OÇERKLƏR
CƏSARƏT
Sarımtıl rəngli təzə traktor sahənin başına çatanda yerindəcə eşilib sağa istiqamətləndi. Sükançı qız qarşıdakı torpaqlardan diqqətini ayırmadan sürəti ustalıqla dəyişdi. Maşından qatı qara tüstü qalxdı. Güclü traktorun gur və boğuq səsi seyrək kollarla örtülmüş boz qayalıqlarda əks-səda verdi. Elmira mühərriki söndürüb sükanın arxasından qalxdı və çiyninə tökülən sarışın saçlarını geri atıb özünəməxsus çevikliklə əkin yerinin kənarına tullandı. O, göz işlədikcə uzanan gümüşü yovşanlıqdan keçib, irəlidəki yastı təpənin üstünə dikəldi. Mahir fırça ustalarının hələ kəşf etmədiyi və zərif ləçəkləri olan bir neçəçiçək dərdi. Elmira bir anlığa dayanıb doğma çöllərin əlvan rəngini məftunluqla seyr etdi. Buradan qonşu Qubadlı, Zəngilan kövşənləri aydın görünür. Yuxarıdakı dağlardan hay-harayla baş alıb gələn Bərgüşad və Həkəri çayları Yazı düzünün qurtaracağındakı gen dərələrdə qovuşur. Çaylar bir-birinə hücum çəkirmiş kimi əvvəlcə coşub kükrəyir, sonra sanki dil tapır, sakitləşir, gurlaşır, bir məcrada dalğalanaraq xan Araza doğru qıvrılır. Vadinin yaşıllığları arasında ağaran qırmızı taxtapuşlu kənd evləri yay günəşinin qızmar şəfəqləri altında bu dağ çaylarının zümrüd haşiyəsi kimi bərq vurur.
Elmira bu xoş mənzərənin seyrinə dalıb özündə qəribə yüngüllük hiss etsə də, dünənki söz-söhbətin təsirindən ayrıla bilmirdi. Ötən gecə gözlərinə yuxu da getmirdi.
Başında dolaşan narahat fikirlərin düyününü açmaq üçün anasına müxtəlif suallar verirdi. Bunun üstündə də Əlfiyyə xala qızını o ki var məzəmmət etmişdi və sonra bərk acığı tutmuşdu;
- Gücün çatmayan daşdan yapışma, - demişdi. - Traktor sənin üçün keçi deyil dağlara dırmaşa. Nə olsun ki, oxuyub məktəb qurtarmısan?! Bir də ki, qız uşağısan, hər çətin işə baş qoşma!
Elmira geri dönüb qonşu Dağtumas, sakini olduğu Həmzəli kəndinin arasındakı düzün qurtaracağına yenə də nəzər saldı. O, fikrən traktorunu dağın ətəyinə doğru uzanan yamacda sınayarkən elə bil büdrədi və bu andaca ətrafı etiraz səsləri bürüdü:
- İnadkar olma! Maşını uçurarsan!
Elmiranın baxışları qətiyyətli bir ifadə aldı. Üzləşəcəyi çətinlikləri əvvəlcədən görsə də, bu barədə qəbul etdiyi qərarından dönə bilmirdi. Bir də ki, axı o kommunistlərin hörmətli məclisində, rayon başçılarının qarşısında söz verib. Onun vədinə şəkk edənlər də olub.
***
Yük maşını Həmzəli kəndini yarıya bölən Qubadlı - Laçın magistralından burulub düz kolxoz malikanəsinin qabağında dayandı. Sürücü ilə anbardar Yevlaxdan alıb gətirdikləri noxud və başqa yem bitkiləri toxumu doldurulmuş iri kisələri könülsüz sürüyüb maşından salır və həyətdəki talvarın altında üst-üstə yığırdılar. Elmira anbardara:
- Bərəkətli olsun, - deyib, maşın-traktor parkına tərəf yönəldi. Hüseyn ona:
- Sağ ol, qızım, - deyib sonra öz-özünə gileyləndi: - Bu da toxum. İndi görüm harada əkəcəksiniz?!
