 |
OÇERKLƏR
İNAM
Kəndə daxil olan yolun sol tərəfindəki pərgarı pozulmuş evin kol-kos basmış həyətində iki ahıl əlləşirdi. Arzuman və Hürzad. Hər ikisinin yaşı səksəni haqlayıb. Qırx ildən artıqdır bu doğma yuvalarından didərgin düşüblər. Böyüdüb başa çatdırdıqları beş övladın da hərəsi bir səmtə baş alıb gedib. Rahim hərbçidi, Akim Moldaviyada hüquqşünasdı, Raya Sibirdə müəllimlik edir və sair… Kəndin iqtisadi-sosial çətinlikləri, yerli-yersiz inzibati təzyiqlər Arzumanı dədə-baba yurdundan didərgin salıb. Haqqında söhbət açdığımız Urva kəndi demokratiyanın işığında dirçəlməyə başlayanda qonum-qonşu Arzumana neçə dəfə məktub yazıb. Yazıblar ki, indi sən görən əyyam deyil, dünya dəyişib, qürbətdə qaldığın bəsdir. Hürzadı da götür gəl, yurdunda tüstü çıxart. Həyət-bacan əldən gedir. Komanı kor qoymaq arzumanlar nəslinə yaraşmır…
Arzuman elin tənəsinə tablaşmadı. Bir tərəfdən də yurd həsrəti. Axır ki, qayıtdılar. Biz kənddə olanda iki-üç gün idi ki, gəlmişdilər. Baş-başa verib həyət-bacanı səliqə-sahmana salırdılar. Vaxtı ilə əkdikləri meyvə ağaclarının çoxu qurumuşdu. Ancaq kəsməyə əlləri gəlmirdi. Arzuman dedi ki, o vaxt meyvəsindən çox yemişik. Dibində də doyunca kölgələnib dincəlmişik. İndi balta vurmağa insafım gəlmir. Kəssəm də sonranın işidir. Qoy hələ bir az qalsın. Elə bil ev-eşik, həyət-baca, bağ-bağça sahibinin gəlişindən sevinirdi. Arzuman sidq ürəkdən bizi içəri dəvət etdi:
- Qonağım olun, - dedi. - Heç olmasa bir stəkan çayımızı için. Qırx ildən çoxdur bu koma qonaq-qara üzü görmür.
Hürzad nənə kövrəldi. Arzuman onu ərklə məzəmmət eləyib, ürək-dirək verdi:
- Ağlama, arvad - dedi. - Bu günümüzə də min şükür.
Arzumanın gümrah baxışlarına xoş təbəssüm yayıldı. O, nikbin əhval-ruhiyyə ilə:
- Kəndin əzvayişi barədə uşaqların hamısına məktub yazmışam, - dedi. Üzümüzə gələn yeniil qabağı bir yerə yığışmalıyıq. Fikrim budur ki, nəvələrin birini evləndirib, komada bənd eləyim. Qarıynan mən dağdan aşmış gün kimiyik. Bu gün varıq, sabah yox. Qoy ocağın tüstüsü kəsilməsin. Kiçik gədə bəlkə biryolluq qayıtdı. Bəyləri deyirəm. Görək, qalsa yaxşı olardı.
Arzuman qəddini şax tutdu:
- Çox şükür - dedi. - O vaxtlar kimi deyil. İndi kənddə yaşamağa nə var. Təzə tikililərə baxanda gözlərimə inanmıram. Adamlar dor-dolanışığın çəmini indi-indi tapır. Allah-taala daha artıq eləsin.
