www.aliildirimoglu.az

OÇERKLƏR

ÇİÇƏKLƏNƏN DÜZLƏR

Göz işlədikcə uzanıb gedən və hər tərəfdən üfü­qə qovuşan haramı düzunün isti küpəşinə, münbit torpağına nə gəlib. Ancaq... ancaq bir ovuc su­yu qəhətdir. Duzün qurtaracağındakı çılpaq təpələr dəçınqıllı ətəklərini Araz vadisinə sərərək əsrlərdən bəri su həsrəti çəkir. Ta qədimdən belədir...

Yalnız yaz və payız ayları  burada gümüşü yovşanlıqlar gözə dəyir. Gilas qızarmamış bu yeganə yaşıllıq da quruyub yox olur. Bozumtul düzlərdən elat da üz döndərir. Haramıd qışlayan fermalar yır-yığış edib köç yoluna çıxır, gecəni gündüzə qatıb uzaq-uzaq dağ­lara çəkilir. Kimsəsiz  çöllər neçə ay yayın bürkülü süku­­­tuna qərq olur. Bura güzarı düşən müdrik    qoca­lar, görüb-götürmüş əkinçilər əlini alnına qoyub ətrafı seyr etdikcə öz-özünə pıçıldayır:

- Daşı yox, kəsəyi yox, əvəzsiz torpaqlardı, bircə suyu olsaydı...

Torpaq qədri bilən əkinçi dodaqlarının bu xəfif pıçıl­tıları onların çoxdankı arzusu kimi neçə dəfə iclas salonlarında əks-səda doğurub, yazıçıların, jurnalist­lərin qələmində tərənnüm olunub. Arzular, təkliflər, gileylər... Bəzilərinin dili ilə desək, bəlkə də xam xəyal...

İndi su həsrətli Haramı çöllərindən ayrı cür sədalar gəlir. Xoş, ürəkaçan sədalar. İndi burada yaşayıb-yaradan inşaatçıların, melioratorların əkinçilərin ərzaq proqramını yerinə yetirmək uğrunda apardıqları inamlı mübarizədən yazılır. Haramı fatehlərinin qəhrəmanlıq salnaməsi yaradılır. Öz fəhlə vicdanının hökmü qarşısında namusla çalışan neçə-neçə əmək fədaisinin şan-şöhrəti bu salnamənin qızıl sətirlərinə çevrilir.

...İri dəmir-beton hissə Musa Hüseynquliyevin diqqətli baxışlarının müşayiəti ilə qaldırıcı kranın caynağında göyə qalxıb, Haramının səmasında ağır-ağır lən­gər vurur və layihə üzrə nəzərdə tutulan yerə en­di­rilir. Nəhəng beton qurğular nizamlanan kimi Musa­nın çöhrəsi işıqlanır. O, krançıya razılıq mənasında əl edir və xüsusi işarə ilə - müvazinəti saxlamaq lazımdır, - deyib cəld aşağı əyilir. Musanın əlindəki elektrik qaynağından ətrafa qığılcım səpələnir. İnşaat meydança­sın­d­a gözqamaşdırıcı şəffaf işıq saçır. Musanın pəhləvan cüssəsi qarşısında dəmir hissələr yumşalır, əyilir, əriyir, onun istədiyi kimi bir-birinəcalanır. Səriştəli quraşdırıcı qəddini düzəldib, özündə qəribə bir yüngüllük hiss edir, alnında puçurlanan təri silir. O, qaldırıcı kranın yavaş-yavaş yuxarı yığılan qarmağına baxıb, beton hissələrin növbəti qaynağına hazırlaşır.

Beton örtüyün üstündən hər tərəf apaçıq görünür. Musa aralıdakı bozumtul düzlərdə qaralan qoyun-quzu damlarına da baxır, cərgə ilə salınan yeni müasir heyvandarlıq binalarına da. Bu təzadlı mənzərələrin arasında xəyallanır. Qurub-yaratmaq eşqi ilə çırpınan geniş qəlbi ehtizaza gəlir. Sevinci bir dünya olur.

O neçə dəfə heyvandarlıq sahəsində çalışan kiçik qardaşı Nizaminin tənəli gözlərinə, giley-güzarına məruz qalıb. Nizami:-Bilirsən, Musa,-deyirdi, tövlələr uyğunsuz, yem qıt. Nə qədər çalışırıq, - üz ağarda bilmirik. Danışmaq, danlamaqla da iş aşmır. Gərək tikə­sən, qurasan, heyvandarlara əməlli-başlı şərait yara­dasan. Siz inşaatçılara da ki, nə deyim?! İldə iki daşı güçlə üst-üstə qoyursunuz. O da necə? Tikdiyiniz də zay. Heç insafınız var?! Amma dükana ət, yağ bir az geç gələndə...

