www.aliildirimoglu.az

OÇERKLƏR

SƏTİRLƏNƏN XATİRƏLƏR

İsa müəllimlə son görüşümüz yaxın bir dostu­mu­zun yubiley məclisində oldu. Bir-birimizdən hal-əhval tutduq. - Hələlik bağ evindəyik, - dedi. - Nə vaxt de­sən maşın göndərim, bacımı da götür gəl (həyat yolda­şımı nəzərdə tuturdu). Dünya ölüm-itimdi, bu gündən sabaha etibar yoxdu. Oturub çay içək, ağıllı-başlı dərd­­ləşək, keçmişləri yada salaq.

Vədələşdik ki, istilər sınanda  onun və ya mənim bağımda görüşək. Ancaq sən saydığını say, gör fələk nə sayır. «Zörən jurnalist» romanının təzəcə kompü­ter­­dən çıxan  ikinci hissəsini vərəqləyib, bəzi düzəlişlər etdiyim anda telefon zəng çaldı. Fikirli-fikirli dəstəyi qaldırdım. Yaxınlarımızdan birinin kədərli səsi eşidildi:

- Bəd xəbər olmasın, - dedi, - İsa müəllim rəhmətə gedib…

Yerimdəcə donub qaldım. Qulaqlarıma inanma­dım. Necə yəni İsa müəllim dünyasını dəyişib?! Qəl­bimdə baş qaldıran bu suala cavab tapa bilmədim.  Ni­za­mi­nin sözləri yadıma düşdü: «Nəqdi əlimizdəbir günü­müz var, ona da şamadək yoxdu etibar». Qoca nə­nəm də hərdən deyərdi ki, ölüm qaşla-göz ara­sın­dadır.

Əlimi üzümə qoyub fikrə daldım. Xəyalımın qanad­la­rında ötüb-keçmiş günlərə qayıtdım. Bir andaca yarım­əsrlik yol qət etdim. Gəncliyimin iyirmi sək­kizinci qışını, dəqiq desək, 1955-ci ilin şaxtalı yanvar günlərini yaşadım…

«Kommunist» qəzetinin xüsusi müxbiri kimi Nax­çıvana gəlişimin həftəsi tamam olmamışdı. Hələ mən­zil verilmədiyindən, vilayət partiya komitəsinin qo­naq evindəki bir çarpayılıq otaqda qalırdım.  Ax­şam çağı Mərkəzi Komitənin ezamiyyətdə olan mühazirəçilər qrupunun rəhbəri Əsəd Əsədovla ümumi zalda oturub söhbət edirdik. Qapı açıldı. İçəri alçaq boyu, xoş sifəti, səliqəli geyimi olan və ilk görü­nüşdə yaxşı təsir bağışlayan cavan bir oğlan daxil oldu. O, qısa hal-xoşdan sonra harasa tələsirmiş kimi Əsəd Əsədovu kənara çəkib nə isə dedi və tez də qayıdıb getdi. Əsəd Əsədov mənə tərəf yönəlib:

- Bu yoldaşı tanıdınız?!

- Xeyr, birinci dəfədir görürəm, - cavab verdim.

Müsahibim:

- İsa Mamedovdur, - dedi. - Axşam məktəbinin direk­toru. Vilayət komsomol komitəsinin birinci kati­bi işləyib. Sonra nə isə katiblikdən çıxardıblar.  Vaxtilə bir yerdə oxumuşuq. Burda olduğumu eşidib gəlib. Bu axşam məni evinə dəvət edib. Dedi ki, «Kommu­nist»in müxbirinə də de, qərib adamdır, tək qalmasın. Gəlsə, onu da gətir.

