www.aliildirimoglu.az

OÇERKLƏR

DÖYÜŞƏN KƏND

Quru çaylağın çınqıllı sahilləri ilə uzanıb gedən yol üz-üzə dayanan gəlin Kahası ilə, Qırran qayanın arasından keçib sağa burulanda, dağların ar­xa durduğu Əliquluuşağı kəndinin əsrarəngiz mən­zə­rəsi açılır. Kəndin girəcəyindəki sarı təpənin üstündə hey­kəlləşmiş qoç boynunu geriyə gərib, buynuzlarını güllə mənzilindəki Ermənistan kəndlərinə doğru istiqamətləndirib. Daim nisgillidi, qəzəblidi, səksə-kəlidi bu qoç. Onun döyüşkən, həm də qalib görkəmində bu kəndin müsibətlərini, əyilməzliyini, ən nəhayət, tarixin keşməkeşlərindən mərdliklə çıxdığını duyurdum. Üzərində hələ də tədqiq olunmamış, müxtəlif yazı­­larla yanaşı əli silahlı atlı dəstələr diqqəti cəlb edir. Elə bil bu hazır yaraq cəngavərlər indinin özündə də üz­­lə­şəcəkləri təhlükə barədə düşünürlər. Və qılınclarını siyirib başlarından yuxarı qaldırıblar. Dünyaya göz açdığım gündən bu daş qoçu görürəm və onun müqəddəsliyinə baş əyib, ibadət edirəm. Məni hissiyyata qa­pıl­­maqda qınamayın, sanki bu daşlaşmış qoç son vaxt­­lar daha qayğılıdır, məlallıdır, narahatdır. Yenə də üzləşəcəyi qəzavü-qədərin, kəndin düçar olduğu və olacağı faciələrin dərdini çəkir. Düşünür ki, erməni mil­lət­çilərinin milli qəhrəman kimi Yerevanda heykəlini ucaldıb səcdə qıldıqları və əli minlərlə türk qanına bulanan Andronik yenə də qəfil peyda olub bu kəndə hü­cum çəkəcək. Yandırılacaq evlərin məşum alovu göy­­lərə bülənd olacaq. Ancaq bu daş kitabədə təsvir olunan qoç igidlərin hayqırığını, şahə qalxan atların kişnər-tisini, ağzından qığılcım qopan qılıncların cingiltisini dinlədikcə təsəlli tapırdım. Kəndin dəyanət rəm­zi olan bu qoç daşın keçmişimizə və sabahımıza boy­­lanan lal baxışlarında çox şey oxuyurdum. Bu mək­tubumda onun bəzi məqamlarına toxunmaq istəyirəm.

Altmış il bundan əvvəl soruşan olsaydı ki, - cənnət haradadır? Tərəddüd etmədən Əliquluuşağının yaxınlığından keçən Bərgüşad çayının sol sahili boyunca uzanan Çaybağlarının adını çəkərdilər və deyərdilər:

- Buradır cənnət!

Yazın burnu açılandan qış düşənəcən bu bağların mer-meyvəsi tükənməzdi. Bazarlarda Əliquluuşağının ənciri, üzümü, şaftalısı, əriyi, tutu, bəhməzi adla deyilərdi. Bir gün gəldi... Qara bir gün... Bağların gül-gülüstan vaxtı... Gilasın qızardığı, bağbanların səbət hörüb, əzab-əziyyətlə yetişdirdikləri barı, bəhrəni dərməyə hazırlıq gördükləri dəmdə birdən-birə bu bağlar diyarının nəğməkar quşları susdu. Sən demə, cənnət-məkana yad ayaq basan var... Bəli, əyninə paltar, qarnına çörək tapa bilməyən dörd-beş nəfər təkəbbürlü gədə-güdə peyda oldu.

- Bağlar kolxoza keçir - dedilər. - Yır-yığış eləyin çıxın.

