|
OÇERKLƏR
GÜLCAMAL NƏNƏ
Rayon statistika idarəsinin əməkdaşları hər dəfə kəndlərin və əhalinin sayını əks etdirən sənədləri nəzərdən keçirəndə onların qaşları düyünlənir, təəccüblü baxışları Nohurlar kəlməsinin üzə-rində donub qalır. Nohurlar kəndi. Təsərrüfat bir. Əhalinin sayı bir nəfər. Kişi yox. Qadın bir nəfər. Neçə ildir ki, bax, belədir. Əlli ilə yaxındır ki, burada nə təsərrüfatın sayı artıb-əskilir, nə də ki, əhalinin. Bir kənd, bir nəfər qadın. Gülcamal adlı.
Yaşıllıqlar arasında uyuyan Çinarlar kəndinə qalxanda Qalaaltının sıx meşələrlə örtülmüş dağları ayaq altında qalır, Çıraqqalanın quşqonmaz qayaları təyyarədən görünən kimi getdikcə kiçilir vəaşağılarda bir nöqtə kimi nəzərə çarpır. Üzüyuxarı dikəldikcə eniş-yoxuş üçün etibarlı minik maşını hesab edilən "UAZ-469"-un səsi başqalaşır, motoru uğuldayır, inildəyir və sanki sıldırım yamaclarda çətinliyədüşdüyünü car çəkib, fəryad qoparırdı. Sürücü narahat hisslər keçirdiyimizi başa düşüb, bərk-bərk yapışdığı sükanı sola-sağa bura-bura: - Narahat olmayın, - dedi. - Bu bizim üçün adi haldır, yüksəkliyə qalxdıqca hava seyrəlir, maşının mühərrikində dəyişiklik yaranır. - O, zarafatyana əlavə etdi: - Bəs nə bilmişdiniz, maşın da canlı kimidir. Havası çatmayanda təntiyir, təngnəfəs olur. Bir də ki, Nohurlar dünyanın o başındadır. Ora asanlıqla qalxmaq olmur. İllah da ki, qışda.
Bir qədər irəlilədikdən sonra arasından keçdiyimiz sıx ağaclar seyrəldi, yox oldu. Və quraqlıqdan çiçəkləri saralıb-solan bozumtul çəmənliklər başlandı. İrəlidəki gəvən kolları ilə örtülmüş dikdən aşanda gözlərimizin önündə qeyri-adi mənzərə açıldı. Yaşıllıqlarla haşiyələnmiş lal-dinməz, bir qədər də nisgilli göllər, pərgarı pozulmuş Nohurların uçuq daxmalarını öz mavi aynasında əks etdirirdi. Aralıdakı qayalıqlarda kəkliklər vəcdlə səs-səsə verib Nohurlara hakim kəsilən sükutu pozur və elə bil burada tənha həyat sürən Gülcamal nənəyə hayan olduqlarını nümayiş etdirirdilər. Müsahibim Rayon Sovetinin sədri kəndin qurtaracağındakı birmərtəbəli evi işarə edərək:
- Gülcamal nənə orada yaşayır - dedi.
Kəndin üstündən dolaylanıb həyətində ocaq tüstülənən həmin binaya tərəf yönəldik. Yaşı doxsanı haqlayan Gülcamal nənə həyətin girəcəyindəki iri kötüyün üzərinə sərilmiş qalın yunlu qoyun dərisinin üstündən qalxıb, əlində toxuduğu naxışlı corabı kənara qoydu. Bizə xoş sifət göstərib, evinə dəvət etdi. Sözünü sındırmadıq. Dəhlizə, anbara, tövləyə, bağçaya gedən ensiz yollara mişarın ağzından çıxıbmış kimi ağ və hamar daş döşənmişdi. Evin torpaq döşəməsi, divarlar, taxta tavan təzəcə ağardılmışdı. Ancaq nə əhəngdən istifadə olunmuşdu, nə də ki, rəngli boyadan. Gülcamal nənəmarağımızı hiss edib yaşmağını aşağı çəkdi və kəndin qənşərindəki ağ yamacı göstərərək:
- Bax, oradan ağ şirə çıxır - dedi. - Evi onnan ağartmışdı. Həmin şirə ilə ağardılan evdə azar-bezar olmaz.