İxtiyar qoca xəyallandı, alnındakı çalın-çarpaz qırışlar sıxlaşdı. Və qəddini bizə tərəf meylləndirərək xəfif bir səslə:
- Məni qınayırlar ki, kəndi atmısan. Məsələdən halı olan da, olmayan da! Axı, bir deyin görüm, kim isti yerini soyuq eliyər?! Gündə-günaşırı qapını kəsdilər ki, ət planını verməlisən. Dananı canavar yemişdi. Qapıda da dörd ayaqlıdan bircə inək qalmışdı. Onun ağartısıynan birtəhər başımızı girləyirdik. Çığırda-çığırda əlimizdən alıb, ət hazırlığına verdilər. Sonra da yaxamdan yapışdılar ki, ət hazırlığının üstündə hökumət adamlarına söz qaytarmısan. Sonra da məni dana-boyun eləyib o tərəfə göndərdilər…
Arzuman kədərli bir ah çəkdi:
- Eh! Ay oğul! Açıb-ağartmalı dərd deyil - dedi. - Siz də birini bilirsiniz, birini yox. İndi baxıb görürəm ki, kim necə bacarır, elə də yaşayır. Heç kəsə də dəyib-dolaşan yoxdur. O vaxt bir daşı bir daşın üstünə qoyan kimi çiyni paqonlular alırdı başımızın üstünü. Həftə səkkiz, mən doqquz da rayon adamları qapı-qapı düşüb dana-buzovları sayırdı. Kimin bir qotur keçisi artıq çıxdı, vay onun halına.
Arzuman kişinin gözləri kəndin küçələrinə asfalt döşəyən maşın-mexanizmlərə sataşanda nurani çöhrəsi duruldu:
- Birinə - A dinsiz! A yolsuz! - deyəndə bu sözü özünə təhqir bilirdi. Şükür olsun yaradanın dərgahına. Yolumuz da var, dinimizə də qayıtmışıq. Ona görə də bir mən deyiləm ha, el-obasını atıb ora-bura dağılan Urva camaatının çoxu yurduna qayıdır.
Kəndi dolaşdıqca Arzuman kişinin "qayıdırlar" sözünü təsdiq edən neçə-neçə faktların şahidi olurduq. Kəndin ortasında dikələn təpənin üstündəki evin hasarı səliqə-sahmana salınır, həyəti təmizlənibdüzəldilirdi. Görülən işə göz qoyan nurani bir qadın bizi görəndə irəli yeridi və çəkinə-çəkinə - xoş gəlmisiniz! - dedi. Müsahibim ona işarə edərək:
- Sona nənədir, - dedi, - Həsrətova.
Sona nənənin çöhrəsinə utancaq təbəssüm yayıldı:
- Oğul, elə Sona desən bəsdir - dedi. - O həsrət sözünü nahaq dilinə gətirdin. Niyə? - Sona nənə verdiyi sualı özü də izah etdi:
- Çünki sinnim doxsanı aşsa da əyilməzdim. Bu oğul, qız həsrəti məni əydi…
Sona nənənin iki qızı, üç oğlu var. Kənddə yaranan vəziyyətin çətinlikləri ucbatından ora-bura dağılıblar. Sona isə tək-tənha yaşamağı qəbul eləyib, amma yurdun kor qalmasını yox. Oğlu Zəbulla otuz ildən çoxdu Donetskdə işləyir. O birilərinin də hərəsi bir tərəfdə. Sona nənənin övladları indi-indi başına toplaşır. Atıb-unutduqları dədə yurdu yör-yöndəmə düşür. Qonşuluqdakı birmərtəbəli evin də, ot basmış həyətin də qələbəliyidi. Düşən daş yerinə qoyulur, çal-çəpər təzələnir, pəncərələrin sınıq-sökükləri düzəldilirdi. Dedilər ki, Zəkulla Bayramovun həyətidi. İyirmi ildən çoxdu kənddən baş alıb getmişdi. Volqoqradda işləyirdi. Bir neçə aydı ata yurduna dönüb. Ailəlikcə işlə təmin olunublar. Özü sovxozda mexanizatordu, yoldaşı da xalça artelində işləyir. Dor-dolanışıqları da yaxşıdır.
Məlum səbəblər üzündən, bir vaxt, Urva sakinlərini bir-bir itirir, kiçilir, görkəmini dəyişir, onun miskin daxmaları bu el-obaya bir dərd olurdu. Ağır dərd! İndi- indi gedənləri qayıdır. Həm də böyük ümidlə, inamla, həvəslə. İllərlə sahibsiz qalan həyət-bacalar yiyəsini tapdıqca yar-yaraşığa düşür. Yeni-yeni yaşayış evlərinin bünövrəsi qoyulur. Kənd Sovetinin sədri cib dəftərini çıxarıb bizə dedi ki, az vaxt ərzində vətəndaşlar özləri üçün iyirmi üç fərdi ev tikdirib, iyirmi səkkizi də tikilir.