Göydən nə yağıb ki, yer onu qəbul etməsin?! Qəbir sükutu çökdü bağlara. Bağbanların həsrəti, nisgilli, nigaran baxışları gilas ağaclarının qırmızısında qaldı. Adamlar min illik dədə-baba bağlarını tərk etməli oldular. O gündən kəndlinin mülkü əlindən alındı. Bir tərəfdən də maliyyə işçiləri gündə-günaşırı qapıları kəsdirərək - inəyin yağını ver, keçinin qəzilini, qoyunun yununu, toyuğun yumurtasını - dedilər. Camaatın gününü göy əskiyə düydülər. Zülm ərşə dayandı. Dinənin dili kəsildi. Yeni quruluşa ağız büzənlər, siyasi məhbus kimi gedər-gəlməyə göndərildi. Adamlar el-obasını tərk edib şəhərlərə üz tutdular. Bax onda neçə kənd xaraba qaldı, evlər bayquş yuvasına döndü. Respublikanın ən ucqar, Ermənistanın Gorus rayonu ilə həmsərhəd olan Əliquluuşağı camaatı - yaman günün ömrü az olar - mülahizəsi ilə hər cür məşəqqətə tab gətirdi, kəndini, kəsəyini tərk etmədi. Bir dəfə məndən başqa oğul züryəti olmayan atamı dilə tutub, onu kənddən əl çəkib mənimlə şəhərdə yaşamağı təklif etdim. Atam etiraz mənasında yüngülcə başını bulayıb gülüm-sündü. Ancaq bir söz demədi. Onun bu xəfif gülüşündə dərin istehza, məzəmmət duyurdum. İkinci dəfə təkid etmək istəyəndə atam fikrini açıqladı:

- Oğul - dedi, - əvvəla Allah-taala məni övlad kölgəsinə möhtac eləməsin. İkincisi də atalar demişkən - el içində, öl içində. Bir də ki, quş quşluğuynan məskənini dəyişmir. Ağacların, bitkilərin dəöz vətəni var. Burda bitən Bakıda, Şəkidə övc eləmir. Daş düşdüyü yerdə ağır olar. Elə bir balaca çətinə düşən kimi, xoflanıb yurd-yuvanı tərk eləmək kişilikdən deyil.

Yeri gəlmişkən, sağlığında özünün, yoxluğunda ruhunun qarşısında müti olduğum rəncbər atamın övlad himayədarlığından bu cür açıq-saçıq imtinası ilə daxilən razılaşmadım. Bir balaca incidim də. Ancaq uzaq­görənliklə deyilmiş bu sözün nə qədər gerçək oldu-ğunu indi-indi başa düşürəm. Və həm də təəssüflənirəm ki, torpaqlaşıb gedən bu canlı kitabları arzumca oxumaq fürsətini necə də əldən vermişəm. Əslində atamın dedikləri mənim üçün vətəndaşlıqdan başqa, yurddaşlıq məsuliyyətini dərk edə bilmək dərsiydi. Həm də o mənə anlatmaq istəyirdi ki, ata-oğul arasındakı ülfət tellərinin nə qədər incə, nazik, kövrək olduğunu başa düşmək, tək-tək övlada müyəssər olan bir həssaslıqdır.

