|
OÇERKLƏR
XINALIĞA GEDƏN YOL
Qudyalçayın yaxasındakı Qırız-Dəhnə kəndinin səması tərtəmiz idi. Mart günəşi yer-yurdu əməlli-başlı isidir, yamacların qarı əriyib yox olur, güneylərdəki yaşıllıqlara səpələnən rəngbərəng çiçəklər adamı riqqətə gətirirdi. Çoxdan bəri dalda-bucaqda gizlənən quşlar səs-səsə verib baharın gəlişinə nəğmələr qoşurdu. Mövlud kişi ağlı-qaralı quzuları sinəyə verib, özü də qənşərdə dayanmışdı. O, Qırız-Dəhnəni əhatə edən qalın meşələrə, sıldırım yamaclara, qranit qayalara göz gəzdirir, Qudyalçayın ona doğma olan səsini dinləyir, tez-tez də uzaqda üz-üzə dayanan dağların zirvəzindəki qoşa daşlara nəzər salırdı. Kənd adamlarının dili ilə desək, xeyir və şər daşlarına.
Qırız-Dəhnə kəndinin maşın yolu yoxdu. Heç düz-əməlli at, piyada yolu da. Kəndə telefon və radio xətti də çəkilməyib. Rayon mərkəzindən gələn avtomaşınlar xeyli aralıdakı Küsnət-Qazma kəndinə qədər gedə bilir. Mağazaya göndərilən ərzaq və sənaye malları buradaca avtomaşından boşaldılır. Ulaqlara yüklənir. Çətin keçidlərlə, dar cığırlarla, yüz əzab-əziyyətlə Qırız-Dəhnəyə daşınır. Başqa yüklər də həmçinin. Kəndin yuxarı tərəfindəki yalçın qayalar, sərt yamaclar bircə Qudyalçaya yol verir. O da xoşa-xoşluqla yox. Qudyalçay ki, şahə qalxdı, üzünü görmə! Məgər onun qabağında duruş gətirib, məcrasından döndərmək olar?! Ona görə də yuxarıdakı Qırız kəndinin adamları toy məclisi qurulanda həmin göylərə baş çəkən xeyir daşının, yas düşəndə isə şər daşının üstünə çıxırlar. Yalnız belə bir işarə ilə Qırız-Dəhnə camaatı qonşu kəndin xeyir-şərindən xəbər tuturlar… Çünki öz xüsusi danışıq dilləri olan Qırızdan Qırız-Dəhnəyə enmək üçün gərək bir gün vaxt sərf edib, neçə dağ aşıb, dərəkeçəsən.
Mövlud kişi dövrəsində qartallar qanad çalan həmin qoşa daşlara tez-tez nəzər salırdı. O daşlardan Qırız-Dəhnəyə ya sevinc sədası gəlir, ya da kədər… Yüz ildi, min ildi kəndin gün-diriliyi, bax, belədir. Ona görə də çoxları bu doğma yurdundan didərgin düşüb. Neçə-neçə evlər xaraba qalıb. Kəndin bu kökə düşməsi Qırız-Dəhnənin qocaman sakinləri Mövluda da, Səmədə də ağır dərd olub. Ancaq onlar uzaq yerlərin halvasına aldanıb, dədə-baba yurdlarını tərk eləməyiblər. Neçə-neçə cavanları da müdrik dəlil-dəlalətləri ilə düşdükləri yanlış fikirlərindən döndərib, kənddə saxlayıblar. Onlara - darıxmayın oğul, hər yoxuşun, bir enişi də var, - deyiblər. - Tez-gec Qırız-Dəhnənin də bəxtinə gün doğar. Bir də ki, bu kəndin saf ab-havası, buz bulaqları hardadı?! Elə cənnət deyilən şey varsa, o da elə bizim bu Qırız-Dəhnədir…
Mövlud kişinin qulağına maşın səsi gəldi. O, quzulardan diqqətini ayırıb səs gələn səmtə baxdı. Yük maşını idi. Kənd mağazasına mal gətirirdi. Maşın kəndin üstündən dolaylanıb mağazanın qabağında dayandı. Mövlud üzünü təmiz səmaya tutub, əlini nurani sifətinə çəkdi və:
- Şükür olsun tanrının dərgahına - dedi, - axır ki, bu günü də gördük!
