www.aliildirimoglu.az

Müsahibələr, söhbətlər

TUT AĞACININ BAHARI

Qapı açılmamışdan bilirdim ki, birinci görəcəyim qızılgüllər olacaq. Onların ətri ətrafı bürümüşdü. Amma heç ağlıma da gətirmirdim ki, bu güllər Əli müəllimin və Şəfiqə xanımın barmaqlarında, ovcunda pöhrələyə bilər, könlündə-gözündə, söz-söhbətində ləçəkləyər. “Səhər-axşam əlimiz üstlərin-dədir, – Əli İldırımoğlu aşıb-daşan kollara baxdığımı görüb belə dedi və irəli yeridi: – Bu tutun altında əyləşin”. Köklü-köməcli ağac həyətin çox hissəsini qanadı altına almışdı. Nəhəng, düyünlü gövdəsinə yamyaşıl yarpaqlar arasından süzülən günəş sığal çəkmək istəyirdi. Amma dünyagörmüş bu ağac sığal götürmürdü. O, küləklərlə, qarla, yağışla döyüşlərdən çıxmışdı, vaxtı yormuşdu, vaxtın ağzı ovxarlı neçə qılıncını sındırmışdı.

– Bu ağac bir az sizə oxşayır, – dedim.
Əllərini alnının hər iki tərəfindən seyrək gümüşü saçlarına çəkdi:

– Ömrümə desən, daha düz olardı, – təbəssüm üzündən gözlərinin dərinli-yinə köçdü, – görürsənmi, neçə yerdən ona dayaq vurmuşam... Övladlarım, nəvələrim, Allaha şükür, hər gün yanımdadır, amma ömrümün qırx ilini verdiyim redaksiya da gərək hərdən məni xatırlaya...

Əli İldırımoğlu “Xalq qəzeti”nin (vaxtilə “Kommunist” adlanırdı) ən ünlü yazarlarından olub. On il Naxçıvanda, on yeddi il Qarabağda, on ilə yaxın da Qubada bölgə müxbiri işləyib. Yeddi kitabın müəllifidir. Qələmini jurnalistikanın, ədəbiyyatın əksər janrlarında sınayıb. Qəzetin oxucuları onun imzasını sevə-sevə axtarıblar.

Felyetonlar toplusunu vərəqləyirəm və onların arxasındakı insan talelərini görürəm. Əli müəllim nə qədər daşlaşmış düyünləri çözüb, neçə adamın işini yoluna qoyub. Haraya çağıranın səsinə səs verib. Məhz onun çıxışından sonra o vaxt Mərkəzi Komitə Xınalıq kəndinin vəziyyəti barədə xüsusi qərar qəbul edib, işlər görülüb.

– Mən rahat və sakit yaşamağı bacarmamışam. Harda olmuşamsa, ictimai
fikrin içinə baş vurmuşam. Vicdanımın səsi ilə qələmi əlimə götürmüşəm.

– Əli müəllim, bölgə müxbiri olmaq, sözsüz ki, çətin peşədir. Onun spesifik xüsusiyyətləri var, balaca bir ərazidə yaşayıb oranın havası ilə nəfəs almaq və həm də yeri gələndə kimlərləsə üz-göz olmaq asan məsələ deyil.

– Əvvəla, savadlı və əxlaqlı olmalısan, istedad da öz yerində. Başlıcası, redaksiyanın təəssübünu çəkməlisən, onun mənafeyi şəxsi mənafeyindən yuxarıda dayanmalıdır. Bu elə son nəticədə, yenə sənin xeyirinədir. Yazıla-rında yalan olmamalıdır. Təsəvvür elə ki, ərazidə hamının qara gördüyü şeyə sən nəyin xatirinə isə ağ deyirsən. Sabah sənin nə hörmətin olacaq?! Başıma belə bir iş gəlmişdi. Hansı yollasa təltif olunmuş bir milis idarəsi rəisindən yazı yazmaq tapşırılmışdı redaksiyadan. Yazmadım, çünki xalq onu sevmirdi, “köpəkoğlunun biridir”, – deyirdi camaat. Uzun çək-çevirdən sonra redak-siyaya bunu sübut elədim. İllər keçəndən sonra mənim haqlı olduğum üzə çıxdı. Bir də sənə göstərilən izzəti, qəzetin adını-sanını axıracan xərcləmə-məlisən. Onu qənaətlə işlətməlisən, həmişə hörmət limitin olmalıdır. Bir də, oğul, heç vaxt yıxılanı vurmamışam. Dəyişməz bir redaktorum olub – kön-lümün səsi, vicdanım.

