www.aliildirimoglu.az

OÇERKLƏR

QAYĞI GÖSTƏR, UĞUR QAZAN

Nə kərədi "Quba" aqrofirmasına güzarımız dü­şür. Hər dəfə də təsərrüfatın başçısını soruşanda de­yir­lər məktəbə tərəf gedib. Bu, bəlkə də bir təsadüfdür. Ancaq Qədir Paşayevin sorağının tez-tez məktəbdən gəlməsi bu dəfə marağımızı artırdı. Ona görə də elə ilk söz-söhbətimiz məktəbdən baş­landı. Məktəb deyəndə Qədir Paşayevin tövrü dəyişdi, özünü sanki məktəbli skamyasında hiss etdi:

- Ağsaqqal məsləhətinə, müəllim öyüd-nəsihətinə ehtiyacımız çoxdur - dedi. - Yoxsa bu kəndin nə xeyir-bərəkəti olar, nə də ki, böyük-kiçiyi tanınar. Ələziz ilk müəllimim olub. İndi Qubada yaşayır. Məni bura direktor qoyanda onun bir sözü də bu oldu ki, oğul, təsərrüfatın dərd-səri çoxdur. Başqa işlərin öz yerində, ancaq nə badə məktəbi unudub yaddan çıxardasan.

Direktorun baxışları qayğılı ifadə aldı:

- Başa düşən üçün dərin sözdü - dedi. - Kəndin mənəvi həyatı məktəblə bağlıdır. Neçə-neçə valideyn ümidi məktəbə dikilib. Gecə-gündüz fikirləşirlər ki, övladımız necə oxuyur, gələcəkdə ondan nə çıxacaq…

Məktəbi unudub gözdən salsaq, müəllim də, valideyn də bizdən üz döndərər. Sözümüz də kəsərdən düşər. Həm də ki, təsərrüfatın sabahkı heyvandarı da, inşaatçısı da, aqronomu da, mühəndisi də ilk dəfə burada formalaşır. Mənəvi çeşməmizin gözü məktəbdir. Onun üstündə əsməsək…

Eh! Bu cür yağlı sözləri, gəlişi gözəl kəlamları məgər az eşitmişik?! - öz-özümə düşündüm. Direktorun gətirdiyi faktlar isə şübhəmi alt-üst etdi:

- Son bir neçə ildə öz gücümüzlə iki kənddə orta məktəb binaları tikmişik - dedi. - Qələdüz kəndində də orta məktəb binasının tikintisini başa çatdırhaçatdırdayıq.

Respublikanın xalq deputatı Qədir Paşayev sözünə fasilə verib xəyallandı və əlavə etdi:

- Təsərrüfatımızın əhatə etdiyi kəndlərdə iyirmi iki məktəb var - dedi. - Bu təhsil ocaqları da təsərrüfat məsələləri qədər direktorluğun diqqət mərkəzindədir. Birinci sinifdən tutmuş onuncu sinfə qədər bütün əlaçı şagirdlərə aqrofirmanın hesabına təqaüd veririk. Təhsildə, əməkdə, ictimai işlərdə nümunə olanlara ayda yetmiş manat məbləğində "Xətai" təqaüdü müəyyən etmişik…

Əlbəttə, varın verən utanmaz deyiblər. Yoxdan Allah da bezardı. Gərək qazanasan ki, kəndin maarifinə, məktəbinə, tikintisinə, abadlığına pul qoyub, kara gələ biləsən. Bunun üçün də iqtisadi baza lazımdır. Direktorla söhbətimizin istiqaməti bu səmtə yönəldi - təsərrüfatın iqtisadi imkanlarına.