Üzərinə dəri çəkilmiş qədim və iri küp Gülcamalın nehrəsidir. Dedi ki, lap gəlin vaxtımdan işlədirəm. Çünki bərəkətli küpdü. Ağartısı əskik olmur.
Müsahiblərimizdən biri kiçik daxmaya göz gəzdirib:
- Gülcamal nənə, tüfəngin gözümüzə dəymir, - deyə söz atdı. - Bu sual bizdə dərin maraq və təəccüb doğurdu. Gülcamalın həyalı çöhrəsinə qızartı çökdü. O, çəkinə-çəkinə:
- Silahı lazım olanda üzə çıxararlar - dedi. Sonra dərin ah çəkərək kədərli, həm də qürurla - kişininkidi - dedi. - Yadigar kimi saxlayıram. Ancaq hərdən özümə də lazım olur… - Kədərli bir ah çəkdi - Qırmalını çiyninə salıb ova çıxanda deyirdi ki, Gülcamal, sən düyünü islağa qoy, aşaltısı məndə. Getməyinən əlində neçə kəklik qayıtmağı bir olurdu. - Gülcamal bunu deyib, tutuldu. Dərin qırışlarla haşiyələnmiş gözləri hüznlü bir ifadə aldı. O, on yeddi il bundan qabaq işıqlı dünyadan köçmüş ömür-gün yoldaşı Əbdülma-nafı nəzərdə tuturdu. Gülcamal kişi qüruru ilə dartılıb qamətini şax tutdu. - Yüz gün yaraq, bir gün gərək - deyiblər.
O, istehza ilə gülümsünüb əlavə etdi:
- Məgər qadınlar tüfəng işlədə bilməz?! Qış ki, düşdü ağ canavarlar bu kəndin xarabalıqlarında tüğyan eləyirlər. Bir dəfə qışın oğlan çağı idi. Bərk də qar yağmışdı. Təzəcə çırağı söndürüb şirin yuxuya getmişdim. Qulağıma hənirti gəldi. Tüfəngə bir patron qoyub tövlə tərəfə addadım. Canavarlar heyvanın iyini alıb tövlənin divarına dırmaşırdılar. Tüfəngin lüləsini pəncərədən birinin başına salladım… Dördünü öldürmüşəm.
Dəvəçidə də onun belə bir şücaəti barədə bizə danışmışdılar. Lakin onun öz dilindən çıxanacan inanmırdım. Heç Gülcamalın bu kənddə neçə il tək-tənha yaşamasına da. Axır ki, gözümüzlə görüb, qulağımızla eşitdik.
Gülcamalın təkidilə dağ çiçəklərindən dəmlədiyi çayını içib, sacda bişirdiyi nazik yuxasından kəsib, süfrədəki yavanlığından dadıb həyətə çıxdıq.
Gülcamalın yaşadığı ev sinə yerdə olduğu üçün buradan hər tərəf apaçıq görünürdü. Sahibini itirmiş kimsəsiz və uçuq daxmalar yay günəşinin altında sükuta dalmışdı. Buludsuz səmada qanad çalmadan dövrə vuran qartal elə bil bu yerlərə hayan olub, keşik çəkirdi. Gülcamal gözləri günəşdən qamaşmasın deyə heydən düşmüş əlini yanqılıcı qaşlarının üstünə tutub kəndin arasında bərq vuran ayna göllərə nisgilli nəzər saldı, xəyallandı, elə bil onun yaddaşında Nohurlunun yazılmamış salnaməsi vərəqləndi. Jurnalist fəhmi ilə bu salnamənin sətirlərini oxuyurdum…
Nohurlar bir vaxt böyük kənd olub. Buradakı məktəb, onun müəllimləri barədə xoş xatirələr danışırlar. Maqsud Hacıyev alimdi, onun qardaşı Hacı uzun müddət partiya, sovet işçisi olub. İndi təqaüddədir. Səttar Məmmədov tanınmış hüquqşünasdır… Bu mək-təbin, bu kəndin neçə-neçə yetirmələri vardır. Nohurların gur camaatı, qoç igidləri olub. Bu kəndin at ilxılarına, qoyun sürülərinə, qaramal naxırlarına qoşulan dastanlar dildən-dilə düşüb. Aşıqların sözündə-sazında