|
Müsahibələr, söhbətlər
QƏLƏM VƏ VİCDAN
O, Azərbaycan jurnalistikasının ən mahir ustalarındandır. Hələ orta məktəbdə oxuduğum zaman onun istedadlı jurnalist kimi ad çıxardığından, o dövrün çox nüfuzlu qəzetinin – “Kommunist”in ən sayılıb-seçilən bölgə müxbiri olduğundan xəbərdardım. Taleyimi bu peşəyə bağlamağı qərara aldığımdan onun məqalə və oçerklərini, felyeton və hekayələrini böyük maraqla oxuyurdum.
Sonralar – universitet tələbəsi olduğum, təyinatla doğma rayonumuza qayıdıb, yerli qəzetdə işlədiyim illərdə də jurnalistikada onun yetişdiyi zirvəni özümçün əlçatmaz, ünyetməz sayardım. Elə indi də belədir. Öz şəxsiyyəti və yaradıcılığı ilə milli mətbuatımızın patriarxları sırasında özünə layiqli yer tutan Əli İldırımoğlu mənim kimi yüzlərlə jurnalistin mənəvi müəllimidir.
Baş redaktorumuzun bu görkəmli qələm sahibindən müsahibə almaq barədə tapşırığı mənim üçün gözlənilməz oldu. Mənəvi müəllimim hesab et-diyim bir insanla şəxsi tanışlıq imkanı qazanmağın sevincini yaşamaqla, həm də həyəcan hissi keçirdim. Əli müəllimə hansı suallarla müraciət edəcəyimi xeyli düşünüb-daşındım. Qəzetçilikdə az qala iyirmi illik təcrübəm olsa da, ustad jurnalistlə maraqlı müsahibə qurmağın çətinliyini göz önünə almışdım. Lakin elə diktofonu işə salıb ilk sualımı verən kimi Əli müəllimin eynən yazıları kimi maraqlı, mənalı söhbətinin sehrinə düşdüm. Onun mətbuatımı-zın dünəni və bu günü, ənənələri və perspektivləri barədə dəyərli fikirlərini dinlədikcə bir daha əmin oldum ki, yalnız istedadla zəhmətin qovuşması vicdanlı qələm sahibini şöhrətə çatdıra bilər.
Müəllimlikdən qəzetçiliyə
Onun qəzetçilik yolu indi düşmən tapdağı altında olan qədim Qubadlı obasından başlanıb. Əli müəllim nə vaxtsa qəzetdə işləyəcəyini heç ağlına da gətirmirmiş...
– İnsan öz həyatının hansı məcraya düşəcəyini, taleyin onu hansı cığıra aparıb çıxaracağını qabaqcadan görə bilmir, – deyə həmsöhbətim xəyalən ötən günlərə qayıdır. – Məsələn, böyük rus yazıçısı Çexov ixtisasca həkim idi. Dövrümüzün görkəmli ədiblərindən olan Çingiz Aytmatov kənd təsər-rüfatı mütəxəssisidir, Nəriman Nərimanov da həkim idi, amma yazıçı kimi də məşhurdur. Mən düşünürdüm ki, elə müəllim olaraq qalaram.
Bir gün raykomun birinci katibi məni yanına çağırıb “Avanqard” rayon qəzetinə məsul katib getməyi məsləhət gördü, getdim...
Qəzetçilik haqqında heç bir təsəvvürü olmayan Əli müəllim bu işə razılıq verdiyinə görə ilk vaxtlar öz-özünü qınasa da, fitri istedadı və zəhmətkeşliyi sayəsində, sözün həqiqi mənasında, “Avanqard”ın süka-nını ələ almağa nail olur.
