OÇERKLƏR
İKİ QƏLBİN FƏRƏHİ
Traktorlar nərə çəkir, xoruzlar banlayır, qoyun-quzu mələşir. Bir-birinə qarışan bu səslər dalğa-dalğa ətrafa yayılır. Kəhrizli kəndini şirin yuxudan oyadırdı. Kolxozçuları kənddən tarlalara aparacaq avtomaşınlar bayaqdan bəri idarə binasının qabağındakı geniş meydançada dayanıb, arabir siqnal verirdi. İşə tələsən pambıqçılar ikibir, üçbir kəndin küçələri ilə avtomaşınlara tərəf axışırdı.
Zərqələm hövsələsizliyini yenə də büruzə verdi. Yemək olan bağlamanı kətməninin sapına keçirib çiyninə aldı və avtomaşını gözləmədən iti addımlarla tarlaya tərəf yollandı. Zərqələmə elə gəlirdi ki, bu gün sahəyə ondan qabaq çıxan olmayacaq. Ancaq torpaq yola təzə düşən ayaq izləri onun bu fikrini alt-üst etdi. Zərqələm tutulan kimi oldu. Addımlarının sürətini artırdı.
Birdən o öz-özünə düşündü: «Bəlkə bu Möhsündür. Axı, o da qabaqcıl olmağa çalışır». Sonrakı fikri Zərqələmin qəlbində xoş bir arzu oyatdı. Möhsünlə görüşmək arzusu. Bir dəfə sədrin - Möhsün briqadanın dayağıdır, - deyib onu təriflədiyini Zərqələm öz qulağı ilə eşitmişdi. Əlinə kiçik radioqəbuledici alıb, qoltuğuna nərd vuraraq kəndin küçələrində veyil-veyil dolaşan oğlanlardan Zərqələmin zəhləsi gedirdi. Zərqələmin belə gəncləri görən gözü yox idi. Möhsünə isə vurulmuşdu. Zərqələmin ona qarşı bəslədiyi nəcib hisslərin əsl səbəbi Möhsünün qoçaqlığı, işgüzarlığı, əməyi ürəkdən sevməsi idi. Zərqələm indiyədək heç kəsə açmadığı bu sirri hələ də gizli saxlayırdı. Amma Möhsün bunu duymuşdu.
Bu gün Zərqələm tək idi. Odur ki, dillənmirdi. Xəyala dalmışdı. Ayaq izlərinə baxdıqca başında cürbəcür fikirlər dolaşırdı: «Qoy tarlaya məndən qabaq çıxsın.
Görəsən odurmu? Bəlkə mən yanılıram. Birdən bu gün məni qabaqlayan başqası olar».
Yol haçalandı. Zərqələm sola tərəf buruldu. Pambıq tarlaları buradan başlanırdı. Zərgələm yanılmırdı. O idi. Möhsün suyu şırımlara paylayıb, sahənin başında məğrurcasına dayanmışdı. Qarabağ çöllərinin qurtaracağından boylanan avqust günəşi təndirin ağzı kimi alovlanaraq göydəki buludları öz şəfəqi ilə qızardır və ağır-ağır qalxıb yaşıl tarlalara ilk şüalarını yayırdı. Möhsün ana arxlarda köpüklənib daşan vəburula-burula şırımlara axan suyun şırıltısına həssaslıqla qulaq asırdı. O, Zərqələmin ayaq səslərini əsla eşitmirdi. Bunu Zərqələmin özü də hiss edib ona tərəf atdığı addımlarını bir az yavaşıtdı. Möhsünün nəzərləri suyun aynasında Zərqələmə sataşdı. O, diksinən kimi oldu. Möhsün geri döndü. Zərqələm onun lap böyründə dayanmışdı. Onların məhəbbət dolu baxışları bir-biri ilə rastlaşdı. Zərqələm xəfifcəgülümsəyib, qızartı çökmüş yanaqlarını Möhsündən gizlədirmiş kimi başını aşağı dikdi. Möhsünün nitqi tutulan kimi oldu. Deməyə söz tapmadı. Vəziyyətdən çıxmaq üçün beli götürüb suyu o biri şırımlara axıtdı. Kolxozçuları gətirən avtomaşın toz qaldıra-qaldıra onların yanından ötəndə şofer kabinədən başını çıxarıb Möhsünə bic-bic baxdı və güldü. Kolxozçular Möhsünlə Zərqələmi xoş təbəssümlərləsalamladılar. Möhsün qəddini əyərək arx-bərələri sürətlə nizamlayır, suyun qabağındakı kəsəkləri belin ucu ilə bir kənara atırdı. Zərqələm gözünün ucu ilə altdan-altdan Möhsünə baxırdı. O, bu dəqiqələrdə elə bil hər şeyi unutmuşdu. O, kətməni götürüb səhər suvarılacaq sahələrin alağını vurmağa, bitkilərin dibini yumşaltmağa başladı.
