www.aliildirimoglu.az

FELYETONLAR

LENT KƏSİLMƏDİ 

Dövlət Bankı rayon şöbəsinin müdiri Məm­məd­zadə kabinetində sakitcə əyləşib, sol əlindəki təzə qəzetlə özü­nü yelpikləyə-yelpikləyə rəqəmlərə göz gəzdirirdi. İki sənəd diqqətini cəlb etdi. Sənədin hər ikisi məktəb tikintisinə aid idi.

Qayalı və Çəmənli kəndlərindəki yeni orta məktəb binalarının tikintisi üçün ayrılmış vəsait xərclənib qurtarmışdı. Müdirin kefi duruldu. Fikirləşdi ki, əgər ti­kin­­tinin smetasında nəzərdə tutulmuş pul xərclənib qur­tarıbsa, deməli, inşaat işləri də tamam-kamal başa çatıb.

Məmmədzadə əlindəki kağızları bir də təkrar-təkrar nəzərdən keçirib, dərindən nəfəsini dərdi. Sanki çiyinlərindən ağır bir yük götürüldü. Bütün yorğunluğu, yayın bürkülü istisi, qızmarı canından çıxdı. O öz-özünə: "İldən-ilə sürünən bu tikintilər, nəhayət, başa çatdı" - deyib vəcdlə dəstəyi götürdü və rayon maarif şöbəsinin müdirinə zəng vurdu:

- Ziyad Kərimoviç, privet, təbrik edirəm, - dedi, - sizi ürəkdən təbrik edirəm. Amma bu şad xəbəri gec verdiyim üçün gərək məni üzürlü sayasan...

Ziyad Kərimoviç əvvəlcə başa düşmədi ki, onu nə münasibətlə təbrik edirlər. Çaşqın susdu. Bank müdiri bunu təvazökarlıq kimi başa düşüb, üzrxahlığı bir az da artırdı:

- Bütün günah bu yayın istisindədir, - dedi, - sənəd­lərə vaxtında baxa bilməmişəm. Elə güman edirəm, len­tin kəsilmə mərasimində bizi unutmayacaqsan.

- Hansı lent?! Nə mərasim?! - deyə Ziyad Kərimoviç heyrətlə dilləndi.

- İki təzə məktəbin açılış lentini.

Ziyad Kərimoviçin heyrəti daha da artdı:

- Hansı təzə məktəbin?

- Əşşi, sən lap ağ elədin ki! Qayalı və Çəmənli mək­təblərini deyirəm dəə, hər ikisinin tikintisi qurtarıb, səni bir də təbrik edirəm!

Bu xəbər nə qədər gözlənilməz olsa da, zəng edən adamın nüfuzu və ciddiyyəti Ziyad Kərimoviçi səfərbər etdi. Tez dil-ağıza başladı:

- Çox sağ olun, yoldaş Məmmədzadə, mütləq, müt­ləq! Açılışda mütləq siz də olacaqsınız, özü də lap başda!

Maarif şöbəsinin müdiri telefonun dəstəyini yerə qoymadı. Beş dəqiqənin içində tabeliyində olan bütün işçiləri ayağa qaldırdı:

- Tez olun! - dedi. - Tez olun! İki qırmızı lent, bir təzə, iti qayçı, bir yaraşıqlı məcməyi tapın! Sabah Qayalı və Çəmənli məktəblərinin açılışıdır.

İnsafən, müdirin əmri elə o gün yerini aldı. Bir qızılı məcməyinin içində təzə, iti qayçı, iki dolaq tünd-qırmızı lent və üstəlik, makinada yazılmış bir təntənəli çıxış bayram xonçası kimi təqdim olundu Ziyad Kərimoviçə.

Müdir zəngin düyməsini basan kimi, bütün ins­pek­torlar cəm oldular onun başına. Hər kəs öz yerini tutdu.

Ziyad Kərimoviç çıxışın mətnini əvvəlcə ətra­fındakılara oxumağa başladı ki, artıq-əskik söz olmasın. O, xitabət kürsüsünün arxasında dayanıbmış kimi ayağa qalxdı. Pencəyinin qırışmış ətəyini aşağı dartıb düzəltdi. Qalstukunu yuxarı çəkdi. Ancaq gördü ki, boğulur, qalstuku bir az boşaltdı. Sonra da bəri başdan bir qurtum su içdi:

- Yoldaşlar!

