www.aliildirimoglu.az

POVESTLƏR

TAPILMAYAN DƏRMAN

Bel ağrısı kişini lap əldən salmışdı. Həkim xəstəni diqqətlə dinləyib, ağrıyan yerlərinə ehtiyatla əl gəzdirdikdən sonra:

- Geyinə bilərsiniz - deyib əlini sabunla yudu və təmiz dəsmalla sildi. Nişastalı ağ xalatının axırıncı düyməsini açdı və ətəyini yana çəkib stulunda rahatca əyləşdi. Həkim qayğılı görkəm alıb qaşlarını çatdı və mənə tərəf yönələrək:

- Qorxulu bir şey yoxdu, - dedi. -Adicə bel ağrısıdır. Onurğa beyini kökcüklərinin iltihabıdır. Loru dillə desək, radikulitdir. Hələlik kəskin formaya keçməyib. Ən çox əyilib qalxanda incidir, gərək gözləsin. Ağır şey qaldırmaq olmaz. Soyuqdan qorumaq lazımdır. Bir də ki, turş, acı, ümumiyyətlə, qıcıqlandırıcı yeməklərdən uzaq olmalıdır. Qarşısını almaq o qədər də çətin deyil.

Həkim onun məsləhətini gözləyən, sonsuz, yaşlı və xəstə dayıma ötəri nəzər salıb:

- Mənə elə gəlir ki, hazırkı vəziyyətdə xəstəxanaya göndərməyə o qədər də ehtiyac yoxdur. Ev şəraitində də müalicə etmək mümkündür. Müalicənin asan yolla­rın­dan biri odur ki, sancan yerə quş lələyi ilə nazikcə "naf­talan" çəkilsin. Düzdür, "ozokerid"lə, limon və pə­lə­ng yağları ilə, qarışqa spirti ilə, çox şeylə müalicə olu­nur. "Naftalan"ı ona görə məsləhət görürəm ki, həm asan tapılır, həm də müalicəsi yaxşı səmərə verir. "Naf­ta­lan" sürtəndən sonra yaxşı olar ki, üstündən soluks ve­rə­siniz. Bəli, soluks. Bunun üçün xüsusi lampalar var­dır. Tibb avadanlığı mağazalarında, təsərrüfat malları dükanlarında olur. Özü də ucuz qiymətə. Dəqiq deyə bilmərəm, çox olsa, dörd-beş manatdır. "Naftalan" da ki...

Həkim ikinci dəfə təkrar etdi:

- "Naftalan" da ki, tapılan dərmandır. Neft tərkibli dərmandır. Bütün apteklərdə açıqca satılır. Yüz və ya iki yüz qramlıq şüşələrdə.

Həkim qəribə bir maraqla:

- Heç "naftalan" görmüsünüz?! - soruşdu.

- Xeyr, eşitmişəm, amma görməmişəm, - dedi.

Həkim qımışaraq:

- Belədi də...- dedi. Qaşlarını yuxarı dartıb, alnını qırışdırdı və yarımbükülü əli ilə qarşısındakı stolu tez-tez taqqıldatdı:

- Su kimi - dedi. - Maye halındadır. Amma bir az qatıdır. Məsələn, qatıq kimi. - Alnını bərk-bərk ovuşdurdu. - Yox, yox, qatıqdan durudur. Smetan kimi. Hə, xalis smetan kimi.

Həkim əlinin hərəkəti ilə dediklərinə düzəliş verərək:

- Yox, yox, canım, - dedi, - qatıq da, smetan da "naftalan"dan qatıdır. Bir də ki, qatıq, süd, smetan ağdır, "naftalan" isə qaradır. - Barmaqlarını daraqladı. - Qoy, bu saat! Bu saat! - dedi. Axı sizi necə başa salım? Neujeli "naftalan" görməmisiniz? Bu saat, bu saat sizə izah edərəm.

Həkimin çöhrəsi yaz buludu kimi tutuldu. Nəyi isə deməyə çətinlik çəkirmiş kimi şəhadət barmağının ucu ilə stolu taqqıldada-taqqıldada:

- Hə, hə, - dedi və tövrü dəyişdi, baxışları mülayimləşən kimi oldu və vəcdlə soruşdu:

- Heç kənd-kəsəkdə olmusunuz?!

- Bəli, - dedim. Əslim kəndçidir. Uşaqlığım kənddə keçib. Sonradan şəhərə...

- Tut görmüsünüz? Tut, tut!

- Əlbəttə, - dedim. - Görmüsən nədir, tuta calaq da vurmuşuq, əkmişik də, becərmişik də, meyvəsini yemişik də. Siz hansı tutu deyirsiz?! Ağ tut, qara tut, mor tut, şah tut, yoxsa bedana?

Xəstə yerində qımıldanıb belindəki ağrının təsirindən inildəyə-inildəyə əlavə etdi:

- Xar tuuut, cır tuuut!.. Həkim əsəbiləşdi:

- Canım, tutları sadalamaq lazım deyil. O tutu ki, çırpıb doşab bişirirlər eee, doşab! Onu görmüsunüz?!

Dayım dillənmək istəyəndə beli sancdı və azaylana-azaylana:

- Hə, - dedi, -ildə iki-üç küp bişirərdik. Qışda da yediyimizi yeyib, yemədiyimizi də tuluğa doldurub dağ kəndlərinə satmağa aparardıq. İndi qəhətə çıxıb. Olanını da araq çəkirlər. Amma hərdənbir qohumlarımız bir-iki kilo tapıb göndərir. Əh, nə olsun?! O vaxtkı doşabların dadını-tamını vermir. Həkim özündə yüngülluk hiss etdi:

- Vot! Vot! -dedi, - "naftalan" toçnu həmin doşab kimidir. Narşəraba da oxşarı var. Kənardan baxanda "pepsikola"ya da bənzəyir. "Pepsikola" çox durudur, amma rəngi də, qatılığı da doşaba oxşayır. Dadı-tamı yox. Doşab şipşirindir. "Naftalan" isə…

Həkim burnunu qırışdırıb, sifətini  turşutdu:

- Neft iyi verir, pis qoxusu var.

Həkim qarşısındakı xüsusi resept kağızını kənara sürüşdürərək:

- Resept yazmaq lazım deyil, - dedi. - Butün apteklərdə açıqda satılır. Pulunu verib ala bilərsiniz. Amma "naftalan"ı sürtəndən sonra gərək durmağa tələsməyəsən, bir az uzanasan. Tərpəşmək olmaz. Xəstəlik ağırlaşa bilər. Hə, mütləq uzanmalısan. Yaxşı olar ki, belinə də yun şaldan, şərfdən, yumşaq odeyaldan-zaddan, nə isə isti bir şey bağlayasan.

* * *

Dayımın qolundan yapışıb söykək verə-verə bir­tə­hər evə apardım. Başladım "naftalan" axtarmağa. Cəmi bir neçə ay olardı ki, məni uzaq kənd rayonundan vila­yət mərkəzinə işə gətirmişdilər. Bundan narazı deyi­l­dim. Vəzifəm bir balaca böyümüşdü. Amma bu az vaxt ər­zində şəhərə o qədər də isinişib bələd ola bilmə­miş­dim. Çox yeri tanımırdım. Yaşadığımız məhəllənin ba­şın­dakı aptekə getdim. Bir neçə adam kassanın qa­ba­ğın­da növbəyə dayanmışdı. Kiçik pəncərəsi olan tut­qun şüşənin arxasında əyləşmiş, ahıl qadın aldığı re­septləri və pul qəbzlərini qarşısındakı stolun üstündə dik qoyulmuş nazik dəmir milə keçirib tələsmədən dərman bükür, müştəriləri yola salırdı. Gözəlliyi ilə diqqəti cəlb edən ağbəniz, alagöz, üzü xallı gəlin qəfəslərdən götürdüyü dərmanları ağ nazik kağıza bükə-bükə öz yaşında olan rəfiqəsinə nə barədəsə xısın-xısın danı­şırdı. Bəzi sözləri aydın eşidilirdi. Alagöz gəlin boyalı dodağını büzüb həmsöhbətinə:

- Qadam onun ürəyinə! - dedi. - Aaaz, papamın canıçün özüm boşanmışam. Heç əvvəldən könlüm yox idi. Allah vurmuşdu onu, iki ay dalımca ilan kimi süründü. Yüz minnətçi göndərdi, getmədim! Getmərəm də! Nə yaxşı ki, gəlirli bir vəzifəsi yoxdur. Elmi təd­qi­qat institutunun direktor müavinidir. O da papamın hesabına. Yenə direktor olsaydı... Aldığı pul heç öz əyin-başını, papirosunu görmür. O vaxt ağlım olmadı. - O, əlini bərbərxanada xüsusi modda düzəltdirdiyi saçında gəzdirdi. - Boy buxunlu bir əmtəəşünas istəyirdi, - dedi, - Allah ağlımı aldı. Cibindən pulu qom-qom çıxarırdı. Kül mənim bu boş başıma! Yəqin qismət deyilmiş! Lütün birinə culğaşdım. Nədi-nədi elmlər namizədidi! Ha gözlə ki, doktor, nə bilim professor, akademik olacaq. Kim bilir, o da ola, ya olmaya. Bir də ki, bacı, bilirsən nə var? Mənə professor-zad lazım deyil. Alimlərin arvadlarını görürük dəəə... Odee... biri də bizim qonşuluğumuzda olur. Bir paltonu üç il geyinir. Moddan düşsə də, əl çəkmir.

Onlar rişxəndlə gülüşdülər. Xallı alagöz gəlin ət­raf­dakılar eşitməsin deyə, əlini boyalı sifətinə tutaraq vəcdlə:

- Aaaz, biri var, - dedi, - tapmışam! Mən onu yox ee, o məni tapıb, koneşna! Neçə aydı əl çəkmir. Hər gün dalımca düşür. İlan dili çıxardır. Paxlava sexində işləyir. Hələ desən, tortdan-zaddan da başı çıxır. Düzdü yee, bir az yaşlıdı, amma noolsun!.. Ahıla gedən quyruq yeyər, cahıla gedən yumruq.

Onların hər ikisi əllərini üzlərinə tutub xəfifcə gülüşdülər.

Söhbət deyəsən uzanacaqdı. Küncdə oturub qarşısındakı kitaba baxa-baxa sayğacda hesablama aparan eynəkli kişiyə yaxınlaşdım. Şüşənin bəri tərəfindən boynumu uzatdım:

- Salaməleyküm...

Onun diqqətini qarşısındakı sayğacdan ayırıb özümə cəlb etmək üçün öskürüb içimi arıtladım. Səsimi qaldırıb ikinci dəfə salam verdim. O, əlinin arxası ilə sayğacın dənələrini geri vurub, eynəyi gözündən çıxardı və təəccüblə mənə baxdı:

- Eşidirəm sizi.

- Bir-iki şüşə "naftalan" lazımdır...

O heyrətlə başını bulayıb:

- Lap avadanlıqdan danışırsan, - dedi və əlavə etdi: - "Naftalan" tapsaydıq, elə özüm sürtərdim. Dizlərimin ağrısı məni ərşə çəkir, gecə səhərə qədər yata bil­mirəm. Qabaqlar arabir gəlirdi. Üç ildən artıqdır arası kəsilib almırıq.

Bunu deyib tez də eynəyini taxdı, qəddini əyib qar­şısındakı kitabı vərəqlədi. Hesablamasına davam etdi.

...Dörd aptekə dəydim. "Naftalan" tapılmadı ki, tapılmadı. Yorulub əldən düşmüşdüm. Yenə də tənbəllik etmədim, özümü cəmləşdirdim. Aralı olsa da, avtomaşın gözləmədən, piyada iki kilometr yol qət etdim. Avtovağzalın yanındakı kiçik budkaya girdim:

- "Nafalan" lazımdır, - dedim. - Heç olmasa, ikicə şüşə!

Aptek müdiri çiyinlərini çəkdi:

- "Naftalan" çox vacibdir? Yoxsa elə-belə ehtiyat üçün alırsan?

- Çox vacibdir. -dedim. - Soraqlaşmadığım yer qalmayıb. Tapa bilmirəm. Kişinin belini yel qurudub, tərpənə bilmir. Həkim deyir ki, radikulitdir. Gərək "Naftalan" ola.

Tünd-yaşıl qalstuku son dəbdə bağlamış cavan aptek işçisi irəli çıxıb ehtiramla:

- O cür dərmanları bizə vermirlər, - dedi. -Bu küçənin qurtaracağından burularsan sağa. İkimərtəbəli kərpic evdən yuxarıda xaşxana var. - Sözünə ani fasilə verib diqqətini cəmləşdirdi və soruşdu:

- Ağalətifin xaşxanasını tanımırsan?!

- Xeyr, tanımıram.

Təəccüb və şübhə dolu baxışlarla məni süzüb məəttəl qaldı:

- Ağalətifin xaşxanasını tanımırsan?!

- Yox, - dedim, - nə görmüşəm, nə də eşitmişəm. Mənə yazığı gəlirmiş kimi kinayə ilə bədənini yırğalayıb yüngülcə gülümsündü:

- Deməli, Ağalətifi tanımırsan, xaşından da yeməmisən?! Day sənə sözüm yoxdur. Bu şəhərdə Ağalətifin xaşxanası ala itdən məşhurdur. Kimdən soruşsan, deyəcək. Onun xaşxanasından otuz-qırx metr yuxarı getsən, birmərtəbəli qədim bina görünəcək. Qapı-pəncərələrinin ustündə şir başı. Qırmızı kirəmitlə döşənib. Qabağında da iki söyüd ağacı var, dibindən su axır. Bax, həmin binanın arxa tərəfində təzə aptek açıblar. Müdiri də həmin Ağalətifin qardaşı oğludur. Onda hər cür dərman tapılır. -Zarafata keçdi. -Lap quş iliyi, sərçə südü də desən, tapar. Ağalətifin xatirinə ən qiymətli, defisit dərmanları ora göndərirlər.

Ərinmədim, soraqlaşa-soraqlaşa həmin apteki də tapdım. Ancaq açıq deyildi. Qapısından qıfıl asıl­mışdı. Əziyyətim özümə qaldı. Lap dilxor oldum. Kölgədəki qara "Volqa"nın yanında şalvarını dizəcən çırmalayan, kepkasının uzun, əzik dimdiyi gözünün üstünə sallanan on iki-on üç yaşlı oğlan uşağı əlindəki yaş əskini sıxa-sıxa soruşdu:

- Bağışlayın, əmi, sizə kim lazımdır?

- Bu aptekin müdiri, - dedim. - Dərmandan ötrü. "Naftalan" axtarıram.

Oğlan suyu sıxılmış əski ilə qara "Volqa"nın şüşəsini canidildən silə-silə:

- Əmi, - dedi, - bu maşın elə aptek müdiri Hacıhə­sə­nin­dir. Ağalətifin qardaşı oğlu Hacıhəsənin. Çörək ye­məyə gedib. Sonra da dəlləyə başını vurdurub, bir toy məclisi var, ora dəyib gələcək.

Bərk  yorulmuşdum. Dizlərim taqətdən düşmüşdü. Üz-gözümdən tər axırdı. Fikirləşirdim ki, kölgədəki kötüyün üstündə oturub dincimi alım, həm də tərim soyusun. Ona qədər də bəlkə aptek müdiri gəldi. Elə də etdim. Köhnə palıd kötüyünün üstündə əyləşdim. Maşının ətrafına pərvanə kimi fırlanan oğlanın adını soruşdum.

O, nimdaş köynəyinin qolu ilə burnundan axan suyu sildi. -Adım Dadaşdır, -dedi. Sonra əlindəki çirkli əskini gücü gəldikcə sıxa-sıxa gülümsündü. Nəsə demək istədi, utanıb-çəkinirmiş kimi başını çiyninə tərəf əydi. - Adım Dadaşdır. Ancaq hamı mənə Dadan deyir. Bu məhəllədə məni Dadan kimi tanıyırlar. Dadaş desən, çox adam bilməz.

Dadan silib par-par parıldatdığı maşına işarə edərək:

- Ağalətif dayının latareyasına düşüb, -dedi. - Hacı­hə­sənə bağışlayıb. İkinci dəfədir, Ağalətif dayının lata­re­yasına "Volqa" düşür. Yaman baxtı var. Qabaqlar bir də­fə də "Moskviç" udub, sprintlə. Yaxşı xaş bişirdiyi üçün onunku həmişə gətirir. Mənim atam da hər dəfə ha­lal­ca maaşından kəsib çoxlu latareya alır. Hacıhəsən də hər maşını yuyanda cibimə bir onluq qoyur. Mən də onu latareya biletinə verirəm.

O, məzlum bir görkəm alıb başını aşağı dikdi, əskini  əlində burub gücü gəldikcə sıxdı. Qırıq səslə:

- Amma nədənsə bizim latareyamız maşın udmur. Atam rəngsazdır. Rəngsazların bəxti Ağalətif dayı­nın­kı kimi deyil. Atama da deyirəm, sən elə evləri bəzə­yir­sən. Xaş bişirən olsaydın, indi çoxdan bir "Volqa" ud­muş­duq. Lap "Moskviç"ə də razıyam. Atam da sözümə bax­mır. Mənə acığı tutur. Bəzən də gülür, deyir ki, sən hələ uşaqsan, çox şeyi qanmırsan, səfehləmə. Hə... -O da­­vam etdi. -Ağalətif dayı yamanca xaş bişirir. Da­dın­dan doymaq olmur. Özü də cavan cöngə dırnağından. Yeyən­lərin hamısı tərifləyir. Dibində artıq qalanda mənə də verirlər. Səhərin gözü açılan kimi hamı Ağalətif dayının xaşxanasına axışır. Ağalətif dayı deyir ki, xaş elə şeydir ki, gərək onu alaqaranlıq yeyib qurtarasan. Lap işıqlaşmamış. Ağalətif dayının hazırladığı sir­kə-sarımsaqdan olmaz. Özü evdə xüsusi düzəldir. Bizim şəhərdə hər adam Ağalətif dayının sirkə-sarımsağını düzəldə bilməz. Bu sirri bircə Ağalətif dayı özü bilir, heç kimə də demir. Heç uşaqlarına da. -Dadan qürrələnə-qürrələnə - Ağalətif dayının əlindən hər iş gəlir. Böyük vəzifəlilər də onu görəndə baş əyirlər. Hə­lə indiyənəcən bir sözünü iki eliyən olmayıb. Bütün dü­kan­çılar, pavilyon işçiləri, satıcılar obaxeyisi görəndə özlərini itirirlər. Amma Ağalətif dayı obaxeyisləri sa­yıb, adam yerinə də qoymur. Əksinə,  obaxeyis işçiləri Ağa­lətif dayıdan çəkinirlər, hətta obaxeyis işçilərinin işi düyünə düşəndə Ağalətif dayının  yanına  yüyürürlər ki, kömək eləsin. Çünki Ağalətif  dayı obaxeyislərin böyüyü ilə dostluq edir. Hamısı Ağalətif dayı ilə çaşka-loşkadırlar.  Nəçənniyin özü Ağalətif dayının başına and içir. Böyük nəçənniklər Ağalətifə Ağalətif dayı deyirlər.