O, quzuları qonşunun uşağına tapşırıb kəndə tərəf yönəldi. Dükanın qabağında çoxlu adam toplaşmışdı. Maşından un kisələri boşaldılırdı. Qazəhməd kəndin ağsaqqalını görəndə şən əhval-ruhiyyə ilə:
- Gözün aydın, Mövlud əmi - dedi, - yol açılıb. Dedim elə kəndə gələn ilk maşınla un gətirdim. Fikirləşdim ki, un uruzudu, xeyir-bərəkətdi…
Mövlud kəndin dükançısı Qazəhmədi təbrik eləyib:
- Düz fikirləşmisən, oğul - dedi. - Çörək Qurandan qabaq gəlib. Çox şükür! Axır ki, kənd əzab-əziyyətdən qurtardı. Elə sən özün də. Malı rayondan nə müsibətlə gətirirdin.
Xınalığın təzə yolu Qəçrəş, Qımıl-Qazma, Küsnət-Qazma kəndlərindən keçir. Bu gün də Qırız-Dəhnəyə bir dünya sevinc gətirib. Partlayış dəstəsi Qırız-Dəhnədən keçib, yuxarıdakı qayalarla üzbəüz dayanıb. Cek, Əlin, Haput kəndlərilə Qırız-Dəhnənin arasındakı tilsimlərin ömrünə az qalıb. Bir də ki, bu yerlərə keşik çəkirmiş kimi, göylərə ucalan xeyir və şər daşlarının Qırızla Qırız-Dəhnə kəndləri arasındakı "vasitəçiliyinə…"
…Mart günəşi qızılı saçaqlarını qoyun-quzu yayılmış çiçəkli çəmənliklərdən yır-yığış eləyib Şah dağın qarlı zirvəsini aşmaqda idi. Əlik kəndinin aşağısındakı qayalıqlarda isə bir-birini əvəz edən partlayış səsi kəsilmək bilmirdi. Ağali kişinin səbri tükəndi. O, yolçəkənlər üçün ayırdığı otağın qapı-pəncərəsini bağlayıb atına süvar oldu. Qudyalçayın sahilləri ilə bir qədər aşağı endi. Atı qənşərdəki palıd ağacına bağlayıb, yolçəkənlərə tərəf yönələndə Svetkov Gennadi yüyürə-yüyürə təpənin üstünə qalxıb Ağalini səslədi və papağı ilə ona işarə vurdu ki, partlayış başlanır, yaxın gəlmək olmaz. Ağali kişi Gennadinin nə demək istədiyini başa düşüb dərəyə tərəf döndü… Yer silkələndi. Qırız-Dəhnə ilə Cek arasındakı qranit qayalar göyə sovruldu. İndi irəliləmək olardı. Ağali yuxarıda məğrur görkəm alan Vladimir Kandraşovla üst-başını toz basmış Gennadi Svetkova:
- İşiniz avand olsun! Yorulmayasınız! - dedi.
Sonra ev sahibi qonaqları məzəmmət elədi:
- Əşşi, qaş qaralır. Əl-ayaq yığışır. Amma sizin guppagupunuz kəsilmir. Bəlkə elə gecəni də burda qalasınız?!
Cərulla Eyvazovla Sahib Bayramov buldozerlə partladılmış daşları yol çəkiləcək istiqamətdən təmizləyə-təmizləyə aşağıdan Ağaliyə:
- Gəlirik! Gəlirik! Tələsmə! - demək mənasında işarə edilir.
Ağali başını buladı və:
- Ə vallah, bu gədələrin gözünü qan örtüb! Keçi dırmaşmayan yerə buldozer çıxarıblar - dedi və əlavə etdi: - A bala, sizi əcəl girləməsin! Axşamdı, gəlin gedək!..
