüş halda Ağababa müəllimin kabinetindən çıxır. Yaxınlaşıb nə baş verdiyini soruşanda dedi ki, bir adam haqqında tənqidi material yazıblar. Onunla dostuq. Mənə “Volqa” maşınının açarını verib dedi ki, Ağababa müəl-limə təqdim edim və material qəzetdə getməsin. Lakin o, sözümü bitirməmiş düyməni basıb tapşırıq verdi ki, material səhərki nömrədə mütləq getməlidir, məni isə kabinetindən qovdu.
İndi Siz deyin görüm, bu cür tərbiyə görmüş bir adamın pulu hardan olmalıydı?!
– Əli müəllim, müstəqil milli mətbuatın ən çox hansı xüsusiyyətlərini məqbul hesab etmirsiz?
– Şəxsi hislərin, ehtirasın əsirinə çevrilməsini. Açıq-aşkar görünür ki, bu gün böyük bazarlardan biri mətbuatdadır. Bu, öləndə üstünü örtməyə “Əkinçi”dən başqa bir şeyi olmayan böyük Həsən bəy Zərdabinin ruhuna, ideyalarına hörmətsizlikdir.
İndiki mətbuatın heç cür qəbul etmədiyim daha bir cəhəti ədəb, tərbiyə hədlərinin gözlənməməsidir. Demokratiya yalnız hər şeydən azad olmaq demək deyil. Demokratiya həm də intizam, ədəb, tərbiyə deməkdir.
Bir dəfə qəzetlərdən birində xəbər dərc olunmuşdu ki, Bakıda, filan xəstəxanada Zəlimxan Yandarbiyevin arvadının sidik kanalında cərrahiyyə aparılıb. Əvvəla, bu siyasi cəhətdən Azərbaycanın maraqlarına ziddir. Mət-buat belə bir informasiyanı verir, kəşfiyyat da altını cızıb Moskvaya göndərir ki, bax, görürsən, Azərbaycan çeçenləri müdafiə edir. Ədəb tərəfi isə daha dözülməzdir. Qadın haqqında belə şey yazmaq olmaz axı. Bu islam əxlaqını da, Şərq mentalitetini də tapdalamaqdır.
Yenə qayıdıram o fikrimə ki, hazırda milli mətbuatımız hərc-mərclik dövrünü yaşayır. Düzdür, demokratiya adlı bir ting basdırılıb. Amma o, nə çiçək, nə qol-qanad açıb, nə bar gətirib ki, görəsən, dadı nədir. Çünki hələ körpəlik dövründədir. Qayğısına qalıb o körpə tingi yaxşı böyütməkdənsə, indidən qol-qanadını yoluruq.
– Ömrünüzün qırx ilini mətbuata həsr etmisiniz və bu gün də qələmi yerə qoymursunuz. Amma mətbuatdan kənarda dayanmısınız. Səbəb yalnız hərc-mərcliklə barışmazlığınızdır?
– Baxmayaraq ki, sovet dövründə bütün qəzetlərə abunə yazılırdım, heç vaxt poçtalyonu gözləmirdim ki, nə vaxt qəzet gətirəcək. Poçta zəng edib öyrənir, adam göndərib qəzetləri ümumi yayımdan qabaq gətirdir, dərhal oxu-yurdum. Amma indi, açıq deyirəm, evimə qəzet qoymuram. Onu deyim ki, televiziyaya da çox baxmıram. Çünki televiziya ədəbsiz şeylər göstərir, uta-nır, xəcalət çəkirəm. Bir sözlə, bugünkü çap və elektron informasiya vasitə-lərində Həsən bəy Zərdabinin, Əbdürrəhim bəy Haqverdiyevin, Cəlil Məm-mədquluzadənin, Üzeyir Hacıbəyovun ruhunun, ənənələrinin ləyaqətli davamını görmürəm.
– Əli müəllim, ədəbiyyatın missiyası nədir və Siz nə cür ədəbiyyatı se-virsiniz?
– Ədəbiyyatın hədəfi insan qəlbidir, düşüncədir. Ədəbiyyat qəlbləri fəth etmək istəyirsə, gərək həmsöhbət olduğu insanlara nələrisə desin. Özü də elə desin ki, ali həqiqətlər ümumi şeylərə çevrilməsin. Soruşa bilərsiniz ki, nədir ali həqiqət. Daniel Defonun “Robinzon Kruzo” romanında cəzirəyə düşən adam elə hey fikirləşir ki, mən haçan burdan xilas olacağam, ilahi? Qəlbi qamış komasına nifrətilə dolduğu zaman dənizin ənginliklərində bir qaraltı görür, düşünür ki, yəqin insandır, mən də gedim, qoşulum ona. Gedəndə qayığı sualtı axına düşür, nə qədər cəhd etsə də, ordan çıxa bilmir və qayıq qayaya çırpılıb dağılmaq təhlükəsi ilə üzləşərkən əli yerdən-göydən üzülən Robinzon bir az əvvəl nifrət etdiyi komasına böyük həsrətlə baxır ki, kaş, ora qayıda biləydim.
Mənə görə, Robinzonun düşdüyü situasiyada qədrini bilmədiyi ali həqiqət o qamış komadır. İnsan qəribə məxluqdur, ilahinin ona bəxş etdiyi xoşbəxtliyin qədrini bilmir, daim başqalarındakının həsədini çəkir. Bu həm də Sizin sualınızın ikinci hissəsinə cavabımdır. Yəni mən o kitabları çox sevirəm ki, onlarda böyük ibrətamizlik var. Şekspir, Hüqo, Heminquey, Tols-toy, Qorki, Şoloxov, Aytmatov – bu yazıçıların əsərləri mənim stolüstü kitablarımdır. Ələlxüsus da Şekspirlə Hüqonun kitablarını o qədər vərəqlə-mişəm ki, vərəqlər, az qala üzülüb. Bu iki yazıçını mən canlı kimi insandan yuxarıda dayanan xüsusi məxluqlar hesab edirəm.