Füzulidə fəaliyyət göstərən mexanikləşdirilmiş səyyar dəstənin kollektivi Ərzaq proqramı ilə əlaqədar olaraq görüb-görəcəyi işləri təhlil edəndə iyirmiillik qaynaqçı təcrübəsi olan Musa Hüseynquliyev qürurla ayağa qalxıb irəli yeridi və qısaca olaraq dedi:

- Mənə tapşırılan aylıq planları müntəzəm olaraq vaxtından on gün qabaq yerinə yetirməyə söz verirəm. Kollektivimiz buna əmin ola bilər, - dedi. - həm də gördüyüm hər bir işi yüksək keyfiyyətlə təhvil verməyi vəd edirəm...

Bu vədə necə əməl olunduğundan söhbət salanda mexanikləşdirilmiş səyyar dəstənin sahə rəisi Naşir Allahverdiyevlə Musanın səmimiyyət ifadə edən ehtiramlı baxışları rastlaşdı. Naşir gulümsünərək: - Vədi ilə işində bir balaca fərq var, - dedi və əlavə etdi: - Ötən ayın planını on yox, on dörd gün qabaq ödəyib. Hamı fəxrlə güldü. Musa onunla yanaşı dayanan həm­karı Seyrana:-Vaxtı itirmək olmaz, gedək, işə başlamaq lazımdır - demək mənasında quraşdırıcı dos­­tuna işarə vurdu. Naşir onların eyhamını hiss eləyib: - Görürəm yaman tələsirsiniz, gedə bilərsiniz - dedi.

Onlar ləngimədən quraşdırılmaqda olan avtomat qurğulara tərəf yönəldilər. Seyranla Musa təmizləyici, yempaylayan hissələri, suvarma aparatlarını bir-birinə calayıb bərkitdikcə, neçə dəfə ölçüb-biçir, heç bir əgər-əskiyin olmaması üçün öz məharətlərini əsirgəmirlər.

Naşir Allahverdiyev başçılıq etdiyi bu işgüzar kollektivin hünərinə arxalanaraq iftixar hissi ilə deyir ki, bu il heyvandarlıq kompleksinin tikintisində plandan əlavə yüz iyirmi min manatlıq quraşdırma işi görməyi qət etmişik. Sonra əlavə etdi: - Axı indi biz öz vəzi­fə­mizə Mərkəzi Komitənin İyun plenumunda irəli sürülən yüksək  tələblər baxımından yanaşırıq.

Ərzaq proqramının yerinə yetirilməsi təkcə əkin­çi-lərin və heyvandarların işi deyil. Bu ümumxalq işidir. Hər bir adam bu sahədəki vəzifəsini dərindən başa düş­sə və onu layiqincə yerinə yetirsə... bir dəki, ple­numda deyildiyi kimi insanın nüfuzu da, maddi rifahı da, hər şeydən əvvəl onun necə işlədiyi ilə müəyyən edilir...

Təhməz Atakişiyevin, Müslüm Məhərrəmovun bən­nalıq məharətinin şahidi olduqca, Haramını silkə­ləyib əsrlərin yuxusundan oyadan güclü aqreqatların uğultusunu dinlədikcə, öz-özümüzə düşünürdük. Bura­da inşaatçılar Ərzaq proqramının yerinə yetiril-məsi yolunda necə də müvəffəqiyyətli addımlar atırlar. Bu fəhlə kollektivləri İyun plenumu və SSRI Ali Sove­tinin səkkizinci sessiyası qərarlarının ruhlandırıcı təsiri altında necə də mərdliklə çalışırlar. Müasir qaydada tikilmiş on iki heyvandarlıq binası, neçə-neçə silos və senaj qurğuları, yem sexi, zoobaytar məntəqəsi, su qülləsi, subartezian quyuları... Bu obyektlərin bünövrəsi qoyulanı da var, hazır olanı da. Baş podratçı təşkilat olan təsərrüfatlararası tikinti idarəsinin mütəxəssisləri inamla, həvəslə danışırlar:

- Burada ildə üç min baş qaramal kökəldiləcək. Kompleksin tikintisinə üç milyon manata yaxın vəsait ayrılıb. Ötən il burada yüz min manatlıq əvəzinə iki yüz min manatlıq iş görülüb. Bu il isə plan üzrə müəy­yən olunduğuna görə yarım milyon manatlıq inşaat quraşdırma işi görülməlidir. Ancaq bu nədir, milyon yarımdan artıq iş görməyi qət etmişik. Mərkəzi Komi­tənin İyun plenumunun qərarlarından sonra öhdəli­yi-miz belədir: "Bir ildə üç plan qədər tikinti-quraşdırma tapşırığı yerinə yetirək!"

