www.aliildirimoglu.az

OÇERKLƏR

ÇÖLLƏRƏ QAR DÜŞƏNDƏ…

İki qardaş barədə çox eşitmişdim. Əlişahla Şah­məm­mədi deyirəm. Tanıyıb bilənlər deyir ki, qoçaq, səriştəli çoban olmaları bir yana qalsın, dəya­nətli, qeyrətli qardaşlardı. Ancaq yüz dəfə eşit­məkdənsə, bir dəfə görmək yaxşıdır. Bu mülahizə ilə Türkan düzlə­rindəki qoyun yataqlarına güzar saldıq. Göz işlədikcə uzanan çöllər qışın bəyaz örpəyinə bürün­müşdü. Yol-iz qarla örtülmüşdü. Əyləşdiyimiz maşının sürücüsü qış yatağının səmtini itirdiyindən tez-tez maşını saxlayıb ətrafı vərəvurd eləyir, təsadüfən rastlaşdığımız yolçu­ları əyləndirib Əlişahın briqada­sının yerini-yurdunu soruşurdu. Kimi çiynini çəkib: - bilmirəm, - cavabını verir, kimi də intəhasız düzün üfüqlə birləşdiyi yerdə səmaya dirəklənən tüstüyə tərəf əl uzadıb - o tərəfdə olar, - deyirdi. Aralıdakı təpəciyin arxasından peyda olan atlı qaraltımızı alıb, altındakı köhlənini düz bizə tərəf səyirtdi. Burun pərələrindən tüstü püskürürmüş kimi dördnala çapan qəmər at qışın şaxtasını vecinə almadan yay kimi dartınıb şahə qalxır və sanki kimsəsiz çöllərə meydan oxuyurdu. Atlı bizə çatanda cilovu dartdı və yəhərdən aşırılıb irəli yeridi. Görüşüb hal-əhval tutduq. Əlişahın briqadasının qış yatağını axtardığımızı bilən kimi, cəld geri dönüb, atın belinə qalxdı, qabağa düşüb bizə əl elədi və - arxamca gəlin, - dedi. İpçin nallanmış köhlən düzlərin təzə ütü­dən çıxıbmış kimi dümağ örpəyinə dərin izlər salaraq sola tərəf çapdı. Və iki tap gedəndən sonra dayandı. Başqa fermadan olan atlı yəhərin üstündə bizə tərəf qanrılaraq üzərinə qardan ağ örtük salınmış iri dəmir borunu göstərdi:

 - Bax, o qaz borusunun qurtaracağından gündo­ğana tərəf dönün və sonra düz gedin, - dedi. - Əlişahın yataqları oradadır.

Bələdçiyə - sağ ol! - deyib, razılığımızı bildirdik. O, ayağının pəncəsini üzəngiyə dirəyib gücü gəldikcə cilovu çəkdi və sonra çapmaq eşqi ilə irəli-geri dartılıb, eşim-eşim eşilən köhlənin başını buraxıb - məni bağışlayın, iş dalınca gedirəm, - dedi və bir andaca gözdən itdi.

Biz onun salıq verdiyi səmtə üz tutduq. Artıq fer­manın qış yataqları görünürdü. Yaxınlaşdıqca çoban­ların hay-harayı, qoyun-quzunun mələrtisi eşidilirdi. Balıqbeli küzlərin qabağındakı yem təknələrinin yanında dayanan on-on iki yaşlı oğlan alışdığı səs-küyə məhəl qoymadan gözlərini məchul bir nöqtəyə zilləyib, qarğı tütəyinə dən vermişdi. Bu doğma səslər bir-birinə qarışıb qarla örtülmüş qərib düzlərin soyuq sükutunu pozur və hələ bəstələnməmiş musiqi təsiri bağışlayırdı. Uzun qış gecəsindən sübhədək fermanın həndəvərində hərim-hərim hərlənib, qoyun-quzunu qurd-quşdan qoruyan çoban itləri hənirtimizi alan kimi, yatdığı yerdə çöməlib yorğun-yorğun hürüşür və sanki bu yerlərə yad ayaq düşdüyünü sahibinə bəyan eləyirdi. Ayıq-sayıq çobanlar itlərin hansı məqamda necə, nəyə hürdüyünü yaxşı bilirlər. Əynində nimdaş yapıncı, başında qara, qıvrım saçaqları yana tökülən iri papağı, əlində ucu koğa kimi əyri dəyənəyi olan pəhləvan cüssəli ferma işçisi irəli çıxdı. Yol yoldaşım Rayon Aqrar Sənaye Kombinatının baş direktoru, köhnə təsərrüfat işçisi Fikrət Hüseynov ona işarə edərək:

- Bax, həmin Əlişahdır, - dedi və zarafatyana əla­və etdi: - İgidin adını eşit, özünü görmə.