Biri suçu, biri pambıqçı. Onların görüş yeri pambıq tarlaları oldu. Bu xəbər bütün Kəhrizli kəndinə yayıldı. Deyilənlər doğru çıxdı. Onlar evləndilər, Möhsünlə Zərqələm daha tarlaya qoşa gedir, işdən qoşa qayıdırdılar. Birinin əlində bel, birinin əlində kətmən. Möhsün təcrübəli suçu, qabaqcıl əmək adamı kimi Çkalov adına kolxozda ad-san çıxarmışdı. Zərqələmin də qədəmləri uğurlu oldu. Bir gün Möhsünü kolxoz idarəsinə çağırıb təcrübəli suçu, səriştəli pambıqçı kimi briqada başçısı qoydular.
Möhsünün qayğıları daha da artdı, birə-beş oldu. O, briqadanın sahəsini gəzdi, torpağı yoxladı, başçılıq etdiyi kollektivin üzvlərini yerbəyer etdi. Birinci ilin nəticəsi pis olmadı. Briqada planı artıqlaması ilə ödədi. Ancaq hər hektardan iyirmi sentner Möhsünü açmadı. Zərqələm də bir dəfə zarafata salıb sözarası demişdi:
- Kommunist briqadirə hektardan iyirmi sentner yaraşmaz.
Düzdür, Möhsün həm həyat, həm də pambıqçı yoldaşının bu sözünü zarafat kimi qəbul etdi. Ancaq bu söz onu düşündürməyə başladı. Partiya yığıncağında kolxozun təsərrüfat vəzifələri müzakirə olunarkən Möhsün başçılıq etdiyi briqadanın adından hər hektardan otuz sentner məhsul götürəcəyinə söz verdi.
Hər hektarda məhsuldarlığı birdən-birə on sentner artırmaq heç də asan iş deyildi. Bunu Möhsün özü də yaxşı başa düşürdü. O başa düşürdü ki, partiya yığıncağında - kənd kommunistlərinin bu hörmətli məclisində verilən vədi, deyilən sözü yerinə yetirməmək olmazdı. Möhsün elə həmin gündən tədbirlər arayıb axtardı. O, səhər idarəyə getdi. Kolxozun sədri ilə məsləhətləşdi:
- Yoldaş sədr, - dedi. - Torpağımıza söz yoxdur. Adamlarımız da çalışqandır. Amma saniyədə səksən litr kəhriz suyu ilə beş yüz hektardan artıq sahədə pambıq yetişdirmək müşkül işdir. Bu, dəvəni xəlbir ilə suvarmağa bənzəyir. Əgər suyumuz bol olsa…
Haqlı sözə nə demək olar? İdarə heyəti müvafiq təşkilatlarla əlaqə yaratdı. Kolxoza iri qazma qurğuları gətirildi. On bir yerdə subartezian quyusu qazıldı. Geniş düzlərdə yeraltı sular fəvvarə vurdu. Əkinlər sirab oldu. Möhsün Qəhrəmanovun başçılıq etdiyi briqadada pambığın məhsuldarlığı hər hektarda otuz iki sentnerə çatdırıldı. O isə arxayınlaşmadı. Çalışdı, düşündü. Evdə pambıqçı həmkarı Zərqələmlə, kənddə kolxozun veteranları ilə, idarədə aqronomla, sahədə mexanizatorlarla götür-qoy etdi: məhsuldarlığı artırmaq, Vətənə mümkün qədər çox pambıq vermək üçün. Onun briqadası kolxozdan fərqli olaraq hər yuvada iki yox, bir bitki saxladı. Yuvalar arasındakı məsafə torpağın qüvvəsindən asılı olaraq müəyyən edildi. Möhsünün fikrincə seyrəltməni bu üsulla aparanda hər hektarda kifayət qədər kol olur, bitkilər normal inkişaf edir, cərgəaralarında pambıqyığan maşınlar rəvan işləyir. Əldə edilən nəticələr Möhsünün bu fikirlərini təsdiq etdi. Briqada hər hektardan otuz beş sentner məhsul götürdü. Briqadanın sahəsi idarə heyəti tərəfindən kolxozun qabaqcıl təcrübə tarlası elan edildi.