Dadan maşınını təmizlədiyi adamın əmisindən fəxrlə danışırdı. Bütün bunların mənimçün o qədər əhəmiyyəti yox idi. Mən  ayrı şey barədə düşünürdüm. Soluks, quş lələyi, bir də şəhəri başdan-ayağa gəzib axtardığım "Naftalan" haqda. Dərd məni götürmüşdü.  Dadan Ağalətif  barədə danışdıqca öz-özümə deyirdim: "Kaş onun bəxti məndə olaydı. "Volqa" zad  istəmirəm, elə axtardığım ikicə şüşə "Naftalan"ı tapa bilsəydim... Əgər uduşa "Naftalan" düşsəydi, maaşımın yarısını yox, lap hamısını latareya biletinə verərdim..."

Sonra düşünüb-daşınırdım: "Hanı məndə o bəxt?!" Dərindən köks ötürdüm. İstədim Dadanı dilə tutub ələ alım və soruşum görüm o, Ağalətifə desə, "Naftalan" tapa bilərmi?! Fikrimdən daşındım, dedim sözüm yerə düşər. Düşündüm ki, obaxeyislərin baş əydiyi, nəçənniyin çaşqa-loşqa olduğu bir adam Dadanın ağzına qurud verməz, sözünü saymaz. Bir də ki, Ağalətifdə hanı o hünər?! "Naftalan"ı yəqin o da tapa bilməz. Yol boyu hər addımda qabağımdan bir "Volqa" şütüyüb keçirdi. Özü də cürbəcür rənglərdə, ağ, qara, yaşıl, perlamotr. Hərəsi də, bir cür siqnal verirdi. Biri qarmon çalır, biri bülbül kimi cəh-cəh vurur, biri zilə qalxır, biri bəmə enirdi. Amma səhərdən bəri bütün aptekləri ələk-vələk eləmişəm, bircə şüşə "Naftalan" tapılmır ki, tapılmır. Elə bil qəhətə çıxıb. "Volqa" udmağa nə var?! Əgər Dadanın tərif vurduğu kimi Ağalətif dayının o cür ad-sanı, cürəti varsa, qoy "Naftalan" tapsın! Əlbəttə, tapa bilməz. Bu barədə Dadanla nədən desən, mərc də gələrəm. Latareya bileti ilə və ya sprintlə maşın udmağa, xaş bişirməyə, sirkə-sarımsaq hazırlamağa nə var?! Amma "Naftalan" tapmaq müşkül məsələdir. Hər oğulun hünəri deyil.

 Dadan əlindəki yaş əskini bir neçə dəfə suya salıb çıxartdı. Əskinin suyu süzülə-süzülə qara "Volqa"nın şüşələrini, fənərlərini dönə-dönə yudu. Üstündən də sa­bun­lu maçalka çəkdi. Axırda da ağappaq cuna çı­xar­dıb, yuduğu yerləri quruladı. Geri çəkilib maşını yenə də diqqətlə nəzərdən keçirdi. Orda-burda qalan ləkə­ləri bir də sildi. Qabaq qapısını açıb maqnitafonu səs­lən­dirdi. Zənci xalq musiqisinin guppultusu başlandı. Qarma-qarışıq çığırtılar ətrafı bürüdü. Maqnitafon oxu­duqca cürbəcür - qırmızı, yaşıl, sarı işıqlar saçırdı. Da­dan yaşına uyğun hərəkətlərlə, göstərdiyi mö­cü­zə­lərlə məni daha da  təəccübləndirmək üçün fəxrlə:

- Görürsən dəə! - dedi. - Yaponskidi. Hacıhəsən de­yir ki, "Volqa"nın üçdə bir qiyməti qədər dəyəri var. Həm radiodur, həm də maqnitafon. Stereodur. Ağa­lə­tif kimi hörmətli bir adamın arvadı xəstələnmişdi. Ba­kıya, Tbilisiyə, Vilnusa, Moskvaya, Leninqradacan adam sal­dı­lar. Hər yerə sifariş göndərdilər. Hara getdilər əlləri bo­şa çıxdı. Həmin dərman tapılmadı. Axırda yenə də məc­bur olub Hacıhəsənin üstünə gəldilər. -Dadan özün­dən razı halda qəddini şax tutub fəxrlə gülümsündü, -Hacı­həsən elə o dəqiqə həmin dərmanı tapıb verdi. Adlı-sanlı kişinin xəstə arvadı dərmanı içən kimi sağaldı. Hə­min xəstə arvadın qardaşı da əvəzində, bax, bu maqnitafonu Hacıhəsənə bağışladı. Şəhərdə heç kimin "Vol­qa"sında beləsi yoxdur. Lap böyuk vəzifədə olanların maşınında da bu maqnitafondan görə bilməzsən.

Dadan "Volqa"nın fənərlərini tərifləməyə baş­l­adı. -Bu da xaricidir. Nə qədər qaranlıq gecə, qatı du­man olsa da, bu faralar yolu gün kimi işıqlandırır. Qa­baq apaçıq görünür. Birinin əli dara düşmüşdü. İns­ti­tu­tu qurtaran nişanlı qızı can üstə idi. Neçə yerə getdi, dər­man tapılmadı. Hacıhəsən düzəltdi. Qız da sağalıb dur­du ayağa. Bax, bu faraları da həmin qızın nişanlısı peşkəş eləyib. - O, qibtə ilə - bilirsən, Hacıhəsən necə aptekçidir?! - Səsini alçaltdı. - Onun gizlində elə dərmanları var ki, ölüyə versən dirilər.

Dadanın dedikləri məni xeyli yüngülləşdirdi. Durub getmək istəyirdim, fikrimi dəyişdim. Gördüm ki, bu söz-söhbətdə işıq ucu var. O cür dərmanları tapıb dü­zəl­dən adam məndən "Naftalan" əsirgəməz. Heç mən də Hacıhəsənə borclu qalmaram. Gücüm çatandan bir şey tapıb bağışlayaram.

Dadan əlini siqnala toxundurdu. Mənə elə gəldi ki, kimsə maşının kabinəsində gizlənib qaboy çalır. Dadan heyrətləndiyimi görüb boynunu yana əydi və bic-bic güldü. O, şirnikləşib əlini başqa bir düyməyə toxundurdu. Bu dəfə yanğınsöndürən maşınların verdiyi həyəcan siqnalı eşidildi. Dadan bu ecazkar səslərin necə təsir bağışlayıb, təəccüb doğurduğunu yoxlamaq üçün mənə tez-tez sınayıcı nəzər yetirirdi. Etdiyi hər bir hərəkətdən sonra zənlə sifətimin ifadəsinə baxırdı. Dadanın barmağı başqa bir siqnalın düyməsinə toxundu. Qulağımda elə bil balabanın həzin dili səsləndi. Bu, Dadana ayrı cür ləzzət elədi. O, sadəlövhlüklə:

- Bu siqnalların da hərəsini bir adam bağışlayıb. Hacıhəsənin bahalı dərman tapıb verdiyi adamlar.

Dadan təkəş-təkəş kabinəyə keçib "Volqa"nı işə saldı. Maşını ustalıqla yerindən tərpətdi. İsladıb çirkləndirdiyi yerdən araladı. Tərtəmiz quru asfaltın üstündə əyləci basıb düşdü. Maşının əsl sahibi kimi kişiləndi. "Volqa"nın arxasına, qabağına keçdi. Yalın ayağı ilə təkərlərin hərəsinə bir təpik ilişdirdi. Nasosu işə salmamasından aydın oldu ki, təkərlər normal doldurulub. Məccani vəzifəsini bu cür canıdildən yerinə yetirməsi onda özünə qarşı məmnun əhval-ruhiyyə yaradırdı.

Dadan kepkasının əzilmiş dimdiyini yuxarı qaldırıb fıştırıq çala-çala dayaz arxa girdi. Ətsiz baldırına bulaşan palçığı, dizlərindən maşın yağı ləkələrini silib yudu. Nimdaş paltarına bulaşan toz-torpağı çırpıb təmizlədi. Hələ tüklənməmiş qəşəng üzünə şappıltı ilə iki ovuc su vurdu. Damcı-damcı suyu süzülən qaşının altından mənə yenə bic-bic göz vurub arxdan çıxdı. Dadanın bu hərəkətlərini başa düşürdüm. O, bu eyhamları ilə anlatmaq istəyirdi ki, görürsən də, Dadan da özünə görə bir kişidir. Bax, papaq altında belə oğul­lar var. Balaca olmağıma baxma, mənə belə bir təm­təraqlı "Volqa"nı etibar edirlər. Maşının açarlarını da üstündən götürmürlər. Bax, özün şahid oldun də. Hələ desən, "Volqa"nın kabinəsində də əyləşdim. Maşını işə saldım. İrəli-geri verdim. Özü də lap Hacı­hə­sənin oturduğu yumşaq yerdə əyləşmişdim. Kürəyimi də rahatca arxaya söykəmişdim. Əlim-üzüm oturacağın yumşaq vil­­vet örtüyünə toxunurdu, həzz alırdım. Bax, bu şəhər­də belə xoşbəxtlik hər adama qismət olmur. Nə olsun ki, Dadaş olduğum halda, məni Dadan deyə çağırırlar. Dadan olmağımı neyləyirsən, Ağalətiflə Hacıhəsən ki, məni yaxından tanıyırlar, özlərinə məhrəm  bilirlər, eti­bar eləyirlər. Mən də onların hər işinə yarayıram, buy­ruq­larını yerinə yetirirəm. Belə-belə işlərində kara gəlirəm...

Bu sözləri mən onun hərəkətlərindən, baxışlarının ifadəsindən oxuyurdum. Mənə bic-bic göz vurmasından hiss edirdim. Dadan bir neçə dəqiqə ayaq üstə şəstlə dayandı. Dizlərinin suyu quruyana qədər. Sonra çirmələdiyi şalvarını aşağı saldı. Göyümtül damarları görünən ətsiz baldırı örtüldü. Burnu deşilmiş corabını ayağına keçirtdi. Ayağının  ölçüsündən xeyli böyük olan çəkməsini geyib bağlarını düyünlədi. Əlbəttə, kiminsə köhnəsi idi. Dadanın üzünü silməyə cib dəsmalı olmasa da, dibində dayandığı yaşıl ağaclar qanadlarıyla yelpikləyib cılız boynunun, balaca qulaqlarının, ensiz alnının, qəşəng qaşlarının suyunu, tərini qurutmuşdu. Ancaq çəkdiyi əzabların qəmli kölgəsi qansız çöhrəsindən silinməmişdi. Baxışları bəzən qəribə təsir bağışlayırdı. Hərəkətlərindən hiss olunurdu ki, onun müti itaətkarlığının arxasında düçar olduğu mühitdən doğan xoşagəlməz bir sırtıqlıq da vardır.

Dadan başındakı kepkanın əzilib gözünün üstünə sallanan dimdiyinin altından mənə tərəf maddım-maddım baxaraq laqeydcəsinə soruşdu:

- Doğrudan, sən də bura dərman almağa gəlmisən?

- Bəli, - dedim.

- Hacıhəsən qağa düzəldər, - dedi. - Arxayın ol. Ehtiyatlı adamdır. Onda hər cür dərman var. Birdən-birə fikrə getdi. Sonra tərəddüdlə:

- Ancaq adamına baxır də, dayı...- əlavə etdi. - İncimə  ee, dayı, - dili dolaşdı, - bilirsən də, indi hər şey tanışlıqnandı. Atam deyir ki, adamın gərək dəyirmanda da tanışı ola. İndi dostsuz, tanışsız iş aşmır dayı. Onsuz baş girləmək çətindir. Hacıhəsən dayı ilə tanışlığın vaar?

- Xeyr, - dedim, - tanımıram.

- Ağalətif əmini necə?!

- Onu da tanımıram.

- Yaxşı, onda  yuxarılarda adamın-zadın yoxdur ki?

- Xeyr,  yoxdu. - dedim. - Dərman almağa nə adam? Dadanın mənə yazığı gəlirmiş kimi çöhrəsi tutqunlaşdı:

- Deməli, yuxarılardan də tapşırmayıblar?!

Cavab verməkdə çətinlik çəkdim. Hesabı içəri verib başımı buladım. Dadan yenə halıma acıyırmış kimi yerində yırğalandı. Aydın baxışlarında gizli istehza duyurdum. Mənim bu cavablarım Dadanı heç açmadı. Onu təəccüb götürmüşdü. Gözlərini geniş açıb çəlimsiz boynunu mənə tərəf uzatdı:

- Düz deyirsən? Yəni Ağalətif əmini, Hacıhəsən qağanı tanımırsan?!

- İstəyirsən and içim, Dadan, tanımıram.

Bu sual-cavabdan sonra Dadanın miskin görkəmi başqalaşdı. Bu aptekdən "Naftalan" ala biləcəyim haqda bayaqdan yaranan ümidlərim bir andaca alt-üst oldu. Ağalətifin xaşxanasında olmamışam, Hacıhə­sən­lə də tanışlığım yoxdur. Yuxarılardan da deməyiblər. Onda, deməli, nahaq yerə burda bir belə dayanıb vaxt itirmişəm. Dadanla da çənə-boğaz olmağıma dəy­məz­miş. Lakin yenə də ümidimi üzmədim. Bir neçə dəqiqə də gözləməli oldum. Ancaq "Ağalətiflə Hacıhəsəni tanı­mıram, yuxarılarda da adamım yoxdur" kəlməsi Da­danla mənim aramda qəribə bir soyuqluq yaratdı. İndi Dadan mənə əvvəlki rəğbətlə baxmırdı. O cür mötəbər adamlara səmt olmamağım məni Dadanın gözündən bir qədər salmışdı. Elə bil onun qarşısında "dərisi bir köpüyə dəyməyən", hansı əcnəbi ölkədənsə peyda olmuş bivec, gərəksiz bir adam dayanmışdı. Daha mənimlə kəlmə kəsmək istəmirdi. Burada durmağıma da məhəl qoymurdu. Bircə o qalmışdı ki, mənə desin:

- Ağalətif əmi ilə Hacıhəsən qağanı tanımayan kəsin bu şəhərdə yaşamağa haqqı yoxdur, "Naftalan" yerinə qulağının dalını görərsən. Nahaq yerə burda durma. Yaxşı olar ki, itilib gedəsən. Sənin kimi adamın yeri cəhənnəmdir! Bu lap əfəlin biri imiş ki.

Bu çılğın qəzəblə yanaşı, onda mənə qarşı çətin hiss olunan bir rəhmdillik, şəfqət də duyurdum. Kepkasının dimdiyini gözünün üstünə əyib oğrun-oğrun məni süzürdü. Sanki dillənib məni məzəmmət etmək istə­yirdi: Yazıq adam! Sən Ağalətiflə Hacıhəsəni tanımırsansa, yuxarılarda da söykəyin yoxdursa, dünyanın məğ­mun bəndəsisən. Axtardığını çətin taparsan. Da­da­nın tövrü birdən dəyişdi. Sol tərəfə baxıb düz aptekə doğru irəliləyən ötkəm yerişli adamın qabağına yü­yür­dü. Müti görkəm alaraq:

- Maşın gül kimidi... gül kimi, tərtəmiz, ha-zır...

Dadan ötkəm adamın tərs nəzərlərilə qarşılaşdığından kor-peşman geri çəkildi. Onun qırımından sözünün dalını gətirə bilmədi. Başa düşdüm ki, bayaqdan bəri, Dadanın haqqında ağızdolusu danışdığı aptek müdiri Hacıhəsən elə budur. Hacıhəsən mənə ağızucu salam verib, cibindən çıxardığı açarı aptekin qapısından asılan sanballı qıfıla salıb sağa burdu. Mən də çürük kötüyün üstündən qalxıb, Dadanın müəmmalı və yazıq nəzərlərinin müşayiəti ilə Hacıhəsənin ardınca aptekə daxil oldum. Hacıhəsənin əynində hava rənginə çalan kostyum, zil qara köynək vardı. Kül rəngli qalstuk bağlamışdı. Şalvarının balağı burnu nazik, dabanı dik tuflisinin üstünə düşürdü. Onun ədalı hərəkətləri kənardan baxanlarda elə təsəvvür yaradırdı ki, bu adam ömründə heç kəsə əyilməyib. Dünyanın ən güclü pəhləvanı onun qarşısında duruş gətirməz. Ağzına naqan dirəsən gözün qırpmaz.

Hacıhəsən müxtəlif dərmanlar qoyulan qəfəsələrin arxasına keçdi. Dadan bir kənarda çöməlib sədəf kimi ağ dişlərinin arasındakı kibrit çöpünü ağzında o tərəf-bu tərəfə oynadırdı. Sanki ilk dəfə səhnəyə qoyulmuş maraqlı bir tamaşaya baxırdı.

Hacıhəsənə nisbətən mənə yaxın olan stolun üstün­dəki telefon zəng çaldı. Götürən olmadı. Telefon susdu. Beş dəqiqə keçməmiş yenə də telefonun cingiltisi eşi­dil­di. Bu dəfə də dəstəyi qaldıran olmadı. Mən bayaq çöl­də Dadanla danışanda da bu telefonun səsini tez-tez eşi­dirdim. Telefon üçüncü dəfə haray-həşir saldı. An­caq bu telefon zənglərinin mənə nə dəxli. Hacıhəsənə "Naf­talan" barədə müraciət etmək üçün fürsət göz­lə­yir­dim. O hələ də dərman qəfəsələrinin arxasında eşə­lə­nir­di. Nəzakət normalarını, həm də onun ədalı dav­ra­nı­şını nəzərə alıb aptek müdirini çağırmaq istəmirdim. Telefonun ara verməyən səsi, nəhayət, Hacıhəsəni qə­fəsələrin arasından çıxardı. O, ətrafına baxmadan stolun arxasına keçib əyləşdi. Qıçını qıçının üstünə aşırdı. Əlindəki siqaretin tüstüsü çözələnə-çözələnə dəstəyi qaldırıb, qulağından aralı saxladı. Düşündüm ki, Hacı­həsən təkrar-təkrar zəng çalıb onun zəhləsini tökən ada­mın abrını ətəyinə büküb, ağıllı-başlı dərsini verə­cək. Kim olur-olsun. Hacıhəsən üçün fərqi yoxdur. Lap Allahın bacısı oğlu olsa da. Xaş bişirən Ağalətifin özü də olsa, Hacıhəsən keçməyəcək, ona dişinin dibindən çı­xanı deyəcək. Hacıhəsən əvvəlcə:

- Daaaa... daaa... - dedi. Nə eşitdisə özündən asılı olma­yaraq, kimin qarşısında isə diz çöküb təzim et­məyə hazırmış kimi stolundan dikəldi. Dəstəyi bərk-bərk getdikcə qızarmaqda olan qulağına qısdı: - Bəli!!! Bəli!!! Bəli!!! - dedi, - yoldaş Nadirbəyov!! Hacıhəsən bir göz qırpımında dəyişdi, başqalaşdı. Bayaq gör­dü­yüm Hacıhəsəndən əsər-əlamət qalmadı. Onun gözləri halqalandı, bənizi avazıdı, məğmun bir bəndə oldu. İndi mən Dadanın bayaqdan bəri mədh edib göylərə qaldırdığı əlçatmaz bir nəhəngi yox, dünyanın ən aciz məxluğunu görürdüm. Hacıhəsənin qulağına söykənən uşaq yumruğu boyda balaca dəstək onu əyir, əridir, balacalaşdırırdı. Bayaq əyninin ölçüsündən balaca görü­nən hava rəngli kostyum da sanki onun əynində bö­yük görünür və ətəkləri sallanırdı. Hacıhəsən  dəs­tək­dən asılı qalmışdı. O, yalvarıcı dilini işə salmışdı:

- Yoldaş Nadirbəyov, üç gündü gəlirəm! Saatlarla qapıda dayanıram. Adam çox olur. Yanınıza... Yanı­nıza düşə bilmirəm! Evə də utanıram! Hazırdı, tapmı­şam, hazırdı! Lap əlasındandı! Özü də importnudu! Ay­rı bir şey də... düzəltmişəm! Hə, ayrı şey! O məsələ də, o məsələ! Dediyindən! Telefon söhbəti deyil. Özüm gələ­cəyəm!