Müdir çeçədi. O, cib yaylığını çıxarıb ağız-burnunu sildi və nitqinə davam etdi:

- Yoldaşlar! Bu gün iki çox mühüm hadisəni bayram edirik. Rayonumuzun uşaqları iki hədiyyə alırlar. Bu o deməkdir ki, bizdə maarifin vəziyyəti xeyli yaxşı­la­şacaqdır. Bildiyiniz kimi, rayonda sinif komplektlərinin sayı sinif otaqlarından xeyli-xeyli artıqdır. Bəli, artıqdır! Yəni, bu o deməkdir ki, ümumtəhsil məktəblərində sinif otaqları çatışmır. Ona görə də məktəblərin əksə­riy­yətində dərs məşğələləri iki növbədə aparılır. Bəli, iki növbədə aparılır! Bu səbəbdən də dərsdənkənar tərbiyə işlərinə vaxt qalmır. Bu da təlimin keyfiyyətinə yaxşı yox, pis təsir göstərir. Bəli, pis təsir göstərir! Rayon başçıları ictimaiyyətin qüvvəsini maarif və məktəb işlərinə geniş cəlb etsələr, bu cür çətinliklərə məruz qalmarıq. Bu gün hər birində beş yüz şagird yeri olan Qayalı və Çəmənli məktəblərinin istifadəyə verilməsi bizi sevindirir. Bəli, sevindirir!

Ziyad Kərimoviç sözünə fasilə verib inspektorlara baxdı. Hamı ixtiyarsız olaraq əl çaldı. Müdir bir qurtum da su içib, alnında purçumlanan təri silib, məruzəsinə davam etdi...

İnspektorlar arzu şəklində məruzənin bəzi yerlərinə etirazlarını bildirdilər. Məsləhət gördülər ki, tənqid hissəsi ixtisar olunsun, rayon başçılarına, yuxarı nazir­liklərə toxunan cümlələr məruzədən çıxarılsın, tərifli və xoş sözlərə geniş yer verilsin. Konkret faktlar və rə­qəm­lər ümumiləşdirilsin. Məsələn, belə yazılsın: "Məktəb tikintilərində bəzi-bəzi nöqsanlarımız var. Bəzi-bəzi kəndlərdə, bəzi-bəzi yoldaşların günahı üzündən məktəb tikintiləri ləngidilir. Bəzi-bəzi rəhbər yoldaşlar maarif və məktəb işlərinə yaxından kömək etmirlər..."

Xülasə, məruzədəki deyintili sözlər yumşaldıldı. Eyhamlı fikirlər ixtisar olundu. Tərifli və təmtəraqlı cüm­lələrin axırına qoşa-qoşa nida işarələri düzüldü. Sonra təşkilati tədbirlər müəyyənləşdirildi. Qərara al­dılar ki, açılış mərasimlərində inşaatçılara təqdim etmək üçün çoxlu gül-çiçək hazırlansın. İnşaat başçılarından tikinti idarəsinin rəisi Rəşidbəyliyə, iş icraçılarından Qənizadəyə fəxri fərmanlar, pul mükafatları və qiymətli hədiyyələr verilməsi nəzərdə tutuldu.

Qaldı mühüm bir məsələ: bəs açılışda qırmızı lenti kim kəssin? Hərə öz namizədini irəli sürdü. Biri rəh­bərliyi məsləhət gördü digəri sadə bir müəllimi. Lakin bu barədə məsələ bir qədər örtülü qaldı...

Rayon mədəniyyət evinin bədii özfəaliyyət kol­lektivinin üzvlərinə göstəriş verildi ki, açılışda çıxış etmək üçün tar, kamança kökləyib, qarmon və qavalları ta­razlayıb, hazıryaraq olsunlar və sərəncam gözləsinlər...

Təntənəli açılışa dəvət olunanlar əyinlərində ütü­lənmiş kostyum, ayaqlarında təmizlənmiş par-par parıldayan tufli, boyunlarında enli və ala-bəzək qalstuk sübh tezdən avtomaşınları ilə şəhərin mərkəzi mey­da­nında hazır oldular. Axşamdan yuyulub, tərtəmiz silin­miş maşınlar bir-birinin arxasınca düzüldü. Maarif şöbəsinin, içərisində qırmızı lent və iti qayçı olan mavi rəngli "Moskviç" maşını qabaqda gedirdi. Onun ar­xasınca çalğıçılar əyləşən iri avtobus fısıltı ilə irə­li­ləyirdi. Rayon başçılarının maşını, toza düşməsinlər deyə, xeyli arxada qalmışdı. İrəlidəki maşın aramsız siqnal verirdi. Müğənnilərin yol boyu ifa etdikləri "Tələbəlik illəri" mahnısı dalğa-dalğa yol boyu uzanıb gedən pambıq tarlalarına yayılırdı.

Maşınlar asfalt yoldan sola dönüb Qayalı kəndinə tərəf buruldular və yeni məktəb binasının qarşısında dayandılar. İnspektorların hərəsi qırmızı lentin bir ucun­dan tutub tələm-tələsik darvazaya tərəf yüyürmək istəyəndə, yerlərindəcə donub qaldılar. Hamı sifətini turşudub təəccüblə bir-birinin üzünə baxdı. Ey dadi-bidad! Binanın ikinci mərtəbəsinə əl də vurulmamışdı. Birinci mərtəbə də yarımçıq...