Allah xeyir versin!
Qusardan Şah dağının axar-baxarlı ətəklərinə doğru uzanan magistral yol irəlidə haçalanır, qızıl payızın əlvan rənglərilə boyanıb, ziynətlənən qalın meşələrin, yaşıl yamacların arasınca qıvrılıb, çaylardan, çeşmələrdən keçib birbaş Urvaya aşır. Geniş, rahat, təzə asfalt yol. İlk dəfə meşənin ətəyində ağaran və yan-yörəsində qalaq-qalaq taxta ağac olan binalar görünür. Yaxınlaşdıqca burada işləyən dəzgahların ahəngdar uğultusu eşidilir. Bakı Mətbəx-Mebel fabrikinin filialıdır. Cəmi bir neçə aydır işləyir. Qabaqlar qapı, pəncərə üçün Bakıya, Sumqayıta, Xaçmaza, Mahaçqalaya, Dərbəndə üz tutan Urva camaatının möhübü indi buradaca asanlıqla düzəlir. Sex müdiri Ağadadaş Əlirzayev marağımızı nəzərə alıb qarşısındakı sənədləri varaqladı və dedi ki, fərdi ev tikdirənlərdən beş yüzdən çox ərizə almışıq. Son günlər sexi iki növbədə işlədirik. Çalışırıq ki, gələnlər əliboş qayıtmasın. Hazırladığımız ağac məmulatı çox da ucuz başa gəlir. Bəs keyfiyyət necə? - Sex müdiri sualımızın cavabında Mayıl Balabəyovu, Habil Nəsrullayevi göstərərək:
- Əlləri qızıldır - dedi. - Onların bağladığı qapı-pəncərə harda var?! Bax, o aynabəndi Aslan Ağayev adlı bir vətəndaşa düzəldiblər. Bakının Montin qəsəbəsindəndir. Hardansa bizim sexin sorağını alıb gəlmişdi. İstəyənin bir üzü qara, verməyənin iki. Gördük əl-amanda qalıb, sözünü yerə salmadıq…
Yenicə fəaliyyətə başlayan bu kiçik kollektivin başçısı Ağadadaş Əlirzayev sexin yaxınlığında tikintisi başa çatan və bünövrəsi qoyulan binalara işarə etdi:
- Bu quruducu sexdir - dedi. - Avadanlığını da bu günlərdə almışıq. O biriləri də fəhlələrin istirahət otağıdır. Meşənin ətəyində cərgə ilə tikilən otaqların sayı on beşə çatacaq. Orada fəhlə ailələri yaşayacaq. Çalışırıq ki, bütün ətraf kəndləri ağac materialı ilə təmin edək. Yaxın günlərdə stol, stul və sair ev avadanlığı istehsal edəcəyik.
Günorta fasiləsi yenicə qurtarırdı. Qız-gəlin durna qatarı kimi səf bağlayıb şən əhval-ruhiyyə ilə kəndin ortasındakı birmərtəbəli binaya doğru axışırdı. Təzə açılan sumax sexi burada yerləşir. Tanış olduq. Hələ on səkkizinci əsrdə Qusarda və Qubada toxunan bu xovsuz xalçaların sorağı İngiltərədən, Fransadan gəlirdi. Bu diyarda toxunan sumax nümunələri Azərbaycanın Tarix muzeyində, Londondakı Viktoriya və Albert, Vaşinqton və Nyu-York muzeylərində nadir sənət incisi kimi qorunub saxlanır. Sonra isə bu şöhrət itib-batdı. Təəssüf! Min təəssüf! İndi Urvalı nənələrin möcüzəli barmaqlarında ilmələnən əlvan naxışlı sumax qədim şöhrətini tapmaqdadır. Kənddə hamı Sinavərə ustad deyir. Mahir xalçaçı Abiyət xalanın qızına. Əlbəttə, gör-götür əyyamıdır. Sinəvər də anası Abiyətdən götürdüyünü bu gün gənc rəfiqələrinə öyrədir. Stilizə edilmiş nəbati motivlərlə, sirli-sehrli naxışlarla üzbəüz dayanan qızların zərif barmaqları nələrə qadir deyil?! Südabə, Balaqız, Gültəkin Sarıxanovlar. Üç bacı, üç rəfiqə. Vurduqları naxışlar, işlədikləri çeşnilər Urvanın adını dünyalara tanıtdırır. Burada çalışan qırxdan artıq qız-gəlinə:
- Qızıl əlləriniz var olsun! - deyirik.
