www.aliildirimoglu.az

OÇERKLƏR

MƏĞRUR BAXIŞLAR

Böyük çillənin soyuq küləyi uğultu ilə qapı-pəncərələri döyəcləyirdi. Sobadakı od söndü­yün­dən otaq getdikcə soyuyurdu. Yığıncaq hələ də dağı­lışmamışdı. Əyyub fikirli-fikirli irəli yeriyib so­ba­ya bir neçə quru odun atdı və qəddini düzəldib öz ye­rində əyləşdi. O, çıxış edən pambıqçıların, taxılçı­ların, heyvandarların, baramaçıların arzu və  təklif­lə­rini diq­qətlə dinləyirdi. Kolxoz sədri məmnun baxış­ları iləƏy­yubu süzərək:

- Yoldaş Həsənov! - dedi.

Əyyub özünəməxsus təmkinlə ayağa qalxdı. Onun səsinin ahəngində bir nigarançılıq hiss olunurdu. Əyyub sanki nəyinsə xəcalətini çəkirdi. Çıxışında bunu özü də etiraf etdi:

- Düzdür, - dedi, - burada briqadamız tərifləndi. Bildir kollektivimiz pambıq satışına dair planı da, öhdəliyi də artıqlaması ilə yerinə yetirmişdi. Məncə, bu nailiyyət briqadamızın maşınla pambıq yığımı sahəsindəki geriliyinə əsla haqq qazandırmır. Biz maşınla pambıq yığımı tapşırığını…

Əyyub fikrini tamamlamağa dili gəlmirmiş kimi, sözünə fasilə verib cib yaylığını çıxartdı. Alnında puçurlanan təri sildi və titrək bir səslə:

- Yerinə yetirə bilmədik, - dedi. - Odur ki, üzümüzə gələn yeni ildə bu nöqsanı düzəldəcəyimizə əmin ola bilərsiniz. Məhsuldarlıq məsələsinə gəldikdə, bu barədə briqada üzvləri ilə məsləhətləşmişəm. Hər hektardan otuz sentner pambıq götürməyi qət etmişik…

Mirbəşirdən Bərdəyə gedən asfalt yol Buruc kəndinin yaxınlığında şaxələnir. Sol tərəfə bir cığır ayrılır. Qalın qar hər yanı örtsə də, cərgə ilə düzülən çəkil ağacları tarlaların arasından keçən yolu-rizi büruzə verirdi. Əyyub budaqlarından buz sallanan çəkil ağaclarına diqqətlə nəzər saldı. Bu ağacları özü əkmişdi. Briqada hər il dövlətə pambıqla yanaşı, tonlarla barama da verir. Yol boyu cərgələnən çəkilağacları barama qurdları üçün yem bazasıdır, həm də tarlanı əsən küləklərdən qoruyur, yayda sərinlik gətirir, kölgəsində neçə-neçə yolçu dincəlir. Əyyub ağacların birinə yapışıb onun alçaqda olan şumal qanadından yapışdı və gücü gəldikcə silkələdi. Budaqlardakı buz sırsıraqı xışıltı ilə yerə səpələndi. Hələ heç bir iz düşməyən qalın qarın hamar səthi çopurlandı, ağacın dibindən axan şəffaf su bulandı. Bu doğma yerlərin vurğunu olan Əyyub sanki bu kiçik əyləncədən həzz alırdı.

Əyyub arxlara, bərələrə baş çəkdi. Tərtərin suyu ağ örpəyin altında sakitcə uyuyan bərəkətli torpağın geniş sinəsində qalın buz bağlamışdı. Briqadir daxilən razı qaldı. O, bu mənzərəni seyr etdikcə öz-özünə düşünürdü: "Bu ilki arata söz yoxdur. Qış aratına. Tor-paqda yuva salan qurd-quş yaxşıca məhv oldu. İri kəsəklər də əriyib. Yazda işimiz xeyli yüngülləşəcək, məhsulumuz bol olacaq". Əyyub tarlanın ortasından düşərgəyə tərəf yönəldi. İçəri girib belini götürdü. Suçuların gözündən yayınan bərələrdə istiqamətini dəyişdi.