Hacıhəsən pul kimi qızarmışdı. Alnından süzülən tər onun gözlərini acışdırırdı. Ancaq onunla danışan adamın hökmu Hacıhəsənə hər şeyi, hər şeyi duzlu tərin yandırdığı bayaqkı zəhmli gözlərini də unutdurmuşdu. O hələ də yalvarmaqda davam edirdi:

- Vicdan haqqı, bu gün aptekdən bir addım kənara çıxmamışam! Səhər yediyimin üstündəyəm. İş vaxtı qurtarır. Hələ günorta çayı içməmişəm. Səhərdən axşamacan dərman verirəm. Yəqin arxa tərəfdə dərman hazırladığım üçün sizin telefon zənginizi eşitməmişəm. Sizdən üzr istəyirəm! Min dəfə üzr istəyirəm! Axşam gələrəm danışarıq! Onları hazırlamışam! Məni bağış­layın! Xahiş edirəm üzrlü hesab edin! Səhv eləmişəm, nə desəniz haqqınız var!..

Aptek müdiri sözlərini tamamlamamış səsi kəsildi. Du... du... du... Nadirbəyov bərk hirsləndiyi üçün onun sözünü ağzında yarımçıq qoyub dəstəyi yerinə asmışdı. Hacıhəsən isə hələ də telefona yapışıb qalmışdı. Dəstəyi buraxa bilmirdi. Aramsız olaraq du... du... du... siqnalları gəlirdi.

Mən ayrı şey barədə fikirləşirdim. "Naftalan" barədə. Düşünürdüm ki, kaş həmin telefonla danışan adamın simsarı olaydım. Hacıhəsənə bircə kəlmə təpinsəydi, "Naftalan"ı yerin dibindən də olsa, tapardı.  Hacıhəsən istəməzdi ki, onu bu halda görüm. O, gözümdən düşdüyünü zənn edib üzümə baxmadan yenə arxa tərəfə keçdi. Yan pəncərəyə yaxınlaşıb Dadanı səslədi!

- Dadan!

- Bəli, qağa, bəli!

- Zəhrimar bəli, çor bəli! İt oğlu, it! Maşının yağını dəyiş! Axşam ayrı yerə...

- Baş üstə! Oldu!

Bütün bu qanqaraldıcı söz-söhbətə mən səbəbkarmışam kimi Hacıhəsən üzümə baxmadan:

- Nə istəyirsən, ay yoldaş?! Niyə burda durmusan?! Sizə nə lazımdır?!

Zarafata salıb onun könlünü almaq və yumşaltmaq uçün özümü arsızlığa qoydum. Boğazdan yuxarı gələn süni ibarələrimi işə saldım:

- Sizin barənizdə çox eşitmişəm, - dedim. -Yaxşı deyiblər ki, igidin adını eşit, özünü görmə. Amma sizi görməyə dəyərmiş. Xoşum gəlir sizin bu aptekin səliqə-sahmanından, halal olsun! Çox təmiz də maşın saxlayırsınız. Bunun özü də elə bir mədəniyyətdir. Elə deyilmiş kimi varmışsınız. Amma bir sözüm var.

O kinayə ilə:

- Buyurun, - dedi. - Səsinin ahəngindən hiss olunurdu ki, bayaqkı hədə-qorxunun təsirindən qurtara bilməyib.

Mən siyasətlə tovlayıb, "Naftalan"ı onun boynuna qoymaq məqsədilə:

- Tanıdığın adama hörmət eləməyə nə var ki! - dedim. - Hünər deyirəm üzünü görmədiyin, nabələd adama hörmət eləyib möhübünü düzəldəsən!

Bu cür yastı-yastı danışmağım Hacıhəsəni heç də yumşaltmadı. O, əvvəlki əda ilə:

- Buyurun, a yoldaş! - dedi. - Sizə nə lazımdır? Mənim söz güləşdirməyə vaxtım yoxdur.

- Bağışlayın, "Naftalan" lazımdı, "Naftalan". Tapa bilmirəm. İkicə şüşə "Naftalan".

O, tər yandırmış gözlərini qırpa-qırpa və sərt  bir tərzdə:

- Qəfəsələrə diqqətlə bax, - deyib özü arxa tərəfə keçdi.

Onun nə demək istədiyini başa düşməsəm də, bütün qəfəsələrə, vitrinlərə göz gəzdirdim. Cürbəcür şüşələr, rəngbərəng dərmanlar... Bircə "Naftalan" yox idi. Baxış­la­rım qəfəsələrdə donub qalmışdı. Hacıhəsən arxadan çıxıb sinəmə doğru yeridi, düz gözlərimin içinə baxaraq:

- "Naftalan" gördün?!

-Yox.

- Deməli, yoxdur! Olsaydı, görərdin! Daha artıq-əskik danışmaq nəyə lazım!

Əvvəlcə, cavab vermədim. Sonra:

- Bəlkə, ehtiyatınız ola? -yalvarıcı tərzdə müraciət etdim.

Hacıhəsən dediyimi kinayə ilə özümə qaytardı:

- Bəlkə!.. Bəlkə!.. Nə bəlkə?! Bəlkəni əkiblər bitməyib! Biz ehtiyat-zad saxlamırıq! Nə var, hamısını göz qabağına qoymuşuq.

Qəlbimdə bayaq Hacıhəsənlə danışan adama min lənət oxudum. Mərdimazar oğlu, mərdimazar, hardan peyda oldu?! Əgər Hacıhəsəni hövsələdən çıxartmasaydı, bəlkə ipə-sapa yatardı. Axı Dadanın deməsindən belə çıxırdı ki, "Naftalan" tapmaq Hacıhəsən üçün bir qurtum su içmək kimi asandır. Onun əlində "Naftalan" nə şeydi?..

Yerimdə quruyub qaldım. Elə bil dizlərim qıc ol­muşdu. Artıq deməyə söz tapmırdım. Hacıhəsən mən­dən zəhləsi gedirmiş kimi üzünü əks tərəfə çevirdi. O, çəkdiyi siqaretin tüstüsünü telefona tərəf püləyərək, çiyninin üstündən əli ilə işarə etdi.

-Yuxarıdakı, beşmərtəbəli binanın altındakı aptekə dəyin, bəlkə orda "Naftalan" oldu. - deyib telefonun dəs­təyini qaldırdı. Hansı nömrəni isə yığdı. Danışıq ay­dın­ca eşidilirdi. Hiss etdim ki, Dadanın dediyi Ağa­lətiflə danışır. Hacıhəsənin rəngi əvvəlki kimi duruldu:

- Əmii! Sən öləsən, o Nadirbəyovdu, nə bilim, nə zibildi, elə yekə-yekə danışdı ki, gəl, görəsən! Bildin də. Nədi-nədi, iki gün gecikdirmişəm... Əmi, bunlar belədi dəə! Gərək ballı barmağın ağızlarında ola. Hamısının çörəyi dizinin üstündədi. Köpəyoğlu, lap məni hövsələdən çıxartdı. Dəli şeytan dedi, dəyənəyin o biri başını çevir!.. Gəlib durursan gözümün qabağında. Səndən keçəmmirəm, Ağalətif!

Hacıhəsən danışdıqca qızışırdı:

- Əmi canı, onun vəzifəsinə-zadına baxmaram haa! Bez kimi cıraram onu. Nadirbəyov kimilərini çox yola salmışam!

Onların hər ikisi telefonda gülüşdü. Ağalətifin səsini güclə də olsa, eşidirdim:

- Ədə, sən də sarsaqlama, lazım deyil, qələt eləyib. Öz itimizdir... Başa düşdün?.. Yəqin ərk eləyir, hürdürmə onu! Axşam bir yerdəyik. Yenə də səhərə xaş zakaz ve­rib. Yanında da urus arağı. Deyir gərək "Zolotoy  kaltso" ola.  Sabah görüşməliyik... "Yıxıb" başa sala­ram... Bir də o cür qələt qırmaz... Onun əngini basmaq məndə... Bilirəm sancısı nədi...

Hacıhəsənin kefi duruldu. Özünəməxsus nəşə ilə dəstəyi yerə qoyub arxa tərəfə keçdi. Maqnitafondan yüksələn estrada musiqisinin guppultusu apteki lərzəyə gətirdi.

Bu da Dadanın gopa basdığı Hacıhəsənin apteki. Əlim boşa çıxdı. Düzdür, bura 13 nömrəli aptekdir. Ancaq Hacıhəsənin apteki kimi tanınır. Xülasə, apteki tərk etdim. Dadan da mütəəssir görünürdü. Onun başı maşına qarışmışdı. Dadandan Hacıhəsənin isnad verdiyi aptekin yerin soruşdum. Dadan onu təngə gətiribmişəm kimi ağzının ucu ilə:

- İrəlidəki döngədən sağa burul, görərsən, - dedi. - Beşmərtəbəli binanın altındadır! Qabağında yazılıb də,  25 nömrəli aptek.

         

* * *

"Naftalan" tapacağım barədə ümidim  alt-üst oldu. Həmin 25 nömrəli aptekə üz tutdum. İçəri çox tünlük idi. Ağız deyəni, qulaq  eşitmirdi. Geniş aynabəndli aptekin müştərilər dayanan tərəfində əli zənbilli qadını yola salan Sadıq kişi ilə rastlaşdım. Ata-babadan  tanışlığımız vardı. Onun barəsində çox eşitmişdim. Ancaq bilmirdim ki, burada təsərrüfat işlərinə baxır. Onu görəndə xeyli ürəkləndim. Üzüyola, sadə adamdır. Vəzifəsinin kiçik olmasına baxmayaraq, karagələndir. Sadıq kişiyə yanaşıb salam verdim. Bu görüş onu da sevindirdi. Başıma gələnləri ötəri də olsa, danışdım. Səhərdən bəri "Naftalan" axtardığımı dedim. Neçə illər bu aptekdə çalışan Sadıq kişi möhübümü düzəldib mənə yaxşılıq etmək məqsədi ilə müdirin yanına keçdi. Ordan məlul-müşgül çıxdı. Əlləri əsirdi:

- Oğul, - dedi, -müdirlə çox danışdım, çox üz vurdum. Bu "Naftalan" ki deyirsən, əslində, elə bir ma­hiy­yətli dərman deyil. Gəncəbasar tərəfdə çıxır. Orda mə­dəni var. Çıxardıb Bakıya atpravka eliyirlər. Bakıda da hazır­layıb, bölüşdürüb rayonlara göndərirlər. Burdan Gəncəbasara qatarla iki günlük yoldu. Maşınla bir günə də getmək olar. Amma gərək maşını   səhərdən axşamacan qaranəfəs sürəsən. Əlbəttə, o da bir az çətindir. Çünki Gəncəbasar yolları çox ağırdır. Müdirimiz dedi ki, bizə də hərdənbir göndərirdilər. Amma nə sirrdirsə, son illər arası kəsilib. Bəziləri deyir ki, guya "Naf­ta­lan"ın mədəni batıb, daha çıxmır. Ona görə da  aptek­lərdə tapılmır. Bəziləri də deyir ki, yox, mədəni işləyir, gətirəni  yoxdur. "Naftalan" barədə hərənin ağzı bir avaz çalır. Mən özüm də neçə il bu xarabada can çürü­dü­rəm. Hamı xətrimi istəyir. Həkim olmasam da, az­dan-çoxdan başım çıxır. Onu bilirəm ki, dörd ildən çox­du "Naftalan"ın arası kəsilib! Gəlmir! Mədət, o başın üçün bizdə yoxdur. Olsa haaa, dünyasında müzayiqə eləməzlər. Buranın müdiri çox yaxşı adamdır. Xətrimi də dağlarcan istəyir. Axı "Naftalan" nə şeydi?! -O, çu­xu­ra düşmüş gözlərini mənə zilləyərək çənəmin altına yeridi və xəfif bir tonda: - O mərkəzi aptekin müdiri var e, - dedi, - İsgəndərzadə?! Onu tanıyırsan?! Albert İs­gən­dərzadə?!

- Yaxından yox, amma elə-belə uzaqdan-uzağa tanışlığımız var. Bir neçə dəfə işlə əlaqədar görüşmüşük.

Sadıq kişinin qırış düşmüş çöhrəsi mülayim və təsəlliverici ifadə aldı:

- Həəə, Albert İsgəndərzadə əliaçıq, səxalı adamdır. Bu şəhərdə elə adam tapılmaz ki, ona kömək əli uzatmasın. Xeyrə-şərə yarıyan kişidi. Ona da bir ağzın dəy­sin. Olsa, dünyasında müzayiqə eləməz. Utanıb-eləmə. Atalar deyib ki, utananın oğlu olmaz. Görürəm şəhərə təzə gəlmisən, buralara dərindən bələdçiliyin yoxdur. Bu şəhərdə gərək bir az diribaş tərpənəsən. Elə bilirsən burada hər adam baş girləyə bilər?! Kənd yerinə baxma, hamı bir-birini tanıyır, ahılın-cahılın, böyük-kiçiyin, qız-gəlinin yeri bilinir. Hamı bir-birini sayıb həya eliyir. - Sadıq kişi tərəddüdlə çiynini çəkdi. - Mə­nim­ki də belə gətirib dəəə... Bir vaxt gəlib bura düş­mü­şəm. Yəqin qismətim belə imiş. Hərənin çörəyi bir cürə çıxır. Amma Sadıq əmini belə bilmə haaa. Demə xırda işdə işləyir. Sağlığına heç kəsə bac verən adam deyiləm. Bir bizə gəəl, gör Sadıq əmin necə ev-eşik düzəldib!

Sadıq kişi mənə ürək-dirək verib hərəkətə gətirmək üçün ərklə yarıbükülü yumruğunu çiynimə toxundurdu:

- Sözümün canı odur ki, - dedi, - bir az diribaş ol, zi­rək tərpən. Ə, "Naftalan" nə şeydi, iki şüşə "Nafta­lan"ın əlində aciz qalmısan?! Sən öləsən, Sadıq əmin bu ahıl çağında gecəynən gedib o Gəncəbasardan saa yüz şüşə "Naftalan" gətirər. Di ləngimə, təpərin olsun! İsgəndərzadə sayan, sayılan adamdı. Olsa, yox deməz. Məncə, tapar. Dayına da salam de. Dayına deyərsən, əəə, qorxaq olma, bel ağrısı nə şeydir ki?! Ölüm-itim olmasın. Yalandan ah-uf eləyib uşaqları qor­xutmasın... Yekə kişidir, özünu ələ alsın. Vallah,  adam  tanıyıram  ki, qolunun birini kəsirlər, heç gözünü də qırpmır. Bel ağrısıdı də, öz-özünə keçib gedəcək. On­dan ötrü nahaq yerə səni dağa-daşa salıb.

Sadıq kişi bütün bu sözlərdən sonra yenə də "Naf­ta­lan" barədə fikrə getdiyimi hiss edib könlümü almaq mə­nasında yenə də çiynimə ehmal bir yumruq vurdu:

-Di, yubanma, get, - dedi. - Məni də içəridə göz­lü­yür­lər. İdarənin maşını bayaqdan yük altındadır. Təzə mal gəlib! Boşaltmalıyıq!

Sadıq kişinin təsəlliverici sözləri daxili nigaran­çı­lı­ğımı tam aradan qaldırmasa da, bir az cəsarətə gəldim. An­caq yenə də dayımın bel ağrısı, bu "Naftalan" mə­sə­ləsi dağ kimi gəlib durdu gözümün qabağında. İndi evə ne­cə qayıdım?! Dayım üzümə vurmasa da, daxilində öz-özünə deyəcək: "Özcə züryətim olsaydı, indi çoxdan "Naftalan" tapmışdı. Bacıoğlu da sağ olsun, özünə! On­dan mənə nə fayda?! Bu dünyada adamın ki, özcə övladı olmadı, ölsə yaxşıdı. Onun-bunun qoltuğunda bu cür baş girləməkdənsə, yaşamamaq fərzdi. Gör nə günə qalmışam ki, bir şüşə "Naftalan" tapanım da yoxdur". Sonra da için-için gileylənəcək: "Mənim ki də belə gətirib. Yəqin ilahinin məsləhətidir. O bilən, yaxşıdır. Şükür onun dərgahına. Bu günümə də şükür".

Dayımın xasiyyətinə yaxşı bələdəm. Bilirəm ki, o açılışıb üzümə deməsə də, ürəyini yeyə-yeyə deyi­nə­cək. Bilmirəm başıma nə çarə qılım. Üç yolun ayrıcında qalmışdım. Hansını seçim?! Albert İsgəndərzadəni bu gün tapmaq onsuz da mümkün deyil. İş vaxtı qurta­rır. Evə də dərman tapmamış necə qayıdım?! Da­yı­mın üzünə necə çıxım?! Axı, onun məndən savayı kimi var?

Evdə necə qarşılanacağımı götür-qoy edirdim: "Səhərdən bəri haradasan?! "Naftalan" dalınca getmişdinsə, gətirdiyini göstər" - arvad fürsətdən istifadə edib eyham vuracaq. - Səni dərman yox, ayrı şeylər maraqlandırır. İstəsən tapardın...