Respublika İxtisaslaşdırılmış Partlayış İdarəsinin iş icraçısı Vladimir Kandraşov Ağali kişi ilə üzbəüz dayanıb qayğılı görkəm aldı:
- Bilirsən, Ağali əmi - dedi, - istirahəti həmişə eləmək olar. Qarda da, yağışda da, gecə də, gündüz də! İşi isə… Bir də ki, Qubadan tutmuş Xınalığa qədər gör neçə kənd bizim çəkdiyimiz yolu gözləyir. Yəqin eşitməmiş olmazsan, bu yol çəkiləndən bəri Qırız-Dəhnə camaatı toy-bayram içindədir.
Vladimir Kandraşovun qaşları çatıldı:
- Onu da deyim ki, verdiyimiz vaxt yaxınlaşıb. Gərək maya qədər Qırız-Dəhnə ilə Cek arasındakı bu qayaları aradan götürək ki, həm Qubadan, həm də Xınalıqdan gələn yol burada birləşsin. Rayona təzə başçı gəlib e, Məhəmməd Əsədov, bu yolla əlaqədar bizi yaman tələsdirir, həftədə bir dəfə bu barədə məni sorğu-suala tutur. Çox tələbkar adamdı. Harda oldu, birinci tikinti-abadlıqdan yapışır. Deyirlər, Beyləqanda, Ağdaşda işləyəndə də böyük tikinti işləri görüb. İndi də bu dağ yollarının üstünə düşüb… Deyir ki, gərək bu camaatı tezliklə əzab-əziyyətdən qurtaraq. İdarəmizin rəisi Vyaçeslav Kovalenko da həmçinin. Onlar gündə-günaşırı bu işin gedişi ilə maraqlanırlar… Rayon Sovetinin sədri yalnız bizim bu Xınalıq yolunun çəkilişi ilə məşğuldu…
Ağali kişi Məhəmməd Əsədovun adını eşidəndə onun qaşları yuxarı dartıldı, gözləri mənalı ifadə aldı:
- Hə! Hə! O zəngilanlı balasının barəsində çox eşitmişəm, - dedi, - qəzetlər hey onun işlərindən yazırdı. O ki, Şirvan torpağında üz ağardıb, o ağır ildə Ağdaşı birinci yerə qaldırdı, hünərli adamdı. İnanıram ki, bizim bu Quba camaatının dərdi-sərinə də bir əncam çəkəcək. Bizə elə əsl o cür el dərdi çəkən başçı lazımdı…
Dərələrə qaranlıq çökürdü. Buldozerlər kənara çəkilib susmuşdu. Şah dağın ətəklərində topa-topa sayrışan elektrik lampaları dağ kəndlərinin yerini büruzə verirdi. Ev sahibi atını yedəyinə alıb, qonaqları ilə birlikdə görülən və görüləcək işlər barədə söhbət edə-edə Əlik kəndinə tərəf dikəlirdilər. Gennadi ilə Cərulla dəstədən aralaşıb sabah hansı istiqamətdə və necə işləyəcəklərini müzakirə edirdilər. Onların hamısını yalnız bir məsələ düşündürürdü. Vladimirin də, Cərullanın da, Gennadinin də, Sahibin də fikri-zikri o idi ki, tezliklə yol birləşsin, ara açılsın. Əlik kəndinin ağsaqqalı Ağali kişi də, bu dağlar diyarındakı xeyirxah qonaqlarının rahatlığı üçün əlindən gələni əsirgəmir…
Biz mexanizatorlarla söhbətimizi yekunlaşdıranda Rayon Yol İstehsalat Dairəsinin baş mühəndisi Tofiq Bayramov:
- Bir xahişim də var - dedi. - O dəftərinizə Bahadurun da adını yazın. Özü burda olmasa da, Allahı burdadı. Bu yolçəkənləri bircə saat da bekar oturmağa qoymur. Qar, yağış, palçıq nədi, bilmir. Yolçəkənlər üçün nə ləvazimat lazım olursa, hamısını bir göz qırpımında Bakıdan, Qubadan, Xaçmazdan dartıb gətirir. Çox qoçaq, vicdanla işləyən adamdı, ona halal olsun!