Ancaq Əlişahı görüb, onunla söhbət edib, tanış olanda təcrübəli çoban barədəki əvvəlki xoş təəssüra­tımız bir az da artdı. Şahməmməd bizə tərəf gələndə nə isə Əlişah geri çəkildi, bir az da tövrü dəyişdi, sıxıldı. Kənardan baxanda onlara elə bir yaş fərqi qoymaq olmazdı. Ancaq söhbətdən məlum oldu ki, Şahməm­məd Əlişahdan on beş yaş böyükdür. Bu böyük-kiçiklik onların xoş rəftarında, ehtiramlı münasibət­lərində aydınca hiss olunurdu. Əlişah fermanın briqadiri olmasına baxmayaraq, böyük qardaşından çəkinir, onun qabağında danışmağa sanki cəsarət etmir­di. Sorğu-suallarımıza da ən çox böyük qardaş cavab verirdi. Nahaq yerə deməyiblər ki, xətir-hörmət olmayan, böyük-kiçiyi tanımayan yerdə, xeyir-bərəkət də olmaz. Ata-babalarımızın qoyduğu müqəddəs qay­da-qanunların çoban ailəsində bu cür qorunub-saxlanması bizi heyrətə gətirirdi.

Hava getdikcə yumşalır, bozumtul səmada işıl­dayan günəşin solğun şəfəqləri qış yatağına xoş təbəs­süm yayırdı. Qoyun-quzu damlarının bacasından çı­xan buğ çoban evlərinin tüstüsünə qarışıb burula-buru­la yataqdan uzaqlaşır və tutqun səmada əriyib yox olurdu. Hamısı eyni rəngdə olan qızılqulaq qu­zu­lar güzlərin qardan təmizlənib, quru kəpək səpilmiş ətrafında sevinclə atılıb-düşürdü. Şahməmməd körpəheyvanların şıltaq hərəkətinə riqqətlə nəzər salıb, sonra da bizə tərəf yönəldi və nikbin əhval-ruhiyyə ilə:

 - Bir baxın! - dedi. -  Siz Allah bunun nəyi pisdir?! Qarası yox, alası yox, kərəsi yox. Hamısı da bir rəng­də, bir biçimdə.

Şahməmməd sözünə fasilə verib duruxdu. Bir qədər fikrə getdi. Çomağının ucu ilə qarı eşə-eşə:

 - Başağrısı olmasın - dedi. - Hər dəfə bu heyvan­lara baxanda, o vaxtkı söz-söhbət yadıma düşür. Onda elə bil beynimə saqqız közü yapışdırırlar.

Şahməmməd o vaxt deyəndə, iyirmi beş il bundan qabaqkı əhvalata işarə vururdu. Onda Güzdək sovxo­zu­nun iki yüz başdan artıq Qala qoyunu ət tədarü­kün­dən geri qaytarılmışdı. Demişdilər ki, bu qoyunları ney­nirik. Bir dəridi, bir sümük. Utildən başqa heç nəyə yaramır. Sovxozun direktoru ilə mütəxəssislər belə bir razılığa gəlmişdilər ki, silgi akt yazıb qoyunları utilə versinlər. Bu söz-söhbətlər Şahməmmədə bərk yer elə­mişdi. O, sovxoz direktoru ilə idarədəcə üzbarı oldu:

 - A yoldaş direktor, - dedi - sən nə qayırmaq­da­san?! Əşşi, ətdə də, yunda da, süddə də Qala qoyununa çatan var?! Dədə-babadan bu qoyunların yunundan toxunan xalı-xalçaya hamı həsəd aparır. İndi nooldu, xoşunuza gəlmədi?! Hərəniz də bu cinsə bir qulp qoyursunuz. O ki, qaldı utilə ayırdığınız iki yüz başa, birinin də başına bıçaq çəkməyə qoymaram. İki yüzünü də biz iki qardaş götürüb,əziyyətini çəkərik. Axırbaşı hər şey bəlli olar. Onda görərik, qoyunun cinsi xarabdı, yoxsa onu saxlayanın vicdanı?!

