www.aliildirimoglu.az

OÇERKLƏR

ZİRVƏYƏ QALXAN CIĞIR

Ağ rəngli «Moskviç» maşını kənd soveti bina­sının qarşısında dayandı. Maşının rulu arxa­sında əyləşmiş iti baxışlı bir qadın qapını açıb düşdü, saatına baxdı. İş vaxtının başlanmasına xeyli qalma­sına baxmayaraq, kabinetinə keçdi. Səliqə ilə yığış­dırıl­mış stolunun üstündəki sənədləri bir-bir nəzərdən ke­çir­di. Dünən­dən hazırlanmış arayışları imzaladı. Əri­zə­lərin üstündə lazımi qeydlər apardı.

Kabinetin qapısı açıldı. Kənd sovetində vacib işi olanlar bir-bir içəri daxil olur, Suğraya ürəyini açır, sözlərini deyirdilər:

- Suğra bacı, təzə ev tikdirmişik. Divarı hörülüb üstünü örtmək üçün şifer lazımdır.

- Sən də mənim öz balam, ay Suğra! Nə gizlədim, gədəm son vaxtlar gözümə bir cür dəyir. Gəlinlə aralarında tez-tez giley-güzarları olur. Bəzən evə gec gəlir. Uşaqlarına yaxşı baxmır. Necə olsa kəndin böyüyüsən. Deyirəm çağırıb bir öyüd-nəsihət verəsən. Bilirəm, hamı səni sayır. Sözündən çıxmaz.

- Qadan alım, ay Suğra, oğlum əsgərlikdədir. Özü də lap o soyuq olan yerdədir. Yazır ki, ana kefim kök­dür. Andrey adlı bir əsgərlə də qardaşlıq olub. Yazır ki, darıxmıram. Məndən arxayın ol. Bilirsən Suğra, sözümün canı başqadır, e, qızım. Bir soyuducu almaq istəyirəm. Mən qoca arvadam. Rayon mər­kəzinə gedib-gələ bilmirəm, gəlinin də başı pambığa qarışıb. Deyirəm bu işə özün bir əncam çəkəsən…

Kolxozun inşaat briqadiri kənd sovetinin sədrindən kömək istəyir:

- Yoldaş Eminova, uşaq bağçasının tikintisinə sement çatışmır. Məktəbin tikintisi üçün daş lazımdır. Məsləhətiniz nədir?

nd qayğıları… Müxtəlif arzular, müxtəlif tələb­lər. Alçaq boylu gənc qız onun yanına gələnləri diq­qətlə dinləyir, hamıya qayğı göstərir, kənd cama­atının dərdinə şərik olur, xeyrinə-şərinə yarayır. Kabinetdən çıxanlar:

- Ağ günlü olasan bala! Ömrün uzun olsun, Suğra, yaxşıca dadımıza yetdin, - deyə öz minnətdarlıqlarını bildirirlər.

Telefon zəng çalır. Suğra dəstəyi götürür. Rayon partiya komitəsindən katibin köməkçisinin səsi eşidilir:

- Yoldaş Eminova, sabah yox, birisi gün saat on ikidə büro iclası var. Büronun gündəliyini sizə gön­­­də­rirəm. Müzakirə ediləcək məsələlərlə tanış olun.

Sovetin katibi içəri daxil olur. Dövlətə kənd təsər­rü­fatı məhsulları satışının gedişinə dair topladığı son məlu­matları ona təqdim edir. Suğra sənədlərdəki rəqəm­­ləri nəzərdən keçirir, sayğacda hesablamalar apa­rır. Onun işgüzar simasına xoş bir təbəssüm qonur. Suğra raport hazırlayır. Qələbə raportu. Onun sədr olduğu Otuz ikilər kənd soveti üzrə dövlət planları artıqlaması ilə yerinə yetirilmişdir. Vaxtından da dörd ay əvvəl.

Suğra fərəhlənir. Onun nikbin əhval-ruhiyyəsi özünü aydınca büruzə verir.

