www.aliildirimoglu.az

OÇERKLƏR

YADDAŞIN SİLİNMƏZ İZLƏRİ

Ədəbi janrlar içində öz tarixi missiyasını yerinə yetirmək, vaxtın ağrılı-acılı suallarına cavab vermək baxımından gerçəkliyin qarşıya çıxardığı problemlərin, hadisələ­rin sürətlə dəyişməsi, dina­mikliyi ilə paralel "hərəkət" et­mək publisistikanın əvəzsiz rolunu bir daha qabartmış, onu janrlar yarı­şında  dəyişməz liderə  çevir­mişdir. Hər hansı ədəbi janrı "tarixin şəkli" kimi qavrayıb xarakterizə edən tənqidi fikrin həqiqətinə indiki zamanın təcrü­bə­sin­də iman gətirmək qeyri mümkündür. Bizim çağdaş publi­sis­­tikamız vaxtın özü kimi dumanlı və aydın, bulanıq və durudur. Antonimləri yanaşı işlətdiyimiz qə­ri­bə görünsə də qeyd etməliyik ki, hər iki cəhət müasir jurna­­lis­ti­ka­mız­da müşahidə edilməkdədir.
Sağlam budaqlar sağlam köklər üzərində ucaldığı kimi, bizim sağlam ruhlu publisistikamız da özündən əvvəlki mərhələdən, mənəvi-intellektual dəyərlərdən qida­lanır. Bu mənada ağsaqqal jurnalistlərimizin keçdiyi həyat yolu, apardıqları mübarizə, yaradıcılıq məziy­yətləri gənc jurnalistlərimiz üçün bir örnək, həmişə üz tutulan solmaz-saralmaz həyat ocağı, məktəb mərtəbəsindədir.
Əli İldırımoğlu imzasının nüfuzu qələm adamlarına, oxuculara yaxşı məlumdur. Bu imza özünə hörmət, oxucuya hörmət əxlaqına söykənir. Yeri gəlmişkən qeyd edək ki, cavan jurnalistlərimizdə bəzən yazı səriştəsi çatışmır. Məhz Əli İldırımoğlu imzasından, onun saysız-hesabsız məqalələrindən gənclərimiz qələm əxlaqını, tənqid əxlaqını, tərbiyə normalarını, ölçüb-biçini öyrənməlidirlər və öyrənirlər.
Bütün yaradıcılığı boyu, necə deyərlər, qətrə-qətrə jurnalist adına hörmət qazandıran, bu adı ucalardan uca tutan, onu real mühitimizdəki yaxın dövrümüzün yaddaşı, müasir həmsöhbətlərimiz, keçdiyimiz yola tökülən yarpaq izləridir. Burada verilən oçerklər ayrı-ayrı illərin töhfəsidir. Müxtəlif peşə sahiblərinin xarakterik cizgiləri, müxtəlif insan taleləri, təqdim edilən konkret fərdlərin dolğun, əhatəli obrazı oxucu ilə səmimi dialoq yaradır, onu müəyyən zaman-məkan çərçivəsinə, dünyasına çəkib aparır.
Oçerklər, əsasən sadə adamlardan, onların ətraf mühit, həyat və iş barədə düşüncələrindən, dünyaya və insanlara təmənnasız, saf, təmiz münasibətlərindən, halal ömürlərindən söhbət açır. Mündəricə cəhətdən müxtəlif olan oçerkləri bir-birinə bağlayan möhkəm daxili bağlar var. Bu oçerklərin qəhrəmanları Əli İldırımoğlu qələminin seçib-sonaladığı el adamlarıdır. Və xalqın aparıcı, mənəvi-əxlaqi keyfiyyətlərini özündə birləşdirən, onu yaşadan hörmət-izzət yiyələridir.