Bəli, Möhsünün başçılıq etdiyi briqada təcrübə məktəbi oldu. Bu məktəbdə neçə-neçə pambıqçı yetişdi. Çkalov adına kolxozun pambıq tarlalarından qəbul məntəqələrinə məhsul sel kimi axdı. Ancaq pambıqçıların qarşısında yeni vəzifələr dururdu: əkinçiliyin mədəniyyətini yüksəltmək, ağır zəhmət tələb edən işləri mexanikləşdirmək, pambığı maşınla toplamaq, məhsulun maya dəyərini aşağı salmaq. Kolxozun idarə heyəti, ilk partiya təşkilatı bütün briqadalarda istiqaməti bu məsələlərin həllinə yönəltdi.
Qozalar açanda, tarlalar ağ dona bürünəndə, yığımın vaxtı çatanda bəzi briqadirlər sözlərinə xilaf çıxdılar, məhsulu maşınla yığmaqdan boyun qaçırdılar. Sədrlə briqadir Nəcəfqulu Quliyev tarlanın kənarında üzbəüz dayanmışdılar. Sədrin simasında bir sərtlik vardı. Briqadir təkid edirdi:
- Əziyyətlə yetişdirmişik. Maşın salsaq, əməyimiz hədər gedəcək.
Pambıqyığan maşınlar bir kənarda dayanmışdı. Sürücü mexaniklər söhbətin nə ilə qurtaracağını gözləyirdilər. Sədr isə briqadirlə razılaşmırdı. Möhsün məsələnin nə yerdə olduğunu biləndə söhbətəqarışdı. Nəcəfqulunu başa saldı ki, texnikanı qiymətləndirmək lazımdır. Sonra sədrdən xahiş etdi:
- Maşınları əvvəlcə bizim briqadanın sahəsinə salaq, - dedi, - çünki biz sahələri dərmanlamışıq, kolların üstündə bir dənə də yarpaq yoxdur.
Sədrlə Möhsün irəlidəki sahələrə tərəf yönəldilər. Sürücü-mexaniklər də maşınları işə salıb ağır-ağır onların ardınca hərəkət etdilər. Zərqələm cərgələr arasında dolaşır, gözdən yayınıb qalan alaq otlarını kökündən çıxarıb atırdı. Tarlanın kənarları hamarlanmışdı. Maşınlar səliqə ilə becərilmiş cərgələrin arası ilə ləngər vura-vura irəliləyirdi. Bu, bir sınaq idi. İlk sınaq. Məhsul tərtəmiz bunkerlərə sorulduqca, Zərqələm maşınlara məftunluqla baxırdı. Onun zərif sifəti gülümsəyirdi. Sədr minnətdarlıqla Möhsünə baxırdı. Möhsünün ağıllı hərəkəti sədri sevindirmişdi. Nəcəfqulu isə kənardan pambıqyığan maşınları seyr etdikcə bayaqkı etirazının peşmançılığını çəkirmiş kimi köksünü ötürdü və dalğın halda geri dönüb briqadasına qayıtdı.
Möhsünün briqadasından başlanan bu ilk cığır Çkalov adına kolxozu maşınla pambıq yığımında geniş yollara çıxardı. Burada maşınla pambıq yığımı təkcə Ağcabədi kolxozlarına yox, bütün Qarabağ təsərrüfatlarına bir örnək oldu. Kolxozda şöhrəti bütün respublikamıza yayılan İnqilab Əliyev, Saday Qəhrəmanov, Hidayət Cəfərov kimi hünərli sürücü-mexaniklər yetişdi.
Bir gün rayon mərkəzindən kolxoza zəng vurub dedilər:
- Bərdəyə gedirik, yarış şərtlərini yoxlamağa. Möhsün də nümayəndə heyətinin tərkibinə daxil edilmişdir.
