www.aliildirimoglu.az

OÇERKLƏR

DOSTLUQ KARA GƏLİR

Andrey Vasilyeviç bir vaxt rəhbər vəzifələrdə çalışarkən fikri-zikri torpaqla təmasda olmaqda idi. Yaxşı deyiblər ki, niyyətin hara, mənzilin də ora. Axı onun elmi fəaliyyəti də torpağın açılmamış sirləri iləbağlıdır. Bu sahədə əldə etdiyi elmi səmərə Andrey Qusiyevi alimlik dərəcəsinə yüksəltmişdir. İndi onun Moskva ətrafında yaratdığı kooperativ ölkədə tərəvəzçiliyin elmi əsaslarla inkişafı üçün qabaqcıl təcrübə məktəbi sayılır. O həm də öz peşəsi ilə əlaqədar olaraq dünyanın neçə-neçə tərəvəzçilik təsərrüfatı ilə əlaqə saxlayır. Son vaxtlar respub­likamıza da güzar salıb. Lakin - dost çox olar, düşərgə bir, - deyiblər. Hər dəfə də Bakıya gələndə Abşeron rayonundakı Tərəvəzçilik, Südçülük Aqrar İstehsalat Birliyinin baş direktoru Əli Əliyevin qonağı olur.

Andrey Qusiyevlə Əli Əliyev Moskva müşavirələrinin birində görüşərkən onların ilk fikir mübadiləsi elə tərəvəzçilikdə elmi-texniki nailiyyətlərin tətbiqi ətrafında başlamışdı. Andrey Vasilyeviç deyəndəki, isti şitilliklərin hər hektarından iki min sentnerdən artıq pomidor götürürük və həm də eyni sahədən ildə iki dəfə məhsul əldə edirik, Əli Əliyev təəccübündən yerindəcə donub qaldı. Andrey Vasilyeviç:

 - Bəli - dedi, - istixana şəraitində, özü  sialit mineralında tərəvəz yetişdirməyin üstünlükləri çoxdan sübuta yetib. Və bunun gələcək perspektivləri böyükdür…

Başçılıq etdiyi təsərrüfatın iqtisadi-sosial inkişafı üçün daim yeni-yeni, mütürəqqi üsulların sorağında olan Əli Əliyevi fikir götürmüşdü. Baş direktor müsahibinin dediklərini dərin maraqla dinləsə də, onda daxili bir inamsızlıq da vardı. Andrey Vasilyeviç bunu onun incə eyhamlarından başa düşsə də, dostunun üzünə vurmadı. Əlini Əli Əliyevin çiyninə qoyub istehza ilə gülümsündü və:

 - Əli Dadaşoviç, - dedi, - yüz dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır. Bəlkə bizim istixanalara təşrif gətirəsiniz. - Əli Əliyev ürəyindən keçən belə bir təklifdən məmnun oldu. Onlar avtomaşına əyləşdilər…

Əli Əliyev Alla Qonçarovanın xidmət etdiyi on iki hektarlıq istixananı gəzdikcə daxilən xəcalət çəkirdi. Lakin yenə də öz-özünə nə isə fikirləşirdi: - "Bəlkə gəlib-gedənlərə göstərmək üçün bu istixanalara xüsusi qulluq göstərilir… Yox, canım, belə iş olmaz, bu ki, möcüzədir!!.." Elə həmin anda Andrey Qusiyevin başqa bir təklifi eşidildi:

- Əli Dadaşoviç, indi də dörd nömrəli briqadaya gedək, - dedi. - Yelena Aleksandrovnanın becərdiyi sahələri, çox da uzaq deyil…

Əli Əliyev Yelena Aleksandrovnanın becərdiyi isti şitilliklərə baxanda onun bayaqdan bəri keçirdiyi tərəddüdlər tamamilə alt-üst oldu. Yelena bir tərəvəzçi kimi gördüyü işin aqrotexniki üsullarından,əldə etdiyi iqtisadi səmərədən xeyli danışdıqdan sonra xarakterinə uyğun olan soyuqqanlılıqla əlavə etdi:

 - Hektardan üç min sentner pomidor götürürük, aylıq əmək haqqım da beş yüz manatdır…

li, torpağa sərilmiş nazik polietilen örtüyün üstünə on iki-on beş santimetr qalınlığında sialit yayılır, vəssalam! Bu eyni sahədə tərəvəz yetişdirmək üçün azı beş il bəs eləyir. Nə gübrə lazımdı,  nə də ki, zəhərli-kimyəvi dərman. Bitkilər cərgə araları ilə uzanan və yanlarından kiçik deşiklər açılmış nazik diametrli metal borular vasitəsilə də suvarılır. Ekoloji cəhətdən də min dəfə sərfəlidir. Adam bu cür istixanalarda özünü tərtəmiz ab-havası olan bağ-bağçalardakı kimi hiss edir. Zabrat istixanalarında isə… Deməyə adamın dili də gəlmir. Əli Əliyev bunu ürək ağrısı ilə izah edir:

- Hər iki min kvadratmetr sahəyə iki yüz kiloqram zəhərli dərman vurmalıyıq - dedi. - Bu əməliyyatdan sonra həmin sahəyə bir ay üzükmək olmur. Həm də bu istixanaların zəhərlənmiş torpağını gərək ildə iki dəfə dəyişdirəsən. Sən bir əzab-əziyyətə bax?! Mineral gübrələrə çəkilən xərc də ki, öz yerində. Bir belə əziyyətdən sonra hər hektardan vur-tut min sentner…

Əli Əliyev əlavə etdi:

 - Nə gizlədim, bir dəfə istixanaları gəzəndə neçə saat özümə gələ bilmirəm. Zəhərli-kimyəvi dərmanların təsirindən adamın başı gicəllənir…

Baş direktor kədərli bir ah çəkdi:

 - Əşşi, əkinçiliyin mədəniyyətindən nə qədər danışmaq olar. Danışa-danışa da elə yerimizdə sayırıq. Elə gözüaçıq oğullar var ki, dünyanı gəzib-dolaşıb, təcrübə toplayıb. Amma biz ölkəmizdəkiləri belə, görüb-götürmürük. Haçansa, kimdənsə göstəriş gözləyirik…

Əli Əliyev Moskva ətrafındakı isti şitillikləri gəzib dolaşdıqdan sonra:

 - Bəs bu sialiti necə əldə edirsiniz? - müsahibindən soruşdu.

 - Moskvanın dörd yüz kilometrliyində böyük sialit yatağı var - deyə Andrey Qusiyev cavab verdi. - Zakarpatsk vilayətinin Xustskiy rayonunda, bir az da dəqiqləşdirsək, Sokirnitsa kəndinin yaxınlığında. Kombinatın direktoru İqnat Yuriyeviç də ki, mərd adamdı, olanını müzəyiq eliyən deyil…

İqnat Yuriyeviç Azərbaycandan gəlmiş qonağı hörmət-izzətlə qarşıladı. Onlar sıx meşələrlə örtülmüş təpənin ətəyindəki kombinatın iş prosesi ilə tanış olanda İqnat Yuriyeviç açıq göyümtül rəngə çalan sialitdən bir ovuc götürüb əlində ovuşdurdu və Əli Əli-yevə tərəf yönələrək:

 - Həm torpaqdı, həm də gübrə - dedi. - Tonu da ki, on dörd qəpik.

Sonra soruşdu:

 - Sizin təsərrüfatda peyinin hər tonu neçəyə başa gəlir?

 - On iki manata.

İqnat Yuriyeviç gülümsündü. Əli Əliyevin əlinə yaxşıca girəvə düşmüşdü. O, fürsətdən istifadə edib elə ordaca, isti-isti, hələlik min tona müqavilə bağlamaq üçün kombinat direktorunun razılığını aldı.

Nahaq yerə deməyiblər ki, yüz manatdansa, yüz dost yaxşıdır. Bütün bu gör-götürdən sonra Əli Əliyev Andrey Qusiyevi Abşerona - başçılıq etdiyi təsərrüfata məsləhət üçün dəvət etdi. Yenilikçi alim əlindəki vacib işləri atıb, Moskva-Bakı təyyarəsinə bilet aldı…

Andrey Vasilyeviç Zabratdakı istixanalarla tanış olandan sonra öz iradını büruzə verdi və baş direktoru dostcasına məzəmmət etdi:

 - Xatirinizə dəysə də deməliyəm, tərəvəzi əlli il bundan qabaqkı kimi becərirsiniz, - dedi. - Bu cür ləng irəliləyişlə bilmirəm hara çata bilərsiniz?! Bir də ki, zəhərli-kimyəvi dərmanlardan yaman bərk-bərk yapışmısınız. Torpağın dili olsaydı, haray qoparardı. Heç olmasa sağlamlığınızın qədrini bilin…

Qonaqla ev sahibləri arasında xeyli məsləhət-məşvərətdən sonra əməli işə başlandı. Moskva yaxınlığında olduğu kimi istixanaların yeni sistemi yaradıldı… Həmin vaxtdan neçə ay keçir. Budur, tərəvəzçi Ruqiyyə Abbasova beş adamın işini görür. Özü də böyük bir həvəslə. Aylıq əmək haqqı da ki, hələlik üç yüz manatdır. Lakin bu işin başlanğıcıdır. İqtisadi hesablamalara görə, gəlir iki dəfədən çox artacaqdır. Polietilen döşəmə üzərindəki nazik sialit təbəqəsindən qalxıb, kəndir iplərə sarmaşan pomidorun yamyaşıl rəngi və gətirdiyi çınqıl kimi məhsul adamı valeh edir. Qabaqlar olduğu kimi, indi nə gübrə qoxusu gəlir, nə də ki, zəhərli-kimyəvi dərmanların baş gicəlləndirən üfunəti. Laboratoriya analizi göstərir ki, yeni üsulla yetişdirilən pomidorun tərkibindəki zəhərli maddələr on dəfə azalıb. Məhsuldarlığı isə qat-qat artıb.