Bütün bu qanqaraldıcı mənzərəni təsəvvür etdikcə evə dönmək istəmirdim. Yorğun düşmüş yolçu kimi ayaqlarım güclə sürünürdü. Düzü, mən bu gün çox şey kəşf etmişdim. Bircə "Naftalan"dan başqa. "Nafta­lan"dan savayı, çox şeylə üzləşmişdim. Bu yerlərin mö­cü­zələri ilə, cürbəcür əcaib işlərlə. Yaxşı deyiblər ki, hər dərədə bir at öldürməsən, baytar olmazsan. Ancaq mənim baytar olmağım dayımın nəyinə gərəkdir? Da­yı­mın nə vecinədir ki, hansı qadın ərinin alimliyini bə­yən­mir və onu ədəb-ərkan yox, var-dövlət maraqlan­dırır. Lap səfehin biri olsun, təki əli gətirsin. Xaş bişirməkdə, sirkə-sarımsaq düzəltməkdə Ağalətifin tayı-bə­ra­bəri yoxdur. Hacıhəsən zavallı Dadanın üstünə necə acıqlandı. Nadirbəyov da telefonda Hacıhəsənin abrını ətəyinə büküb onu suya düşmüş cücəyə döndərdi. Ki­min latareyası və ya sprinti "Volqa" udub?! Albert İs­gən­dərzadə nəkarədir?! Bütün bunlar axı dayımın nə­yi­nə lazımdır?! Dayıma ikicə-üçcə şüşə "Naftalan" gərək­di. Onu da tapa bilməmişəm, vəssalam. Elə əsas məsələ də budur. "Naftalan"! Deməli, mənim bu gün aptekləri bir-birinə vurmağımın, Dadanla məzələnməyimin bir köpüklük əhəmiyyəti yoxmuş. Bütün bunların əvəzinə heç olmasa, bircə şüşə "Naftalan" tapsaydım... Onda elə bilərdim ki, dağı dağ üstünə qoymuşam və bütün dünya mənimdir.

* * *

Suçlu-suçlu qapımızı açıb içəri daxil oldum. Lap qab sındıran pişiyə dönmüşdüm. O biri otaqda uza­nan dayımı demirəm,  arvad-uşaq əlimi ətə­yim­dən uzun görüb mənə bir cür baxırdılar. Ailənin bü­tün üzvləri məni dövrəyə aldı.

Hamısının sual dolu baxışları gözlərimin içinə zillənmişdi. Dayım da nə xəbərlə gəldiyimdən agah ol­maq üçün ufuldaya-ufuldaya yorğan-döşəyində dikəlib mütəkkəyə dirsəkləndi. Deməyə söz tapmırdım. Özümü duruluğa çıxarmaq üçün bu gün baş vurduğum ap­tek­ləri sadalamağa başladım. Rast gəldiyim hadi­sə­lə­rin, şahidi olduğum qəribə-qəribə əhvalatların üs­tünə özüm də bir az qoydum ki, çulumu sudan çıxar­dım. Məşhur sirk artistləri kimi müxtəlif rollara gir­dim. Üzü xallı qa­dın­dan danışdım. Dadanı yamsıla­dım. Onun təmiz­lə­di­yi "Volqa"nın siqnallarına  bənzər səslər çıxartdım. Lap təlxək kimi. Hələ desən, meymun kimi bir ne­çə dəfə atılıb-düşdüm də. Yüngül hərəkətli adamlardan əsla xo­şum gəlmir. Ancaq belə etdim ki, ailə üzvlərinin ni­ga­ran­lıq və narazılıq ifadə edən çöhrələrinə təbəssüm çi­lə­yim və beləliklə, özümü də xoşagəlməz vəziyyətdən qur­tarım. Düzü, bu dəfə özümün özümdən lap zəhləm getdi. Arvadımın qaş­qa­bağı yer süpürürdü. O, hikkə ilə soruşdu:

- "Naftalan" tapdın?!

- Tap… tap... - Bu yarımçıq  kəlməni udquna-ud­qu­na - üç dəfə təkrar etdim. Tapmamışam kəlməsini de­məyə dilim gəlmirdi. Nəhayət, cəsarətimi toplayıb:

- Tapa bilməmişəm, - dedim.

Arvad təzəcə bala çıxardan qaz kimi qabağımdan fısıltı ilə ötüb mətbəx tərəfə keçdi. Otaqların qapı-pən­cə­rələri güclü tufana tab gətirmirmiş kimi silkələnir və şaqqıltı ilə açılıb-örtülürdü. Bütün mətbəx sanki təzəcə miniyə öyrədilən, bədxasiyyət xam qatıra yükləndi. Bu qatır yamac yerdə qoşa şıllağa qalxıb soncuqladıqca qazanlar bir-birinə dəyib danqıldayır, qab-qacaq cingildəyir, stəkan-nəlbəki yerə düşüb cilik-cilik olurdu. Çarpayıda şirin yuxuya gedən üç yaşlı tifil, əqrəb çalıbmış kimi qışqırdı. Arvad körpənin yumşaq yerindən necə burma çimdik götürdüsə, çığırtısı göyə qalxdı. Əsəb­lərim yerində olmadığı üçün hər dəfə bu dik­sin­di­rici səslər məni səksəndirib yerimdən oyna­dır­dı. Dayı­mın zarıltısı da bir tərəfdən. Evdə bir-birinə qa­rı­şan bütün bu həyəcanlandırıcı səslər qılınc döyüşü zamanı çalınan təbillərin gurultusunu xatırladırdı. Ar­vad bu qanqaraldıcı səslərin dili ilə onu didib-par­ça­la­yan daxili hikkəsini büruzə verir, mənim bugünkü uğursuz sərgüzəştimə qarşı meydan oxuyurdu. Bununla de­mək istəyirdi ki, yəni sən də başına papaq qoyub özünü kişi hesab edirsən?! Mənim ərimə bax! Kor qız səndən yaxşıdır. Səhərdən-axşamacan veyllənib, bircə şüşə "Naf­talan" tapa bilməyib. Utanım yerinə! Mən ar­vad­lı­ğımla qəsd qoysam, tumanımın ətəyini əlimə alıb on şüşə "Naftalan" tapmışdım. Belinin ağrısından bu gün ki­şi­nin boğazından bir loxma çörək, bir qurtum su keç­mi­yib. Başımı itirmişəm. Bilmirəm bu südəmər körpə­lə­ri ovudum, yoxsa dayısının nazı ilə oynayım. Sən doğ­maca dayının dərdini çəkib, qeydinə qalmayandan sonra mənə nə düşüb?! Min dərd varsa, min bir də dərmanı var. İstəsən, tapardın. Dünyada tapılmayan dərman yoxdur. Görəsən başı hansı lotuya qarışıbsa... Elə köhnə xasiyyətidir. Hansı qırmızıdodağasa ilişibmiş. Kişinin yaxşısının dal ətəyini kəsib qabağına yama­ya­san. Hələ mən pisini demirəm. Həmişə gözü onun-bu­nun dalında gəzir. Bəs nə, elə şeyləri bacarar. Niyə ba­car­­masın? Amma "Naftalan" deyəndə yüz bəhanə gə­tirir. Filankəsə belə dedim, belə danışdım! Dadan ma­şını belə təmizlədi, Hacıhəsən burdan getdi, Ağa­lə­tifdən olmaz, Nadirbəyov yaman hirsləndi. Hamısını ya­lan deyir. Gözünün içinəcən yalan danışır. Bəha­nədir. Belə qadam olsun onların hamısının ürəyinə. Ba­lam, sən dərman dalınca getmişdin, yoxsa Hacıhəsənin "Volqa"sının siqnallarına qulaq asmağa?! Xaşxananın yerini öyrənməyə? Könlün xaş istəyir, de bişirim. Day bir qarın xaşdan ötrü niyə ona-buna boyun əyirsən?! Heç yerə getməyib dəyirmandan başı unlu gəlsə, yenə ona inanmaram. Nəyə desən, and içərəm. Əlimi o Alla­hın göndərdiyi Qurana basaram. Heç kəsdən "Naf­talan" soruşmayıb. Özcə kefində imiş. Hansı qaşı-gözü qarayaca uyubmuş. Onu tanımıram?! Dabbaqda gö­nü­nə bələdəm. Sinəmə o qədər çalın-çarpaz dağlar çəkib! Qiyamətəcən unutmaram. Gözlərinin içinə baxanda bili­rəm ki, fırıldaq danışır. Kül başıma! Neçə ildir belə­siy­nən bir yastığa baş qoyuram. Kişiyə bax! Bir şüşə dərmanın əlində əsir-yesir qalıb.

Qab-qacağın hər cingiltisində arvadın mənə vurduğu bir tənə, bir məzəmmət duyurdum. Buna çoxdan öyrəşmişəm. Hansı qab cingildəyəndə, hansı pəncərə-bərkdən örtüləndə, uşağın harasından çimdik götü­rən­də nə dediyini və nə demək istədiyini bilirəm. Əgər hövsələsizlik edib cınqırımı çıxarsam, arvad barıt kimi partlayacaq. Danışıq bir az da böyüyəcək. Deyilənləri udsam, səbrimi yesəm, yüngül keçəcək.

Bütün bu dava-dalaşın hamısı evə əliboş qayıtmağımın, bir şüşə "Naftalan"ın başındadır. Əlidolu gəl­səydim, arvad bu cür pəstah çıxartmazdı. Qa­baq­lar bunu çox sınaqdan keçirmişəm. Elə ki qoltu­ğum­da bükülü bir şey qapıdan girdimmi, arvad dönür hu­ri-mələyə. Yaraşıq üçün saldırdığı qızıl dişlərini pa­rıl­dada-parıldada irişir:

- Xoş gəlmisən, a kişi! - deyir. - Bu ev-eşik sənsiz ol­ma­sın. Allah-taala, səni bu uşaqların üstündən bircə gün də əskik eləməsin. Axşam-səhər o bizi yaradan gözə­gö­rün­məzə yalvarıb-yaxarıram ki, bu kişinin başından bir­cə tük də əskik olmasın. Qəfil ölümü varsa, əvvəlcə mənə versin. Məni bu kişinin qabağında öldürsün. Uşaq­la­rın hamısı qurban olsun saaa... Mən də başda. Bütün qa­da-balan, dərdin-azarın getsin dədəmin kənddəki da­na-buzovuna, inəklərinə. Allah-taala mənim də, bü­tün qohum-övladın da ömründən kəsib səninkinə calasın.

 Arvad bir mənə, bir də qoltuğumdakı bükülü şeyə baxdıqca dili ağzına sığmır. Ömrümə dua oxuya-oxuya uzun saçlarını şövqnən dal gərdənə töküb qarşımda tovuzquşu kimi cilvələnir. Qaş-gözünə sığal çəkə-çəkə dəqiqədə on dəfə sağıma-soluma keçir. Pərvanə kimi başıma fırlanır. Dəmlədiyi pürrəngi çay ətir saçır. Xörəyinin iyindən doymaq olmur. Stolun üstünü yığışdırıb təzə süfrə açır. Gündəlik işlənən nimçələri götürüb, bufetin vitrinlərinə yaraşıq üçün düzülmüş ba­halı servizi çıxardır. Tez-tez də ortalıqda atılıb-düşən uşaqlara çəmkirir:

- A bala! Ay uşaq! Kişinin başı ağrıyır, dəcəllik eləməyin! - deyir. - İşdən yorğun-arğın gəlib, imkan ve­rin qoyun dincəlsin. O olmasa, bir köpüyə dəyməzsiniz. Yazıq səhərdən axşamacan sizdən ötrü əlləşib-vuruşur. Elə bil it əl-ayağı yeyiblər. Bir yerdə qərar tutmurlar. Sizi görüm, ciyəriniz yansın.

Bu gün isə... Gözlər olsun görməsin. Qulaqlar olsun eşitməsin. Elə bil həmin arvad deyildi. Əfi ilandı, qum yeyib göyə fınxırırdı. Nədi-nədi, iki şüşə "Naftalan" tapa bilməmişdim, əliboş qayıtmışdım.

Körpələrin hərəsi bir küncə qısılmışdı. Cınqırlarını da çəkmirdilər. Beşikdəki körpənin mışıltısı eşidil­mir­di, yumşaq yeri hələ də göynəyən üç yaşlı Rafiq də kiri­mişdi. Totuq yanağında gilələnən yaş qurusa da, hərdən hıçqırırdı. Dayım da arvadın qırımını görüb susmuşdu. Bayaqkı kimi azaylanmırdı. Mən isə fikir dər­yasında batıb qalmışdım. Bu çətin vəziyyətdən ne­cə qurtaracağımı düşünürdüm. Ümidim bircə Sadıq kişi­nin isnad verdiyi Albert İsgəndərzadəyə idi.

Çöl qapının cırıltısı otağa çökməkdə olan sükutu pozdu. Gözümün quyruğu ilə o tərəfə baxdım. Üçüncü sinifdə oxuyan böyük oğlum Tamerlan idi. O, həmişə belə məqamlarda evdə duruş gətirə bilmirdi. Anasının hədəqədən çıxmış gözlərinə görünməmək üçün sivişib əkilirdi. Ara sakitləşəndən sonra evə qayıdırdı. Əlacı olsaydı, ömürlük qayıtmazdı. Çünki gələn kimi anası onu sorğu-suala tuturdu. Dəftərində "üç" qiymət görən kimi gözünü yumub ağzını açırdı:

- Harada sülənirdin, əəə! Daha bəsdi! Küçələrdən yığış! Az ona-buna qoşul. Səni doğduğum yerdə qar­nım yırtıleydi! Daş-qaya yağaydı səni dünyaya gətirdiyim günə. Mənə övlad yox e, dərd-bəla oldun. Yığmısan məni boğaza!..

Tamerlan anasının bu kinayəli sözlərindən, hərzə-hədyan danışıqlarından bəzən zinhara gəlib, xalasıgilə gedir, çox vaxt da orda qalırdı. Bəhanəsi də olurdu ki, sinif yoldaşı, həm də xalası qızı Xuramanla bir yerdə dərs öyrənirlər. Xalası da Tamerlana qəhmər durub onun dediyini təsdiq edirdi:

- Belə, Tamerlana xalası qurban, - deyirdi. - Yəni bir gecə bizdə qalsa, qiyamət qopar? Ya sizin ev, ya da bizim ev, nə fərqi var?

Xalası yaşca Dilarədən böyük olduğu üçun ona təpinirdi də:

- Azz, eeey!.. Noolsun bacımsan! Gözünü aç, adamını tanı. Ortalığa ayrı-seçkilik salma. Tamerlanla işin olmasın. Qoy uşaqlar bir yerdə dərs oxusunlar. Xuraman onsuz darıxır. Dərsinə yaxşı hazırlaşa bilmir.

Fikirləşdim ki, Tamerlan yenə də xalasıgilə getdi. Telefon zəng çaldı. Kar könlündəkini anlayan kimi mən də düşündüm ki, yəqin Sadıq kişidir. "Nafta­lan"dan xoş xəbər verəcək. Ancaq qulağıma qəzəbli bir səs gəldi:

- Sizinlə danışan milis kapitanı Musa Cabbar­za­də­dir! Daxili işlər şöbəsinin həddi-buluğa çatmamışlar işi üzrə inspeksiyanın rəisi.

Telefonda udquna-udquna qaldım. Nitqim qurudu. Öz-özümə "milis idarəsi hara, mən hara" fikirləşdim. Dilim dolaşa-dolaşa:

- Eşidirəm sizi,-dedim,-yoldaş Cabbarzadə! Milis kapitanı rəsmi qaydada və bir qədər də qəzəbli:

- Şənlik prospektindəki çoxmərtəbəli binanın iyirmi yeddinci mənzilində yaşayan Tamerlan Quliyev sizin oğlunuzdur?!

- Bəli.- dedim.

- Vot tebe na!-deyib əlavə etdi. - Xahiş edirəm milis şöbəsinə gələsiniz!

- Haçan?

- Necə yəni haçan, elə bu dəqiqə!

Ağlıma yüz cür şey gəldi. Əhvalım pozuldu. "Naftalan" söz-söhbətini unutdum. İndi durduğum yerdə milis idarəsinə çağırıldığım barədə düşünürdüm. Məni nələr gözlədiyini özüm də bilmirdim. Lap qızdırmalı anlarda keçirdiyim hisslərə qapıldım.

Milis kapitanı Musa Cabbarzadənin kabinetinə daxil oldum. Tamerlan ahıl bir kişi ilə qabaq-qənşər əyləşmişdi. Milis kapitanı kabinet boyu var-gəl edə-edə onları sorğu-suala tutmuşdu. Kapitan oturmaq üçün mənə rəsmi qaydada yer göstərdi:

- Buyurun, əyləşin, yoldaş Quliyev,-dedi.-Uşağı... uşağı belə tərbiyə edərlər? Siz övladınızı lap başlı-başına buraxmısınız. İctimai yerdə özünü apara bilmir! Özündən böyüyün yolunu saxlamır! Xuliqanlıq edir! Belə yaramaz! Heç yaramaz! İndi biz tədbirini görərik, baxarsınız. Sizin də iş yerinizə yazarıq...

Tamerlan məni görcək ürəyi yuxaldı. Onu qəhər boğdu. Özünü saxlaya bilmədi. Hönkürə-hönkürə:

- Mən... mən.. - dedi. - Dükanın qabağından... qabağından o... o... təsərrüfat malları dükanı var ee... onun yanından keçirdim! Hə, ke-çir-dim!

Qəhər Tamerlanı boğduğundan, bir də ki, milis kapi­tanının zəhmindən və atasının qarşısındakı xəca­lət­dən o, tutula-tutula danışırdı. Kəlmələr boğazından güclə, qırıq-qırıq çıxırdı. Əlinin arxası ilə gözünün yaşını silə-silə:

- Hə, keçirdim, - dedi. - Ke-çir-dim... Gördüm ki, növbədə çoxlu adam dayanıb. Soo... So-ruş-dum ki, nə satırlar?- Qarşısındakı yaşlı kişiyə işarə et-di. - O əmi... o əmi, dedi ki, de-di ki... o  əmi  dedi  ki,  "Naftalan"  satırlar.  Mən də sevindim. Hə, se-vin-dim ki, bu gün atam o "Naftalan"ı səhərdən-axşamacan axtarıb,  tap­ma­yıb,  hə, tapmayıb!!! Anam da onun üstündə atamla... atamla dalaşdı. Hirsindən qablarımızı vurub qırdı. Elə... elə yaxşı oldu ki, bu dükanda "Naftalan"a rast gəldim. Bax... bax, bu  əminin  sözünə  inanıb  növbəyə dayandım! Hə... hə, növbəyə dayandım. Növbə... növ­bə mənə çatanda satıcı xala soruşdu ki, sənə nə qədər lazımdır?! Dedim düz iki şüşə. Elə ikicə şüşə olsa... Satıcı xala mənə güldü. Hə, bərkdən güldü, dişlərini ağartdı. Növbədə dayananların hamısı mənə  baxıb  şaqqanaq çəkdilər. Satıcı o ki var gülüb qurtardıqdan sonra soruşdu ki, oğul, sənə nə lazımdır? Dedim ki, "Naftalan" lazımdır. "Naftalan" almaq istəyirəm. Ata­mın dayısının beli ağrıyır. Pulum da var. Əlimi cibimə salıb iki üçlük göstərdim. Göstərdim ki, dükançı xala inansın. Bilsin ki, balaca olsam da, pulum var. "Naf­talan" almağa çatar. Dedim ki, atamın dayısının beli ağ­rıyır. Radi... radikulitdi. Hə, bel ağrısı. Gecə sə­hə­rəcən inildəyir, beli ağrıyır. Həkim deyib. Mən də ona "Naftalan" almaq istəyirəm. Atam bir gün... hə, düz bir gün axtarıb tapmayıb. Sevindim ki, mən tapmışam. Evə qayıdanda anam da sevinəcək. Hirsi soyuyacaq. Deyəcək ki... deyəcək ki, ay bərəkallah, mənim fərasətli balam!..