Kimə bəlli deyil ki, on il bundan əvvəllərə nisbətən qiymətlər bir çox sahədə birə-beş qat artıb. Bahalıq bazarları başına götürüb. Səriştəli təsərrüfatçı belə məqamda necə deyərlər gərək papağını qabağına qoyub əməlli-başlı fikirləşsin. Kəndin gəlirini, çıxarını dönə-dönə ölçüb-biçsin. Vəziyyət çətinləşdiyi məqamda bəhanə yox, ondan çıxış yolu axtarsın. Bu mənada aqrofirmanın işini qələmə alıb təqdir etməyə dəyər. Təsərrüfat başa vurduğumuz on ikinci beşillik ərzində nəzərdə tutulmuş otuz milyon manat əvəzinə əlli milyon manat ümumi, on milyon manat əvəzinə on beş milyon manat xalis gəlir əldə edib. Mümkün imkanlardan istifadə etmək yolu ilə on il bundan əvvələ nisbətən gəlirini bir neçə dəfə çoxaldıb. Bunu bəzi faktlarla izah edək. Burada ildə iyirmi min tona yaxın meyvə istehsal olunur. Yığım dövrü onun beş min tonunun keyfiyyəti aşağı düşür, əmtəəlik dəyərini itirir. Gərək qapı-qapı düşüb emal müəssisələrinə üz tutasan ki, birtəhər qəpik-quruşa gedə. Onda nə etməli? - Qədir Paşayev bu suala cavab tapmaq üçün Stavropolun, Krasnodarın, Krımın neçə-neçə meyvəçilik təsərrüfatına baş çəkdi. Vəziyyətdən çıxmaq üçün uzaq eldən olan həmkarları ona əl tutdular… Aqrofir-mada ilk dəfə olaraq müasir avadanlıqla təchiz edilmiş konserv zavodu tikildi. İndi burada ildə on beş növ məhsul istehsal olunur, iki milyon manatdan artıq gəlir əldə edilir. Bax, həmin o ağacın dibinə tökülmüş, zədələnmiş və əmtəə dəyərini itirmiş meyvənin emalı hesabına müəssisədə yüz nəfər emalçı çalışır. Onların istehsal etdiyi konserv məhsullarının sorağı Moskvadan, Leninqraddan, Uzaq Şərqdən gəlir. Zavodun direktoru Sadıq Əsədov deyir ki, gərək zəmanə ilə ayaqlaşasan, dövrün nəbzini tuta biləsən. Ölkənin bir çox şəhərləri ilə müqavilə bağlamışıq. Biz konserv göndəririk, müqabilində də kəndimizin-kəsəyimizin zəruri ehtiyacı olan ərzaq, sənaye və müxtəlif tikinti materialları alırıq. Çalışırıq ki, iqtisadi çətinliyin tüğyan etdiyi indiki şəraitdə camaatımız əzab çəkməsin.

nd bağçılıqla, heyvandarlıqla, taxılçılıqla məşğul olur. Uzun illərdir belədir. Lakin indi dövrümüzün tələbi başqadır. Görüb-götürmüş təsərrüfatçı gərək ayıq-sayıq olsun, zəmanənin səsini-sədasını yaxşı-yaxşı eşidib, ağıllı nəticələr çıxara bilsin, yeni-yeni gəlir mənbələri axtarıb tapsın. Quba təsərrüfatçıları Abşeron tərəvəzçiləri kimi isti şitilliklər yetişdirməyə alışmayıblar. Tarixən almaları ilə öyünüblər. Haqları da var. Bu ənənə mahnılara da dönüb. Vəs­salam! Onda bağbanlar köhnə adətlərinə qapanıb, qış uzunu əllərini əllərinin üstünə qoyub gözləsinlər, görək alma nə vaxt çiçək açacaq. Axı, abşeronlular Qubadan avtomaşınla apardıqları torpaqdan gübrə kimi istifadə edirlər… Quba camaatı gec də olsa, indi-indi ayılıb bu mətləbin üstünə gəlirlər. Belə bir yeniliyin ilk carçıları "Quba" aqrofirmasının başç­ı­la­rıdır. Əlbəttə, gör-götür əyyamıdır. Qədir Paşayev son vaxtlar Abşerondakı Zabrat istixanasının direktoru Əli Əliyevlə tez-tez görüşür. Bir dəfə Əli Əliyev qubalı dostuna yarı­zarafat:

- Əmioğlu, biz pomidor-xiyar yetişdirmək üçün Moskva yaxınlığından sialit gətiririk. Buna şapalaqla üz qızartmaq deyərlər. Amma di gəl, insafla danışaq. Quba torpağında yetişdirilən bostan məhsullarının dadı-tamı hara, sialitlə yetişdirilən pomidorun, xiyarınkı hara?!

