OÇERKLƏR
TORPAQ OYANIR
Təmir emalatxanasının girəcəyində inşaatçılar işləyir. Usta Musa cərgə ilə düzdüyü ağ kubik daşların arasını sement və narın qumdan hazırlanmış palçıqla doldurur, sonra da dəmir malası ilə ona dönə-dönəsığal vurur. O, ətrafındakı səs-küyə əhəmiyyət vermirmiş kimi başını aşağı dikib divar boyu ip tutur, künclərdən ucuna dəmir bağlanmış nazik kəndir sallayır, daş düzür. Ölçü aləti ilə hörgünün əyrisini-əskiyini yoxlayır. Usta Musa geri çəkilir, gözünün birini yumub, hörgüyə qıyqacı nəzər salır, irəli çıxan daşları çəkici ilə döyəcləyib geriyə oturdur. Divar qalxdıqca usta Musanın sevinci də artır. Daş verin, palçıq gətirin, - deyə köməkçilərini tələsdirir. Tələsir ki, maşınlar üçün hazırlanan talvarın tikintisi tezliklə başa çatsın, texnika günün, yağışın altında qalmasın.
Həyət darvazasının enli dəmir qapıları açılıb-örtüldükcə təmirdən çıxan maşınların sürücüləri:
- İşin avand olsun, ay usta Musa - deyib yollarına rəvan olurlar.
Usta Musa qəddini düzəldib onlara ehtiramla əl edir. Sonra şirin xəyala dalırmış kimi dörd bir tərəfə göz gəzdirir, aramsız işləyən dəzgahların musiqi kimi səslənən uğultusunu dinləyir…
Təmirdən yenicə çıxan maşınlar axırıncı dəfə mühəndislər, mexaniklər tərəfindən yoxlanıb, texniki baxışdan keçirilir və kolxozun nümayəndələrinə təhvil verilir. Emalatxananın həyətində torpağın altını üstünə çevirən traktorların, yaşıl cərgələrin arasında cövlan edən kultivatorların, ağ dənizlərdə üzən «mavi gəmi»lərin bunkerindən kəhrəba kimi buğda süzülən kombaynların yeni-yeni karvanı görünür. Təmirə gələn müxtəlif markalı maşınları əvvəlcə normalaşdırıcı Rasim Ələkbərov qarşılayır. O, göy vərəqli, iri, uzunsov kitabını açıb kolxozların sifarişini qeydə alır. Aqreqatların əsaslı və cari təmirə olan ehtiyacı müəyyənləşdirilir. Bu barədə naryadlar tərtib olunur, emalatxanalara təqdim edilir. Maşınlar beşilliyin yüksək zirvələrə doğru gedən geniş yollarında yeni yürüşlərə hazırlanır.
Təmir emalatxanasındakı qapıların hərəsi bir sexə açılır. Çilingər Əziz Musayevin əlindəki qaynaq lampası yaşıl alov püskürür. O, qarşısındakı dəmir hissələri bir-birinə calayıb vaxtı itirmədən deşici dəzgahın arxasına keçir. Peşəsinin vurğunu olan Nemət İsmayılov akkumulyatorları təzələyir. Alət sexinin müdiri Yamən Hüseynov tez-tez təmirçilərə baş çəkir. İşin gedişində kimə hansı alət lazım olsa, onu təcili surətdə sexlərə çatdırır.
Binanın içərisi necə də tərtəmizdir. Beton döşəmənin üzərində cərgə ilə təmirə dayanan traktorların arasında iki qadın işləyir. Onlar təmizlik işləri aparırlar. Zeynəblə Minanı deyirəm. Yerə düşən bir çöp də onların diqqətindən yayınmır. Adamın xoşuna gəlir. Kiçik vəzifələrinə yüksək məsuliyyət hissi ilə yanaşırlar. Benzinli əsgi ilə traktorların tozunu silirlər. Maşınların göy, yaşıl, sarımtıl rəngi tavandan asılmış iri elektrik lampalarının gur işığı altında parladıqca Zeynəb və Mina sanki bundan həzz alırlar. Axı, texnikanın qədir-qiymətini onlar da yaxşı başa düşürlər.
Bir gün əvvəl təmir emalatxanasına gələcəyimizi bildirəndə raykomun katibi dedi:
- Bizim Levşa ilə görüşməyi unutmayın.
Onun barəsində çox eşitmişdik. Lakin indi ilk dəfə burada görürdüm. Tornaçı sexində, fasiləsiz olaraq otuz iki il işlətdiyi dəzgahın arxasında. Əl verib görüşəndə:
- Qoca Əliyev - deyə özünü təqdim etdi.
