 |
OÇERKLƏR
UCALTDIĞIM EVLƏR UCALDIR MƏNİ
Başı sıx meşələrlə örtülmüş alçaq təpələrin, qranit qayaların arasından, sıldırımlı yamacların sinəsindən keçən Bərgüşad çayının gecə-gündüz çağlayıb layla çaldığı Qubadlı qəsəbəsində iş vaxtı qurtarırdı. Fəhlə və qulluqçulardan kimi sakini olduğu qəsəbədəki evinə yönəlir, kimi də avtobuslara əyləşir, köhləninə süvar olur, geniş yollarla, dar cığırlarla, dik yoxuşlarla, əyri-üyrü enişlərlə yaxınlıqdakı Mahmudlu, Qayalı, Çardaqlı, Dəmirçilər, Qəziyan kəndlərinə yollanırdı. Kiçik qəsəbənin təzə salınmış enli küçəsi ilə irəliləyən bir gənc buralara nabələd olduğundan tez-tez ayaq saxlayır və yaxından ötənlərdən çəkinə-çəkinə soruşurdu:
- Rayon İcraiyyə Komitəsi harada yerləşir?
Nabələd adama arxın kənarında sıralanmış uca çinarların, yaşıl söyüdlərin arasından ağaran ikimərtəbəli binanı göstərdilər. Başqa birisi aralıqda, dörd bir tərəfinə inşaat materialları səpələnmiş, yarımçıq divarların yanında dolaşan ortaboylu qadına işarə edərək:
- Rayon İcraiyyə Komitəsinin sədri bax, odur, - dedi. - Adı Məsudədir, familiyası da Rüstəmova.
O, yolunun istiqamətini dəyişib göstərilən səmtə tərəf yönəldi. Məsudəyə yanaşdı, - axşamınız xeyir, - deyib tanışlıq verdi:
- Aydın Cəfərov.
Məsudənin çöhrəsində xoş bir ifadə göründü:
- Sizi dinləyirəm, - dedi.
- Yoldaş Rüstəmova, Füzulidən gəlirəm, - dedi, - dörd nömrəli səyyar mexanikləşdirilmiş dəstənin rəisiyəm. İdarəmiz cəmi bir neçə aydır ki, təşkil olunub. Bu qəsəbədə bünövrəsi qoyulan məktəbin tikintisini biz başa çatdırmalıyıq. Gəlmişəm həmin obyektlə tanış olam, tikintini təhvil götürək, işə başlayaq.
Məsudə Rüstəmovanın görkəmi ciddiləşdi. Onun təbəssümündəki səmimiyyət bir anda yox oldu. Məsudədə qəzəb və etiraz hissləri baş qaldırdı. O, narazılığını bildirdi:
- Bu da dördüncü idarə, - dedi. - Bir qonaq kimi xoş gəlmişsiniz, ancaq xətrinizə dəyməsin, sizin aranızda olan bəzi inşaatçıları görəndə elə bil başım ağrıyır. Əgər bəzi tikinti idarələri başçılarının verdikləri yalan vədləri üst-üstə yığa bilsəydik, indi Qubadlıda iki orta məktəb binası ucalmışdı.
Aydın utandığından nə cavab verəcəyini bilmədi. Məsudə haqlı idi. Burada yeni orta məktəb binası tikmək üçün dövlət iki yüz min manatdan çox vəsait ayırmışdı. Üç ildən artıq idi ki, bu iş bir tikinti təşkilatından digərinə keçir, əldən-ələ dəyişilirdi. Ancaq daş-daş üstə qoyulmurdu. Hörülən divarlar da uçub tökülürdü. Üç il ərzində vur-tut əlli min manatlıq inşaat işi görülmüşdü. Aydın dördüncü tikinti təşkilatının başçısı idi ki, bu barədə Məsudə ilə məsləhətləşirdi. Məsudə Rüstəmova Aydınla çox soyuq danışırdı. Aydın özü də bunu hiss edib vəziyyətdən çıxmaq üçün ortalığa çökən sükutu pozdu.
- Yoldaş Rüstəmova, siz düz deyirsiniz. Ancaq hər idarənin öz ünvanı var, - dedi. - Biz ki, hələ birinci dəfədir bura gəlirik. İşə başlayarıq, görərsiniz. Məsudə Rüstəmova əvvəlki kimi inad edərək:
- Göz gördüyünə inanar. Sizdən əvvəlki rəislər də belə deyirdilər. Nəticəsi də bax, budur…
O, yarımçıq binanın divarlarını, günün, yağışın altında qalıb xarab olan inşaat materiallarını göstərdi.