Bir də o kitabları sevirəm ki, yazıçıya fəhmlə gəlsin, necə ki, “Qurani-Kərim” Məhəmməd peyğəmbərə vəhylə gəlib. İki cür ədəbiyyat var. Birin-cisi, fəhmin, istedadın, ikincisi, savadın hesabına yazılır. Məsələn, Əliağa Vahid elə bir məktəb-zad qurtarmamışdı, Aşıq Ələsgər də həmçinin. Ancaq birinin sözləri muğamda, o birininki sazda gəzir. Biri klassik, o biri xalq şeirinin dühalarındandır.
Ədəbiyyat institutu, akademiya bitirmiş çoxlu yazıçılar da var ki, yad-daşlarda bir izi qalmır.
– Yazıçının başqa bir yazıçını möhkəm sevməsi onu hardasa təsir altına da sala bilər. Siz öz üzərinizdə belə bir təsir hiss edirsinizmi?
– Məsələn, bizim Azərbaycan yazıçıları içərisində İlyas Əfəndiyevin dili çox
xoşuma gəlir və ola bilsin, mənim əsərimdə onun dilinin müəyyən təsiri var.
– Siz ilk bədii yaradıcılığa hekayələrlə başlamısınız. Mövzusu müasir həyatdan götürülsə də, tipologiyasına görə həmin hekayələr klassik hekayəyə daha yaxındır. Klassik hekayə dedikdə XIX əsrin sonu – XX əsrin əvvəllərində yaranan rus və bu əsasda formalaşan Azərbaycan hekayələrini nəzərdə tuturam. Məsələn, deyək ki, “Yumurta boyda dən” hekayəniz Tolstoyun birinci yaradıcılıq dövrü hekayələri ilə səsləşir. Hətta onun 1870-ci illərdə yazdığı eyniadlı hekayəsi də var. “Bir qulac kəndir”, “Xalis bal”, “Minnət” səpgili satirik hekayələrinizi isə Əbdür-rəhim bəy Haqverdiyevin və Mirzə Cəlil ənənələrinin davamı hesab etmək olar.
– Bu doğrudur ki, XIX əsrin sonlarında rus yazıçısı Lev Tolstoy, XX əsrin sonlarında isə Azərbaycan yazıçısı Əli İldırımoğlu eyniadlı hekayə yazıb. Hətta o hekayələrdə istinad olunan əfsanə də bir-birinin əkiz tayıdır. Lakin məsələ burasındadır ki, mən yumurta boyda dən əfsanəsini eşidəndə səkkiz yaşımda idim və o yaşda Tolstoyun əsərlərini oxumaq bir yana, heç öz adını da eşitməmişdim.
O zaman Qubadlıda çay bağları deyilən cənnət kimi bir yer var idi. Yayın əvvəllərində bir dəstə kəndli orada ot biçərdi. Atam da onların içindəydi. Mən günortalar ona çörək aparırdım. Biçinçilər nahar edəndən sonra dinclərini al-maq üçün hərəsi bir səmtə dirsəklənib maraqlı söhbətlər edər, əfsanələr, rəva-yətlər danışardılar. Yumurta boyda dən əhvalatını da onda – təxminən yetmiş il əvvəl eşitmişəm və eşitdiyim kimi də səksəninci illərdə qələmə almışam.
İki hekayə arasında paralelliyə gəldikdə, mən bunu Siz deyən kimi səs-ləşmə və yaxud üst-üstə düşmə hesab etməzdim.
Rusiya ilə Azərbaycan coğrafi baxımdan bir-birinə çox yaxındır. İki yüz illik siyasi bağlılıq da nəzərə alınarsa, eyni əfsanənin bir xalqdan digər xalqın dilinə keçməsinə mümkün hal kimi baxılmalıdır. Və təbii ki, əfsanə çox ibrətli, nəsihətamiz olduğundan gec-tez ədəbiyyat malına çevrilməliydi.
Mənim hekayəmi Gəray Fəzli illər öncə televiziya üçün səhnələşdirmiş və çox maraqlı tamaşa alınmışdı. Çünki hekayədə halallıq, düzlük, insani ünsiyyət kimi bəşəri, fəlsəfi məsələlər qoyulub. Deyərdim ki, o balaca heka-yənin canında iyirmi beş-otuz çap vərəqi həcmində bir romanın yükü var.
Ümumiyyətlə, mən uşaqlıqdan qədim rəvayətlərin, köhnə kişilərin söhbət-lərinin vurğunu olmuşam. Sonradan məlum olur ki, xalq təfəkkürünə həssas-lığım bu və digər formada yaradıcılığıma da təsir edib. Necə ki, demişlər:
Kömürçü yanından keçmişsən isə, Qayıtmazsan geri batmamış hisə. Ətirçi yanında dolansan əgər Üstündən-başından saçılar ənbər.
Qaldı ki, Əbdürrəhim bəy Haqverdiyevlə Mirzə Cəlilə, mən onların hər ikisini çox sevirəm. Yaradıcılıqlarını dönə-dönə oxumuşam. Mirzə Cəlilin “Qurbanəli bəy” hekayəsini on üç-on dörd yaşında əzbər bilirdim, Əbdür-
rəhim bəy Haqverdiyevin “Bomba” hekayəsini də həmçinin. Onlar çox nadir ədəbi şəxsiyyətlərdir və milli hekayəmizin inkişafında böyük xidmətləri vardır. Onların yaratdığı məktəbin nəsimi, klassik kökə bağlılıq mənim hekayələrimdə də duyulursa, bundan ancaq şadam.