Əzəldən bəri Əliquluuşağı camaatının kənd qeyrəti, yurddaşlıq əqidəsi bu yerlərin basılmaz qalası olub. Yuxarıda qeyd etdiyim kimi kənd düçar olduğu ağır kollektivləşmə bəlasına dözdü. Dağılmadı, ünvanını itirmədi Əliquluuşağı. Kəndin əndişəsi bununla qurtarsaydı, nə dərd idi! Əsrin əvvəlində erməni azğınları it ilxısı, köpək sürüsü kimi kəndə həmlə etdi. Bu yetmiş-səksən evli kənd basılmadı. Düşmənin burnunu ovub yerində oturtdu. 1918-ci ildə, ikinci dəfə Ermənistanın Xinzirək kəndi ərazisindən Andronikin topu-tüfəngi tuşlandı bu torpağa. Təzəcə dinclik tapan kəndin üstünə dəmir qəlpələr ələndi. Əliquluuşağının öncülü, yenilməz igid kimi tanınan Əmrah səmənd atına süvar olub özünü qabağa verdi. Nəzər Heydərov "Zəngəzur dağlarında" kitabında, şəxsən tanıdığı bu adamın hünəri barədə geniş yazıb. Həmin kitabda əmim Əmrahın belə bir kəlamı var: "Kişi başqasını qabağa verib, özü dalda-bucağa qısılmaz". Həmin sözü, bu gün, gur bir səslə Kürdüstan, Qarabağ, Gəncəbasar ca-maatına car çəkirəm. İndi küncə-bucağa çəkilmək məqamı deyil. Əmrah həmin dar ayaqda Kürdüstanın tarixində silinməz izlər qoyub getmiş Soltan bəy və Xosrov bəy qardaşlarının verdiyi silaha sarılıb atına süvar oldu. Özünə səmt bildiyi Balaca bəyi də yanına alıb, top-tüfəng səsi gələn istiqamətə yollandı. Ermənilər yaxınlıqdakı Sofulu kəndinə çathaçatda Əmrah özünü yetirdi. Sinəsini səngərə verib irəli duranı bir-bir yerə sərdi. Neçə saat beləcə vuruşdu. Arada bir qayıdıb arxasına baxanda Balaca bəyi görmədi. Namərd aradan çıxmışdı. Həyatda belələri də olur. Əmrah isə geri çəkilmədi. Qoymadı yağılar Sofulu kəndinə soxulub arvad-uşağı ələ keçirsin. Və sonra da burnunu Əliquluuşağına soxsun. Düşmən qabağında əyilmədi Əmrah. Ancaq çoxluğun qabağında bir nəfər neyləsin?! Əvvəl atına güllə dəydi, sonra özünə. Ancaq ar­xadan yox, sinəsindən. Sol qolu taqətdən düşdü. Sağ qolu ilə düşmənə bac vermədi. Qaş qaralana qədər beləcə vuruşdu. Qaranlıq çökəndə ara səngidi. Adamlar çəkidə yüngül, qiymətcə baha olan varidatlarını ata, qatıra yükləyib geri çəkilməli oldular. Dovudlu kəndindən olan Mövlanverdi darısqal cığırdan keçəndə yedəyindəki at hürküb geri dartındı. At irəlidə qaraltı görmüşdü. Bir igid inildəyirdi. Mövlanverdi ona yaxınlaşanda tanıdı. Əmrah idi. Əmrah Mövlanverdinin titrək və həyəcanlı səsini eşidib yorğun gözlərini açdı:

- Mövlanverdi, onlar çoxdu, gədələrə xəbər ver! Durmaq vaxtı deyil! Sən aradan çıx, mənimki sağalmaqdan addıyıb.

Əmrahın yarasından mənhus gecənin qaranlıq qoynuna qan çilənirdi. Mövlanverdi bıçağını çıxardıb ata yüklədiyi gəbənin, kilimin, ipək yorğan-döşəyin ipini doğradı:

- Əmrah! Dünya malını aparıb, səni govur əlində qoymaram - dedi.

Mövlanverdi götürdüklərini yollara töküb Əmrahı ağır vəziyyətdə atın üstünə aşırdı. - Əmrahın vurulduğu bilinsə, govurun ayağı yer alar. Qoy yağı düşmən sevinməsin, - Mövlanverdi öz-özünədüşündü. Onu döyüş xəttindən uzaqlaşdırdılar...

Uğrunda həlak olduğu kənd Əmrahsız qaldı. Ancaq Əliquluuşağının Əmrah təpərli, Əmrah hünərli adamları onda da kəndi atmadılar, kəndi unutmadılar. Müvəqqəti geri çəkilsələr də, qüvvələrini cəmləşdirib yenə də yurd-yuvalarına döndülər.