Möhsün təzə paltarını geyindi. Zərqələm Qırmızı Əmək Bayrağı ordenini Möhsünün sinəsindən asdı. Onlar evdən birlikdə çıxdılar. Ancaq şose yoluna çatanda ayrıldılar. Zərqələm tarlaya getdi, Möhsün isə Bərdəyə.
Bərdə pambıqçıları rayon mərkəzindəki mədəniyyət evinə toplaşmışdılar. Ağcabədidən gəlmiş yarış dostlarının apardıqları yoxlamanın nəticələri müzakirə olunurdu. Növbə Möhsünə çatdı. O, qısa, ancaq mənalı danışdı:
- Briqadamızın illik planı iki yüz tondur. Mən dörd yüz tona söz verirəm. Bütün briqadirləri ikiqat plan uğrunda yarışa çağırıram.
Alqış qopdu. Hamı əl çaldı. Raykomun katibi Möhsünün əlini bərk-bərk sıxıb onu bərdəlilərin adından təbrik etdi.
İkiqat plan uğrunda! Yarışan rayonlarda bu bir şüar oldu. Yerli qəzetlər Möhsündən yazdı, radio ondan danışdı. Möhsünün çağırışı dildən-dilə düşdü, eldən-elə yayıldı. Bərdədən Möhsünün briqadasının sahəsinə dəstə-dəstə mexanizatorlar, mütəxəssislər gəldi, görmək üçün, öyrənmək üçün.
Tarlalar barlı-bəhərli oldu. Hər yerdə yığım başlandı. Ağcabədidə ilk raportu Möhsün Qəhrəmanovun başçılıq etdiyi briqada verdi. Hər hektardan otuz yeddi sentner, bir sözlə, iki yüz ton əvəzinə, dörd yüz səkkiz ton, çoxu da maşınla.
Afərin Möhsün! Afərin Zərqələm! Zərqələmi ona görə deyirik ki, tarlada da, ailədə də onlar çiyin-çiyinə çalışırlar. Hər bir qələbədə şərikdirlər. Biz də bu oçerki yazarkən onları bir-birindən ayırmadıq. Axı birləşən ürəkləri ayırmaq olmazdı.
Sədr ötən illərə nəzər salır və yeni ildən söhbət açır. Deyir ki, pambıq istehsalına dair beşillik planı dörd ildə ödəmişik. Kolxozçularımız bu il həmişəkindən yaxşı işləyirlər.
Texnika saz, şum hazır, vəzifələr aydın. Yaza hazırlıqda elə bir ciddi kəm-kəsirimiz yoxdur. Niyə də olsun. İdarə heyətinin Möhsün kimi etibarlı dayaqları vardır.
Kəhrizli düzlər qış yuxusundan oyanmışdır. Torpaq şumlanır, torpaq gübrələnir, torpaq arata qoyulurdu. Sahələrdə həyat bulaq kimi qaynayırdı. Bahar qayğıları ilə yaşayan əməkçilər tarlalarda çiyid səpininə başlamışdılar. Çiyidsəpən aqreqatlar sanki yarışa çıxmışdılar. Çiyid kvadrat-yuva üsulu ilə əkilirdi.
Möhsünlə Zərqələm yorulmaq bilmirdilər. Bu il tarlalarda bol məhsul olacağını düşündükcə sanki qollarına qüvvət gəlirdi.
…Möhsünlə tarlada - iş başında görüşdük. Xeyli söhbətdən sonra cibindən «Kommunist» qəzeti çı-xartdı. Qəzetin birinci səhifəsini göstərib dedi:
- 1974-cü il martın 29-da pambıqçıların respublika yığıncağında Azərbaycan KP MK-nın birinci katibi H.Əliyev yoldaşın məruzəsi pambıqçı dostlarımda böyük ruh yüksəkliyi yaratmışdı. Azərbaycanın pambıqçıları bu il Vətənə 430 min ton «ağ qızıl» verməlidirlər. Tarlalarda məhsuldarlığın bünövrəsi aprel ayında - çiyid səpinində qoyulur. Hamımızın məqsədi birdir: - Dövlət planına və sosialist öhdəliyinə əməl edək!
1976-cı il
|