Əsəd müəllim üzümə zəndlə baxaraq əlavə etdi:

- Məktəb yoldaşı olmuşuq, yuxarıdan aşağı düşüb, getməsəm inciyər. Ona görə də sözünü sındırmadım. Bir halda ki, sizi də dəvət edir, gedək, - dedi. - Pis adam deyil. Mərd xasiyyəti var. İntəhası, arşınının əyi­lən vaxtıdır. Onu mənim qədər tanıyan olmaz. Çox qo­çaq, işgüzar yoldaşdır. Sözsüz ki, axşam məktəbi onun yeri deyil.  Məncə, tezi-geci layiq olduğu yeri tutar…

Qaranlıq çökəndə Əsəd müəllimlə birlikdə getdik. İsa müəllim tanıdığı və tanımadığı qərib qonaqlarını gö­rəndə onun aydın, çevik baxışlarında sevinc ifadəsi cilvələndi. Ailə üzvləri də xoşhal oldu. Onlarınəhval-ruhiyyəsindən, danışıq tərzindən hiss edirdim ki, İsa müəllim və onun həyat yoldaşı necə sadə, səmimi, açıqü­rəkli, qonaqpərvər insanlardır.

Təpərli, zirək, səriştəli adamların istəməyənləri,  bivec­lərinkindən çox olur. Bu mənada İsa müəllimi də gözü götürməyənlər az deyildi. Hətta yuxarı dairə­lər­də İsa müəllimlə yaxınlığımızdan xoşu gəlməyənlər də var­dı. Buna baxmayaraq, ilk dəfə evində olub, çörə­yini kəsdiyim adamlarla əlaqəmi üzmürdüm. Hərdən vaxt tapıb görüşürdük.

Bir neçə ildən sonra İsa müəllimi rayon maarif şöbə­sinə müdir qoydular. Çox keçmədi ki, şəhərin kəna­rında təzə tikilib istifadəyə verilmiş internat mək­təbə direktor göndərildi. Taleyindən gileyliydi. Hər­dən­bir məktəbə gedib İsa müəllimə baş çəkməyim ona təsəlli olurdu. Məktəbin həyətini gəzəndə əlinin qabar­ları diqqətimi cəlb etdi.

- İsa müəllim, bu nədi?! Yer belliyirsiniz? - Ərkyana soruşdum.

İsa müəllim  xəfifcə gülümsündü:

- Əlac nədir?! - dedi. - Çünki oldun dəyirmançı, çağır gəlsin dən Koroğlu. Bir halda ki, bura direktor məs­lə­hət görüblər, gərək var gücümlə çalışam. İstəyirəm mək­­təbin həyəti yaşıllıq olsun. Düzdür, bağbanımız var. Lakin hövsələm çatmır.  Bəzən özüm də lopatka götü­rüb, ağacları becərirəm. Çox vaxt yuxarı sinif şagird­lərini də məktəbyanı sahədə işləməyə cəlb edirik. Heç bilirsiniz, nə qədər gül-çiçək, meyvə, bəzək ağacı gətir­dib əkmişik?! Məktəb darvazasından başlamış sinif otaqlarına qədər hər şey səliqəli, gözəl olmalıdır. Bu­nun özünün də şagirdlər üçün tərbiyəvi əhəmiyyəti var.

Bu narahat, cəfakeş insan məktəbin təlim-tərbiyə, təsərrüfat işlərini nümunəvi səviyyəyə qaldırmaqdan ötrü əlindən gələni əsirgəmirdi.  Deyirdi ki, bura mə­nim axırıncı yerimdir.  Ona görə də çalışıram işlərimiz qaydasında olsun. Yaxşı ki, hərdənbir gəlirsən, indi kimdi yıxılanı itirib-axtaran?! Komsomolun katibi işləyəndə «getmə gözümdən, gedərəm özümdən» de­yən­lər  məni görəndə üzünü o tərəfəçevirir.

Növbəti dəfə İsa müəllimə baş çəkməyə gedəndə qanı bərk qara idi. Mən dillənməmiş səbəbini özü izah etməyə başladı:

- Gərək adamın bəxti ola, - dedi. - Bir belə əlləşib-vuruşmağın qabağında indi də məni obkomun büro­suna çəkirlər. Bu da bizim təşəkkürümüz!! - İncikliyini bildirdi.

- Büro nədir?! Yenə nə olub?!

