www.aliildirimoglu.az

OÇERKLƏR

QƏDİM TORPAQ

Bəzən bu yerin torpağı qədimdir, - deyirlər. Hamı inanır və heç kəs fərqinə varmır ki, hər yerin torpağı eyni vaxtda yaranmışdır, qədim olmayan torpaq yoxdur. Ancaq torpaqları bir-birindən fərq­lən­dirən, onları bir-birindən "qədimləşdirən" elə cəhətlər olur ki, insan ixtiyarsız təsdiq edir:

- Bəli, bu torpaq ondan qədimdir.

Qarabağa da "qədim torpaqlı diyar" deyirlər.

Torpaq var ki, qazırsan, altından neft çıxır, torpaq var ki, qazırsan, altından qızıl nişanələri, almaz nişanələri çıxır. Torpaq da var ki, qazırsan, altından qədim mədəniyyət nişanələri, qədim əkinçilik, qədim sənətkarlıq nişanələri çıxır. Qədim... qədim... qədim...

- Belə rəvayət vardır ki, bizim sovxozun yerində ilk dəfə üzümü Xurşidbanu Natəvan əkmişdir, öz əlləri ilə. Ancaq arxeoloji tapıntılar sübut edir ki, Qara­bağda üzümçülüyün tarixi daha qədimdir. - Bu sözlər Natəvan adına sovxozun direktoruna məxsusdur.

Sovxoz Ağdamda yerləşir. Əsas təsərrüfatı üzümçülükdür. Elə adı da təsərrüfatına uyğundur.

- Natəvan adına üzümçülük sovxozu... Yaxşı adı var, lap böyük şairə abidə kimi səslənir. Ancaq sovxozun adı ilk dəfə belə olmayıb. Mən, şübhəsiz, sovet dövrünü nəzərdə tuturam... - deyə gənc direktor çox-çox əvvəli xəyalına gətirməyə çalışdı.

Məsələ ondadır ki, direktorun özünün cəmi otuz altı yaşı vardır. Sovxozdan bir yaş kiçikdir. Bəli, o vaxt, yəni 1932-ci ildə Ağdamda da ilk sovxoz yaranmışdır. Çox qəribə də ad veriblər: "Bağçılar ümidi".

- O vaxt belə bir ad özünu doğruldurdu.

Sovetləşmədən on iki il keçməsinə baxmayaraq təsərrüfat hələ istənilən vəziyyətdə deyildi...

Təxminən yaşı altmış-altmış beş arasında olan ucaboylu, arıq, qarayanız, lakin çox qıvraq bir kişinin bizə yaxınlaşması direktoru çətinlikdən qurtardı. O, rahat gülümsündü.

- Budur, sovxozumuzun tarixi gəldi... - deyə bizi onunla tanış etdi.

- Yusif Yusifov...

Əlbəttə, adından tanışdır. Özü deməsə də biz artıq bilirdik ki, sovxozun Sosialist Əməyi Qəhrəman­la­rın­dan biri Yusif Yusifovdur. O, sovxozun özülünü qoyanlardandır. İnqilabçı olmasa da, inqilabın Azərbay­cana gəlməsini gözləri ilə görənlərdən, bu tarixi dönüşə sevinənlərdən, xoşbəxt gələcəyə ümid bəsləyənlər­dəndir. O, bizə bu yerlərin keçmişi haqqında çox danışdı, maraqlı danışdı:

- O vaxt bu gördüyünüz üzümlüklər yox idi. Hesa­bınızı bir ondan götürün ki, "Bağçılar ümidi" təşkil olunanda cəmi-cümlətanı yüz qırx hektar yerimiz var idi. İndi neçə hektardır? - özü öz sualına cavab verdi: - Min hektardan çox. Hələ bu da azdır. Faydalı torpağımız çoxdur, deməli, əkəcəyik. Məsələn, o maşının, texnikanın kasad olan illərində biz üzümçülüyü üç yüz on hektar da artırdıq. Sonra müharibə aman vermədi. Kişilər getdi, bağ qaldı arvad-uşağın ümidinə...

