OÇERKLƏR
ÖMRÜN ANLARINDA CÜCƏRƏN KƏLAMLAR
Kəndimiz dünyanın ovcunda qərar tutub. Zirvəsi göylərə dirənən dağların, qayaların əhatəsində olan kiçik bir düzənlikdə. Mənə elə gəlir ki, tanrı bu çala-çuxur düzənliyi də elə bəndələrinin məskunlaşması üçün yaradıb ki, kəndlə dağlar, qayalar bir-birinə həyan olsun.
Bütün cansız və canlı varlıqlar kimi buradakı quşqonmaz qayaların da bir-birinə bənzəməyən rəngi və adı var. Qızıl qaya, Ağ qaya, Qara qaya, Çopur qa-ya, Gəlin qayası, Ballı qaya... Kəndimizə bitişik olan kol basmış dərənin boğazında dikələn bir qaya da var. Ona Damcı qaya deyilir. Ətəyindən damcı-damcı süzülən büllur kimi dupduru suyun havayı yerə axıb getməməsi üçün insan əli yüz il, min il, bəlkə də çox, bəlkə də az bundan əvvəl çömçə qədər su tutumu olan bir çala düzəldib. Bircə-bircə, aramla düşən o damcılar iki-üç günə o çömçəni doldura-doldurmaya. Sərt qayadan nə zillətlə axıb gələn saf, sərin, dupduru su.
Bəzən zavallı bir məxluq taleyindən giley-güzar eləyir ki, çörəyim daşdan çıxır. Tay bilmir ki, o çörək halal çörəkdir. O çörək kimi bəzən suyumuz da daşdan çıxır. Damcı-damcı, gilə-gilə, ancaq saf, sərin, dupduru. Təvazökarlıqdan uzaq düşsəm də, özümdə cəsarət tapıb deyərdim ki, ərsəyə çatdırdığım əsərlərim də o damcılar kimi gilə-gilə daşdan çıxıb və ədəbiyyat ümmanını əsla bulandırmayıb. Azacıq da olsa duruldub.
* * *
Atam İldırımın kimliyini sorsalar, kəndimizin həndəvərindəki uca-uca dağları, yalçın qayaları göstərərdim. Deyərdim odur mənim rəncbər atam. Atamın ucadan uca olan o dağ, qaya heykəlləri öz dəmir kərəntisi, külüngü, düsəri, beli, orağı ilə cilalanıb, ucaldılıb. Özü də təbiətin əli ilə. Çünki atam torpağın övladı idi. Torpaqlaşandan sonra da təbiət onu zinətləndirən kişinin haqq-sayını yerdə qoymayıb, heykəlləşdirib.
* * *
Var-dövləti dərrakəsindən artıq olanların axır-aqibəti faciədir.
* * *
Vəzifə sadəliyin, səmimiyyətin qənimidir; ünsiyyət tellərini günbəgün çürüdür.
* * *
Ahıllaşdıqca gözümün nurunda, sifətimin qırışlarında, barmaqlarımın qabarında, gecələrimin yuxusuzluğunda, saçlarımın bəyazlığında cücərən güllərin rayihəsi anbaan yox olur.
* * *
Hədsiz var-dövlət insanlıq kəndirinin üzərində addımlayanların müvazinətini pozur.
* * *
Gərəksizləşdikcə gur səslə «can!» deyənlərim çoxalır, candan yananlarım azalır.
* * *
Mənəvi dünyam valideynlərimin çiynində bərqərardı. Onlar yoxlaşandan sonra həyat mənə sönük görünür.
* * *
Həbsxana zillətindən betər cəzalar var. Ən ağırı anasızlıqdır. Mən belə bir cəzanı çəkmişəm.
* * *
Çəkdim cəfasını cəfasını çəkdiklərimdən,
Gördüm səfasını cəfasını çəkmədiklərimdən.
* * *
Hər bir adamın təbibi onun dərrakəsidir.
* * *
Səksəni haqlamışam. Ahıllığın əzab adlı bulanıq dəryasında üzürəm. Hələ də əl-qolum heydən düşmə-yib. Bu təlatümlü dənizdə əbədiyyətə qovuşana qədər üzməliyəm. Çarə nədir?!
* * *
Ömrümün ahıllıq yoxuşunu qalxdıqca taqətim tükənir, qəm yüküm ağırlaşır, kədərim artır, sevincim qeybə çəkilir. Ancaq dayanmadan gedirəm. Qocalığın dözümünə bax e...
* * *
Əl tutanda xeyli-xeyli yüngülləşirəm. Əlimdən tutanda arzumca olmayan minnət yüküm ağırlaşır və qəlbimin həssaslığında əzaba çevrilir.
* * *
«Kişi gərək minnətli çörək yeməsin» kəlamını dərk etdikcə üzülürəm.
* * *
«Ağacı içindən qurd yeyər» deyiblər. Nəsildə, nəcabətdə peyda olan qurd qəvi düşməndən betərdir.
* * *
İnsan üçün ən müqəddəs olan vicdan qanunudur. Yalnız o qanunla gedənlər Tanrıya yaxınlaşırlar.