Ancaq hamı onu Qoca yox, Levşa - deyə çağırır. Sən demə Levşa onun ləqəbidir. Yazıçı N.S.Leskovun qələmə aldığı qədim bir rəvayətə görə ingilislər rus nümayəndələrinə metaldan hazırlanmış bir birə təqdim edirlər. Gözlə çətin görünən birəni daha kiçik olan açar ilə buranda o uçur və özünə məxsus hərəkətlər edirdi. Hamı təəccübləndir. Rus imperatoru buna cavab olaraq bir birənin hazırlanıb ingilislərə göndərilməsi barədə göstəriş verir. Lakin Tulada yaşayan solaxay dəmirçi Levşa ayrı cür hərəkət edir. Onun başçılığı ilə böyüdücü vasitəsilə güclə görünən birə nallanıb geri qaytarılır. Nalda onu hazırlayan ustaların adı da yazılır. Lakin Levşa öz adını yazmır. Səbəbini isə belə izah edir:
- Burada elə bir zəhmət yoxdur, mən sadəcə olaraq mıxlarını hazırlayıb vurmuşam.
Bəli, Bərdə mexanizatorları Qoca Əliyevi Levşa adlandırmaqda yanılmırlar. Keçən il pambıq yığımına bir neçə gün qalmışdı. Lakin «Bakı» kolxozunun bir pambıqyığan maşını hazır deyildi. Maşının stəkanı qırılmışdı. Ona barabanın başlığı da deyilir. Belə bir hissə yalnız maşının istehsal olunduğu zavodda hazırlana bilər. Qonşu rayonlara, respublikanın satış bazarlarına adamlar ezam olundu. Lakin stəkan tapılmadı ki, tapılmadı. Sürücü-mexanik Sərdar Rəhimov əlini hər yerdən üzüb dərindən köksünü ötürdü. O, ümidsiz tornaçı sexinə daxil olub:
- Qoca əmi, əlac sənə qalıb - dedi, - axı mən söz vermişəm, bu gün-sabah maşınlar tarlaya çıxacaq… Qocanın qaşları düyünləndi. O qayğılı nəzərlərini bir nöqtəyə dikib, özü ilə danışırmış kimi xəyala daldı. Sonra əlini Sərdarın çiyninə qoyaraq:
- Darıxma oğul, səni naümid qoymaram, çalışaram, - dedi.
İş vaxtı qurtarır, dəzgahlar susur. Lakin emalatxanadakı sükutu tornaçı sexində Qocanın qaldırıb-endirdiyi çəkicin səsi pozurdu. Qoca hazırladığı stəkana rəng çəkdi. O, sexdən çıxanda gecədən xeyli keçmişdi.
Səhər Sərdar sanki gözlərinə inanmadı. Stəkan hazır idi. Zavodda buraxılan kimi. Mühəndislərin dili ilə desək, bu bir möcüzə idi. Sürücü-mexanik dəstədən qalmadı. O, Qocaya təşəkkürünü bildirib «mavi gəmi»sinə sarı getdi.
Pambıqyığan maşınların üstündəki şotka valını hər il yenisi ilə əvəz etmək lazımdır. Lakin Qoca buna etiraz edir. Deyir ki, təzə valın biri üç manatdır. Həm də zavodun buraxdığı valın üstündəki tutucular çuğundan hazırlandığı üçün sıradan tez çıxır. Biz öz seximizdə bunu dəmirdən düzəldirik. Bu daha davamlı və etibarlıdır. Pambıqyığan maşının reduktorunun şkifi də çox çətinliklə tapılır. Ancaq axtarmağa heç ehtiyacımız yoxdur. Özümüz asanlıqla hazırlayırıq.
Qoca Əliyevin səmərələşdirici təklifləri ilə emalatxanada on min manatlarla ehtiyat hissələrinə və metala qənaət olunur, artıq xərclərin qarşısı alınır. Ancaq Levşa bu böyük əməllərinin bəhrəsini əsla büruzə vermir.
- Biz öz tornaçılıq vəzifəmizi yerinə yetiririk, - deyir.
Bərdəlilər bu il qırx min ton pambıq istehsal edəcəklər. Qırx min ton pambığın iyirmi beş min tonu maşınla toplanacaqdır. Bu böyük nailiyyət olacaqdır. Güclü texnikanı, onu təmir və idarə edən qəhrəman mexanizatorları görəndə düşünürsən ki, bərdəlilər verdikləri vədə şərəflə əməl edəcəklər.
Təmirə gələn ağır motorlar bir anda dəmir relslər üzərində şütüyən arabacıqlara qoşulur və dərhal yuyucu dəzgahın bunkerinə salınır. Motorlar burada qaynar, sodalı su ilə yuyulur, təmizlənir, qurudulur vəsökmə sexinə aparılır. Baş usta Pənah Həsənovun təmir etdiyi motorlar sınaq qurğusunda yoxlandıqca M.Qorki adına kolxozun traktor briqadiri Paşa Məmmədov, Ordjanikidze adına kolxozun baş mühəndisi Məmməd Cəfərov:
- Sağ ol usta, əllərin var olsun, lap əladır, - deyə ona razılıqlarını bildirirlər.
