www.aliildirimoglu.az

Müsahibələr, söhbətlər

“ATAMA OLAN HÖRMƏT VƏ MƏHƏBBƏTİM MƏNİM BÜTÜN SƏHVLƏRİMİN SƏRHƏDİ OLUB”

– Əli müəllim, ən çox sevdiyiniz jurnalist, şair və yazıçı?

– “Bakraboçi”də bacarıqlı bir jurnalist vardı: Nəcəf Quliyev. Hədsiz zəh-mətsevərliyi məndə o adama qarşı həmişə xüsusi rəğbət hissi oyadıb. Şairlər-dən ən çox Səməd Vurğunu sevmişəm – Səməd Vurğunun şəxsiyyəti bütün həyatım boyu mənimçün poetik ideal olub. Yazıçılara gəldikdə ən çox rus və

Avropa klassiklərini, o cümlədən Tolstoyu, Dostoyevskini və Hüqonu sevirəm.

– Səməd Vurğunu görmüsünüzmü? Onunla bağlı hər hansı bir xati-rəniz varmı?

– Səməd Vurğunla bağlı yaddaşımda maraqlı bir xatirə var... Bu hadisə olub 1952-ci ildə. “Partşkola”da bir tələbə dostum vardı, onunla dəniz kəna-rına getmişdik. Çox isti bir günüydü. Sahilə yaxın yerdə əkilmiş hündür bir ağacın, – yəqin ki, o ağac indi yoxdu, – kölgəsində beton stol-stul qoyulmuşdu. Yayın istisindən təngnəfəs olmuş adamlar bu kölgəlikdə sərin beton stullarda oturaraq həm dincəlir, istirahət edir, həm də soyuq dondurma yeyə-yeyə söhbətləşir, dərdləşirdilər. Küncdəki stollardan birinə yaxınlaşdıq. Əyləşib, xidmətçi qıza iki qab dondurma sifariş verdik. Bu arada nələr baş verdi, nə dedik, nədən danışdıq – təfərrüata varmayacağam. Bir də onu gördüm ki, sto-lumuzun üstünə iki qab dondurma qoyuldu. Birdən Qəzənfər məni dümsük-lədi: “Bax, Səməd gəlir, Səməd gəlir”. Bir anda hər şeyi unutdum. Bu, mənim şəkillərdə gördüyüm Səməd idi, əyninə göy sətindən pencək, parusin parçadan şalvar geyinmiş, ortaboylu, pərişan saçlı Səməd, şeirləri hamımızın dilinin əzbəri olan şair Səməd Vurğun... Qızı Aybəniz də yanındaydı. Bizim bərabərimizə gəlib çatanda dayandılar. Əvvəl-əvvəl hiss elədim ki, ötüb keçmək istəyirlər. Amma sonra öz aralarında nə pıçıldaşdılarsa, fikirlərini dəyişib üzü bizə tərəf addımladılar. Pavilyona daxil olub, bizim stolumuzdan bir neçə addım aralıda qoyulmuş boş, adamsız stolun arxasında əyləşdilər. Xidmətçi qız, Səməd Vurğunu tanımırdı-nəydi, onlara gec yaxınlaşdı. Səməd isə – neçə ki, mən ona fikir verirdim, – bütün bu müddət ərzində bir an da olsun gözünü qızdan çəkmədi. Nəhayət, qız onlara yaxınlaşdı, hamı kimi adi qaydada onların da sifarişlərini qəbul eləyib getdi. Elə bu vaxt üç pəzəvəng matros göründü. Matroslar etina etmədən Səmədgilin yanında oturdular. İndi görün nə oldu – hekayənin ən təsirli yeri buradı. Xidmətçi qız gətirdiyi iki qab dondurmanı stolun üstünə qoyub gedən kimi, Səməd əl atıb qablardan birini üzbəüzdəki maryaka doğru itələdi. Eyni hərəkəti qızı Aybəniz də təkrar elədi.

