 |
OÇERKLƏR
SEVİNC
Son günlər havalar şıltaq keçsə də, bu yerlərdə bahar yetirhayetirdədir.Özü gəlməmişdən qabaq fındıq-zoğal ağaclarının çiçəklərində ətir göndərib, bağ-bağata xoş təbəssüm yayılıb. Gündəyənlərdə tək-tək bənövşə də gözə dəyir. Ancaq Qafar kişi deyir ki, qış qayğılarımız hələ qurtarmayıb. İndidən aldanıb, arxayınlaşmaq olmaz. İli nə bilmək olur?! Atalar nahaq yerə deməyib ki, martda mərək, apreldə gərək. Ot-avar dizə çıxmayınca gərək çoban-çoluq ayıq-sayıq olsun, mərəklərdən yem üzülməsin. Tövlələrin səliqə-sahmanı pozulmasın. Yoxsa, gönü suya verərik, qış boyu çəkdiyimiz zəhmət hədər gedər…
Qafar kişinin nəsihətamiz söz-söhbətini dinləyir, həm də təzə tövlədə axur boyu cərgələnən gümrah inəklərə baxırdıq. Çevik hərəkətləri ilə diqqətimizi cəlb edən ağ xalatlı qadın axırıncı inəyin altından qalxıb, əlində sağım aqreqatı emal otağına keçdi. Qafar marağımızı hiss edib söhbətin istiqamətini dəyişdi. - Bizim Solmazdır, - dedi. - Bax, o, Şərəf lövhəsində iri şəkli olan, adı dildən-dilə düşən Solmaz Şeydayeva odur. Heç Qızbəst də, Zərifə də, Nənəqız da, Kubra da, Zöhrə də ondan geri durmurlar. Halal olsun, qoçaq qızlardır. - Qafar üzünü bizə tutub səsinin tonunu qaldıraraq yarı ərk, yarı zarafatyana:
- Bax, onlardan deyim, onlardan yazın ee… Üzümüzü ağ eləyən, bax, bu qızlardır - dedi. - Tək Qafardan nə çıxar? Bir adamnan kar aşmaz. - Quş qanadla uçar - deyiblər. Bizim qolumuz da, qanadımız da, bax, gördüyünüz gənclərdir. Fermamızın dirəyidirlər.
Qafar geri dönüb fermanın uçot işçisini səslədi:
- A bala, o dəftər-kağızı bir bura gətir!
Hesabat işçisi bizə yaxınlaşdı. Qafar kişi: - Bax, gör bildir və bu ilki süd fərqiniz nə qədərdir?! İrəliləyirik, yoxsa geriləmişik?!
Hesabat işçisi: - Qafar əmi, - dedi, - bu iki ayda südü on ton artırmışıq.
Qafar bizə xitabən: - Hamısı o cavan-cavan qızların hesabınadır, - dedi. - Heç bilirsiniz necə can-dildən çalışırlar?
Sağıcılar tövləni dolaşır, axurlara baxır, suvarma xətlərinə diqqət yetirir, dolaşan zənciri açır, düşən zibili götürürlər. İnəklər öz qayğıkeşlərini necə də tanıyır, necə doğmalaşırlar. Qadınlar əllərini şəfqətlə inəklərin elektrik lampalarının işığı altında məxmər kimi bərq vuran qəşəng boyun-boğazında, şiş buynuzlarında, ağlı-qaralı xallarında, ala gözlərində gəzdirir. Heyvanlara dönə-dönə tumar vururlar. Onların arasında qəribə bir ünsiyyət yaranıb. Sağıcılar sanki inəklərin tərpənişindən hiss edirlər ki, bəslədikləri heyvanlar sahiblərindən nə istəyir… Qırx ilə yaxın bu fermaya başçılıq edən Qafar Kərimova bu barədə söz demək lazım deyil. O, sağıcıların kiçik eyhamından başa düşür ki, iş nə yerdədir, nə etmək lazımdır… Söhbətinə fasilə verib aralıda dayanan qartal baxışlı oğlana: - Nə olub, a bala, o düymələri bas, qoy tövlə təmizlənsin. Hava dəyişilsin, yemin vaxtıdır, - deyir.