Çoban Sultanağanın ("Sultanağa") pıçıldadığı həqiqətlər bizi torpağı sevməyə səsləyir: "- Bu çöllər məktəb, kitablar da müəllimim olub". Süvar nənənin nəsihəti ("Süvar nənənin ümid işığı") isə boş qalmış yuvalara, yiyəsiz, kimsəsiz dərd yerlərini abad etməyə çağırır: "Məni dərd alıb ki, belə getsə Pirvahid dünya üzündən silinəcək, oğul, - deyir. - Bir qeyrətli kişi tapılmır ki, irəli çıxıb bu kəndə sahiblik eləsin, kəndin gedənlərini qaytarsın".
Hər bir oçerkin özünəməxsus xüsusiyyətləri olduğu kimi, hər birinin də təlqin etdiyi ideyalar var. Bu ideyalar ata-babaların bizə miras qoyub getdiyi, bizim yaşamağa borclu olduğumuz yüksək, yalnız xalqımıza xas olan ulu, ədəbi-əzəli əxlaqi ideyalardır. Hər bir qəhrəmanın simasında belə yüksək əxlaqi ucalıqları dönə-dönə məxsusi qələmiylə təqdim edən Əli İldırımoğlu elə bil zamanın gərdişində, hər şeyin tez-tez dəyişdiyi günlərdə yaddaşımızı oyatmağa, itirməməyə çağırır, bizə özümüzü, kökümüzü tanıdır.
Belə bir ədəbi-publisistik ovqat, sosial-mənəvi əhval-ruhiyyə kitaba daxil edilmiş oçerklərin demək olar ki, hamısı üçün xarakterikdir. "Süvar nənənin ümid işığı", "Qarabağın çiçəkləri, "Məğrur baxışlar", "Elin mərdi olsa…", "Qayğı göstər, uğur qazan", "Dost­luq kara gəlir", "Büllur bulaq", "Aygünlünün çiçəkləri", "El qızları" və başqa onlarla oçerk bu mənada yaşadığımız dövrün, mühitin, təmasda olduğumuz insanların, soydaşlarımızın, yaxın keçmişimizin bədii-publisistik salnaməsidir. Bu əsərlər daha çox nə ilə səciyyəvidir? Hansı mənəvi-estetik kamilliklərilə yaddaqalandır? Hər şeydən öncə, həyat hadisələrinin real, obrazlı, yerli-yataqlı təqdimatıyla. Ə.İldırımoğlu real, həyati lövhələri son dərəcə dəqiq və iti jurnalist müşahidələrilə arayıb açır, onu bədii təfəkkürün süzgə-cindən keçirir, oxucusuna tam kamil bir ədəbi-publi-sistik nümunə təqdim edir.
Həyatın özü qədər şirin, canlı və təravətli təhkiyə üslubu, zəngin, lokanik dil və üslub, qəhrəmanların zahiri və daxili portretində bir-birini tamamlayan harmoniya, mənəvi və estetik kamillik oçerklərin özəyini, mayasını təşkil edir ki, bu da onu oxucunun sevimlisinə çevirir.
Jurnalistika ilə məşğul olanlar bu sənətin nə dərəcədə çətin və məsuliyyətli olduğunu yaxşı dərk edirlər. Xüsusən geniş profilli publisistika, jurnalistikanın bədii janrı sayılan oçerk və felyeton yaradıcılığı həssas münasibət tələb edir. Janrın səciyyəvi keyfiyyəti kimi oçerk və felyetonda bədiiliklə konkretlik, dəqiqlik, faktik materiala sadiqlik incə formada əriş-arğac kimi qovuşmalıdır. Belə olmayanda həmin nümunə ya həddən artıq təmtəraqlı, dırnaqarası bədiilikdən ibarət olub cümləpərdazlığa çevriləcək, nəticədə diletant söz yığını alınacaq, yaxud da ki, həqiqət bədiilikdən uzaq, quru, sxematik, hətta sxolastik fakt yığımından başqa bir şey olmayacaqdır. Kamil jurnalistin, yazıçının əsl bədii ləyaqəti ondadır ki, bu vacib cəhətlərin sintezini, harmoniyasını yarada bilsin. Belə olmasa hər cür əzab-əziyyət hədər gedəcək. Əli İldırımoğlu bu mənada xoşbəxt sənətkardır. Onun oçerk və felyetonları məhz bu cəhətlərinə görə Azərbaycan jurnalistikasının bütövlükdə bir mərhələsidir və təsadüfi deyil ki, müəyyən bir ədəbi-publisistik məktəb səviyyəsinə çatmışdır.
