|
OÇERKLƏR
ÇİNARLI
Axşamdan başlayan qar səhərə yaxın kəsmişdi. Əli kəndin kənarında yönü pambıq tarlalarına baxan ikimərtəbəli evinin mavi rəngli aynabəndinə çıxdı. O, iri gülləri olan çəhrayı ipək pərdəni yana çəkib pəncərədən bayıra boylandı. Kəndin küçələrinə, evlərin taxtapuşuna, bağ-bağçalara, göz işlədikcə uzanan əkin sahələrinə elə bil ağ örpək çəkilmişdi. Yol-riz örtülmüşdü. Qalın qarın ağırlığına tab gətirməyən ağaclar qəddini əyib, başını aşağı dikmiş, qol-qanadını yana sallamışdı. Əli kəndin qış mənzərəsinə heyranlıqla baxırdı. O, pambıqçı həmkarı və həm də həyat yoldaşı Məleykəyə tərəf yönələrək:
- Bu qar lap yerinə duşdu,- dedi. - Torpağın qurd-quşunu məhv edəcək. Bir də ki, qar elə bərəkətdir, torpağı cana gətirir. Atalar nahaq yerə deməyib ki, qarlı qışım olsun, dumanlı yazım.
Məleykənin işgüzar çöhrəsinə xoş bir təbəssüm yayıldı. O, briqadirin sözünə qüvvət verərək:
- Doğrudur, - dedi. - Bu qar, elə bir qış aratına bərabərdir.
Əli geyinib həyətə endi. Hava getdikcə mülayimləşir, gündöyən yerlərin qarı altdan -altdan yumşalıb əriyir, ağacların budağından, evlərin çardağından düşən damcıların yeksənəq tappıltısı eşidilirdi. Əlinin gözləri ot tayasının həndəvərində, tövlənin qabağında vurnuxan boz torağaylara, rəngbərəng quşlara sataş-dı. O nə fikirləşdisə, geri dönüb hərdənbir götürdüyü meşin çantasını dənlə doldurdu vəçiyninə saldı. Təzəcə saplatdığı belini götürüb kəndin qənşərindəki təpənin üstünə çıxdı və suçuları arata səslədi.
Kəndin küçələrinə ilk izi briqadir salırdı. O, dəmirçixanaya baş çəkdi. Təmir emalatxanalarından hal-əhval tutdu, gübrə anbarlarını yoxladı, briqadanın mexanizatorlarına lazımi məsləhətlər verdi. Əli kənddəki işlərini sahmana saldıqdan sonra əkin sahələrinə tərəf yönəldi. Çala-çuxurlar qarla dolmuşdu. Hər yer dümdüz görünürdü. Elə bil yerin səthinə ütü çəkil-mişdi. Bozumtul buludların arasından süzülən günəşin solğun ziyası torpağın ağ zərli xalatını işıldadırdı. Briqadir irəlilədikcə onun yoluna səliqə ilə salınan naxış-sız ağ döşəmə didiklənib parçalanır, Əlinin uzunboğaz çəkmələrinin altında xırçıldayırdı. O, arxın üstünə qoyulmuş bir cüt milin qarını belin ucu ilə təmizləyib ehtiyatla o tərəfə adladı. Pambıq əkinlərinə ge-dən piyada yolu buradan keçir, kol-kosluqların, cəngəllik-lərin arasından. İlin gəlin fəslində bu yerlərdə turac və qırqovullar səs-səsə verir. İndi onlar haradasa susmuşdu. Bir hənirti eşidən kimi kolların arasından pırıltı ilə qalxıb aralıdakı qamışlıqda gözdən itirdi. Əli ayaq saxladı. O, çantasını çiynindən aşırıb içindəki dəni buralara səpdi və sonra yoluna rəvan oldu.
Kürün acı sazağı yarpaqsız çubuqlara toxunduqca qəribə bir uğultu eşidilirdi. Əli bu uğultuda zəhmdən çox bir minnətdarlıq duyurdu. Sanki kolların dibinə qısılan quşlar onun bu xeyirxahlığını öz ecazkar nəğmələri ilə tərənnüm edəcəklərini vəd edirdilər.
Briqadir Qarabağ kanalından ayrılan su dolu arxın kənarıyla üzüaşağı irəliləyir və öz-özünə düşünürdü: - Beşilliyin dördüncü qışı uğurludur. Dərin şum aparmışıq. Torpağa artıqlamasilə gübrə vermişik, gərək aratı da vaxtında qurtaraq. O, buzla haşiyələnmiş arxlarda suyun istiqamətini dəyişdi.
