www.aliildirimoglu.az

FELYETONLAR

İNŞALLAH

Qoca bağban təpənin başında qurduğu çardaqda demisini tüstülədir, hərdənbir ətrafa boylanırdı. Birdən o, iri qoz ağacının kölgəsində dayanmış qoltuğu qalın qovluqlu iki nəfəri görüb, asta addımlarla onlara tərəf irəlilədi. Tanış oldular:

- Kənd təsərrüfatı idarəsinin yer quruluşçusu Budaqov.

- Rayon milis şöbəsinin əməliyyat müvəkkili, kiçik leytenant Leytinat Dadaşov.

Bağban birinci adamın dediklərini başa düşdü. Ancaq ikinci adamın "leytenant"larından baş açmadı. Bunu hiss edən milis işçisi:

- Kiçik leytenant rütbəmdir, - dedi, - Leytinat isə adımdır. Fərq orasındadır ki, rütbəm adımdan bir ulduz aşağıdır.

Bağban başa düşdü ki, milis işçisinin adı Leytinatdır. Beləliklə, "leytenant" məsələsi həll olunub qurtarandan sonra yer quruluşçusu mətləbə keçdi:

- Aldığımız məlumata görə, kolxozun ictimai torpağı ayrı-ayrı adamlar...

- Başa düşdüm, başa düşdüm! - deyə bağban, saçaq­ları gözlərinin üstünə tökülən iri papağını pey­sərinə tərəf itələdi. - Gəlmişsiniz, çox əcəb etmişsiniz. Amma mıs-mıs deyincə, elə birdəfəlik Mustafa deyin də. Nahaq yerə nə məni incidin, nə də özünüzü. Bu iş üçün gəlib-gedənlərin biri də siz olun. Buyurun, əzgilimiz hələ dəyməyib, amma alçanın, gavalının əsl vaxtıdır. Bostan üstüdür. Əyləşin, yığıb gətirim. Siz də, bu vaxta qədər gəlib-gedənlər kimi doyunca yeyin. Amma rica edirəm bu çağırılmış bayatını təkrar etməyin: "İctimai torpağı dağıdanları belə atacağıq! Belə tutacağıq!". Bu söz-söhbəti eşitməkdən qulağımız qabar olub.

- Biz bura əzgil yeməyə gəlməmişik, əmican! Material yoxlamağa gəlmişik, - deyə Budaqov bağbanın sözlərindən pərt olduğunu büruzə verdi.

Kiçik leytenant isə ciddi bir görkəm alıb, rəsmi qaydada danışdı:

- İctimai torpağı zəbt etmək cinayətdir! Siz bunu zarafata salmayın!

Bağban şəhadət barmağının ucu ilə qırışmış peysərini qaşıya-qaşıya:

- Bacıoğlu, - dedi, - söhbət ki belə gətirdi, onda qoy mən də ürəyimi boşaldım. Keçən il adını kolxozçu qoyub, özü orda-burda baş girləyən bir neçə adam içərisində meyvə ağacı olan ictimai torpağı zəbt edib qatdı öz doqqazına. Bu məsələni kolxoz yazdı raykoma, raykom yazdı ispolkoma, ispolkom yazdı kənd təsər­rüfatı idarəsinə, kənd təsərrüfatı idarəsi də yazdı prokurora. Prokuror da yazdı milisə... Axırda nə zəbt olunmuş torpaqlar qaytarıldı, nə də ki, torpaq oğur­la­yanlara gözün üstə qaşın var deyən oldu. Bu barədə yazdılar, pozdular, yazdılar, pozdular... Bəs nəticə? Ee, bacıoğlu, bostan üstüdü, alçadan-zaddan yeyin. Xətrinizə dəyməsin, göz gördüyünə inanar, qulaq eşitdiyinə. Bu cür yoxlamalar...

Leytinat əlini belinə aparıb, enli kəmərini düzəldə-düzəldə:

- Biz, sən gördüyün adamlardan deyilik, əmican! - dedi.

- Yoldaş Dadaşov haqlıdır, - deyə yer quruluşçusu kiçik leytenantın sözünə qüvvət verdi.

Bağban dinməz-söyləməz onların qabağına düşüb, çomağını da arxasınca sürüyə-sürüyə, yeni zəbt olunan torpaqları bir-bir göstərməyə başladı:

- Bax, bu torpağı Zübeydə bacı tutub.

- Zübeydə bacı kimdir?

