OÇERKLƏR
ÇOBANLAR
Babaş kişi küzün qapısını açıb körpə quzuları çölə çıxartdı. Balaca quzulara günəşin istisi lazım idi. Təcrübəli çoban təzəcə doğulmuş quzulara daha çox qayğı göstərirdi.
Biz fermaya çatanda Babaş kişi ay ərzində doğulan quzuların hesabını aparırdı. Onunla görüşüb, gəlişimizin məqsədini deyəndə çoban gülümsündü. Babaş gümrah sifətinə razılıq ifadəsi verərək, qıvrım saçaqları qaşlarına sallanan papağını geri itələdi və nikbin əhval-ruhiyyə ilə:
- Qədəmləriniz yüngüldür, - dedi, - düzü, bu gecə gözlərimə yuxu getməyib. Dalbadal düz on beş qoyunumuz doğub. Yeddisinin balası əkizdir. Sağlığınıza birinin də burnu qanamayıb. Hamısı da salamatdır. Bizim bəxtimizdəndir. İl ildən uğurlu gəlir. Srağa gün çoban yoldaşlarımla söhbət edirdik. Bildir bizim fermalarda cəmi beş min quzu doğulmuşdur. Bu il yeddi mindən ötüb.
Babaş Hüseynov ani olaraq sözünə fasilə verib əlindəki cilalanmış zoğal ağacına dirsəkləndi. Sonra o, məğrur bir görkəm alaraq:
- Gərək işə can yandırasan. Cəfasını çəkməsək, səfasını görmərik. Gecələr növbə çəkirik, tez-tez küzlərin havasını dəyişirik, quzuların altına otla qarışıq yumşaq küləş döşəyirik. Balasını almayan quzuların yeri ayrıdır. Əkiz doğan qoyunların yeminə xüsusi fikir veririk.
Qoyun-quzu küzlərinə baxdıq. Küzlərdə səliqə- sahman vardı. Qoyun və quzuların rahatlığı üçün əla şərait yaradılmışdı. Çobanlar öz peşələrinə necə də qayğı ilə yanaşırlar. Min əhsən. Onların hünərinə, onların əməyinə.
Səidə xala boz alaçığın qabağında zümzümə edən ağ samovara bir neçə kömür saldıqdan sonra qəddini düzəltdi. O, həyat yoldaşına tərəf dönərək:
- Ay Babaş - dedi, qonaqları soyuqda saxlama, qoy içəri keçib bir stəkan çay içsinlər.
Babaş Səidənin sözünə qüvvət verdi. Biz isə dil-ağız edib, onların qonaqpərvərliyinə qarşı minnətdarlığımızı bildirdik.
Lakin Babaşın da, Səidənin də incik qaldıqlarını hiss edib sözlərini sındırmadıq, alaçığa keçdik. Yerə iri sumağı gəbələr salınıb. Baş tərəfdə qurulan uca yükün üstünə bəzəkli kilim çəkilib. Səidə xala üzərində milli naxışları olan iri sandığı açıb təmiz stəkan-nəlbəki çıxartdı. Özündən gülləri olan süfrəyə gilənar mürəbbəsi qoydu. Uşaqlar məxmər döşəkçələrin üstündə bardaş qurmuşdular. Babaş gözucu onlara nəzər salaraq, özünəməxsus zarafatla:
- Hürkütməsən sanamaq olmur - dedi - uşaq sarıdan da qəmimiz yoxdur, bir deyil, beş deyil…
Səidə xalanın çöhrəsinə xəfif bir qızartı çökdü. O, sinəsinə sallanan güllü yun şalın saçaqlı ucunu boynundan arxasına tərəf aşıranda sinəsindəki orden göründü. Qəhrəman ana ordeni. Babaşdan soruşduq:
- Neçə nəfər övladınız var?
Babaş kişi eyni nikbinliklə:
- On bir uşağımız var, - dedi, - dördü qızdır, yeddisi oğlan. Müsahibim bildirdi ki, Babaş kişinin uşaqları böyükdürlər. Təsərrüfatın müxtəlif sahələrində işləyirlər.