uzaq-yaxın ellərə yayılıb. Ancaq kəndin bu çal-çağırlı günləri uzun sürmədi… Şura hökuməti gələndən sonra kimin iki heyvanı artıq oldu, yağlı vergiyə saldılar. Sayılıb-seçilənlərinin də hərəsinin kürəyinə bir qara damğa vurub, gedər-gəlməzə göndər-dilər… Sonra da qanlı-qadalı müharibə illəri. Ərsəyə yetənləri üç bir-beş bir cəbhəyəgöndərdilər. Onların çoxunun qara kağızı özündən qabaq gəldi. Qızlar toy üzü görmədi, gəlinlər ərsiz qaldı. Kənddə az-çox qalan ahıl-cahılın da dor-dolanışıq yoluna gündə bir kötük yumaladılar: - Bir inəkdən, beş-on keçidən artıq saxlamaq olmaz. Fərdi təsərrüfatın araba işlətməsi qadağandır - dedilər. Mal-qaranın örüşə buraxılması yasaq edildi. Dedilər ki, kolxozun biçənəyinə ayaq basmaq olmaz. Dinənin dili kəsildi, görənin gözü oyuldu. Bir tərəfdən də tədarük idarəsinin atlıları gündə - günaşırı yağı kimi camaatın başının üstünü kəsdirib, qapı-qapı gəzib - "Yağ ver! Ət ver! Yun ver! İstiqrazın pulunu ödə!.." - deyib kəndi də, kəndçini də zinhara gətirdilər. Ancaq kəndlinin dərd-sərini soruşan olmadı. Maraqlanmadılar ki, adamların gün-güzəranı necədir? Kəndli yurd-yuvasından didərgin salındı. Hər gün bir evin ocağı sönüb, tüstüsü kəsildi. Nohurlar şəhər və qəsəbələrə üz tutdu. Gülcamalın dərdinin üstünə bir dərd də gəldi. Neçə il ömür sürdüyü Əbdülmanafını itirdi. Bir züryətləri də olmamışdı ki, bu gün Gülcamala pasiban dursun. Yəqin qismət belə imiş, onlar cavan olanda Əbdülmanafın qohum-əqrəbası neçə dəfə təkid etmişdilər ki, barsız ağacı neyləyirsən, boşa doğanını al. Əbdülmanaf onların hamısına "yox!" cavabı verib demişdi:
Əzizim birlə gərək,
Dəhan dürrlə gərək
Dünyada gözəl çoxdu,
İlqar birlə gərək.
Əbdülmanaf bir də onu demişdi ki, əsli-nəsli olan kişi arvad boşamaz.
Bax, beləcə bir kənd, bir koma, bir də Gülcamal qaldı. Onu çox dilə tutub, dəlil-dəlalət elədilər:
- Hamı necə, sən də elə. Atalar demişkən: palaza bürün, elnən sürün. Qadın xeylağısan, kəndin təəssübü bircə sənə qalıb? O de başıpapaqlıların hərəsi üzünü bir tərəfə tutandan sonra, sənə nədüşüb…
Nəhayət, bir gün Gülcamalı yumşaldıb inadından döndərdilər. O, evdən çıxıb Nohurlara kədərli nəzər saldı. Sonra kəndin yuxarısındakı dikə qalxdı. Buradan Qubanın Ördüc kəndi görünür. Gülcamal, bax, həmin kənddən Nohurlara gəlin köçüb. Səyyar xəyal Gülcamalı həmin toylu-düyünlü, bəxtəvər günlərə qaytardı. Əlini dən düşmüş saçlarında gəzdirib, həmin çağlarını yaşadı. İgidlər köhlənlərinə süvar olub, bax, o cığırlarda at səyirdir, güllə atırdı. Müğənnilərin zənguləsi, qara zurnanın səsi bu dağlara düşmüşdü. Gülcamal hər dəfə bu dikdən Ördücə tərəf boylananda həmin səsləri dinləyirdi. Elə indinin özündə də…