Yetmiş ildən çox keçib, erməni-müsəlman qarşıdurmasından. Yaddan çıxartdıq bu qırğınları, qaysaqlandı yaralarımız. Məhəmməd hümmətinin qəlbi geniş, mərhəməti böyükdür. Yaxşılığı unutmur, yamanlığı tez yaddan çıxarır. Yaddan çıxartdıq olub-keçənləri, qarı düşməni dost bildik özümüzə. Ancaq necə yanıldıq onda! Əliquluuşağının yaşlı adamları danışırlar ki, o vaxt Xinzirək erməniləri Behbud kişini kövşəndə ot biçdiyi yerdə ələ keçirib, sonra da itə boğdurmaqlarından həzz alıblar. Onu da danışırlar ki, Əliquluuşağı camaatının girov götürdükləri on beş yaşlı erməni dığa-sını öldürmək istəyəndə Mirzəməm­mə­din anası Göyçək nənə kələğayısını dığanın üstünə atıb. Erməni gədəsini öldürməyə qoymayıb - onun nə günahı, Allaha ağır gedər - deyib. Qaranlıq çökəndə erməni balasını Mirzəməmmədin qabağına qatıb sağ-salamat Xinzirək kəndinə yola salıb... İndiyəcən dostluq naminə, insanlıq naminə gizlətmişik, dilə gətirməmişik bu cür faktları. Behbudun faciəli ölümündən həzz alanların məkrli, qeyri-insani sifətlərini pərdələmişik. Gənc nəslə bildirməmişik erməni millətçilərinin iç üzünü. Ayıq-sayıqlığını əlindən almışıq övladları-mızın. Yuxarı başa keçirmişik Andronikin, Şaumyanın, Mikoyanın tör-töküntülərini. "Ağıllılarımız" öz əli ilə millətimizi məruz qoyub Xoren Qriqoryanın ədalətsiz ölüm hökmlərinə. Bax, bu gün onun əzabını çəkirik. Bir neçə günlüyə rahat, gen-bol yaşamağın, həm dəMoskvadakıların xoşuna gəlməyin xətrinə bugünkü böyük fəsadlara səbəb olan o cür "xırda" hadisələrə göz yumub, milləti böyük bəlalara salmışıq. Belə bir el sözü var - rəhmət düzənə, lənət pozana. Silva Kaputikyanlar, Zori Balayanlar, Ter-Petrosyanlar, Boris Gevorkovlar, Aqambekyanlar, Poqosyanlar, Manuçarovlar tarixin lənət damğasını boyunlarına götürməyi özlərinə rəva bilib, pozdu bu iki qonşu millətin uyuşmaqda olan ünsiyyətini. Qanatdılar qaysaq-lanmaqda olan yaralarımızı. Bir az da dərinləşdirdilər köhnə yaraları. Yaşadığımız XX əsr başa çatmayıb. Üçüncü dəfədir kəndin dincliyi pozulur. Əliquluuşağının tərtəmiz səmasında qanadlanan dağ qartal-larının rəvan uçuşunu ölüm saçan "Qrad", "Alazan" raketləri əvəz edir. Beş ildir kənd adamlarının əsəbləri tarıma çəkilib. Burada yadıma bir rəvayət düşdü: şeytanın dəstəsi, sübh çağı adamları bir-birinə can deyib, can eşidən kəndin yanından keçəndə, buradakı əmin-amanlığa bərk paxıllığı tutur. Bala şeytan xəlvətcə dəstədən ayrılıb, yaxınlıqdakı həyətdə anasına tərəf dartınan buzovun mıxını balaca tərpədir. Buzov mıxı yerindən çıxardıb, acgözlüklə anasının altına təpinəndə, züm-zümüynən süd sağan qadın yıxılır. Və əlindəki sərnic aşır, süd yerə calanır. Kişi bunu görüb arvadı o ki var söyür, üstəlik də qabırğasına bir-ikisini ilişdirir. Arvadın qardaşı dəyənək götürüb təhqir olunan bacısının müdafiəsinə qalxır... Ailə konflikti tayfa dava-dalaşına çevrilir... Kənd bir-birinə dəyir. Qan su yerinə axır. Şeytanların başçısı bu qılınc qırğınını görəndə bala şeytandan təəccüblə soruşur:

- Sən neylədin ki?!

Bala şeytan fəxrlə qımışaraq:

- Heç, bir balaca mıxı tərpətdim, - cavab verir.