Onun məyus, narazı baxışları məktəbin təzə-təzə səliqə-sahmana salınan həyət-bacasında dolaşdı. Son­ra məni dilxor etməyə çətinlik çəkirmiş kimi:

- Obkomun ikinci katibi Belov gəlmişdi, - dedi. - Sergey Andreyeviç. - Müəllimlərlə sual-cavab apardı. Fənn kabinələrinə baxdı. Mənnən də çox narazı danış­dı. Gedib məsələ qaldırıb ki, guya burada özbaşına­lıq­dır. Göstəriş verib ki, komissiya yaradılsın, dərindən yoxlama aparılsın, məktəbin məsələsi obkomun büro­sunda müzakirə olunsun. Obkomun təlimatçısı Adil Manafov zəng vurmuşdu ki, Belov işinizdən narazı qalıb. Sergey Andreyeviçin göstərişi ilə sabah ora yoxlama komissiyası gəlməlidir.

   Onun dilxorçuluğu mənim özümə də sirayət elədi. Ancaq məsələyə münasibətimi bildirmədim. La­kin məqsədimi hiss etdirmədən sözarası məktəb barədə bəzi faktlar soruşub cib dəftərimə qeyd etdim.  Və İsa müəllimə heç bir söz demədən, onunla xuda­ha­fiz­ləşib, vilayət partiya komitəsinə tərəf yönəldim.  Birin­ci katib Hacağa İbrahimovun yanında oldum. Nəcib, nəzakətli, obyektiv adamıydı. Hər kəsin yerini bilirdi.  Aramızda xətir-hörmət varıydı. Bir-birimizə ina­nırdıq.  Bir-birimizi mülahizə edirdik. Xeyli söh­bət­dən sonra:

- Hacı Xəliloviç, - dedim, - Bir məsələdə sizin rəyi­nizi bilmək istəyirəm.

O, əlində tüstülənən siqareti  külqabında keçirib, üzümə baxdı:

- Hansı məsələyə?! - soruşdu.

- Şəhərdəki təzə internat məktəbdə olmuşam, - dedim. - Orada təlim-tərbiyə işləri   nümunəvi qay­da­da qurulub. Bu barədə qəzetdə material vermək istə­yi­rik. Təvazökarlıqdan kənar olsa da, bir neçə il müəllim iş­ləmişəm, rayon maarif şöbəsində inspektor olmu­şam. Bu mənada məktəb işinə az-çox bələdçi­li­yim var. Ancaq sizin yanınıza gələndə ideoloji şöbənin işçi­lə­rin­dən eşitdim ki, guya Sergey Andreyeviç o məktəbdən nara­zıdır və göstəriş verib ki, məktəbin fəaliyyəti yox­lanıb, büronun müzakirəsinə çıxarılsın. Onda necə ola bilər?! Məktəb qəzetdə təriflənsin, obko­mun büro­sun­da  tənqid olunsun?! Əgər mək­tə­bin mənə bəlli olma­yan başqa bir nöqsanı varsa, məqaləni verməyək. Yox­sa anlaşılmazlıq yarana bilər.

Birinci katibin qaşları çatıldı və bir qədər əsəbləşən kimi oldu. Daxili telefonla ideoloji sahəyə baxan katibə:

- O internat məktəbi yoxlamaq məqsədə müvafiq deyil. Komissiyanı-zadı da yığışdırın. Oradan mərkəzi qəzetdə  müsbət mənada məqalə hazırlanır…

   Bir neçə gündən sonra «Kommunist» qəzetində internat məktəbin nümunəvi işi barədə məqalə dərc olundu.

* * *                                           

 

İllər keçdi. Artıq Qarabağ zonasında xidmət edir­dim. İsa müəllim mədəniyyət naziri vəzifəsinə yüksəl­mişdi. Yaxşı deyiblər ki, həqiqət gec gələr, güc gələr. İsa müəllim hərdən Bakıya gedəndə yolunu Qarabağ­dan salırdı. Bir gün əvvəl telefon vasitəsilə vədələşib, or­man­lar içindəki İsa bulağında görüşdük. Səməd Vurğunun süfrə açıb, çörək kəsib, ötən gözəllərə şeir dediyi İsa bulağında. Zümrüd meşələr, dost görüşü, İsa bulağı… Şairin hənirtisi bu yerlərdən getməmişdi. Bunu  büllur bulaqların həzin səsindən hiss edirdim:

               Burda saqqalına yaş dama-dama

Əfsanə söyləmiş bir qoca mana.