Tamerlan əli ilə gözünün yaşını silə-silə ahıl kişini göstərdi və bir qədər sərbəst danışdı:

- O əmi məni aldatdı. Əmi mənə yalan satdı. Dükançı dedi ki... dedi ki, biz "Naftalan" yox, naftalin satırıq. Məktəbdə necə dərs almısan ki, "Naftalan"la naftalini bir-birindən ayırd edə bilmirsən? Dedi ki, günah saa dərs verən müəllimdədir. "Naftalan" aptek­lər­də olur. Bura dükandır. Nə qədər deyirsən, naftalin ve­rim. Dükançı xala dedi ki, güvənin qənimidir. Qoy­maz palazı, kilimi, gəbəni, papanın dublyonkasını, ma­ma­nın yun paltosunu güvə kəssin. Mən yenə də dükan­çıdan "Naftalan" istədim. Hamı güldü. Bu dəfə lap bərk­dən güldülər. Məni lağa qoydular. Utandım, utan­dı­ğımdan bilmədim ki, başımı hara soxum, hamısını o əmi elədi. Günah o əmidədi, məni aldatdı. Dedi "Naf­talan" satılır. Mən də hirslənib bax, bu əminin böyrünə bir dürtmə ilişdirdim. Dedim, yalançı!!! Əmilər adamı aldat­maz! O da mənə bir-iki şapalaq vurdu. Şapalağın biri elə şappıldadı ki, üzüm göynədi. Milislər də... milislər də bizi tutub bura gətirdi...

Yaşlı kişi nə demək istəyirdisə, tez-tez ayağa qalxıb otururdu. Milis kapitanı ona əli ilə işarə etdi ki, qoy uşaq danışıb qurtarsın sonra. Nə sözün, var deyərsən.

Tamerlan fikrini yarımçıq-yarımçıq deyib susdu. Xəcalətdən başını aşağı dikdi. Yaşlı kişi milis kapitanına tərəf irəliləyib ağzını açdı. Barmağını sağ və sol cənginə keçirib gücü gəldikcə dartdı. Alt və üst tərəfdə qalan iki kötük dişini əvvəlcə milis kapitanına, sonra mənə göstərdi. Yaşlı kişi yalvarıcı tərzdə, çəkinə-çəkinə:

- Vallah, billah, mən "Naftalan" demirdim. Uşaq məndən soruşdu ki, nə satırlar? Mən də dedim naftalin satırlar. Ağzımda dişim... Ağzımda dişim olmadığı üçün sözü düz deyə bilmədim. Mən çörəyi də isladıb  yeyi­rəm.  Diş  sarıdan  əziyyət çəkirəm. Dünyanın gözəl  ne­mətlərinə həsrət qalmışam. Vur-tut dördcə kötük qalıb, ikisi yuxarıda, ikisi də aşağıda. O da kar kəsmir. Danışanda dilim topuq vurur. Uşağı da qınamıram. Naftalini "Naftalan" başa düşüb. Axı mən nə bilim ki, ona "Naftalan" lazımdır. Bu sinnimdə yalan danı­şa­ram?! Ayağımın biri burdadı, biri gorda. Dağdan aşmış gün kimiyəm. Bu gündən səhərə ümidim yoxdu. O bir cüt oğlumun qara xəbəri gəlsin, qəsdən  deməmişəm! Mən o uşağı aldatmamışam! Bu bir yana dursun, bəs bir qarış boyu ola-ola heç ona yaraşar ki, mənə əl qal­dır­sın?! Məni söysün?! Hərcayı danışdığı üçün höv­sə­lə­dən çıxdım.  Əlimin ucuynan ikicə şapalaq vurdum. O da yüngülvari. Sonra peşman oldum. Öz-özümə dedim ki, nahaq yerə ağzından süd iyi gələn uşağa baş qoşdum. Uşağa baş qoşanın elə özü də  uşaqdır.Yaşlı   kişi ka­pitana tərəf döndü:- Nəçənnik, mən ki, bu sinnimdə o tifilə baş qoşmuşam, elə məni nə tənbeh eləsən haqqın var.

Yaşlı kişi qonşu otağa dəvət olundu. Onunla ayrıca sorğu-sual başlandı. Milis kapitanı stolunun arxasına keçib əlini alnına qoydu. Sonra başını qaldırıb ciddi görkəm aldı və soruşdu:

- Oğlunuz evdə, məktəbdə, qonum-qonşu arasında özünü necə aparır?

- Narazılığım yoxdur, yoldaş kapitan! -dedim.

- Kimlərlə oturub-durur? Bir valideyn kimi maraqlanırsınızmı?

- Heç kimnən, yoldaş kapitan! Hərdənbir xalası­gil­də qalır. Bir sinifdə oxuduğu xalası qızı ilə dərsə hazırlaşır. Vicdan haqqı, bu təsadüfi haldır. Birinci dəfədir ki, oğlum belə qanacaqsızlıq edib.

Tamerlan yerindən qımıldanaraq:

- Mən qanacaqsızlıq eləməmişəm, nəçənnik,-dedi, - "Naftalan" alırdım.

Milis kapitanı güldü. Başımı aşağı dikdim. Öz-özü­mə: "Zəhrimara qalsın bu "Naftalan"ı, - fikirləşdim. Da­­yım da xəstələnməyə vaxt tapdı. Gərək elə beli ağrı­yaydı? Ayrı bir xəstəlik tapsaydı, dərmana nə gəlib..."

Milis kapitanı Tamerlanın qarşısına ağ kağız qoyub, əlinə qələm verdi:

- Yaz! - dedi. - Yaz ki, mən Quliyev Tamerlan Mə­dət oğlu həmin iltizamı verirəm rayon daxili işlər şöbə­sinə, ondan ötrü ki, bir daha bu cür qələt etməyəcəyəm. - Kapitan gülərək sözünə düzəliş verdi, - Qələt sözu yazma, yaz ki, bir daha bu cür hərəkət etməyəcəyəm...

Tamerlan başını qaldırıb məzlum-məzlum milis kapitanının üzünə baxdı:

- Nəçənnik əmi, - dedi, - innən sonra "Naftalan" da axtarmayım?! Axı atam tapa bilmir! Bu gün səhərdən axşamacan gəzib.

Gülüşdük. Milis kapitanı qaşqabağını salladı və yenə də Tamerlana rəsmi qaydada:

- Yaz! -dedi. -Boş-boş danışma. Altından imza et.

Milis kapitanı iltizamın altından mənə də imza etdirdi...

Milis idarəsindən çıxıb bir xeyli getdik. Hər ikimiz susmuşduq. Nə Tamerlan məndən bir söz soruşurdu, nə də ki mən Tamerlandan. İncikli kimi bir-birimizlə danışmırdıq. Tamerlan qolumdan yapışıb altdan yuxarı mənə baxaraq soruşdu:

- Ata, ikimiz də iltizam verdik ki, daha "Naftalan" lazım deyil? İnən sonra "Naftalan" axtarmağa ixtiyarımız yoxdur?! Axı dayının beli ağrıyır! Onda anam yenə dalaşacaq, hirslənəcək!

Tamerlan bunu deyib məndən cavab gözləyirdi. Onun sözünə məhəl qoymadım. Tamerlan nəmli göz­lə­rini məndən çəkmirdi. Yola yox, qırımımı bilmək üçün üzümə baxdığına görə ayağı ilişdi. Az qala təpəsi üstə yıxılacaqdı. Tez qolundan yapışdım. Tamerlan pərt oldu. O, daha dillənmirdi. Ancaq yola baxırdı. Görü­nür, sadəlövh uşaqlıq aləminə dalıb dayımın qarasına daxilən deyinirdi: "Atamın dayısı da özünə xəstəlik tapdı?! Özü də necə xəstəlik?! Heç yerdə dərmanı yoxdur. Bir şüşə "Naftalan" qəhət olub. Ağıllı adam gərək elə dərdə düçar olsun ki, dərmanı da tapılsın. Atamın dayısı yaxşı-yaxşı fikirləşməyib. Yəqin tələsib. Nə olsun yaşlıdı?! Müəllimimiz bir dəfə deyirdi ki, ağıl yaşda yox, başdadır. Atamın dayısının beli yox, dişi ağ­rı­saydı, indi çoxdan çarə tapılmışdı. Həkim onun ağ­rı­yan dişini kəlbətinlə kökündən çıxardıb atardı. Qolu çıx­saydı, sınıqçının yanına aparardıq. Bir göz qırpımında sümüklərini yerbəyer edib, bərk-bərk sarıyardı. Bu­nun­la da iş qurtarıb gedərdi. Bir aydan sonra qolu sap­pa­sağ olardı. Kəndə gedib əlinə dəhrə-balta alardı, odun da doğrayardı. Bel götürüb bağ-bağçamızı da su­va­rardı. Hələ desən, tez-tez bostanımızın çəpərini basıb kələm, pomidorumuzu yeyən sırtıq danamıza bir də­yə­nək də ilişdirərdi. Lap başı da yarılsaydı, çarə tapılardı. Həkimlər dərman vurub qanını kəsərdilər. Sonra da pambıq qoyub, ağappaq cuna ilə sarıyardılar. Boğaz ağ­rısının da çarəsi var. Qrip də tutsaydı, bir belə əziyyəti çəkməzdik. Üç-dörd gün asqırardı. Asqıra-asqıra da sağalardı. Qoy burnundan da nə qədər istəyir su gəlsin, qrip sağalan kimi burnunun suyu axmazdı. Atamın dayısı bir belə xəstəlikləri qoyub gedib özünə bel ağrısı tapıb. Onun dərmanı harda var?! Heç yerdə. Atam lap təngə gəlib! Bir şüşə "Naftalan"dan ötrü gəzmədiyi yer qalmayıb. Axırda da evimizə qalmaqal düşdü. Anam hirsindən qab-qacağımızı vurub qırdı. Atam hirsləndi. İndi də evə getmək istəmir. Mən çoxlu adam görmüşəm ki, qıçının biri yoxdur, amma qoltuğuna ağacdan dayaq vurub hoppana-hoppana elə yeriyir ki, çatmaq olmur. Yoxsa  bel ağrısı?! Qoymur atamın dayısı yerindən tərpənsin. O tərəf-bu tərəfə dönəndə sızıldayıb ufuldayır. Adamın yazığı gəlir. Buna biz ki günahkar deyilik. Öz cəzasıdır, qoy çəksin. Ona kim deyirdi ki, bel ağrısı tapsın. Başına xəstəlik qəhət idi?! Gərək hər adam öz dərdini çəksin. Amma atamın dayısı elə dərd tapıb ki..."

* * *

Son vaxtlar intizam məsələsi çox ciddiləşmişdi, Bu­nun üçün neçə adam cəza almışdı. Ona görə də səhərisi ida­rəyə baş çəkməli oldum. Tabelə tələm-tələsik qol çə­kib kabinetimə keçdim. Aptek xidmətçisi Sadıq kişi­nin dedikləri dünəndən başımda hərlənirdi. Fikirlə­şir­dim ki, mərkəzi aptekin müdiri Albert İsgəndərzadə ilə necə dil tapım. Nə dillə danışım ki, məndən "Naf­ta­lan"ı əsirgəməsin. Üz ki var, ətdəndir. Hamıya hər sözü de­mək olmur. Albert İsgəndər­za­dəyə birdən-ikiyə ağız aç­ma­mışam. Kənardan-kənara tanışlığım var. Rast­la­şan­da salamlaşırıq. Mənə xoş üzlə salam verir. Gö­rə­sən, səxavət göstərib mənə "Naftalan" da verərmi?! Bax, əsas məsələ də elə bu­dur. Quru-quru salam alıb-verməyə nə var ki! Kişi ona deyərəm ki, xahişimi qəbul edib "Naftalan" ver­sin. Xülasə, Sadıq kişi demişkən, utananın oğlu olmaz. Özümü cəmləşdirib Albert İsgəndərzadəyə zəng vurmaq üçün onun telefon nömrəsini axtardım. Düzü, dizlərim əsirdi. Elə əzəldən xasiyyətim belədir. Mə­nim üçün başqasının karına gəlib, əziyyətini çəkmək xoşdur. Ancaq başqa birinə əziyyət verəndə bu, mə­nim üçün onqat əzaba çevrilir. Lakin ayrı çarəm yox idi. Telefonu yaxına çəkib Albert İsgəndərzadənin nöm­rəsini yığdım.

- Du... du…

Bir neçə dəqiqə gözlədim. Səbrim çatmadı. İsgən­dər­zadənin telefon nömrəsini bir də yığdım. Bu dəfə zəng getdi. Özümdə yüngüllük duydum. Qula­ğıma ami­ra­nə bir səs gəldi:

- Sizə kim lazımdır, ay yoldaş?!

- "Naftalan"... Yox! Yax! Bağışlayın! Albert İsgən­dər­zadə. Mərkəzi aptekdi?!

- Başınıza soyuq dəyib, yoxsa nədi, ay yoldaş?! Bu ayıltma məntəqəsidir! Düz zəng elə!..

Elə bil başıma bir qazan qaynar su töküldü. Bədə­nim­dən elektrik cərəyanı keçdi. Telefonun dəstəyini, əli­mi yandırırmış kimi, qeyri-ixtiyari yerə atdım. Bir neçə dəqiqə də gözlədim. Albert İsgəndərzadənin nömrəsini təzədən yığdım. Özü də çox ehtiyatla. Zəng getmədi. Telefon xəttinə qarmaqarışıq səslər düşmüşdü. İki nəfərin danışığı aydınca eşidilirdi. Hiss olunurdu ki, ali məktəbdə oxuyan tələbədirlər. Oğlanın adı Ramiq, qızın adı Zinaida idi. Ramiq Zinaidadan soruşdu:

- Ziniçka, imtahana getmirsən? Axı bu gün imtahan var.

- Çto za qluposti! Papulya komandirovkadadır. Paka on ne vernetsya, ya ne zdam ekzamen. Ramiq bic-bic:

- Ziniçka, papulya da imtahan verəcək?! - soruşdu.

- Ramiq, tı çto, davay ne budem. Sən bilmirsən ki, papulya əvvəlcə zəng vurub müəllimlə danışmasa, imtahana getmirəm? Həkimdən üç günlük xəstəlik kağızı almışam...

Fikirləşdim ki, başqasının söhbətinə qulaq asmaq nəzakətsizlikdi. Dəstəyi yerinə qoyub, üç dəqiqədən sonra bir də qaldırdım. Eyni söhbət davam edirdi.

- Ramiq, deyilənə görə sizin o müəllim canıyanmış... Sultanlıdı, nədi, yaman sərt adamdı. Bilməyənə qiymət vermir. Tərs kimi sənin sabahkı imtahanını professor Sultanlı götürəcək! Vay! Vay! Sənə yazığım gəlir Ramiq! Batdın! Zavallı Ramiq!

Ramiq rişxəndlə mahnı oxudu:

-Adın nədi?! Daşdəmir, Daşdəmir! Çox yuxarıdan getmə, yumşalarsan!! Yumşalı!! Yumşalı!!. Yumşalı!..

Ramiq yumşalı sözünü oxuduğu mahnının nəqarəti kimi lağ-loğazla bir neçə dəfə təkrar etdi. Sonra da:

- Ziniçka, bilirsən dünyada necə qəribə-qəribə əhvalatlar baş verir?! -dedi.

- Yooox, bilmirəm! Necə bəgəm!

- Onda danışma, mumla! Həmin Sultanlının oğlu ilişib. Özü də dimdiyindən. Professor başının hayındadır. Oğlu gecə saat on ikidə Sahil restoranında keflənib, birinə iki bıçaq ilişdirib. Amma ölməyib. İndi həmin o biliyə qiymət verən professor Sultanlı papamın qabağında muma dönüb. Gündə papamın kabinetinin qapısında boynunu büküb yağlı dilini işə salır.

Dəstəyi yerinə qoyub, bir də qaldırdım. Ramiq telefonda dodağını əyə-əyə professoru yamsılayırdı:

- Yoldaş prokuror, pis övladın üzü qara olsun, oğlumu mənə bağışla, heç olmasa cəzasını azalt. Elə et ki, həbslə əlaqədar cəza verilməsin. Özümə görə ad-sanım var, məni yerə vurma. - Ramiq səsinin təhrifedici ko­mik tonunu dəyişib əda ilə dedi: - Papam da deyib baa­xaa­rıq! Hə, professor yumşalıb quzuya dönüb. İpi bizim əlimizdədir. İstəsəm, iyirmi adama qiymət yazdıraram. Ha­mısına da "beş".  Sənin  eşitdiyin o sərt, biliyə qiy­mət verən professor Ramiqi görəndə ikiqat olur. Bildin?!

Zinaida güldü: - Yaman bəxtin var haa... hərif... - dedi. Onlar gülüşdülər.

Dəstəyi dörd dəfə yerinə qoyub təzədən götürdüm. Zinaida ilə Ramiqin çənə söhbəti qurtarmaq bilmirdi. Mənim danışığım telefon xəttində onlarınkına qarı­şır­dı. Dəstəyi yerinə qoyub xeyli gözlədim. Nəhayət, xətt açıldı. Mərkəzi aptekə zəng çaldım. Qadın səsi gəldi: 

- Eşidirəm.

- Bağışlayın, bacı, bura mərkəzi aptekdir?

- Bəli.

- Yoldaş İsgəndərzadəni olar?

- Yanında kənar adamlar var, bir azdan zəng edin.

Gözlədim. Səbir kasam dolmuşdu. Günorta fasiləsinə az qalırdı. Bir də zəng çaldım. Həmin qadın cavab verdi:

- Eşidirəm.

- Bayaq zəng vuran adamam, Mədət Quliyev. İsgəndərzadəni olar?!