– Qəzənfər adlı bir redaktorum var idi. İş vaxtı sərt və tələbkardı. İlk məqaləmdən onun narazı qalması mənə pis təsir etmişdi, dedim, haradan gəldim çıxdım bura. Bir neçə aydan sonra isə mənə dedi ki, sənin redaksiyaya gəlməyini özüm istəmişəm. Bu gün-sabah çıxıb gedirəm partiya məktəbinə. Qəzetlə özün məşğul olacaqsan... O kişi ilə aramızda yaxşı xətir-hörmət var idi. Elə indinin özündə də hərdən bir-birimizdən hal-əhval tuturuq.
Əli müəllim rayon həyatına dair yazılarla “Kommunist”də, “Bakra-boçi”də, “Sovet kəndi”ndə çıxışlar edir, respublika radiosu ilə əlaqə saxlayır.
– Yazılarım respublika qəzetlərində dərc ediləndə və ya radioda səslən-diriləndə az qala qanad açıb uçurdum. Sonra məni rayon qəzetinə redaktor təyin etdilər. Çox prinsipial işləyirdim, – deyə Əli müəllim böyük jurnalis-tikada ilk gündən özü üçün müəyyənləşdirdiyi meyarlar barədə danışır. – Özünəməxsus bir yolum var və mən yolumu dəyişən adam deyiləm. Kiminsə təsiri altına düşüm, kiminsə dediyinə baxım, kiminsə əlində vasitəyə çevrilim, kiminsə sözü ilə kimisə tənqid edim və ya tərifləyim – belə şeylər mənim xasiyyətimə yaddır. Hər bir məsələyə fərdi, şəxsi münasibətim var. Deyək ki, yolumun üstündə bir maneə ilə üzləşirəmsə, geri qayıtmıram, gərək o səddi aşım. Mən mülayimliyim qədər də sərt bir adamam...
Təsəvvür edin, raykom katibi tapşırıq verir, qəzet redaktoru bunlardan ağlı kəsəni yerinə yetirir, ağlı kəsməyəni yox.
Xasiyyətcə mübariz və qətiyyətli olan, haqq-ədaləti hər şeydən üstün tutan gənc redaktorun, öz sözü ilə desək, danışığını, oturuşunu-duruşunu bilməyən raykom katibilə yola getməsi mümkünsüz idi. Ancaq yuxarı orqanlar belə istedadlı, bacarıqlı, prinsipial bir kadrı itirmək istəmirdilər. Buna görə də Əli müəllimi respublikanın birinci qəzetinə – “Kommunist”ə müxbir göndərirlər.
“Sizi deyib gəlmişəm...”
Əli İldırımoğlu dövrünün qəzetçilik məktəbi sayılan “Kommunist”in ən məhsuldar əməkdaşlarından biri olub. Bu qəzeti təmsil etdiyi bölgələrin hamısında sadə insanlar ona ürəkdən inanıblar, çünki haqqı tapdananın haqqını özünə qaytarıb, cızığından çıxan vəzifə sahiblərini öz kəsərli qələmi ilə ifşa edib.
– Hər şeydən əvvəl biz insanıq, insanlığımızı qorumalıyıq. Camaat dərdini jurnalistə deyir, onu öz təəssübkeşi sayır. Felyeton yazanda həmişə zəifin, gücsüzün, kimsəsizin, haqqı tapdananın tərəfində dururdum. Heç vaxt fikirləşməmişəm ki, filankəs güclüdür, ona yarınım, bir başqası gücsüzdür, onu tənqid edim.
Naxçıvanda bölgə müxbiri işlədiyi zaman baş vermiş iki hadisəni yada salır. Bu hadisələr əsl jurnalist prinsipiallığının, müxbir həssaslığının nə demək olduğunu çox dürüst əks etdirir:
– Şahbuz rayonunda idim, birinci katiblə onun kabinetində söhbət edirdim. Bu zaman içəriyə daxil olmaq istəyən bir qadını katib kabinetdən qovdu. Mən çox pis oldum, dedim, niyə qovdun onu? Qadının barəsində təhqiramiz sözlər danışdı. Kabinetdən çıxdım, heç demə, həmin qadın müəllim imiş və mə-nimlə görüşmək, dərdini mənə demək istəyirmiş. Söylədiklərindən məlum oldu ki, birinci katib, prokuror, maarif şöbəsinin müdiri, məktəb direktoru onun haqqını tapdayırlar. Prokuror onun müəllimlikdən uzaqlaşdırılması haqqında qərar verib. Hara şikayətə gedir, qovurlar, geri qaytarırlar. Bu qadına qarşı törədilən haqsızlığı ifşa edən “Prokurorun qərarı” felyetonunu yazdım, onun hüquqlarının bərpasına nail oldum.
