|
Müsahibələr, söhbətlər
“JURNALİST ŞƏXSİ HİSLƏRİNİN ƏSİRİ OLMAMALIDIR”
Əli İldırımoğlu haqqında mətbuatda, televizorda çox yazılıb, çox deyilib. Lakin Əli müəllimlə görüşdükdən sonra haqqında eşitdiklərimizin, oxuduq-larımızın sadəcə onun həyatının cüzi bir hissəsini təşkil etdiyini gördük. Hiss etdik ki, o, ideal bir ata, həqiqi insandır. Əli müəllim bu yaşında ölkədəki prosesləri yaxından izləyir və deyir ki, nə vaxt mənim qələm-kağızımı əlimdən alacaqlar, onda mən də olmayacağam.
– Əli müəllim, xahiş edirik, ömür yolunuzdan bəhs edəsiniz...
– II Dünya müharibəsi idi. Mən o vaxt 8-ci sinifdə oxuyurdum. Onda da 8 və 9-cu siniflərdə oxuyan və əksəriyyəti təşkil edən oğlanları əsgər apa-rırdılar. 10-cu sinifdə isə əsasən, qızlar oxuyurdular. Ona görə də, 8 və 9-cu siniflər bağlandı və məktəbin direktoru atama dedi ki, Əli diribaş uşaqdır, gəl, onu birbaşa 10-cu sinfə keçirək. Atamla direktor razılaşdılar... Kəndlərdə müəllim çatışmadığına görə Şuşada ikiaylıq kurslar təşkil olunmuşdu və həmin kurslara orta məktəbi qurtaranlar qəbul edilirdilər. Bu kursu bitirənlər isə gedib kəndlərdə müəllim işləyirdilər. Mən də həmin kurslara getmək istə-yən uşaqlarla birlikdə Şuşaya gedib, təhsil almaq fikrinə düşdüm. O vaxta qədər heç Şuşanı görməmişdim. Onda mən çarıqla gəzirdim. Kənddə pinəçi-likdən başı çıxan Xurşud adlı tələbə dostum vardı, dedi ki, bununla hara gedirsən? Axı şəhərdə çarıq geyinmirlər, özünə ayaqqabı al. Sonra o dostum gön, bir də ki, köhnə çust sancağı tapıb, mənə yöndəmsiz bir ayaqqabı düzəltdi... Kənddə dörd-beş nəfərə qoşulub, Şuşaya getdim. Orada ikiaylıq kursa daxil oldum. Kursu bitirib kəndlərdə müəllim işləməyə başladım. Sonra Müəllimlər İnstitutuna daxil oldum. Müəllimlər İnstitutunu qurtarıb yenə ra-yona – öz işimə qayıtdım. Ümumiyyətlə, mən işimə çox ciddi adamam. Harada işlədimsə, orada hörmətlə yad edildim. Sonra məni Rayon Maarif Şöbəsinə inspektor qoydular. Orada da bir az işlədikdən sonra raykomun bi-rinci katibi Ataxan Cahangirov məni yanına çağırdı. O vaxt rüşvət, qohum-bazlıq yox idi. Adama ləyaqətinə, savadına, mədəniyyətinə görə qiymət verirdilər. Hər adamı partiya işinə yaxın buraxmazdılar. Cahangirov mənə dedi ki, səni komsomola ikinci katib qoymaq istəyirəm. Mən də dedim ki, qoy, bir qədər düşünüm. Bir dostum vardı, onunla məsləhətləşdim. O da dedi ki, nə işin var sənin komsomolda, otur müəllimliyini elə, getmə. Nə isə, ara-dan 8 ay keçdi, raykom katibi məni bir də çağırıb dedi ki, sən ağıllanmamı-san? Dinmədim. Axı o, böyük adam idi... Dedi ki, partiya məsləhət görür ki, səni rayon qəzetinə məsul katib qoyaq. Gördüm ki, buna da razı olmasam, məni partiyadan çıxaracaqlar. Etiraz etməyib razılaşdım. Məni rayon qəzetinə məsul katib qoydular. Mən qəzetçiliyi bilmirdim, yazı da yazmamışdım, nə isə redaktor məni çağırıb dedi ki, tikinti haqqında bir yazı hazırla. Mən də getdim savadlı, təmtəraqlı cümlələrlə fəlsəfi bir məqalə yazıb redaktora ver-dim. Baxdıqdan sonra dedi: “Bu nədir yazmısan? Qəzetin dili bir az sadə olmalıdır, xalq