Bunu biz demirik, hər şeydən öncə, faktın özü təsdiq edir, Əli müəllimin 40-50 illik yaradıcı ömrünün məhsulları sübut edir. Bu etirafa biz, eyni zamanda, görkəmli ədəbiyyat və sənət xadimlərinin Ə.İldırımoğlu yaradıcılığına verdikləri müxtəlif qiymətlərdə rast gəlirik. Hələ neçə illər bundan qabaq Azərbaycanın Xalq yazıçısı Mirzə İbrahimov Əli İldırımoğlu yaradıcılığını Azərbaycan publisistikasında yeni mərhələ və ədəbi məktəb kimi qiymətləndirmişdir. Həmin mövqe sonralar bu və ya digər şəkildə Q.Xəlilov, Q.Qasımzadə, T.Mütəllibov və başqa ünlü sənətkarların mövqeyində öz təsdiqini tapmışdır.
Qeyd etdik ki, jurnalistika ilə az-çox tanış olanlar publisistikanın əzablı bir yaradıcılıq prosesi olduğunu yaxşı dərk edirlər. Olanı, həyat faktını əks etdirmək, bu fondan mövcud cəmiyyətə, ictimai prosesə obrazlı münasibət formalaşdırmaq özü də sovet hakimiyyəti dövründə, qadağaların tüğyan etdiyi bir vaxtda, darçərçivədə, sərt publisistik qayda-qanunların diqtəsilə yazıçı ideyalarının geniş spektrini çəkmək, insanın vətəndaş mövqeyinin panoramasını yaratmaq… heç də asan başa gələn iş deyildir. Bədii yaradıcılıqda - hekayə, povest yaradıcılığında bu məqsədlə ədəbi imkanlar çoxdur, bədii forma və üsullar zəngindir. Ən adicə sözün sətiraltı mənası üçün ədəbi səma və bədii yaradıcılıq üfüqləri genişdir. Oçerkdə, publisistikada bu genişlik faktik və real həyat hadisələrinin sərt çərçivələri həddindədir. Məsələ burasındadır ki, Ə.İldırımoğlu yaradı-cılığında bu sərhədlər o dərəcədə plastik ustalıqla qovuşur ki, bədiiliyin harada baş­la­dı­ğını, harada qutar­dığını faktik, yaxud real həyat hadi-sə­lərinin bədiiliyin sərhədlərinə necə yaxınlaşdığını, yaxud ona qovuşduğunu bəzən həssas oxucu da hiss etmir. Təsadüfi deyil ki, oçerklərin qəzet variantı ilə kitab üçün hazırlanmış nüsxələri arasında qətiyyən fərq hiss olunmur. Hətta deyərdik ki, onlar identikdir.