Öyrəndik ki, Yusif kişi müharibə başlanandan qurtarana qədər cəbhələrdə vuruşub. İkinci, üçüncü Uk­rayna cəbhələrində hitlerçilərə qarşı vuruşub, qələbə çalıb. Uzaq Şərqdə yaponları məğlub edib. Dəfə­lərlə yaralanıb, sağalıb, yenə cəbhəyə qayıdıb. Ukraynanın, Moldaviyanın, Rumıniyanın, Macarıs­tanın, Yuqos­la­viyanın, Avstriyanın, Uzaq Şərqdə Şimali Koreyanın alman və yapon işğalçılarından azad olunması uğrunda mərdliklə, igidliklə vuruşub. Bay­ram günləri Yusif kişi geyinib çıxanda lap generala oxşayır - sinəsindəki orden və medalları saymaq ol­mur. O, müharibə veteranları şurasının ən fəal üzvüdür.

- Bəli, mən Uzaq Şərqdən evimizə qayıdanda cama­atı da, təsərrüfatı da yoluq gördüm. Evlər uçum-uçum idi, yollar, arxlar dağılmışdı, kəhrizlər arıtlanmadığından qurumuşdu. Təkcə insanların inamı saf qalmışdı, toxunulmaz qalmışdı. Onlar müharibənin ən ağır çağlarında qələbəyə inandıqları kimi, əyin-başın da, bağ-bağatın da, ev-eşiyin də, yolların da tezliklə düzələcəyinə inanırdılar. Mən indi hər dəfə söz düşən-də, ya bir münasibətlə çıxış edəndə deyirəm ki, əziz-lərim, insan çörəksiz də, susuz da, çılın-çılpaq da yaşaya bilər, biz bunun şahidi olmuşuq, ancaq inamsız bircə gün də yaşaya bilməz. Bizi yaşadan inam bu torpağa da təzədən can verdi. Kəhrizlər arıtlandı, arx­lar düzəldi, bağların rəngi duruldu. 1947-ci ildən elə məhsul götürdük ki, sorağı Moskvaya çatdı. İki adam əmək qəhrəmanı adı aldı, nə qədəri də orden və me­dal. O vaxt bizim bu direktorun on üç-on dörd yaşı ancaq olardı... - deyə Yusif kişi bir ata mehribanlığı ilə təsərrüfatın başçısına baxdı. - Zamandır, dayanmır, irəli gedir. Biri qocalır, biri böyüyür, biri doğulur.

- Qocalıqdan danışmaq çox tezdir, ay Yusif...- deyə Azərbaycanın rəng-ruhunu, danışıq tərzini götürmüş Andrey Şetinkin də söhbətə qarışdı. - Mən səndən yeddi yaş böyüyəm, heç qocalmışam demirəm.

- Andrey, deməsək də, yenə qocalmışıq. O əmək qəhrəmanı olduğumuz günlər təpiyimizdən yer titrəyirdi, indi öskürəyimizdən göy guruldayır. Qocalmışıq.

Andrey Şetinkin dostu Yusif kişiyə dil çatdıra bilməyəcəyini görüb gülümsündü. Bu gülüş də artıq azərbaycanlaşmış, lap Qarabağa məxsus gülüş idi. Bizim Andrey Şetinkin iləmaraqlandığımızı hiss edən direktor:

- Andrey Yakovleviç bizim köhnə qarabağlımızdır, - dedi. - 1932-ci ildə arvadı Marusya xala ilə birlikdə bizim kəndə gəlib. Özünə çoxlu dost qazanıb. Andrey əmi sovxozumuzun ilk təşkilatçılarından biridir. Çox gözəl insanlardır. Gözəl uşaqları var. Danışıqda heç bizim Ağdam uşaqlarından seçilmirlər. Çox zəhmət-keşdirlər. Ümumiyyətlə, sovxozumuzun qocalarına biz "Qızıl fond" adını vermişik. Onlar torpağın da, insanların da loğmanıdırlar. Təsərrüfat işlərində də, şəxsi həyat məsələlərində də qocalarımızın qızıl məsləhət­lərindən bəhrələnirik. Hər qocanın ömür yolu bizim üçün necə yaşamaq nümunəsidir. Məsələn, elə götürək, Sosialist Əməyi Qəhrəmanı Əminə Cəfəro­vanı. O, evdar qadınlıqdan sovxozun baş laborantı vəzifəsi-nədək yüksəlmişdir. Yaxud İsmayıl İsmayılov. O da əmək qəhrəmanıdır. Öz namuslu əməyi ilə fəhləlikdən şöbə müdirliyinədək yüksəlib. Hər il də planı artıqlamasilə ödəyir.