 Direktor Şahməmmədə də, Əlişaha da dərindən bələd idi. Bilirdi ki, işlək çobanlardır. Bu gün böyük qardaşın belə odlu-alovlu danışmağının səbəbi bir sü­rü Qala qoyununun utilə verilməsi söz-söhbətidir.

Direktor ərklə əlini onun çiyninə qoyub:

 -  Görürəm ayağını möhkəm dirəmisən. Neynək, belə ki, inad eləyib ürəkli danışırsan, mən təslim, sözümü geri götürürəm. Get! O, şıntırı çıxmış arıx-urux qoyunlar olsun, sən ol.

Ömrünü çobanlıqda keçirən Gülməmməd kişi həmi­şə oğlanlarına dəlil-dəlalət eləyəndə deyərdi ki, xalı-xalça üçün də, yorğan-döşək üçün də Qala qoyu­nunun əvəzi yoxdur. Tükünün codluğunda Qarabağ qoyunlarından da irəlidədi. Onun yanında merenos qələt eləyir. Bir də ki, hər ağacın, hər bitkinin, hər quşun öz vətəni, öz yurd-yuvası var. Kəlbəcərin otu da, suyu da, ab-havası da can dərmanıdır. Di gəl ki, orda nə zəfəran bitirmək olur, nə də ki, zeytun. Qala qoyu­nunun da əsl vətəni Bakıətrafı düzlərdir. Ələl­xüsus da, Türkan çölləri. Qobustan düzlərində bitən qarağan, kənkiz, nə bilim başqa-başqa bitkilər şor olduğundan qoyun yeyəndə suyu-suya yetirmir, har­da da gecələdi, yatdı altını eləyir gölməçə, çamır. Yu­nu çirklənir, şaqqıldaq bağlayır, olur heç. Türkan örüş­­lərinin otu yağlıdır. Qoyun yeyəndə suya o qədər də ehtiyac olmur. Yunu da ki, gül parçası kimi tərtəmiz…

Gülməmməd kişi övladlarına bir də onu deyirdi ki, mən dağdan aşmış günəm. Bu gün varam, sabah yox. Ölüm də ki, qaşla-göz arasındadır. Dünyanın işini bilmək olmaz. Başıma qəfil qəza-qədər gəlib eləsə, dedik­­lərimi unutmayın. Dövri qədimdən bu Qala qoyununa pərvəriş eləmişik. Onun qədrini bilin. İndi hərə cibinə bir diplom qoyub, bildiyini də danışır, bilmə­­diyini də. Onlara qalsa, gərək Qala qoyununun kökü çoxdan kəsiləydi…

Qəbri nurla dolsun. Gülməmməd kişi o vaxt nə tökübsə, Şahməmmədlə Əlişah onu bircə-bircə yığıb­lar. Qala qoyununun o cür gözdən salınıb, utilə göndə­ril­məsi məsələsini eşidəndə elə bil Şahməmmədlə Əlişaha od vurmuşdular. Ona görə də öhdələrində olan başqa fermanın sürüsünü ayrısına verib, özləri util damğası vurulan Qala qoyunlarının hamısını daşı­yıb Türkan düzlərində yurd-yuva saldılar.

Şahməmməd üzünü qibləyə çevirib:

- And olsun o bizi yaradana, - dedi, - olub-qalan qəpik-quruşumu hamısını bu qoyunların yolunda kül eləmişəm. İki inəyimiz var idi. Onu da satdım. Gör­düm sovxozun verdiyi yem bəs eləmir, özüm də bir tərəf­dən aldım. Qoyunlar ətə-qana dolub, bir balaca özü­nə gələn kimi, saz cins qoçlar tapıb gətirdim.