Erməni balası Zori Balayan, bax həmin şeytanın balası kimi hərəkət etdi. Əmin-amanlıqla yaşayan Xan kəndində mıxı tərpətdi. Zori Balayanın, Ter-Petrosyanın, Silva Kaputikyanın, Boris Gevorkovunssenarisiynən yaranan Qarabağ məzhəkəsi dünya probleminə çevrildi. Bir dəlinin quyuya atdığı daşı, indi dünyanın ağıllıları çıxarda bilmir...

Bu yanğının alovu ilk növbədə Ermənistanla sərhəd kəndlərimizi bürüdü. Əliquluuşağı ilə qonşu olan Eyvazlı, Qədili, Davudlu kəndləri oda qalandı. Adamlar dədə-baba yurdlarını tərk etmək məcburiyyəti qarşısında qaldılar. Əliquluuşağı camaatı isə dayandı. - Ölmək var, dönmək yoxdur! - dedilər. Əmrah yurdunun adamları inam, ibadət yerləri olan Qoç daşı dövrəyə alıb Koroğlunun, Nəbinin, Babəkin, Əmrahın müqəddəs ruhuna and içdilər. And içdilər ki, Əli­quluuşağı düşmən qarşısında diz çökməyəcək. Həmin anda, ziyarət etdiyimiz Qoç daşın üstündə rəsmləşən cəngavərlər də, sanki dilə gəlib onların çağırışına qoşuldu.

Əliquluuşağı camaatının öz andlarına sadiq qalıb erməni həmlələrinə duruş gətirəcəklərinə çox adam inanmadı. - Bu möcüzə olar - dedilər. Elə mən özüm də... Balaca Əliquluuşağı təpədən-dırnağacan silahlanmış min evli Xinzirəyin, Muğancığın, Kərəvəncin, Gorusun qabağında neyləsin - təbii olaraq düşündüm. Səksəkə içində yaşadım ilk günlərimi. Laçından, Zəngilandan, Cəbrayıldan, Füzulidən, Ağdamdan, Mirbəşirdən... Bakıya doğru qaçqın selinin axını başlandı. Fikir məni götürmüşdü. Redaksiyamızın Qubadakı müxbir kabinetində işlədiyim yerdə qapı açıldı. Əliquluuşağının kolxoz sədri, Əmrahın bacısı nəvəsi Maşallah və onun sürücü qardaşı İnşallah içəri daxil oldular. Sarsıldım, təhlükəli anlarda olduğu kimi isti gizilti keçdi bədənimdən, öz-özümə - həə! - deməli, bizim kənd də belə getdi! Yəqin Maşallah kəndin qaçqınlarına sığınacaq üçün yer axtarmağa gəlib. Ancaq sən demə yanılmışam. Maşallahın mənə müraciəti başqa cür oldu:

- Əmi, Qubadan ting aparmağa gəlmişəm - dedi. - Yerini də şumlayıb hazırlamışıq. Gəldim kömək edəsən.

Bu sözü eşidəndə ürəyim dağa döndü. Özümdə qəribə bir yüngüllük hiss etdim. Maşallah keçirdiyim nigarançılığı başa düşüb nikbin əhval-ruhiyyə ilə əlavə etdi:

- Bu tingləri ermənilərə göz dağı vermək üçün əkirik - dedi. - Qoy onlar görsün ki, biz küyə düşüb qaçanlardan deyilik. Yerimizi daha da bərkidirik...

Qubanın ağsaqqalı, təcrübəli alim Əlibaba Məmmədov başçılıq etdiyi sovxozdan iki min ting düzəltdi. Tinglər Əliquluuşağı torpağında boy atır. Bu kiçik sahə "Quba bağı" adlanır. Bu bağın çiçəkləri, barı, bəhrəsi ermənilərin qara niyyətini yaman puça çı-xardıb.