Səma getdikcə tutqunlaşırdı. Havada kəpənəktək uçuşan quşbaşı qar buzların üstünə düşdükcə büllur zərrəcikləri kimi işıldayırdı. Ətrafa tam bir sakitlik hakim kəsilmişdi. Aralıdakı asfalt yolda şütüyən avtomaşınların səsindən, buz təbəqəsi ilə haşiyələnmiş suların sehrkar pıçıltısından, bir də ki, Əyyub addımladıqca onun uzunboğaz çəkməsinin altındakı qarın xışıltısından başqa heç bir şey eşidilmirdi. Əyyub sahələri dolaşdıqca səpinqabağı düzəldilməsi la-zım olan çala-çuxurları, nisbətən dik yerləri müəyyənləşdirdi. O, öz-özünə: "Əgər buraları qaydaya salmasaq, suvarma zamanı sahələrdə gölməçələr əmələ gələr, yığım zamanı maşınlar rəvan işləməz. Gərək torağın səthi bir bərabərdə olsun. Məhsuldarlıq məsələsində əsas şərtlərdən biri də elə budur", - deyə hey düşünür, pambıq istehsalının artırılması üçün ən kiçik imkanları belə nəzərdən qaçırmırdı.

Bəli, sərt küləklər, şaxtalı havalar, buz yollar, qalın qarlar belə Əyyubu doğma torpaqdan ayıra bilmirdi. Onu şöhrətləndirən, onu ucaldan torpaqdan…

Əyyub orta məktəbi müvəffəqiyyətlə başa vurdu. Əsgərlik borcunu şərəflə yerinə yetirdi. Ona rayon mərkəzində vəzifə təklif etdilər. Lakin kəndinə üz tutdu. Beldən, dəryazdan yapışdı. Atasınınəkinçilik ənənəsinə sadiq qaldı. Zəhmət adamlarının cərgəsinə qoşuldu. Tarlaları becərdi, pambıq yığdı, hər bir çətin işdə kolxozun karına gəldi. Əmək meydanında ad-san qazandı. Verilən hər bir tapşırığa layiqincə əməl etdi. Neçə-neçə sınaqdan çıxdı. İdarə heyəti kolxozun əhatə etdiyi Buruc kəndindəki briqadanı gerilikdən çıxar-maq məsələsini götür-qoy edəndə Əyyub Həsənov irəli yeridi… O, bu ümidi də şərəflə doğrultdu. Kolxozda pambıq satışı planının yerinə yetirilməsinə dair ilk qələbə raportunu Əyyubun başçılıq etdiyi briqada verdi. Hamı ona - afərin! - dedi. İlin yekunlarına görə Mir-bəşirdə iki nəfərə orden verildi. Onun biri Əyyub Həsənov oldu. Əyyubun əməyinə verilən bu yüksək qiymət səriştəli pambıqçının həvəsini birə-beş qat artırdı.

"Hər hektarda pambıq istehsalını qırx sentnerə çatdıraq!" Əyyubun arzusu, Əyyubun amalı belədir. Baharın ilıq nəfəsi torpağı buğlandıranda, yaz-tarla işlərinin vədəsi gələndə sahələrə hamıdan qabaq Əyyubun başçılıq etdiyi briqadanın üzvləri çıxdılar. Səriştəli mexanizator Valeh Cəfərov əyninə  kombinezon geydi, sükan arxasına keçdi. Əyyub traktora qoşulmuş səpin aqreqatının üstünə çıxdı, nəzarətçi səpinçinin yerində özü dayandı. Traktorun gur səsi ətrafa yayılırdı. Səpin aqreqatı torpağın hamar sinəsində irəlilədikcə, Əyyub gah çiyid qutularına, gah da cərgə ilə torpağa düzülən təmizlənmiş, dərmanlanmış toxuma diqqət yetirir, irəli baxır, işin sürəti artdıqca onun qəlbi riqqətə gəlirdi. İki əkinçi, iki tarla bahadırı. Sahədə cövlan edən aqreqatın üstündə irəlilədikcə, uzaqlaşıb bir nöqtə kimi gözdən itir, tarlanın başına çatanda geri dönür, yenidən çiyid götürür, səpini davam etdirirdilər…

Kolxoz idarə heyətində briqadalar üzrə səpinin gedişi nəzərdən keçiriləndə ilk dəfə Əyyubun adının qabağında bir cəm işarəsi qoyuldu. Bu, pambıq əkininin qurtarması demək idi. Özü də yüksək keyfiyyətlə, sürətlə, vaxtında.