Dəmirçi sexindəki iri körük fısıldadıqca Məhərrəm Şükürovun qarşısındakı kürədə kömür manqalı közərib alovlanır və çırtıltı ilə ətrafa qığılcımlar səpələnirdi. Onun inadlı və ciddi üzü işıqlanır, sifətindəki bütün çizgilər aydın görünürdü. Usta Məhərrəm qızarmış dəmiri uzun maşa ilə götürüb dəyirmi palıd kötüyünün üzərindəki zindanda döyəcləyir və düzəltdiyi ehtiyat hissələrini vannadakı bulanıq suya salırdı. Hələ də isti olan dəmir suda cızıldayır, vannadan tüstü kimi bozumtul buxar qalxırdı. Ustanın naxışlı alnında tər, sexin beton tavanında isə buxar damcıları purçumlanırdı. Məhərrəm Şükürovəlindəki alətləri işgüzarlıqla bir kənara qoyub, kombinezonunun üstündən bağladığı həsir döşlüyünü düzəltdi və pörtmüş yanaqlarına xoş bir ifadə verərək:
- Su, dəmirə də bərklik verir, - dedi. - Əgər hazırladığımız alətləri «suvarmasaq», möhkəm olmaz, tez əyilər və qırıla bilər.
Son vaxtlara qədər sexdə ağac kömüründən istifadə olunurdu. Lakin usta Məhərrəm buna qəti etirazını bildirdi. Təcrübəli dəmirçi deyir ki, bizim üçün bir ton daş kömür on ton ağac kömürünə bərabərdir. Qiyməti də ki, beş dəfə ucuz. Belə bir ağıllı təklifi alqışlamamaq olmaz. İndi sexdə ağac kömüründən yox, daş kömürdən istifadə edilir. Ustanın işinə də söz yoxdur. Aylıq tapşırıqları müntəzəm olaraq beş-altı gün tez yerinə yetirir.
Emalatxana müdiri Əli Hüseynov elektrik sexini dolaşarkən küncdəki diyircəkli yastığı götürən uşağı gördü. Əli Hüseynovun uşağa bərk acığı tutdu və bunun üstündə sex müdiri Georgi Çertovu məzəmmət etdi. Georgi Çertov sarışın qaşlarının altından balaca gözlərini qıyaraq gülümsündü. Əli Hüseynovun sifəti açıldı.
Əli Hüseynov gəncdir. Georgi Çertov isə yaşca ondan çox böyükdür. Əli uşaqkən bu cür diyircəkli yastığı Georginin yanından xəlvəti götürüb özünə balaca oyuncaq arabası düzəldirdi. Bunun üstündə Georgi Əliyə bir neçə dəfə qulaqburması verib. İndi Əli Hüseynovun belə şeylərin üstündə acığı tutanda Georgi Çertovun gülməyi gəlir və zarafata salıb ona sataşır.
Ömrünün otuz ilini bu mexanizmlər arasında keçirən Georgi Çertovun təmirçilər arasında böyük hörməti vardır. Əli Hüseynov deyir ki, o, emalatxanamızın sütunudur. Bütün maşınların elektrik sistemi onun loğman əlləri ilə nizama salınır.
Respublika texnika birliyi. Bərdə rayon şöbəsinin rəisi Nadir Hacıyev bu işgüzar kollektivlə fəxr edir. O, iş vaxtının çoxunu heç də kabinetində, stol arxasında deyil, sexlərdə, təmirçilər arasında, mexanizatorların yanında keçirir. Axı onun özü də mexanizatordur, pensiyada olan atası Bahadur kişi Qarabağın tanınmış, ağsaqqal təsərrüfatçılarından biridir. Nadir Bakıda rəhbər vəzifədə çalışanda Bahadur kişi bir gün ona giley-güzarını bildirdi:
- Məni Qarabağın torpağı şöhrətləndirib, ay oğul, - dedi - ancaq sən şəhərə qaçırsan. Atanın yolundan çox uzaq düşmüsən, oğul.
Bu söz ali ixtisası və partiya təhsili olan Nadirə bir nisgil oldu. İndi Nadir öz sələfinin yolunda müvəffəqiyyətli addımlar atır. SSRİ-nin təşkil edilməsinin 50 illiyi şərəfinə sosializm yarışına yekun vurularkən Yubiley Fəxri Fərmanına layiq görülənlərdən biri də Nadir Hacıyevin başçılıq etdiyi kollektiv oldu. Qabaqcıl və işgüzar kollektivin «Kommunist» qəzetində dərc olunan sosialist öhdəliyi şərəflə yerinə yetirildi. Hamı bilik və təcrübəsini bu vəzifənin şərəflə yerinə yetirilməsinə yönəltdi. Budur, bütün texnika beşilliyin əmək meydanında yürüşə hazır vəziyyətdədir. Təkcə texnika birliyinin rayon şöbəsində deyil, ayrı-ayrı təsərrüfatlarda da bunun şahidi oluruq.