Kabinetdən çıxan Suğra havanın tutulduğunu, ara-sıra yağış damlalarının düşdüyünü görəndə bayaqkı sevinci bir andaca yox oldu. Onun qaşları çatıldı, öz-özünə düşündü: «İnşaat işləri dayanacaq, asfalt yolun çəkilişi ləngiyəcək, pambıqçıların əzab-əziyyətlə yetişdirdikləri məhsul…»

Suğra fikirli-fikirli «Moskviç» maşınına əyləşdi. Kürün sağ sahili boyunca uzanan geniş tarlalara tərəf yol aldı. Pambıqçılara baş çəkdi. Tarla bahadırları yağı­şın törətdiyi hər cür çətinliyə qəhrəmanlıqla sinə gərir, imkanlardan bacarıqla istifadə edirlər. Bun­ker­lər, xarallar, döşlüklər, tez-tez dolub-boşalır, avto­ma­şın­lar, lafetlər karvan-karvan sahələrdən qəbul mən­tə­­qələrinə doğru axışıb pambıq daşıyır.

Suğranın qəlbi riqqətə gəldi. O, Kürün mavi sula­rı­nı Qarabağın bərəkətli düzlərinə axıdan beton kana­lın üstündən salınmış enli körpüdən keçdi. Sonra dayanıb «Suğra yeri» adlanan sahəni gəzdi. Çınqıl kimi qozalar, kolların budağından sallanan lopa-lapa ağ pambıq. Suğra baxdıqca vəcdə gəlirdi. O tarladan çıxdı. Lakin aralana bilmədi. Sanki bu kiçik sahəyə bağ­lan­mışdı. Qədəmlərini ata bilmirdi. Elə bil ki, sehrlənmişdi.

Suğra kanalla tarlanın arasındakı yastı təpənin üstünə dikəldi. Gah ağ dona bürünmüş pambıq sahə­sinə, gah da kanalda burula-burula axıb köpüklənən suyun ləpələrinə heyranlıqla baxırdı. Kürdən əsən meh pambıqçılara qəhmər çıxırmış kimi təmiz səmaya hakim kəsilən boz dumanı uzaqlara qovurdu. Bulud laylarının arasından arabir boylanan günəşin zəif ziyası yaxınlıqdakı Sultanbud meşələrində bərq vur­duq­ca Suğranın çöhrəsindəki tutqunluq açılırdı. Ka­nal boyunca cərgələnən şümal söyüd ağaclarının budaqları rəqqasələr kimi o tərəf, bu tərəfə əyilir, yarpaqlar bir-birinə toxunduqca suyun ləpələri ilə danışırmış kimi pıçıldaşır, sanki böyük Nizaminin Bərdəyə qoşduğu şeirini oxuyur. Qarabağın bugünkü şöhrətindən, gələcək büsatından söhbət açırdı. Suyun aynasında tənbəl-tənbəl sürünən qızılı yarpaqlar xəyali bir quş olur, Suğranı qanadlarına alıb neçə il bundan əvvələ qaytarırdı…

Pambıqçılıqda o qədər də təcrübəsi yox idi. Kolxoz idarə heyəti istifadəsiz torpaqlar hesabına pambıq əkinlərini genişləndirmək məsələsini müzakirə edəndə Suğra kol basmış, daşlı-kəsəkli sahədəpambıq əkməyi təklif etdi:

- Özüm də becərəcəyəm, - dedi.

Buna etiraz edənlər də oldu. Ancaq Suğra ina­dın­dan dönmədi. Onun sözünü sındırmadılar. Qışda traktorlar işə düşdü. Yazda səpin getdi. Bitkilər tor­paq­dan baş qaldıranda Suğra pambıq kollarının arasında göründü. Atası Yusif kişi suvardı, özü becər­di, anası Sayalı köməyə gəldi. Çəkilən zəhmət hədər getmədi. Tarla barlı-bərəkətli oldu. Hər hektarından qırx sentner! Böyük qələbə idi!

«Suğra yeri». Həmin sahəyə belə ad verdilər. Suğranı pambıqçılığın geniş yoluna gətirib çıxaran cı­ğır bax buradan başlanır. Bir neçə hektarlıq sahədən. Bura Suğranın alnından nə qədər tər damcısı düşüb…

Artıq o günlər arxada qalıb. Suğranın kətmən vur­duğu, döşlük bağladığı, xaral götürdüyü günlər. İndi hər şeyə texnika kömək edir. Suğra məhsulunu maşın­la yığacağı tarlalara baş çəkdi. Sahələr dərmanlanıb, bitkilərin yarpağı tökülüb, kolların qol-budağında ağ pambıq salxımlanır. Tarlalar maşın gözləyir. Pam­bıq­yığan maşın.

Kəndə qayıdanda İliç lampaları sayrışırdı. Kolxoz idarəsində böyük canlanma vardı. O, kabinetə keçdi. Qovluqlar yan-yana düzülmüşdü. Nə qədər görüləsi işlər, çəkiləsi qayğılar vardı.