Bir andaca təmizləyici qurğular uğuldayıb hərəkətə gəldi. Çox keçmədi ki, bayırda traktorlar siqnal verdi. Əli ilə Əzizin yem dolu maşınları qapının ağzında dayandı. Qafarın sərəncamını gözləyirdilər. Qafar lafetlərdə buğlanan silosu, səliqə ilə doğranmış çuğunduru göstərdi: - Yem sarıdan korluğumuz yoxdur - dedi. - Vaxtında bəs deyincə qüvvəli, şirəli, qaba yem toplamışıq. Lap bu ilə də çatar. Fermanın ki, yemi bu qışdan o qışa qalmadı, heç. Yem birinci şərtdir. İnəyin südü elə boğazından keçir…
Tövlədən müxtəlif səmtlərə qapılar açılır. Sağıcı otağına, emal müəssisəsinə, zoobaytar kabinetinə. Qırmızı guşədə nə yoxdur?! Televizor, radioqəbuledici, təzə qəzet-jurnallar, fermanın ayrı-ayrı sağıcılarının plan və öhdəliklərini əks etdirən müxtəlif diaqramlar…
Rayonda Mirzədavud Hüseynov adına sovxozun ferma müdiri Qafar Kərimovu tanımayan yoxdur. Əlbəttə, namuslu əmək adamı kimi. Rayonun başçısı Zakir Abdullayevlə söhbət edəndə onun barəsində iftixarla danışdı: - Böyük hörməti var, onu hamı sayıb-sevir. Qırx ilə yaxındır ferma müdiri işləyir. Üç il bundan əvvəl direktor müavini qoyublar. Ancaq nahaq yerə. Bu səhv xoşagəlməz nəticələr verib. Fermada gerilik əmələ gəlib. Raykom işə qarışıb, Qafar yenə də əvvəlki yerinə qaytarılıb.
Əlbəttə, kollektiv rəhbərinin ixtisası, təhsili ilə yanaşı, gərək el arasında xətir-hörməti də ola. Qafara böyükdən kiçiyə hamı hörmət edir. Yüksək mənəvi keyfiyyətlərinə, xeyirxahlığına, işgüzarlığına görə. Məgər onun bir sözünü iki etmək olar?! Bu nüfuz Qafara kənd ağsaqqalı kimi tapşırılmış hər bir sahədə həmişə fərəhləndirici nailiyyətlər qazandırır, baş ucalığı gətirir. O, həm də səkkiz övlad atasıdır. Ot kökü üstə bitər, deyiblər. Qafarın övladlarını da özü kimi hər yerdə barmaqla göstərirlər. Ancaq Qafar səkkiz övlada durmur. Söz düşəndə deyir ki, bu kollektivdə çalışanların hamısı mənim balalarımdır. Başımı el içində ucaldan da onlardır.
Xaçmazlıların tapdığı uğur neçə-neçə Qafar timsallı hünərvər adamların, işgüzar, səmimi kollektivlərin hesabınadır. Onların hamısını bir məktubda göstərmək mümkün olmasa da, bəziləri barədəsöhbət açmağa dəyər.
Çkalov adına sovxozda Nizaminin haqqında razılıqla danışırlar. Xanlar rayonunda doğulub boya-başa çatıb. Ali məktəbi qurtarıb təyinatla bu sovxoza zootexnik göndərilib. Bəzən gənclər ali məktəbi bitirəndə təyinatı üzrə getməkdən boyun qaçırır. Yüz cür bəhanə gətirir, saxta sənədlər düzəldir, yaxın yer, yüngülvari vəzifə axtarır. Təəssüf! Nizamigil beş qardaşdırlar. Onların əkinçisi də var, inşaatçısı da, mühəndisi də. Hərəsi xalq təsərrüfatının vacib bir sahəsində çalışır. Nizami Ələsgərov da zərbəçi cəbhənin mübarizlərinə burada qoşulub. Qalın meşələrlə mavi Xəzərin dövrəyə aldığı bu axar-baxarlı kənddə. Az vaxtda peşəsinin çəmini tapıb, adamların qəlbinə girib. Gəlişi fermada xeyli dönüş yaradıb.