* * *
… Aydın Qubadlıdan Füzuliyə qayıdanda Əkərə çayının qıjıltısına, Arazın ayna sularına, Mahruzlu , Zilanlı kəndlərinin bağ-bağçasında bərq vuran gül-çiçəyə, Gəyənin məxmər düzlərinə yayılan qoyun-quzu sürülərinə, təmiz səmaya seyrək tüstü buraxaraq Bakı-Yerevan istiqaməti ilə baş alıb gedən qatarlara, Cəbrayılın dağlarında əks-səda verən parovozların fit səsinə əsla məhəl qoymadan hey fikirləşirdi. O, Məsudə xanımın sözlərini unuda bilmirdi. «Yalan vədləri üst-üstə yığa bilsəydik…», «Bəzi inşaatçıları görəndə…».
Aydın təkcə bir inşaatçı kimi deyil, həm də bir kommunist kimi düşünürdü. Bayaq Məsudə Rüstəmovanın istehza dolu eyhamlarından inciyirdisə, növbəti görüş üçün tutarlı cavablar hazırlayırdısa, indi daxilən Məsudəyə haqq verir, özünü təqsirkar hesab edirdi. «Yox, mən kommunistəm, gərək seçdiyim peşənin, sevdiyim sənətin qədrini biləm. Onun şərəfini qoruyam. Məsudə Rüstəmovanın bizim barəmizdəki təsəvvürünü dəyişdirəm. O, doğru deyir. Adam gərək dediyi sözün sahibi olsun, verdiyi vədə əməl etsin. Burada quru mübahisəyə girişməyə dəyməz. Qolumuzu çırmayıb sübut etməliyik».
Aydın Füzuli şəhərinə çatar-çatmaz artıq öz qərarını qəbul etmişdi. O, bu barədəki plan və mülahizələrini mühəndislərlə, iş icraçıları ilə, təcrübəli inşaatçılarla müzakirə etdi. Təcili olaraq məktəbin tikintisinə başlayıb bu işi tezliklə qurtarmaq üçün konkret tədbirlər müəyyən olundu, tapşırıqlar verildi. Hərə öz vəzifəsini bildi. İllərdən bəri Qubadlı qəsəbəsinin bir küncündə yarımçıq qalan məktəb tikintisində iş qaynamağa başladı. Aqreqatlar səs-səsə verdi. Pas atmış mexanizmlər hərəkətə gəldi. Aydın isə vaxtlı-vaxtında inşaatçılara baş çəkdi, kimin öz vəzifəsinə necə yanaşdığını yoxladı, görülən işin keyfiyyətinə fikir verdi və arabir əlini iş icraçılarının çiyninə qoyub:
- Qadan alım, cəld tərpənin, - dedi - keyfiyyəti unutmayın, elə edin ki, Qubadlı camaatının qarşısında xəcalətli qalmayaq.
Günlər keçdi. İlin gözəli, fəsillərin gəlini olan may başa çatdı. Gecələr gödəldikcə, gündüzlər uzandıqca tikinti sürətləndi. Məsudə Rüstəmovanın əvvəlki ümidsizliyi yox oldu. Burada təhsil alacaq uşaqların sevinci artdı.
Çox keçmədi ki, məktəbin tikintisi başa çatdı. Məsudə Rüstəmova Aydın Cəfərovun və onun başçılıq etdiyi işgüzar kollektivin üzvlərinin əlini sıxıb:
- Sağ olun, qələbənizi ürəkdən təbrik edirəm, - dedi.
Məktəb zənginin ahəngdar səsi eşidilirdi. Bayaqdan bəri bu yeni binanın geniş həyətində şənlik edən qırmızı qalstuklu uşaqlar hələ yağlı boyaların özünə məxsus ətri çəkilməyən işıqlı otaqlara axışırdılar.
… İndi bu gənc kommunist öz inşaatçılar dəstəsini Əyin dağlarının ətəklərinə çəkmişdir. Səyyar dəstənin skreperləri, buldozerləri, ekskavatorları bu yerlərə keşik çəkirmiş kimi, məğrur dayanan quşqonmaz qayalara meydan oxuyur.