Dağ kəndinin çətinlikləri kimə məlum deyil?! Bir tərəfdən də yağı düşmənin gündə, günaşırı törətdikləri fitnə-fəsadlar... Həmin ağır məqamlarda kəndə kömək əli uzadanların adını çəkmək istəyirəm. Qoy bilinsin ki, çətin anlarda yaxşılıq da, yamanlıq da itmir. Əliquluuşağının ehtiyacı barədə respublika rəhbərliyində işləyən xalq deputatı Arif Rəhimzadəyə üz tutdum. - Bundan da vacib iş olar?! - dedi. - Onun kömə­yilə kəndə yüz min manat pul, bir ekskavator, bir buldozer, bir su daşıyan avtomaşın verildi. Əliquluuşağı camaatı in-dinin özündə də Arif Rəhimzadədən yerdən-göyəcən razıdır.

Ermənilər kəndin yazı düzünə çıxan yeganə yolunda gündə bir ölüm hadisəsi törədirlər. Gediş-gəliş çətinləşdi. Erməni sərhədindən uzaq olan başqa bir səmtdən yol çəkmək zərurəti yarandı. Təzə yol çəkmək probleminin həllinə kömək etmək üçün, Abşeron rayonu icra hakimiyyətinin başçısı Abbas Abbasova üz tutdum. - Mənim gözüm üstə! - dedi. - Bəs belə gün­də də kara gəlməsək, onda nəyə lazımıq?! Abşerondan Əliquluuşağı kəndinə yeni yol çəkmək üçün maşın, mexanizator dəstəsi yollandı...

Kəndin elektrik enerjisi ilə işləyən dəyirmanı uçuruldu. Bəs nə etməli?! - Aşıq üz görən yerdə - deyiblər. Yenə də Abbas Abbasova üz vurmalı olduq. Sağ olsun, olanını əsirgəmədi. Əliquluuşağına bir dəyirmanlıq inşaat materialı yola saldı.

Ermənilər kəndin bir yük maşınını vurub sıradan çıxartdı. Xalq yazıçısı, Qarabağa Xalq Yardımı Komitəsinin sədri Bayram Bayramov camaatı naümid qoymadı. Ağsaqqal yazıçı özünü oda-közə vurub Əliquluuşağına yük maşını verdirdi.

Əliquluuşağının dar günündə dada yetən həmin xeyirxahlara kənd camaatı adından dönə-dönə minnətdarlığımı bildirir! - sağ olun! - deyirəm.

Gileyimizi də gizlətmirəm. Ermənilərin dağıtdığı tövlələrin tikintisi üçün kəndə bir-iki kubmetr taxta lazım oldu. - Uman yerdən küsərlər - deyiblər. Füzuli rayonunun başçılarından biri olan Tahir Quliyevin üstünə adam göndərdim. - "Diş qurdalamağa bir çöp tap-mırıq, bu basabasda taxtanı haradan alaq?!" - cavabı ilə gedənimizi əliboş geri qaytardı.

Respublika naziri, xalq deputatı Rakif Xoçayevə zəng vurdum:

- Sizin 11 nömrəli ərazi nəqliyyat kontorunuzda silgiyə hazırlanan bir "KAMAZ" maşını var. Bəlkə onu verəsiniz, təmir etdirib sərhəd kəndinə göndərək. Əliquluuşağı kəndinin yük maşınını ermənilər sıradan çıxardıb. Sürücünü də öldürüblər...

- Maraqlanaram, olsa deyərəm. - Nazirdən cavab çıxmadı.

"Azərittifaq" sədrinin birinci müavini Əlvida Babayevin üstünə getdim:

- Əliquluuşağına bir pekarnı... Camaatın buna yaman ehtiyacı var.

- Baş üstə!

dr müavininin sözdə lütfkarlıqla qəbul etdiyi bu müraciət, uğurlu həllini tapmadı.

Burada məqsəd heç də o deyil ki, kiminsə xatiri xoş olsun və ya kimisə incikli salaq.- Dostu darda sınayarlar - deyiblər. Söhbət təkcə Əliquluuşağının müdafiəsindən yox, respublikanın yaman günündə kimin nəyə qadir olduğundan, ermənilərlə əlbəyaxa kəndə arxa durmaq qeyrətindən gedir. Bütün Qubadlı əhli yaxşı bilir ki, Əliquluuşağı əldən getsə, onda gərək rayonun yarısından əlimizi üzək.