Orada bir cavan oğlan da məktəb qurtarıb gəlmişdi, ona iş vermirdilər. Məsələni araşdırıb, Naxçıvan Respublikasının kənd təsərrüfatı nazirini, Nazirlər Sovetinin sədrini, digər vəzifəli şəxsləri tənqid edən material hazırladım. Həmin oğlanın təyinat aldığı yerə işə götürülməsinə, üstəlik, altı aylıq əmək haqqı almasına nail oldum...
Əli müəllimin qənaətinə görə, düz söz deyən, haqqa arxalanan jur-nalist heç vaxt təzyiqə, təqibə məruz qala bilməz. O, neçə-neçə vəzifəli şəxsin qanunazidd əməllərini ifşa edən felyetonlar yazıb, amma heç vaxt qərəzli olmayıb.
– Qələm əhli bir çox yaradıcı keyfiyyətləri ilə yanaşı, yüksək nəzakət sahibi olmalıdır. Jurnalist bir çox mənada həm də müəllimdir. Onun yazıları maarifləndirici təsir gücünə malik olmalıdır. Nahaq yerə deməyiblər ki, xən-cər yarası sağalar, söz yarası sağalmaz. Kiminsə fitvası ilə hörmətli bir vəzifə sahibini dönə-dönə tənəli, təhqiramiz cümlələrin hədəfinə çevirmək yazı müəllifinin prinsipiallığından, cəsarətindən yox, onun qərəzli mövqeyindən, niyyətindən irəli gəlir.
Məkr, qərəz qəzetin də, qəzetçinin də nüfuzuna qənimdir. Vaxtilə işlədiyim “Kommunist” qəzetində ən çox felyeton və ya tənqidi məqalə yazanlardan olmuşam. Seçilmiş felyetonlarımdan ibarət 19 çap vərəqi həcmində “Telepat” kitabımı nəşr etdirmişəm. Satirik yazılarımın əksəriyyəti qəbahətlərə yol vermiş, səlahiyyət həddini aşmış iqtidar, ixtiyar sahibləri, özündən müştəbeh-lər barədədir. Hər bir tənqidi yazım öz təsirini göstərib, obyektiv həllini tapıb. Buna görə də heç kimin tənəli sözünə, qəzəbinə, etirazına, narazılığına məruz qalmamışam. Çünki tənqid olunan şəxs başa düşürdü ki, nəyə görəsə yox, yol verdiyi qəbahətlərinə görə tənqid olunub.
Təbiətcə ürəyiyumşaq adamam. Kimdənsə felyeton yazanda özümü onun yerində təsəvvür edirdim, qəlbim ağrıyırdı. Ancaq təsəllim o idi ki, yazımda bir nəfər nakəs tənqid olunurdusa, minlərlə insanın haqqı qorunur, mənafeyi müdafiə edilirdi. Bəzi qəzetləri açırsan, felyeton, pamflet, hekayə, oçerk kimi janrlar sanki qeybə çəkilib. Dayaz, bayağı, hərtərəfli yoxlanılmamış cılız ya-zılar baş alıb gedir... Buna təəssüflənməmək olmur. İnsafən indi yüksək in-tellektual səviyyəsi, iti qələmi olan jurnalist kadrlar az deyil. Di gəl ki, onların ideya istiqaməti düzgün tənzimlənmir. Ümidverən qələmli jurnalistlərin də əməyinin qiymətləndirilməsi qənaətləndirici deyil.