Partlayış prosesindən sonra ekskavatorlar, buldozerlər nərə çəkib yolları genişləndirir, formaya salır, bataqlıqlar qurulur, keçidlərə iri su boruları düzülür, kiçik körpülər qurulur… İnşaatçıların işilə tanış olub, özləri ilə görüşüb söhbət etdikcə, necə deyərlər adamın ürəyi dağa dönür. Qudyalçayın sahillərindən bura çınqıl daşıyan iri avtomaşının kabinəsindən pəhləvan cüssəli bir sürücü düşüb, bizə əl verdi. Piroğlan Güliyevi deyirik. İdarə etdiyi maşını on ilə yaxındır işlədir. İstismar müddətindən xeyli keçməsinə baxmayaraq, yükünü özüboşaldan maşın elə bil zavoddan indicə çıxıb. Piroğlan təəccübümüzü hiss edib idarə etdiyi həmin maşını göstərdi:
- Mənim də dolanışığım ondan çıxır - dedi. - Adam gərək çörək ağacına kəm baxmasın, onun qədrini bilsin. Gündə-günaşırı bir təzə maşın alıb, sonra da yağı malı kimi aparıb ora-bura vurmaq insafsızlıqdı. Onda heç Allaha da xoş getməz.
Piroğlan qırx ilə yaxındır sürücü işləyir. Quba, Qusar, Xaçmaz yollarında silinməz, yaddançıxmaz izlər qoyub. Xeyirxahlıq, mərdlik izləri. Özləri də beş qardaşdır. Hamısı da yol işçisidir. Yaşı səksəni ötmüş Surat xala oturub-durub övladlarına dəlil-dəlalət eliyir ki, dədaaz dava vaxtı vətən yolunda getdi… Siz də bu dünyada elə əməl işlədin ki, həmişə onun ruhu şad olsun. Ananın öyüd-nəsihəti bu beş qardaşın qulağında sırğa olub. Əlbəttə, ot kökü üstə bitər, deyiblər. Ataları kimi onlar da el yolunda canlarını əsirgəmirlər. Əbdülkərim yol ustasıdır, Qafarla Səmədə yol sərrafı deyirlər. Şıxəhməd də gözünü açandan yol idarəsində işləyir. Hamısı da çalışdıqları kollektivdə özlərinə böyük hörmət qazanıblar. Belə qədirbilən övladların anası səksən də yaşar, yüz də. Xamis Qubatov, Vasya Kaşirski, Piroğlan Quliyev, Balakişi Həlimov, Hacı İlyasov, Füzuli Babayev… bir-birindən qoçaq, bir-birindən hünərvər. Qubanın iqlim şəraitini kim bilmir?! Səhər gün çıxır, günorta yağış başlayır və ya qar yağır. Lakin bütün bu maneələr ekskavatorçuları, buldozerçiləri, avtomaşın sürülərini əsla qorxutmur.
Qımıl-Qazmanın ağsaqqalı Rəhim kişi ilə onun omür-gün yoldaşı Müxlisə tez-tez evlərinin yaxınlığındakı yolçəkənlərə pay tutub, qayğı göstərirlər. Rəhim kişi deyir ki, səksəni ötmüşəm, doxsanı da haqlamaqdayam. Yol sarıdan çəkdiyimiz əzab-əziyyət yadıma düşəndə, başımdan papaq qalxır. - Oğul, yol elə həm abadlıqdı, həm mədəniyyətdi, həm də rahatlıq. Yolsuzluq ağır dərddi. Onun acısını çox dadmışam. Halal olsun, bizim bu cavanlara. Yaxşı işləyirlər. - Rəhim kişi qoyun dərisindən tikilmiş və saçaqları çiyninə tökülən iri papağını alnından yuxarı qaldıraraq:
- Bu cavanlara ona görə "halal olsun" deyirəm ki, son vaxtlar bir heylə ki, qarışıqlıq düşdü… Küçələrə çıxıb arsız-arsız istefa! İstefa! demək, nə bilim işə çıxmamaq, tətil zad eləmək… Amma bizim bu yolçəkənlər bircə gün də ayaqlarını geri qoymadılar. Axı, qoysaydılar kimə ziyan idi?! Camaatımıza! O cür istefa! İstefa! deyib naqqallıq eləmək namus, qeyrətdən deyil!
