www.aliildirimoglu.az

Müsahibələr, söhbətlər

JURNALİSTİKAMIZIN AĞSAQQALI

Yaxşı yadımdadır, o vaxt universiteti bitirib “Yazıçı” nəşriyyatında işə başlamışdım. İş yerim indiki AzərTAc-ın binasında yerləşirdi. Altımərtəbəli qədim binanın dördüncü və altıncı mərtəbəsində nəşriyyatımız məskunlaş-mışdı, üçüncü və beşinci mərtəbədə isə “Kommunist” qəzetinin redaksiyası yerləşirdi. O vaxtlar jurnalistikada böyük nüfuz sahibi olan, mətbuat azman-ları ilə hər gün üz-üzə gəlib, liftlə qalxmaq, bir binada işləməkdən qürur duyurdum. Onların cəmiyyətdə tutduqları mövqeyə, qazandıqları hörmətə qibtə edirdim.

Qələminin qüdrəti ilə böyük nüfuz qazanmış söz sahiblərimizdən biri də adını tez-tez eşidib, üzünü görmədiyim Əli İldırımoğlu idi. Onun mübarizliyi, qətiyyəti, prinsipiallığı barədə, heç nədən və heç kimdən çəkinmədən prob-lem məsələlər qaldırdığını və bu problemlərin həlli yolundan heç vəchlə geri çəkilmədiyini çox eşitmişdim.

Aradan aylar, illər keçdi. “Yazıçı” nəşriyyatı səriştəsizlik ucbatından bağlanandan sonra qəzetçilik fəaliyyətinə başladım. Bu işin özəllikləri və çətinlikləri ilə üzləşdikdən sonra belə bir qənaətə gəldim: qəzetçilik bu sahədə çalışanlar, imzaları ilə tanınan qələm sahibləri üçün heç də asan olmayıb. Ötən illər ərzində müxtəlif simalarla görüşməli, ayrı-ayrı janrlarda yazılar hazırlamalı olmuşam. Aralarında maraqlıları da olub, maraqsızı da. Elə yazıların özü də. Bəziləri ürəyimcə olsa da, hərdən məni qane etməyən yazılar da çıxıb ortaya. Yəqin bu sahənin adamları məni düzgün başa düşəcəklər, axı, adi bir qəzet yazısı da yaradıcı işdir və ilham pərisi adamın burada da dadına çatmalıdır.

Açığını deyim ki, söz adamları haqqında yazanda bir az narahatlıq hissi bürüyür məni. O da ki ola Əli İldırımoğlu haqqında!

Əli ildırımoğlu kimdir?

Ömrünün ixtiyar dövrünü yaşayan mötəbər qələm sahibi. Qətiyyətli, obyektiv, haqqı-nahaqqa verməyən, gücsüzün qisasını qiyamətə qoymayan söz hökmdarı.

İrili-xırdalı bütün əsərlərində mənəvi-əxlaqi dəyərlərimizə hörmət, sitayiş duyulan, xalq ruhuna dərindən-dərinə bələd olan milli yazıçı.

Satirik publisistikanın felyeton, pamflet, parodiya kimi kəskin janrlarında məqalələr yazaraq milli mətbuatımızda dəst-xətti ilə seçilən qətiyyətli jur-nalist.

Vicdan qanununu bütün qanunlardan üstün tutan, həmişə öz vicdanının qanunlarından çəkinən, hörmət edən və bu səbəbdən Allahdan sonra bir də özündən qorxan, etdiyi səhv üçün özünü dövlət və vicdan qanunları ilə müha-kimə edən, ömrünün bu çağında da həmin qanunlarla gedən insan, vətəndaş, ziyalı.

Sovet mətbuatının stereotiplərinə, qadağalarına, senzurasına baxmayaraq, müstəqil Azərbaycan mətbuatı ilə müqayisədə üstünlüyü birinciyə verən söz, qələm əhli: “O dövr mətbuatında sözə məsuliyyət, peşə etikası, mənəvi-əxlaqi normalar vardı. Mətbuatı dördüncü hakimiyyət adlandırırlar. Onda mətbuat dördüncü yox, deyərdim ki, ikinci hakimiyyət idi. Hanı indi o güc?..” – deyən və: “Bizə nizam-intizam, qayda-qanun lazımdı...” söyləyən mətbuat işçisi.

