www.aliildirimoglu.az

OÇERKLƏR

TƏŞƏBBÜS

Kommunistlərin məclisində hamıdan arxada əy­lə­şən balaca boylu bir qız çəkinəəkinə ayağa qalxdı. İlk partiya təşkilatının katibi Əli Səlimovdan soruşdu:

 - Təhvil verilən pambığın neçə tonu maşınla yığılıb?

Hamı bir-birinin üzünə baxdı. Kolxozun iqtisadçısı dilləndi:

 - 37 tonu.

 - Əl ilə yığılan pambığın hər tonuna neçə manat xərc çəkilib?

İqtisadçı qabağındakı sənədləri vərəqləyərək:

 - Qurudulmasını, xarala doldurulub yüklənməsini, boşaldılmasını nəzərə almasaq 130 manat, - dedi.

- Bəs maşınla yığılan məhsulun hər tonuna nə qədər xərc çəkilib?

- Vur-tut on manat.

Yığıncaqdakıların təəccüb dolu nəzərləri bu diribaş qızın məğrur görkəminə dikildi. Onun qızartı çökmüş yanaqlarında mirvari dənələri kimi tər tumurcuqlandı. Diləfruz daha sualını təkrar etmədi. O, sakitcə əyləşib başını aşağı dikdi və aldığı cavablardan təəssüf­lə­nir­miş kimi xəfifcə gülümsündü. Əli Səlimov ilk partiya təşkilatının yığıncağında pambıqçılığın vəziyyətinə dair söhbətini tamamladı. Müzakirə davam etdi. Hərə öz fikrini dedi. Diləfruz söz aldı. Onun simasında bayaqkı utancaqlıqdan əsər-əlamət yox idi. Ciddi bir görkəm almışdı. Diləfruz kommunistə xas olan bir qətiyyətlə danışırdı.

- Əlbəttə, məni düşündürən və narahat edən təkcə istehsal olunan məhsulun maya dəyərinin bahalığı de­yil, hər il yığımda geri qalırıq. Payızın yağışları başla­yanda, iş çətinə düşəndə, yığımın sürəti azalanda məktəblilərə, idarə işçilərinə üz tuturuq. Köməyə gələnlər bir mövsümdə nə qədər pambıq yığa bilirlər? Otuz ton. Axı, bu qədər məhsul bir pambıqyığan maşının cəmi üç günlük normasıdır.

Kimsə kinayə ilə:

- Qızım, sən hələ cavansan, çox şeyi bilmirsən, bura Özbəkistan deyil. Qarabağ şəraitində maşınla pambıq yığmaq sənə o qədər də asan gəlməsin, - dedi.

Diləfruz qürurunu pozmadan cavab verdi:

- Özbəkistanda pambığı asfaltın üstündə əkmirlər. Orada da pambıq torpaqda əkilir. Maşınlarla yığılır. Maşınları da idarə edən bizim kimi sürücü-mexa­nik­lər­dir. Bir də ki, axı bizim Tursunoy Axunovadan nə­yi­miz əskikdir? - deyə sual dolu nəzərlərilə hamını süzdü.

Diləfruza dodaq büzənlər də oldu. Ancaq kom­mu­nist­lərin əksəriyyəti onun tərəfində dayandı. İlk par­tiya təşkilatında Diləfruzun təklifləri ilə əlaqədar ola­raq tədbirlər müəyyən edildi…

Qayınanası Fatma xala həmişəki kimi onu yenə də gülər üzlə qarşıladı və:

- Səndən nigaran qaldım, qızım, Diləfruz - dedi. - Qadan alım, iclasın nə çox çəkdi?

Diləfruz qayınanasının qayğıkeşliyindən məmnun olduğunu büruzə verib Fatma xalaya kömək etməyə baş­ladı. Qaynamaqda olan ağ samovarı süfrənin baş tərə­finə gətirdi. Asif televizorun qabağından qalxıb ye­mək stoluna yaxınlaşdı. Ailənin bütün üzvləri Diləfruzla Fatma xalanın hazırladığı süfrənin ətrafına yığışdılar. Onlar görüb-görəcəkləri işlər barədə şirin söhbət açdılar. Asif bugünkü qoçaqlığından danışdı:

- Briqadirin tapşırığına görə bu gün sahəyə dörd avtomaşın gübrə daşımalı idi. Bax, bir gündə sahələrə nə az, nə çox düz yeddi maşın gübrə boşaltmışam.

Diləfruz öz aləmində idi. Onun fikirli baxışları bir nöqtəyə zillənib qalmışdı. Xəyal Diləfruzu bir neçə il bundan əvvələ, boya-başa çatdığı Bərdə rayonuna, anadan olduğu Qarayusifli kəndinə çəkib apardı.

