www.aliildirimoglu.az

Qısa Tərcümeyi hal

Əli İldırımoğlu (Məmişov) 1927-ci il noyabr ayının 17-də Qubadlı rayonunun Əliquluuşağı kəndində rəncbər ailəsində anadan olmuşdur. Burada orta məktəbin VIII sinifdə oxuyarkən 1941-45-ci illəri əhatə edən Böyük Vətən müharibəsi başlanmışdı. VIII-IX siniflərdə çoxluq təşkil edən və əsgərlik yaşına çatmış oğlanlar müharibəyə cəlb olunduğundan həmin siniflər tədris fəaliyyətini dayandırmışdı. Məktəbin direktorluğu onun fəal şagird olduğunu nəzərə alıb, birbaşa qızların çoxluq təşkil etdiyi və bu səbəbdən tədrisi davam etdirdilən X sinfə keçirilmişdi. Beləliklə, Əli İldırımoğlu VIII sinfi başa vurub, IX sinifdə oxumadan, birbaşa X sinfə keçmiş və həmin orta məktəbi müvəffəqiyyətlə bitirmişdir.
Müharibənin gedişi ilə əlaqədar olaraq, kəndlərdə müəllim qıtlığı yaranmışdı. Ona görə də elə həmin il Əli İldırımoğlu Şuşa şəhərində açılmış müəllim kadrları hazırlayan iki aylıq kursa göndərilmişdir. Həmin kursu bitirdikdən sonra 1941-42-ci dərs ilində ilk dəfə olaraq Məlikəhmədli kənd ibtidai məktəbində sinif müəllimi kimi əmək fəaliyyətinə başlamışdır. 1946-cı ilə qədər rayonun Xıdırlı, Novlu, Xəndək ibtidai, Teymurmüskanlı yeddiillik məktəblərində müəllim işləmişdir.
Qiyabi yolla Laçın Pedaqoji Texnikumunu, 1946-1948-ci illərdə Ağdam ikiillik Müəllimlər İnstitutunun tarix fakültəsini bitirdikdən sonra yenidən pedaqoji fəaliyyətini davam etdirmişdir. Əliquluuşağı, Dondarlı, Muradxanlı orta məktəblərində direktorun tədris işləri üzə müavini işləmişdir.
1951-ci ildən rayon maarif şöbəsinin inspektoru, Qubadlıda nəşr edilən "Avanqard" rayon qəzetinin məsul katibi, sonra isə redaktor vəzifələrində çalışmışdır.
1955-ci ilin yanvar ayından 1991-ci ilin sonuna qədər respublikanın ən nüfuzlu orqanı olan "Kommunist" qəzetinin xüsusi müxbiri kimi Naxçıvan, Qarabağ, Dağlıq Qarabağ, Mil-Muğan. Sumqayıt-Quba zonaları üzrə fəaliyyət göstərmişdir.
"Kommunist" qəzetində qeyri-normal mühit yarandığından öz təşəbbüsü ib respublikada nəşr edilən "Həyat" qəzetinə işə keçmişdir və il yarım həmin mətbu orqanında eyni zonada (Abşeron, Sumqayıt, Dəvəçi, Quba, Qusar, Xaçmaz rayonlarında) eyni vəzifədə işlədikdən sonra ərizəsi ilə təqaüdə çıxmışdır.
Yüzlərlə oçerk, felyeton, hekayə və povestlərdən ibarət olan "Yazım-yazmayım", "Mayaklar", "Telepat", "Çinarlı", "Dərd", "Silinməz izlər" kitablarının, "Həmin adam", "Közərən sətirlər". "Mənim rəncbər atam'", iki hissədən ibarət olan "Zorən jurnalist", "Aqibət". "Qarlı gecələr", "Daş yağan gün" romanlarının müəllifidir.
"Zorən jurnalist" romanının birinci hissəsi ("Eşq, qələm və qovğa" adı altında), "Mənim rəncbər atam", "Aqibət" romanları türk dilinə, "Aqibət" romanı rumın dilinə tərcümə edilib böyük tirajla nəşr olunmuşdur. "Mənim rəncbər atam" romanı İranda ərəb əlifbası ilə nəşr olunmuşdur.
2007-ci ildə onun seçilmiş əsərləri çapdan çıxmışdır. Əsərləri barədə 2006-cı ildə tənqidçi Bəsti Əlibəylinin, 2009-cu ildə filologiya elmləri namizədi Qurban Bayramovun "Milli-mənəvi dəyərlərin bədii salnaməsi" monoqrafiyaları nəşr olunmuşdur.
1941-45-ci illərdə arxa cəbhədə göstərdiyi "Rəşadətli əməyə görə" medalı ilə, Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 16 noyabr tarixli Sərəncamı ilə Azərbaycan ədəbiyyatı və jurnalistikasının inkişafındakı xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif olunmuşdur. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 1988-ci ildə Respublikanın "Əməkdar jurnalisti" adına layiq görülüb. "Qızıl qələm", "Ali Araz", "Ustad jurnalist", Ə.Haqverdiyev adına mükafatların laureatıdır. Türkiyənin Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyası tərəfindən türk ədəbiyyatının inkişafında göstərdiyi xidmətlərə görə “Türk Ədəbiyyatına Xidmət” beynəlxalq mükafatı ilə təltif edilib.
Beş övlad atasıdır. Oğlanlarından Yusif hüquqşünasdır, həm də elmlər namizədidir. Yunis "Əmrahbank"ın prezidentidir. Rasim polis əməkdaşıdır, polkovnikdir. Nazim isə həkimdir. Qızı Səadət filologiya elmləri namizədidir. Həyat yoldaşı Şəfiqə Müəllimlər İnstitutunu bitirib. 13 nəvəsi, 9 nəticəsi var. Övladlarının hamısı İldırımzadə familiyasını daşıyır.

2011-ci il.

Bu saytda görkəmli yazıçı, jurnalist Əli İldırımoğlu barədə dövri mətbuatda dərc edilmiş yazılar, əsərlərinə dair rəylər, məqalələr, habelə çap olunmuş əsərləri, video və foto materiallar, ədibin zəngin, maraqlı və özünəməxsus fəlsəfi dünyagörüşünü əks etdirən müsahibələri toplanmışdır. Sayt ədəbiyyat və jurnalistika məsələləri ilə maraqlananlar, geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.

www.aliildirimoglu.az




 

© 2011. Bütün hüquqlar Əli İldırımoğluna məxsusdur.
www.aliildirimoglu.az və ya www.aliildirimoglu.com