Şahməmmədin rəngi duruldu. O, qalib əsgər əhval-ruhiyyəsi ilə:

- Nə başınızı ağrıdım, - dedi, - bircə ilin içində briqa­damız hamıdan baş oldu. Sağlığınıza hər il ətliyə verdiyimizin hərəsi altmış kilodu, yunu dörd kilodu. Hər anadan da ildə bir bala. Əkiz doğanı da çoxdur. Bu qış bircəciyinin də burnu qanamayıb.

O vaxtdan bəri düz iyirmi beş ildi bu iki qardaş Türkan düzlərində yurd salıblar. Nəsil-nəcabətlərinə layiq ad-san çıxarıb, Abşeron camaatı arasında xətir-hörmət qazanıblar. Rayondan da, sovxozdan da neçə kərə onlara deyiblər ki, Türkandan Qobustana köçün, qardaşlar razılaşmayıblar. Deyiblər ki, əvvəla, daş düşdüyü yerdə ağır olar. İkincisi də bu yurdda xeyir-bərəkət tapmışıq. Axı, niyə köçək?! Bir də ki, hər adam öz işinin çəmini yaxşı bilir. Bizə buraların örüşləri sərfəlidir. Həm də üzümüzü ağ eləyən yerə-yurda gəc baxıb, bu torpaqlardan üz döndərsək, Allaha da xoş getməz. Xeyir-bərəkətimiz göyə çəkilər.

Şahməmməd - məni bağışlayın, - deyib, bizdən aralandı və çoban-çoluğu səslədi:

- Ə, heyvanları yerinə yığın! - dedi. - Hava­lan­dıqları bəsdir. Quzuları soyuq alar.

Əlişah qabağa düşüb əvvəlcə bizə qoyun-quzu yataq­larını göstərdi. Səliqə-sahmana söz yoxdu. Elə bil heyvanların üstündən qış keçməyib. Hamısı da güm­rah. Necə deyərlər, tükün çəksən, yağı damar. Niyə də olmasın?! Sahibi təpərli, yeri rahat, yemi bol.

Şahməmməd quzuları küzlərə doldurub qapısını örtəndən sonra qəddini düzəldib papağının qabağını bir balaca qaldırdı və alnında puçurlanan təri silə-silə:

- Əlişah! Qonaqları çox söhbətə tutma, - dedi. - Apar evə, bir stəkan çay içsinlər, mən də heyvanları yerbəyer eləyib gəlirəm.

Cərgə ilə tikilmiş çoban evlərinə tərəf yönəldik. Əlişah qabağa düşüb orta qapını açıb içəri daxil oldu. Evin döşəməsinə qədim naxışları olan, əldə toxunma gəbə sərilmişdi. Gəbənin ortasında üstündə möhür daşı olan canamaz açılmışdı. Əsrimizlə yaşıd olan Camal nənə günorta namazı qılırdı. Onun çalın-çarpaz qırış­lar düşmüş ismətli çöhrəsindən, qayğılı baxışlarından nur yağırdı. Ana qamətini şax tutub dillənmədən, başının incə hərəkətilə bizi içəri dəvət etdi. Ancaq ona mane olmamaq üçün geri çəkilib, yan otağa keçdik. Əli­şahın dolu sifətinə xəfif qızartı çökdü. Anası barədə çəkinəəkinə:

- Üzümüzə gələn yaz düz doxsan birə keçir - dedi.  - Di gəl ki, oruc-namazından qalmır.

Ailədə Camal nənənin dediyi qanundur. Uşaq, böyük, gəlinlər onun sözüynən oturub-dururlar. Ki­min nə həddi var, bir kəlməsini iki eləsin. Qırx il bundan qabağın sözüdür. Şahməmmədin bir qızdan sonra züryəti olmadı.Yaxın-uzaqları qulağını doldur­maq istədi ki, nə çoxdur arvad. Boşa, başqasını al ki, oğul züryətin olsun, özündən sonra yurdunda tüstü çıxartsın…

Camal nənə bunu eşidəndə oğluna acığı tutdu və onu məzəmmət edərək:

- Allaha ağır gedər, oğul, - dedi. - Arvadın nə günahı? Hər şey ilahinin qismətidir, alın yazısından qaçmaq olmaz. Bir də ki, dünyada gözəl çoxdur, ilqar bir­nən gərək deyiblər. - Kişi olan kəs bir yastığa baş qoyduğu əhliyalından hələm-hələm üz döndərməz.