 

* * *

Diləfruzun idarə etdiyi pambıqyığan maşın cərgə aralarından çıxıb sahənin kənarına buruldu. O, iri lafetə yan alıb dəstəyi çəkdi. Pambıq dolu bunker uğul­tu ilə qalxıb lafetə tərəf əyildi. Bunkerin ağzı açıldı. Ağ pambıq  qar uçqunu kimi kuzova töküldü. Asif bir kənarda dayanıb onun çevikliyinə məftun­luqla baxırdı. Diləfruz bunkeri endirib maşını irəli verəndə gözü avtomaşının kabinəsində donub qalan bu sarışın oğlana sataşdı. Ondakı marağı hiss etdi. Lakin özünü o yerə qoymadı. Mavi gəmisi ilə tarlanın dərinliklərinə doğru irəlilədi. Asif Diləfruzun maşını gözdən itənə qədər onu müşayiət etdi. Asif o zaman Bərdədəki tikiş fabrikində şofer işləyirdi. Aldığı tapşırığa görə Ordjonikidze adına kolxoza köməyə gəlmişdi. Diləfruzun üzv olduğu kolxoza. Asif pam­bıq­qurudan meydançada yan-yana düzülmüş dolu xaralları maşına yükləyib Bərdə pambıq qəbulu məntəqəsinə apardı. Onun fikri-zikri Diləfruzun maşını cövlan edən tarlalarda qalmışdı. Asif bir göz qırpımında qəbul məntəqəsindən tarlaya qayıtdı. Bu dəfə Diləfruzun mavi gəmisinə Asifin avtomaşını yan aldı. Onların maşını neçə dəfə sahənin kənarında qoşalaşdı. Diləfruz yığdı, Asif daşıdı. Onlar açıq danışa bilmirdilər. Buna imkan da yox idi. Ancaq hər ikisinin tez-tez rastlaşan mənalı baxışlarındakı məhəbbət hissləri aydınca duyulurdu.

Asiflə Diləfruzun sevgisi buradan başlandı. Əmək meydanından.

Çox çəkmədi ki, Asiflə Diləfruza toy məclisi quruldu. Komsomol toyu. Bir neçə ildir ki, Bərdənin adlı-sanlı qızının səs-sorağı Ağdamdan gəlir. Ağdam­dakı 26 Bakı komissarı adına kolxozdan. Onlar sevi­şəndə Diləfruz ürəyindən keçənləri Asifə bildirmişdi, tarlaya qoşa çıxmaq, mavi gəmiləri qoşa sürmək. Asif buna razı olmuşdu. Ancaq bu arzu hələ həyata keçməmişdi. Bu Diləfruzun qəlbində bir nisgil idi.

 

* * *

Diləfruzun qabağındakı pürrəng çay buğlanmırdı, soyumuşdu. O, öz həyat yolundakı bütün bu hadisələri kino lenti kimi bir anda xəyalında dolandırdı.

- Diləfruz, çayını iç, soyuyub buza döndü, nə fikrə getmisən?

Asifin bu sözü Diləfruzu düşüncələrdən ayırdı. Diləfruz çaydan bir-iki qurtum içib stəkanı nəlbəkinin içərisinə qoydu. O, Asifə elə baxırdı ki, elə bil…

- Diləfruz, sözlü adama oxşayırsan. Bəlkə?.. - Asif sözünün gerisini demədi. Diləfruz handan-hana:

- Asif, - dedi, - mən söz vermişəm. Ancaq tək əldən səs çıxmaz. Biz sürücü-mexaniklərin sayını artır­malıyıq.

Fatma xala kənardan özünə məxsusbir zarafatla:

- Bax qızım, o dəstənin «qəməndiri» də özün olarsan, - dedi

Asiflə Diləfruz gülüşdülər. Diləfruz sözünə davam etdi:

- Bu il gərək pambıqyığan maşınların birindən də sən yapışasan. Bu bizim əvvəlki arzumuzdur. Xatırlayırsanmı?

Fatma xala yenə də yarızarafat:

- Qızım, Asifi qınama, - dedi, - qorxur ki, səninlə ayaqlaşa bilməsin.

Sonra Fatma xala tam bir ciddiyyətlə damarları görünən əllərini Asifə tərəf silkələdi:

- Diləfruz doğru deyir. Otuz il bu əllərimlə pambıq yığıb, əzab-əziyyətini görmüşəm. Niyə, bəyəm sən Sərdardan əskik oğlansan? Qəzetlər hey ondan yazır, radiolar hey ondan danışır.

Fatma xalanın Diləfruza qəhmər durması ona xoş təsir bağışladı. Asif nikbin bir əhvali-ruhiyyə ilə dedi:

- Heç nəyi unutmamışam. Dediyim sözün sahi­bi­yəm. Sabahdan sənə yoldaş oluram.

Fatma xala ilə Diləfruza elə bil dünyanı bağış­la­dılar.