Ə.İldırımoğlu novator-jurnalist, novator-yazıçıdır. Xüsusən publisistikaya, oçerk və felyeton yaradıcılığına gətirdiyi yeniliklər onun Azərbaycan mətbuatı qarşısında böyük xidmətlərini səciyyələndirir. Əli müəllim oçerk və felyeton janrında müəyyən dövrlərdə formalaşmış stereotipləri cəsarətlə dağıtmış, bu janrlara yeni ab-hava gətirmişdir. Oçerk yaradıcılığına hekayə, yaxud kiçik povest kimi yanaşan və bütün nümunələrini yaradan müəllif felyetonu da quru sarkazmdan, şit gülüş və laqqırtıdan uzaqlaşdırmağa ça­lış­mış, yazdığı silsilə felyetonlarla janrın yeni nü­mu­nələrini yaratmışdır. Bu oçerk və felyetonların hər biri özünəməxsus süjetə, bədii arxitektonikaya, struktura, obrazlar qalereyasına, kamil qəhrəmanlara, xarakterlərə malik bitkin ədəbi-publisistik nümunələrdir. Ə.İldırımoğlu bu əsərlərin hər birinin üzərində zərgər dəqiqliyi ilə işləmiş, forma və məzmun kamilliyinə nail olmuşdur. Yaradıcılığı boyu 500-dən çox oçerk qələmə almış publisist üçün bunun nə qədər çətin və əzablı iş olduğu göz önündədir. Dedik ki, bu oçerklərin hər biri hekayə, yaxud povest səviyyəsində ədəbi-publisistik nümunələrdir.  Və tədqiqat məqsədilə araşdırma apararkən görürsən ki, hər biri ayrı-ayrı süjetə malik bu oçerklərdə bədii forma fakta və hadisələrə yanaşma üsulu, ədəbi qəhrəmanın portretinin yaradılması fərqlidir, yenidir, heç bir məqamda üst-üstə düşmür. Oçerklərin girişi və sonu heç vaxt bir-birini təkrar etmir. Yaradıcılıqda, xüsusən oçerk yaradıcılığında bu şəkildə özünü təkrar etməmək, yeknəsəklik yaratmadan hər dəfə yeni obrazlı yanaşma üsulu tapmaq, bu heç də hər jurnalistə, hər sənətkara nəsib olan keyfiyyət deyil. Bu əsərlərin yaranmasının zaman məsafəsini nəzərə alanda, yəni 40-50 illik yaradıcılıq dövründə müəllifin oçerklərdə özünü təkrar etməməsi heyrət doğurur. Oçerklərə hər dəfə orijinal sərlövhə seçməyin özü belə böyük istedad, fəhm, yazıçı intuitsiyası və məsuliyyət tələb edir. Ə.İldırımoğlu yaradıcılığı boyu bütün bunlara sədaqətini sübut etmişdir.
Əli İldırımoğlunun bu kitabda toplanan oçerk­lərinin poetikası, sənətkarlıq xüsusiyyətləri haqqında danışarkən bir məsələni qeyd-şərtsiz nəzərə çarpdır­maq gərəkdir: bütün oçerkləri oxuyan səbirli və həssas oxucu görəcəkdir ki, əsər tam, bütöv təsiri bağışlayır. Müəllif oçerklərin hamısında əvvəlcə müəyyən psixoloji hazırlıq görür, oxucunu təqdim edəcəyi aləmə birdən-birə aparmır, onu daxilən hazırlayır. Beləliklə, oxucu daxil olduğu dünyaya (oçerklərdə təsvir və təqdim olunan) tez isinişir, özünü həmin aləmin sakini kimi hiss edir. O, Əli İldırımoğlu qəhrəmanları ilə çoxdanın doğması kimi qaynayıb-qarışır. Müəllif isə "pərdə arxasında" qalır, görünür, bu da yazıçı-pub­li­sist Əli İldırımoğlu qələminin ustalığına dəlalət edir. Qəh­rəmanların psixoloji anlarının, keçirdiyi hiss və həyəcanların açılması üçün zərgər dəqiqliyi ilə seçil­miş ayrı-ayrı ifadələr, ölçülü-biçili sözlər, konkret ov­qa­tı əyaniləşdirən təşbehlər, bütövlükdə oçerklərin lako­nikliyinə, monotonluqdan uzaq olmasına xidmət edir.