Belə adamlara ürəkdən deyirik: - Afərin sizə!

Baş mühəndis bir neçə metr aralıdakı sahələri göstərərək: - Heyvanların mədəni məişət şəraiti də unudul­mamışdır. Kompleksin yanında iyirmi yaşayış binası cərgələnəcək. Evlərin ətrafında bağ-bostan, yaşıllıq, içərisində qaz, elektrik işığı, su kranı olacaq. Rabitə, nəqliyyat, mədəni xidmət də ki, öz yerində. Bütün bunlar kompleks şəkildə əvvəlcədən düşünül­müşdür.

İnşaat meydançasını, istirahət guşəsini bəzəyən diaqramlar, şüarlar, plakatlar dilə gəlib konkret faktlarla, rəqəmlərlə Haramının sabahından söhbət açır: - Rayon üzrə ictimai təsərrüfatların dövlətəsatdığı min ton ətin yarıdan çoxu təkcə bu yeni kompleksdə istehsal olunacaqdır. Planda nəzərdə tutulduğuna görə burada gələn il mal qəbuluna başlanacaqdır.

Rayon partiya komitəsinin birinci katibi cib dəf­tərimə qeyd etdiyim axırıncı kəlməyə etirazını bildi­rərək: - İndi fikrimiz başqadır, - dedi:- Mal qəbuluna gələn il yox, elə bu ildən başlanacaq. Bunun üçün vaxtında etibarlı zəmin yaradılmışdır. Cari ildə iki min başa yaxın qaramal kökəldiləcəkdir.

Haramını dolaşdıqca raykom katibinin dediyin-dəki həqiqətin şahidi olurduq.  Çevik tərpənişli gənc oğlan Araz üzərindəki bəndin üstü ilə irəliləyib barmağını elektrik düyməsinə toxundurur. Nəhəng dəmir qapı silkələnib aramla aşağı enir. Arazın coşqun suları ilə üzləşir. Araz bu həmlədən təlatümə gəlir, şahə qalxır, beton bənddə, dəmir qapıya hücum çəkir. La-kin bir mətləb hasil olmur. Bir vaxt min əzab-əziyyətlə düzəldilən dəhnələri uçurub viran edən Araz indi qıvrılır, mütiləşir, sakit-sakit dalğalanıb melioratorların iradəsinə tabe olur, məktubumuzun əvvəlində qeyd etdiyimiz su həsrətli çınqıllı təpələrəqurşaq kimi dolanan beton kanalla birbaş Haramıya doğru axır. Ana arx üzərində güclü su dartan qurğular uğuldayır. Buradan müxtəlif istiqaymətlərə neçə kilometrlərlə yeraltı borular şaxələnir. Haramının damarları kimi. Səriştəli mexanizator Mirağa Abbasov ilk dəfə yem bitkiləri əkilən sahələrdəki yeraltı suvarma şəbəkə­lərini dönə-dönə yoxlayıb səliqə ilə nizamlayır. Sonra o, mexaniki suvarma qurğularını işə salır. Ara­zın suyu Haramının səmasında ərşə qalxır. Əkinlərə süni yağış çilənir. Haramının cadarlanmış sinəsindən buğ qalxır. Əkinlər sirab olur, torpaq cana gəlir, kama yetir. Ətrafa xəfif bir sərinlik yayılır. Saf çöl sərinliyi, torpağın sevinci Haramı fatehlərinin məğrur çöhrəsinə yayılır. Bu yerlərin rənginə uyğunlaşan boz torağaylar da vəcdlə qanad çalıb sanki öz ilhamlı nəğməsi ilə quru çöllərə yeni həyat bəxş edən qadir adamları təbrik edirlər. Quşlar səs-səsə verib qaliblərin şəninə nəğmələr qoşur. Qəhrəmanlıq nəğməsi.

Abbasovlara Füzulidə inşaatçı qardaşlar deyirlər. Bu qardaşların əli ilə neçə-neçə binalar ucaldılıb, evlər tikilib, kanallar çəkilib, bəndlər salınıb. Böyükkişi indi buradakı meliorasiya tikintilərinə başçılıq edir. Özü də bacarıqla.

- Kollektivimiz cari beşillikdə burada yeddi milyon manatlığa yaxın meliorasiya işi görməlidir. Beş min hektar sahənin suvarılması təmin olunmalıdır.