Səhərisi Diləfruz İsa kişigilə getdi. Solmaz və Səda­qətlə görüşdü. Bacıları məzəmmət etdi:

- Cibində diplomu olan sürücü-mexanik də evdə işsiz oturar?! Bəs, onda texniki-peşə məktəbini nə üçün bitirmisiniz? Bir evdə iki mexanizator ola-ola kol­xo­zumuz pambıq yığımında geridəqalsın, hə?

Qızlar atalarından cavab gözləyirmiş kimi onun üzünə baxdılar. İsa kişi Diləfruzə müraciətlə:

- Doğru deyirsən, qızım. Düzdür, məktəbi bitiriblər. Ancaq qız uşaqlarıdır, özləri də çox cavandırlar. Deyi­rəm birdən bacarmazlar, təkərin-zadın altına düşərlər. Peşmançılıq olar. Amma özlərinin yaman həvəsi var. Elə özüm də istəyirəm. Bulaq gözünü kor istəməz. Ancaq ata qəlbidir, bir az ehtiyat edirəm.

Diləfruzun yanaqlarına xoş bir təbəssüm qondu. O  gülümsünərək:

- İsa əmi, xətrinizə dəyməsin. Bu heç də düzgün fikir deyil. Bir də sizi qınamıram, məktəbi qurtaranda elə mənim də anam sizin kimi düşünürdü. Düzdür, yenilik heç vaxt özünə asanlıqla yol tapmır. Biz sükandan cəsarətlə yapışmalıyıq. Qorxan gözə çöp düşər. Demə ki, Diləfruz lovğalanır. Mən özüm də neçə ildir ki, sükan arxasındayam. İldə maşınla iki yüzdən çox pambıq yığıram. Partiyamız, hökumətimiz əməyimi həmişə qiymətləndirir. Bir az təvazökarlıqdan kənara çıxsam da deməliyəm: - Bax, respublika komsomolu Mərkəzi Komitəsinin üzvüyəm. Mənə mükafat olaraq bir «Moskviç» maşını verilib. Sevil Qazıyeva adına mükafat məndədir. Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanına layiq görülmüşəm. Respublikanın birin­ci dərəcəli sürücü mexanikiyəm, pambıq usta­sı­yam, Qırmızı Əmək Bayrağı ordeninə layiq görül­mü­şəm. Nəyə görə? Əməyimə, işimə görə.

İsa kişinin, onun mexanizator qızlarının gözlərində sevinc qığılcımları parladı. İsa kişi təmkinlə:

- Ağ günlü olasan, Diləfruz,  - dedi. - Madam ki, məsləhət görürsən, heç mənim də sözüm yoxdur. Onlar da sənin kiçik bacıların. Özün bilən yaxşıdır.

- Arxayın ol, İsa əmi, lap arxayın ol. Biz əl-ələ versək dağı dağ üstünə qoyarıq, - deyə qolunu qızların boynuna saldı.

… Diləfruz sürücü qızları ətrafına topladı, kəndin səriştəli mexanizatorlarından bir dəstə düzəltdi. Kol­xoz yeni pambıqyığan maşınlar aldı. Qozalar açanda, yaşıl tarlalar ağ dona bürünəndə sahələrdədoqquz pambıqyığan maşın göründü. Diləfruz sükan arxasına qalxanda sağında Asif dayandı, solunda Solmazla Sədaqətin gəmiləri irəlilədi. O, arabir maşından enib bacılara yanaşırdı. Onlara məsləhətlər verir, bilmə­dik­lərini başa salırdı. Özü isə pambığın sürətlə və itkisiz toplanması uğrunda mübarizənin önündə getdi. Geridə qalanlara kömək əli uzatdı.

Kommunist mexanizator Bərdədə olduğu kimi, Ağ­damda da maşınla pambıq yığımında ad-san çıxardı. Gənc sürücü-mexaniklərə yeni-yeni cığırlar açdı. Hamı Diləfruzun arxasınca irəlilədi. Kolxozun təhvil verdiyi məhsulun çoxu maşınla toplandı. İstehsal edilən pambığın maya dəyəri xeyli aşağı salındı.

Diləfruza, onun rəfiqələrinə - afərin - dedilər.

Diləfruz səmərəli təkliflər verir. Deyir ki, gərək hər bir sürücü-mexanik məhsulunu topladığı sahəni özü şumlaya, özü becərə. Belə olanda sahələrin məh­sul­dar­lığı xeyli artır.

- Bu il yüz hektar sahə götürmüşəm. Həmin sahədə şum, əkin, becərmə, yığım işlərini özüm görəcəm.

Diləfruzun bu yeni təşəbbüsünə neçə-neçə sürücü-mexanik tərəfdar çıxır.

nc sürücü-mexanik dəstənin önündə gedir. Onun səsi yenə də pambıq tarlalarından gəlir.

Diləfruz deyir:

- Maşın insanın qanadıdır.

 

1979-cu il




















 

© 2011. Bütün hüquqlar Əli İldırımoğluna məxsusdur.
www.aliildirimoglu.az və ya www.aliildirimoglu.com