dili olmalıdır. Sən burada fəlsəfə açmısan, al bunu, təzədən işlə, gətir”. Məqaləni götürüb kabinetimin qapısını bağlayıb, ağlamağa baş-ladım. Öz-özümə dedim, mən hara, qəzet hara?! Arxaya da yol yox idi. Fikirləşdim ki, qəzetləri varaqlayım, görüm, necə yazırlar? Gecə-gündüz yatmayıb, qəzetləri oxudum. Nəticədə qəzetçiliyə bir cığır tapdım. Məşhur bir pedaqoqun sözü var: “Allah yaratdığı bədən üçün lazım olan əqidə və davranışı fitri olaraq vermir. O, ictimai həyatın inkişaf prosesində qazanılır. Bir damcı istedada gərək yüz damcı zəhmət qatasan ki, nəticəyə nail ola biləsən”. Mən deyərdim ki, məsuliyyət hissi olmayan adam jurnalist ola bilməz. Sonra başladım qəzetdə müstəqil yazılar yazmağa, redaktorumuz da xəstə idi, məni çağırıb dedi ki, sənin bura gəlmək planını mən hazırlamışdım. Xəstə olduğuna görə idarənin möhürünü, hər şeyini mənə verdi. Mən də qəzet çıxarmağa başladım. Məsul katib işləyə-işləyə respublikadakı qəzetlərə mə-qalələr yazırdım. O vaxtlar hər məqaləni qəzetə verməzdilər. Onda “Kom-munist”, “Sovet kəndi”, “Bakinski raboçi” qəzetlərinə yazılar yazır və respublikada tanınırdım. Ondan sonra redaktor partiya məktəbinə getdi, məni redaktor qoydular. Heç vaxt qaraya ağ, ağa qara deməmişəm. 40 il “Kom-munist” qəzetində işləmişəm, tutduğum yol da həqiqət olub. Jurnalist, eyni zamanda həqiqəti, ədaləti yazmalıdır. Axı jurnalist də xalqa xidmət edir. Jur-nalist ağı qaradan seçən deməkdir. İndi deyirlər ki, filan yerdə jurnalistlər döyülür, tutulurlar. Bu hadisələrə yaxşı baxmıram. Mən işlədiyim dövrdə fel-yeton yazırdım. O vaxt “Kommunist” qəzetində ən çox felyeton yazan mən idim. Heç vaxt müəllimdən, həkimdən, qadından və ya din əleyhinə yazma-mışam. Dövlət adamlarından yazmışam, heç biri də mənə heç nə deməyib. Çünki həqiqəti yazırdım. Jurnalistin məqaləsini oxucu oxuyanda həqiqəti görməlidir. Yəni jurnalist elə yazmalıdır ki, yazı oxucunu qane eləsin. İndi bizim istedadlı jurnalistlərimiz var, ancaq onlar qələmlərindən düzgün istifadə eləmirlər. Yazıçı Peskovun belə bir sözü var: jurnalist təyyarə sınaqçısından da ağır peşə sahibidir və az yaşayır. Yəni jurnalist həqiqəti damarında hiss edib, xalqın ehtiyaclarını qələmində canlandırmalıdır. İndi hər kəs istədiyini yazır. Məgər demokratiya var deyə, jurnalist istəmədiyi adamı təhqir etmə-lidir? Məşhur olmaq üçün gərək hansısa şəxsiyyəti təhqir edəsən? Jurnalist yazdığı əsərləri, hekayələri, məqalələri ilə tanınmalıdır. İndiki qəzetləri vərəq-ləyirəm, görürəm Koçaryanın şəkli qəzetdə gülərək verilir. Ancaq o, bizim düşmənimizdir. Jurnalistlər bunu eləməməlidirlər. Öz dövlət başçımızın şəklini təhriflə verməyi bacaran jurnalistlərimiz Koçaryanın şəklini gülə-gülə verirlər. Bu, hansı məntiqə, dövlətçiliyə uyğundur? Milli Məclisin iclaslarına baxıram, görürəm millət vəkillərinin biri qəzet oxuyur, biri başqa işlə məşğuldur. Bunu gələcək nəsil də seyr edir axı. Bəziləri ora səhv düşüb, o kürsülər o cür düşüncələr üçün deyil. Biz haqqı nahaqdan seçməyi, ədaləti ədalətsizlikdən ayırmağı bacarmalıyıq.