Otuz il bu sovxoza başçılıq edən Şamil kişidən təsərrüfatın bəzi iqtisadi göstəricilərini soruşanda o, Nizamiyə tərəf yönəldi. Baxışları səmimi ifadə aldı: - İndi söz cavanlarındır - dedi. - Qoy zootexnik danışsın. O, məndən yaxşı bilir.
Nizami heç bir yazılı kağıza baxmadan:
- Heyvandarlıqda işlərin təşkili ötən ildəkindən qat-qat yaxşıdır, - dedi. - Ümumi süd istehsalı otuz tona yaxın artıb. Fermada heç bir kəm-kəsir yoxdur. Vədə əməl olunacaq.
Direktor nikbin əhval-ruhiyyə ilə əlavə etdi: - Sizin kimi əli diplomlu cavan mütəxəssislər, qoçaq işçilər, müasir tövlələr, bol da yem. Bunun müqabilində planlar, öhdəliklər niyə yerinə yetirilməsin?! İspalkomun da, Bakıdan gələnlərin də gözü həmişə üstümüzdədir. Əslinə baxsan, sağıcılar heç bu ilki öhdəliklərnən razılaşmırlar. Deyirlər azdır. Düz də deyirlər. Bu məsələdə bir az tələsmişik. Zootexniklərlə götür-qoy etmişik. Öhdəliyə gərək təzədən baxaq. Bu il lap yuxarıdan yapışmalıyıq. İndi kənddə də, şəhərdə də hamı ellikcə çalışır ki, hünər göstərsin, öz ad-sanına layiq qələbə qazansın. Belə bir məqamda dəstədən geri dura bilmərik. Bizim də özümüzə görə adımız-sanımız var.
Alçaqboylu ixtiyar qoca bizi əhatə edən, söhbətlərimizi dinləyən heyvandarların arasından irəli çıxıb əlindəki dəmir yabanın ucunu yerə vurdu: - Direktor lap ürəyimdən xəbər verdi - dedi. - Gücümüzün hamısını qoymuşuq.
Şamil məmnun oldu: - Bizim Mütəllimdir - dedi. - Elə onun yan-yörəsində hərlənənlərin çoxu öz arvad-uşaqlarıdır.
Mütəllim yanındakı ağ xalatlı oğlan-qızlara baxıb xarakterinə uyğun tələbkarlıq və ciddiyyətlə: - Tövlədə telefonu qaldırırsınız, rayon cavab verir. İstirahət eləməyə isti otaq. Qəzet-jurnal oxumağın yeri ayrı. Televizora baxmaq üçün xüsusi otaq. İnəklər cins. Yemdən də korluq yox. - Mütəllim kişi Mustafa İskəndərovla Məmmədağa Bağırovu işarə edərək: - Bax, onların hərəsi sovxozda məsul bir vəzifədaşıyır, gündə bizə baş çəkir, soruşurlar: - Nəyiniz əskikdir?! Nə çatışmır?! Tay güc necə olar?! Amma belə bir böyük gücnən sovxoz hər inəkdən sağdığı südü üç mindən yuxarı qaldıra bilmir. Bu il nə olur-olsun üç mini keçməliyik. Deməyin ki, Mütəllim uşaqların zəhmətini yerə vurur ha, sağ olsunlar. Zootexnik də bayaq dedi. İrəliləyiş var. Sözümün canı odur ki, hamı, bax, bizim bu Nadejda, Tamilla, Hökumə, Güllü, Naibə kimi işləsin. Bu il hər inəkdən dörd minə söz veriblər…
Onu dinləyən ferma işçilərinin baxışlarında Mütəllimə dərin bir ehtiram duyulurdu. Klavdiya ilə Tanya başlarını aşağı dikmişdilər. Mütəllim onlara göz ucu nəzər saldı. Lakin bir söz demədi. Adlarını da çəkmədi. Həmişə belədir. Çox vaxt Mütəllimin Klavdiya, Tanya deməyə dili var gəlmir. Nə sirrdir. Bunu bircə kəndin adamları bilir…