Oğlum, qocadı Şuşanın yaşı,

Heç vaxtı üstündən əskik olmayıb

Göylərin bəlası, yerin qarğışı.

Şuşanın başına odlar ələndiyi məlumdur. Ancaq onun yenidən qarğışa keçəcəyi  kimin ağlına gələrdi! Sən demə, Şuşanın məşəqqətli günləri qabaqdaymış. O vaxt sevindirən, bu gün kədərləndirən Şuşanın. İsa müəllim Şuşanı əhatə edən yalçın qayalara, qədim qala divarlarına niskilli nəzər salıb:

- Bu yerlərdən ötəndə elə bil Vaqifi, Üzeyiri, Bül­bülü, Xanı… ziyarət eləyirəm, təsəlli tapıram.

Yolumuzu şəhərdən saldıq, Cıdır düzünə baş çək­dik, görməli yerləri seyr etdik. Şuşanın birinci katibi, canla­ra dəyən  Qəşəm Aslanovla görüşdük. Və lən­gi­mə­dən yolumuza davam etdik.

İsa müəllim Mərkəzi Komitənin katibi, Əmək qəh­rə­manı, Maarif və Dövlət xadimi,  elmlər doktoru, yük­sək vəzifə sahibi kimi Respublikanın şəhər və kənd­­lərində yaxşı tanınır. Mən onun  görünməyən tə­rəf­­ləri, az adama məlum olan  insani keyfiyyətləri ba­rə­­də bəzi məqamları qeyd etmək istəyirəm. Görüş­lə­rimizin birində soruşdu:

- Bərdənin Şirvanlı, Əyricə kəndlərini tanıyırsan?

- Tanıyıram.  Nejə bəyəm?!

- Orda uzaq qohumlarım yaşayır.  Anam danışır ki, çoxdan köçüblər. Fikrim var onları axtarım, tapım, görüşüb hal-əhval tutum.

Onda İsa müəllim Lənkəranda birinci katib işlə­yirdi. İstirahət gülərinin birində Ağdama gəldi.  Bir­lik­də Bərdəyə yollandıq, Şirvanlı, Əyricə kəndlərində ol­duq. İsa müəllimin  uzaq-yaxın qohumlarını soraq­la­şıb tapdıq. İsa müəllim onu dövrəyə alan doğmaları ilə necə də səmimi, ürək yanğısı ilə  davranırdı. Bəzən kövrəlirdi. İsa müəllimin necə qohumcanlı olduğunu hiss etdikcə, sanki dostluq dəftərimizin məni  heyrət­lən­dirən yeni səhifəsini oxuyurdum və ona olan rəğ­bə­tim daha da artırdı.  Çünki həyatımda onun da şahidi olmuşam ki, bəziləri yüksək vəzifə kürsüsünə qalxanda nəinki yaxın-uzaq qohumları, doğma qardaşını belə  sayıb salamını almağı  qürursuz qüruruna sığışdırmır. İsa müəllim Bərdədəki qohumları ilə görüşə gedəndə onun  adlı-sanlı katibliyi sanki Lənkəranda qalmışdı. Özü­nü sadə mexanizator, əkinçi, pambıqçı, baramaçı qohum­larının səviyyəsində aparırdı. Onun bu insani xisləti  məndə qibtə doğururdu.

