www.aliildirimoglu.az

Müsahibələr, söhbətlər

QƏLƏMİN KƏSƏRİ – SÖZÜN NÜFUZU

Azərbaycan mətbuatının ağsaqqallarından biri, Əməkdar jurnalist Əli İldırımoğlunun 75 yaşı tamam olur. Onun imzası uzun illərdir ki, respublika mətbuatının səhifələrindən düşmür. Oxucular bu imza sahibini günümüzün reallıqlarını doğru-dürüst əks etdirən oxunaqlı məqalə və oçerklərin, kəskin süjetli felyetonların, maraqlı hekayələrin müəllifi kimi tanıyırlar.

Əli İldırımoğlu əmək fəaliyyətinə doğulub boya-başa çatdığı Qubadlı rayonunun Əliquluuşağı kəndində müəllim kimi başlayıb. O, mətbuata təsa-düfən gəlmiş, lakin bu narahat və çətin peşəyə ömürlük bağlanmışdır. Özünün dediyi kimi, ilk vaxtlar onun üçün çox ağır olub. Ancaq gərgin zəhməti, özünə qarşı ciddi tələbkarlığı tezliklə bəhrəsini verib. Əli müəllim qısa müddətdə respublikanın istedadlı jurnalistlərindən biri kimi tanınıb. O çalışdığı mətbuat orqanının şərəfini hər şeydən uca tutub, üzvü olduğu kollektivə həmişə nüfuz və başucalığı gətirib. Sensasiya dalınca qaçmayıb, faktları yoxlayıb dəqiqləşdirdikdən sonra qəzet səhifələrinə çıxarıb.

Əli müəllim uzun illər bölgə müxbiri işləyib. Çalışdığı rayonların iqti-sadiyyatını, problem və çətinliklərini həmin rayonların əksər rəhbərlərindən yaxşı bilib. Dostları da, tənqid etdiyi adamlar da onu obyektiv və qərəzsiz, təmənnasız və gözütox jurnalist kimi tanıyıblar.

Əli İldırımoğlu imzası indi qalın-qalın kitabların titul səhifələrini bəzəyir. Son illərdə o, “Zorən jurnalist”, “Silinməz izlər”, “Közərən sətirlər”, “Dərd”, “Çinarlı”, “Yazım, yazmayım” və başqa kitabları ilə oxucuların görüşünə gəlib. Əli İldırımoğlunun yazılarının dili nə qədər rəvan, dadlı-duzludursa, söhbətləri də bir o qədər maraqlı və ibrətamizdir:

– Hər adama doğulduğu yer əzizdir. Mən də doğma Əliquluuşağı kəndini, onun igid övladlarını, bir də torpaq daxmamızı və əliqabarlı rəncbər atamı tez-tez xatırlayıram. Hər gecə kəndimiz yuxuma girir, o yerləri gəzir, o adamlarla görüşürəm. Çox vaxt səhərin açılmasına heyifsilənirəm. Çünki səhərlər məni doğma yerlərdən, əlçatmaz uşaqlıq dünyamdan ayırır.

Halal adam olduğuna görə kənddə toxum səpməyi həmişə atama etibar edərdilər. Atamın ot çalan kərəntisinin səsi indi də qulağımdadır. Ot çal-maqda, dərz bağlamaqda heç kim onunla ayaqlaşa bilməzdi. Şübhəsiz, hamı atasını çox istəyir. Amma mənim ata istəyim bir az başqadır. Anam çox tez rəhmətə getdiyindən, görünür, onun da mehrini atamdan almışam. 75 yaşım var, hər dəfə atam yadıma düşəndə gözlərim yaşarır. Onun necə əziyyət çəkdiyini, hansı məhrumiyyətlərlə üzləşdiyini xatırlayanda dözə bilmirəm. Bir də adam özü ata olanda atasının nələr çəkdiyini daha yaxşı anlayır...