Bu yaxşı cəhətlə yanaşı, sex müdiri Gülgəz Vəliyevanın bəzi giley-güzarına haqq verib onu da deyirik ki, sexin yerləşdiyi bina darısqaldır, həm də əməlli-başlı təmir olunmalıdır. Bir də ki, bu xovsuz xalça respublikadan kənarlara qızıl qiymətinə satıldığı halda, onu hasil edənlərdən suyu qiymətinə alınır. Bu da xalçaçıların çəkdiyi zəhmətin dəyərini aşağı salır, onların maddi marağını da, həvəsini də azaldır.
Bir neçə il bundan qabaq kəndin axar-baxarında tikilmiş klub camaatın əsl istirahət mərkəzinə çevrilib. Klubda təsərrüfat hesabına işləyən pullu dərnəklər, "Şarbili" ansamblı yaradılıb. Bu gənc musiqi kollektivləri Urvadan başqa hərdən qonşu kəndlərə də səfərə çıxır və hər yerdə də rəğbətlə qarşılanırlar. Respublika Konsert Birliyi, Sumqayıt və Dərbənd Dövlət Dram teatrının istedadlı kollektivləri də Urva camaatını unutmur və kəndi ara-sıra yad eləyirlər.
Uşaq bağçası təzə tikilib. Özü də müasir tipli, nümunəvi qaydada. Biz təlim-tərbiyə ocağına dönəndə uşaqlar mışıl-mışıl yatmışdı. Heç bir səs-səmir eşidilmirdi. Tərbiyəçilər körpələri səksəndirib oyatmasınlar deyə, otaqlarda ayaqlarının ucunda, ehtiyatla hərlənirdilər. Hava da sakit idi, meh əsmirdi. Elə bil uşaq bağçasını əhatə edən armud, alma, heyva ağacları da burada yaranmış ciddi qayda-qanuna riayət edirmiş kimi qol-qanadlarını tərpətmədən hərəkətsiz dayanıb, payız günəşinin ilıq şəfəqləri altında lal-dinməz mürgü vururdu. İşçilər bizimlə xısın-xısın danışırdılar. Sevda, Nəcibə, Rahidə - necə də nəcib, qayğıkeş tərbiyəçilərdi. Mübaliğəsiz, buranı şəhər yerlərindəki nümunəvi uşaq müəssisələri ilə müqayisə etmək olar. Bağçada yetmişdən artıq uşaq var. Az maaş alan və ya ailəsinin sayı çox olan fəhlə-qulluqçuların balaları üçün hər şey pulsuzdur.
Hamam yaxın günlərdə tikilib. Xəstəxana bu il istifadəyə verilib. Kəndə qaz kəməri çəkilib. Evlərin çoxunda mavi yanacaq şölələnir. Urvanın qazlaşması başa çatıb. Əvvəllər olduğu kimi, adamlar bir ağnağaz dən üyütmək üçün uzaq-yaxın kəndlərə getmir, özlərinin dəyirmanı bərpa olunub. Köhnə dəyirmançı Əlövsət Nurməmmədovun da çoxdankı arzusu yerini alıb. Əlövsətin üyütdüyü unun keyfiyyətinə də ki, söz yoxdu. Yarım milyon manata yaxın xərc çəkilib, kəndə doqquz kilometr məsafədən su kəməri gətirilib. Avtomat telefon stansiyası, neçə-neçə mağaza, əmanət kassası, bufet… İndi gəl görək kim ayağını kənddən qırağa qoyar?!