İsa müəllimə əlli yaşının tamam olması müna­si­bə­tilə belə bir teleqram göndərmişdim: «…Qədim Naxçı­va­nın vəfalı, səfalı qoynunda, qəlbin kimi geniş olan  Şərur torpağında tamam olan əlli illiyini, xanımınızın qay­ğıkeşliyi sayəsində  otuza oxşayan əlli illiyini təbrik edirəm». Bunu gəlişi gözəl olan söz kimi yazma­mış­dım. Deyərdim ki, İsa müəllimin yaşından çox-çox ca­van görünməsinin başlıca səbəblərindən biri də ömür-gün yoldaşının  ona qarşı nəcib, nəzakətli davra­nı­şıy­dı. İsa müəllim çoxlarına örnək ola biləcək qayğıkeş və həm də tələbkar ailə başçısıydı. Bəzilərinin müasirlik ki­mi başa düşdüyü milli-mənəvi eybəcərliklər onun qapı­sına ayaq aça bilməmişdi. Övladlarının geyim-kecimindən tutmuş təhsilinə, tərbiyəsinə qədər  İsa müəllimin  hər an diqqət mərkəzində idi.  Bahalı pal­tar, qiymətli daş-qaş, harın həyat tərzi İsa müəllimə və onun ailəsinə yad idi. İsa müəllimin vəzifəsi dəyişsə də, ailəsindəki sadəlik, ədəb qayda-qanunları, valideyn-öv­lad münasibətləri dəyişməmişdi. Dostum  var-dövlət hərisliyindən  çox-çox uzaqdı. Mənliyini hər şeydən uca tuturdu. Lənkərandakı evində bir söhbətin şahidi ol­dum. Sən demə, İsa müəllim Moskvada ali təhsil alan oğluna  Yuqoslaviya istehsalı olan bir cüt ayaq­qabı göndərib. Oğlu isə bundan imtina edib və deyib ki, mən tələbəyəm, bu cür bahalı ayaqqabını geyib həm­karlarımın, müəllimlərimin arasına çıxa bilmə­rəm. Oğlu o qədər də bahalı olmayan, təxminən otuz beş manatlıq ayaqqabını  geri qaytarmışdı.  Mən bu fakt­dan əsərlərimin birində başqa şəkildə istifadə etmi­­şəm. Əlbəttə, xalq arasında deyildiyi kimi, övla­dını bəy kimi görmək istəyirsənsə, gərək onu nökər kimi böyüdəsən. Bu gün bəzi valideynlər hələ yumur­ta­sından çıxmayan ərköyün övladına bahalı-bahalı ma­şın almaqla  öyünüb fəxr edirlər. Lakin onun bəd­bəxt­çilik gətirən tərəfini düşünmürlər. Sonrakı peş­man­çılıq isə faydasız olur.

Bir dəfə mən yenə də Lənkərana getmişdim. Gecə­dən xeyli keçmiş İsa müəllimlə şəhəri gəzməyə çıxdıq. Ka­tib işləyəndən bəri Lənkəranda  gördüyü və görə­cəyi işlərdən vəcdlə danışırdı. Birdən söhbətinin istiqamə­tini dəyişib:

- Həyatda ən çox minnətdar olduğum şəxs Heydər Əliyevdir. Mərkəzi Komitənin birinci katibi ən çox eh­tiyat etdiyim də odur, - dedi. - Bura gələndə dedi ki, sizi ora dolanmaq üçün yox, dolandırmaq üçün göndə­ri­rik. Mənə böyük hörməti olsa da, kiçik bir səh­vim­dən keçməz…

İsa müəllim  ona göstərilən etimaddan sui-istifadə edib ictimaiyyətdə  ikrah hissi doğura biləcək şəxsi məq­səd­lərini… həyata keçirmək niyyətindən  çox-çox uzaq idi və çalışırdı ki, hərəkətləri respublika rəh­bər­liyinin  fəaliyyətinə  qara kölgə salmasın. Onu da əlavə edim ki, çəkdiyi zəhmətin, gördüyü işin  uğurlarından zövq alırdı. Quru daş üstündə cənnət yaratmağa qadir və qabil insan idi.  Beləşəxsiyyətlərin əbədiyyətdəki yeri də cənnətdir.

 

15 sentyabr 2007-ci il




















 

© 2011. Bütün hüquqlar Əli İldırımoğluna məxsusdur.
www.aliildirimoglu.az və ya www.aliildirimoglu.com