Səliqə ilə geyinib-kecinmiş balaca Şəfəq əlində ağac alaçığın qabağındakı quzuların yanında dayanmışdı. Babaş ona işarə edərək:
- Çobanlığa yaman həvəsi var, - dedi. - Diribaş uşaqdır, mənə çəkib deyirlər.
Diqqətimizi ayrı şey cəlb edirdi. Alaçığın çubuqlarından iki boz şinel asılmışdır. Biri nimdaş, ətəyi deşik-deşik. Biri isə təptəzə, elə bil qayçıdan indicə çıxıb. Rəngi də dəyişilməmişdir. Yükün üstünə bir əsgər papağı qoyulmuşdur. Babaş kişi əsgər geyimlərinə diqqətlə nəzər saldığımızı hiss edib qürurla:
- Məgər çobandan əsgər olmaz?! – dedi. Vətənimizin üzərini qara buludlar alanda çoban ağacını yerə qoydum, cəbhəyə getdim, silaha sarıldım. Ukrayna, Bolqarıstan, Çexoslovakiya, Rumıniya… Müharibə qurtaranda yenə də öz doğma peşəmə qayıtdım, çomağımı götürdüm. Həmin köhnə şinel bax o məşəqqətli günlərin yadigarıdır. Böyük oğlum Abbas on beş gündür ki, əsgərlikdən qayıdıb. Gələn gündən əsgər şinelini çoban yapıncısı ilə əvəz edib. İndi örüşdədir, qoyun otarır. Burada olsaydı, görüşüb söhbət edərdiniz. Əsgərlik borcunu şərəflə yerinə yetirib, çoxlu medalları var. İndi ona deyirəm ki, ay oğul, gərək bu boz sürülərin arxasında ad-san çıxarıb, qəhrəman olasan. İndi ata-oğul birlikdə beş yüz baş ana qoyun bəsləyirik.
Fermaları gəzdikcə, hünərli çobanları dinlədikcə, onların fədakarlığının şahidi olduğu anda insan qəlbi riqqətə gəlir. Şirin Əhmədov zootexnik diplomu alanda ona müxtəlif vəzifələr təklif olundu. Ancaq o, doğma kəndinə qayıtdı. Hələ uşaqlıq illərindən sürülərin, qoyun-quzu mələrtisinin, çiçəkli çəmənliklərin, sərin bulaqların, qarlı dağların vurğunu olan Şirin çoban çomağından yapışdı. Ancaq onu ferma müdiri vəzifəsinə qoydular. Şirinin başçılıq etdiyi kollektivin istehsal edib sənaye müəssisələrinə göndərdiyi yun öz yüksək keyfiyyəti ilə fərqləndi. Şirin respublikada böyük hörmət qazandı. Budur, Şirin qışın qarlı günlərinə əhəmiyyət vermirmiş kimi qoyun damlarını, quzu küzlərini dolaşır. O, çobanlara məsləhət verir, qoyun-quzunun gümrah olması üçün ən kiçik imkanları belə nəzərdən qaçırmır.
Şirinlə söhbət etdik. Sözü qısa, amalı böyük, dedikləri həqiqət:
- Beşilliyin üçüncü ilinin həlledici olduğunu çobanlarımız yaxşı başa düşür və bu sahədə əllərindən gələni əsirgəmirlər. Plana görə bu il təkcə bizim fermada on min baş qoyun olmalıdır, lakin hazırda qoyunların sayını on üç min başa çatdırmışıq. Bildirə nisbətən bu il doğulan quzuların sayını üç min başdan beş min başa çatdırmağa müvəffəq olmuşuq. Yemimiz bol, heyvandarlarımız işgüzar…
Şirin bizimlə danışdıqca iri qara gözlərini aralıdakı sürüdən çəkmirdi. Onun hara isə tələsdiyini hiss etdik. Eşidib gördüklərimiz bizim üçün kifayət idi. Ona mane olmadıq, xudahafizləşdik. Şirin bizdən ayrılanda fürsət gözləyirmiş kimi aralıdakı sürüyə tərəf yönəldi. O, əvvəlcə yeyin addımlar atdı, sonra yüyürdü.