Bitkilər torpaqdan baş qaldıranda Əyyub dəstənin qabağına düşdü, pambıqçılar dəstəsinin. Çıxış alınmayan yuvalara çiyid basdırıldı, normadan artıq olan bitkilərə əl gəzdirildi, seyrəltmə vədəsində başa çatdırıldı. Valeh Cəfərovun kultivatoru işə düşdü. O, gecəni gündüzə qatıb birinci kultivasiyanı hamıdan qabaq başa vurdu.

Qabaqcıl təsərrüfatlarda əmək bulaq kimi qaynayır, hər yerdə qızğın becərmə gedirdi. Hamıya nümunə ola biləcək bir briqadanın işi ilə tanış olmaq istədiyimizi bildirdikdə rayon başçıları dedilər:

- Deməkdənsə, baxsaq yaxşıdır, - maşına əyləşdik. "Şəfəq" kolxozuna getdik. Əyyub Həsənovun başçılıq etdiyi briqadanın sahəsində olduq. Əyyubun həyat yoldaşı Kübra ilə oğlu Telman gündəlik becərmə normasını yerinə yetirib tut yarpağı yığırdılar. Əyyub dedi ki, hər il bizim ailə dövlətə yüz kiloqrama yaxın barama verir. Sonra o, gülümsünərək əlavə etdi:

- İndi qız-gəlin pambıq parçanı o qədər də bəyənmir. Hamı ipək paltar arzulayır. Biz də çalışırıq ki, pambıq da bol olsun, ipək də.

Briqadanın işlərindən söht açanda Əyyub özündən demədi, özündən danışmadı. Valehi təriflədi. Suğradan Əntiqədən razılıq etdi. Qadirin, Fətəlinin işgüzarlığından danışdı. Briqadanın yaxşı işini onların hünərvərliyi ilə izah etdi. Demədi ki, on yeddi ildir briqadir işləyir. Hər ötən ili görkəmli qələbələrlə yola salır. On yeddi ildir ki, qışın soyuğunu, yazın leysan yağışını, yayın istisini bu torpaqda, bu tarlada qarşılayır, yorulmaq bilmir, həvəsdən düşmür, nailiyyətlər onu arxayınlaşdırmır. Mərd və təvazökar insandan, səriştəli pambıqçıdan bunu eşitmədik. Biz bunları yalnız onun məğrur baxışlarında oxuyurduq.

Göz işlədikcə uzanan pambıq sahələrində keşik çəkirmiş kimi ucalan ikimərtəbəli tarla düşərgəsi necə də yaraşıqlıdır. Tibb məntəqəsi, uşaq bağçası, radio və televizor qoyulmuş qırmızı guşə. Axşamlar elektrik lampalarının gur işığı düşərgəni nura qərq edir. Gecə növbəsində çalışan mexanizatorlar, suçular burada gündüzlər olduğu kimi istirahət edirlər. Kolxozun rəngsazı usta Məmməd binanın sınan şüşələrini salıb, solan rəngini təzələyib, bozaran divarını ağardıb. Yayın qızmar günlərində pambıqçılar burada dincəlirlər.

Düşərgədə belə bir şüar oxuduq: "Qoy bol olsun elin varı!"

Bu inamlı çağırışdakı dərin mənanı Əyyubun qolundakı qüvvətdə, ürəyindəki həvəsdə, baxışlarındakı məğrurluqda görürdük.

 

1978-ci il.

"Kommunist" qəzeti

Mirbəşir



















 

© 2011. Bütün hüquqlar Əli İldırımoğluna məxsusdur.
www.aliildirimoglu.az və ya www.aliildirimoglu.com