İndi qəzetlər sensasiya axtarırlar
Ömrü boyu qəzetçiliyə, jurnalistikaya şərəfli bir peşə kimi baxan və taleyini bu peşəyə bağladığına görə daim qürur hissi keçirən, elə özü də milli mətbuatımızın qürur və iftixar mənbəyi olan Əli İldırımoğlu bu gün cəmiyyətdə rastlaşdığı bəzi naqisliklərin səbəbini ideoloji sahədəki çatışmazlıqlarda görür. Onun fikrincə, demokratiya boş söz, şüar olma-malı, konkret məzmun daşımalıdır, hərc-mərcliyi, özbaşınalığı, küçələrə çıxıb haray-həşir salmağı demokratiya adlandırmaq düz deyil.
– Azərbaycan kişisinə, Azərbaycan qadınına küçəyə çıxıb haray-həşir salmaq yaraşmır, – deyən Əli müəllim belə halları ideoloji işin yaxşı qurul-maması ilə əlaqələndirir və əlavə edir, – mətbuatımız bu məsələyə seyrçi kimi baxır. İndiki qəzetçilərin əksəriyyəti sensasiya axtarırlar. Məncə, “qəzet təkcə kollektiv təbliğatçı deyil, həm də kollektiv təşviqatçı və kollektiv təşkilatçıdır” – kəlamı bu gün də köhnəlməyib.
Əli müəllimə görə, qələm əhli ilk növbədə mənsub olduğu vətənin, mil-lətin təəssübünü çəkməlidir. Qəzet səhifəsinə çıxarılan hər bir yazı ölkəmizin siyasi-iqtisadi, maddi-mənəvi yüksəlişini güzgü kimi doğru-düzgün əks etdirməlidir.
Oxucu bu inkişaf prosesində yaxşını yaxşı görməlidir. Ələ qələm alanda fikirləşməlisən ki, bu məqalənin məna dəyəri nədən ibarətdir və müstəqilliyi-mizin təşəkkül tapması üçün nə dərəcədə faydalı ola bilər? Hər bir məqalənin yazılışına ləyaqət hissi hakim kəsilməlidir. Qəzetçi intriqaçılıqdan, suyu bulandırmaqdan, bəzi imkanlıların qisasçılıq alətinə çevrilməkdən yeddi ağac uzaq olmalıdır.
Vətəndaşlıq borcu
Ağsaqqal həmkarımın ölkəmizin siyasi həyatına da öz baxışı, öz münasibəti var. O, ölkənin keşməkeşli dövründə hakimiyyət başına keçmiş, amma xalqın dəstəyini ala bilməyərək öz vəzifəsini itirmiş təsadüfi adamların bu gün camaatı mitinqlərə, nümayişlərə təhrik etməsini qətiyyətlə pisləyərək deyir:
– Xalq onların ölkəni necə idarə etdiklərini bir dəfə artıq görüb. Ancaq onlar, təəssüf ki, çəkilib oturmurlar, zaman-zaman adamları küçələrə çıxarır, polislə üzləşdirirlər. Mən polisi haqlı sayıram. Çünki asayişi, əmin-amanlığı qorumaq onların vəzifə borcudur. Polis dinc dayanan adama əl qaldırmaz. Bu məsələlərdə bəzi xarici ölkə səfirlikləri nümayəndələrinin bizə ağıl vermələrini də qəbul etmirəm. Azərbaycanın Nizamisi, Xaqanisi, Füzulisi olanda, indi bizə “ağsaqqallıq edən” ölkələrin əksəriyyətinin nə mədəniyyəti vardı, nə ədəbiyyatı, nə də incəsənəti.
Heç bir partiyanın üzvü deyiləm. Heç kəsə də dərs vermək və ya kiminsə tərəfini saxlamaq həvəsim yoxdur. Keçdiyim yollara nəzər salıb, mətbuatımı-zın bugünkü mənzərəsini göz önünə gətirəndə bəzi mülahizələrimi bildirməyi özümə borc bilirəm. Vətəndaşlıq borcu.