Lakin mən bir yazıçı kimi bədii yaddaşa deyil, həmişə canlı müşahidələri-mə üstünlük vermiş, görüb-eşitdiklərimi, marağıma səbəb olan hadisələri qələmimə almışam. Məsələn, bayaq Siz “Minnət” hekayəsinin adını çəkdiniz. Hekayədəki əhvalat olub 1957-ci ildə. O vaxt Naxçıvanda Dövlət Təhlükə-sizlik Komitəsinin sədri vardı, Məmməd Əlizadə. Onunla dost idik. Bir gün gülə-gülə mənə dedi ki, Əli, görürsən də dünyanın işlərini. Soruşdum ki, nə olub. Bax, onda Məmməd müəllim hekayədəki əhvalatı danışdı. Dedi ki, plenumda Vilayət Partiya Komitəsinin büro üzvlərini seçdilər. Seçilənlər arasında mən də vardım. Plenumdan sonra gah vilayət komitəsinin birinci katibi, gah Nazirlər Sovetinin sədri, gah da digər rəhbər işçilər məni yanlayıb boynuma minnət yükləyirlər. Bu deyir, səni mən seçdirmişəm, o deyir, mən seçdirmişəm. İndi karıxıb qalmışam, bilmirəm, kimin minnətini götürüm...
Aradan qırx-qırx beş il keçəndən sonra mən dostumun başına gəlmiş əhvalat əsasında “Minnət” hekayəsini yazdım. “Bir qulac kəndir”, “Xalis bal”, “Qardaşı generaldı”, “Padşah kimi vəzifə”, “Daş” və başqa hekayələri-min mövzusunu da canlı həyatdan götürmüşəm.
Bilirsiniz, hamı hər şeyi görür, seçmək isə hamıya müyəssər olmur. Mənim vəzifəm, işim elə olub ki, həyatda çox şey görmüş və yazıçı fəhmi ilə ədəbiyyat malı olanları seçmişəm. Demək istəyirəm ki, mövzu üçün kosmosa çıxmağa, İrana, Turana getməyə ehtiyac yoxdur. İçində yaşadığımız həyat, təmasda ol-duğumuz mühit ən çeşidli mövzularla doludur və yazıçıya, sadəcə, seçmək qalır.
– 60–70-ci illər ədəbiyyatında şəhərlə-kəndin bir-birinə qarşı qoyul-ması tendensiyası mövcud idi. Bu meyl Sizin əsərlərinizdə də müşahidə olunur, amma Siz ənənəvi yanaşmadan fərqli olaraq şəhər-kənd prob-lemini lokal müstəvidən çıxarıb sivilizasiya ilə mədəniyyətin toqquşması səviyyəsinə qaldırır, hətta Qarabağ müharibəsinin mənbəyini də siviliza-siya beşiyi olan şəhərlərdə axtarırsınız. Məsələn, “Közərən sətirlər” romanınızda belə bir fikir var ki, Ermənistanla Azərbaycan arasında konfrontasiyanın ideya mərkəzləri şəhərlərdir.
Məşhur erməni artisti Armen Cıgarxanyanı, yəqin ki, tanıyırsınız. Ondan Qarabağ məsələsinə münasibətini soruşanda deyib ki, Qarabağ müharibəsinin günahkarları erməni ziyalılarıdır.
– Şahidi olduğum, yaşadığım canlı həyat müşahidələrinə əsasən mən bu qənaətə daha əvvəl gəlmişəm.
Uşaq olanda babam yayda məni özüylə Gorus ətrafındakı Üçtəpə yayla-ğına aparırdı və orada ermənilərlə yaylaq qonşusu olurduq. Alaçıqlarımız yanaşı qurulurdu. Mal-qaramız, itlərimiz bir-biri ilə imsiləşir, yalaşır, toyuq-larımız, Cabbarlının təbirincə desək, bir hində yumurtlayır, insanlarımız isə qaynayıb-qovuşurdu. Bir sözlə, dava kənddə heç kimin ağlına gəlmirdi.
Şəhərlərdə yaşayan erməni ziyalıları isə sadə erməni kəndlisi kimi düşünmürdü. Həkim müayinə edərkən Avetik İsaakyan kimi adam deyirdi ki, Dağlıq Qarabağ, Naxçıvan Ermənistana birləşməyincə mənim ürəyim sakit ola bilməz. Dediyim budur ki, müharibə, qan, torpaq iddiası, ideyası şüurlara toxum kimi yuxarı təbəqədən səpilirdi. Yusif Vəzir Çəmənzəminlinin “Qan içində” romanında da var ki, sadə xalq bir-biri ilə mehribandır, dostdur, müharibəni salan erməni məlikləridir.
Bəli, müharibə yuxarılarda, şəhərlərdə məskən salan şeytanların əməllə-ridir. O şeytanlar da zori balayanlardır, silva kaputikyanlardır, aqanbekyan-lardır. Zori Balayan Cəfər Cabbarlı kimi humanist yazıçı olsaydı, alışqan rolu oynayan “Ocaq” kitabını yox, sülhə, dincliyə çağıran “1905-ci ildə”ni yazardı. Amma bu adam təkcə bizim yox, öz xalqının da bir nömrəli düşmənidir. Çünki Ermənistanı Balayan kimilərin əsərləri, neofaşist ideyaları müharibəyə, fəla-kətə sürükləyib. Bu cür qan-qan deyənlər fikirləşməlidirlər ki, Ermənistan və Azərbaycan tale qonşularıdır, heç birinin köçməsi mümkün deyil. Hər iki mil-lətin xeyri, nicatı ondadır ki, ümumi dil tapıb yaşasın. Ziddiyyətlər həmişə qır-
ğınlara aparan yoldur və mənim fikrimcə, bu ziddiyyətlər sivilizasiyadan törəyir.
– Bu cür birmənalı hökm çox konservativ deyilmi?