Arifə bir işarə - deyiblər. Qədir Paşayev bu sözdən öz payını götürdü. Budur, Qudyalçayın sol sahili boyunca isti şitilliklərin cərgəsi görünür. Yeni təsərrüfatın təşkilinə başçılıq edən Rafiq Abbasov deyir ki, elə bil qış yuxusundan indicə ayılmışıq. Bu cür imkanı, şəraiti olan camaat da gedib bazardan qanı qiymətinə xiyar, pomidor alar? Qədir Paşayev isə bu yeni sahənin iqtisadi tərəfini təhlil edərək:

- İsti şitilliklərin sahəsi hələlik yarım hektardır - dedi. - Tezliklə beş hektara çatdırmağı qət etmişik. Təkcə istixanadan ildə azı beş milyon manat gəlir götürə biləcəyik.

Dama-dama göl olar, dada-dada heç - deyiblər. Gəliri artırmaqla yanaşı, gərək ölçüb-biçib ictimai vəsaitin hara və necə sərf olunduğunu da biləsən. Artıq xərcə yol verməyəsən. Misal üçün, aqrofirma iki min hektardan artıq sahədə meyvə yetişdirir. Hər il bitki zərərvericilərinə qarşı mübarizə məqsədilə tonlarla zəhərli-kimyəvi dərmanlar işlədilir. Əzab-əziyyəti bir yana qalsın, külli xərc aparır, hava zəhərlənir, ekoloji vəziyyət ağırlaşır. Bunu nəzərə alaraq, aqrofirmada yeni bioloji laboratoriya tikilib. Meyvə bağlarında peyda olan həşəratlara qarşı kimyəvi dərmanlar tətbiq etmək yolu ilə yox, laboratoriyada hazırlanan trixoqramlar vasitəsilə mübarizə aparılacaq. Bu, yüz min manatlarla vəsaitə qənaət etməyə imkan verəcək. Həm iqtisadi, həm də ekoloji cəhətdən gör nə qədər sərfəlidir.

Neçə illərdi plana əməl edən, öhdəliyi yerinə yetirən təsərrüfatlar mədh olunur. Bu sahədə "fədakarlıq" göstərənlərin sinəsindəki orden-medalların sayı-hesabı yoxdur. Bir deyib-düşünən olmayıb ki, plan da, öhdəlik də öz yerində, bəs camaatın gün-güzəranı?! Kəndin siması, adamların sosial şəraiti nə yerdədir? Aşkarlıq və yenidənqurma mühiti kənddə çoxdan həllini gözləyən bu problemlərin öz yerinəqoyulmasına geniş imkanlar yaratmışdır. Çeviklər bu imkandan bacarıqla istifadə edirlər. Bunu aqrofirmanın əhatə etdiyi kəndlərin timsalında görürük. Aralıdakı binada böyük bir idarə fəaliyyət göstərir.Aqrofirmanın nəzdindəki tikinti idarəsidi. Burada yüz əlli nəfərdən ibarət təhsilli, təcrübəli inşaatçı, mexanizator çalışır. Neçə-neçə inşaat briqadası, iş icraçısı, müxtəlif markalı maşın-mexanizmlər. İdarənin müdiri Mirdəst Həbibov bu günlər daha qayğılı görünür. Axı, onun başçılıq etdiyi inşaatçılar dəstəsinin də öz dərd-səri var. Mirdəst Həbibov dedi ki, kəndlərimizdə ötən il milyon manatlıqdan artıq ictimai və fərdi tikinti işləri aparmışıq. Bu il planımız xeyli artıb. O, əlindəki sənədləri varaqlayaraq:

- Təkcə Ağbil kəndində klub, məət xidməti evi, tibb məntəqəsi, çayxana tikməliyik - dedi. - Bir kənd olsa,  dərd yarıdı. Aqrofirmanın əhatə etdiyi on səkkiz kəndin tikinti və abadlığı bizə baxır.

Mirdəst bir kəlmə də demədi ki, daş tapmırıq, ağac materialı qıtdı və sair. Niyə də desin?! Burada tikinti üçün möhkəm baza yaradılıb. Aqrofirmanın direktoru dedi ki, mənim - "bunu ver, onu ver, nə bilim bunu tapa bilmirəm, onu tapa bilmirəm" - deyən işçidən zəhləm gedir. Kişi olan kəs gərək işini elə sahmanla görsün ki, ona-buna əl açıb, ağlayıb-sısqamasın.