- Bakı ilə danışır, - dedi, -nazirliklə. Sonra zəng vurarsınız.

Stulumda otura bilmirdim. Tez-tez ayağa qalxıb kabineti o baş -bu baş var-gəl edirdim. Arabir saatıma baxırdım. İyirmi dəqiqə də keçdi. Yenə dəstəyi qal­dır­dım. Ürəyim gup-gup döyünməyə başladı. İsgəndər­za­də­nin telefon nömrəsini yığdım. Eyni qadın cavab ver­di. İsgəndərzadəni soruşdum:

- İspalkoma çağırıblar.-dedi.

- Bəs nə vaxt qayıdar?!

- Nə bilim haçan qayıdar, mənə atçot-zad vermir ki! Özündən soruşun!

Hövsələdən çıxdım. İstədim sözümü elə o qadına deyim. Tez də fikrimi dəyişdim. İsgəndərzadəni göz­lə­mək­dən başqa çarəm qalmadı. Saat düz üç tamamda yenə eyni nömrəni yığdım. Bu dəfə mənimki gətirdi. Xoşbəxtlikdən Albert İsgəndərzadə özü cavab verdi:

- Eşidirəm!

- Yoldaş İsgəndərzadə, Mədət Quliyev sizi narahat edir. Tanıdınız?!

Albert İsgəndərzadə ani fikrə getdi və sonra:

 - Hansı, hansı Quliyev?! Dayan... Dayan! Hə, hə! Yadıma düşdü, - dedi, -yadıma düşdü! Bildim, bil­dim, tanıdım! Buyurun, buyurun! Mənə görə qulluğunuz.

- Qulluq sahibi olasınız. - Dedim. - Bir... bir dərman lazımdır! Dərman! Dərman deyəndə, belədi də, dayı­mın beli... "Naftalan" olsa...

Albert İsgəndərzadə fikrimi tamamlamağa macal vermədi. Hiss olunurdu ki, vacib bir işlə məşğuldur. Ancaq insafən, məni telefonda pis qarşılamadı. Dedi, günün axırında mənə dəyərsən.

Pəncərəni açıb bayıra boylandım. İçəri sərin və təmiz hava doldu, dərindən nəfəs aldım. Elə bil çiynimdən ağır bir yük götürüldü. Qəddimi düzəltdim. Özümü şax tutdum. Bəli, yaxşı deyiblər ki, axtaran tapar. Nəhayət, kələfin ucundan yapışdım. Albert İşgəndərzadə aptek  müdiri olmasına baxmayaraq, bü­tün vilayətdə məşhurdur. Əlinin üstündə əl yoxdur. Hamının ona işi düşür. Deyilənə görə, istər vəzifəli olsun, istər vəzifəsiz, heç kəsi naümid qaytarmır. Bir az da əhlikef, zarafatcıl adamdır. Araz aşığındandı, Kür də topuğundan. Ona Əhmədi-biqəm Albert də deyirlər. Ürəyiyumşaqlığı da var. Kimin əli dara düşsə, İsgən­dər­zadənin üstünə qaçır. Albertlə bu cür telefon da­nı­şı­ğın­dan sonra, "Naftalan"ı alacağıma heç bir şəkk-şübhəm qalmadı.

Stolumun arxasına keçib idarə işləri ilə məşğul ol­dum. Dünəndən bəri yığılıb qalan ərizə-şikayətlərə ötə­ri nəzər saldım. Tələsdiyimdən tez-tez saatıma ba­xır­dım. İşin axırına yarım saat qalmış yenə də qoyulmuş qayda üzrə tabel dəftərində ad-familiyamı tapıb qabağından əyri-üyrü qol çəkdim. İdarəni tərk edib iti addımlarla mərkəzi aptekə tərəf götürüldüm. Qaba­ğın­da iri hərflərlə "Vilayət və rayonlararası apteklər ida­rəsi" sözləri yazılmış binaya daxil oldum. Gözləmə ota­ğın­dakı makinanın arxasında əyləşən qadın başını qaldırıb üzümə baxdı:

- Sizə kim lazımdır? - deyə soruşdu.

- Yoldaş  İsgəndərzadə ilə  işim  var, - dedim, - Albert Kərəmoviçlə. Bayaq telefonla danışmışıq.

Makinaçı.

- Yanında radio və televiziya işçiləri var, - dedi, -məşğuldurlar. Nə bilim, səsini yazırlar, şəklini çəkirlər, televiziyada göstəriləcək. Bir dəqiqə əyləşin, indi qurtararlar.

Narahat hisslər keçirirdim. Səbrim tükənmişdi, otura bilmirdim. Ayaq üstə dayanmışdım. Makinaçı qadın mənə şəfqətlə tez-tez "Əyləşin" - deyirdi. Bu səs mənim qulağıma dəyir, ancaq dərrakəmə çatmırdı. Nəhayət, kabinetdəki çəkiliş-filan qurtardı. Televiziya studiyasından gəlmiş işçilər aptek müdiri ilə xudahafiz­ləşdilər. Makinaçı başını qaldırıb laqeyd nəzərləri ilə onları gözləmə otağından çıxana qədər müşayiət etdi və sonra mənə baxıb, buyurun, İsgəndərzadənin yanına girmək olar, demək mənasında başı ilə işarə etdi.

Qapını açıb kabinetə daxil oldum. Albert İsgəndərzadə məni görcək qalxıb:

- Privet! - dedi və təntənəli əhval-ruhiyyə ilə əl verdi. Barmaqlarımın ucunu bərkdən sıxdı, göz-qaşla qarşısında əyləşən adama hiss etdirmədən işarə vurdu. Bildirmək istəyirdi ki, nədən ötrü gəldiyini hələ demə. Qoy bu adam burdan əkilsin, sonra. Sakitcə əyləşdim. Onlar nə barədəsə söhbətlərini qurtardılar. Albert İsgəndərzadə tək qaldı. Doğrudan da deyib-gülən, zarafatcıl, şən adama oxşayırdı. O, əllərini sevinc hissi ilə bir-birinə sürtərək:

- Görürsən də, -dedi, -iş təcrübəmizi yayırlar. Bütün qəzet, jurnallar bizdən yazır. İndicə televiziyadan gəlmişdilər. Bizim mərkəzi apteklər idarəsindən qırx dəqiqəlik veriliş olacaq. Vilayət qəzetinin ötən bazar günkü nömrəsində şəklim çıxmışdı, gördün?! - Albert İsgəndərzadə əl-qolunu ölçə-ölçə və öz əmək fəaliyyətindən razı halda: - Hansı vəzifədə olursan-ol, gərək yaxşı işləyəsən! Nizami Gəncəvi bilirsən nə deyib?

Mən dillənmədim. O, ayağa qalxıb Nizaminin kəlamını dedi:

- Kamil bir palançı olsa da insan,

Yaxşıdır yarımçıq papaqçılıqdan.

Gözlərini süzdürüb əlavə etdi:

- Nizami gözəl deyib. Yaxşı palançı nəinki pis papaqçıdan, zəif idarə başçısından da yaxşıdı. - Şən əhvalla yenə əlini-əlinə sürtərək: -Hə, -dedi, indi de görüm mənə görə nə qulluq?!

- Elə bir qulluğum yoxdur, Albert Kərəmoviç. Dayım bel ağrısı tapıb. Onun da övladı-zadı yoxdur, sonsuzdur. Arvadı da çoxdan rəhmətə gedib, elə mənim ümidimdədir. Həkim "Naftalan" buyurub, onu da tapa bilmirəm.

Albert İsgəndərzadə bayaqkı nikbin və səmimi görkəmini dəyişdi. Bir andaca sanki ali məktəbə çətin fəndən qəbul imtahanı verən zəif tələbənin vəziy­yə­tinə düşdü:

- Yoldaş Quliyev, - dedi, -siz telefonda danışanda yanımda çoxlu adam var idi. Onlar da "Naftalan" dərmanından ötrü gəlmişdilər. Danışığımızı eşitməsinlər deyə, telefonda söhbəti uzatmadım. Sizə nahaq yerə demədim ki, mənə işin axırında dəyərsiz. Niyə işin axırında dəyin dedim?! - verdiyi sualı özü də izah etdi. -Ona görə ki, bu vaxtlar aptekə gəlib-gedən az olur. Qoy söhbətimizi eşitməsinlər. Çünki bu "Naftalan" son vaxtlar çox çətin tapılır. Bax, indicə yanımda olan hörmətli adamı gördün də?! Məsul bir işçinin yeznəsidir. O da "Naftalan"dan ötrü gəlmişdi. Bu gün düz on üçüncü adamdır ki, mənə "Naftalan" üçün ağız açır.

O, aciz bir görkəm alıb çiyinlərini çəkdi: - Yoxdu,  atam balası, yoxdu! Yoxdan Allah da bezardı, bəndə də. Özümü "Naftalan" qayırım?! Bakı göndərsin, mən də verim!  Səndən nə gizlədim, bu il "Naftalan" barədə nazirliyə yüz dəfə zəng çalmışam! Doqquz kərə teleq­ram vurmuşam. Həmin teleqramların hərəsinə on-on beş manat xərc çəkmişəm. Hamısı da özcə cibimdən. Düz yeddi dəfə rəsmi surətdə ştamplı-peçatlı tələbna­mə göndərmişəm. Nazirlik də respublikanın baş ap­tek­lər idarəsinə tapşırır. Ordakı ağzıgöyçəklər də deyir ki, olan­da verərik. Albert Kərəmoviç məndən imdad göz­lə­yirmiş kimi: - Bax, - dedi, -  indi mən deyiləm, sənsən, nə etməlisən?! De də, de! Mənim yerimə sən ol, başıma nə çarə qılım? Camaatın ağzını yummaq olmur. Gələn deyir dərman ver! Gələn deyir dərman ver!  Balam, hardan verim?! Yenə də tapılan dərman ola, dərd yarı­dır. Birdən elə dərman istəyirlər ki, heç  adını özüm də eşit­məmişəm. Nə bilim, qəzetdə, jurnalda oxuyurlar ki, filan yerdə filan zavodda belə bir dərman icad olunub. Səhər açılan kimi kəsirlər aptekin qapısını. Başlayırlar ki, həmin təzə çıxan dərmandan bizə də verin. A balam, qoy o təzə dərman bir Bakıya gəlsin, Bakı bizə göndərsin, biz də apteklərə bölək, siz də gedin alın. Vilayətdən başqa respublikanın düz on beş rayonunun apteki bizə baxır. Hamısını dərmanla təmin etməliyik. Kənardan baxana asan gəlir. Vallah, billah, buna dağ da dözməz. Mənəm ki, tab gətirirəm. Hərəni bir dillə yola salıram...

Albert İsgəndərzadə danışdıqca öz hesabımı götü­rür­düm. Bayaqkı ümidlərim yenə alt-üst oldu. "Naf­ta­lan"dan əlimi birdəfəlik üzdüm. Albert İsgəndərzadəni din­lədikcə ötən axşamkı qanqaraldıcı əhvalatların bu gecə də təkrar olunacağını təsəvvür edirdim. Onun gi­ley-güzarı, evdə arvadın vurub-qırdığı qabqacaq cin­gi­l­tisi dayımın tükürpərdici naləsi kimi səsləndi. Albert İs­gən­dərzadə fikirli-fikirli əlini çallaşmış gur saçında gəzdirərək məni ilk dəfə görürmüş kimi diqqətlə gözümün içinə baxdı. Təzə sirr açmaq istəyirmiş kimi xısın-xısın:

- Sizdən bir xahişim var, - dedi.

- Buyurun.

- Yüz ilin başıdır, bilirəm, məni deyib gəlmisən. Düz də eləmisən. Sizə böyük hörmətim var. Gərək yerin dibindən də olsa, "Naftalan" tapam. Ancaq şərtim var. Birinci, bu barədə heç yerdə danışmayın.

Sizdən artıq dərəcədə rica edirəm. İkincisi də məni tələsdirməyin. Beş-on gün vaxt verin.

Qapı cırıldadı. Albert İsgəndərzadə səksənib söh­bə­tin istiqamətini dəyişdi. Gələn yox idi. Qapı öz-özünə açılmışdı. Albert Kərəmoviç ayağa qalxıb gözləmə ota­ğına şübhəli-şübhəli göz gəzdirdi. Sonra qapını ehmalca örtüb sözünə davam etdi:

- Sabah axşam bu iş üçün qatarla Bakıya adam göndərməliyəm. Biletini istəyirsən sən al, çətin olsa, mənə de, özüm alaram. - Sözünə düzəliş verdi: -Yoox, yoox, zəhmət çəkmə! Bilet nə şeydir ki, özümüz həll eliyərik. - Səsini qaldırdı: - Nazirlikdə də hörmətli bir yoldaş işləyir. Uşaqlıqda bir məktəbdə oxumuşuq. Elə o vaxtdan da dostluq edirik. Canlara dəyən oğlandır. Bakıda da yaxşı hörməti var. Əli girməyən yer yoxdur. Karagələn adamdır. Kimə nə desə, atqaz eləməz. Onun üstünə də balaca kağız yazaram. Kimə də nə lazımdır özü bilir... Mənim xətrimə hardan olur-olsun tapmalıdır.

- Bəli, - dedim, - başa düşdüm, başa düşdüm! Çox sağ olun! O ki qaldı bilet məsələsi, mən həll edərəm. Siz narahat olmayın. Albert İsgəndərzadə:

- Mədət, ancaq bu söhbət ikimizin arasında qalsın haaaa... Birdən bilməzsən, gedib orda-burda danı­şar­san, biabır olaram haaa... Bu vilayətdə özümə görə adım-sanım var. Hamı bilir ki, özünə-sözünə düz, halal, təmiz adamam... "Naftalan"dan ötrü yanıma gəlib-ge­dən adamlar eşidib, bilib fikirləşərlər ki, Albert İsgən­dər­zadə bizə yox deyir, amma Mədəd Quliyevə üç şü­şəni birdən verir. Mədət, məni dilə-dişə salarsan haaa. İyirmi ildən çoxdur bu idarədə günlük vururam. Gül kimi təmiz ad saxlamışam. Bu şəhərdə hamı başıma and içir. Elə adam yoxdur ki, ona yaxşılığım dəyməsin. Ağ­lım kəsəndən xasiyyətim belədir. Mən də bu yolu tutub gedirəm. Yaxşı deyiblər: heç şeyə yaramayan adam, ən yaramaz adamdı. Kişi gərək əlacsıza əl tutsun, yıxılanın qolundan yapışsın. Çalışıram ki, hamıya yaxşı olum...

 İsgəndərzadəyə rəğbətim artdı. Ona təşəkkü­rümü bildirdim. Xudahafizləşəndə yenə də tapşırdı:

- Bax, Mədət, bu söz-söhbət öz aramızda qalsın haaaa!

- Xatircəm olun, Albert Kərəmoviç. Siz nə danışırsınız? Heç kəsə, heç kəsə... heç evdəki arvad-uşağa da bildirmərəm, -deyib onu arxayın saldım.

Qapıya tərəf yönələndə Albert İsgəndərzadə ayağa qalxıb həyəcanla:

- Dayan, dayan! - dedi və sağ tərəfdəki şkafı açıb səliqə ilə düzülmüş qalın cildli tibb kitablarının arasından vərəqləri əzilib saralmış bir kitabça çıxartdı:

- Qədim kitabdı, -dedi. - Bu şəhərdə bircə məndə var. Əslində, atamdan qalmadı. Vaxtilə ona da Tiflisdə ya­xın bir dostu bağışlayıb. İndi heç kimdə yoxdur. Çox­dan yazılıb. -O, kitabçanı tələsik vərəqləyib, qıyılmış gözünü, altından cızıq çəkilmiş cümlələrə zillədi. Vəd etdiyi dərmanın nə qədər böyük müalicəvi əhəmiyyəti olduğunu və çətinliklə düzəldəcəyini mənə dərindən izah edib başa salmaq üçün barmağını sərrast atıcılar kimi düz sinəmə tərəf tuşladı:

- Bilirsən, Mədət, -dedi, -özünə götürmə haaa, sənin üçün demirəm eee. Əlini cibinə qoyub lovğa-lovğa kənardan baxanlara asan gəlir. Bəzi-bəzi ağzıgöyçəklər "Naftalan"! "Naftalan"! - deyir. Amma başa düşmürlər ki, bu zəhrimar "Naftalan" nədir?! Necə hasil olur?! Hardan gəlir?! Bunun nə kimi əzab-əziyyətləri var?! Baax, bunu qanıb-başa düşən yoxdur. Heç həkimlərin də. Köhnələri demirəm, təzə yumurtadan çıxan aptek işçilərinin də çoxunun bundan başı çıxmır.

O, çox bilən və hər şeydən hali olan müdrik adamlara məxsus görkəm alaraq gözlərini geniş açıb alnını qırışdırdı:

- "Naftalan"ın tapılma tarixi hələ bu günəcən məlum deyil. Bundan ötrü çox alimlər baş sındırıb.

Bu kitabda yazıldığına görə, "Naftalan"dan hələ XII əsrdə müalicə məqsədilə istifadə olunurmuş. Naftalan neftini tədqiq edən alman mütəxəssisi Yeger! - O, içini arıtlayıb üzümə baxdı və səsini bir qədər də qaldırdı: - Hə, Yeger! 1892-ci ildə çar hökumətindən patent alaraq ondan məlhəm hazırlayırmış. Yegerdən sonra Kvel adlı alman sahibkarı "Koramal-naftalan" firmasını təsis edib. Naftalan nefti bazasında Almaniyada "Matde­burq" və "Drezden" səhmdar cəmiyyətləri fəaliyyət gös­tərirmiş. Naftalan neftindən cürbəcür məlhəmlər, krem­lər hazırlanıb, dünyanın müxtəlif ölkələrinə, hətta Rusiyanın özünə ixrac olunurmuş. Rus-yapon və birinci dünya müharibələrində əsgərlərin döyüş çantalarında yaralara sürtmək üçün "Naftalan" neftindən hazırlanan məlhəm bankaları olarmış...

Albert İsgəndərzadə gözünü əlindəki kitabçadan ayırıb üzümə baxdı. Mat-məəttəl qaldığımı görüb sinəsini irəli verdi:

-  Bəli! Bəli! Bəli! - dedi. - "Naftalan" hələm-hələm tapılan şey deyil.

Doğrudan da, indicə ayılıb başa düşürdüm ki, "Naftalan" necə nadir dərmanmış. Bu cür dərmanı əldə etmək nə Ağalətifin hünəridir, nə də ki, Hacıhəsənin. Mən nahaq yerə darımı kola töküb onların barəsində bəd­güman olmuşam. Birinci dəfə getdiyim aptekdəki sayğac çəkən kişi doğru deyirmiş ki, bu tapılan zibil deyil. Sadıq kişinin işlədiyi aptekin müdirini də qına­mı­ram. O, belə bir ağır yükü aşıra bilməzmiş. Nə yaxşı ki, bu şəhərdə Albert İsgəndərzadə varmış. Yoxsa bütün kür­reyi-ərzi qarış-qarış gəzib dolaşsaydım, "Naftalan" ta­pa bilməzdim.