Mexanikləşdirilmiş səyyar dəstənin rəisi Böyükkişi Abbasov o qədər də böyük hünər göstərmirmiş kimi özünəməxsus təvazökarlıqla sözünə ani fasilə verib sonra əlavə etdi:

- Biz heç də planın yerinə yetirilməsi ilə qənaətlənmirik. Məsələn, əslində tikintiyə bu il başlamalı idik. Ancaq ötən il imkan olduğunu nəzərə alıb yüz min ma­nat­lıqdan artıq meliorasiya işi görmüşük. Əsas qurğular artıq istismara hazırdı. Bu il dörd yüz min manatlıq həcmində mexaniki suvarma şəbəkəsi yaratmalıyıq.

O gülümsünərək:

- Quraşdırıcılarımız bu tapşırığa beş ay ərzində əməl ediblər, - dedi. - İlin axırına kimi azı bir milyon ma­natlıq tikinti-quraşdırma işi görməyi qət etmişik. Başqa cür də ola bilməz. Kollektivimizin hər bir üzvü günün tələblərindən irəli gələn vəzifələrini dərindən dərk edir və onu layiqincə yerinə yetirmək əzmi ilə çalışır.

Beşilliyin yollarında uğurlu addımlar atan inşaatçıların, melioratorların, mexanizatorların ehti­raslı sözlərini dinlədikcə bu yerlərin xoş gələcəyi, Ər­zaq proqramının bəhrələri kino ekranı kimi gözlərimiz önündə canlanırdı. Əsrlərdən bəri ürəklərdə bəslənən xoş bir arzunun təcəssümündə öz vətəndaşlıq borcunu mərdliklə yerinə yetirən əmək bahadırlarının hünərinə qəlbimizdə - min alqış! - deyirdik.

Aralıdakı bürkülü dərələrdən, qızmar qayalıqlardan qopub gələn isti meh bozumtul düzləri dolaşaraq yalnız buradakı heyvandarlıq kompleksinin öhdə­sin-dəki yaşıllıqlarda sərinlik tapır. Haramıya ilk dəfə qə-dəm basan qarğıdalının zərif saçaqları ilə şıltaqcasına rəqs edir. Torpaqdan baş qaldıran cürbəcür yem bitki-lə­rinin tər yarpaqları aqreqatların çilədiyi leysan yağışların altında sevinclə titrəşir.

Əsgər şinelini cəmi bir neçə gün bundan qabaq soyunub əlinə bel, dəryaz götürən gənc suçu Sərraf Haramının qırmızı, çəhrayı, ağ, sarı çiçəklərindən on bir dəstə bağlayıb. İşdən evə qayıdanda özündən böyük və kiçik bacı-qardaşlarına vermək uçün. Hər dəstədəki çiçəklərin sayı onların yaşına görədir. Odur ki, Nurhəyatın payına düşən çiçəklər hamısından azdır. Axı o evin sonbeşiyidir, dörd yaşı təzəcə tamam olur...

Düzlərin dərinliyinə doğru uzanan yoncalıqlarda iki otbiçən maşın sübh tezdən başlayaraq hey irəliləyir, uzaqlaşır, gözdən itir və yenə də hay-harayla geri dö­nür. Biçilmiş ot laylarının özünəməxsus rayihəsi duyulur. Bir neçə gün əvvəl biçilmiş yoncalıqlardan heyvandarlıq komplekslərinə doğru aramla irəliləyən yem yük­lü avtomaşınların karvanı görünür. Yemçilik birliyinin aqronomu Yusif Hüseynov, şöbə müdiri Rəş-xan Məmmədov biçilən, daşınan yemin dəqiq hesabını aparırlar. Yeni kökəltmə birliyinin həndəvərində ehram­ları xatırladan yem təpələri sıralanır. Saçlarını heyvandarlıq təsərrüfatında ağardan səksənyaşlı Əbil kişi əmək veteranı olsa da vaxtilə sürüləri harayladığı bu yerlərə indi tez-tez baş çəkir, oğlu Rəşxana ağıllı məsləhətlər verir, kömək edir. O, yeni tikintilərə baş alıb gedən yaşıllıqlara gözü dolusu nəzər salır, məmnun olur, nurani görkəmi minnətdarlıq ifadə edir. Haramının ətir saçan rəngbərəng çiçəkləri ona bir mö­cüzə kimi görünür. Əbil baba bu möcüzəni yaradanların hünərinə:- əhsən! - deyir.

 

7 iyul 1983-cü il




















 

© 2011. Bütün hüquqlar Əli İldırımoğluna məxsusdur.
www.aliildirimoglu.az və ya www.aliildirimoglu.com