Direktor əlavə etdi:

- Bir vaxt inşaat materialları asanlıqla tapılırdı. Elə ki, gördük bu məsələ çətinləşir, onda bəhanə yox, çıxış yolu axtarıb tapdıq.

li, aqrofirmanın ərazisində bişmiş kərpic üçün tükənməz yataq var. Müdiriyyət soraqlaşıb kərpickəsən aqreqatı çətinliklə də olsa, Sır-Dərya vilayətindən gətirdib. Sex avadanlığı ilə birlikdə yüz min manata başa gəlib. İldə iki milyon ədədə yaxın kərpic istehsal edir. Ancaq kəndlərdə tikinti-abadlıq işləri geniş vüsət aldığından mövcud sex tələbi ödəmir. Direktor dedi ki, Moskvanın müvafiq müəssisəsi ilə yeni müqavilə bağlamışıq. Daha məhsuldar kərpic sexi tikməliyik. Apardığımız hesablamaya görə, bunun üçün bir milyon manata yaxın xərc çəkməliyik. Qoy olsun, ildə də beş milyon ədəd kərpic istehsal edə biləcəyik. Bu, kəndlərin tikinti-abadlığı üçün gen-bol bəsdir. Ehtiyacı olan kənar idarə və təşkilatlara da əl tutmaq imkanımız olacaq.

Qışın oğlan vaxtıdır. Bağ-bağat bəyaz örpəyə bürünüb. Lakin qar yenə də ara vermir. Qudyalçayın sərt sazağı adamın iliyinə işləyir. Buna baxmayaraq, yaxınlıqdakı beton məmulatı istehsal edən sexdəqızğın iş gedir. Sex yeni yaradılıb. Mexanizm saz, çınqıl bol, sement də ki, istənilən qədər. İnşaatçılar lazım olan dəmir-beton məmulatı üçün əvvəllər olduğu kimi daha Bakıya, Sumqayıta, Mingəçevirə yol döymürlər. Həmin materialları elə buradaca özləri hasil edirlər. Müdiriyyətin Moskvada, Leninqradda və Murmanskda dil tapıb, təmasda olduğu müvafiq idarə və təşkilatların başçıları "Quba" aqrofirması üçün lazım olan inşaat materiallarını əsla əsirgəmirlər.

Bir sözlə, aqrofirmanın dərd-səri çoxdur. Onun mərkəzində adamlara qayğı durur. Təsərrüfatın iqtisadi irəliləyişi də, uğurları da elə kəndə qayğıdan, maarif və mədəniyyət ocaqlarına yanğıdan, adamlara ehtiramdan, kimsəsizlərə əl tutmaqdan, ağsaqqalların yolunu saxlamaqdan başlanır. Budur, kimsəsiz qadın Vacibət Məhərrəmovaya aqrofirmanın hesabına ev tikilir. Əmək veteranı İlim Bortəliyevin imkansız olduğu nəzərə alınıb, ona təzə ev tikilib. İndi rahat yaşayır. Mahir İskəndərov qabaqcıl mexanizatordur. Rasim Əhmədov fermanın dirəyidir. Teymur Novruzov üzv olduğu fəhlə kollektivinin fəxridir vəsair. İqtisadi və sosial çətinliklərin ucbatından onlar neçə il idi ki, kəndi tərk edib dolanışıq üçün Rusiyanın müxtəlif şəhər və yaşayış məntəqələrinə üz tutmuşdular. İndi el-obalarına qayıdıblar, gün-güzəran tapıblar. Son iki ildə burada dörd yüz nəfərə həyətyanı torpaq sahəsi verilib, iki yüz nəfər yar-yaraşıqlı ev tikdirib. Məshəti türkləri məlum səbəblər üzündən yurd-yuvalarından didərgin düşüb respublikamıza pənah gətirəndə, aqrofirmanın başçıları irəli çıxıb xeyirxahlıq göstərdilər, iki yüzə yaxın ailəni qanadlarına çəkib, pasiban durdular. Hamısı yerli camaatla qaynayıb-qovuşub, hamısı işlə təmin olunub, çoxuna ev tikilib. Bax, bu cür qayğının müqabilində aqrofirmanın meyvə bağla-rında, heyvandarlıq fermalarında, təmir emalatxanalarında, sənaye müəssisələrində hamı əmək fəallığı ilə çalışır, yüksək şüurluluq nümunələri göstərir.

 

5 noyabr 1988-ci il

"Kommunist" qəzeti

Xaçmaz



















 

© 2011. Bütün hüquqlar Əli İldırımoğluna məxsusdur.
www.aliildirimoglu.az və ya www.aliildirimoglu.com