Əli İldırımoğlu 1927-ci ildə Qubadlının Əliquluuşağı kəndində doğulub. “Zorən jurnalist” kitabında deyilən kimi rəncbər atası İldırım kişi halal zəh-mətlə dolanıb. Oğlunu da bu ruhda böyüdüb. Amma o həmişə bilib ki, kəndlə-rini dövrələyən dağlardan o yanda böyük bir dünya var, o dünya da onu çağırır, haylayır. Ora gedən yolların kitablardan keçdiyini vaxtında bilib, kitaba, dəftərə, sözə vurulub, sözlə yaşayıb, nəfəs alıb. Mətbuata gəlişi, üzdən baxanda təsadüfi sayıla bilər. Əli İldırımoğlu ömrünün yetmişinə yaxın bir yerdən dayanıb geri boylananda özü də etiraf edir: “Yəqin bir də dünyaya gəlsəm, elə bu yolu seçərdim, əzabları, keşməkeşləri ilə bərabər – bu, mənim alın yazımdır”.

Əli İldırımoğlu ayağa qalxıb sürahıya söykənir, əllərini uzadıb tutun gövdəsinə çəkir. Təəssüf eləyirəm ki, özümlə fotoaparat gətirməmişəm və bu mənzərəni məndən savayı heç kəs görməyəcək. Doğma olduqları qədər də həmyaşdırlar. Onu tanımasaydım, elə bilərdim ki, bu kişi ömründə qələm tutmayıb əlində, amma demişdi ki, axşam düşən kimi masa arxasına keçir. Düzdür, yaxında tamamlayacağı növbəti kitabında çapla bağlı problemləri olacaq. Bu, onu qorxutmur. “Söz donmuş zamandır, nəfəs, hərarət dəyəndə canlanacaq, təki ilham tükənməsin...”

– Hər payız gələndə, qış düşəndə deyirsən: daha qurtardı. Bu bağ-bağat, gözəllik ömrünü başa vurdu. Amma görürsən yox, dünyanın ömrü uzundur, möcüzələri saysızdır. Bahar təbiətin ilhamıdır. Oğlum, bu qoca Əlinin içində çox bahar var, hələ sözün sanı qədər bahar...

Bunu da birinci dəfəydi eşidirdim, “sözün sanı qədər bahar”. Əli müəllim danışanda da şairdir, susanda da...

– Heç şeir yazmısınızmı?
Cavab vermir. Amma bilirəm ki, yazıb. Sadəcə, bəlkə, üzə çıxarmayıb.

...1979-cu ildə. Cəbrayıl rayonunun Böyük Mərcanlı kənd sovetində işləyirdim. Sovetin sədri Kamil kişi dedi ki, nahardan sonra qonağımız ola-caq, bir yerə getmə, sən də görüşərsən. O gün ilk şeirlərim “Azərbaycan” jurnalında dərc olunmuşdu, ona görə bir az havalıydım, ayağım yer tutmurdu, qonaq-zad da gözümə görünmürdü.

...Qonaq əlində həmən jurnal girdi içəri. Salamdan sonra üstümə yeridi və ərklə əlini uzatdı: “Şairiniz budur yəqin, Kamil kişi!” Kamil kişi təsdiqlədi. Bir müddət əlimi buraxmadı: “Oxudum, yaxşı şeirlərdir, oğul, nədən və necə yazırsan yaz, amma sözün çəkisini bil!”