Yeri gəlmişkən, onu da qeyd etmək istərdim ki, saysız-hesabsız partiya-ların, qəzetlərin təsis olunması qaydaları qanunlarımızda düzgün təsbit olunmamışdır. Bu, mənim şəxsi və dönməz fikrimdir. Az olsun, yaxşı olsun. Sayı çox, sanbalı yox partiya və ya qəzetlər kimə gərəkdir?! Bu gün düçar olduğumuz bəlaların başlıca səbəblərindən biri də müxalif qüvvələrin qeyri-yetkinliyidir. Şəxsi arzuları ümumxalq mənafeyindən öndə duran müxalifət-çilər, çətin ki möhkəm sosial bazaya sahib ola bilsinlər. Layiq olmadığı vəzifələrə can atanlar çox gülünc göründüklərini dərk etmək fəhmindən xali-dirlər. Peşəkar jurnalistlər, həm də deyərdim ki, yazıçılar, alimlər üçün bun-dan da aktual mövzu ola bilərmi? Di gəl ki, bu barədə çoxları, hətta deyərdim ki, əksəriyyəti, yüngül desək, dərisini kola vermək istəmir. Ancaq nahaq yerə. İqtidardan bol-bol barınıb ənamlar qoparanların evində rahatca oturub pürrəngi çay içə-içə vətəndaşları narahat edən küçə yürüşlərini izləyənlərə nə deyəsən?! Bunlar gərək mənfəətgirlik, laqeydlik xəstəliyindən qurtarsınlar.
Sağlam tənqidə həmişə ehtiyac var
– Bu gün ölkənin tənqidə daha çox ehtiyacı var. Ancaq sağlam, xeyirxah, ölkəyə, millətə şərəf gətirən, milli mənafeyimizə kömək edən obyektiv, ədalətli tənqidə, – deyə satirik jurnalistikanın korifeyləri sırasında özünə la-yiqli yer tutan həmsöhbətim qənaətini bildirir və yenə ötən günləri xatırlayır.
– Yadımdadır, bir dəfə Naxçıvan Vilayət Partiya Komitəsinin birinci katibi mərhum Hacağa İbrahimov söhbət əsnasında üzünü mənə tutub dedi: “Naxçı-vanda sənaye müəssisələrinin tikintisi ləng gedir. Buna görə də bizi Mərkəzi Komitəyə çağırıblar. Bu barədə tənqidi bir məktub yazsaydın, əlimizdə dəstəvuz olardı. Respublikanın müvafiq nazirlikləri hərəkətə gələrdi. Bu məsələ Mərkəzi Komitənin də diqqətini cəlb edərdi... “Kommunist”də tutarlı bir məqalə ilə çıxış etdim. Hacağa İbrahimov tənqiddən razı qalmışdı. Bax-mayaraq ki, həmin məktubda Naxçıvan Muxtar Respublikasının rəhbərliyi daha çox tənqid olunmuşdu.
Ümummilli liderimiz Heydər Əliyevin mətbuata necə diqqət göstər-diyini, xüsusən tənqidi məqalələri şəxsən oxuyub, orada qaldırılan mə-sələlərin, problemlərin həlli ilə bağlı göstərişlər verdiyini Əli müəllim dərin məmnunluq hissi ilə xatırlayır. Onun qəti qənaətinə görə, hər bir tənqidi yazının ictimai faydası olmalıdır, çünki intriqaçılıq əxlaqın iflicidir.
– Arzu edərdim ki, gənc həmkarlarım ondan uzaq olsunlar. Yalan, iftira dolu yazılar, min cür hədyanlar yazmaq ancaq və ancaq düşmən çırağına yağ tökməkdən başqa heç bir şey deyil. Başqa bir tərəfdən onu da nəzərə almaq gərəkdir ki, o cür bayağı yazılarla sərhəddə yağı düşmənlə üz-üzə dayanan əsgərlərin əl-qolunu boşaltmış oluruq. Şair demişkən:
Padşahdan razı olmasa ordu,
Heç vaxt ürəklə qorumaz yurdu.