...Səma getdikcə açılır, torpaq bulanır, sahələrin ağ örpəyi suya düşən qənd kimi buxarlanıb əriyirdi. Əli sinə yerlərdə torpaq yuyulmasın deyə suyun qabağına bir neçə bel torpaq atdı. Sonra beli yerin yumşalmış sinəsinə sancıb qəddini düzəltdi və sahənin kənarındakı çinara yenə də nisgilli bir nəzər saldı. Qoca çinarın yarpaqsız budaqlarından tək-tək damcılar düşürdü. Elə bil bu doğma çinar şahidi olduğu keçmiş əhvalatları xatırlayıb göz yaşı axıdırdı. Əlbəttə, Əliyə elə gəlirdi. Geniş düzlərə keşik çəkirmiş kimi uzanan tənha çinar ona yaslı kimi görünürdü. Aralıdan eşidi-lən tüfəng səsi briqadiri fikirlərindən ayırdı. Onun hüznlü baxışlarında bir qəzəb alovlandı. Əli barıt tüs-tüsü görünən tərəfə yüyürdü. Cəngəlliklərin o tərəfində ovçu ilə rastlaşdı. Çiynində silah, başında şlyapa, boğazında bəzəkli qalstuk olan həvəskar ovçu ədasından vəzifəli adama oxşayırdı. Briqadir onun bu hərə-kətinə etirazını bildirdi. Ovçu isə özündən razı halda:
- Siz Kür vadisində ov etməyin ləzzətini bilməzsiniz, - deyib cibindən yapon alışqanı və bir də ki, Ame-rika siqareti çıxartdı.
Briqadir kinayə ilə gülümsəyərək: - Doğrudur, - dedi. - Mən kolxozçu babayam. Siz isə elmli adamsı-nız, bəlkə də alimsiniz, görünür, vəzifəcə də böyüksünüz. Ancaq mən heç vaxt qıymadığım, qışda dən verdiyim, yazda nəğməsini dinlədiyim təbiət gözəllərini siz qırıb məhv edirsiniz. Bir də ki, məsələ onda deyil. Mən ölümsaçan silahlara nifrət edirəm. Güllə səsi eşitmək istəmirəm. Yaxşı olar ki, buradan çəkilib gedəsiniz...
Güllə səsi, bir də ki, qocaman çinarın nəhəng gövdəsindəki dərin çapıqlar Əlinin görmədiyi, yalnız kəndin yaşlı adamlarından eşitdiyi qanlı-qadalı illərin acı xatirələrini onun yadına saldı. Onda Hüseynalılar kəndinin adamları əlbir-dilbir olub kollektiv təsərrüfat yaradırdılar. Kolxoz quruluşunun düşmənlərinə qarşı vuruşan silahlı dəstənin üzvlərindən biri də Əli Qasımov idi. Əli Qasımov kəndə basqın edən qaçaqlarla burada üz-üzə gəlmiş, buradaca həlak olmuşdu... Bu çinarın dibində...
Tale aldığını əvəzsiz qoymadı. Ərinin qara yasından neçə ay sonra Leyli xalanın bir oğlu oldu. Qohum-qonşu, dost-tanış Leyli xalaya közaydınlığı verdilər. Adqoyma mərasimi gələndə hərə bir söz dedi. Leyli xala qəlbindəki nisgili onlara açaraq:
- Elə öz atasının adı yaxşıdır, - dedi. - Qoy bu tifil elin yolunda canını fəda edən igid atasının adını yaşatsın.
Leyli xala ərinin yadigarına şəfqətlə baxır və ondan təsəlli tapırdı. Körpənin qığıltısı ananın qulağında təntənəli bir himn kimi səslənirdi. Lakin Leyli xala onun qəlbindən bir daş kimi asılan ağır dərdədözmədi... Əli anasız qaldı. Ondan cəmi bir neçə yaş böyük olan yeganə qardaşı Məhəmməd Əliyə həm ata oldu, həm də ana. Şura hökuməti vaxtlı-vaxtında əyinlərinin paltarını, qarınlarının çörəyini, ciblərinin pulunu verdi. Kolxoz qayğılarına qaldı.