Kənd adamlarının təpərinə söz yoxdur. Onların beş il ərzində düşmənə aman verməməsi də buna sübutdur. Lakin yenə də kəndə köməyi kəsmək olmaz. Gorus - Qafan zonasında ermənilərin vuran-tutan kimi ad çıxardan Karen və onun dəstəsi pusquda dayanıb qonşu Novlu sovxozunun direktoru Qaçay Ələkbərovu vəhşicəsinə qətlə yetirdi. Yanındakı sürücünü işgəncə ilə öldürdülər. Kənd Sovetinin sədri Mehdini girov apardılar. Və başına nə oyunlar açdılar, onu Allah bilir... Sonra dişi qana batmış "Karençilər" yeni əməliyyat hazırladılar. Əvvəlcə ratsiyalar işə düşdü:

- Ara Maşallah! Sən də Qaçay kimi olacaqsan! Səni qapındakı ağacdan asıb, evindəki gözəəni də aparacağıq! Camaatı da yığ, itil kənddən get! Yoxsa axırına pis olacaq eli!

Maşallahın da onlara cavabı bu oldu:

- İt hürər, karvan keçər! Hara qəlbidi, əlinizi ora qoyun! Yüz qarğaya bir sapand daşı.

Bu cavab ağır gəldi qudurğan Karenə. Bir neçə gündən sonra Qubadlıdan Əliquluuşağına gedən avtobus kəndin iki kilometrliyindəki dolayını aşanda Əlirza və Müşfiq qardaşlarının gözünə qaraltı toxundu. Müharibəyə alışmış kənd camaatı yaxşı bilir ki, belə anlarda adamların gözü açıq olmalıdır. Avtobusun sürücüsü Əlirza dərhal maşını bir bəhanə ilə dayandırıb qardaşına:

- Müşfiq - dedi, - ermənilər dərənin dibində körpünü kəsdiriblər. Onları ayıq salmamaq üçün mən maşının ora-burasını qurdalayıram, sən xəbərə qaç... Əliquluuşağının qoçaqları bir göz qırpımında karençilərin dal-qabağını kəsdi. Təsərrüfatın başçısı Maşallah döyüşə qabaqda gedirdi. Balaca oğlu Mübariz də əlində avtomat onun arxasınca. Ölümün nə olduğunu bilməyən İslahla İlham da bir tərəfdən... Laləzar körpüsünün altında atışma başlandı. Qatılaşmaqda olan qaranlıq döyüşçülərə münsiflik edirmiş kimi qara örtüyünü Aynaqlı dərəsinə saldı. Tüfəng qaravuldan düşdü. Atışma səngidi. Bığ dalınca gələnlər, saqqallarını da qoyub getdilər... Onlar çox olduğuna görə ölənlərin, yaralananların əksəriyyətini tələm-tələsik aparmışdılar. Ermənilərin "igidi" Karen isə kolun dibində gəbərmişdi. Görünür onun çəkisi yüz iyirmi kiloqramdan çox, ayağının ölçüsü 47 olduğuna görə çəkib apara bilməyiblər. Yanında da iki karençi... Məlum məqsəd üçün Karenin Ağdama göndərilən meyidi çox baha qiymətləndirilib. On beş girova dəyişdirilib. Bu hesabdan onun dirisi gör neçəyə gedərmiş?! Axı Gorusun işbaz hampası olan Udi Andronikin ruhuna, bir də ki, bacısı oğlu Karenin canına and içmişdi ki, Qarabağ ilhaq olunsa Stepanakertə qədər yola yüzlük düzəcək. Ancaq Karenin meyidi Udinin yüzlüklərindən qabaq gedib Qarabağa çatdı. Və bu yüzlüklər Qafan - Gorus zonasında qan içməkdə ad çıxardan Karenin matəminə xərcləndi. Əlbəttə, insan ölümünə sevinməzlər. İnsanlığa qənim kəsilənlərin ölüm hökmünün icrasını isə, bir dəqiqə belə ləngitməzdim.