Suğra pambıq toplanışının gedişi barədə idarə heyə­tinin başçıları ilə məsləhətləşdi. İşdəki kəm-kəsir cəhətləri aradan qaldırmaq, mavi gəmilərin hamısını tarlalara çıxarmaq, yığımın sürətini artırmaq haqda birgə rəyə gəldilər. Tapşırıqlar verildi, tədbirlər müəyyən olundu, hər kəs öz sabahkı işini bildi.

Suğra sübhün gözü açılmamış oyanmışdı. Dan ul­duzu gözdən itəndə o pambıqyığan maşının yanında idi. O, aqreqatın işlək orqanlarını dönə-dönə yoxladı. Sükanın arxasına keçdi, meydana çıxdı. Əmək meydanına.

Ömrünün iyirmi beş ilini briqadirliyə həsr edən Lə­­tif kişi Suğranı görəndə ürəyi dağa döndü:

- Tarlalar səni gözləyir, ay qızım, - dedi. - Bu il hər hektardan qırx sentnerə söz verəndə, bu məhsulun ha­mısı maşınla toplanacaq, - deyəndə sənə arxa­lan­mışam.

Suğra gülümsünərək:

- Sizi darda qoymaram, Lətif əmi, - deyib sükanı xüsusi bir çevikliklə hərlədi, mavi gəmisini cərgələrin arasına doğru istiqamətləndirdi. Maşın alaqsız sahə­lər­də irəlilədikcə yarpaqsız kolları bəzəyən ağ pambıq tərtəmiz sorulub qar kimi bunkerin toruna toxunur və üst-üstə qalanırdı.

Lətif kişi:

- Suğra özünü yaxşıca yetirdi. Bu gün briqadamız azı on faiz pambıq verəcək, - deyə ümid dolu nəzərləri ilə ağ cərgələrin arasında ləngər vuran səhra gəmisinə baxdı.

* * *

Suğra hələ altıncı sinifdə oxuyanda vaxt tapıb hər gün atası Yusifə, anası Sayalıya qoşulub tarlaya gedirdi. Məgər yay tətili zamanı onu bircə gün də evdə saxlamaq olardı?! Yusif kişi ayağına uzunboğaz çəkmə geyib, əlinə bel alır, cərgələrin başında ləklər düzəldir, suyu şırımlara paylayırdı. Suğra sahənin kəna­rında əlvan çiçəklərdən çələng hörərdi. Su şırımın ayağına çıxan kimi Suğra atasına tərəf qaçır, kollara ilişir, büdrəyir, yıxılır, ayağa qalxır, Yusif kişiyə yaxınlaşdıqca:

- Ata! Ay ata! Suyun yolunu dəyiş, cərgənin aya­ğına çatıb! Tez ol! Tez ol! Su axıb getdi! - deyə qeyri-adi bir hadisə baş veribmiş kimi həyəcanla qışqırırdı.

Yusif xəfifcə güldükcə alnındakı sıx qırışlar açılır, bir ata nəvazişi ilə Suğranı bağrına basır, əllərini onun qara saçlarında gəzdirirdi. Yusif suyun istiqamətini dəyişdirəndə Suğra atasının karına gəldiyi ilə fəxr edir, bir uşaq şıltaqlığı ilə hey atılıb-düşürdü.

Suğra Sayalı xalaya yanaşır, anasının əlindən kət­məni alır, həvəslə bitkilərin dibini yumşaldırdı.

 - Ana, ay ana, necə kətmən vururam? Məndən pambıqçı olacaq?

 - Olar, olar gözümün işığı, lap yaxşı olar. Kətməni lap məndən də yaxşı işlədərsən. Təki həvəsin olsun.

Lətif işin üstünə gələndə Suğra briqadiri razı salmaq üçün daha da canı-dildən çalışardı. Lətif kişi də ona ürək-dirək verərdi:

 - Ay bərəkallah qızım! Sayalı, bu qız lap görüb-götürmüş pambıqçıdır, - deyə balaca qızını tərifləyirdi.

Suğra yeddinci sinfi bitirəndə kətməndən yapışdı. Özünə ayrıca sahə götürdü. Gündüzlər tarlalara çıxdı, axşamlar kəndli-gənclər məktəbində təhsilini davam etdirdi. Orta məktəbi beləcə başa vurdu. Öz əməyilə ad-san qazandı. Onun şöhrəti Bərdəyə yayıldı. Suğra partiya sıralarına keçdi. Pambıq yığımının vaxtı gələndə əli gündə iki yüz kiloqramdan çox məhsul topladı. Hamı onun bacarığına qibtə etdi.