Kitabda toplanan əsərlərin poetikasından söz açanda yazıçının dili, üslubu, obrazlı deyim tərzi üzərində xüsusi dayanmaq lazımdır. Ədəbiyyatın əsas materialı dildir. Ədəbi memarlıq dil materialından nəşət tapır. Odur ki, ədəbiyyatın, yazı sənətinin gücü, vüsəti yazıçının dilindədir. Bu poetik fakt Əli İldırımoğlu yaradıcılığının ən işıqlı cəhətlərindəndir. Ə.İldırımoğlu yaradıcılığına müraciət edən mütəxəs­sis­lərin dəfələrlə qeyd etdiyi kimi, bu dil sadə olduğu qədər mürəkkəb, obrazlı və məntiqlidir. Əli müəllimin dili Azərbaycan folklor dilinin pozulmaz, silinməz, həmişəcavan ənənələrindən bəhrələnir. Hər ifadəsi, hər sözü, hər cümləsi obrazlı düşüncə tərzinin məhsulu olan yazıçının dili sanki xalq ensik­lopediyasıdır. Bu fakt doğma dilimizin yad ünsürlər tərəfindən intensiv şəkildə təcavüzə məruz qaldığı, xüsusən, bu gün son dərəcə önəmli və vacibdir. Əli müəllimin əsərləri bu gün sanki bizə öz dilimizi öyrədən dərslikdir. Azərbaycan dilinin şirinliyi, şəhd-şəkəri bu əsərlərin sətirləri arasından süzülür. Əli müəllim çoxlarının unutduğu, yaddan çıxardığı ifadələri, kəlmələri yenidən həyata qaytarır, onları yaddaşımızın canlı atributuna çevirir. Demək olar ki, Ə.İldırımoğlu yaradıcılığının poetikasının da elə başlıca atributu dildir, bizim doğma Azərbaycan dili.
Qeyd etmişdik ki, kitabda toplanan oçerklər müxtəlif illərin məhsuludur. Buna görə də həm də təbiidir ki, oçerk yazılan ilin izi açıq-aydın görünür. Oxucunun bu oçerklərə müasir tələblərlə yanaşması onun tarixi konkret zaman-məkan kontekstindən qavrayıb qiymətləndirməsinə, bizcə, mane olma­malıdır.
İndi oçerkin az qala unudulduğu, yazılmadığı bir vaxtda "Silinməz izlər" adlı oçerklər toplusunun işıq üzü görməsi də təsadüfi deyil və Əli İldırımoğlu elə bil müasir jurnalistlərimizi qiymətli, nurlu adamları görməyə, onların obrazını yaratmağa çağırır. Bir həqiqətdir ki, zamanın müxtəlif kəsiklərində insanın fəa­liy­yəti, dünyabaxışı, mənəvi-əxlaqi dəyərlər, onlara mü­nasibət də müxtəlif olur. Əli İldırımoğlu  qəhrəmanları da, onların əhatə olunduğu mühit də həmin vaxt kəsiyinin yetirmələridir.
Böyük filosof Sokrat deyərdi: "Danış, səni görüm…" kitabda toplanmış əsərləri oxuduqca, hər şey­dən öncə, müəllifin özünü görür, onun şəxsiyyəti, mənəviyyatı, əxlaqı barədə təsəvvürlərimiz bitkinləşir. Əslində, bu əsərlərin baş qəhrəmanı Ə.İldırımoğlu özüdür. Çünki ədəbi material, hər şeydən öncə yazıçı şəxsiyyətinin tərcümanıdır. Bu sətirlərin arasında da bizim hamımızın yaxşı tanıdığı, hörmət etdiyi əzəmətli Əli İldırımoğlu imzası, onun ləyaqətli, vüqarlı siması, bütöv, yenilməz şəxsiyyəti, təmiz ədəbi vicdanı boy göstərir.
L.Rəşid
Ədəbiyyatşünas
2 oktyabr 1997-ci il



















 

© 2011. Bütün hüquqlar Əli İldırımoğluna məxsusdur.
www.aliildirimoglu.az və ya www.aliildirimoglu.com