Kor-peşman qırmızı lenti bürüb-büküb maşına qoydular. Açılışa gələnlər suyu süzülmüş geri qayıtdılar. Bu dəfə rayon başçılarının maşını arxada yox, qabaqda gedirdi. Maarif şöbəsinin "Moskviç"i geridə qalmışdı. Onlar bu dəfə Çəmənli kəndinə varid oldular. Soraqlaşa-soraqlaşa yeni istifadəyə veriləcək məktəb binasını tapdılar. İnspektorlar burada bir qədər usta tərpəndilər. Onlar tələsib lenti açmadılar. Əvvəlcə dabanlarını qaldırıb, boğazlarını uzadıb, tikintiyə baxdılar.

Ziyad Kərimoviç Çəmənli məktəbini də yarımçıq görəndə bənizi ağardı. Gözləri alacalandı, bihuş olub yıxılmaq istəyəndə, inspektorlar onu arxadan tutdular. Ziyad Kərimoviçin üzünə su çilədilər. Alnına islanmış dəsmal qoydular. Kişi handan-hana özünə gəldi. Gözünü açıb bank müdirinə tərs-tərs nəzər saldı: "Əşşi, mənimlə düşmənçiliyin vaar?! Hanı hazır məktəblər?! İndi mən Ziyad Kərimoviç bu qədər camaata nə cavab verim?!"

Maarif müdiri hirslənib özündən çıxdı... Xəca­lə­tindən qızarıb-bozardı, rəngdən-rəngə düşdü. Ancaq bu bərədə bankın müdirini heç kəs qınamadı. Çünki hər iki məktəbin tikintisi üçün nəzərdə tutulan vəsait xərclənib qurtarmışdı. Ancaq zavallı Məmmədzadə nə biləydi ki, həmin pullar məktəbə yox, kənar işlərə xərclənib. İş icraçıları başlarını açıb məktəb tikintisi üçün ayrılmış vəsaiti öz bildikləri kimi sağa-sola səpələyiblər. Onlara bir dəyən olmayıb ki, abrınız olsun... Danışırlar ki, iş icraçısı Qənizadə qurd ürəyi yeyib. Çox adam da deyir ki, Qənizadə qurd ürəyi yeməyib, onun arxasında şir kimi rəislər dayanıb. Qənizadənin ayağı bir balaca büdrəyən kimi, tabe olduğu idarə ilə trest onun dadına yetib dayaq dururlar.

Bəs Çəmənli məktəbinin tikintisinə ayrılan pullar haraya xərclənib?

Bu barədə tikinti idarəsinin rəisi Şabanova müraciət etmək istədilər. Ancaq xəbər gəldi ki, Şabanov daha məsul işə dəyişilib, vəzifəsini böyüdüblər.

İndi... İndi yeni dərs ilinə başlanıb, məktəblərdə də ilk zənglər səs-səsə verib. Qayalı və Çəmənli məktəb­lə­rinin tikintisi isə yarı-yarımçıq qalıb. Pul olmadığından daş daş üstə qoyulmur. Bütün rayonda acınacaqlı lətifəyə çevrilmiş bu əhvalatdan söz düşəndə təşəbbüs qaldırıb məktəb binası tikdirən kolxoz başçılarının dərdi təzələnir, qanları qaralır. Onlar deyir ki, heç bilmirik uşaqların üzünə necə baxaq. Tikinti idarəsi başçılarının üzü qara olsun, bizi məktəblilərin qarşısında başı aşağı, dili gödək elədilər.

Xülasə, yeni məktəblərin açılış təntənəsində iştirak etmək, lent kəsmək həvəsilə maşına əyləşib kəndlərə yollanan rayon başçıları geri qayıdanda çox dilxor görünürdülər. Lentin kəsilməməsi bir yana qalsın, əyləşdikləri avtomaşınlar, geyindikləri ütülü kostyumlar, ayaqlarındakı par-par ayaqqabılar toza batmışdı.

Ziyad Kərimoviç mərmər pilləkənlərlə yorğun-yorğun yuxarı qalxırdı. Onu qarşılayan katibə sevincək:

- Təbrik edirəm, Ziyad Kərimoviç! - dedi.

Ziyad Kərimoviç isə:

- Əh, - deyib, könülsüz halda başını buladı.

 - Nə olub, Zi-yad Kə-ri-mo-viç?!

- Lent kəsilmədi...

 

 1971-ci il

 

 

















 

© 2011. Bütün hüquqlar Əli İldırımoğluna məxsusdur.
www.aliildirimoglu.az və ya www.aliildirimoglu.com