Elə bu üzdən də ömrünün qırx ilini həsr etdiyi mətbuatdan bu gün kənarda qalmağı üstün tutan mətbuat təəssübkeşi Əli müəllimin özəl xüsusiyyətlərini səciyyələndirən amillərin sırasını artırmaq da olar. Ancaq düşünürəm ki, həyat və fəaliyyətinin müəyyən məqamlarına toxunduqca qəhrəmanımızın bitkin bir obrazını yarada biləcəyik!..

Əli İldırımoğlu uzun illər (1955-1990) “Kommunist” qəzetində işlədiyi zamanlarda felyeton janrında yüzlərlə yazılar dərc etdirmişdi. Əli İldırımoğlu bu felyetonlarda günün, dövrün mühüm ictimai, mənəvi-etik, sosial-iqtisadi problemlərini qaldırır. Və bu zaman düzlük, ədalət, qərəzsizlik, cəsarət kimi şəxsi keyfiyyətlərinə əsaslanır, tənqid hədəfini nişan alarkən əli titrəmir, sərrast atəş açır. Bu güllələr cavabdeh olan yüksək rütbəlilərə – nazirlərə, komitə sədrlərinə, raykom katiblərinə, hüquq-mühafizə işçilərinə, bir sözlə, dövrünün “balaca padşahlarına” tuşlanırdı. Əlləri hər yerə çatan, qılınclarının dalı da, qabağı da kəsən vəzifə sahiblərini tənqid etmək, əməllərini ictimaiy-yətə faş etmək o qədər də asan məsələ deyildi. Lakin Əli İldırımoğlunun cəsa-rəti, faktları dəqiq, qərəzsiz və düz yazması, təkzibə əl yeri qoymaması, təmənnasızlığı, düzlüyü qarşı tərəfi silahı yerə qoymağa məcbur etmiş, niy-yətlərini boşa çıxarmışdı.

Əli İldırımoğlu felyetonlarının uğurunun əsas şərtlərindən biri müəllifin janrın tələblərinə əməl etməsidirsə, digər bir şərti isə onun şəxsi keyfiyyəti ilə bağlıdır. Həmin felyetonların mayasında Əli İldırımoğlu düzlüyü, ədaləti, qərəzsizliyi və cəsarəti dayanırdı. Bunu dövrün yazıçıları, tənqidçiləri də qeyd edirdilər.

Əli İldırımoğlunun felyetonları dil və üslub xüsusiyyətlərinə görə də fərqlənirdi. Ədəbi və mətbuat dilindən, daha çox xalq dilindən istifadə onun felyetonlarını leksik imkanlar baxımından daha da zənginləşdirirdi.

Ötən əsrin 80-ci illərinin sonlarından etibarən Əli İldırımoğlu ictimai-siyasi mövzulara müraciət edir. 1993-cü ildə yazdığı “Millətin öndərləri” adlı pamflet öz kəskinliyi ilə diqqəti daha çox cəlb edirdi. Burada 80-ci illərin sonlarından Azərbaycanda vüsət alan ictimai-siyasi çalxantıların, Qarabağ müharibəsinin əksi və proseslərin önə çıxardığı, xalqa liderlik etmək iddia-sında olan fiqurlar tipləşdirilir, ölkə həyatındakı mühüm bir dövrə satirik-analitik baxış ifadə olunur.

Satirik publisistikada dəyərli nümunələr yaradan Əli İldırımoğlu bədii publisistikada, xüsusən oçerk janrında da uğur qazanır. Müəllif mətbuat səhi-fələrində çap olunan 500-dən çox oçerki ilə bu janrda yeni keyfiyyət dəyiş-mələri edə bilmiş, oçerk janrının yeni hüdudlarını cızmağa müvəffəq olmuşdur.

Əli İldırımoğlunun oçerklərində güclü süjet xətti var, təsvir edilən hadisələr ardıcıl əlaqələndirilir, real həyatda yaşayan insanlar, surət-obraz səviyyəsində işlədilir, ümumiləşdirmə aparılır, lakonik xəlqi dil onlarla hekayə arasında şərti sərhədləri də itirir. Bu oçerklər bədii publisistika ilə epik ədəbiyyat arasında ən qısa bir körpü yaradır və bu körpü Azərbaycan ədəbiyyatında Əli İldırımoğlu dəyərində, Əli İldırımoğlu çəkisində realist bir nasirin yetişməsinədək uzanır.