– Bilirsiniz, elmi-texniki tərəqqi, sivilizasiya xeyrə də, şərə də xidmət edə bilər və mən xeyrə xidmət edən sivilizasiyanın əleyhdarı yox, tərəfdarıyam. Eynşteyn atom sahəsində dünyanın bir nömrəli mütəxəssisidir. Amma onun kəşfinin, axtarışlarının nəticəsi kütləvi insan qırğınları və təbiətin məhvi oldu. Atom, nüvə silahlarının qapalı poliqonlarda sınaqdan çıxarılmasının dünyaya gətirdiklərinə baxaq; daşqınlar, zəlzələlər, atmosferin ozon təbəqəsinin deşilməsi, epidemiyalar... Belə sivilizasiya kimə lazımdır?! Anlamaq lazımdır ki, bəşəriyyət təbiiliyindən uzaqlaşdıqca təbii fəlakətlər artır.
Mən Laurensin “Atom və insan” kitabını oxuduqdan sonra bu qənaətə gəlmişəm ki, sivilizasiya geci-tezi dünyanı məhv edəcək. Alimlərin hesabla-malarına görə, kobaltla örtülmüş bir atom bombasının partlaması bütün canlı aləmi məhv edər. Bir neçə atom bombası isə Yeri mehvərindən çıxara bilər. Dünya məhvə gedir və bir yazıçı fəhmi ilə mən bunu görürəm.
– Amma, Əli müəllim, sivilizasiya qarşısı alınmaz prosesdir və insan mağaranı tərk edəndən indiyədək daim irəli gedib. Bu təqdirlə, yazıçının keçmişin tərəfində dayanması hardasa Don Kixot cəhdinə bənzəmirmi?
– Donkixotluq nəyə deyirsiniz ki? Bax, mən səksən yaşıma yaxınlaşıram, hələ də anam yadıma düşəndə ağlayıram. Baxmayaraq ki, anam rəhmətə gedəndə körpə uşaq idim. Amma döşlərindən əmdiyim süd onu unutmağa, daha geniş mənada kökümü, mənşəyimi, dəyərləri unutmağa qoymur.
Bugünkü vəziyyətə baxaq: qadın uşağı doğandan sonra ona yiyə durmur. Fiqurası korlanmasın deyə pul verib “nyanka” tutur, o da uşağa “malış”dan, “malyutka”dan verib səsini kəsir. Analıq, atalıq, valideynlik hissi ilə tərbiyə olunmayan uşağın isə gələcəkdə analoji hisləri və vicdanı ola bilməz. Belə uşaqlar sonralar böyüyüb naqis işlər tuturlar.
“Zorən jurnalist” romanında Mürsəl adlı bir qaçaq obrazı var. Əsl adı Fərhad olan həmin qaçağın qarət üçün qarşısını kəsdiyi adamların içində Mərziyə adlı bir qadın da var idi. O, kişilərin bazarlığından bir çox şeylər götürsə də, qadının bir çöpünü də almadı. Dedi ki, mən sovet hökumətindən qaçaq düşüb azadlığımı itirsəm də, müsəlmançılığımı itirməmişəm. Bu dün-yada qadın qarət edib o dünyaya şuğlüzmə gedə bilmərəm. Çünki o, qaçaq “malış”la yox, öz təbii həyatı ilə, ana südüylə, ata məhəbbətiylə böyümüşdü.
Sivilizasiya isə insanı kulonluğa, əsilsizliyə, laboratoriya mənşəyinə aparır.
– “Közərən sətirlər”, “Qarlı gecələr”, “Mənim rəncbər atam” roman-larınızdan keçmiş dövrlərin xiffəti görünür. Bu xiffət həm də o dövrün – sovet quruluşunun ayrı-ayrı şəxsiyyətləri ilə bağlıdır.
– Mən belə düşünürəm. İkinci Dünya müharibəsindən sonra Fransanın pre-zidenti olmuş Şarl de Qollun maraqlı bir fikri var. O deyib ki, Stalin Rusiyanı aqrar bir ölkədən kosmosa gedən bir dövlətə çevirdi. Amma Stalindən sonra onu əvəz edəcək adam olmasa, o quruluş dağılmalıdır. Tarix uzaqgörənliklə deyilmiş bu fikri təsdiq etdi. Stalin öləndən sonra sovet dövlətinin sükanı şəxsi hislərinin əsiri olan, hakimiyyətdən başı çıxmayan Nikita Xruşşovun, sonra daha başqalarının əlinə keçdi və o nəhəng dövlət maşınını dağıtdılar.
Əlbəttə, o dövrün müəyyən əskiklikləri var idi. Məsələn, məcburi plan və sosialist öhdəlikləri, yalançı əmək qəhrəmanları yaradılması, partiya struk-turlarında qeyri-sağlam adamların olması və sair. “Zorən jurnalist” roma-nımda bu qüsurları göstərməklə yazıçı mövqeyimi bildirmişəm.
Amma gəlin, vicdanla deyək, o dövrdə adamların əsəblərini, həyatlarını korlayan faktorlar çox idi, yoxsa indi? O dövrdə otuz il “NKVD” rəisi işləyən adam özünə bir koma qaralaya bilmirdi. Hüseynqulu Qurbanəliyev adlı bu insanı mən şəxsən tanıyırdım. Özü də bu istisna hal deyildi, sistemin mahiy-yəti idi. Kürsü sahiblərinin hər addımına nəzarət olunurdu. Məsələn, “Közə-rən sətirlər”də təsvir etdiyim Respublika Dövlət Təhlükəsizlik Komitəsinin sədri Yemelyanov qızına cehiz düzəltmək üçün iyirmi kiloqram yun gətirdə bilmirdi ki, birdən yuxarılarda xəbər tutarlar.
– Bu ki qorxudur.
– Bəli, qorxu var idi, eyni zamanda, bir fanatiklik, düzlük də var idi. Ona görə də yüksək maaş alan vəzifəli şəxslə fəhlənin yaşayışında fərq çox az idi. İndi isə rüşvət, korrupsiya baş alıb gedir, necə deyərlər, dəvəni dəngiynən, yəni yükü ilə birlikdə udurlar, amma səsi də çıxmır.