Sürüçü istehza ilə:
- İdarənin qabağında, - dedi. - Əşşi, o da olmasa, toxumu dən yerinə toyuqlara verərik.
Elmira bu kinayəli sözləri eşitmirmiş kimi ayaq saxlamadan ötüb keçdi. Ancaq daxilən sarsıldı. İstədi qayıdıb onların abrını ətəklərinə büküb dərsini versin və desin ki, qonşu kolxozların gözü bizim Həmzəli torpaqlarındadır. Di gəl ki, qədrini bilmirik. Əkin üçün yararlı olan yüz hektarlarla münbit torpağı kol-kos basıb. Bu cür yersiz giley-güzarın əvəzinə hamımız qolumuzu çırmayıb can-dildən işəgirişsək...
Ancaq Elmira söz güləşdirmək istəmədi. Çünki hələ heç kəsin üzünə ağ olmayıb. Özündən böyüklərin yolunu saxlayıb, hörmətini gözləyib. O, təmkinini pozmadan təmir sexlərinin arasından keçib kombinezonunu geyindi, traktoruna dönə-dönə əl gəzdirdi. Sürətlər qutusunu yoxladı, kotanı nizamladı, maşının yanacaq sistemini nəzərdən keçirdi, əyləşdiyi kabinəni səliqəyə saldı. Gənç mexanizator benzinli əski ilə əlini siləndə qolundakı saatın əqrəblərinə, sonra da batmaqda olan günəşin saraltısına baxdı. Dodaqları pıçıldadı: - Artıq vaxtdır, - deyib maşın-traktor parkını tərk etdi.
Bu günlərdə respublika partiya təşkilatı heyvandarlıq təsərrüfatının sürətli inkişafına nail olmaq üçün perspektivli yollar müəyyən edib. Bəs belə bir məqamda kənd əməkçilərinin vəzifəsi nədən ibarətdir? Qubadlı rayonundakı Mehdi Hüseynzadə adına kolxozun kommunistləri məhz bu mühüm məsələnin həllinə toplaşmışdılar. Buna hamıdan çox Elmira və onun valideynləri sevinirdi.
Məhəmmədlə Əlfiyyə neçə ildir fermada çalışırlar. Ata çoban, ana sağıcı. Onların işgüzarlığı kimə məlum deyil? Ancaq Əlfiyyə nə qədər çalışırsa, hər inəkdən sağdığı südü iki min kiloqrama belə çatdıra bilmir. Qabaqcılların əldə etdiyi yüksək nəticələri eşidəndə hamı sevinir, həm də kədərlənir. Beşilliyin yolunda geridə qalması ona bir nisgil olur. Bəzən dərdini Elmira ilə bölüşür:
- Nə gizlədim, ay qızım, şapalaqla üz qızartmaq olmaz, - deyir. - Axı, biz heyvana nə veririk? Bir çəngə quru küləşin ümidinə inək olar?! Heç senaj, silos, nə bilim, qüvvəli yem demirəm, ana heyvanlar doyunca ot da yemir. Nə qədər satın yem alarlar?!
Məhəmməd "satın almaq" sözünü eşidəndə qabağındakı stəkan-nəlbəkini, əlinin arxası ilə geri itələyib, əyləşdiyi stulundan qalxdı və əsəbi halda:
- Elə yemi satın alırıq ki, xərci borcunu ödəmir e, - dedi. - Südün, ətin maya dəyəri qalxıb durub dağın başında, on qəpik xərc qoyub beş qəpik gəlir götürürük. Lap Molla Nəsrəddinin alverinədönüb.