Gülcamal tərəddüd etdi. Kəndə döndü. Arı pətəklərinə baş çəkdi. Elə bil arılar da Gülcamalın kəndi tərk edəcəyini duyub, artıq həmişəki kimi ona səmtimir, kənardan uçurdular. Kəndin axırıncı sakininə, ümid yerinə, təəssübkeşinə indi tənə vururdular. Birmərtəbəli koma, ona bitişik olan tikintilər küskün kimi görünürdü. Evin yanındakı bulaq da pıçıldayıb Gülcamalı məzəmmət eləyirdi. Əkib-becərdiyi ağaclar da… Həmişə onu görəndə atılıb-düşən Bozdar da heç yerindən tərpənmədi. Ona canlı məxluq kimi doğma, tanış olan divarlar sanki dilə gəldi: - Fikrindən dönmə, Gülcamal! Su gəldiyi arxdan, bir də axar!.. Gülcamal daldığı xəyal dünyasında onu təhdid edən qarmaqarışıq fikirlərdən ayrılıb əvvəlki qərarını qətiləşdirdi. Bu torpağın hər qarışı mənə doğmadır. Onu tərk etmək qeyrətdən deyil. Vaxt gələr…
Nə qədər təəccüblü görünsə də şahidi olduğumuz bir həqiqətdir ki, o vaxtdan bu vaxta Nohurlarda yalnız Gülcamalın ocağı sönmür. Dəvəçidə iyirmiyə qədər kəndin adı itib-batıb. Nohurlar isə yaşayır. Yarım əsrə yaxındır statistika məlumatlarında: "bir kənd, bir ev, bir qadın" yazılır. Nohurların adı siyahılardan düşmür, xəritələrdən silinmir.
Gülcamalın vaxtı ilə dedikləri indi-indi yerini alır, Nohurların köhnə sakinləri ulu məskənlərinə dönürlər. Burada tənha həyat sürən Gülcamala bir dünya sevinc gətirirlər.
Baba yurdunu abad eləmək üçün birinci irəli duran Ağacamal Fəttahovdur. Əlində məktəbli çantası olanda kəndi tərk edib. İndi yaşı yetmişi haqlayıb. O vaxt atası Mədətə - qolçomaqsan, arın, mal-qaran çoxdur… - adı ilə qara ləkə yaxdılar. Neçə il işıq üzünə həsrət qaldı. Ağacamalın polkovnik rütbəsində olan dayısı Qərib Murtuzov imdad əli uzatmasaydı…
Mədət həbsdən qurtarsa da, onun-bunun tənəli söz-söhbətindən, istehzalı baxışından qurtarmadı. Dalda-bucaqda xısın-xısın pıçıldadılar ki, buraxılsa da şübhəli adamdır, sinifi xarabdı. Ondan gen olmaq lazımdır. Günahsız günahkar bu dərdə dözməzdi… Mədət dünyadan gedəndən sonra Ağacamal da kənddən baş alıb getdi. Düz altmış ilə yaxındır ki, bu yerlərə yön çevirmir.
Kəndlə meşə arasındakı təpənin aşırımında bir qaraltı gözə dəyirdi. - Ağacamaldır - dedilər. - Pərgarı pozulan kəndin ilk qaranquşudur. Kooperativ yaradıb. Nohurlara xoş müjdə gətirib. - Həmin səmtə tərəf yönəldik. Kəndli dili ilə desək, xırman sovruğa gələn vaxt idi. Qaşda dayanıb Ağacamalla xeyli söhbət etdik:
- İndiki kimi yadımdadır - dedi. - Bu kənddəki kolxozda on iki briqadanın hərəsində əlli-altmış öküz var idi. İndi… - Ağacamal ətrafa nəzər salıb, kədərli ah çəkdi:
- Taxıl yerlərini kol-kos basıb, bulaqların gözü tutulub, suların səmti dəyişilib, yol-riz itib-batıb - dedi.
Ağacamal bizi kooperativ üzvlərinin mərcimək topladığı yerə apardı. Toplanan məhsul qurudulub, döyülmək üçün təzə düzəldilən xırmanın yanına daşınırdı. Cavanlar ata qoşulacaq vəlləri sahmana salırdı. Nabatla Tamilla böyük həvəslə mərcimək toplayırdılar. On üç yaşlı Arif gah anasının həndəvərində atılıb-düşən qaşqa qulunla oynayır, gah da bacılarına kömək edir, toplanan məhsulu xırmana daşıyırdı.