İsmayıl İsmayılovun yaxşı üzümçü olduğunu bizə Ağdam Rayon Partiya Komitəsində demişdilər. Ümumiyyətlə, bu qabaqcıl sovxoz və onun adamları haqqında oçerk yazmağı bizə məsləhət görmüşdülər. "Üzüm bu torpağın həm keçmişidir, həm də gələcəyi. Yaxşı üzümçülərdən yazmaq, onları bütün respublikada tanıtmaq lazımdır".

Natəvan adına sovxozun tərcümeyi-halına nəzər saldıqda orada sıçrayış illərini görmək heç də çətin deyildir. Sovxozumuz üzümçülüyün inkişafında lap kosmik sürət götürüb, - deyə döşü Lenin ordenli baş aqronom Yusif Varşabov iftixarla dilləndi.

Necə də fəxr etməsin. Zarafat deyil, sovxozun yaxşı işi həm də baş aqronomun yaxşı işidir. Hər növə uyğun sahələr seçmək, növlərin özünü də ildən-ilə saflaşdırmaq, tənəkləri və məhsulu ziyanvericilərdən və xəstəliklərdən qorumaq üçün təkcə institutda alınan bilik azdır. Bunun üçün çoxlu əlavə elmi məlumat və zəngin təcrübə lazımdır. Elə təcrübə ki, qocaman bağbanlar da səndən bəhrələnsinlər.

Sovxozda hamının yaxşı yadındadır ki, keçən il hələ iyun ayında Yusif Varşabov qətiyyətlə demişdi:

- Hektara yüz sentneri rahat verəcəyik.

Bir çoxları hətta şübhə də etmişdilər. Nəticədə necə oldu? Baş aqronomun sözü düz çıxdı.

- Ancaq bu da son hədd deyildir. Cavan sahələr gücləndikcə biz daha yüksək məhsul götürəcəyik. Beş yüz hektarda təzə üzüm sahəsi salmaq fikrindəyik.

Baş aqronom bu sözləri elə arxayın dedi ki, sanki söhbət kiçicik bir həyətyanı təsərrüfatdan gedirdi.

Lakin sovxozun fəhlələri ilə, xüsusən kommunist­lərlə söhbətdən sonra "beş yüz hektar" bizə az görün-dü. İlk partiya təşkilatının katibi Məmməd Həsənovun bu sözləri haqdır ki, "belə işgüzar, təşəbbüskar adamlarla dağı dağ üstünə qoymaq olar". Partiya təş-kilatının uçotunda duran yüzdən artıq kommunist sovxozun bütün ictimai həyatında fəal iştirak edir, hamıya nümunə olur. Elə bir təşəbbüs yoxdur ki, o öz ilk başlanğıcını kommunistlərin yığıncağından başlamamış olsun.

Sovxozun direktoru bu barədə:

- Bu boyda təsərrüfatı biz ancaq kommunistlərin fəal köməyi sayəsində idarə edirik, - dedi.

Doğrudan da sovxoz dörd şöbəni əhatə edir və üzümçülükdən əlavə də təsərrüfat sahələri vardır: çəkil bağı, nar bağı, qoz bağı, alma, armud bağı, bostanı, taxıl sahəsi, baramaçılığı, heyvandarlığı... Gərək bütün sahələrdə nizam-intizam ola, plan və öhdəlik vaxtında ödənə. Həm də bir il, iki il yox, hər il ödənə, artıqlamasilə. Kommunistlər olmasa, bu qədər işi bir nədir, heç on direktor da idarə edə bilməz. Kommu­nistlər, yenə də kommunistlər!

Hər kəsin öz aləmi, öz şəxsi zövqü, arzusu, sevinci və sirri vardır. Bir direktor lap görkəmli psixoloq da ola, o qədər adamla dil tapa bilməz. Kommunistlər, yenə də kommunistlər!