Qonağın Əli İldırımoğlu olduğunu gedəndən sonra bildim. Şüvəlandakı bağında onunla söhbətimdə bunun üstünə qayıtdım. Əli

müəllim haqqında yazı yazmaq qərarına gələndə 17 il əvvəlki hislərimi təzədən vərəqləmişdim. Onun qapısını açanacan artıq obrazını xatirimdə can-landırmışdım. Lakin üz-üzə gələn andan onun söz-söhbətinin təsiri altında idim. O danışırdı, mən dinləyirdim. Bir qəzetin iki nəsli dayanmışdı. Sonrakı nəsil uduzurdu və fikirləşirdi: “Ürəyimdən keçənləri yazıya saxlayaram”.

– Əli müəllim, tərcümeyi-halınızda yəqin ki, mətbuatla bağlı maraqlı, yaddaqalan hadisələr çox olub. Saysız adamlarla görüşmüsünüz...

– Ağdamda 5–6 evi olan bir kəndə yolum düşürdü. Gözəl bağ-bağatı, mən-zərəsi vardı. Qoca bir kişi nədənsə hamını qoyub mənə yanaşdı, dedi: – Oğul, bu rayonda hansı vəzifədə çalışırsan? Dedim: – Qəzetçiyəm. Dedi: – Qadan alım, kömək elə, bura işıq çəksinlər. Dedim: – Əmi, burdan hamı köçüb gedib təzə kəndə, 5 evdən ötrü o boyda xərci çəkməyəcəklər. Sifəti tutuldu, təəs-süflə azaylandı: – 95 yaşım var, bu gün-sabah başımı yerə qoyacağam, yası-ma gələnlər qaranlıqda əziyyət çəkəcəklər, yoxsa mənim nəyimə gərəkdir işıq, çıraq da bəsimdir. Söz məni tutdu. Bir həftə ərzində rayonda idarə qalmadı baş çəkməyim, xahiş-minnət, işıq xəttini ora apara bildik. Təxminən 2–3 ay sonra o kişi, Qədir idi adı rəhmətliyin deyəsən, dünyasını dəyişdi. Dəfnində iştirak elədim. İnanın ki, arzusunu yerinə yetirə bildiyim üçün özümü dünyanın ən xoşbəxt adamı sayırdım.

...Neçə il qabaq “Damda ağac” adlı felyeton yazmışdım. Bakının mərkəzi küçələrinin birində, qədim binanın damında bitən ağac divarı çatlatmışdı. Ona əncam çəkilməli idi. Bu yaxınlarda yenə oradan keçirdim, görürəm ağac yerindədir, çat da böyüyüb... Bu boyda laqeydlik, biganəlik olarmı? Oturub fikirləşirəm, ürəyim ağrıyır. Siz hara baxırsınız, bəs? Hara baxır qəzetçi qardaşlarımız?

Əli İldırımoğlu xoşbəxt adamdır. Ömrünü sevdiyi peşəyə bağlayıb. Birinci gündən işə necə başlayıbsa, bu gün də həmən əhvaldadır. “Hər yazım dərc olunanda qanadlanıram”, – deyir və mən bu sözlərin səmimi olduğuna zərrə qədər şübhə eləmirəm. Üzünə-gözünə qonan nur təsdiqləyir dediklərini. Və mən bilirəm ki, Əli müəllim “hörmət limitini” axıracan xərcləmədiyi kimi, ürəyinin odunu, romantikasını da qənaətlə sərf edib... Bu əzəmətli tut ağacı kimi hələ neçə dəfə yarpaqlayacaq, yaşıllaşacaq. Neçə-neçə illərə bahar nağılı danışacaq...

Hüseyn Əfəndi, jurnalist
1996-cı il


















 

© 2011. Bütün hüquqlar Əli İldırımoğluna məxsusdur.
www.aliildirimoglu.az və ya www.aliildirimoglu.com