Gənc həmkarlarım bunu yaxşı-yaxşı başa düşməlidir. Bir də ki, bizim milli mentalitetimiz, özümüzə məxsus türkçülüyümüz var. Ailədə də, rayonda da, ölkədə də başçının yolunu saxlamaq lazımdır. Nahaq yerə deməyiblər ki, Allahsız yerdə otur, böyüksüz yerdə yox. Hərc-mərclik, böyük-kiçiyin yerini bilməmək, insanların heysiyyatına toxunmaq millətimizə başucalığı gətirmir. Tərifin də, tənqidin də əndazəsini gözləmək lazımdır. Bəzi qəzetlərin rəhbər-liyə qarşı yönəldilmiş iftira dolu yazılarını oxuyan əsgərin döyüşkən əhval-ruhiyyəsinə su səpmək nə deməkdir? Bundan yalnız düşmənlərimiz faydalana bilər. Təəccüb doğuran odur ki, küçəbəküçə dolaşıb gur bir səslə: “Torpaq, Vətən, Qarabağ uğrunda” boğazdan yuxarı şüar deyənlərin bir çoxu məhz bu cür ideyasız, bədxah yazıların müəllifidir. Qarabağ uğrunda mübarizə bəlağətli sözlərdə yox, əməllərdə hiss olunmalıdır.
“Əsərlərimi özüm üçün yazıram”
Söhbətimiz istər-istəməz Əli müəllimin bədii yaradıcılığı üzərinə gəlib çıxır. Son illər bir neçə sanballı roman yazıb çap etdirmiş ustad jurna-listin bədii təxəyyülü hansı mənbələrdən qidalanır?
– Mən bu gün yazdıqlarıma 70 il bundan əvvəl başlamışam, – deyə müsahibim özünəməxsus təmkinlə dillənir və dərhal da əlavə edir, – jurna-listika yazıçılığa aparan yoldur. Gündəlik mütaliə edən, yaxşı oçerkləri olan jurnalistlərin bədii yaradıcılığa meyil göstərməsi təbiidir. Əsl jurnalistdən yaxşı romançı, yazıçı alınar. Jurnalist nə deməkdir? Jurnalistin yüksək intel-lekti, savadı olmalıdır. Zəhmətkeşlik bu peşənin başlıca meyarıdır. Mən dəfələrlə demişəm, bir damcı istedada doxsan doqquz damcı zəhmət təri qatmalısan. Mən adi bir informasiyanı da yazanda məsuliyyət duyuram. Qaldı ki, mənə bədii yazıları həyat özü diqtə edir. Milli mənəviyyatımıza, mentali-tetimizə yad olan eybəcərliklərə qarşı mübarizə aparmaq əsas qayəmdir. Əxlaqımızda da, mədəniyyətimizdə də, həyatımızda da, ailə, övlad-valideyn münasibətlərində də ülviliyi qorumaq istəyirəm.
Yazıçı Əli İldırımoğlunu respublikamızın hüdudlarından kənarda yaxşı tanıyırlar. “Mənim rəncbər atam” və “Zorən jurnalist” romanları Türki-yədə çap edilib. Hətta Türkiyə jurnallarından birində onu “Azərbaycanın Yaşar Kamalı” adlandırıblar. “Mənim rəncbər atam” İranda çap olunub.
– Mən yazı masamın arxasında əyləşəndə təzələnirəm, yüngülləşirəm. Bütün dərddən, kədərdən, ələmdən, qayğıdan uzaqlaşıram. Mən işləməsəm, yaşaya bilmərəm, – deyə Əli müəllim özünün jurnalist-yazıçı ömrünün mə-ramını ifadə edir. – Mən yazı üzərində işləyəndə heç nə eşitmirəm. Mən sö-zün həqiqi mənasında yazının üzərində əlləşirəm. Çünki ədəbiyyat söz sənətidir, gərək bu sənətin xiridarı olasan. Mən özüm üçün yazıram, bir də həyatın görünməyən tərəflərindən hali olanlar üçün yazıram. Bir də hamı üçün...