Əli müəllimin əmisi Əmrah Allahverənov mahalın say-seçmə igidlərindən olub. Əsrin əvvəllərində erməni daşnakları ilə dəfələrlə ağır döyüşlərdə iştirak edib. Elə bu döyüşlərin birində də qəhrəmancasına həlak olub. Əli müəllim əmisi haqqında böyük məhəbbətlə söhbət açır:

– Xosrov bəy hürriyyətçilik illərində (1918–1920-ci illərdə) əmimi yüz-başı təyin edib. Nəzər Heydərov (general Arif Heydərovun atası) vaxtilə əmimin mirzəsi işləyib. O, 1948-ci ildə respublika Ali Soveti Rəyasət Heyə-tinin sədri olanda kəndə gəlib və əmimin doğmaları ilə maraqlanıb. Atamla, bibilərimlə, Şiraslan əmioğlu ilə görüşüb. Sonra da başının dəstəsi ilə əmimin məzarını ziyarət edib.

Əmimi tanıyanlar danışırlar ki, o, həmişə haqqın tərəfini saxlayıb, əziləni müdafiə edib. Dəfələrlə erməni daşnaklarının burnunu ovaraq yerində oturdub. Bir dəfə əmim bərk xəstələnibmiş. Bundan xəbər tutan ermənilər qonşu Da-vutlu kəndinə hücum edirlər. Əmim güllə səsinə oyanır və tez atlanıb özünü Davutlu kəndinin yaxınlığındakı qayanın arxasına verərək bir neçə saat vuruşur.

Qeyzlənmiş ermənilər hər tərəfdən yüzbaşı Əmrahın sığındığı qayanı atəşə tuturlar. Əvvəlcə atını, sonra da özünü vururlar. Güllə sinəsindən dəyib kürəyindən çıxır. Kənddə ayağı yer tutanın hamısı qaçır. Mövlanverdi kişi də evində qiymətli nə varsa atına yükləyib gecə kənddən aralaşanda inilti eşidir. Atdan düşüb görür ki, Əmrah al qan içindədir. Tez bıçağını çıxarıb atın üstündə nə varsa hamısını sıyırıb tökür yerə. “Dünya malını aparıb, səni erməni əlinə verə bilmərəm”, – deyir. Onu Xanlıq kəndinə gətirir, çox türkə-çarə eləsələr də, xeyri olmur...

Belə bir qəhrəman nəslin davamçısı olan Əli müəllim həyatda nə əldə edib-sə, hamısını öz zəhməti, dişi-dırnağı ilə qazanıb. Özü bu barədə belə deyir:

– Bizim tərəfdə belə bir deyim var: “At boğulmasa, yabı olar”. İnsan da boğulmalıdır, həyatın ağır sınaqlarından çıxmalıdır. Mən də kiçik yaşlarım-dan çox çətinliklər görmüşəm. Bəlkə də, atam mötəbər vəzifə, mənsəb sahibi olsaydı, heç mən də Əli İldırımoğlu olmazdım. Ağdamda oxuyanda çox bərk-dən-boşdan çıxdım. Fikrət adlı tələbə dostum vardı. Sutkada hərəmizə 500 qram çörək verirdilər. Birimizin payını satır, o pula məktəbin bufetindən ucuz yemək yeyir, sabahkı çörək normamızı alırdıq. İnstitutu qurtarandan sonra da az çətinliklə üzləşməmişəm. Ancaq həmişə özümdə qüvvə tapıb onları üstələyə bilmişəm.

Əli müəllimin dediyi həmin qüvvə onu çox burulğanlardan keçirərək əlçatmaz arzularına qovuşdurub. “Avanqard” qəzetində ilk məqaləsi bəyənil-məyib geri qaytarılanda uşaq kimi hönkür-hönkür ağlayan Əli İldırımoğlunu məhz həmin qüvvə respublikanın tanınmış jurnalistinə, kəsərli qələm və nü-fuzlu söz sahibinə çevirib. Ömrünün 40 ildən çoxunu mətbuata, konkret qəzetçiliyə həsr edən Əli müəllim mindən artıq məqalə, oçerk və felyeton yazmışdır. Həmin yazıların böyük əksəriyyəti “Kommunist” qəzetində dərc edilmişdir.