Ailədə gedən bu cür xoşagəlməz söz-söhbət Elmiranın qəlbindən ağır bir daş kimi asılırdı, ona dərd olurdu. Bax, bugünkü müzakirə məhz həmin müşkül məsələlərin həllinə yönəldilmişdi. Kolxoz idarə heyətinin və ilk partiya təşkilatının mütəxəssislərindən, təcrübəli əkinçilərdən və heyvandarlardan ibarət birgə komissiyası son plenumun qərarları ilə əlaqədar olaraq təsərrüfatın mövcud imkanlarını hərtərəfli təhlil etmişdi. Müəyyən olunmuşdu ki, qüvvəli, şirəli və qaba yemlərin istehsalını azı iki-üç dəfə artırmaq mümkündür. Burada ortalığa bir çətinlik çıxır. Alınmış yemlik noxud və vələmir toxumunu səpmək üçün otuz hektar sahə çatmır. Bu barədə söz-söhbət çəpləşəndə kolxozun müvafiq torpaq xəritəsi ortalığa gətirildi və diqqətlə nəzərdən keçirildi. Kəndin sosial-iqtisadi inkişafını nəzərə alaraq yeni beşillikdə üzümçülüyün, taxılçılığın, tütünçülüyün də sürətli inkişafı təmin edilməlidir. Yox, həmin əkinləri əsla azaltmaq olmaz. Açıq partiya yığıncağında iştirak edən rayon partiya komitəsinin birinci katibi əlindəki qələmin ucunu xəritənin üstündə gəzdirərək Həmzəli ilə qonşu Cəbrayıl rayonunun Dağtumas kəndi arasındakı xam torpaq işarəsinin üstündə kiçik nöqtə qoydu. Kolxoz idarə heyətinin sədri diqqətini, həmin nöqtədən ayırmadan köksünü ötürdü. İlk partiya təşkilatının katibi isə bu barədə açıq danışdı:
- Siz haqlısınız, - dedi, - yoldaş katib, həmin istiqamətdə əkinə yararlı xeyli sahə var. Münbit də torpaqlardır. Ancaq hələ kotan ucu dəyməyib. Bu, mümkün də deyil. Çünki yamac yeridir, ora traktor çıxarmaq... Çox götür-qoy etmişik, ancaq bir mətləb hasil olmayıb. Bir də ki, həmin yerlərdə heç dədə-babadan əkin getməyib. Görünür, məsləhət deyilmiş...
Ortalığa çökən ağır sükutu qabaq cərgədə əyləşən kommunistlərin arasındakı bəstəboy qızın cəsarətli səsi pozdu:
- Elə bir çətinlik yoxdur, - dedi. - Şumlamaq da olar, əkmək də. Kommunist kimi, təşkilatımızın qarşısında söz verirəm!
Elmira sözünə ara verib zalda əyləşənlərə tərəf çevrildi və onlara müraciətlə: - Dədə-baba vaxtı - yer öküzün belində dayanır - deyirdilər. İndi adamlar onun ətrafında dövrə vururlar. Amma biz traktoru bir balaca yamaca çıxarmağa cəsarət etmirik...
Yüksək əhvali-ruhiyyə ilə yığıncağa toplaşanların baxışlarında xoş bir təbəssüm parladı. - Əlbəttə, əsib sovurmağına baxma, onun xörəyi deyil, - deyə Elmiranın fikrinə qarşı öz tərəddüdlərini büruzəverib, başlarının hərəkətiylə ona etiraz edənlər də oldu.
Bütün bu söz-söhbətləri xatırladıqca Elmiranın əlindəki tər çiçəklər onun özü də hiss etmədən ovulub yerə tökülmüşdü. Gənc kommunist sözündə sadiq qaldığını əyani şəkildə nümayiş etdirirmiş kimi daxili düşüncələrindən ayrılıb görkəminə ciddi ifadə verdi və geri dönüb qətiyyətli bir hərəkətlə traktoruna süvar oldu...
Bir vaxt Həcərin silaha sarılıb namərd bəylərə qarşı səngər qurduğu yerdə indi Elmira Məhərrəmovanın polad atı nərə çəkirdi. Quşqonmaz dağların ətəyinə doğru uzanan sinə yer artıq onun cəsarəti iləram edilmişdi. Traktor əsrlərdən bəri əkin üzü görməyən yamaclarda irəlilədikcə kotanın vərəqləyib altını üstünə çevirdiyi narın qara torpağın özünəməxsus ətri duyulurdu.