Albert İsgəndərzadəyə heyrətlə baxdım:

- Albert Kərəmoviç, -dedim, - əşşi bu nə təhər çətin məsələymiş!! Dayımın həkimi də abadanlıqdan danışır. Yekə-yekə qırıldadır ki, guya qiyməti bir neçə köpükdür, bütün apteklərdə satılır, elə bir maliyyəti də yoxdur. O həkim lap dünyadan bixəbər adammış!..

Albert İsgəndərzadə istehza ilə gülüb, gözünü qıydı və soruşdu:

- Sən  də onun dediyi boş sözlərə inandın? "Yox" mə­na­­sında başımı buladım. Albert  İsgəndərzadə xoşhal oldu:

- Ay pir olmuş, ay pir olmuş! Məgər indiki həkimlərin dərmandan başı çıxır?! Onlar qanırlar ki, "Naf­ta­lan" nədir?! Heç Allahın bir barmaq reseptini doğru-düzgün yaza bilmirlər! Sən də şeytanın qılçını sındırıb, dayına yönlü həkim tapmısan. Ay-hay!

Albert İsgəndərzadə danışdıqca, belə bir çətin işin düzəl­məsini boynuna çəkən adamın mərdliyinə qarşı qəlbimdə yaranan minnətdarlıq hissi getdikcə dərinləşirdi. Düşünürdüm ki, ömrümün axırına qədər onun bu yaxşılığından çıxa bilmərəm. Özümdən asılı olmaya­raq qəddimi əyib Albert Kərəmoviçin əlini bərk-bərk sıxdım. Qarşısında acizanə təzim etdim:

- Çox sağ olun, Albert Kərəmoviç! Bizim şəhər üçün qənimətsiniz! Bu yaxşılığını ömrüm boyu unutmaram. Heç övladlarım da, nəvələrim də, nəticəm də, kötücəm də yaddan çıxartmaz. Təşəkkür! Təşəkkür! - deyib nəzakət xatirinə arxamı bu mötəbər, qayğıkeş insana çevirmədən dalı-dalı geri çəkilib qapıdan çıxdım.

 

*  *  *

İsgəndərzadənin sabah Bakıya göndərəcəyi adam üçün yumşaq vaqona, özü də kupenin alt yerinə bilet aldım. Onun Bakıda "Naftalan" düzəldəcək tələbəlik dostuna bir zənbil əməlli-başlı bazarlıq elədim.

İki gündən sonra İsgəndərzadəyə zəng vurub üstü­örtülü soruşdum:

- Albert Kərəmoviç, dərmandan  nə xəbər?!

- Mənimlə tez-tez əlaqə saxlayın. - dedi. -İşıq ucu var. O adamın telefonda ağzını aradım. Danışığından belə çıxdı ki, düzəlməlidi.

Dörd gündən sonra yenə soruşdum:

- Albert  Kərəmoviç, Bakıdan bir xəbər-ətər  yoxdur?

Albert  Kərəmoviç Qars qalasını fəth edibmiş kimi qalib bir səslə:

- Tapıb! Tapıb!-dedi. -Sabah istirahət günüdür. O birisi gün Bakıdan çıxacaq. Malades! Halal olsun! O nazirlikdəki dostum barədə demişdim də, gördün necə düz çıxdı! Əşşi, onun əlində "Naftalan" nə şeydi ki!..

- Çox sağ olun! Çox sağ olun! Sizə minnətdaram, yoldaş İsgəndərzadə. O Bakıdakı dostunuzun da ömrü uzun olsun.

Düzü, sevindiyimdən gözüm yaşardı. Üç gündən sonra Albert İsgəndərzadə özü mənə zəng çaldı:

- Məni təbrik edə bilərsən, - dedi. -Üç şüşə "Naf­ta­lan" bu saat stolumun siyirməsindədir. Amma iş­dən son­ra... İşdən sonra gəl. Bilirsən də, niyə deyi­rəm?.. Elə et ki, eşidib-görən olmasın. İşdi-şayət, so­ruş­salar, de ki, baş­qa iş üçün gəlmişəm.

 - Baş  üstə, Albert Kərəmoviç, çox sağ olun! Təşəkkür! Təşəkkür!... O, təvazökarlıqla:

- Dəyməz, - dedi, - borcumuzdu. Bizim vəzifəmiz vətəndaşlara xidmət etməkdir. O ki qaldı hörmətli dost ola...

Evə zəng vurub arvada xəbər verdim:

- "Naftalan" tapılıb! Tapılıb! -dedim. - Bir saata alıb gətirərəm. Dayıma da de. De, qoy o da arxayın olsun.

İşin axırında mərkəzi aptekə varid oldum. Albert İsgəndərzadə yanında da bir nəfər abırlı adam nə barədəsə söhbət edə-edə kabinetinin qapısını bağ­layıb çıxırdı. Məni görcək həmin adama nəzakətlə:

- Xahiş edirəm, bir dəqiqəliyə məni bağışlayın, - deyib ondan aralandı. Qolumdan yapışıb aptekin tininə çəkdi və xısın-xısın:

- Mənim yanımdakı adam nəçənnik qormilisənin yaxın qohumudu, - dedi. - Hərifin qulağı çalıb, nədirsə, əl çəkmir. Bayaqdan bəri böyür-başımda fırlanır. Qırsaqqız olub yapışıb boğazıma. Ona da "Naftalan" lazımdı. Ölsə də, vermərəm. Lap nəçənniyin qohumu yox, dədəsi də olsa, vermərəm. Üççəcə şüşədi, onu da nə əzab-əziyyətlə tapmışam. Səninkidi, vəssalam. Dünya od tutub yansa da, vermərəm. -Xəlvət onu işarə edə­rək: - Bir ona bax, bir ona bax, - dedi. - Duyuq dü­şüb, nədisə, qulağını bizə tərəf yaman şəkləyib. Əskik oğlu, əskik! Ölsən də vermərəm! Lap nəçənniyin özü də gəlsə, vermərəm. - Qəddini mənə tərəf əyib ağzını qula­ğıma yapışdırdı. -Burda durma, get sabah düz bu və­də yanımda ol. Kişinin sözü bir olar. Bütün şəhər əhli bilir ki, Albert İsgəndərzadə tüpürdüyünü yalayan adam deyil. Ağlına başqa şey gəlməsin. Sözümüz sözdü.

Dillənmədim. Başqa çarəm yox idi. Onun dediyi kimi razılaşıb ayrıldıq...

Gecə ikicə saat yata bilmədim. Gözlərimə yuxu getmirdi. Elə bil yorğan-döşəyimə qor dolmuşdu. Gözümü yuman kimi cürbəcür qatmaqarışıq yuxular görürdüm. Görürdüm ki, gecənin yarısı şəhərin o tərəfində tüstülü bir alov qalxıb. Bütün şəhər həmin yanğın olan tərəfə axışır. Albert İsgəndərzadənin aptekinə od düşüb. Tələsdiyimdən şalvar-pencəyimi geyə bilmədim. Eləcə alt dəyişəkdə ayaqyalın, başıaçıq adamlara qoşuldum. Yüyürə-yüyürə fikirləşirdim ki, aptek cəhənnəmə yansın, kaş "Naftalan"a bir şey olmasın. Yanğınsöndürən maşınlar həyəcan siqnalı verə-verə adamların arasından keçib küçə boyu aptekə tərəf  şütüyürdü. Aptekə yaxınlaşdıqca haya-küyə qoşulanların axını güclənir, maşınlar hay-haray salır, adamlar bir-birinə dəyib-dolaşırdı. Tüstü burulğanının arasından alovun qırmızı dili göyə dirənirdi. Yanğının üstünə su atan kim, bellə torpaq tullayan kim... Yarıçılpaq vəziyyətdə özümü izdi­hamın arasına vurdum. Adamları itələyə-itələyə Al­bert İsgəndərzadəni axtardım. Albertin təzəcə kos­tyu­munu od qarsımışdı, başı-gözü ütülmüşdü. Qan-tər içərisində aptekin avadanlığını ora-bura sürütləyirdi. Onun qolundan yapışıb boğula-boğula:

- Bəs "Naftalan"? "Naftalan"?! - deyə qışqırdım. Bir nəfər boynumun dalından yapışıb məni geri dartdı. Qan­rılıb onun ənginə birini ilişdirdim. O da mənim­kinə. Əlbəyaxa olduq. Rəqibimin xirtdəyindən yapışıb onu əzişdirməyə  başladım. Elə bu anda böyrümə bir dürtmə ilişdirdilər. Sancı məni yandırıb-yaxdı. Arvadın xırıltısını eşitdim. Hövlank yuxudan oyandım. Arvad boğulurdu... Əlimi onun boğazından çəkdim. Yazıq  ar­vad güclə nəfəs alırdı. Bir stəkan su verdim. Başına çəkib  birtəhər özünə gəldi. Baş yoldaşımdan acizanə üzr istədim... Xoşbəxtlikdən aptek yanmırdı və mən də heç kəslə əlbəyaxa olmamışdım. Eyvana çıxıb şəhərə göz gəzdirdim. Bütün küçələr səssiz­liyə dalmışdı. Hər tərəf sakitlik idi. Qayıdıb çarpayımda uzandım. Fikirli-fikirli yorğanı başıma çəkib gözümü yumdum, yuxuya getdim. Qulağıma telefon zəngi gəldi, dəstəyi götür­düm. Albert İsgəndərzadə idi.  Məndən üzr istəyirdi.  "Naf­talan" əldən çıxmışdı. Rəis özü işə qarışıb, "Naf­talan"ı İsgəndərzadənin əlindən almışdı. Rəisin ün­va­nına o ki var döşədim. Arvad yorğanın üstündən məni silkələdi:

- Mədət, Mədət, nə sayıqlayırsan? Ağzını təmiz saxla, söymə. Nəçənnik eşidər.

Tez oyandım. Yenə də gördüyüm yuxu imiş.

Mışıl-mışıl yatan uşaq bizim hənirtimizə qımıldanıb yerində zarıldayırdı. Arvad donquldanıb yuxulu-yuxulu deyinirdi:

- Naftalan tapan deyil, yatmağa da qoymur. Körpənin yuxusunu haram elədi...

Yenə də dəhşətli yuxular görəcəyimdən qorxub daha gözümü yummadım. İşıqlananda yerimdən qalxdım, həmin gün mənə bir ildən artıq oldu. Səbrim tükənmişdi. İş vaxtı qurtarmaq bilmirdi. İdarədə məni yuxu basırdı. Çənəm sinəmə enib-qalxdıqca işçilər altdan-altdan bir-birinə baxıb hırıldayırdılar. Bilirdim ki, mürgülədiyimə gülürlər. Amma üstünü vurmurdum. Saatıma baxırdım. Tərs kimi bu gün saatımın bata­re­ya­sı da qurtarmışdı. Saniyəölçən nazik əqrəb mənim kimi yorulub əldən düşdüyündən kiçik bir nöqtədə donub qalmışdı. Saatın mexanizmlərini hərəkətə gətirmək üçün onu qulağıma tutub gücüm gəldikcə bərkdən sil­kə­lədim. Heç bir çıqqıltı eşidilmirdi. Həmişə qolumda gəzdirdiyim, gündə neçə dəfə şüşəsini silib təmiz­lədiyim saat da belə bir məqamda namərdliyini gös­tər­di. Dar gündə adamı qoyub qaçan bəzi namərd dostlar kimi. Birdən stolun üstündəki köhnə radionun xırıltılı səsi eşidildi:

- Bakı vaxtı ilə saat on yeddidir. Bugünkü verilişlərimizin proqramını...

Tez yerimdən qalxıb mərkəzi aptekə yollandım. Al­bert İsgəndərzadəni kabinetində görəndə gözlərim işıqlandı, toxtadım. Albertin kabinetində iki qadın əyləş­mişdi. Kabinet fransız ətrinin rayihəsinə qərq olmuşdu. Bəzi dərmanların qurtardığından, reseptlərin geri qaytarıldığından, həkimlərin, xəstələrin narazılığından və bu barədə bəzi-bəzi adamların dedi-qodu salmasından danışılırdı. Albert İsgəndərzadə gözünün quyruğu ilə mənə eyham vurdu ki, qoy bu qadınlar çıxsın, sonra səni yola salaram.

İnsafən, qadınlar çox ləngimədilər. Kabinetdən çıx­­dılar. İçəridə ikimiz qaldıq. Albert İsgəndərzadə kabi­netin şabalıdı rəngdə cilalanmış taxta qapısını açıb ət­rafa göz gəzdirdi. Heç kəs yox idi. O, arxayın düş­dük­dən sonra qapını örtüb arxasını da vurdu. Stolun siyirməsini çəkdi:

- Üç şüşə idi, - dedi. Bəxtindən biri sınıb. Neynək, ca­nın sağ olsun. Lazım gəlsə, yenə də çətinlik mənə dü­şür. Haçan bu cür çətin tapılan dərman olsa, qulluğunda hazıram. Amma Mədət, minnət qoymaq istəmirəm, bu­nu çox müsibətlə... Bakıdakı dostum da birtəhər ta­pıb. "Naftalan" verənlərə yaxşı bir qonaqlıq düzəldib. - O, dərindən bir ah çəkib mənə tərəf yırğalana-yır­ğa­lana. - Bilirsən, Mədət - dedi, - gərək verəsən. Əl-əli yu­yar, əl də üzü. Verməyəndə iş aşırmaq olmur. Ada­mın qabağına yüz cür bəhanə qoyurlar. Bu dünya verim dünyasıdır. Bizim bu şəhərdə ya gərək karlı adamın ola, ya böyük vəzifən, ya da ki pulun.

Yoxsa...

O, "Naftalan" dolu şüşələri əvvəlcə yumşaq pambığın arasına qoydu. Sonra möhkəm bir iplə bərk-bərk sarıdı. Üstəlik də köhnə bir qəzetə büküb qoltuğuma verdi:

- Ehtiyatlı ol ha, -dedi, -əlindən düşər, güc-bəla ilə tap­mışam. Amma Mədət, elə et ki, bir ins-cins bil­mə­sin. Heç qonum-qonşu da. Çünki tapılan şey deyil. Bu­nu da böyük bir minnətlə... Qarşına çıxan olsa, demə ki, İsgəndərzadənin yanından gəlirəm. İndi adamlar qazdan ayıqdı. O dəqiqə şübhələnərlər... "Naftalan"dan ötrü tay bir də Bakıya adam göndərəsi deyiləm. O da bir iş idi. Çay həmişə qızıl gətirməz.

Albert İsgəndərzadəyə bir də təşəkkür edib ondan ayrıldım. İrəlidəki tindən sola burulub dayandım. Qəd­dimi şax tutub, dərindən nəfəs aldım. "Naftalan" şüşə­ləri bükülmüş kağıza bir də diqqətlə nəzər saldım. Ürə­yim indicə-indicə üstümə gəlirdi. Albert İsgəndər­za­də­nin dedikləri qulaqlarımda cingildədi: "Çay həmişə qı­zıl gətirməz",  "Elə et sınmasın", "Bir də Bakıya adam gön­dərəsi deyiləm". Albert İsgəndərzadənin sözlərini xatır­ladıqca dərd məni götürmüşdü. "Bu şüşələri    hara qoyum ki, bir şeyə toxunub sınmasın?!" Fikirləşdim ki, əlim­də saxlasam, düşüb qırıla bilər. Ağlıma bir şey gəl­di. Şalvarımı təzə tikdirmişdim. Dərzi də dərin ciblər tikmişdi. Çox ölçüb-biçdikdən sonra "Naftalan" şüşə­lə­ri­ni birtəhər şalvarımın sağ cibinə dürtdüm. Yoluma ar­xa­yın davam etdim. Qarşıma çıxanların hamısı şübhəli nəzərlərlə şalvarımı süzür, mənə baxır, bir neçə addım aralanandan sonra əllərini ağızlarına tutub, bic-bic pıqqıldayıb gülüşürdülər. Onları da qınamalı deyil. Şalvar cibim bu gün-sabah doğacaq cins inəklərin yelini kimi aşağı sallanmışdı və addımladıqca yellənib buduma toxunurdu. Sağ qılçam lap keyimişdi.

Sakit küçələrin birində dayanıb yönümü divara tərəf çevirdim. "Naftalan" şüşələrini birtəhər şalvar cibim­dən çıxarıb pencəyimin yan cibinə qoydum. Şüşələri əlim­də saxlamağa ehtiyat edirdim. Xasiyyətimi nəzərə alıb düşünürdüm ki, getdiyim yerdə birdən fikrə qapılıb "Naftalan" şüşələrini əlimdən sala bilərəm. Əlimi tez-tez üst tərəfdən pencəyimin cibinə vururdum. Barmaq­la­rım cibimin donbağına toxunduqca özümdə rahatlıq, yüngüllük duyurdum. Evə tez çatıb dayımı sevindirməyə, arvadın könlünü alıb qarşısında xəcalətdən çıxmağa tələsirdim. Artıq lovğalanmağa da haqqım var idi. Tər məni basmışdı. Piyada getmək fikrimi dəyiş­dim. Avtobus dayanacağına onsuz da az qalırdı. Yaşıl zolaqlı təzə bir avtobus irəlidə dayanıb fısıldadı. Addı­mımı yeyinlətdim. Çataçatda avtobus yenə də ağır-ağır fısıldadı və yerindən tərpənmək istəyəndə özümü yetirib birtəhər içəri soxuldum. Pencəyimin ətəyi avtobusun avtomat açılıb-örtülən qapısının arasında qaldı. Qabaqlar xüsusilə, gənclik çağlarımda da belə hallar çox olub. Onda ətəyimi dartıb asanlıqla qapıların arasından çıxarda bilirdim. Bəzən ətəyim cırılırdı. Bu dəfə mümkün eləyə bilmədim. Çünki pencəyimin dərman olan donbaq cibi qapının çöl tərəfində qalmışdı. Dart­saydım, şüşələr qırıla bilərdi. Ancaq höcətlik yeri deyil­di. Belə məqamlarda gərək özünü itirməyəsən, ehtiyatlı tər­pənəsən. Odur ki, avtobusun balaca pilləkəninin aya­ğında, lap qapının ağzında dayanıb qaldım. Sər­ni­şin­lərdən bir neçəsi canyanalıq edib məni yuxarı qaldırmaq üçün əl uzatdılar. Mən isə:

- Narahat olmayın, - dedim, - bura da yaxşıdır.