* * *
Bəzən yazı masamdan uzaq düşürəm. Bir ay, beş ay... Masam mənə baxır, mən də ona. Küskün, qəmgin, nisgilli. Bizi qovuşduran qüvvənin rəhmini gözləyirəm. O qüvvəni hiss etməsəm, masama səmtiyə bilmirəm. Yaxınlaşsam nə fayda?!
Gözəgörünməz qüvvə axır ki, dadıma yetir. Məni qələm-kağızla ünsiyyətə sövq edir. Onda sevinirəm, rahat nəfəs alıram. Gözümə işıq, qoluma qüvvət, dizimə taqət, qəlbimə təpər gəlir. Düşünürəm ki, yaşamağa dəyər.
* * *
Savadsız istedadlının yazıb-yaratdığı, savadlı istedadsızınkından qat-qat qiymətlidir.
* * *
Həyatdan gələn ədəbiyyat kitablardan törəyən ədəbiyyatdan mənalı və məzmunludur.
* * *
Sahibinə hörmət, nüfuz gətirməyən ağıl və savad qara qəpiyə dəyməz.
* * *
Vəzifəyə yüksəlmək, vəzifədən enmək, külli var-dövlət sahibi olmaq, kasıb düşmək insanı səmimilikdən uzaqlaşdırır.
* * *
Savadın da, istedadın da sükançısı ağıl, kamal olmalıdır.
* * *
Ədəbiyyatın atası istedad, anası əzab-əziyyət, mamaçası zəhmət, bəzəyi sadəlik, eybi təkəbbürdür.
* * *
Əsl kişilik ailə üzərində «hakimiyyətini» təmin etdiyi təqdirdə təsdiqini tapa bilər.
* * *
Hörmətimi əziz tutanların qarşısında kiçilirəm, gücsüzləşirəm, aciz oluram.
* * *
Özümü ünsiyyətdə olub, yaxınlıq etdiklərimdən aşağı tutmağı xoşlayıram. Onda dərrakəlilərin gözündə ucalıram, dayazlar isə özlərini yuxarıda görürlər. Həmin məqamda birincilərə qarşı rəğbətim artır, ikincilər üçün əlçatmaz oluram.
* * *
Naqis qadınları ən çox namus-qeyrətdən dəm vuran ərləri mədh edir.
* * *
Əməyimin qiymətini təltifatlarda yox, qələmdən süzülüb kağızlarda sətirlənən mürəkkəbin rəngində axtarıram.
* * *
Evlənmək asandır, ər olmaq çətin.
* * *
Yalan, riya insana müvəqqəti uğur, şan-şöhrət gətirə bilər. Lakin onu əbədi olaraq qəlblərdə nifrət hədəfinə çevirər.
* * *
Cavanlıqda yaxınlıq edib təmasda olduqlarımı görürdüm. Ahıllığımda isə duyuram. Duyduqlarım mənə ahıllığımdan betər əzab verir.
* * *
Mənəvi zənginlik insanlığı zinətləndirir, maddi zənginlik isə eybəcərləşdirir.
* * *
Yaltaqlıq əxlaqsızlığın eybəcər formasıdır.
* * *
Vəzifəyə yüksəlməyin yolunda ən böyük əngəl, hər cür alçaqlığı özünə rəva bilməyənlərdir.
* * *
Bütün eybəcərliklər qeyrətsizlikdən yaranır.
* * *
Ahıllığın ən böyük dərdlərindən biri sənə möhtac olanlara möhtac olmaqdır.
* * *
Kin və şübhə insanı içəridən çürüdür.
* * *
Yazımın çətinlikləri məni həyatda görüb-duyduğum eybəcərliklərin əzabından xilas edir.
* * *
Ey dar günümün dayağı bildiyim bəndə, nəzakətsiz davranışlarından bezdim, sarsıldım. Lakin məmnun oldum. Qəlbimdə sizə qarşı minnətdarlıq hissləri baş qaldırdı. Ona görə də həyatıma nifrət etdim. Və belə bir mühitdə yaşamaq həvəsim azaldı. Ölüm qorxu yox, arzuma çevrildi.
* * *
Vicdan insanı xalisliyin qanunudur.
* * *
Yazıçı az yaşasa da, çox ömür sürür.
* * *
İstedadsızları ən çox istedadsızlar mədh edib göylərə qaldırır.
* * *
Əlimə qələm alanda evimdəki radionu, televizoru nə görür, nə eşidirəm. Doğmalarımı belə unudur, komamı tərk edirəm. Əzablı bir aləmə düşürəm. Yazıçıya ölməzliyi bəxş edən ömrün həmin anlarıdır.
* * *
Qaradan qaş olmaz, özgədən qardaş.
* * *
Qardaş qardaşın sağlığını istəyər, özündən yaxşı olmasını yox.
* * *
Sağlam can, uzun ömür üçün xoş əhval-ruhiyyəni əvəz edən və edəcək dərman yoxdur.
* * *
Valideyn üçün ən böyük dərd, əzizləyib ərsə yetirdiyi balasının sonradan onun başına bəla olmasıdır.
|