Abşeronluların köməyi ilə salınan ikinci yolun Yazı düzünə çıxan yerində başqa bir fitnəyə əl atdılar. Tövlələr yandırıldı, ot tayalarına od vuruldu. Kəndin ikinci yolu da təhlükə altında qaldı. Maşallah qardaşı İnşallahla birlikdə kəndi bu çətinlikdən çıxarmaq üçün ümid gələn yerlərə əl atdılar. Dünya xali deyil, əl tutmaq da Əlidən qalıb. Bakının və Sumqayıtın mərdləri cəbhə adamlarına əl tutdular. Onları çətin tapılan metal məmulatı ilə təmin etdilər. Bu dəfə kəndin yaxınlığından keçən və ermənilərin əli çatmayan Bərgüşad çayının üstündən dəmir körpünün tikintisinə başlandı. Qubadlıdakı səyyar mexanikləşdirilmiş dəstənin rəisi Gülbala Yusifov körpü salanların dadına yetdi. Əliquluuşağının gənc yetirmələri olan Mürvətlə Namiq sutkanın iki-üç saatını yatmadılar. Maşallahla İnşallah qardaşlarıəyinlərinə kombinezon geyinib dəmir hissələri bir-birinə caladılar... Əmin-amanlıq dövrü tikintisi iki-üç ilə başa gəlməyən körpü iyirmi günə hazır oldu. Körpünün üstündən, ilk dəfə rayon polis idarəsinin rəisi Nadir Hüseynovun maşını keçdi. O, bu möcüzəni görəndə sevincindən gözləri yaşardı. Əlini cibinə salıb olub-qalan pulunu körpünün inşaatçılarına payladı. "Maşallah körpüsü" qaldı yeni körpünün adı. Bu üçüncü yol erməni təhlükəsini aradan qaldırdı, ra-yon mərkəzinə gedən yolun məsafəsini beş kilometr qısaltdı.

Gecə ki düşür, kəndə "Qrad", "Alazan" raketləri dolu kimi tökülür. Onda qocalar, qadın və uşaqlar xüsusi sığınacaqlarda daldalanırlar. Qoç igid İslahın dəstəsi kəndin həndəvərindəki səngərlərəçəkilirlər. Qoymurlar Əliquluuşağı kəndinə yadlar ayaq bassın.

Maşallah mənə zəng vurdu:

- Əmi, axşam İslahın dəstəsini yola saldıq.

- Hara? - soruşdum.

- Kəndimizə tuşlanan raketlərin yerini öyrənmişik onu məhv etmək üçün.

Çox nigaran qaldım. Çünki o yerlərə yaxşı bələdəm. Həmin atəş nöqtələrinə gedən yol ermənilərin neçə-neçə yaşayış məntəqəsindən keçir. Ölüm yoludur, bu yol! Səhər açıldı, Maşallahla danışdım:

- Əmi, arxayın ol, uşaqlar oğlan qayıdıb. Bir nəfər də orta yaşlı erməni gətiriblər. Özü də rus dili müəllimidir. Nə illah eliyirik, elə hey çərənləyir ki, Qarabağ bizimdir. Sən bir itə bax e, qaysavadan pay umur...

Neçə ildir bu kənd vuruşur, yağı düşmənə bac vermir. Bir əldə dəryaz, bir əldə silah. Maşallahla görüşmüşdük. Dedi ki, taxılımız həmişəkindən bol olacaq. Xeyli də kartof, bostan əkmişik.

Ona dedim:

- Qubanın, Qusarın icra hakimiyyəti başçıları ilə danışmışam. Kəndə hər cür kömək etməyə hazırdırlar. Sizə nə lazımdır?

Maşallahın cavabı bu oldu:

- Onlara de ki, sağ olsunlar! Heç nəyə ehtiyacımız yoxdur. Bizə yalnız qələbə lazımdır, onu da ilahinin köməyi ilə tezliklə əldə edəcəyik.

Döyüşən kəndin dəyanətli başçısı olan İnşallah Abdullayevin dediklərinə tam inanırdım. Çünki Allah da, qələbə də haqqın tərəfində olur.

27 iyun 1992-ci il

Quba


















 

© 2011. Bütün hüquqlar Əli İldırımoğluna məxsusdur.
www.aliildirimoglu.az və ya www.aliildirimoglu.com