Camal nənənin öyüd-nəsihətindən sonra bir daş altdan, bir daş üstdən. Bu barədə bir kəlmə də artıq-əskik söz-söhbət olmadı. Onsuz da iki qardaşın baş-başa verdiyi bir damın altında ayrı-seçkilik yoxdu. Böyüklü-kiçikli, oğullu-qızlı uşaqların hamısı, hər iki qardaşa bir ağızdan - "dədə" deyirlər. Yaşı altmışdan keçən Şahməmməd kişi fəxrlə dedi ki, Şahmərdanı ildən çoxdu evləndirmişəm. Nəvəm də var. İndi də  Əlfəttərə toy tədarükü görürük. Zirə fermasının işçisi Lazımın qızına - "hə" - almışıq. İstədik novruzqabağı toyun eləyək, anam razılıq vermədi. Dedi ki, bu işdə tələsmək olmaz. Qoy bir il adaxlı qalsınlar. Oğlanla qız bir-birinə bələd olsunlar, bir-birinin xasiyyətlərini öyrənsinlər…

Şahməmmədin qaşları çatıldı, qayğılı görkəm aldı və sözünə davam edərək:

- Zəmanə yaman xarab olub, - dedi. - Hər şey od qiymətinədir. Bir metr parça nədir ki, onu da tapmaq olmur. Belə məqamda toy eləyən, başına nə çarə qılsın?! Yaxşı ki, uşaqların Camal nənəsi vaxtında ha­mısına ayrıca pay-pülüş düzəldib. Əlinə düşəni sandığa atıb, Allah onu bu ocaqdan əskik eləməsin. Yığımcıl anadı. Bu toy söhbəti düşəndə gördü çətinə düşmüşəm, sandığı açdı. Gözləriməinanmadım. İynə­dən tutmuş sapacan tədarüklərini görüb. Maa nə desə yaxşıdı?

- Oğul, evdə kişi fəhlədi, arvad bənna. Fikrin do­lan­­masın, bax, bu sandıqdakıların hamısı sənin maq­durundur. Xırda-xırda bu gün üçün yığmışam.

Çoban evinin səliqəsi diqqətimizi xüsusilə cəlb edirdi. Baş tərəfdən qəlbi yük qurulub, üstünə də qə­dim kilim çəkilib. Yan tərəfdə qoyulan aynabəndli me­belin qəfəsələrində nə yoxdur?! Küncdə televizor, radioqəbuledici. Döşəməyə keçə salınıb, üstünə də xalı-xalçalar açılıb.

Söhbətimizi yekunlaşdırıb qantəpər qarışıq kəklikotunda dəmlənmiş çayımızı içib ayağa qalxdıq və ev sahiblərilə xudahafizləşmək istədik. Ancaq razı­laş­madılar. Dedilər, yüz ilin başıdı, bir loğma çörək kəsin. Onlara dil-ağız eləyib, icazə üçün razılığa gəl­miş­dik ki, Camal nənə yan otaqdan mübahisəmizi eşidib içəri daxil oldu, yaşmağını aşağı salıb incikli-incikli:

- Bu nə sözdü, ay oğul - dedi. - Oturmuruq nədi? İl­laf nə olur, olsun, qoymaram! Bu qarda, çovğunda bir heylə yol gəlib, sonra da çay-çörək yeməmiş qayı­dasan, onu heç Allah da götürməz.

Dövlət elə ailədən başlanır, hər birinin özünə­məx­sus qayda-qanunları var. Odur ki, Camal nənənin sö­zünü yerə salıb, bu ailənin ibrətamiz qanunlarına xilaf çıxmaq olmazdı… Təzədən əyləşməli olduq. Camal nənə dedi ki, oğul, qonaq tanımayan qapını, heç Allah da tanımaz. Qonağın da ruzusunu elə Allah özü yeti­rir. Cümə axşamları ocağımızın üstü heç vaxt boş ol­mur. Bu gün sizin gəlişiniz elə yerinədüşüb…