– Əli müəllim, indiki mətbuatla əvvəlki mətbuat arasında fərq varmı və indiki jurnalistlərə tövsiyəniz...
İndiki mətbuatda azadlıq əvvəlkinə nisbətən genişdir. Jurnalist istədiyini yazır, istədiyini deyir, istədiyini eləyir. Ancaq bu, o demək deyil ki, jurnalist hər şeyi yazmalıdır. Jurnalist yazanda vicdanla yazmalıdır. Jurnalistin yazısı ictimaiyyətin arzusunu, istəyini, ehtiyacını ifadə eləməlidir. İkincisi də, gərək jurnalistin şəxsi fikirləri xidməti vəzifələrinə hakim kəsilməsin. Obyektiv olsun. Jurnalist şəxsi hislərinin əsirinə çevrilməməlidir. Jurnalist gərək imkanlı adamların əlində əsir olmasın. O, öz mənliyini qorumalıdır, mənliyini hər şeydən üstün tutmalıdır.
– Daha çox hansı qəzetləri oxuyursunuz?
– Açığını deyim ki, indi qəzet oxumuram. Çünki qəzetdə elə yazılar görürəm, onlar mənə pis təsir edir. Əsəblərimi pozmamaq üçün mətbuatla maraqlanmamağa çalışıram.
– Əli müəllim, Sizin dövrünüzdə dostluq elədiyiniz, unudulmuş jurnalistlərin hansıları ilə əlaqə saxlayırsınız?
– Mən Yazıçılar Birliyinin üzvüyəm, Yazıçılar Birliyinin qurultaylarında iştirak edirəm. Köhnə dostlarımla əlaqə saxlayıram. Hər gün kiminləsə görü-şüb söhbət edə bilmirəm. Övladlarım və nəvələrimlə birlikdə həyatımı keçirirəm. Bu gün övladlarımı da, nəvələrimi də gördükləri işlərə məsuliyyət-li olmağa çağırıram. 75 yaşım olmasına baxmayaraq, yenə yazıram. Nə vaxt ki, mənim kağız və qələmimi əlimdən alacaqlar, onda Əli İldırımzadə olma-yacaq...
Söhbətimizdən sonra İldırımzadə ailəsinin süfrəsində çörək kəsdik.
Əli İldırımoğlunun indi hər şeyi var. Bu zənginlik Əli müəllimin ailə zən-ginliyidir. Övladlarının, nəvələrinin Əli müəllimə qarşı göstərmiş olduqları hörmət, səmimiyyət bizi heyran qoydu. Qəzetimizin baş redaktoru Enes Canseverlə birlikdə İldırımzadələr ailəsindəki bu səmimi söhbətimizi bir qəzet səhifəsinə yerləşdirmək mümkün olmadığı üçün yalnız mətbuatla bağlı fikirlərə toxunmağı lazım bildik.
Şahmar Mustafa
“Zaman” qəzeti, dekabr, 2001-ci il
|
|