Əli hələ məktəbdə oxuyarkən tez-tez bu çinara baş çəkir, kölgəsində sərinləyib dincəlir, dərslərini hazırlayırdı. Burada gözünə dəyən qanqalları, tikanlı otları kökündən qoparıb atır, çinarın qanadları altına sərilən yaşıl xalının gözəlliyini qoruyurdu. O, hərdən arxası üstə uzanıb başını məktəbli çantasının üstünə qoyur, budaqların arasındakı mənzərəni bir uşaq məftunluğu ilə seyr edirdi. Onlarla, yüzlərlə quş ağacın başına pərvanə kimi dolanır. Biri yuva qurur, bəzisi pərvazlanan balasını uçurur, başqa birisi dimdiyində yem gətirir. Əli dərin xəyala dalaraq düşünürdü:
- Quşlar ağaclara pənah gətirir, çinar onlara dayaq durur, bəzi insanlar isə ağaclara da, quşlara da, adamlara da qənimdir: elə bil barmaqları tətik üçün yaranıb. Qan tökür, uşaqları yetim qoyur...
Əli ağlı kəsən gündən bu yerlərin gözəlliyini qorumağa can atır. Ata abidəsi kimi. Deyir ki, vaxtilə yasa batan bu çinarın dörd bir tərəfində qoy ceyranlar qaçışsın, turac, qırqovullar uçuşsun, bülbüllər nəğmə desin. Bu çinarlı düzlər ətir saçsın, çəmənliklər yaşıl qalsın.
Ata məhəbbəti Əlini doğma diyara bağladı. O, məktəb illərini başa vurduqdan sonra kolxoz həyatının qaynar qoynuna atıldı. Qardaşlar bir-birinə arxa oldu. Onlar pambıq becərdi, taxıl suvardı, heyvandarların karına gəldi. Atalarının uğrunda mübarizə apardığı kolxozun qabaqcılları kimi ad-san qazandılar.
Ata yurdundakı köhnə və miskin daxmanın yerində bir cüt ikimərtəbəli bina ucaldı. Geniş aynabəndli, bağlı-bağatlı. Onların yaş fərqi olsa da, övladlarının sayı bərabərdir. Hər biri səkkiz uşaq atasıdır. Həyat yoldaşlarının adı da eynidir: Məleykə. Qoşa qardaş, bir cüt bacı. İşgüzar kolxozçu, təcrübəli pambıqçı. Bərdə rayonundakı Caparidze adına kolxozun mayakları.
Kolxoz idarə heyəti, ilk partiya təşkilatı pambıqçılığın inkişaf perspektivlərini müəyyən edəndə, briqadaların tərkibi nəzərdən keçiriləndə kommunist Əli Cəfərova məsul bir vəzifə tapşırıldı. Həmişə geridə qalan briqadaya başçılıq etmək, hər hektara görə məhsul istehsalını 17 sentnerdən 25 sentnerə çatdırmaq. Əli əmək meydanında hamıdan irəli getsə də, adətən belə məclislərdə arxada əyləşir. O, cəsarətlə ayağa qalxdı, məğrur addımlarla irəli çıxdı, ona göstərilən bu etimadı doğruldacağına söz verdi. Bir kommunist mərdliyi ilə. Gənc briqadir əkin yerlərini dəyişdi. Çinar ağacının səmtindəki yoncalıqları, kol-kosluqları dərindən şumlatdı. Çala-çuxurları düzəltdirdi. Arx və bərələri səliqə-sahmana saldı. Səpin vədəsində getdi, becərmənin keyfiyyəti yaxşılaşdı, tarlalar barlı-bərəkətli oldu. Məhsul vaxtında toplandı. Əlinin başçılıq etdiyi kollektiv Vətən qarşısında hamıdan qabaq raport verdi. Qələbə raportu. Briqada üzvləri qocaman çinarın qalın kölgə saldığı yaşıl çəmənlikdə açılan ağ süfrəni dövrəyə aldılar. Əli başdaəyləşmişdi. Hamı çalıb-çağırır, musiqi təranələri dalğa-dalğa ətrafa yayılırdı. Qoca çinar da onların sevincinə şərik olurmuş kimi sanki qol götürüb oynayır, qanadlarını yellədərək qaliblərin üzünə yelpik çəkirdi.