Onlara dil-ağız etdim və yerimdən tərpənmədim. Onsuz da irəli-geri getməyə təhrim yox idi. Fikirləşdim ki, canım cəhənnəm, qoy mənə nə olur-olsun, amma "Naftalan" şüşələri salamat qalsın. Ətəyin qapı arasında qalması nə demək olduğunu yaxşı başa düşürəm. Birdən avtobusun təkərinə iri mismar batıbmış kimi yenə fısıldadı və dayandı. Qapılar açıldı. Pencəyimin dərman olan donba cibi yanıma düşüb sallandı. Tez avtobusdan düşdüm. Sərnişinlərin tənə və istehza dolu baxışlarının müşayiəti ilə yoluma piyada davam etdim. Xeyli aralandım. Evimizə az qalırdı. Əziz-əziz pambığa, sonra da ağ şıq-şıq  kağıza bükülmüş "Naftalan" şüşə­lə­rini cibimdən çıxarıb əlimə aldım. Hava qaralmışdı. Tək-tək yağış atırdı. Addımlarımı yeyinlətdim. Evimizə bir tin qalmış göyün üzü damarlandı. İldırımın şaqqıltısı  bütün şəhəri titrədib lərzəyə gətirdi. Yalnız əlimdəki dər­­man  şüşələrinə bir zaval olacağından qorxurdum. İslan­maqdan o qədər də ehtiyat etmirdim. Yağış getdikcə şiddətlənirdi. Evə tərəf iri addımlar atır, arabir yorturdum. Bir göz qırpımında küçələri sel-su götürdü. Bu dəfə yüyürməyə başladım. Binamıza bir neçə addım qalmış yüyürə-yüyürə başımı qaldırıb evimizin pən­cə­rə­sinə baxmaq istədim. Kaş baxmayaydım. Yaxşı de­yib­lər ki, tələsən təndirə düşər. Tələsdiyimdən ayağım yerin altından keçən kanalizasiyanın çalasına düşdü. Üzü üstə yıxıldım. Suyun səthində doşab rəngində yağ­la­çov bir şey göründü. "Naftalan" şüşələri sınıb cilik-ci­lik olmuşdu. Dərmanın bircə damcısı da ələ gəlmədi. Ba­şım­dan yağış tökə-tökə dizimə döydüm. Əks tərəf­dəki binadan şən musiqi səsi gəlirdi. Öz-özümə: bəx­tə­vər başınıza, dedim, mən nə haydayam, onlar nə hay­da. Görünür, ya toy idi, ya da ki, qonaqlıq. Kiminsə ad gü­nü də ola bilərdi, ya kimisə hansı vəzifəyəsə irəli çək­miş­dilər. Xülasə, qarmonda "Qazağı" oyun havası çalı­nır­dı. Hirs vurdu kəlləmə. İsgəndərzadənin dedikləri ya­dıma düşdü. Dayımın sızıltısı, arvadın əsib-sovurması gözümün qabağına gəldi. Başım gicəlləndi. Lap hu­şumu itirən kimi oldum. Ancaq qarmonda çalınan "Qa­zağı" oyun havası yamanca sümüyümə düşmüşdü. Lap vəcdə gəldim. Bir tərəfdən də hirs məni boğurdu. Niyəsini özüm də bilmədən qol götürüb oynamağa baş­ladım. Əlimin birini boynumun arxasına verib, birini də yana uzadıb üzündə "Naftalan" ləkələri olan bulanıq göl­məçədə dövrə vurdum. Tez-tez çöməlib qalxır, atı­lıb-düşürdüm. Gözlərimə sanki qaranlıq çökmüşdü. Nə et­diyimi özüm də bilmirdim. Elə bil dəli olmaq dərə­cə­si­nə gəlmişdim. Gözümə heç nə görünmürdü. Ağlıma gətir­mirdim ki, kənardan baxıb-eləyən olar və məni qınayarlar. Onu bilirəm ki, "Qazağı" oyun havası çalı­n­dıq­ca əyilib-qalxır, ayaqlarımı irəli-geri atırdım. Ağıllı-başlı rəqs edirdim. Hərdənbir də: -həşşi, həşşi! - deyib bə­zi toybaşları kimi qışqırırdım. Qulağıma çəpik səsi dəy­di. Oynaya-oynaya ətrafıma göz gəzdirdim. Dayım evimizin aynabəndindən mənə baxıb gülür və çəpik çalırdı. Qonum-qonşu pəncərələrindən boylanıb təəccüblə mənə baxırdılar. Yəqin hamısı elə başa düşürdü ki, həddindən çox içdiyimdən keflənmişəm. Ancaq ara­ğın küpünə girib keflənən adamlar da mənim kimi bu cür hərəkət edə bilməzdi. Elə oynayırdım, elə oyna­yır­dım ki, gəl görəsən. Musiqinin ahənginə uyğun olaraq pən­cəmin üstündə, dabanım yerə dəymədən süzürdüm. Elə bil küçədəki gölməçədə yox, xalı-xalçanın üstündə sə­kirdim. Musiqi kəsilən kimi dayandım. Qollarım yanıma düşdü. Yağış canıma işləmişdi. Birdən ayıldım. Sanki huşum özümə gəldi. Öz-özümü məzəmmət etdim: "Mən nə qayırıram?! Dünyada adamın başına hər cür qəzavü-qədər gələ bilər. Day dost-düşməni özümə niyə güldürürəm?! Aclıq bir il gedər, töhmətlik min il. El içində rüsvay oldum. Lənətə gəlsin bu "Naftalan"!.

Suyu süzülə-süzülə əliboş, üzüqara binamıza daxil oldum. Beton pillələrlə könülsüz-könülsüz yuxarı mərtəbəyə qalxıb suçlu-suçlu qapımızın qabağında da­yan­dım. Barmaqlarım titrəyə-titrəyə zəngin düyməsini basdım. Dayımın inciyib qaşqabağını sallamağını, ar­va­dın yenə də sifətini turşudub mənə dişinin dibindən qopanı deyəcəyini düşünürdüm. Qapı açıldı. Gözlərimə inanmadım. Dayım tamam dəyişmişdi. İndi həmişəki ah-zar eləyənə oxşamırdı. Məni gülə-gülə qarşıladı. O, qabaqkı kimi sızıldaya-sızıldaya belini tutub, qəddini əyməmişdi. Qarşımda şax dayanmışdı. Arvadım mətbəxdən çıxıb gülə-gülə:

- Gözün  aydın. -dedi. -Dayın sappasağ olub.

Təəccüb məni götürdü. Çaş qaldım. Fikirləşdim ki, yəqin elə bu da həmişə gördüyüm yuxulardan biridir. İçəri keçdik. Dayım elə yeriyirdi ki, quş kimi. Sanki beli ağrıyan o deyilmiş. Dayım kefi kök, damağı çağ dedi:

- Sən o bizim qonşu kəndli mahrızlı Pirverdini tanıyırsan?! Onun barəsində eşitməmisən ki? Onlar elə dədə-babadan loğmandırlar. Sınıqdı, çıxıqdı, bel ağrı­sıdı, yaradı, onların əli çatıncadı. Bu gün Allah-taala onu öz ayağı ilə gətirib çıxarmışdı bura. Dedi ki, eşitdim xəstəsən. Gəldim ki, uşaqlara bazarlıqdan-zaddan elə­yim. Həm də sənə baş çəkim. Dərdimi açıb ona danışdım. Necə var, elə də dedim. Birini də gizlətmə­dim. Sözümün dalı üzülməmiş Pirverdi məni arxası üstə uzatdı xalçanın üstünə. Ayağımı da bağladı, bax, o yo­ğun su durbasına. Qoltuğumdan, qolumdan bərk-bərk yapışdı. Gədələri də köməyə çağırdı. Gücləri gəldikcə dartdılar. Elə bil gözlərimdən od parladı. -Dayım əlini belinə ağrıyan-sancan yerinə qoyaraq: - Bax, burdan, elə burdan! Bir şey şaqqıldadı. Pirverdi şaqqıltını eşi­dən  kimi güldü. Çox şükür, - dedi.  Xata-baladan qurtardın. Qada-balan elə o şaqqıltıynan getdi. Atası rəh­mətlik olmuş dedi ki, damarlar yerindən oynamışdı, düzəlt­dim. Görüm Allah-taala o Pirverdinin ömrünü uzun eləsin. Məni anadangəlmə eləyib qoydu ora.. Sən də neçə gündü qapı-qapı düşüb dava-dərman axtarırsan. Tutaq  ki, o doşaba oxşayan, "Naftalan"dı nədi, tapıl­dı. Kim bilir! O dərman kar salıb məni Pirverdi ki­mi, sağaldıb ayaq üstə qaldıra biləjeydimi? -Dayım geri dartılıb gözlərini geniş açdı:- Onu deyə bilmərəm, am­ma onu deyə bilərəm ki, ağrım-acım o şaqqıltıynan getdi. Pirverdinin əli var olsun. Görüm, Allah-taala onun balalarını gözünə çıraq eləsin, əli çox xeyirlidir. Onun əllərindən çox adamlar şəfa tapıb.

Aradan xeyli keçmişdi. İstidən nəfəs almaq olmurdu. Boz sərçələr yarpaqların arasında başını ora-bura təpirdi. Şəhərin mərkəzindən kənardakı bağda fəvvarələri seyr edə-edə gəzinirdim. Əlimdəki qəzetlə, tər axan açıq sinəmi, boğazımı yelpikləyirdim. Susuz­luq­dan dilim-dodağım təpimişdi. Yavaş-yavaş yaxınlıqdakı su budkasına tərəf yönəldim. Burdakı iki mər­tə­bəli kərpic binanın darvazası bağa açılır. Darvazanın qa­ba­ğından keçəndə arxadan:

- Mədət! -deyə kiminsə məni çağırdığını eşitdim. Dö­nüb o tərəfə baxdım. Tanıdım, Ramazan idi. Çox­dan görüşmürdük. Onun harada işlədiyini bil­mir­dim. Söhbətdən məlum oldu ki, mərkəzi aptekin bu kərpic bina­nın altında yerləşən anbarının müdiridir. Əlində iri­li-xırdalı bir qom açar vardı. Gö­rünür o, bu açarları əlində oynadıb, cingildətmə­yi adət etmişdi və bundan həzz alırdı. Açarların həl­qə­sini barmağına keçirib, hə­vəs­lə fırladırdı. Çünki bu təkcə zirzəmi qapılarının yox, həm də Rama­zanın çörəyinin, ad-sanının, dolanışığının açarları idi. Söhbətə qızışanda cilalanmış kimi sürtülüb işıldayan dəmirləri ovcunda bərk-bərk sıxırdı. Bir girvənkə ağırlığında olan açarları cibinə qoymurdu. O heç də cibinin donbaq duracağından və ya deşilə­cə­yin­dən, pencəyinin bir ətəyinin sallanıb o birindən uzun görü­nəcəyindən ehtiyat etmirdi. İstə­yirdi ki, bu açarlar həmişə onun gözünün qabağında olsun. Bəlkə də o, könlündə mənə anlatmaq istəyirdi: "Görürsən də, dostum, neçə-neçə bağlı qapının taleyi məndən asılıdır. İstə­diyim vaxt açıram, istədiyim vaxt bağlayıram. Nə olsun ki, Albert İsgəndərzadə hamımızın böyüyüdür və ya başımızın ağasıdır. Qapının açarları ki, məndədir. Qa­pını açmaq üçün İsgəndərzadə də mənə boyun əy­mə­lidir. Anbar açarlarının sehrkar gücünü yalnız onu gəz­dirənlər bilər. Bu açarlarda elə bir sirr vardır ki, o ən mötəbər idarə başçılarının qapısını açmağa qadirdir...

Ramazanla çoxdan görüşmədiyimiz üçün söhbəti­miz xeyli uzandı.

Mən:

- Sərin su olsa, içərdik, -deyib qabağında çoxlu boş "Barjom", "Sirab", "Badamlı", "Limonad" şüşələri olan budkaya baxdım.

Ramazan:

- Nə cür sərin su istəsən məndə, -deyib əvvəlcə əlini sinəsinə qoydu, sonra anbarı göstərdi.

Həyət darvazasının ağır dəmir qapılarını aralayıb içəri daxil olduq. Ramazan qədimdə qayrılan və bir neçə yerindən dəmir qurşaq keçən taxta qapını açıb işıqları yandırdı. Əvvəlcə iki stəkan "Badamlı" içdim. Zirzəmi tunel kimi uzanıb gedirdi və sonu görünmürdü. Orda-burda pas atmış tibb avadanlığı, dərman bağlamaları gözə dəyirdi. Marağım artdı. Bir neçə addım dibə tərəf addımladım. Qaranlıq olduğundan şeylər aydın görünmürdü. Ramazan iri arakəsmələrin arasından keçib o biri işıqların da düyməsini basdı. İri və güc­lü lampalar anbarı işıqlandırdı. Küncdə üst-üstə, həm də səliqəsiz halda yığılmış dərman şüşələrini gördüm. Bu çür dərman şüşələrinə haradasa rast gəlmişdim. Təəc­cüb məni götürdü. İrəli yeridim. İçərisində duru və qaramtıl  rəngdə maye olan şüşələrin birini götürdüm. Üstünə yapışdırılmış etiketini oxudum. "Naftalan" kəlməsini görəndə gözlərimə inanmadım. İstədim Ra­ma­zana demədən bu nadir tapılan dərmanları qamarlayıb şalvar, pencək və köynəyimdəki irili-xırdalı cib­lə­rimə doldurum. Fikirləşdim ki, belə girəvə bir də ələ düş­məz. Ra­ma­zan fürsət versəydi, "Naftalan" şüşə­lə­rin­dən, hələ desən, bir neçəsini də qoynuma yığardım. Bu dərmanlardan ötrü başım nələr çəkib?! Duruxdum: "Bəl­kə məni qara basır? Yox, ola bilməz! Yəni günlərlə axtardığım və Albert İsgəndərzadənin müsibətlə tap­dı­ğı və axırda da yağışlı bir havada əlimdən düşüb sı­nan, məni dəli kimi oynadan "Naftalan"dır bu?! Öz-özü­mə "yox", dedim, bu ağlasığan məsələ deyil. Yəqin çaş­mışam. Gözlərimi ovuşdurdum və düşündüm:  yəqin yenə yuxu görürəm? Bəlkə mən anbarda yox, evdə yorğan-döşəyin altındayam? Yenə həmişəki kimi yuxu görürəm?" Lap quruyub qaldım. Ramazan bir yerdə dayanıb gözümü şüşə yığınına zillədiyimi görüb mənə yanaşdı. Özümə inanmadığım üçün Ramazandan dərman dolu bu şüşə­lərin nə olduğunu so­ruş­dum. Ra­ma­zan mənim sualımdan pərt oldu. Elə bil onun təzəcə rəhmətə gedən və hə­lə qırxı çıxmayan ata­sı­nın goruna söydüm. O, hövsə­lə­dən çıxdı. Barmağının ara­­­sında tüs­tü­lənən siqaretin kö­tü­yünü dişlərinin arasında çeynəyib kənara tüpürdü.

Ramazandan soruşmağıma peşman oldum. O, acıqlı-acıqlı dərman şüşələrini göstərərək:

- Nə olacaq?! - dedi. - "Naftalan"dır! Dörd ildən çox­­dur yatıb qalıb. Gör nə qədər yer tutub. Albert İsgən­­dərzadəyə deməkdən dilimdə tük bitib. Neçə dəfə yalvarmışam ki, ə, bu "Naftalan"dı, nə zibildi, əgər camaata lazımdırsa, payla apteklərə. Yox, lazım deyilsə gəl sənni-mənni silgi aktı yazaq, rədd edək getsin, kimdi sözümə baxan?!  Bu qulağından alır, o qulağından verir. Özüm deyirəm, özüm eşidirəm. Bunun üstün­də neçə dəfə mübahisəmiz olub. Axırda dalaşmışıq da. Hər dəfə də bu barədə söhbət düşəndə deyir ki, baxa­rıq, baxarıq. Dörd ildir daş atıb başımı tuturam ki,  bu zi­bili rədd elə getsin! Anbarda yer yoxdur! Onda da mə­nə acığı tutur. Qan təzyiqim var, məni hirsləndirmə, deyir, öz işinə qarış. Başın girməyən yerə bədənini sox­ma. Mən nə etdiyimi özüm yaxşı bilirəm!

Ramazan ovcunu ağzına tutaraq: - Dillənmə deyir­sən, mən də dillənmirəm -dedi. -Altda qalanın canı çıx­sın. Dədəmin malı deyil ha! Deyirəm yəni bir ətək pul verib, dünyanın o başından əzab-əziyyətlə mal gətirmişik, verək apteklərə. Bir dərman ki, heç kəsin dərdinə yaramaya, əşşi, onu anbarda saxlayarlar?! Mən ölüm, özün de, saxlayarlar?!

Ramazan tərs-tərs mənə baxıb başını buladı: - Rəhmətliyin oğlu, - dedi, -xətrinə dəyməsin, sən də lap mənim yaralı yerimə toxundun. Görməyəndə, yada salmayanda yenə sakit oluram.. -O, üzünü əks-tərəfə çevirib mənim qarama deyindi: - Sən də söz danışdın də. Bu şüşələr nədi?... Nə bilim nədi! Get Albert İsgən­dər­za­dədən soruş, gör nədi? Gözün görmür nədi? Zalım oğlu, elə bil birinci dəfədir "Naftalan" görür. Yenə də yönnü bir dərman ola?! İyindən adamın zəhləsi gedir...

 

* * *

Axşam yeyib-içib televiziya verilişlərinə baxır­dıq. Son dəbdə geyinib-kecinmiş gənc diktor elan etdi:

- İndi də sizi, əməkdaşlarımızın mərkəzi aptekdən hazırladığı bir süjetə baxmağa dəvət edirik. Albert İsgəndərzadənin uzun illərdən bəri burada vicdanla işlədiyi, Hacıhəsənin müştərilərlə nəzakətli rəftarı tamaşaçıları heyrətə gətirmişdi. Dayım ona şəfa dərmanı vəd edən Albert İsgəndərzadəni görəndə stulunu bir az da irəli çəkdi...

Ekrandakı səhnə dəyişdi. Albert İsgəndərzadə indi əynində ağ xalat aptekin dərman düzülmüş qəfəsələri arasında yox, nimdaş kostyumda çölü-biyabanı dola­şırdı. Adamlar dağların ətəyinə, yamaclara səpə­lənib dər­man bitkiləri toplayırdılar... Onlar adamlara şəfa dərmanı tapmaqdan ötrü canlarından keçirdilər.

Elə bil havam çatmırdı. Təngnəfəs oldum. Papiros çəkmək üçün eyvana çıxdım. Fikirlərim düyünə düşmüşdü. Açılması "Naftalan"ın tapılmasından da çətin olan düyünə.

1990-cı il

 

 



















 

© 2011. Bütün hüquqlar Əli İldırımoğluna məxsusdur.
www.aliildirimoglu.az və ya www.aliildirimoglu.com