Nasir Əli İldırımoğlu

Onun böyük ədəbiyyata gəlişi hekayə ilə olub, “Xalis bal”, “Bir qulac kəndir”, “Tapılmayan dərman”, “Minnət”, “Qardaşı generaldı”, “Daş”, “Vəzifə üçün əyilməyən”, “Qoca macgəl”, “Yumurta boyda dən”, “Güvən-diyim dağ” və s. hekayələri onu klassik ənənələrə sadiq bir yazıçı kimi tanıtmışdı. Onun real fakta, dəlil-sübuta əsaslanan felyetonları ilə satirik hekayələri əksər hallarda tematika cəhətdən səsləşir, müəllifin hər ikisində yaradıcılıq qaynağı xalq yumoru, “Molla Nəsrəddin” ənənələridir.

Artıq cəmiyyət arasında hadisəyə çevrilən, böyük hay-küy yaradan pub-lisistik yazıları ilə məşhur olan Əli İldırımoğlu bədii yaradıcılığa 80-ci illərdə, ömrünün müdriklik çağlarında başlayıb və oxucularına sanballı romanlar ərməğan edib. Görünür, uzun illərdən bəri müşahidə etdiyi, üzləşdiyi həyat hadisələri artıq jurnalistikanın janrlarına sığmadığından müəllif bədii sözün qüdrətinə pənah gətirib. Beləliklə də Azərbaycan xalqının mənəvi aləminin, tarixi keçmişinin, gerçək bu gününün təbii, canlı təsvirini verən “Zorən jur-nalist”, “Közərən sətirlər”, “Mənim rəncbər atam”, “Qarlı gecələr”, “Aqibət” kimi realist romanlar, povest və hekayələr meydana çıxıb. Ərsəyə gətirdiyi bu əsərlərin əsasını insan amili, humanizm, həssaslıq təşkil edir. Əli İldı-rımoğlunun romanları sənədlilik baxımından da çox fərqlidir, çünki mətbuat-da qırxillik fəaliyyəti dövründə bütün insan tiplərini müşahidə edən yazıçı “gerçəkliyə hədsiz sadiqliklə” qələmə alıb onları. Bir yazıçı kimi onun gücü milli-kulturoloji köklərə bağlılığındadır.

Əli İldırımoğlu xalqının dərdlərinə, faciələrinə, səhvlərinə ürəkdən acıyan, şəxsi taleyini toplumun taleyindən ayırmayan bir sənətkardır. O, öz zamanının yaşantılarını doğru-dürüst verməyə çalışmış, müşahidə etdiklərini, duyduqlarını olduğu kimi çatdırmışdır.

Onun əsərlərinin hamısının mayasında humanizm konsepsiyası dayanır. Yazıçı-jurnalist Bəsti Əlibəyli Əli İldırımoğlu yaradıcılığına həsr etdiyi “Durna çırağı” kitabında “İşıqlı və nəcib ədəbiyyat” adlı giriş yazısını belə bitirir: “Qədim Azərbaycanda ulu babalarımız yalnız öz evlərini işıqlandır-maq qayğısına qalmayıblar. Onlar xüsusi çıraqlar düzəldib gecələr uca dağlar başında yandırıblar ki, yazın, payızın dumanında yolu azan, qaranlığa düşən durnalar qurda-quşa yem olmasın və durna çırağının işığıyla istiqaməti düzgün müəyyənləşdirsin.

Əli İldırımoğlunun əsərləri aşıladığı nəcibliyə, xeyirxahlığa, humanizmə, bir sözlə, ali insani dəyərlərə görə durna çırağına bənzəyir. Ancaq o, həmin çırağı bəni-Adəm üçün yandırır ki, iblisə aldanıb, nəfsə uyub yolunu azmasın...”

Durna çırağının işığında düşüncələr, yaxud sualsız cavablar

Böyük bir həyat yolu keçib yandırdığı durna çırağının işığına söykənib müəyyən yaradıcı cığırı açıb özünə. Bu yolu, bu cığırı necə keçib, çaşdığı, büdrədiyi olubmu görəsən? İndi hesabat dəmidir. Bəlkə ömrün elə bu çağında dayanıb keçilən yola yenidən bir nəzər salmağa doğrudan ehtiyac var?

Bu söz sahibinə müraciət edib yormağı lüzum görmədik. Biz öz sual-larımıza cavabı isə sualsız cavabların özündə cavab axtarmağa çalışacağıq...