Qoy bu torpaqdan həmişə gülüş səsi ucalsın. Üstümüzə çətir kimi qanad gərən qoca çinarın altından qələbə şənliyi əskik olmasın. Əlinin arzusu, Əlinin amalı budur. O, həm də bunu atasının müqəddəsruhu qarşısında özünə şərəf bilir.
Beşilliyin üçüncü ili pambıqçılıq üçün nə qədər ağır olsa da, Əlinin başçılıq etdiyi kollektiv Vətən qarşısında borclu qalmadı. Görkəmli nailiyyət qazandı. Mükafatı "Moskviç" maşını oldu. Beşilliyin qabaqcılı kimi.
Bərdənin şəhər və kəndlərində, idarə və müəssisə-lərində bir fotobülleten diqqəti cəlb edirdi. Burada əlli nəfər tarla bahadırının fotoşəkli və onların başçılıq etdiyi briqadaların sosialist öhdəliyi əks olunurdu. Biri də Əli Cəfərov idi. Onun briqadası dövlətə iki plan qədər məhsul satmağa söz vermişdi. Kollektivin bütün üzvləri ilk günlərdən böyük ruh yüksəkliyi, görkəmli qələbə əzmi ilə çalışır, bu vədin yerinə yetirilməsi uğrunda var qüvvələrini sərf edirdilər. Burada sahələr vaxtında gübrələnib, dərindən şumlanıb, torpaq qış aratına qoyulub. Səpin aqrotexniki müddətlərdə başa çatıb. Hektarlarda bitkilərin orta sıxlığı təmin olunub. Neçə dəfə kompleks becərmə aparılıb. Budur, Əli qışın soyuqlarında, yazın yağışlı günlərində, yayın istisində nazını çəkdiyi çiçəkli tarlaları dolaşır, kolların ilk qozalarını nəzərdən keçirir, gübrə verilməsi, dərman vurulması lazım gələn yerləri müəyyənləşdirir. Briqada üzvləri suyu sısqa axınla traktorun əvvəlcədən açdığı şırımlara axıdırlar. Arxın suyu tarlalarda şaxələnir, torpağın qan damarı kimi yerin sinəsinə yayılır. Başqa bir tərəfdə Saday Naibovun idarə etdiyi kultivator yaşıl cərgələrin arasında cövlan edərək eyni vaxtda bir neçə iş görür; gübrə səpir, kultivasiya çəkir, dərman çiləyir, şırım açır.
İndi Məhəmməd də briqadirliyə irəli çəkilib. Əlinin böyük qardaşı hektardan da otuz sentnerə söz verib. Onlar yarışırlar. Sahələri yanaşıdır. Beşilliyin müəyyənedici ilində yarışın qalibi hansı olacaq? Böyük qardaş kiçiyin adındakı mənanın naminə onun qalib olmasını arzulayır. Kiçik isə böyüyə olan ehtiramı xati-rinə Məhəmmədin irəli getməsini istəyir. Beşilliyin yollarında birgə yarışır, birgə çalışırlar. Qardaş kimi, yoldaş kimi.
İyul günəşi sübh tezdən Kür vadisinə səpələdiyi qızılı şəfəqlərini dəstələyib Murovun arxasına çəkildikcə, üfüqdəki buludlar alovlanıb yanırmış kimi kö-zərir, sərin axşam mehi Sultanbud meşələrinin xoş rayihəsini tarlalara yayırdı. Şamama biləkli, Sərdar ürəkli, Sevil həvəsli pambıqçılar "Sürəyya" mahnısını oxuya-oxuya sahələrdən evlərinə dönürdülər. Quşlar da elə bil onları gözləyirmiş kimi yuvalarına çəkilirdi. Ətrafa qaranlıq çökürdü. Bərdə düzlərində sayrışan İliç lampalarının şəfəqləri Kürün yaxasında uyuyan kolxoz kəndlərinin yerini büruzə verirdi. Ağ, çəhrayı çiçəklərlə bəzənən yaşıl tarlalara hakim kəsilən sükutu yalnız gecə suvarmasına baş çəkən briqadirlərin hənirtisi, bir də ki, tənha və qoca çinarın zirvəsində oynaşan yarpaqların xəfif pıçıltısı pozurdu. Əli ilə Məhəmməd hərdən ayaq saxlayıb barlı-bəhrəli kolların arasında ulduzlarla oynaşan mavi suların gur axarına baxır və həzin nəğməsini dinləyirdilər...
1978-ci il
|
|