– Yaxşı, bəs amansız repressiyalara, kütləvi insan qırğınlarına nə ad vermək olar? Məsələn, elə öz respublikamızı götürək. Hesablamalar göstərir ki, otuz yeddinci il repressiyasında güllələnən, katorqalara sürgün edilən azərbaycanlıların sayı İkinci Dünya müharibəsində verdi-yimiz qurbanların sayına bərabərdir.
– Bu statistikada, yəqin ki, müəyyən həqiqət var. Amma onu da unutmayaq ki, Azərbaycanda repressiya faktları ittifaqın digər respublikaları ilə müqa-yisədə daha az idi.
İkincisi, Azərbaycan hökuməti nə edə bilərdi ki, Moskvanın nümayəndəsi
gəlib Bakıda oturmuşdu.
– Sizcə, Mikayıl Müşfiqi, Hüseyn Cavidi, Əhməd Cavadı da Moskva-nın nümayəndəsi seçirdi, ya onlar nişan verilirdi?
– Qərb bölgəsində “Kommunist”in müxbiri işləyərkən Yevlaxdan olan bir nəfər yaşlı ziyalı mənə Hüseyn Cavidin bir şeirini oxudu. Türkiyə qəzetlə-rindən birində çap olunmuş həmin şeirin bir misrasında Cavid yazır ki, ulayır Rusiyada bir Ulyanov. Şübhəsiz ki, bu həcvi rus səfirliyi göndərib Moskvaya və nəticəsi də məlumdur. Yəni, biz işin təfsilatını, qaranlıq tərəfini bilmədən ittiham edirik ki, Cavidi Bağırov repressiya edib. Əsl həqiqəti bilmədən bu şəxsiyyət haqqında ağızlarına gələni yazır, dibini görmədikləri quyuya daş atırlar.
– Amma yazıçı Əli İldırımoğlu cəmiyyətə “xalq düşməni” kimi tanıt-dırılan Mircəfər Bağırovu tamam başqa ampluada – işıqlı, qeyrətli, cəsarətli, təmiz bir şəxsiyyət kimi təqdim edir.
– Bağırov haqqında həqiqətləri bilmədən onu baltalamaq 1956-cı ildə SSRİ prokuroru Rudenkonun verdiyi və Nikita Xruşşovun arzusunca olan hökmü alqışlamaqdır. Düzdür, Bağırovu şəxsən tanımırdım. Amma onun dövründə yaşamış və baş verən hadisələrin şahidi olmuşam. Ona görə təəccüblənirəm, Bağırov necə xalq düşməni ola bilərdi ki, ağır müharibə şəraitində rayonları, kəndləri gəzib əhalinin vəziyyəti, dərdi-səri ilə tanış olur və hər yerdə özündən sonra bir işıqlı əməl qoyurdu.
Məsələn, Qubadlı rayonunun Muradxanlı kəndində məktəbyanı internat məhz Bağırovun göstərişi ilə yaradılmışdı ki, burada müharibədə həlak olanların sahibsiz uşaqları oxuyur, təhsildən kənarda qalmırdı.
Başqa bir misal; Qubadlıda təsərrüfat başçılarından biri Yusif adlı müəl-limə əl qaldırmışdı. Müəllim döyüldüyünü o vaxt maarif naziri işləyən Mirzə İbrahimova, o da Mərkəzi Komitəyə çatdırır. Bağırov məsələni bildikdə dərhal rayona yoxlama göndərir və yoxlamanın nəticəsi MK-nın bürosunda müzakirə olunur. Bir müəllimə vurulan şapalağa görə hətta Qubadlının Lenin ordenli raykom katibi də cəzadan yaxa qurtara bilmədi. İndi deyin görüm, xalq düşməni xalqın uşağına, xalqın müəlliminə bu cür qayğı göstərər?!
Təmizliyinə də o dövrdə yaşamış vicdanı olan hər kəs əmindir. Bağırov Qubada yaşayan bacısına hansısa sovxozdan bir maşın müftə ot gətirtdiyinə görə Sibirə sürgün etdirmək istəyirmiş. MK-nın büro üzvləri böyük çətinliklə onu fikrindən döndəriblər.
– “Közərən sətirlər” romanında Mircəfər Bağırovun Ümumittifaq Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsində mühüm vəzifə tutan Malenkova məktubundan müəyyən parçalar vermisiniz. Həmin məktubla şəxsən tanışsızmı?
– Bəli, məktubla arxivdə tanış olmuş və surətini də çıxarmışam.
– Məktubdan belə məlum olur ki, Bağırovun şəxsi iradəsi, cəsarəti olmasaydı, Qarabağ hələ 1945-ci ildə Ermənistana birləşdirilə bilərdi.
– O zaman bu təxmin yox, Azərbaycanı hədələyən sırf reallıq idi. Ermə-nilərin Dağlıq Qarabağı Ermənistana birləşdirmək iddiası həmişə olub. 1945-ci ildə də bu məsələ Kreml qarşısında qaldırılmışdı. Ermənistan hökuməti Dağlıq Qarabağda yaşayan əhalinin əksər hissəsinin erməni olduğunu və 1920-ci ildə Azərbaycanın tərkibinə daxil edilməsini iddia edərək vilayətin yenidən onlara verilməsini tələb edirdi.
İttifaq hökumətinin rəhbərlərindən olan Malenkov Bağırova məktub yazmışdı ki, bu barədə onun fikrini bilmək istəyir. Bağırov vəziyyətin çox ciddi olduğunu görüb 1945-ci il dekabrın 10-da Malenkova cəsarətli, sərt cavab məktubu yazdı.