Kolxozlara doğru uzanan yol getdikcə şaxələnir, kəndlərə dönür, tarlalara, suvarma qurğularına tərəf burulur. Arata qoyulmuş torpağın sinəsindəki mavi suların aynasında ağacların yarpaqsız budaqlarını, bir də ki, maşınımızın irəli şütüdüyünü görürdük. Elə bil kino ekranına baxırıq. Kürün sakit küləyi pambıq əkiləcək sahələrin sükutunu pozaraq hələ də qış yuxusuna dalan bərəkətli torpaqlara sanki layla çalırdı. «Yeni həyat» kolxozuna yaxınlaşdıqda gözlərimizin qarşısında yeni mənzərələr açılırdı. Kanallarda təmizləmə aparan ekskavatorlar, arx və bərələri düzəldən dəstə-dəstə kolxozçular tarlalara yan alan gübrə yüklü avtomaşınlar… yaxınlıqdakı sahənin arasından keçən arxın səmti dəyişdirilirdi. Özü də sürücü-mexanik Rəhilə Məmmədovanın nəzarəti altında. Keçən il bu arx onun maşınına az mane olmamışdı.
Rəhilə ilə bir neçə il bundan qabaq görüşmüşdük. Onda sükandan yenicə yapışırdı. Ona ürək-dirək verdik. Haqqında «Maşının mübarək» adlı oçerk yazdıq. O vaxtdan bəri Rəhilə xeyli yetkinləşib. Səriştəli mexanizator olub. Həyatında fərəhləndirici hadisələr baş verib. Qırmızı Əmək Bayrağı ordeni alıb. Moskvada olub. Ümumittifaq Kənd Təsərrüfatı Elmi Cəmiyyətinin üzvü, Respublika komsomolunun plenum üzvü namizədliyinə seçilib. İxtisası üzrə ali məktəbdə qiyabi təhsil alır. Onu təbrik edirik.
- Ordeninin mübarək, Rəhilə! - dedik.
Vaxt gələcək onun sinəsini Qızıl Ulduz bəzəyəcəkdir. Elə Rəhilənin də arzusu budur.
Xalid Rəsulov, Dilafət Hadiyev, Cümə Kərimov… dünən təmir emalatxanasında görüşdüyümüz bu əmək bahadırları ilə bu gün tarlalarda, məhsulu maşınla yığılacaq sahələrdə rastlaşırdıq.
- Beş yüz tona söz yoxdur.
- Sərdara çatmalıyam.
- Şabanla yarışıram.
Onlardan aldığımız cavablar bu oldu. Özləri sadə, sözləri qısa, məqsədləri böyük.
Briqadirlər sahələri dolaşdıqca maşındakı radio telefonunun dəstəyini qaldırır. Kolxoz idarəsinin yanındakı dispetçer məntəqəsi cavab verir. İdarə başçıları ilə tarla işlərinin gedişi barədə işgüzar danışıqlar gedir…
Qazax, Qusar, Zəngilan, Dağlıq Qarabağdan, Salyandan partiya, sovet, komsomol, təsərrüfat işçiləri Bərdəyə gəlir. Seminarlar təşkil olunur. Bərdə mexanizatorları ilə təcrübə mübadiləsi keçirilir. Onların işinin sirləri öyrənilir.
Gecələr qısalır, gündüzlər uzanır, qış kəsərdən düşür, havalar isinir. Murovun Qarabağa sallanan ətəyindəki qalın qar getdikcə əriyib yox olur. Suların rəngi dəyişir. Taxıl zəmiləri baharın büsatına tələsirmiş kimi yaşıl libas geyinir. Ancaq Bərdə mexanizatorları əkinçiliyin sirlərini yaxşı bilirlər. Onlar tələsmirlər. Hər işin öz vədəsi vardır, - deyirlər. Səpinçilər yaraqlı-yasaqlı polad atlarının sükanı arxasında müsəlləh dayanıb baharın qədəmlərini, torpağın oyanmasını gözləyirlər.
Torpaq oyanır, əməkçilər minbir sevinclə tarlalara çıxırlar. Yaz tarla işlərini nümunəvi keçirmək, bol məhsul yetişdirmək, doqquzuncu beşilliyin müəyyənedici ilinin plan və öhdəliklərini vaxtındanəvvəl yerinə yetirmək üçün bütün qüvvələr səfərbərliyə alınır…
10 mart 1973-cü il
|