Suğra daha yüksək zirvələrə yeni yollar axtarırdı. Bərdədəki peşə-texniki məktəbində oxudu. Milin mayakı, Sevilin kiçik bacısı Sona ilə bir sinifdə əyləşdi. Mexanizatorluq peşəsinə yiyələndi. Tarlalara ağ ör­pək çəkiləndə «mavi gəmi»sinin sükanı arxasına keçdi. Birinci il beş ton, üçüncü il bu rəqəmi əlli tona çatdırdı. Suğranın adı qarşısında yazılan rəqəmlər ilbəil dəyişdi, artdı. Suğranın topladığı pambıqdan neçə-neçə tayalar ucaldı. Bu ağ qızıl təpələri çoxaldıqca Suğranın da şöhrəti eldə-obada gəzdi. Respublika Ali Sove­ti­nin deputatı oldu. «Şərəf nişanı» ordeni aldı. Lenin yu­bi­ley medalına layiq görüldü. Sevil Qazıyeva adına prizin qalibi oldu…

Kommunistlər Suğranın işgüzarlığının şahidi olan­da onu kolxoz partiya təşkilatına katib seçdilər. Bu avan­­qard dəstənin qüvvəsi ilə Kirov adına kolxoz səkkizinci beşilliyi görkəmli əmək nailiyyətləri iləbaşa vurdu.

Bərdə kommunistlərinin məclisində suğra Eminova raykomun büro üzvü seçildi. Onu kənd sovetinə sədr məs­ləhət gördülər. Gənc Sovet sədri deputatlarla, kolxoz fəalları ilə əlbir-dilbir oldu. Neçə-neçə ictimai, mədəni-məişət binasının bünövrəsi qoyuldu. Kolxoz kəndlərində tikinti və abadlıq işləri yeni vüsət aldı. Torpaq yollara asfalt salındı.

Ancaq Suğra «mavi gəmi»sindən ayrıla bilmir. Qo­za­lar pardaqlananda, pambıq yığımının vədəsi gələn­də Suğra sükan arxasına keçir. Mexanizator həmkar­la­­rının cərgəsinə qoşulur, onların önündə gedir…

Axşamdan xeyli keçib. Tarladan əl-ayaq yığışıb. Ayın süd rəngli şüası öz ziyasını ətrafa səpib.

Kürün sahilində bir ocaq şölələnir. Kolxozun vete­ranı Fatma xala ağ samovara çör-çöp salır. Sonra qazan­dakı xörəyi qarışdırır. Ocağın işıq saldığı yaşıl çəmənlikdəki təmiz süfrəyə pendir-çörək, mer-meyvə düzür, stəkan-nəlbəkini silib təmizləyir. Lətif  kişi arabir:

- Fatma bacı, əlli tərpən, indi bunker dolub, Suğra gələcək, - deyib ocağın gözünə quru odun qoyur.

Səs eşidilir. Gələn Suğra idi. O yorulmuşdu. Ay işı­ğın­da maşınla pambıq toplamaq asan deyildi, çətin idi. Sürücü gərək diqqətli olaydı. Suğra buna alışmışdı. Ay işığında maşını cərgə aralarında işlətməyi bacarırdı.

Suğra tələsik çay içdi, çörək yedi, yenə "Mavi gəmi"sinə tərəf getdi.

 - Belə olmaz, ay Suğra. Bir az dincəlsənə? – Onu Lətif kişi məzəmmət etdi.

 - Lətif əmi, bu oktyabr ayının yağışları gözümü yaman qorxudub. Havalara etibar yoxdur. Gecə şehi düşənə kimi gərək yığaq. Vaxtı itirmək olmaz, - deyib kiçik qardaşını səslədi:

 - Aslan, tez ol, şpindelləri təmizlə. Bunkeri iki dəfə də dolduraq.

 - Baş üstə, bu saat, - deyə Aslan cəld ayağa qalxdı…

Cərgə aralarında "Mavi gəmi" yenə də irəliləyirdi.

 

1973-cü il




















 

© 2011. Bütün hüquqlar Əli İldırımoğluna məxsusdur.
www.aliildirimoglu.az və ya www.aliildirimoglu.com