O, məktubda Dağlıq Qarabağın qədim zamanlardan Azərbaycanın tərkibində olması, vilayətin inzibati mərkəzinin 1747-ci ildə Pənahxan tərə-findən tikilib Pənahabad adlanması, ərazidə muxtar vilayət yaradılmasının tarixi səbəbləri və digər mühüm faktlar barədə Malenkovu məlumatlandır-dıqdan sonra qətiyyətlə bildirirdi: Əgər Dağlıq Qarabağ Ermənistan tərkibinə verilmiş olsa belə, Şuşanı verə bilmərik. Çünki Şuşa yarandığı gündən Qarabağın inzibati, siyasi, mədəni mərkəzi olmuş, Azərbaycan xalqının xarici işğalçılara qarşı mübarizəsində müstəsna rol oynamışdır. Bu şəhərdə Azərbaycanın musiqi mədəniyyəti formalaşmışdır.
Bağırov Kremlin nəzərinə onu da çatdırmışdı ki, Dağlıq Qarabağ Ermənis-tana verilərsə, bu halda Ermənistan tərkibində olan Əzizbəyov, Vedi, Qara-bağlar rayonları da Azərbaycana verilməlidir. Çünki birləşmədə əhalinin tərkibi şərt hesab olunursa, o rayonların əsas əhalisi azərbaycanlılardan iba-rətdir, üstəlik, ərazicə respublikamıza bitişikdir. Başqa qonşu respublikaların da tərkibində əhalisi azərbaycanlılardan ibarət olan, ərazicə Azərbaycana qovuşan bir çox rayonlar vardır. Hətta həmin rayonlardan bəziləri vaxtilə Bakı quberniyasının tərkibində idi. Hesab edirik ki, həmin rayonların da Azərbaycan SSR tərkibinə qatılması məsələsi müzakirə olunmalıdır.
Kremldə Bağırovun tarixi dəlil-sübutlarla əsaslandırılmış məktubunu oxu-yanda anladılar ki, əsl həqiqətə qalsa, Ermənistan alacaqlı yox, verəcəklidir və ona görə də Dağlıq Qarabağ məsələsini qurdalamaq Yerevanın xeyrinə deyil. Susmağa məcbur oldular və məsələ bir müddət yatdı. Yatdı, lakin bitmədi. Ermənistan daha əlverişli bir zaman tapıb məlum torpaq iddiasını müharibə yolu ilə təmin etdi.
– Əli müəllim, söhbətin axarı elə gətirdi ki, bədii yaradıcılığınızdan daha çox yazıçı, ziyalı və vətəndaş mövqeyiniz, ümummilli ağrılarımız ətrafında danışmalı olduq. İstərdim, Qarabağa aid son sualıma da cavab verəsiniz. Sizcə, Dağlıq Qarabağı itirməyimizin əsas səbəbi nədədir və zaman-zaman qabaran bu problemi birdəfəlik həll etmək hansı halda mümkün idi?
– Mən Qarabağın əldən getməsinin başlıca səbəbini uzaqgörən olmama-ğımızla izah edərdim. Bizlərdə bir məsəl var, deyərlər: Dəvə yaxını otlayar, uzağı gözləyər. Biz də yaxına baxdıq, uzağı görmədik və dağın o biri tərəfində nə baş verə biləcəyi barədə düşünmədik. Dağlıq Qarabağın problemlərinin əzəl başdan yaranmaması üçün Azərbaycanın keçmiş rəhbər-ləri vaxtında düşünməliydilər. Məsələn, ermənilərin nisbətən yığcam yaşadığı Xankəndinin inzibati mərkəz seçilməsi ilk ciddi yanlışlardandır. Məncə, bu mərkəzi Ağdamda yaradıb vilayətin idarəçiliyini ora vermək proseslərin qarşısını ala bilərdi. Amma biz Stepanakerti şişirtdik. Mən orda işləyəndə dəmiryolu yox idi, çəkildi. Pedaqoji institut yox idi, yaradıldı. Əskəran kimi əlavə rayon yaradıldı. Böyük tikinti-abadlıq işləri görüldü.
Mən görmüşəm ki, Naxçıvan Muxtar Respublikasında və rayonlarda həmişə ikinci katib ya rus, ya erməni olub. Amma Dağlıq Qarabağda Bahadur adlı bir katib vardı, ermənilər qovdu. Bir sözlə, onlar “qa” deyəndə ət, “qu” deyəndə su verdik, nazlarıyla oynadıq. Azərbaycanda tapılmayan xarici mal-ları ora göndərdik. Yadımdadır, bir dəfə Süleyman Rüstəm Hadrut rayonundan keçəndə bir kənd mağazasına baş çəkmişdi. Dedi ki, buranın kəndindən açıq satışdan elə xarici yun odeyallar aldım ki, Bakıda tanışlıqla da tapa bilməz-sən. Bax, bütün bunlar müsəlman qeyri-uzaqgörənliyimiz idi ki, ermənilər ondan məharətlə istifadə etdilər. Çörəyimizi yeyib özümüzə qarşı çıxdılar.
– Dünyada bir çox yazıçılar xarakterindəki xaosa, dağıdıcılığa görə inqilabları, kütlə etirazlarını qəbul etməyib. Əsərlərinizi oxuyanda gördüm ki, Sizin 1988-ci il hadisələrinə, mitinq hərəkatına münasibətiniz sərtdir.
– Çünki mən “meydan hərəkatı” deyilən o qarma-qarışıqlığı küyə getmək hesab edirəm. Bir fəhlənin əmri, barmaq işarəsi ilə o meydanda oturub-duran millətə mənim yazığım gəlir və mən bir dəfə də ora getmədim.
– Bəs nə etdiniz?
– Onda mən Qubada işləyirdim. Ordan, məsələn, min ting alıb Qubadlıya kəndimizə göndərir, sovxoz direktoruna da tapşırırdım ki, bağ saldırsın və qoy ermənilər görsün ki, qaçmırsınız. Hər gün doğulduğum Əliquluuşağı kəndi ilə telefon əlaqəsi saxlayırdım. Bir neçə dəfə Mərkəzi Komitədə işləyən Arif Rəhimzadənin yanına gedib kəndin vəziyyətini danışdım. Ermənilər yolu kəsdiyindən camaat mal-qaranı suvarmağa apara bilmirdi. Arif müəllim ver-tolyotla kəndə su maşını və pul göndərdi.