Bizə dedilər ki, o tərəfdə çobanlardan biri qaydanı pozub. Bu söz geniş düzlərdə rast gəldiyimiz «sərhəd» ağaclarının mənasını aydınlaşdırdı. Burada örüşlər, vaxtında əkilmiş arpa xəsilləri hissələrəbölünmüşdür. Sahələrin arasına ağaclar sancılmışdır. Bəli, hər bir örüşün otarılma müddəti vardır. Qoyulmuş qaydanı pozmaq olmaz.
Hümmət Rüstəmov adlı-sanlı çobandır. Fermada dörd oğlu, bir qardaşı ilə çalışır, qoyun bəsləyir. Onlara çobanlar ailəsi deyirlər. Günəşin zəif ziyası Hümmətin döşündə parlayan Qırmızı Əmək Bayrağı ordenində bərq vururdu. Bəslədiyi beş yüz qoyundan altı yüzə yaxın quzu alması Hümmət Rüstəmovun heç də ürəyindən deyil. İşindən o qədər də razı deyildir. Deyir ki, cəmi altmış qoyunumuz əkiz doğub, sonra o, qəti bir ümidlə:
- Sürüdə hələ yüzə qədər boğaz qoyun var, bu gün, sabah doğacaq. Gərək bu il quzuların sayını heç olmasa yeddi yüzə çatdıram. Çoban əməyinə verilən qiymətin müqabilində bunlar nədir ki?!
Göz işlədikcə uzanan geniş düzlərdə tikilmiş boz alaçıqların çoxunu görmək olmur. Yalnız tutqun səmaya dirəklənən bənövşəyi tüstü uzaqdakı qışlaqların yerini büruzə verir. İki böyük ferma, dörd briqada, bir-birindən aralıda yerləşən yetmiş çoban alaçığı. Ürək açan faktlar, maraqlı hadisələr, mənalı çoban həyatı. Kiçik bir məktubun yox, böyük bir romanın mövzusu. Əlbəttə hamısını bu oçerkdə təsvir etmək mümkün deyil. Lakin el ağsaqqalını heç zaman unutmaq olmaz. Həsən Heydərovu deyirəm. Bu səyyar çoban kəndinin ağsaqqalını. Əməkdə olduğu kimi, hər bir işdə də çoban həmkarlarının karına gəlir. Biri qız ərə verəndə, oğul evləndirəndə, toy məclisləri qurulandı Həsən kişi başda əyləşir. Səriştəli çoban, yaxşı ata, xeyirxah insan. Bu gün onun kefi həmişəkindən də kök idi. Oğlanlarından Əsgərxan ali məktəbdə yaxşı oxuduğu, Qardaşxan nümunəvi əsgər olduğu barədə atalarına məktub yazmışdı. Övladları atalarının qoyunçuluqda yüksək göstəricilərə nail olmasından sevindiklərini bildirirdilər.
Fermalarda çobanlardan ibarət bir ansambl vardır. Pəsərək saz çalmaqda mahirdi. Babaş dəf vurur, Mehmanla Elman gözəl muğamat oxuyurlar. Tütək çalanların adını yazsaq, gərək burada bir siyahı tutaq. Havalar xoş keçəndə, iş yüngülləşəndə, qayğılar azalanda axşamlar çoban ansamblının konserti başlanır. Əlbəttə Həsən kişinin məsləhəti ilə. Hamı çalıb çağırır. Alaçıqlardan yüksələn şən musiqi sədaları Lənbəran düzlərinə yayılır.
Bu günlərdə Həsən kişi neçə qıza elçi gedib. Abbasa, Əliyə, Allahverdiyə nişan qoyulub, toy tədarükü görülüb. Ancaq Həsən kişi deyir ki, gərək qışlamanı müvəffəqiyyətlə başa vuraq, yaza alnıaçıq, başıuca çıxaq, fermanı yaylağa qaldıraq. Sonra toy ziyafətinə başlayaq. Əslində bunun başqa bir sirri də vardır. Bunu Həsən kişi özü açdı.