Matroslarsa – bu hörmətin müqabilində minnətdarlıq əlaməti olaraq baş əydikdən sonra – dondurma qablarını təkrar sahiblərinə tərəf sürüşdürdülər. Beləliklə, dondurma qabları ortalıqda, yəni ki, toxunulmamış qaldı. Və bu hal ta, matroslar üçün üç qab dondurma gətirilənəcən davam elədi. Elə ki, xidmətçi qız matrosların da dondurma payını gətirdi və onlardan hər kəs öz payını qabağına çəkib yeməyə başladı, Səmədlə qızı yalnız bundan sonra hərəkətə gəldilər – ortalıqda qalmış dondurma qablarına onlar yalnız bundan sonra əl uzatdılar.

Və bu yerdə icazə verin, bir-iki kəlmə də özümdən deyim. Müsafirlərim çıxıb gedəndən sonra nə görsəm yaxşıdı: baxıb görürəm ki, buz kimi don-durmam dönüb olub su! (gülür)

– Əli müəllim, heç şeir yazmısınızmı?

– Yox, yazmamışam, Səməddən sonra nə şeir... İndi siz soruşursunuz və mənim xatirimə şeir xüsusunda cəmi-cümlətanı üçcə yazım gəlir. Ağcaqana-da müraciətlə yazılmış birinci yazımı mən eyniadlı felyetonumda vermişəm:

Gün ki batdı, hər yanda cövlan edər ağcaqanad. Nə yatar, nə yorular, nə dincələr ağcaqanad. Nə qoyar bizi yataq sübhə qədər ağcaqanad.

İkinci yazımı lap çoxdan, hələ “Avanqard” qəzetində işləyəndə yazmışdım və o misralar arvadını çöl işinə buraxmayan kolxoz sədrinin karikaturasının altında dərc olunmuşdu. Nəhayət, üçüncü yazımı kölgədə yatan briqadirə həsr eləmişəm, o vaxt bu məzmunda bir karikaturaya baxmışdım. Həmin yazı belədi:

Səhər ertə sərində
Olar pambıq yerində.
Səhər saat səkkizdən
Axşam saat doqquza
Sərin yerdə xoruldar
Bədəni dönər buza.
Bixəbərdir tarladan,

Selləmə suvarmadan, Görmür kalış alağın, Sahədə qarpız tağın...
və s.

Bununla belə, bir daha təkrar eləyirəm ki, bunlar şeir yox, şeirəoxşar yazılardı. Şeirdə əlim yoxdu mənim – zəifəm...

– Ən çox sevindiyiniz gün?

– “Kommunist” qəzetində ilk məqaləmin dərc olunduğu gün.

– Ən kədərli anınız?

– Gərəksizliyimi hiss etdiyim anlar.

– Ən çox xatırladığınız adam?

– Atam. Atama olan hörmət və məhəbbətim mənim bütün səhvlərimin sərhədi olub.

Mənim atam rəncbər idi, çörəyini alın təri ilə qazanan rəncbər... Və bəlkə, mən həyatda tək buna görə uğur qazanmışam ki, həmişə atama onun mükəmməl xarakterinə səcdə eləmişəm. Atama olan hörmət və məhəbbətim mənim bütün səhvlərimin sərhədi olub.

O, halallıq, düzlük timsalı idi. Mən ondan heç nəyi gizlətmirdim. Və eyni zamanda çalışırdım ki, onun xoşuna gəlməyən heç bir hərəkətə yol verməyim.

Mənim atam məktəb təhsili görməmişdi, amma hər dəfə kolxoz işindən qayıdanda mütləq məktəbə baş çəkərdi, necə oxumağımla, aldığım qiymət-lərlə maraqlanardı. “5” qiymət alanda sevinər, pis qiymət alanda məyus olardı. Sevinəndə yalnız ona məxsus olan qərib güluşüynən gülərdi, məyus olanda – elə məyus olardı ki, deyərdin bəs, dünya uçub, altında qalıb...

Mənimçün böyük bir dərd idi atamın üzümə qaş-qabaqlı olması. Və mənimçün böyük bir fəxr idi atama layiq oğul olmağım...

– Siz Qubadlıda doğulmusunuz. Və ilk gənclik illəriniz də Qubadlıda keçib. Qubadlı nədir Sizinçün?