Elmira bu sınaqdan da müvəffəqiyyətlə çıxdı. Bu münasibətlə onu ürəkdən təbrik edənlərdən biri də ustad traktorçu Həsənxan oldu. Bir vaxt Elmira aqreqatlara çəkinə-çəkinə yaxınlaşırdı. Onda Həsənxan ona - mahir traktorçu olacaqsan, - deyib, urək-dirək verirdi. İndi yetirməsinin məharətini görəndə necə də fərəhlənir - Qızım, lap möcüzə göstərmisən, afərin! - deyirdi.
Bu yerlərin hüsnü artıq dəyişir. Xəfif meh kol-kosluğun yerində əkilən yem bitkilərinə sığal çəkdikcə heyvandarların sevinci sinələrinə sığmır. Kolxoz başçıları:
- Ötən ildəkinə nisbətən yazlıq yem bitkiləri əkini sahələri üç dəfədən çox genişlənib, - deyib əldə etdikləri ilk fərəhləndirici nəticələrdən iftixarla söhbət açırlar. Həm də beşilliyin cıdırında yüksək şüurluluq nümunələri göstərən Həcər timsallı qızın hünərinə - əhsən! - deyirlər. Sədr minnətdarlıqla deyir ki, kəndimizin bu ilk mexanizator qızı on adamın işini görür. Belə hünərvər mexanizatorlarla dağı dağ üstə qoymaq olar.
Əlbəttə, bu, təkcə təsərrüfat başçılarının yox, bütün kənd camaatının fikridir. Budur, yerli Sovetlərə ən layiqli adamların deputat seçilməsi məsələsi gələndə hamı ellikcə Elmira Məhərrəmovanın adını çəkir. Onun barəsində xoş sözlər deyilir: - "Texniki peşə məktəbini bitirib, dörd ildir mexanizator işləyir, kənddə ad-san qazanıb. Hər bir işdə kolxozun karına gəlir.
Bu xoş sözlərin təsiri altında kənd klubunda belə bir nida ucaldı:
- Layiqdir!
İstirahət guşəsində bədii özfəaliyyət kollektivinin çıxışı başlandı. Gənc müğənni - "Beş qardaşa bir bacıyam, Gözəl qızların tacıyam" - deyib zilə qalxanda Elmiranı dövrəyə alan mexanizator həmkarları qımışdı. Elmira yanağına çökən qızartını hiss etdirməmək üçün başını aşağı dikdi. Çünki Əlfiyyə xala on övlad böyüdüb. Onların beşi bacıdır, beşi qardaş. Bəli, beş qardaşa, beş bacı! Bir qədər açıq-saçıq danışan dilli-dilavər rəfiqəsi istehza ilə: - Yeddi oğul istərəm, bircə dənə qız gəlin! Beş qardaşa bir bacıyam! - Bu sözlər artıq köhnəlib, - dedi. - Görünür, söz qoşub, şer yazanların yeni ailələrdən xəbəri yoxdur.
Həftələr, aylar bir-birini avəz etdikcə təbiətin görkəmi də başqalaşır. Bahar gəlin libasını dəyişir. Yayın isti nəfəsi duyulur. Yamacların rəngi bozarır. Sahillərinə meydan oxuyan Həkəri və Bərgüşad çayları da şəffaflaşır, durulur. Dərəli, təpəli yollarda taxıl daşıyan, yem gətirən yük avtomaşınlarının ardı-arası kəsilmir. Kənd həyatının qaynar çağlarında Elmiranın fəaliyyəti təkcə ağır şum traktorunun sükanı arxasında məhdudlaşıb qalmır. Onun cəsarətli səsi iri salxımlarla bəzənən üzüm plantasiyalarının arasından, taxılı toplanan qızılı zəmilərdən, otu çalınan çiçəkli yoncalıqlardan gəlir...
Dünyagörmüş qocalar ona bəzən "bizim Həcər" deyirlər. Bəli, həyat bir vaxt Həcəri silah götürməyə vadar edirdi, onun xələfini isə bu gün dinc əməyə səsləyir. Elmiranın polad köhləni Həkərinin səfalı vadisində, Gəyənin bərəkətli düzlərində cövlan etdikcə Əlfiyyə ilə Məhəmmədin riqqətli baxışları rastlaşırdı. Övladın cəsarəti valideynlərə bir dünya sevinc olurdu.
6 avqust 1982-ci il
|