Məmmədli Tərəvəzçilik, Südçülük Aqrar-İstehsalat Birliyində sialit tətbiq olunan istixanalar hələlik azdır. Gələn il üç dəfə artacaq. İsti şitilliklərdən əldə edilən hazırkı min ton pomidor və xiyar altı min tona çatdırılacaq.

Baş direktor Əli Əliyev:

 - Əlbəttə, gör-götür əyyamıdır, - dedi. - Qabaqcılların təcrübəsini, təsərrüfatçılığın mütərəqqi üsullarını öyrənib tətbiq etməsək, kənd təsərrüfatı işlərini tamamilə yenidən qurmasaq, arzuladıqlarımıza nail ola bilmərik. O, əyləşdiyi stulun siyirməsini geri çəkib bizə bir məktub göstərdi:

 - Danimarkadandır, - dedi, - Kurt Klaudius Xansendən almışam. Məşhur fermerdir. Tərəvəzçilikdə ayroplnika üsulunu ilk tətbiq eliyənlərdəndir: ipdən asılan bitkinin kökü yerdən beş santimetr hündürdə dayanır və çiləmə üsulu ilə tərkibi mikro-elementlərlə zəngin olan su ilə qidalanır. Bütün iş prosesi avtomatik qaydada gedir. İşçi qüvvəsi dörd dəfə azalır, əmək məhsuldarlığı beş dəfə çoxalır… Kurt Xansenlə xeyli vaxtdır əməkdaşlıq edirik. O, bizim təsərrüfatda belə bir mütərəqqi üsulun tətbiqi ilə gündəlik maraqlanır.

Əlbəttə, əl-əli yuyar, əl də üzü - deyiblər. - Axı, qar­şılıqlı müqavilənamənin şərtlərinə görə Zabratın konservləşdirilmiş tərəvəz məhsullarının müəyyən hissəsi Danimarkaya göndəriləcəkdir. Bəs necə, kim öz xeyrindən qaçar?! Danimarkalılar da az bilmirlər. Abşeron nemətinin dadı-tamı harda var?!

Neçə aydır istehsal birliyinin istixana təsərrüfatlarının yenidən qurulması üçün gecə-gündüz qızğın iş gedir. Özü də Moskva və Danimarka tərəvəzçilərinin təcrübəsi əsasında, həm də yaxından köməyi ilə. Tikinti-quraşdırma üçün birliyin başçıları heç də səriştəsiz təsərrüfatların rəhbərləri kimi qapı-qapı düşüb ona-buna əl açmırlar. Burada kifayət qədər maddi-texniki bazası olan tikinti-quraşdırma idarəsi yaradılmışdır. İdarənin rəisi - planda nəzərdə tutulduğuna görə bu il iki, gələn il azı dörd milyon manatlıq iş aparmalıyıq - dedi. - İnşaatçılar əvvəl-əvvəl sialit sexinin tikintisini başa çatdırmağa çalışırlar. Sən deməTovuz, Şamaxı, Gəncə ətrafında da tükənməz sialit yataqları vardır. Və bu keyfiyyətcə heç də Moskva yaxınlığından gətirilən sialitdən o qədər də geri qalmır. Konserv sexinin tikintisində də işlər öz qaydasında gedir. Gələn il bu yeni emal müəssisəsi işə düşməlidir.

Əli Əliyev:

 - Əvvəl iqtisadiyyat, sonra siyasət - dedi. - Sözçülüklə iş aşırmaq olmaz. Camaat yeni yaradılan istehsalat birliyindən çox şey gözləyir. Biz bu ümidi doğrultmalıyıq. Adamların maddi rifah halı da, kəndlər-də həllini gözləyən sosial problemlər də birliyin iqtisadiyyatından asılıdır. Biz belə bir güclü zəmin yaratmaq yolunda uğurla irəliləyirik. Dostluq, ailəvi əməkdaşlıq bu barədə yaman karımıza gəlir.

 

28 noyabr 1989-cu il

"Kommunist" qəzeti

Abşeron



















 

© 2011. Bütün hüquqlar Əli İldırımoğluna məxsusdur.
www.aliildirimoglu.az və ya www.aliildirimoglu.com