- Bilirsiniz - dedi, - qonşu-qonşu ilə tən gərək. Bizim yaylaq qonşularımız var. Ermənistanın Vardinis rayonundakı Lenin adına kolxozun heyvandarları ilə neçə ildir ki, yaylaq qonşusuyuq. Onlar da, biz də şənliklərimizi bir yerdə edirik. Əgər onlarsız məclis qursaq Raçiqin, Rafiqin, Joranın üzünə çıxa bilmərik.
Əsl ağsaqqal məsləhətidir. Qonşuluğunuz mehriban, toylarınız mübarək olsun, Həsən kişi!
Sevindirici haldır ki, indi qışlağa avtomaşınlarla su daşınmır. Burada qazılan subartezian quyusundan su fəvvarə vurur. Dəstə-dəstə qız-gəlin sənəklərini doldurub alaçıqlara tərəf yönəlirlər. Bir sözlə, sudan korluq yoxdur.
Yaz qırxımından sonra qoyunları çimizdirmək üçün zoobaytar qaydalarına uyğun vannalar tikilmişdir. Mexanizatorlardan Hüseyn Həsənov prestləmə maşınını işə salır, yun qırxan aqreqatlara əl gəzdirir. Heyvandarlar bu il əlli tondan çox yun istehsal edib ölkəmizin sənaye müəssisələrinə göndərəcəklər. Bu işə indidən hazırlıq görülür.
Zavodun direktoru, gənc iqtisadçı Səyyar Verdiyev ağ daşdan tikilmiş üstü şiferli binaları işarə edərək:
- Qamış küzləri bu cür əsaslı və etibarlı binalarla əvəz etməyə başlamışıq, - dedi. - Bildir üçünü tikmişik, bu il dördünü istifadəyə verməliyik. Gərək bu işi sürətləndirək. Tikinti təşkilatlarına ehtiyacımız yoxdur. Özümüzün inşaat briqadamız vardır. Bir də ki, varlığa nə darlıq. Beşilliyin həlledici ilində bütün planlar ödənib, milyon manata yaxın gəlirimiz olub. Axı niyə də olmasın. Bax, bu sayı-hesabı olmayan sürüdən başqa dörd yüz baş inəyimiz vardır. Hər inəkdən iki min kiloqramdan çox süd götürürük. Biz doqquzuncu beşilliyin axırına kimi süd istehsalını min tona, ət istehsalını üç yüz tona, yun istehsalını yetmiş tona çatdırmağı qət etmişik. Qışlamadan qorxumuz yoxdur. Çoxlu qüvvəli, şirəli və qaba yem toplamışıq. Bolluca soluxdurulmuş ot tədarük etmişik.
Fermaları gəzdikcə müsahibim, Rayon İcraiyyə Komitəsinin sədri Ənvər Əliyev qələmini çıxarıb, çobanların arzu və tələblərini cib dəftərçəsinə qeyd edirdi. Əlbəttə, onların giley-güzarını unutmaq, ehtiyaclarını nəzərə almamaq olmaz.
Axşam qaranlığı yaxınlaşdıqca hava tutqunlaşır, Kürün sərt sazağı böyük çillənin soyuqlarını daha da şiddətləndirirdi. Pətəkdən qalxan arılar kimi havada oynaşan qar yol-rizi örtürdü. Bu düzlərə yavaş-yavaş ağ örpək çəkilirdi. Çobanlar əllərində fənər qoyun-quzunu küzlərə salıb yerbəyer edirdilər. Alaçıqlardan süzülən işıqlar, orda-burda alovlanan tonqallar qışın qatı qaranlığını ferma düşərgələrindən uzaqlara qovurdu. Növbə çəkən çobanların dilləndirdiyi tütəklərin həzin səsi, nərmə-nazik bayatılara, yaxınlıqdakı göllərə doğru baş alıb gedən vəhşi qazların hay-küyünə qarışaraq bir simfoniya kimi dalğa-dalğa gecənin dərinliklərinə yayılırdı…
6 fevral 1973-cü il
|