Sovxozu yaradan da, böyüdən də kommunistlərdir.

Bir neçə il bundan qabaq üzüm sahələri geniş­lə­nərkən, kommunistlər şərab zavodunun gücünün artırılması məsələsini irəli sürdülər. İndi sovxozun şərab zavodlarının ümumi gücü səkkiz min tondan çox­dur. Bundan əlavə on bir min ton hazır məhsulu saxlamaq üçün nəhəng zirzəmiləri vardır. Deməli, belə güclü sənayesi olan sovxozun gələcək uçün iddiası daha böyukdür. Fikrimizin sübutu üçün bir bu fakta diqqət yetirin: sovxozun şərab zavodları bu yaxınlara qədər ildə dörd-beş milyon manatlıq məhsul istehsal edibsə, indi bu rəqəm yeddi milyon manata çatıb. Belə bir addıma necə nəhəng deməyəsən!

Bu parlaq müvəffəqiyyətin qazanılmasında adlı-sanlı şərabçılardan Rəcəb Hüseynovun, Əkbər Nəbi­yevin, Fərhad Quliyevin, Yevgeniya Nikola­yeva­nın, Əminə Cəfərovanın və başqalarının böyükəməyi vardır.

Natəvan adına sovxozda insana qayğı, onun təkcə bu günü ilə deyil, gələcəyi ilə də yaşamaq hamının bir nömrəli vəzifəsidir, vicdani borcudur. Fəhlə komi­tə­si-nin sədri Oqtay Məmmədovda bu mühüm məsələyə aid hər cür fakt tapmaq olar. Biz onlardan bir neçəsini qeydə almışıq:

Butün fəhlələrin abad evi vardır. Buna baxmayaraq son bir ildə daha otuz təzə ev tikilmişdir. Var-lığa nə darlıq!

Sovxozun ərazisində üç klub, iki kitabxana və bir qırmızı guşə vardır. Yay və qış kinoteatrlarında hər gün bədii və elmi-kütləvi filmlər göstərilir.

İki orta və bir ibtidai məktəbdə min beş yüzdən çox fəhlə balası oxuyur. Daha bir orta məktəb binası tikilməkdədir.

Körpələr altı nümunəvi uşaq bağçasında pərvaz­lanırlar.

Dörd həkim məntəqəsi və iyirmi beş çarpayılıq xəstəxana fəhlə və qulluqçuların sağlamlığı keşiyində dayanmışdır. Ən nəhayət, bütün qocalar pensiya ilə təmin olunmuşlar.

Bütün bunlar bir vətəndaş kimi bizi də sevindirdi. Təkcə bir şeyə təəssüfləndik ki, bu boyda, bu qabaqcıllıqda sovxozun bir güclü özfəaliyyət kollektivi yoxdur.  Axı, Qarabağ istedadlar vətənidir. Üzümlüklərdən, bağlardan, çöllərdən eşidilən bülbül misallı səslər    dediyimizə sübutdur. Yeri gəlmişkən qeyd edək ki, sovxozda idman işləri də zəifdir. Elə güman edirik ki, sovxozun partiya, həmkarlar ittifaqı və komsomol təşkilatları bizim bu qeydlərimizdən tezliklə nəticə çıxaracaqlar. Natəvan adına sovxoz gərək hər sahədə qabaqcıl ola!

...Güllü Qarabağda qədim bir torpaq vardır. Bu torpağın neməti ətrini bahardan, şirəsini şehnəmdən, rəngini günəşdən alır. Bu torpaq otuz növ üzüm yetişdirir. Bu torpağın şərabları nəinkirespublikamızda, nəinki ölkəmizdə, bütün dünyada şöhrət qazanmışdır, beynəlxalq sərgilərdə yüksək mükafatlar almışdır. Bu torpağa valeh olmayan yoxdur. Biz də bu qədim torpağa vurulmuşuq.

 

20 avqust 1969-cu il




















 

© 2011. Bütün hüquqlar Əli İldırımoğluna məxsusdur.
www.aliildirimoglu.az və ya www.aliildirimoglu.com