Qanlı-qadalı müharibə illəri. Mozdok, Ukrayna, Polşa - Mütəllim Muxtarovun uğrunda dörd il vuruşduğu, altı dəfə yaralandığı neçə-neçə şəhər, kənd, şaxtalı qış. Göydən qardan çox güllə yağırdı, mərmi tökülürdü. Medvedyev bu səngərdə birtəhər ona tərəf çevrildi. Qoltuq cibindəki üçkünc məktubu çıxardıb tələm-tələsik gözdən keçirdi və Mütəllimi dümsüklədi:
- Klavdiyadandı - dedi. - Sənə salamı var. Yazır ki, Mütəllimi gözdən qoyma. Yaman günün ömrü az olar. Bizə bağlama hazırlayır. Göndərəcək. Sənə də yun corab toxuyub…
Mütəllimdən qabaq göydən millənən bombanın səsi eşidildi. Mütəllim gözünü açanda onu yavaş-yavaş çəkib aparan arabanın mənhus cırıltısını eşitdi. Bir də nəmli gözlərini yaralılara zilləyən şəfqət bacısı Tanyanı gördü. Yanında da bir neçə adam yaralı. Medvedyev yox idi.
Mütəllim qızların ikisinə onların adını qoymuşdu. Klavdiya, Tanya. Bu adlar ona bir təsəllidir. İndi hər ikisi fermada sağıcı işləyir. Kollektivin qabaqcıllarıdır.
Fermanı gəzdikcə direktor rast gəldiyimiz adamları bizə təqdim edirdi: - O sağıcı qadın Zeynidir. Mütəllimin külfətidi. Çox intizamlı, təcrübəli, işə canyandıran işçidir. O yem paylayan da Rafiqdi. Ramiz də mexanizatordur. Hər ikisi Mütəllimin oğlanlarıdır. Mütəllim də ki, müharibə, əmək veteranı olmasına baxmayaraq sovxozun hər işinə yarayır. Yemə nəzarət edir, səliqə-sahmana göz qoyur, lazım gələndə inək sağır. Təsərrüfatın təəssübünü hamıdan çox o çəkir. Yaxşı da el ağsaqqalıdır.
Fermaları gəzib-dolaşdıqca yeni tikilən tövlələri, müasir yem sexlərini görür, arzularının cığırları ilə zərbəçi cəbhəyə axışan gənclərdən başlamış yaşlılara qədər hamının öz işinə ruh yüksəkliyi, qələbə əzmi ilə yanaşdığının şahidi olurdum. Nöqsanlar da yox deyil. Ancaq azdır. O da getdikcə aradan qaldırılır. İndi qaliblərin fəaliyyəti daha gur səslənir. "Rusiya" sovxozunda Nənəxanım Şabanova hər inəkdən beş min kiloqrama söz verib. Onun bu cəsarətli sözü bütün təsərrüfatlarda əks-səda doğurub. Gülcənnətlə Bənövşə də analarının yolu ilə gedir. Nənəxanımın layiqli xələfi olmağa can atırlar…
Belə qabaqcılların qədir-qiyməti bilinir, əməyi mənalandırılır, şəkilləri görkəmli yerlərdən asılır. Onlara neçə-neçə ordenlər, dövlət mükafatı lauretı, Mərnisə İmamhüseynova adına təsis edilmiş priz, fəxri fərmanlar, dəyərli hədiyyələr verilir. Qaliblərin şərəfinə şənliklər düzəldilir. Bu diqqət, qayğı, mükafatlar əmək cəbhəsində yaşayıb-yaradan işgüzar kollektivlərə bir dünya sevinc olur. Burada adlarını çəkdiyimiz və çəkmədiyimiz əmək bahadırlarının mənəvi dayağına çevrilən sevinc.
6 mart 1985-ci il
"Kommunist" qəzeti
Xaçmaz
|
 |