Yola düzələndə Əlişah ayaq saxlayıb böyük qar­daşının üzünə baxdı, sonra bizə. Hiss olunurdu ki, deməyə sözü var. O, duruxa-duruxa:

- Düzü deməyə adamın dili gəlmir, bir-iki kəlmə gileyim də var, - dedi. - İndi zəmanə elə gətirib ki, ət, süd qıtlaşıb. Hamı da deyir, ver! Amma rayondan tut­muş, o yuxarıdakılara qədər dərindən maraq göstərib, soru­şan yoxdur ki, bu qoyun-quzunu necə saxla­yır­san? Çətinliyin nədir? Mən özümü demirəm, sağlığı­nıza gördüyünüz kimi, bu iki qardaş birtəhər çulu­mu­zu sudan çıxardırıq. Bəs o boyda təsərrüfat?! Sovxo­zu­muzun iyirmi min başdan çox qoyunu var. Qoyu­nunku da örüşdü. Bax, neçə ildi daraşıblar bu otlaq­ların canına. Hərə bir daş karxanası açır. Örüşlərimiz ilbəil virdi-viran olur. Bir tərəfdən də gülçülər şitilliklərinin zəhərli torpaqlarını daşıyıb hara gəldi töküb, otlaqların torpağını da qazıb aparırlar. Ge­t­məyən gülləri də gətirib bu yolların ətrafına səpirlər. Qoyun da dilsiz-ağızsız heyvandı, nə bilsin?! Yeyən kimi zəhərlənir. Bildir on beş baş boğaz qoyunumuz zəhərlənib, bala saldı.

Şahməmməd qardaşının sözünə əlavə etdi:

- Əlişahın dediyinə qüvvət, bir söz də mən demək istəyirəm, amma gülməyin - dedi. - Çünki inanılası şey deyil. Əşi, örtülüdə xiyar, pomidor yetişdirənlər indi də dadanıblar südə. Dükandan, bazardan, elə bizim özümüzdən qapı-qapı düşüb süd alıb, sonra da aparıb mal iynəsidi, ağac dərmanlayandı, nədi, onnan pomidora vururlar.

Düzü bunu birinci dəfə eşidirdik. İnandıq da, inanmadıq da.

Şahməmməd üzünü müsahibimə tutaraq:

- Yoldaş Hüseynov, - dedi, - elə siznən qabaqlaşan maşın süd üçün gəlmişdi. Qır-saqqız olub yapışdı ya­xam­dan. Gördüm əl çəkmir, iki-üç kiloluq doldurub, verib birtəhər başımdan elədim.

Çobanların axır sözü bir də o oldu ki, a balam, hər rayonun ispalkomu da var, milisi də, prokuroru da, nəzarətçilər də ki, maşallah aləmi götürüb başına. Depu­tatlıq da gələndə hamı dəridən-dırnaqdan çıxıb özünü qabağa verir. Amma belə-belə işləri görəndə öz-özü­müzə götür-qoy eləyib, deyirəm ki, a balam, bəs o hökumətdən qom-qom donluq alanlar haradadılar?! Bu dediklərimizi görmürlər?! Vallah-billah bəlkə də görürlər. Ancaq heç kəs irəli durub, özünü pis kişi eləmək isəmir. Hamısı da xalaxətrin qalmasın göyə havayı güllə tulluyurlar. Nə bilim, vətən belə getdi, torpaqlarımızı, suyumuzu belə qoruyaq. Hamısı da özünü gözə soxmaqdı! Torpaq, su qeyrəti çəkən oğulun ət, süd, yun yetirən, bin-bərəkətli örüşləri bu kökə düşməz.

Artıq gün dönmüşdü. Hava sərtləşirdi. Axşam sazağı qarı orda-burda göyə sovururdu. Qışın şaxta­sın­dan çox, bizi çobanların axırki giley-güzarı üşü­dürdü. Çöllərə qar düşən həmin gündən bəri yataqları tərk etsək də, asanlı, çətinli çoban həyatının yaratdığı həm xoş, həm də xoşagəlməz təəssürat bizi tərk etmirdi.

1991-ci il

Abşeron




















 

© 2011. Bütün hüquqlar Əli İldırımoğluna məxsusdur.
www.aliildirimoglu.az və ya www.aliildirimoglu.com