– Qubadlı mənimçün yuvadı, isti bir yuva... Mən Azərbaycanımızın çox yerində olmuşam. Və Rusiyanın şəhərlərinə də güzarım az düşməyib. Amma heç bir yer Qubadlını əvəz edə bilməyib mənimçün, Qubadlının mamırlı qayaları, tikanlı kolları qədər mənə əziz və doğma görünməyib...

Bu gün Qubadlı işğal altındadı və inanın ki, mən bir növ, dindən-imandan olmuş kimiyəm.

– İşğal olunmamışa qədər Qubadlıya çoxmu gedirdiniz?

– Çox... Getməyəndə də mütləq əlaqə saxlayırdım.

– Həyatınızdan razısınızmı?

– Razı oldum, olmadım – qismət Allahdandı, şükür Allahın verdiyinə.

– Yaradıcılıq planlarınız?

– Yaradıcılıq planlarım, əsasən, ədəbiyyatla – bədii yaradıcılıqla bağlıdı. İlk növbədə “Zorən jurnalist”in ikinci hissəsini və bir də, – əgər ömür vəfa eləsə, – “Qara küçük” adlı povest yazmaq istəyirəm. Nəzərdə tutduğum

üçüncü iş isə Əmrah əmim haqqında yazacağım povestdi. Hələlik bu qədər...

– Əli müəllim gələcəyimizi necə görür?

– Niyə ki, gələcəyə baxışlarım o qədər də bədbin deyil. Demokratiya yolu-na yenicə qədəm qoymuşuq, əminəm ki, Azərbaycanda həqiqi demokratiya-nın təntənəsini görmək bizə müyəssər olacaq. Deyirlər ki, dövlətin həqiqi gücü onun demokratiyasındadı. İnşallah, bir zaman gələr ki, demokratik Azərbaycan dövləti özünün işğal olunmuş torpaqlarını da azad eləyər və hələ desən, camaatını da ağ günə çıxarar.

– Əli müəllim, dünən söhbət əsnasında oğlunuz dedi ki, atam ixtisas etibarilə pedaqoq-müəllim olub və jurnalistikaya da tamamilə təsadüfən gəlib. Nə təsadüf idi bu, nə deyə bilərsiniz bu xoş təsadüf barədə?

– Bu təsadüf belədi: o vaxt mən kənddə müəllim işləyirdim. Rayonun bi-rinci katibi kənddə olarkən dərsimdə iştirak etdi və çox razı qaldı. Az sonra onun göstərişi ilə məni rayon mərkəzinə apardılar. Əvvəlcə maarif şöbəsində inspektor, sonra isə rayonda çıxan “Avanqard” qəzetində məsul katib işlədim, bir ildən sonra redaktor oldum.

– Deməli ki, zorən jurnalist oldunuz.

– Bəli, zorən jurnalist (gülür)... Bu barədə mən özümün axırıncı romanımda ətraflı bəhs eləmişəm. Yeri gəlmişkən, Sizə həyatımda mühüm rol oynamış bir əhvalat danışım. Qəzetə gəldiyim ilk günlər idi. Baş redaktor mənə məqalə yaz-mağı tapşırmışdı. Məqaləni hazırlayıb təmtəraqla redaktorun stolunun üstünə qoy-dum. Redaktor məqaləni oxuyar-oxumaz, etiraz mənasında başını buladı, yəni ki, “bu nədi yazmısan belə?” Və sonra da başladı izah eləməyə ki, qəzetin dili sadə, partiyalı, xalq tərəfindən başa düşülən olmalıdı. Amma sən burada fəlsəfə açmısan...

Məqaləni götürüb, kor-peşman otağıma qayıtdım. Uşaq kimi ağladım. Redaktorun danışığı mənə yaman yer eləmişdi. Özümü məğlub olmuş kimi hiss edirdim. Və ən çox da atam və dostlarım barəsində düşünürdüm. Düşü-nürdüm ki, acizliyim atamı və dostlarımı məyus eləyə bilər... Yalnız bircə çıxış yolu qalırdı: oturub işləmək və nəyin bahasına olursa-olsun, özümü təsdiq eləmək!