Motorların gurultusundan lərzəyə gələn sahələrdə binalar ucalır, yollar salınır, yüksək gərginlikli elektrik xəttinin metal dirəkləri yerbəyer edilir. Yeni daş karxanasının bünövrəsi qoyulur. Aydın gecə-gündüz çalışır ki, tikinti tezliklə başa çatsın, daşkəsən aqreqatlar hərəkətə gəlsin, gənc sənaye müəssisəsinin istehsal edəcəyi vəzncə yüngül, keyfiyyətcə yüksək olan daşlar şəhər və kəndlərimizi bəzəsin, binalara yaraşıq versin.
Aydın Cəfərov idarənin xidmət etdiyi Zəngilan, Cəbrayıl, Füzuli rayonlarının yaşayış məntəqələrində aparılan tikinti işlərindən həvəslə danışır. O, danışır ki, Cəbrayılda dörd yüz min manata yaxın smeta dəyəri olan internat məktəb, rayon partiya komitəsinin işçiləri və müəllimlər üçün yaşayış binaları, Zəngilanda 536 nəfərlik orta məktəb binası tikib istifadəyə vermişik. Füzuli şəhərində 400 nəfərlik tamaşa salonu, mədəni-kütləvi iş üçün müxtəlif otaqları olan ikimərtəbəli kino-teatr binası ucaltmışıq. Binanın gözəlliyinə, işin keyfiyyətinə görə respublika Kinematoqrafiya Komitəsinin Fəxri Fərmanını almışıq.
Köndələn çayından keçib sola tərəf burulanda ilk dəfə Qoşa Təpənin arasındakı alçaq binalar, dəmir relslər üzərində qoyulan səyyar otaqlar nəzərə çarpır. İdarənin yerləşdiyi binaları gəzirik. İş otaqları alçaqdır, balacadır, lakin təmizdir, səliqəlidir.
Bu yaxınlarda respublika üzrə tikinti kollektivlərinin sosializm yarışına yekun vurularkən ilk dəfə Aydın Cəfərovun adı çəkildi. Azərbaycan Kənd Tikintisi Nazirliyinin, Tikinti və Tikinti Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika komitəsinin keçici Qırmızı bayrağı və birinci pul mükafatı Aydının başçılıq etdiyi kollektivə verildi. Bəli, inşaatçılar beşilliyin üçüncü ilini alnıaçıq, başı uca, keçici Qırmızı bayraqla qarşılamışlar. İndi onlar daha müvəffəqiyyətli addımlar atırlar. Plan şöbəsinin müdiri deyir ki, bu il iki milyon manatlıq tikinti işi görməliyik. Füzulidə, Cəbrayılda və Zəngilanda yeni inzibati binalar, neçə-neçə mədəni-maarif müəssisələri, səhiyyə-sağlamlıq ocaqları, yaşayış evləri tikirik. Aydın narazılıq edir. O gileylənir ki, ilin başlanğıcı gödək günlərə, soyuq havalara «təsədüf etdiyi» üçün işimiz o qədər də fərəhləndirici deyil. Düzdür ilin birinci yarısında yarım milyon manatlıq inşaat işi görmüşük. Bu, plana görə, yaxşı göstərici olsa da, malik olduğumuz imkanlara görə heç də fərəhləndirici deyil. Axı, respublikamızın şəhər, qəsəbə və kəndlərində yeni binalar salmağı bizə tapşırıblar.
Kommunist-inşaatçı Vətən, xalq qarşısındakı borcunu belə başa düşür. O, hələ su tikintilərini layihələşdirmə institutunun Bakı şəhərindəki təchizat bölməsində mühəndis işlərkən kəndə can atırdı. Bu xoş arzular onu kəndə gətirib çıxardı. Aydın Cəfərov yollar çəkdirdi. Jdanov, Ağcabədi rayonlarındakı yeni sovxoz şəhərciklərinin yaradılmasına başçılıq etdi. Hadrut, Martuni rayonlarının kəndlərində binalar ucaltdı.
Tikmək, qurmaq, yaratmaq, hamı üçün yaşamaq! Təkcə Aydın deyil, onunla çiyin-çiyinə işləyən bütün inşaatçıların amalı belədir. Aydın düşünür ki, Füzulidə mənə etimad göstərilir. Rayon partiya komitəsinin üzvüyəm, rayon Sovetinin deputatıyam. Böyük bir kollektivə başçılıq edirəm. Bu etimadı doğrultmaq lazımdır.
1978-ci il
Qubadlı
|
 |