Ermənilər kənd dəyirmanını uçurmuşdular. Baş nazirin birinci müavini işləyən Abbas Abbasovun yanında oldum. Kəndə bir dəstə inşaatçı göndərdi, dəyirmanı təmir etdilər. Təhlükəsiz yerdən kəndə yol çəkdilər.
Bakıda Qubadlının müdafiəsinə silah almaq üçün pul yığıldı, həmin fonda beş min manat (o zaman beş min manat beş min dollara bərabər idi) toplayıb verdim ki, bu da mənim köməyim.
Bax, mən bunları və demədiyim başqa işləri etdim. O vaxt hər birimiz bu cür etməliydik. Daha gedib meydanda qışqırıb-bağırmaq lazım deyildi ki, bu yanda erməni öz işini görsün.
Digər tərəfdən, meydan hərəkatı xalqı aparıb verdi rus tanklarının qabağına, günahsız, küyə düşmüş insanları qırdılar və biz də “Şəhidlər Xiyabanı” saldıq.
– O hərəkatı tam mənasızmı hesab edirsiniz? Axı biz müstəqilliyimizi həmin hərəkatla qazandıq.
– Mən belə düşünürəm. SSRİ dağıldı, bütün respublikalar da ayrıldı. Orta Asiyada meydan hərəkatı yox idi, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Özbəkistan ayrılmadı?! Yaxud Gürcüstan, Ermənistan ayrılmadı?! Əksinə bizim başımız qarışdı, ermənilər də bundan istifadə edib rusun köməyi ilə torpaqlarımızı tutdu.
– Əli müəllim, istərdim yaradıcılığınıza tədqiqatçıların münasibəti barədə də danışaq. Qasım Qasımzadə “Həmin adam” romanına yazdığı “Ədəbiyyata gələn yol” adlı giriş məqaləsində didaktika və nəsihətçilik, bəzi xarakterlərin, xüsusən mənfilərin əsərə hazır gəlmələri kimi halları bu roman üçün irad hesab edir. Alimin mülahizəsi ilə razılaşır-sızmı?
– Mən əsərlərimi təhlil etmirəm, bu tənqidçilərin, ədəbiyyatşünasların işidir. Ola bilsin, Qasım müəllim müəyyən qədər haqlıdır. Çünki roman ibrət mövqeyindən yazılıb. Xarakterləri isə həyatdan götürmüşəm və onların hazır obraz, mükəmməl tip olması mənim günahım deyil.
– Yazıçı-jurnalist İmamverdi İsmayılov və Telman Xəliloğlu “Zorən jurnalist” romanınızın türk yazıçı və diplomatı Yaqub Qədri Qaraosman-oğlunun “Zorən diplomat” romanının təsiri ilə yazılması qənaətindədirlər.
– Dostum Hidayət Zeynalov danışırdı ki, Mehdi Hüseynin “Tərlan” romanı çapdan çıxmışdı. Əsərin müzakirəsi gedirdi. Səməd Vurğun münasi-bət bildirərkən deyib ki, əşi, bu qızın şəklini-filanını da çəkəydilər ki, əsər bir az təsirli olaydı. Zalda qımışma, gülüşmə başlayır. Məlum olur ki, Səməd Vurğun əsəri oxumayıb və elə bilir ki, Tərlan qızdır.
Mənim “Zorən jurnalist”imi də “Zorən diplomat”la müqayisə etmək həmin əhvalata bənzəyir. Çünki o əsərin mənə heç bir təsiri olmayıb.
– Ümumiyyətlə, Siz yazıçı üçün nəyi böyük qüsur sayırsınız?
– İdeologiya naminə tarixi həqiqəti təhrif etməyi.
– Məsələn.
– “Közərən sətirlər”də bu barədə yazmışam.
Bəzi görkəmli yazıçılarımız öz əsərlərində Laçınlı Sultan bəyi və onun qardaşı Xosrov bəyi çox mənfi planda təqdim edir. Halbuki bu qardaşlar Azərbaycan xalqının qeyrətli, cəsur oğullarıdır. 1918-ci ildə məhz bu qardaş-ların başçılıq etdiyi dəstələr Andranikin daşnak qoşunlarının qarşısını aldı və mahalı qırğınlardan xilas etdi.
Hər bir qələm əhli yazdığı əsərə yaşadığı quruluşun yox, yüz, iki yüz il sonranın gözüylə baxmalıdır. Bir daha xatırladıram ki, iki qanun var: vicdan qanunu və dövlət qanunu. Yazıçının ancaq dövlət qanunlarıyla yazmasına mən təəssüflənirəm.
– “Közərən sətirlər”də daha bir qələm adamı ilə barışmadığınız hiss olunur...
– Mərkəzi nəşrlərdən birinin redaktoru var idi, Naxçıvana yaradıcılıq ezamiyyətinə gəlmişdi. Axşam qonaq evində vilayətin birinci katibinə gördüklərindən yalnız onu dedi ki, yönlü bir şeyə rast gəlmədim, bir bunu gördüm ki, kolxozun pambıq sahəsində bir qadın namaz qılırdı...
Şoloxovun bir dəyirmançı İqnatı var. Əsəri oxuyanda görürsən ki, Şoloxov İqnatın sadır kəsmiş pencəyinin tər qoxusundan həzz alır. Yazıçının böyük-lüyü budur. Biz isə hər yerdə gərək şəbeh çıxaraq, özümüzə qənim kəsilək.
Belə yaramaz.
– Əli müəllim, alın yazısına inanırsızmı?
– İnanıram, həm də sidqi-ürəkdən.