O gündən əsl mənada əzablı günlərim başladı (yəni ki, başladım can-dildən çalışmağa). Çoxlu qəzet oxudum, məktubların tərtibatı ilə tanış oldum, öz üzərimdə çalışa-çalışa tədricən publisistik yazı üslubuna yiyələndim.

Nəticə isə bundan ibarət oldu ki, mən özümü doğrudan-doğruya təsdiq elədim: məsul katiblikdən baş redaktorluğa keçdim; o dövrün ən nüfuzlu mətbuat orqanlarında – “Bakinski raboçi” və “Kommunist” qəzetlərində ədəbi-publisistik yazılarım dərc olundu.

– Mətbuat aləminə necə gəlməyinizdən danışdınız, ümumiyyətlə, jur-nalistika sahəsində neçə il iş stajınız var?

– Yarım əsr! Əllinci ildən üzü bəri mətbuat aləmindəyəm. Və əlavə olaraq deyim ki, bir jurnalist – qələm əhli kimi heç vaxt haqqı nahaqqın ayağına ver-məmişəm. Həmişə prinsipial, obyektiv olmağa çalışmışam. Bir misal çəkim: mən onda “Kommunist”in Naxçıvan üzrə müxbiri işləyirdim. Bir dəfə redak-tor məni çağırdı ki, bəs, Mərkəzi Komitə katibinin müavini Qəzənfər Məm-mədov Naxçıvan teatrına pyes göndərib, amma pyes səhnələşdirilməyib, bu barədə bir felyeton yaz. İndiki üzdəniraq jurnalistlərdən olsaydım, bu tapşırığı icra eləməyə uça-uça gedərdim və Qəzənfər Məmmədov kimi nüfuz sahibinin gözündə ucalmaq üçün pyesə barmaqarası baxan Naxçıvan teatrına bir yox, lap on felyeton yazardım. Amma mən bunu eləmədim, ucuz yolla karyera qazan-maq istəmədim, müəllifinin siyasi nüfuzuna görə, zəifdən-zəif olan bir əsəri ədəbi aləmdə qədir-qiymətə mindirməyə və əvəzində nüfuzlu bir teatrı qələmin satirik diliylə adsız-urvatsız eləməyə mənim jurnalist vicdanım yol vermədi...

– Bəs, əsl jurnalist, Sizcə, necə olmalıdı? Əli müəllim, düzdü, bura qədər dediklərinizi nəzərə alsaq, Siz bu suala, əslində, cavab vermisiniz, amma mən istəyirəm ki, bunu daha yığcam, daha konkret deyəsiniz (hər halda, cavabınız jurnalistikanın cavan nəsli üçün maraqlı olardı).

– Əsl jurnalist necə olmalıdı... Əsl jurnalist, gərək hər şeydən əvvəl, öz peşəsinə, sənətinə, qələminə hörmət eləməyi bacarsın. Jurnalistlik mübarizlik, əyilməzlik, dönməzlik, həqiqət deməkdi. Jurnalisti onun çap olunmuş hər bir yazısı düşündürməlidi. Yəni jurnalist düşünməlidi ki, görüm yazdığım yazı-nın millətə bir xeyri, səmərəsi var, yoxsa yox!

Bu yaxınlarda “Xalq qəzeti”ndə bir yazı oxudum: “Qaçın, müxbir gəlir”. Düzgün yazılmışdı. Çox üzüldüm, sarsıldım bu yazını oxuyanda. Biz gərək işi bu həddə gətirib çatdırmayaq. Jurnalistə göstərilən hörmətin dərəcəsini onun savad dərəcəsini müəyyən eləyir. Və bu mənada jurnalist savadlı olmalıdı. Jurnalistikada mübarizlikdən danışdım. Bəli, jurnalistlik mübarizlik deməkdi. Amma bu mübarizlik qərəzə, araqarışdırmaya yox, ümumi məna-feyə xidmət etməlidi. Özgə nə deyim... Jurnalistlik zəhmət deməkdi, əzab-əziyyət, yuxusuz gecələr keçirmək deməkdir.

– Jurnalist fəaliyyətinizlə yanaşı, Siz həm də bədii yaradıcılıqla məşğul olmusunuz. İctimai təsir gücü etibarilə hansını üstün hesab edirsiniz: jurnalistikanı, yoxsa ədəbiyyatı – bədii yaradıcılığı?