Rəhim kişi danışdıqca bizi dövrəyə alan yolçəkənlər özlərini bir az da yığışdırıb hesabı içəri verirdilər. Hiss olunurdu ki, Rəhim kişidən abır-həya eləyib ondan çəkinirlər. Əlbəttə, atalar nahaq yerə deməyib ki, Allahsız yerdə otur, böyüksüz yerdə yox. Rəhim, yuxarıda adlarını çəkdiyimiz Ağali, Mövlud, Səməd kimi görüb-götürmüş el ağsaqqalı olan yerdə cavanlar yollarını azıb xəta iş tutmazlar.
Yol çəkənlərin arasında çəlimsiz, amma çox çevik bir gənc dolaşırdı. O, buldozerçilərə, ekskavatorçulara, çınqıl daşıyanlara yanaşıb nə isə tapşırıqlar verir, əlindəki dəftərdə bəzi qeydlər aparırdı. Dedilər, Oqtay Abayevdi, iş icraçısı. Haqqında xoş söz danışdılar. Qubanın Digah kəndindəndir. Ali təhsilli mühəndisdir. Çoban Bəşirin oğludur. Oqtayla görüşəndə dedi ki, atamın yanında dağa-arana çox getmişəm. Atam həmişə deyir ki, oğul, dünyada yolsuzluqdan pis şey yoxdur… Onun sözü hələ də qulağımdan getmir. Ona görə bu peşəni təsadüfi olaraq seçməmişəm. Ali məktəbi başa vurub, təyinat alanda, atamın arzusu ilə kəndə üz tutmuşam…
Yol Tikinti İdarəsinin rəisi Fərhad Osmanov Oqtay Abayevin barəsində danışarkən:
- İçi mən qarışıq, bütün kollektivimiz ondan yerdən-göyəcən razıdır, - dedi - halal olsun!
Rayon Avtomobil Dəstəsinin rəisi Tahir Məmmədov, Yol Tikinti İdarəsinin rəisi Fərhad Osmanov, demək olar ki, gündə-günaşırı yol çəkənlərin yanında olur, işlərin gedişini yerindəcə təhlil edir, ortalığa çıxan çətinliklərin aradan qaldırılması üçün tədbirlər tökürlər. Fərhad Osmanov dedi ki, planda nəzərdə tutulduğuna görə təkcə bizim idarə yarım milyon manatlıq iş görməlidir. Lakin biz bir milyona söz vermişik, buna söhbət ola bilməz.
Tahir Məmmədov onun sözünə qüvvət verdi:
- Tezliklə Xınalığın təzə yolu ilə maşın getməlidir. Rayon camaatının, bu dağ kəndlərinin qarşısında söz vermişik. Söz verib, geri durmaq da kişilikdən deyil.
Fərhad Osmanov yol kənarı ilə düzülən iri diametrli dəmir boruları göstərdi - elə bu məsələ də yolun çəkilişindən asılıdır, - dedi.
Bəli, bunu demək nə qədər təəccüblü olsa da, bir həqiqətdir ki, Quba kimi axar-baxarlı, qədim şəhərdə su qıtlığıdı. Qudyalçayın yatağından süzülüb gələn su, daim bulanıq olur. Şəhər camaatı bu barədə haqlı narazılıq edirlər. Çünki xəttin istismar müddəti qurtarıb, borular çürüyüb sıradan çıxır… Ona görə də Qırız-Dəhnənin yaxınlığında başına axan buz bulaqların suyunu boru vasitəsilə otuz kilometrlikdən şəhərə gətirmək məsələsi qaldırılıb. Hazırda bu sahədə qızğın iş gedir. Su kəmərinin çəkilişi də, məhz, yolun başa çatmasından çox asılıdır. Çünki təzə yolla su kəməri eyni istiqamətdədir. Yol olmadan nəhəng metal borular necə daşına bilər?!
Yol rahatlıqdır, su aydınlıq. Adi fəhlədən tutmuş rayon başçılarına qədər bütün Quba camaatı ellikcə çalışır ki, bu xeyirxah iş tezliklə başa çatsın. Onlara bu nəcib işdə uğurlar arzulayırıq.
21 mart 1990-cı il
"Kommunist" qəzeti
Quba
|
|