Hacıbala kişi Urvanın canlı tarixidir. Neçə il dəmirçi kürəsinin qabağında tər axıdıb, çəkic vurub, xarrat olub. Dar ayaqda təsərrüfata başçılıq edib, müharibənin odundan-alovundan çıxıb. Yaşı doxsanı haqlasa da, elinin-obasının xeyir-şərindən qalmır. Oğul evləndirən, qız köçürmək istəyən əvvəl-əvvəl ona gənəşir. Müdrik qoca dedi ki, oğul, adamı yaşadan inamdır. İnam ki, itdi heç… Gözümüzü açanda məsçidi etiqad yeri bilmişik. Uçurub dağıtdılar. İndi yeri də bilinmir. O de, gedin bir Pir meşəsinə baxın… Kimə nə maşatı var?!
Getdik və baxdıq. Kəndin kənarında on hektara yaxın meşə uzanıb gedir. Göylərə baş çəkən yüz millik ağacların bir çöpünə də dəyib-toxunmurlar. Çünki uşaqdan-böyüyə hamı buranı müqəddəs yer sayır. Ağsaqqalların məsləhəti ilə quruyan ağaclar kəsilir, uşaq bağçasına, məktəbə və yaxud əlsiz-ayaqsızlara verilir. Kəndin adəti üzrə təzə gəlin üzə çıxanda gərək başının dəstəsi ilə Pir meşəsindəki bulağın üstünə getsin. Nənələr ona xeyir-dua verib, öyüd-nəsihətlərini bildirsinlər. Rəfiqələr şənlik etsinlər. Sonra xonça bəzənsin, evbəev şirniyyat paylansın… Əsrimizlə yaşıd olan Hacıbala kişi demişkən, əgər pir kəlməsi bu əsrarəngiz meşəni müqəddəs bilib, onun qırılıb-çatılmasına yol vermirsə, təzə ailə quran gənclər üçün halallıq, paklıq, abır, ismət, inam, etiqad sədasıdırsa və bundan insanlar da, ana dediyimiz təbiət də faydalanırsa, onda niyə uzun illər bu barədə bədgüman danışmışıq, ağına-bozuna baxmadan xoflu, məkrli, namərd fikirlər uydurmuşuq?! Bir sözlə, Urva camaatı dolanışığının çəmini tapır, unudulmuş dininə qayıdır, kəndin gedənləri inamla, ümidlə geri dönür, neçə-neçə nisgillər durulur, həsrətlər qovuşur.
Kənddən çıxanda artıq qaş qaralır, yer şumlayan, toxum səpən, kartof yığan əkinçilər evlərinə dönür, mal-qara örüşlərdən çəkilir, göylərə baş çəkən ağ örpəkli Şah dağın ətəklərinə qərib payız sükutu çökürdü. İrəlidəki dolaylarda rayonun başçısı Asya Manafova ilə rastlaşdıq. O, özünü o yerə qoymasa da hiss olunurdu ki, yorğundu. Dərdi-səri olanların qəbulu bazar ertəsinə düşdüyü üçün ağır gün sayılır. Asya xanım qəbula gələnləri yola verib, gec də olsa Urvaya gedirdi. O, dedi ki, kəndin bəzi kəm-kəsir işləri var. Getməsəm olmaz, çünki söz vermişəm. Həm də o kəndin deputatıyam. Asya xanım xəyallandı və:
- Adamlar quru vədlərdən bezib - dedi. - İtmiş inamı indi-indi qaytarırıq. Bu axşam neçə adam yolumu gözləyir, kömək umur…
Asya Manafova kəndə tələsirdi. O, bizimlə xudahafizləşib sürücüyə tərəf yönəldi və:
- Gedək - dedi.
Maşın meşələrin arasında qıvrılan asfalt yolda irəliləyib, gecənin dərinliklərinə sancıldı və gözdən itdi.
1988-ci il
Qusar
|
 |