– Hər ikisini, ancaq jurnalistika ictimai mühitə təsir baxımından daha çevik, daha operativdir... Bədii yaradıcılıqda əsas məsələ pafosa köklənməkdir. Pafosa köklənəndə mən bəzən gün ərzində iyirmi “qranka” da yazıram. Amma pafosa köklənməyəndə, mən sadəcə olaraq susuram, əlimə qələm almıram.

– Yaradıcı adama, ziyalıya (deyək ki, lap jurnalistə) münasibət: keçmişdə və indi. Sizcə, nə dəyişib?

– Onda mətbuatın və jurnalistin hörməti çox, sözü kəsərli idi.

Həm də ictimai-siyasi proseslərə münasibətdə qeyri-adi bir operativlik vardı. Yaxşı yadımdadı, 1957-ci ildə fəhlə-kəndli müxbirlərinin qurultayı keçirilirdi. Çıxış eləyən Mərkəzi Komitə katibi bir əhvalat danışdı. Dedi, bu yaxında getmişdim Ordubada. Gördüm, bir binadan çoxlu çarşablı qadın çıxır. Soruşdum ki, bura haradı, məsciddi-nədi? İstehzaynan cavab verdilər ki, yox bura konserv zavodudu, bunlar da zavodun fəhlələri...

Və artıq səhəri gün Əvəz Sadığın redaktorluq elədiyi “Kirpi” jurnalında bu mövzuda əla bir karikatura verilmişdi: müasir üslubda tikilmiş bina, kon-serv zavodu, zavodun qabağında isə halay vurub dayanmış çarşablı qadınlar...

Bax, indiki dövrdə bizim mətbuatda bu cür operativlik çatışmır. İndi haradasa mühüm bir hadisə baş verəndə bu barədə ən operativ məlumatı biz Azərbay-can mətbuatından yox (Azərbaycan mətbuatı hadisələrə, bir qayda olaraq, gec reaksiya verir), Türkiyə və Rusiya mətbuatından alırıq.

Eşitdiyimə görə, son illər Sumqayıtı əməlli-başlı talan-qarət edirlər: şəhərin fabrik və zavodlarından oğurlanmış qiymətli metal və məmulatlar ölkə sərhədlərindən kənara çıxarılaraq, dəyər-dəyməz qiymətə satılır. Deyin görək, Azərbaycan mətbuatı bu vaxta qədər buna münasibət bildiribmi? Kimsə həyəcan təbili çalıbmı? Kəsərli bir məktubla, müraciətlə və ya məqalə ilə xüsusi idarələrin qapısını döyübmü?

Təəssüf ki, yox. Amma keçmişdə belə deyildi, inanın ki, belə deyildi...

Onda jurnalistin nüfuzu vardı. Və bir yerə gedəndə də adi fəhləsindən tutmuş ən yüksək vəzifəlisinə, raykom katibinə, nazirinəcən hamıya aydın olurdu ki, bəli, gələn jurnalistdi, mətbuat işçisidi, xüsusi nüfuz sahibidi...

– Mətbuat orqanları ilə əlaqələriniz (bir oxucu və bir əməkdaş kimi)?

– Əməkdaş kimi heç bir mətbuat orqanı ilə əlaqəm yoxdur (bu sarıdan mən artıq öz missiyamı başa vurmuşam). O ki qaldı oxumaq... Ən çox üç qəzeti oxuyuram: “Panorama”nı, “Avrasiya”nı, bir də “Xalq qəzeti”ni. “Pano-rama”da bir az neytrallıq (yəni hadisələrə haradasa qərəzsiz jurnalist münasi-bəti) var – bu, mənim xoşuma gəlir. “Avrasiya”nı xüsusi mövqeyi olduğuna görə xoşlayıram. “Xalq qəzeti”nə gəldikdə, “Xalq qəzeti” mənim öz qəzetimdi, mənim doğmamdı, əzizimdi...

– Klassiklərdən kimləri oxuyursunuz?