– Mənim öz yolum var. Bəzən felyeton yalnız tənqid etmək, asıb-kəsmək cəsarəti tələb edən bir janr kimi dəyərləndirilir. Halbuki yaxşı felyetonçu daha öncə yüksək savada, bilik və səriştəyə malik olmalıdır;

– Felyetonlarım qəzetdə dərc olunan kimi, orada qaldırılan məsələlərə ən yüksək səviyyədə baxılırdı. Mərkəzi Komitənin bürosuna çıxarılırdı. Bu, qa-nunun gücüydü. Mətbuat da qanunun tərəfində dayandığı üçün güclüydü. Mən müstəqil milli mətbuatımızın şəxsi hislərin, ehtirasın əsirinə çevrilmə-sini məqbul hesab etmirəm.

– Ədəbiyyatın hədəfi insan qəlbidir, düşüncəsidir. Ədəbiyyat qəlbləri fəth etmək istəyirsə, gərək həmsöhbət olduğu insanlara nələrisə desin. Şekspir, Hüqo, Heminquey, Tolstoy, Qorki, Şoloxov, Aytmatov – bu yazıçıların əsərləri mənim stolüstü kitablarımdır. Azərbaycan yazıçıları arasında İlyas Əfəndiyevin dili çox xoşuma gəlir və ola bilsin, mənim əsərimdə onun dilinin müəyyən təsiri var.

– Hər bir qələm əhli yazdığı əsərə yaşadığı quruluşun yox, yüz, iki yüz il sonranın gözüylə baxmalıdır. Bir daha xatırladım ki, iki qanun var: vicdan qanunu və dövlət qanunu. Mən yazıçının ancaq dövlət qanunlarıyla yaz-masına təəssüflənirəm.

– Alın yazısına, yığvala inanıram, həm də sidq ürəkdən. Dəfələrlə çətin, çıxılmaz vəziyyətlərə düşmüşəm, amma sanki kimsə o anda sehrli lələyi yandırıb və məni dardan qurtarıb. Çünki məndə Allaha yaxınlıq var. Düzdür, indi namaz qılıb oruc tutan, Həccə gedən adamlar çoxdur. Mən nə Həccə, Məşhədə getmişəm, nə də dini ayin və rituallara fanatikcəsinə bağlıyam. Mənim Allahım, mənim Həccim, oruc-namazım qəlbimdir. Həmişə bir işi tutmazdan qabaq özümə iki sual verirəm:

1. Etdiyim iş, atdığım addım, dediyim söz Allaha xoş gedər ya yox?

2. Bu işi beş-on adam arasında söyləsəm, mənə nifrət edərlər, yoxsa təqdir edərlər?

Ağlım kəsəndən həyatımı belə yaşamışam. Görünür, Allahın da xoşuna gedib və hər zaman məni qoruyub. Bir şeyi bilir və inanıram ki, həyatda hər kəsin əməli gec-tez öz qabağına çıxmalıdır. Necə deyərlər: “Nə əkərsən, onu da biçərsən”.

Bəli, Əli İldırımoğlu ömrünü şərəfli bir peşəyə həsr etdi, haqq-ədalət uğrunda mübarizədə qələmi silaha çevirdi. Özünü bir publisist, bir yazıçı kimi də təsdiqlədi. Güclülərə qarşı çıxıb, gücsüzləri qorudu və bununla özünü həmişə güclü bildi. Hər kəsə anlatmağa çalışdı ki, Tanrı qarşısında bütün insanlar birdir, bərabərdir və bu qanundan kənara çıxmaq heç bir kəsə, heç bir xalqa, heç bir cəmiyyətə və heç bir sivilizasiyaya xeyir gətirməz. Yazıb yaratdıqları ilə demək istədi ki, qəlbinizi də, əməlinizi də təmiz edin ki, qarşınıza çıxanların acısını çəkməyəsiniz. Bu mənada tale üzünə gülüb, qazandığı təmiz ad, nüfuzlu imza olub: Əli İldırımoğlu. Əməllərinə görə Tanrının verdiyi ən böyük mükafat da elə budur...

Nərgiz Rüstəmli
“Respublika” qəzeti

















 

© 2011. Bütün hüquqlar Əli İldırımoğluna məxsusdur.
www.aliildirimoglu.az və ya www.aliildirimoglu.com