Etiraf və səmimiyyət
Bu gün yazıçı-jurnalist Əli İldırımoğlu ömrünün müdriklik çağın-dadır. Bu çağda insanın həyata baxışında fəlsəfi çalar üstünlük təşkil edir. O da öz fikirlərini, səmimiyyətdən yoğrulmuş etirafını belə ifadə edir:
– Ahıllıq, bir də getdikcə tənhalaşmaq dərdi.... Təsəllini hələ yerə qoyma-dığım qələmdən, yazı masamın üstünə səpələnən kağızlardan alıram. Axı nə qədər yazıb-pozmaq olar?! Bəzən təntiyirəm, darıxıram. Məhrəm bildikləri-min hənirtisinə, xoş kəlama, xoş sözə ehtiyac duyuram. Lakin... Bir vaxt aramsız cingiltisindən bezikdiyim telefonum da bir kənarda lal-dinməz susub. Elə qapımızın zəngi kimi. Sanki ahıllığımın sehrinə düşüblər. Təsadüfdən-təsadüfə səslənirlər.
Bu günlərdə telefonumun cingiltisi otağımın sükutunu pozdu. Həmin anda ağlıma gəldi ki, yəqin qohum-əqrəbalarım olar. Və yaxud dostluq, vaxtilə həmkarlıq etdiklərimdən, çörək kəsdiklərimdən biri. Xoş ovqatla dəstəyi qaldırdım. Həzin, həlim, ehtizazında qayğı duyduğum munis bir səs. O qədər də yaxın ünsiyyətdə olmadığım, oturub-durmadığım, qabaq-qənşər əyləşib bir stəkan çay içmədiyim, lakin hərdən halımı soran Teymur müəllim idi. “Respublika” qəzetinin baş redaktoru Teymur Əhmədov. Deməli, mətbuat dünyamız nəciblərdən, nəzakətlilərdən, getdikcə unudulanları arayıb-axtaran-lardan xali deyil: – Səhhətin necədir? Yeni nə yazırsan? Ötən il başladığın romanı tamamlamısanmı? – Yaşlı qələm əhli kimi yaradıcılığımla maraqlanır.
– Hərdən bizim qəzetə də yaz, – əlavə edir. – Təcrübəniz gənc qələm sahibləri üçün faydalı olardı.
Çoxdan dəbdə olan müsahibə ənənələrini pozaraq, “Yaxşı jurnalist necə olmalıdır?” sualınıza bax belə cavab verərdim: – Elə redaktorunuz kimi. Sadə, iddiasız, istedadlı, həmkarlarına qarşı diqqətcil, qayğıkeş. Çünki jur-nalistin kamilliyi də, uğurları da bu cür insani keyfiyyətlərdən qaynaqlanır. Ola bilsin ki, cavabım Teymur müəllimi o qədər də qane etməsin və dedik-lərim onun xarakterinə xas olan təvazökarlıq səddini keçib, qəzetinizdə əksini tapmasın. Lakin dünyagörmüş dərin bir alim ahıllığın dəymə-düşərliyini nəzərə alıb, onun qəlbindən qopan sözləri heç vaxt redaktə və ya improviza-siya etməz...
...Əli müəllimin ürək sözlərinə hər hansı müdaxiləyə ehtiyac görmü-rəm. Jurnalistikamızın qürur və iftixar mənbəyi olan bu qeyri-adi iste-dad sahibinə, mətbuatımızın müdrik ağsaqqalına, öz həyatını, dünyagö-rüşünü, mənəvi dünyasını romanlara çevirən görkəmli yazıçıya möhkəm cansağlığı, yeni yaradıcılıq uğurları arzulayaraq, söhbətimizi yekun-laşdırıram.
Möhtərəm Rəcəbova
“Respublika” qəzeti
|
|