– Siz cavan jurnalistlər mən qoca müxbiri, deyəsən, yormaq istəyirsiniz... (gülür)

– Yox... sadəcə olaraq, maraq, istək bizə güc gəlir... Sizinlə ədəbiy-yatdan danışmaq çox xoşdu, xahiş edirəm suallarımızı cavabsız qoymayasınız.

– Yaxşı, sualınıza cavab verərəm... Klassiklərin əksəriyyətini oxumuşam. Ən çox diqqətimi cəlb edən isə Dostoyevski olub. Dostoyevski, bilirsinizmi, fəlsəfi yazıçıdı – onu oxuduqca doymaq olmur... Dostoyevskidən danışdığım yerdə mən nədənsə Daniel Defonun “Robinzon Kruzo”sunu xatırladım. Bu əsərdə maraqlı bir məqam var: adada tək-tənha yaşayan Kruzo daldalandığı komaya hədsiz nifrət bəsləyir. Buna görə nifrət bəsləyir ki, tək-tənhadı, yalqız-dı, insanlardan uzaqdı, onu yalnız bircə şey düşündürür: insanlara qovuşmaq! Bir gün Kruzonun gözünə uzaq sularda bir gəmi görünür. İnsana qovuşmaq arzusu Kruzonu hərəkətə gətirir: o, öz əli ilə hazırladığı qayığa oturaraq gəmiyə doğru üzməyə başlayır. Lakin bədbəxtlikdən, qayıq burulğana düşür və zavallı Kruzo məhv olmaq təhlükəsi qarşısında qalır. Bu məqamda psixoloji cəhətdən maraqlı bir hadisə baş verir: daldalandığı tənha komaya nifrət bəsləyən Kruzo, məhv olmaq təhlükəsi ilə üzləşdikdə, bütün varlığı ilə o tənha komaya can atır, mütləq orada olmaq, orada yaşamaq istəyir. Bax bu, əsərdir. Yoxsa ki, bizim yazıçılarımız... Cild-cild əsərləri var, di gəl heç birin- dən mətləb anlamaq olmur. Ümumiyyətlə, bizdə mənasız şeylər çox yazırlar.

– Bəs klassiklərimiz haqqında fikriniz necədi? Yəni demək istəyirəm ki, bizim də axı, Füzulimiz, Axundovumuz var, Mirzə Cəlilimiz və Sabiri-miz, Cavidimiz və Hadimiz var. Məsələn, elə təkcə Nizamini götürsək...

– Düz buyurursunuz, sadaladığınız adların, imzaların hamısını qəbul elə-yirəm. Və bu mənada Azərbaycan ədəbiyyatı, doğrudan da, zəngin ədəbiy-yatdı. Amma Nizami, Füzuli, Axundov... bunlar axı, keçmişin hadisəsidi. Bəs bizim bugünkü, müasir ədəbiyyatımız hanı? Anna Filippin “Bir göz qırpı-mında” adlı kitabı var. İki çap vərəqi həcmində olan bu kitabı mən düz üç dəfə oxumuşam. Dünya ədəbiyyatının qızıl fonduna daxil olub bu kitab. İndi deyin görüm, bizim müasir yazıçılarımızdan hansı birinin əsəri dünya ədəbiyyatının qızıl fonduna düşüb və yaxud da düşə bilər? Zənnimcə, heç birinin...

– Əli müəllim, Siz, ümumiyyətlə, bu fikirlə razısınızmı ki, poeziyada Şərq Qərbi və əksinə, nəsrdə Qərb Şərqi həmişə üstələyib?

– Məsələni bu cür qoymaq düzgün deyil. Bəli, bu fikir tam doğrudu ki, Şərq poeziyası Qərb poeziyasından üstündü. Amma Qərbin Şərqi nəsrdə üstələməsi... bu heç cür mənim ağlıma batmır. Çingiz Aytmatov kimi yazıçısı olan bir ədəbiyyat, məncə, Qərb nəsri ilə istənilən səviyyədə rəqabət apara bilər...

Bayram Əvəzoğlu, İlyas Qurbanoğlu

“İcmal” qəzeti, yanvar 1997-ci il

















 

© 2011. Bütün hüquqlar Əli İldırımoğluna məxsusdur.
www.aliildirimoglu.az və ya www.aliildirimoglu.com