Ağacamal aralıda bir-biri ilə bəhsləşən rəfiqələri işarə edib- kooperativin üzvləridir - dedi. - Qoçaq qızlardır. Əlbəttə, təzə fəaliyyətə başlayırıq. Çətinliklərimiz olacaq. Bir də ki, axı, işi kimləgörəsən?! Gərək ev tikək, texnika alaq, kəndi dirçəldək… - Rayon Sovetinin sədri ilə kooperativin sədri Ağacamal Fəttahov xaraba qalmış kənd, əkin-biçin barədə xeyli götür-qoy edib, tədbirlər tökdülər. Rayon başçısı: - Ölçüb-biçib belə bir qərara gəlmişik ki, - dedi, - əvvəlcə, kəndin yolunu qaydaya salaq, Çinarlardan bura elektrik xətti çəkək. Yeni yaradılan kooperativin maddi-texniki baza-sını möhkəmləndirək…
Rayon rəhbərilə kooperativ sədrinin elə sabahdan əməli işə çevriləcək inamlı sözlərini dinlədikcə kəndin dirçəlişini, Gülcamalın çiçəklənən arzularını bir həqiqət kimi aydınca təsəvvür edir və onların sevincinə şərik olub, biz də özümüzdə bir rahatlıq, yüngüllük hiss edirdik.
Günəş hiss olunmadan zirvələrdən çəkilib yatağına doğru meyllənir, yamaclardakı mamırlı daşların kölgəsi uzandıqca-uzanırdı. Ətraf meşələrdən gələn meh kəndin aralarındakı göllərin aynasını titrədir, Nohurlara dağ çiçəkləri ilə ətirlənmiş xoş rayihə yayılırdı. Kəndin yeganə sakini ilə bayaq görüşmüşdük. İn-di də onunla vidalaşmaq üçün geri qayıtdıq. Həyətində bir neçə adam görünürdü. Nohurların köhnəsakini neftçi Ramazanla yoldaşı Bikə hər il olduğu kimi, yenə də övladları ilə birlikdə həm baba yurduna baş çəkməyə, həm də Gülcamaldan hal-əhval tutmağa gəlmişdilər. Gülcamal Ramazanla Bikəni göstərərək:
- Onlar mənə övladdan da irəlidirlər, ağ günlü olsunlar, - dedi. - Bu çağacan məni unutmayıblar.
Öz-özümüzə düşünürdük. Nə yaxşı ki, dünyada nəcib, xeyirxah adamlar var. Gülcamala necə də ehtiram göstərirdilər. Ramazan bizi maraqlandırmaq üçün balaca Sevinclə Tamillaya:
- Bir Gülcamal nənənin öyrətdiyini deyin, qoy əmilər də eşitsin, - dedi.
Onlar bir ağızdan:
Olsun bir söz əzbərin
Ağrıyanda bir yerin
Tez həkimə gəl görkəz
Azarlıdan uzaq gəz.
Çirkin paltar geyinmə,
Dəli atı sən minmə.
Tərli-tərli su içmə,
Dərin çaydan tək keçmə.
Gülcamal ürəkdən güldü. Sevinc onun boynuna sarılaraq:
- Heç bilirsiniz nənə bizə nə qədər söz əzbərlədib - dedi.
Ramazan qayğılı baxışları ilə Gülcamalı süzərək:
- Ata-babadan qonşu olmuşuq. Çox dilə tutub, yalvarıb-yaxarmışam ki, gəl gedək, sən də bizim anamız, buralarda tək-tənha qalma. Eşidib-bilən nə deyər? Ancaq inadından dönmür. Deyir kəndi ata bilmərəm. Daş düşdüyü yerdə ağır olar.
Gülcamal:
- Yox, oğul! - dedi. - İllərə dözən, aylara da dözər. Nohurları əvvəlki təmtəraqda görməyincə…
O xəyallandı və kənddə ucaldılan ilk ot tayasını və təzəcə qazılan ev bünövrəsini, bir də ki, qaşlarda görünən adamlara riqqətlə göz gəzdirib əlavə etdi:
- Əhdim indi-indi yerini alır…
1 sentyabr 1989-cu il
"Kommunist" qəzeti
Dəvəçi
|
|