– O redaksiya mənim üçün həmişə müqəddəs bir ocaq olub, – deyə Əli müəllim xatırlayır. – “Kommunist” qəzetinin şərəfini hər şeydən üstün tut-muşam. Burada 11 redaktorla işləmişəm və onların böyük əksəriyyətini hör-mətlə xatırlayıram. Ancaq jurnalistin, xüsusi müxbirin bir redaktoru var – o da onun vicdanıdır. İkincisi də gərək adam özünə, öz sözünə hörmət qoysun. Onda ictimaiyyət də ona hörmət edər, sözünün nüfuzu artar. Məncə, indi jurnalistlər daha çox bu barədə fikirləşməlidirlər.

Doğrudur, son illər mətbuatımıza yeni ab-hava gəlib. İntellekt səviyyəsi yüksək olan, təzə söz, yeni fikir demək istəyən jurnalistlərimizin sayı artıb. Ancaq təəssüf ki, onların bəziləri öz qələmlərini respublikamızın müstəqilli-yinin möhkəmləndirilməsi, xalqımızın mənafeyinin qorunması işinə yönəlt-mirlər. Jurnalist, hər şeydən əvvəl, öz ölkəsinin təəssübkeşi olmalıdır. Amma hər hansı sahədə bir uğursuzluğumuz olanda, görürsən ki, müxalifət qəzetləri onu iri hərflərlə qəzetin başında, manşetdə verirlər. Oxuyub istər-istəməz əsəbiləşirsən. Azərbaycanın uğursuzluğuna ancaq erməni və erməni xislətli adamlar sevinə bilərlər.

Bizdə demokratiyanı hərə özü başa düşdüyü kimi təsəvvür edir. Mənim bir dostum vardı – Şelli Məhərrəm. O, Maqadandan evlənmişdi. Bir gün pay-parça ilə gedir arvad qohumlarının yanına, xeyli də nar aparır. Səhər yuxudan duranda görür ki, narı töküb qazana qaynadırlar. Bacanağı da deyir ki, Məhər-rəm, narın yaxşı nardı, ancaq qabığı çox acıdı... İndi bizim bəzi jurnalistlər də demokratiyanı bu cür başa düşürlər: kimi istəyirlər tənqid edirlər, dəqiq-ləşdirilməmiş faktları qəzet səhifələrinə çıxarırlar. Bu, demokratiya yox, başıpozuqluq, hərc-mərclikdir. Demokratiya, hər şeydən əvvəl, mövcud qa-nunlara ciddi əməl etmək deməkdir.

Bir də ki, uzun illər hamımızın ən böyük arzusu Azərbaycanın dövlət müstəqilliyi olub. Şükürlər olsun ki, 70 ildən sonra bu müstəqilliyi yenidən əldə edə bilmişik. İndi bir azərbaycanlı kimi hamımızın əsas vəzifəsi onu qo-rumaqdan və möhkəmləndirməkdən ibarət olmalıdır. Bu yolda vəzifəsindən, siyasi mənsubiyyətindən asılı olmayaraq, hamı zərbəni eyni nöqtəyə vur-malıdır.

Ağsaqqal jurnalistimizin bu müdrik sözləri ilə razılaşmamaq mümkün deyil. Ziyalılarımız, ilk növbədə onun aparıcı dəstəsi olan jurnalistlərimiz dövlət müstəqilliyimizin keşiyində ayıq-sayıq dayanmalı, dövlətimizin bu istiqamətdəki fəaliyyətinə güclü dəstək verməlidirlər. 75 yaşlı həmkarımız Əli müəllim bu sahədə də öz dərin məzmunlu, dövlətçilik mövqeyini müdafiə edən yazıları ilə bütün jurnalistlərə əsl nümunədir. Qəzetimizin çoxminli oxucuları adından yubilyarı təbrik edir, ona uzun ömür, cansağlığı və yeni-yeni yaradıcılıq sevincləri arzulayırıq.

Əlipənah Bayramov, jurnalist

“Xalq qəzeti”, 17 noyabr 2002-ci il

















 

© 2011. Bütün hüquqlar Əli İldırımoğluna məxsusdur.
www.aliildirimoglu.az və ya www.aliildirimoglu.com