– Avtobioqrafik əsərlərinizdə Əli İldırımoğlu (“Közərən sətirlər”, “Mənim rəncbər atam”) və onun prototipi olduğu Nazim İlham (“Zorən jurnalist”) dəfələrlə çətin, çıxılmaz vəziyyətlərə düşür. Amma elə bu an sanki kimsə sehrli lələyi yandırır, Zümrüd quşu peyda olur və Sizi dar-dan qurtarır. Belə çıxır ki, xeyir və şər qüvvələrin mübarizəsində xeyir Sizi həmişə himayə edir.
– Çünki məndə Allaha yaxınlıq var. Düzdür, indi namaz qılıb oruc tutan, Həccə gedən adamlar çoxdur. Mən nə Həccə, Məşhədə getmişəm, nə də dini ayin və rituallara fanatikcəsinə bağlıyam. Mənim Allahım, mənim Həccim, oruc-namazım qəlbimdir. Həmişə bir işi tutmazdan qabaq özümə iki sual verirəm:
Birincisi, etdiyim iş, atdığım addım, dediyim söz Allaha xoş gedər, ya yox? İkincisi, bu işi beş-on adam arasında söyləsəm, mənə nifrət edərlər, yoxsa təqdir edərlər?
Ağlım kəsəndən həyatımı belə yaşamışam, görünür, Allahın da xoşuna gedib və hər zaman məni qoruyub.
Qubadlıda orta məktəbdə oxuyurdum. Dərs ilinin sonu idi, imtahan gedirdi. Uşaqlar imtahan otağındakı gedişatı öyrənmək üçün ikinci mərtəbə-nin balkonuna çıxıb oradan içəri baxırdılar. Maraq güc gəldi, mən də çıxdım. Bu vaxt sanki kimsə qulağıma pıçıldadı ki, balkon uça bilər. Elə addımımı geri atmışdım ki, balkon guppultuyla getdi. Süleyman Rəhimovun bacısı Səriyyə, sonralar Əliheydər Həşimova ərə gedən Şura, Adil Cabbarov və bir çox başqaları ağır xəsarət aldılar.
Tale yolumda belə hadisələr çox olub və Siz dediyiniz kimi, hər dəfə də xilas olmuşam. Yəqin ki, mənim bilmədiyim sirli səbəblər çoxdur. Amma bir şeyi bilir və inanıram ki, həyatda hər kəsin əməli gec-tez öz qabağına çıxmalıdır.
– Bəs Gürcüstanda səfərdə olarkən gecə mehmanxanada atanız barədə gördüyünüz yuxunu (“Mənim rəncbər atam”) necə izah edərdiniz? Yüz kilometrlərlə uzaqda baş verən əhvalatı həmin zaman içində ka-meraya çəkilibmiş kimi görmək xalis magiyadır.
– Mən o yuxunu magiya yox, bəsirət və həssaslıqla bağlı olan sirli əlaqə adlandırardım.
Gözümü açıb pəhləvan cüssəli, pərli-budaqlı bu rəncbər kişini görmüş və elə möhkəm bağlanmışdım ki, özüm yekə kişi, müstəqil ailə başçısı olanda da hər dəfə atamla görüşüb ayrılanda, indi isə şəklinə baxanda ağlayıram. Səhhətində cüzi nasazlıq olanda aradakı məsafədən asılı olmayaraq bunu sövq-təbii bütün sümüyümlə duyurdum. Anamı çox erkən itirdiyimdən atam mənə həm ata, həm ana olub.
Kəndimizdə İsmayıl adlı oğlan vardı. Onunla əvvəl bir məktəbdə oxumuş və rayonumuzdakı Xıdırlı kənd məktəbində müəllimlik etmişdik. Sonra İsmayıl məktəbdən uzaqlaşıb rayon milis idarəsində katib işləməyə başladı. Demək olar ki, iyirmi ildən çox idi görüşmürdük.
Gürcüstana beş günlük səfərə getmişdim. Kürün sahilindəki “İveriya” mehmanxanasında qalırdım. Səfərin üçüncü günü axşam yuxuda qulağıma İsmayılın səsi gəldi. O, məni təcili telefona çağırırdı. Hövlnak ayılıb dəhlizə çıxdım. Hər tərəfdə bir sükut vardı. Deməli, sadəcə, yuxumu qarışdırmışdım. Həmin gecə yuxudakı bu əhvalat səhərəcən bir neçə dəfə təkrarlandı. Gözü-mü yuman kimi İsmayılı görürdüm. Mənimlə telefon əlaqəsi saxlaya bilmə-diyini görüb dalımca Tiflisə, “İveriya”ya gəlmişdi. Otağıma qalxmaq üçün mehmanxana xidmətçiləri ilə dava edir, var gücü ilə məni çağırırdı.
Çığırtıya diksinib qalxdım. Liftlə birinci mərtəbəyə düşüb ora-bura boylandım. Heç kəs yox idi. Administrator yuxulu gözlərini ovuşduraraq təəccüblə üzümə baxırdı...
Elə həmin gün qayıtdım.
Ağdamdakı evimə çatanda səhərə az qalmışdı, amma evdəkilər yatmamışdı. Həyat yoldaşım çəkinə-çəkinə dedi ki, kişi (atamı nəzərdə tuturdu) ağır xəstədir. Kənddə telefon yoxdur. Qohumlar rayon mərkəzinə gedib bir vaxt səninlə müəllim işləyən İsmayıldan xəbəri sənə çatdırmağı xahiş ediblər. O da iki gündür qalıb telefonda. Gündə Qubadlıdan dörd-beş dəfə zəng edib səni soruşur...
Təcrübəli bir həkim götürüb dərhal Qubadlıya yola düşdüm. Həyətimizə yaxınlaşanda orada adamların qaynaşdığını gördüm. Sən demə, atam neçə gündür köç üstəymiş. Ancaq oğlunu görməmiş Əzrayıla can vermək istəmir-miş. Məni görəndə solğun dodaqları qaçdı, gülümsündü. Gözləri zəif şam kimi işıldadı və söndü. Bax belə...
Bəsti Əlibəyli, tənqidçi
|