- Zübeydə Ağayevanı deyirəm də, kolxozumuzun rəhbərlərindəndir. İstəsə lap bir hektarı da qoltuğuna vura bilər. Ancaq insaflı tərpənib. Tutduğu torpaq azdır. Vur-tut yarım hektar olar. Bu torpağın da başına baş aqronom kəmənd salıb. Bu torpağı hesabat işçisi öz hesabına keçirib. Bu torpaq da uşaqlarımızın tərbiyəçisi Əsgərxan müəllimin tələsinə düşüb...

Avtomat qələmlər işə düşdü, ağ kağızlar göy mürək­kəbə boyandı. Aktlar tərtib edildi. Sənədlər üst-üstə qalandı... Məsələ yenidən gəlib çıxdı kənd təsərrüfatı idarəsinə. İdarənin rəisi də şəhadət barmağını qoydu zəngin düyməsinə. Katibə içəri daxil oldu. Rəis katibəyə:

- Mənim adımdan yaz, - dedi, - yaz rayon proku­ro­ruzna. Yaz ki, kolxozda ictimai torpaqlar ayrı-ayrı adam­lar tərəfindən zəbt olunur... Belə getsə... Qəti və təcili tədbir!..

Katibə makinanın qabağında əyləşəndə əsnəyə-əsnəyə öz-özünə gileylənirdi:

- Bu torpaq haqqında nə qədər yazmaq olar?! Eyni kənd, eyni məsələ. Prokurora yazmaqdan lap barmağımız qabar oldu.

Rayon prokuroru da kənd təsərrüfatı idarəsinin göndərdiyi materiallar əsasında, təcili cinayət işi başlayıb, dərindən tədqiqat aparılması üçün rayon milis şöbəsinə ötürdü. Milis şöbəsi də prokurorluqdan aldığı həmin sənədləri yenə də qaytardı kənd təsərrüfatı idarəsinə. Üstünə də belə bir məktub əlavə etdi:

"...Kənd təsərrüfatı idarəsinin rəisinə. Zəbt edilmiş torpaqlardakı meyvə ağaclarının sayını, bu ağacların nə qədər bar yetirib, kolxoza nə qədər gəlir verəcəyini mütəxəssislər vasitəsilə dəqiq, hərtərəfli müəyyən etmədən cinayət işi başlayıb, tədqiqat aparmaq mümkün deyildir. Bu məsələni aydınlaşdırdıqdan sonra cavabınızı təcili surətdə milis şöbəsinə göndərmənizi xahiş edirəm".

Yarım ildən sonra, kənd təsərrüfatı idarəsi məsələni dürüstləşdirdi, qəti və təcili tədbir görülmək üçün lazımi sənədləri milis şöbəsinə göndərdi.

Bəs nəticəsi?

Nəticəsi də məlum olar, inşallah!

Burada Molla Nəsrəddinin bir lətifəsi yada düşür. Molla bir gün bayramlıq almaq üçün bazara gedir. Yolda dostlarından biri qabağına çıxıb soruşur:

- Molla, hara belə?

- Bazara gedirəm.

- Nə var? Xeyir ola...

Molla deyir:

- Gedirəm bayram üçün yer-yemiş alam.

Dostu deyir:

- Molla, inşallah de.

- Pulum cibimdə, ağlım başımda. Daha buna nə inşallah?

Bazarda mollanın cibini kəsirlər. Bir vaxt əlini uzadır cibinə pul versin, baxır ki, bir qəpiyi də yoxdur. Kor-peşman qayıdır kəndə. Haman dostu yenə qabağına çıxıb soruşur:

- Molla, aldın?

Molla deyir:

- Ala bilmədim, inşallah, cibimi kəsdilər, inşallah. Səhər-səhər sənə rast gələn yerdə mənim qıçım sınaydı, inşallah. Sənin də dilin quruyaydı, inşallah.

İndi Mollanın dili ilə desək, rayon təşkilatları yenidən işə qarışarlar, inşallah. Rayon prokurorluğu ilə milis şöbəsi başladıqları istintaqı təcili başa çatdırarlar, inşallah. Zəbt olunan torpaqlar təcili kolxoza qaytarılar, inşallah... Biz də qələm götürüb, rayonun taleyi tapşırılan mötəbər-mötəbər şəxslərdən bir felyeton yazarıq, inşallah. Onlar da bizdən inciməzlər, inşallah... İncisələr də, bir stəkan sərin su tapılar, inşallah...

 

 1967-ci il

 

 

















 

© 2011. Bütün hüquqlar Əli İldırımoğluna məxsusdur.
www.aliildirimoglu.az və ya www.aliildirimoglu.com